Super User

Super User

Çərşənbə, 02 İyul 2025 14:05

2 İyul – Azərbaycan Polisi Günüdür

Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən daxili işlər orqanlarının – müstəqil polis sisteminin yaradılması haqqında qərar qəbul edildi. Bu tarix Azərbaycan Respublikasının müstəqil hüquq-mühafizə orqanlarının formalaşmasının başlanğıcı oldu. 

1998-ci ildən etibarən ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 iyul “Azərbaycan Polisi Günü” kimi qeyd edilir.

 O vaxtdan etibarən Azərbaycan polisi mürəkkəb tarixi dövrlərdən keçərək bu günədək peşəkar və güclü bir qurum kimi fəaliyyət göstərməkdədir. Müstəqillik illərində hüquq-mühafizə orqanlarının fəaliyyətində yeni mərhələ başlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə polis sistemində aparılan islahatlar, texniki və hüquqi bazanın təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi istiqamətində atılan mühüm addımlar bu orqanın daha da inkişaf etməsinə xidmət edir.

 Azərbaycan polisi bu gün də ölkə daxilində sabitliyin, ictimai asayişin və təhlükəsizliyin qorunmasında əvəzsiz rol oynayır. Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, fövqəladə hallarda operativ fəaliyyət – bütün bu sahələrdə polis əməkdaşlarının əməyi böyük əhəmiyyət daşıyır. 

Azərbaycan polisi təkcə cinayətkarlıqla mübarizə aparmaqla kifayətlənmir, həm də vətəndaşlarıntəhlükəsizliyini, asayişi qorumaq, hüquqi dövlətin formalaşmasına töhfə vermək üçün dayanmadan çalışır. Xüsusilə, müharibə illərində, o cümlədən, Birinci Qarabağ Müharibəsi dövründə minlərlə polis əməkdaşı əsl fədakarlıq nümayiş etdirib, bir çoxları Vətən uğrunda canından keçib. Pandemiyanın ağır aylarında, İkinci Qarabağ Savaşında, 44 günlük Vətən Müharibəsində də Azərbaycan polisi Vətənə xidmətin ən gözəl örnəklərindən birinə çevrildi. 

Polis Günü həm onların fədakarlığını, həm də ölkənin asayiş və təhlükəsizliyinin qorunmasındag östərdikləri xidmətləri yada salmaq, qiymətləndirmək üçün mühüm tarixdir.

 Bu peşə bayramı dövlət səviyyəsində yüksək əhval-ruhiyyə və rəsmi tədbirlərlə qeyd edilir, müxtəlif nominasiyalarda fərqlənmiş əməkdaşlar mükafatlandırılır, onların peşəkarlığı və vətənpərvərliyi təqdir olunur. Polis Günü, eyni zamanda, gənc nəsildə hüquq-mühafizə orqanlarına marağı artırmaq və bu sahəyə kadr axınının stimullaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu sahənin peşəkar kadrlarla təmin edilməsi üçün ölkəmizdə Polis Akademiyası fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

Çərşənbə, 02 İyul 2025 13:40

Cismən qürbətdə, ruhən vətəndə olanlar

Elman Eldaroğlu, ”Ədəbiyyat və incəsənət”

 

ABŞ-da yaşayarkən də bunun şahidi oldum - xarici ölkələrdə məskunlaşan elə soydaşlarımız var ki, hər biri özü boyda bir Azərbaycandır. Vəhşi kapitalizmin tələblərinə baxmayaraq, cismən qürbətdə olsalar da, ruhən vətəndədirlər. Bu gün sizə onlardan biri- Rəhim Sadıqbəyli haqqında söhbət açmaq istəyirəm...

 

O, 1965-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran şəhərində anadan olub. Orta təhsilini Lənkəran şəhər 1 saylı məktəbdə alıb. Sonra Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakultəsində ali təhsilə yiyələnib. Əsgəri xidmətini başa vurduqdan sonra beş il “Azərfilm” kinostudiyasında rejissor asissenti və ikinci rejissor kimi çalışıb. 1989-1991-ci illərdə Moskvada Ali rejissorluq və ssenari kurslarında oxuyub. 1993-1998-ci illərdə AzTV-də rejissor,1998-1999-cu illərdə ANS-də prodüsser və efir rejissoru, 1999-2000-ci illərdə “İnternews”-də prodüsser, 2000-2001-ci illərdə STV-də redaktor, 2001-2003-cü illərdə ATV-də yaradıcılıq işləri üzrə vitse prezident vəzifələrində işləyib. 2002-ci ildə Azərbaycanın "Bəyaz həyat" adlı ilk teleserialını çəkib. Həmin serialın qısaldılmış variantı Krım TV filmlər festivalında ən yaxşı rejissor mükafatına layıq görülüb. 2003-cü ildən İsveçdə yaşayır...

Deyir ki:- “Yaşadığım İsveçin və eləcə də Avropanın bütün dövlətlərində dövlət quruluşu sivil toplumlar üstündə qurulub. Bu, əslində vətəndaş cəmiyyətinin demokratik düzən üzərində inkişafı deməkdir. Bir yandan sivil toplum təşkilatları öz tərəfdarlarını bir araya gətirməklə vətəndaş cəmiyyətinin inkişafına təkan verir, digər yandan isə, dövlət bu istiqamətdə əsl demokratik düzənlə inkişaf metodologiyasının fəlsəfi dəyərlərinə dəstək olur. Hələ iyirmi il bundan əvvəl biz İsveçə gələndə buranın əhalisi 7- 8 milyon idi. İndi bu rəqəm bir qədər artıbdır. O zaman belə bir fikir formalaşmışdı ki, İsveçdə hər adam başına bir dərnək düşür. Əlbəttə burada soydaşlarımızın bir sıra dərnəkləri və hətta bir neçə dərnəyi birləşdirən federasiyaları o vaxt da mövcud idi. Və biz beş il bundan əvvəl yeni- fərqli bir təşkilat qurmaq qərarını qəbul etdik. Nəticədə “İveç-Azərbaycan Mədəniyyət Mərkəzi” yaradıldı.”

Bir müddət müxtəlif işlərlə məşğul olsa da 2010-cu ildə İsveçin 3-cü böyük şəhəri olan Linköping bələdiyyəsində web tv prodüsseri və 2011-ci ildən isə İctimai Bilik kanalı olan UR-də sujetlər prodüsseri kimi fəaliyyət göstərib. İsveçdə və həm də Azərbaycanda sənədli və bədii filmlər çəkib. "Bir ümüddür yaşamaq" adlı kriminal romanın müəllifidir. O, həm də “Stockholm-Azərbaycan Media Mərkəzinin” və “İnternational Media Grupu”nun yaradıcısı və rəhbəridir...

“Diaspor təşkilatının siyasiləşdirilməsi fikrimcə tamamilə yalnışdır. Bu gün bizim uzun müddət apardımığız müşahidələrə əsasən onu deyə bilərəm ki, əsl siyasət yaşadığın ölkənin qanunlarına tabe olmaq, eyni zamanda mənsub olduğun xalqı və dövləti ləyaqətlə təmsil etmək çox vacibdir. İndi elə bir qlobal dönəmi yaşayırıq ki, artıq dünyanın özü cib telefonuna belə sığır. İstənilən anda dünyanın hər nöqtəsindən gərəkən informasiyanı almaq adi bir proses kimi qarşılanır. Xalqlararası multikulturalizm fəlsəfəsinin özümüzə məxsus bir məcrada inkişaf etdirilməsi dəyərləri bizim mərkəzimizin ana hədəflərindən biridir. Tolreant münasibətlərin inkişaf etdirilməsi sayəsində Azərbaycan mədəniyyətini dünyanın mədəni düzəninin bir parçasına çevirmək biz qürbətdəkilərin də əsas görəvlərindən biridir.”- söyləyir...

Zahirən sərt görünsə də, həssas və mühafizəkar bir təbiətə sahibdir. Güclü intuisiyası var. Daxili hisslərini necə ortaya qoyamağı bacarır və hisslərinə həddindən artıq etibar edir. Gələcəyə baxışları isə nikbindir...

Deyir ki:- “Doğrudur buradan Azərbaycan problemli, varlı neft ölkəsi və sivil dünyaya inteqrasiya olmağa can atan, istedadlı, lakin imkansız xalqı olan bir məmləkət kimi görünür. Bir də əhalisinin doxsan faizi müsəlman olsa da, modern həyat tərzini üstün tutan bir ölkə kimi... Bunun da əsas səbəbi ötən əsrin əvvəllərində Azərbaycanda baş verən genişmiqyaslı maarifçilik məktəbidir. Həsən Bəy Zərdabi, Əbdürrəhim Bəy Haqverdiyev, Nəcəf Bəy Vəzirov, Üzeyir Bəy Hacıbəyli, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Firudin Bəy Köçərli, Əlimərdan Bəy Topçubaşlı, Fətəli Xan Xoylu, Hüseyn Ərəbslinki, Cəfər Cabbarlı, Abbas Səhət, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir və digər onlarla aydınlarımızın həyat və yaradıcılığının hər biri ayrıca məktəbdir. Amma etiraf edək ki, keçmiş Sovetlər Birliyi 70 il ərzində onların qoyub getdiyi milli-mədəni mirası poza bilmədi. Bu gün Azərbaycan Respublikasının 32 yaşı var. Unutmaq olmaz ki, 1991-ci ildə keçmiş Sovetlər Birliyi dağılanda yenicə qurulan dövlətimizin milli büdcəsində bir qəpik də yox idi. Yəni xalqımız dövləti demək olar ki, sıfrdan qurub. Təbii olaraq, problemlər də yetərincə olacaqdır. Bir də yeni dünya düzəni adına Azərbaycanda idarəetmə prosesində yalnışlıqlar və probnlemlər də olacaq. Fikrimcə bütün bunlar zamanla öz axarını tapmaqdadır. Lap dəqiq desək, indiki sorunları yeni nəsil çözmək iqtidarındadır. Bu gün Azərbaycan hakimiyyətində baş verən gəncləşdirmə siyasətinin mənası da budur...”

 

Milli dəyərlərə bağlı adamdır. Qürbətdə yaşasa da həyat tərzində adət və ənənələrimizə sədaqətini gizlətmir. Xaraktercə nəzakətlidir. Fəaliyyətində təsəvvürlərini ifadə edə bilir. Xeyirxah işlərlə məşğul olmaq onun həyat kredosudur. Cəmiyyətin ehtiyaclarını aradan qaldırmaq uğrunda çalışmaqdan ləzzət alır. Səmimi olduğu üçün düşündüklərini, giley-güzarını dilə gətirməkdən çəkinmir...

“Açığını deyim ki, Avropada, ABŞ və Rusiyada həmvətənlərimiz yaşasalar da diasporanın vəziyyəti heç də qənaətbəxş deyil. Bunun əlbəttə obyektiv və subyektiv səbəbləri var. Məncə, bu prinsip əsas götürülməlidir. Vətən mənə nə verib deyil, mən vətənə nə vermişəm? Öncə bu suala cavab tapmaq lazımdır. Biz qürbətdə yaşayanlar müasir dünyanın standartlarını öyrənməklə, bütün bunların xalqımız tərəfindən dəyərləndirilməsini hamıdan daha çox istəyirik. Bütün həyatını Amerikada yaşamış və dünya şöhrətli alim Lütfi Zadə kimisinin ölkəmizdə təhqir və aşağılayıcı formada, qondarma ayamalarla dəyərləndirilməsi acınacaqlı bir olaya çevrildi. Sonunda hakimiyyət bəzi boşboğazları yerində oturzdurmaqla Lütfi Zadənin dəyərini qiymətləndirərək böyük bir iradə göstərdi. Hər bir qərib soydaışımıza biz beləcə dəyər verməliyik. Bu gün dünyanın elə bir dövləti yoxdur ki, orada bizim alimlərimiz, sənət adamlarımız və digər ləyaqətli şəxsiyyətlərimiz yaşamasınlar və ya fəaliyyət göstərməsinlər.“İveç-Azərbaycan Mədəniyyət Mərkəzi”i bax bu istedadlı insanları öz öz ətrafında birləşdirməyə çalışır. Biz qürbətdə xalq diplomatiyası vasitəsilə Azərbaycan həqiqətlərini əyani şəkildə tanıtmaq üçün fəaliyyət göstəririk. Ölkəmizə turizmin axınlarının artması üşün bir sıra tədbirlər həyata keçiririk. Vətənmiz haqqında sənədli filmlər çəkərək Azərbaycan təbiətinin nə qədər füsunkar olduğunu dünyaya təbliğ etməyə çalışırıq. Qürbət ölkələrdə anadan olmuş övladlarımızda Vətən sevgisini aşılamaq üçün çoxsaylı tədbirlərimizlə onlara dəstək olmağa səy göstəririk. Və digər planlarımız da var.”- söyləyir.

Düşüncələri xeyli romantikdir. Sevdiklərinə önəm verir, onlarla bağlı təhlükə hiss edəndə, eləcə də emosional vəziyyətlərdə son dərəcə aqressivləşə bilir və şiddətli müqavimət göstərir. Bütün bunlarla yanaşı o, Azərbaycanı ləyaqətlə təmsil edir. Yolunuz İsveçə düşsə özünüz də bunun şahidi ola bilərsiniz. Bəli, haqqında söhbət açdığım Rəhim Sadıqbəyli özü boyda bir Azərbaycandır və heç vaxt soruşmur ki, “Vətən mənə nə verib?..”

Bu yay günlərində Rəhim bəyin 60 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, necə deyərlər, bütün qəriblərin ağası - Cənab İmam Rzaya tapşırırıq. Yubileyi mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Həyatda ən vacib şey, dürüst olmaq və vicdanını itirməməkdir

            Ceyms Stüart

 

Məşhur ABŞ və Böyük Britaniya aktyoru Ceyms Stüart 20 may 1908-ci ildə İndianada, Pennsilvaniyada anadan olub. “Filadelfiya əhvalatı” filminə görə 1940-cı ildə Oskar mükafatı qazanıb.

 

20-ci əsrin ən tanınmış və sevilən Hollivud aktyorlarından biri olub. Onun obrazları səmimiliyi, dürüstlüyü və adi insanın həyatındakı dəyərləri əks etdirib. Çox zaman sakit, lakin güclü xarakterli insanları canlandırıb. Çox utancaq və təvazökar şəxsiyyət kimi yadda qalıb.

 

Təkcə aktyor deyil, həm də II Dünya Müharibəsi və Koreya Müharibəsində xidmət etmiş peşəkar pilot olub. ABŞ Hərbi Hava Qüvvələrində briqada generalı rütbəsinə qədər yüksəldi. Hollivud ulduzları arasında ən yüksək rütbəyə malik olanlardan biri olub.

 

Aktyorluq tərzi təbii və emosional olub. O, “adi insanın qəhrəmanı” obrazını formalaşdırıb. Səhnədə danışıq tərzi bir qədər ləng və həyəcanlı, lakin səmimi və cazibəli olub.

 

Ən Məşhur Filmləri

 

1. It's a Wonderful Life (1946) – Ən tanınmış filmidir. Bu film, klassik Yeni İl filmi kimi tanınır.

2. Mr. Smith Goes to Washington (1939) – Ona ilk "Oscar" namizədliyi qazandırdı.

3. Rear Window (1954) – Alfred Hitchcock-un rejissorluğu ilə çəkilən məşhur triller.

4. Vertigo (1958) – Psixoloji triller janrında baş rolda.

5. The Philadelphia Story (1940) – Bu filmdəki roluna görə "Ən yaxşı aktyor" Oskarı qazanıb

6. Harvey (1950) – İmaginasiya mövzusunda klassik komediya.

7. Winchester '73 (1950) – Vestern janrında mühüm rol aldı.

 

Mükafatlar və Naliyyətlər

 

- Oskar mükafatı (1941) – "The Philadelphia Story" filmindəki roluna görə.

- Fəxri Oskar (1985) – Bütün karyerası və Hollivudun dəyərli siması kimi.

- AFI tərəfindən "Ən böyük kişi aktyorlar" siyahısında 3-cü yerdə.

- Prezident Ronald Reyqan tərəfindən Azadlıq Medalı ilə təltif edilib.

 

1997-ci il iyulun 2-də ürək çatışmazlığından vəfat edib.

Amerikalılara Allah rəhmət eləsin demək mümkünsə, gəlin deyək.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində görkəmli tənqidçi Vaqif Yusiflinin Adilə Nəzər və Elnur Uğur  barədə yazdığı Ədəbi fraqmentlərini təqdim edirik.

 

 

Vaqif YUSİFLİ

 

ƏDƏBİ FRAQMENTLƏR

 

Adilə Nəzər

Adilə Nəzər (Adilə Həsən qızı Nəzərova) artıq yeddi şeir kitabının müəllifidir və imzasını çoxdan tanıdıb. İndi şairlərin türk, rus, fars, ingilis dillərində şeirləri ilə çıxış etməsi qətiyyən təəccüb doğurmur. Adilə xanım da “çoxdilli” şairdir. Onun İraq Yazıçılar Birliyinin üzvü olması da sensasiya sayılmaz. Və Adilə xanımın filologiya üzrə fəlsəfə doktoru kimi fəaliyyəti də (“Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti” – 40-a qədər elmi məqalənin və bir monoqrafiyanın müəllifidir) buraya əlavə olunsa (hələ aldığı “San yarlığı” mükafatını, respublikada və xarici ölkələrdə elmi konfranslarda çıxışları), görün Adilə xanım necə zəki bir qadınmış deyərsən...

Sabah Adilə Nəzər hansı şirkətinsə prezidenti ola bilər, ya bir yaxşı vəzifə kreslosunda əyləşə bilər. Amma mənim nəzərimdə o, şairdir.  Şairlik isə nə vəzifədir, nə də hansı qurumunsa sədrliyi... Şairlik ürəklə baş-başa verməkdir, həyatı, dünyanı, gözəlliyi, təbiəti, günəşi, ayı, ulduzları, gülü-çiçəyi hamının gördüyündən fərqli görməkdir.

 

Hansı ağrılardan çıxdın,     

Hansı əzablardan gəldin?

Harda ağladın, kim bildi,

Kim bildi ki, harda güldün?

 

Ruhumun yağmur havası,

Könlümün duman yerisən.

Kiminin ümid işığı,

Kiminin güman yerisən.

 

Sən elə müqəddəssən ki,

Ayağı yalın girirəm.

Aynaya baxanda sanki

Məni yox, səni görürəm.

 

Oxuduqca hər sətrini,

Hər hərfini seyr edirəm.

         Sənin özün olum deyə,

         Ta adımı şair edirəm.

 

Şairin şeir ömrü yaşamağı barədə etirafları çox eşitmişik.

Adilə Nəzərin ayrıca “Şeir” şeiri də var. Burada onun şeirə müxtəlif yanaşmaları ilə üzləşirik. “Şeir nədir?” sualına cavablar səslənir:

 

Şeir bir az

Tanrıyla dostluq yaratma ittifaqıdı,

Bir az da şeirin özünü tanıtma ixtirası.

Bir az da buludların

Yaddaşındakı yağışların lirikasıdır.

Şeir sözə vurğunluq sənətidi.

 

Şairin Tanrı ilə dostluq yaratmaq “ittifaqı” barədə çox eşitmişik, bir az da özünü tanıtma “ixtirası” – məlum. Bəs sonra? Hələlik təzə bir söz eşitmirik.

 

Amma:

Şeirdən əvvəl ağrısı gəlir,

Şeir həm də ömrü

uzadan nəfəs.

Yıxıl hər misrasına, səcdə et,

Şeir bazarıdır könlüm...

 

Təbii ki, Adilənin şeir haqqında fikirləri onun özünün düşüncələridir. Bəzən heç razılaşmırsan da. “Şeir adi qulağa xoş gələn uzaq bir coğrafiyadır, rəng korluğudur, səs karlığıdır”, yaxud “bir ucuz sevgiyə bir bahalı canın ödənişindən epitafiyadır” – razılaşmaq olmaz...

Şeiri bu qədər sağa-sola,  coğrafiyaya, epitafiyaya sürükləmək neçin?

Amma Adilə Nəzərin elə şeirləri var ki, o “coğrafiya”nı, o “epitafiyanı”da yıxıb-sürüyür,  əsl şeir obrazı ilə qarşımızda canlanır. Atasının xatirəsinə həsr etdiyi “Mən ağladım” şeiri kimi...

Ağlamaq – patoloji mənada anlaşılsa, hüzn, ələm, hıçqıraq gətirər. Amma bu şeirdə ağlamaq kövrəkliyin, həzinliyin poetik ifadəsinə çevrilir.

 

Qızılı saçlarını gün yandıran iyul gecəsiydi...

Gündüzün havası, gecənin sükutu ağı dedi,

Mən ağladım.

Yeddi gün əvvəl –

Namazının ilk günündə xəzan gəldi,

Bütün yarpaqlar tar-mar oldu, titrədi, üşüdü.

Həyat budağından bir yarpaq düşdü – ata adında.

 

Desəm ki, Adilə Nəzər əsl ovqat şairidir,  inandırmaq çətin olmaz. Şeir elə ovqatdan, əhvali-ruhiyyənin rəngarəng, çeşidli çalarlarından yaranmırmı – deyəcəksiniz. Amma məsələ burasındadır ki, hər şairin ovqatı onun öz fərdi dünyasının bəlirtiləridir. Bahar qışdan betər ola bilərmi? Bu da ovqatdan asılıdı:

 

Xəbərin oldumu?

Çox çağırdım bu gecə,

İlk heca və son heca: –

Al apar məni

Bu xəzan vurmuş baharın əlindən, Allah!

Bu bahar gözümdən düşdü,

Bu bahar məni qışdan betər üşütdü.

 

Elə güman eləməyin, Adilə Nəzər yalnız ovqat şairidir; canında yatıb qalan duyğularını ovqatı gələndə şeirə çevirir, hətta gününü də qeyd edir. (2 dekabr “şeiri” və s.). Və elə güman eləməyin ki, onun sevgi şeirləri ancaq pessimist ovqat aşılayır sənə, mənə, ona...

Xocalı işğal olunanda qəfəsdə bir quş... harada olduğunu anlamadığı dar və tüstülü bir qəfəsdədir. Xain gözətçilər tez-tez içəri dalıb süngüləyirdilər hiss etmədiyi bədənini... Yaxud:

 

Çətindir xar olmaq yağı içində,

Bu xalq ümidindən hələ güc alır.

Qalıb dərd içində, ağı içində

Əsir düşən körpələri, qocaları.

Qarabağın şəhid düşən balası

Xocalıdır, Xocalıdır, Xocalı.

 

Və Adilə Nəzərin o illərdə – 44 günlük zəfərdən öncə yazdığı bir şeirdə “Lap hönkürüb ağlaram, axsın yaşım bulaqtək, Bilim xarıbülbüllər açıb ləçəklənəcək” – “sinəsindən qoparsa Qarabağ adlı dağı, gözlərimi möhürtək o dağa basdıraram”. İndi göz yaşlarının bulaq kimi axmağına lüzum yox, xarıbülbüllər ləçək-ləçəkdir...

“Əsgərə məktub” şeiri hecanın az-az rast gəlinən on ikiliyində yazılıb və uğur – xeyir-dua – yola salma mərasimi ilə səsləşən ritmə uyğundur:

 

Tələsir qonmağa üçrəngli bayrağın

Laçında, Şuşada başına hər dağın.

Azadlıq gözləyir o əsir torpağın,

Qisasın qalmasın – şərəfə toxunur.

 

Hələ ki yurd-yuvam, el-obam dardadı,

Hardadır qələbən, zəfərin hardadı?!

Yolunu gözləyən qız intizardadı,

Adına dualar oxuyur, oxuyur...

 

Adilə Nəzərin şeirlərini fəsil bölgüsü ilə səciyyələndirsək, deyərik ki, bu şeirlər payız fəslinə daha çox oxşayır. Özü də bunu etiraf edir:

 

Payız hakim olub şeirlərimə,

Nə yazsam, vərəqdə saralıb solur.

Hələ tab edirəm bu ayrılığa,

Gecəni çəkirəm səhərlərimə.

Vaxt gələr, yazaram yazdan, hələ ki

Payız hakim olub şeirlərimə.

 

“Əsən dəli küləklər” də, ağac olmaq istəyi də, yağışı dinləmək də payızdan, daha doğrusu, payızın şair ürəyində sakin olmasından xəbər verir. Amma bu, məsələnin ancaq zahiri tərəfidir. Əsas odur ki, Adilə Nəzərə, nə qədər subyektiv səslənsə də, payız  – şairi – darıxan qadın deyə bilərəmmi?

Yenə də onun bir etirafı:

 

Hər yerdə eyni fəsil, hər yerdə eyni hava,

İçim, çölüm payızdı,

Rəngim də avazdı.

Köç edən durnaların avazına boylanır

İçimdə rəngi solan gül qoxulu ümidlər.

Çölümdə göy üzünün ətəyindən sarmaşan o boz-qara buludlar.

 

Adilə Нəzərin şeirləri və şeir kitabları barədə bir neçə məqalə ilə tanış olmuşuq. Tərifləyiblər, xoşlarına gələn şeirlərindən misallar da gətiriblər. Amma bir suala cavab verilməyib ki, axı bu Adilə Nəzərin poetik inkişafı, bir şair kimi inkişafı nəzərə çarpırmı?

Başlıca uğurları hansı yöndədir, zəiflikləri necə?

Adilə Nəzər yeddi şeir kitabının müəllifidir və artıq fərdi üslubu da, deyim tərzi də özünəməxsusluğu ilə seçilir. Əgər poeziyada SƏS məfhumu da bir faktor kimi götürülürsə, Adilə Nəzərin də poetik səsi formalaşıb. Məncə, onun “50 yaşın şeiri”ni elə bu mənada SƏS də adlandırmaq olar.

 

Sən məni yaza bilərsənmi?

Anlada bilərsənmi ruhumun rəngini?

Səhərlərimin yağış qoxusunu,

Gündüzlərimin sıxıntılarını...

 

Bu SƏSin güc aldığı mənbə ürəkdir...

 

Adilə Nəzərdən gətirdiyim şeir parçaları onun sərbəstdə yazdıqlarıdır. Amma o, hecada da mükəmməl şeirlər yazır:

        

Dünya-aləm sevgi dolu,

Açılıb könlümün yolu.

Dil-dil ötən bir bülbülü

Yazır məhəbbət şеiri.

 

Qəlbim oda yanır hər gün,

Gözlərim yoluna sürgün.

Əlim nə soyuq, nə yorğun,

Yazır məhəbbət şеiri.

 

Yaxud:

 

Bir göl kimiyəm, lalam,

Sən axar çaysan hələ.

Mən səndə daşam, liləm,

Çöküb axa bilmirəm.

 

Sən mənim can evimin

Təməl bina daşısan.

Evim çökəcək deyə,

Söküb ata bilmirəm.

 

Adilə Nəzər bir şeirində yazır:

 

Mən niyə həsrətə qucaq açım ki,

Mənim də dərd adlı öz sevgilim var.

 

Onu  dərd adlı sevgilisi sözdür, şeiridir... Əgər beləysə, eşq olsun o Dərdə!

 

 

Elnur Uğur

 

“Şairin əsərlərini oxuyub yaşamaq-həmin əsərlərin bütün zənginliyini, məzmununun bütün dərinliyini  öz daxili aləminə keçirmək, öz qəlbində duymaq deməkdir. Gərək müəyyən bir müddət şairin təsiri altına düşəsən, onun gözləri ilə həyata baxasan, onun qulağı ilə eşidəsən, onun dili ilə danışasan, belə olmasa, şairi anlaya bilməzsən”. Dahi rus tənqidçisi V.Q.Belinskinin bu fikri şair-oxucu qarşılıqlı münasibətini və sevgisini ifadə etmək üçün ən dəqiq bir kriteriyadır. Hər şair öz şeirlərində yaşayır, onun özü üçün qurduğu aləm təkcə özünə aid olmur.O şeirlər kimlərinsə ürəyinə yol tapmalıdır. Əlbəttə, şair-oxucu münasibəti və sevgisi hər zaman baş vermir, necə deyərlər, hər şair hər oxucu ilə yalnız o zaman dil tapa bilir ki, oxucu onu düşündürən suallara o şairin şeirlərində cavab tapa bilir. Bir də axı şeir ürəklə ağlın vəhdətini əks etdirirsə, kimsə ürəyinin, kimsə də ağlının təşviqiylə hərəkət edir, çünki oxucular arasında yalnız hisslər üzərində qurulan şeirlərə meyil edənlər daha çoxdur, amma yalnız rasional düşüncəyə istinad edən şeirlər də çox yazılır. Böyük şairimiz Məmməd Araz yazırdı: “Şeir fikirlə hissin şərikli övladıdır. Hansının ata, hansının ana olduğunu demək çətindir. Bu, mürəkkəb təfəkkür prosesidir. Yaxşı olar ki, ürək ağıllı, ağıl isə ürəkli olsun. Bunlar öz övladlarını birlikdə böyüdüb tərbiyə etsinlər”. 

Mətləbdən uzaqlaşmayım, çünki söz sözü çəkir. Çox da təfərrüata varmadan mən bir şairin – Elnur Uğur Abdiyevin son illərdə yazdığı şeirlərindən söz açmaq istəyirəm. Bu şairi çoxdan tanıyıram, demək olar ki, mətbuatda çıxan əksər şeirlərini izləmişəm. Neçə il öncə çapdan çıxan şeir kitablarını da vərəqləmişəm, o şeir kitablarında Elnurun poetik axtarışları hiss olunurdu. Yalnız hiss olunurdu. Elə şeirləri vardı ki, cismi yerində, amma canı yox idi. Amma şairlik həm də məsuliyyət –sözə ehya vermək, təzə fikir söyləmək tələb edir və Elnur Uğur bu məsuliyyəti dərk elədi:

 

Daş altından qalxan otun

Ümidi var yaşamağa.

Hər sobanın odun-odun

Ümidi var yaşamağa.

 

Yer döşəmə, səma tavan,

Tən ortada boşluq hava.

Quş qura bilirsə yuva,

Ümidi var yaşamağa.

 

Ən böyük ağrı sevməkdi,

Ayrılığı ilk kim əkdi?

Bilsən, ölmək dirilməkdi,

Ümidin var yaşamağa.

 

Yaşamağın – var olmağın mənası haqqında yüzlərlə şeirlər yazılıb və bundan sonra da yazılacaq. Amma Elnurun bu şeiri fikrin poetik ifadəsi baxımından maraq doğurur. Elnurun digər şeirlərində də belə düşündürücü məqamlara tez-tez rast gəlirik. Sırf düşüncədən doğan, amma ifadə etmək istədiyi fikri şeirin bədii təsvir ahənginə uyğunlaşdıran şeirlərdir bunlar. Elə bil Elnur onu narahat edən fikirləri oxucunun öhdəsinə buraxır. O, həyatın, gerçəkliyin müxtəlif anımlarına, olaylarına mürəciət edir.

 

Hər gün səhəri gülərək açmaq

vaxtın intiharıdır.

Ölümü öldürmək yaşamaqdır.

Ölümü öldürməyə nə top mərmisinin,

Nə qumbara qəlpəsinin gücü çatar.

Ölümü öldürməyə bir göz qırpımı sevgi,

bir ümid elçiliyi edər.

Hər gün gecələr səni

yadına salırsa xatirələr,

yaşamağa dəyər!!!

 

Bu şeir təkcə  fikir söyləmək xatirinə yazılmayıb, həm də fikrin ifadə tərzinə görə də seçilir. Elə şeirdə “Ayrılığı ilk kim əkdi” misrası... “Ayrılığı saldın” ifadəsini həmişə eşitmişik, amma onu əkmək ifadəsi yenidir. Şeirdə “vaxtın intiharı”, “sənin nəzərlərində böyümək”, maraqlı deyimlərdir. Və əgər Elnurun hər şeirində bir və ya bir neçə belə deyimlərə rast gəliriksə, çox gözəl!

         Elnurun şeirlərini bir neçə bölgüyə ayırmaq olar. Birinci bölgüdə şərti olaraq müstəqil fikirlərlə aşılanan şeirlərdir ki, bu şeirlər Elnur Uğurun müəyyən bir  anlayış haqqında düşündüklərini ifadə edir. Məsələn, o, insan sevincini “göz yaşlarında boğulmaq”, “anadan təzə doğulmaq” “sevinəndə adam o qədər təmiz olur ki, qanadı olsa, mələk deyərdim sevinənlərə” kimi ifadə edir.  “Bir gecənin şeiri”ndə  sənsizlik anlayışı lirik qəhrəmanın  ayla, ulduzlarla, günəşlə paralel olaraq təqdim edilir. Yəni demək istəyir ki, sənsizlik, əslində, bundan doğan tənhalıq kainatı da darıxdırır. Müstəqil fikirlərlə aşılanan şeirlərində predmetləri mənalandırmaq, onları təşbih və metafora ilə nümayiş etdirmək diqqəti xüsusilə cəlb edir və əlbəttə, şairin şairliyi elə bundadır. Və bir də  Elnur assosiativ şeirə də meyil edir. Məsələn, “Sevdim” şeirini misal göstərə bilərəm:

  

Şimal qütbü kimi soyuq biriydim,

Doğdun günəş kimi, isitdin məni.

Əridimsuoldum, qardənəsiydim,

Dağboydadərələreşitdiməni.

 

Səninecəsevdim, necə, bilmədim?

Həqiqətcavabsızbusualdadır.

Oqardanəriyibsuolanadək

Olanım-qalanımhələəldədir.

 

Görhardanharacangətirdinməni?

Qaridim, doğradındamarlarımı.

Sukimiaxıram, baxırsan,sudur,

Suqarınqanıdır, eh, qarınqanı.

 

Assosiativtəfəkkürobrazlıtəfəkküründavamıdırburadadahaincəzahirəndahamürəkkəbümumiləşdirmələrdiqqəticəlbedir. Mərhumşair-tədqiqatçıArifAbdullazadəyazırdıki: buradabənzəyənləbənzədilənarasındakıməsafədahauzunolur, mənadərinliyidahalakonikifadətərzinəəsaslanır, ümumiməzmun, konkrethissfikirçoxzamanyadasalmaqdüşündürməkyoluiləyaranır. “SevdimşeirindəŞimalqütbüsoyuqluqsevgililərətəşbihedilirbunaəksmənzərəgünəşisitməkmetaforasıyaranır. Günəşistilikisətəbiiki, qarısuyuəridəcək. Sevənadamın  halıqarsuilətəşbihlənir. Ammaburadasuyunqarınqanınatəşbihedilməsibənzəyənləbənzədilənarasındakıməsafənindahauzunolmasıylaşərtlənir. Suqarınqanıolabilərmi? Buradaassosiativtəfəkkürolabilərsualınacavabverir. sonda  Böyüksevgilərinqandırsübutu

          ElnurUğurunAzərbaycanjurnalınınbirsayındadabirneçəşeiriilətanışoldum. “Şəhidqəbri”Abidəşeirlərindəfərqlənməyəcanatırhərikişeirdətəzəsözdeməyəçalışır.

    

Hardaşəhidqəbrivarsa,

Vətənoradanbaşlanır.

Vətənhərsərhəddəbitir,

Şəhidqəbrindəcanlanır.

 

Baxırsantorpaqməzara,

Altıdiri, üstüdiri.

Buməzarsabahaqapı,

Buməzarxalqınandyeri.

 

yaxud:

 

Xocalı-şəhid şəhər.

Qar üstə bir gəlinin qırmızı yaylığı

Vətən namusunun  həyası idi, qızarırdı.

Səndən keçənlər

Özündən keçə bilməyənlərdi.

Səndə güllələnənlər

Əslində, ölümü güllələyənlərdi.

 

Elnur Uğur bir şair kimi artıq özünü təsdiq etmək mərhələsindədir və deyim ki, bu proses başa çatır. Təbii ki, onun şeirləri arasında müəyyən “xıltlar” da nəzərə çarpır. Xüsusilə müəyyən bir fikrin mübahisəli məqamlarında qətiyyən onunla razılaşmırsan.  Məsələn, “Sevmək” şeirində yazır: “Ən gözəl intihar yaşamaqdır”. –Burada intiharla yaşamaq arasında heç bir uyarlıq (birinin o birini təsdiq etməsi) yoxdur. Yaxud həmin şeirdə  “Sevginin bir adı da kiçilməkdir elə” – mənfi bir anlayışı sevgi ilə tən tutmaq olarmı?  Guya “insanlar  kiçiləndə  böyüyürlər”. Bir də axı Füzuli babamız “kiçilməkdən” yox, “yox olmaqdan” söz açırdı (“Qəm diyarında əcəl peyki güzar etməz mana, Yox sanıb varım məgər  kim, etibar etməz mana”. Fikrimcə, onun “Eşq” adlı iki şeirində də bəzi fikri sona vardırmamaq natamamlığı hiss edilir. “Şeir gecəm”də fikir aydındır, amma sonda pıçıltını “Yaradanın söz görkəmi” kimi mənalandırmaq məntiqə uyğun deyil…

         Mən Elnur Uğur Abdiyevin  bütün şeirlərindən söz aça bilmədim. Amma onun bir çox şeirlərini oxumaq kifayətdir ki, haqqında “o, şairdir” ifadəsini işlədəsən.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun əsərlərini xumayan çox az adam tapılar.

Onu bütün dünya oxuyur.

Təsadüfi deyil ki, onu dahi adlandırırlar.

Söhbət dünyaşöhrətli Amerika yazıçısı Ernest Heminqueydən gedir.

 

O, 21 iyul 1899-cu il tarixində Oak Parkda, ABŞ-ın İllinoys ştatında dünyaya göz açıb. Ernest Heminquey sadəcə bir yazıçı olmayıb — o, yaşadığı dövrün içində həm döyüşən əsgər, həm jurnalist, həm də dəli-dolu bir macəraçı olub. Onun həyatı da, əsərləri kimi, çəkişməli, kədərli, lakin çox güclü olub.

 

Uşaqlıqdan təbiətə, ovçuluğa və balıqçılığa marağı olan Heminquey, müharibə illərində könüllü olaraq I Dünya Müharibəsinə qatılıb. İtaliyada təcili yardım sürücüsü kimi çalışarkən ağır yaralanıb. Bu təcrübə onun ruhunu dərin şəkildə silkələyib və əsərlərinə sonsuz acı qatıb.

 

Üslubu sadə, lakonik və güclü cümlələrlə seçilib. O, “buz dağının nəzəriyyəsi” adlandırılan yanaşma ilə yazıb: oxucuya az sözlə çox şeyi hiss etdirmək. Cümlələr qısa olsa da, onların altında böyük hisslər yatır.

 

"Yaxşı yazıçı dənizin altındakı buz dağını da görə bilən adamdır”, – deyirdi Heminquey.

Yalnız Amerika deyil, bütün dünya ədəbiyyatına yeni nəfəs gətirmiş bir yazıçı olub. Onun əsərlərində insanın təbiətlə, müharibə ilə və öz vicdanı ilə mübarizəsi parlaq şəkildə əks olunub. Onun ədəbiyyatdakı izi – sadə görünən sözlərin dərin mənasında yaşayır.

 

Ən Məşhur Əsərləri

 

1. "Qoca və Dəniz"

Qoca balıqçı Santyaqonun dənizlə mübarizəsi fonunda iradə, tənhalıq və mənəvi qalibiyyət mövzularını işləmişdir. Bu əsərinə görə Pulitzer mükafatını qazanıb.

 

2. "Əlvida Silah"

Müharibənin boşluğu, insanın sevgiyə və həyata olan ümidsizliyi real və sərt dillə təqdim olunub.

 

3. "Günəş də Doğur"

"İtirilmiş nəsil"in simvolu olan bu roman, döyüş sonrası gənclərin mənasızlıq içində özlərini axtarışından bəhs edib.

 

4. "Zəng Kimin Üçün Çalır"

 İspaniya vətəndaş müharibəsində amerikalı könüllü Robert Jordanın daxili dilemması və mübarizəsini təsvir edib.

 

“İnsanı məğlub etmək olar, amma məhv etmək olmaz.”

"Qoca və Dəniz" - Ernest Heminquey

 

1954-cü ildə Nobel Ədəbiyyat Mükafatına layiq görülən Heminquey, ömrünün sonlarında ciddi depressiyaya düşüb və 1961-ci ildə intihar edib.

Dahiliyin aqibəti bəzən elə bu cür olurmuş.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Sovetlər dönəmində Pionerlər və Məktəblilər Sarayları geniş vüsət almışdı, oralarda uşaqlara ən müxtəlif şeylər, ö cümlədən təyyarə modelçiliyi öyrədilirdi. Ağız büzüb bəzi yaşlı adamlar deyirlər ki, indi belə şeylər yoxdur. Amma biz deyirik ki, var, özü də daha təkmil, daha sivil.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bunu bir daha sübut etdi.

 

Səmada bir uçaq süzürdü. Ağappaq uçağın qanadları qırmızıydı. Sanki aşağıda dayanıb onu seyr edən xoşbəxt uşaqların arzularıydı, səmaya pərçimlənmişdi…

Bəli, Agentlik daha bir möhtəşəm layihəyə imza ataraq “Aerokosmik Modelçilik Festivalı 2025”i reallaşdırdı, özü də Bakı şəhərinin Hövsan qəsəbəsində.

Tədbir Azərbaycan Agentliyin “İnnovasiyalar Mərkəzi”nin və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə gerçəkləşdirilmişdi.

Əsas məqsəd ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına, gənclərin innovativ düşüncə tərzinin formalaşmasına, sağlam həyat tərzinin təşviqinə və texniki yaradıcılığın kütləviləşməsinə dəstək idi və bəri başdan deyək ki. Təşkilatçılar məqsədlərinə çatdılar. Tədbir yüksək səviyyədə keçirildi.

Qeyd edək ki, təmiz havada intellektual aktivliklə fiziki fəaliyyəti birləşdirən bu idman növü iştirakçıların həm fərdi, həm də komanda şəklində yarışmasına şərait yaradır. Qiymətləndirmə zamanı uçuşun hündürlüyü və müddəti, enişin dəqiqliyi, modellərin texniki səviyyəsi və uçuş reallığı əsas götürülür.

Düşünməyin ki, ilk dəfədir ölkəmizdə belə festival keçirilir. Artıq üçüncü dəfədir təşkil olunan festival iki mərhələdə, 10 növ yarış üzrə təşkil edilmişdi:

"S-3-B Paraşüt",

"S-3-C Paraşüt",

"S-4-D Raketaplan",

"S-6-A Streamer",

"S-6-B Streamer",

"S-6-C Streamer",

"Peyk (CubeSat)",

"Startap" (aerokosmik sahədə), dron və təyyarə modelləri).

Həmçinin intellektual müsabiqə və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi də gerçəkləşdi. İştirakçılara bu çərçivədə aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik formada tətbiq üçün də geniş imkanlar yaradılmışdı.

Xüsusi olaraq vurğulayım ki, bu ilki festivala “YAŞAT” Fondunun dəstəyi ilə 5 şəhid övladı da qatılmışdı. Raket modelçiliyi yarışının “S-6-A Streamer” kateqoriyasında bir araya gələn komanda üzvləri öncəki müddətdə festivala hazırlıq məqsədilə Fond tərəfindən raket, paraşüt, dron, təyyarə və s. modellərinin təlim məşqlərinə cəlb olunmuşdular.

Festivalda bu il ilk dəfə raket modelçiliyi üzrə beynəlxalq FAI standartlarına uyğun S-4-D Raketaplan kateqoriyasında və peyk modelçiliyi (CubeSat) sahəsində yarışlar keçirildi. Həmçinin startaplar bu sahədə ideyalarını inkişaf və kommersiyalaşdırmaq məsədilə yarışda iştirak edirdilər.

Sonda mütləqdir ki, tərəfdaşları da qeyd edim:

Tərəfdaşlar: Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərkosmos, Milli Aviasiya Akademiyası,  Hədəf STEAM Liseyi, “IT INNOVATIONS computer academy”, Nərgiz klinikası, “AzST”, “OUTSITE” və “RC CARTING”

Səmada bir uçaq süzürdü. Ağappaq uçağın qanadları qırmızıydı. Sanki aşağıda dayanıb onu seyr edən xoşbəxt uşaqların arzularıydı, səmaya pərçimlənmişdi…

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

ABŞ-nin Virciniya ştatının  Corc Meyson Universitetində "Növbətini Gücləndir: Gəncləri Sabahın Liderliyi üçün Birləşdirmək" (EmpowerNext: Uniting Youth for Tomorrow’s Leadership) adlı 2-ci Amerika Azərbaycanlı Gənclər Forumu keçirilib.  

 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, iki gün davam edən forum Komitənin dəstəyi, Virciniya ştatının Aleksandriya şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı və Nyu Yorkdakı Amerika-Azərbaycanlı Gənclər Federasiyasının (AAYF) təşkilati dəstəyi ilə baş tutub.  Foruma 23 müxtəlif ştatdan 37 universitetdə təhsil alan gənclər, akademiklər, Azərbaycan icmasının tanınmış üzvləri, Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın ABŞ-dəki səfirliyinin əməkdaşları qatılıb. 

Tədbirin məqsədi ABŞ-da yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycana və milli-mənəvi dəyərlərə bağlılıqların artırılması, eləcə də təklif və təşəbbüslərinin dinlənilməsi, dəyərləndirilməsidir. Gənclərin liderlik keyfiyyətlərinin inkişafına dəstək göstərmək, onların ölkəmizi xaricdə layiqincə təmsil etmələri üçün müvafiq imkanlar yaratmaq forumun əsas hədəflərindəndir.

Virciniya Azərbaycan Evinin vitse-prezidenti Nigar İbrahimova və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Nurlan Şükürün moderatorluğu ilə keçirilən forumun əvvəlində Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə qonaqları salamlayan Virciniya Azərbaycan Evinin rəhbəri Sevda Tahirli belə mötəbər bir tədbirə ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu bildirib. Ötən ildən başlayan bu təşəbbüsün gənclərin inkişafı, inteqrasiyası və əlaqələrin möhkəmləndirilməsində mühüm platforma olduğunu deyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev forum iştirakçılarını salamlayaraq komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən diaspor siyasəti haqqında danışıb, Azərbaycan diasporunun inkişafı və gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərə imza atıldığını vurğulayıb. Bildirib ki, bu siyasətin mühüm istiqamətlərindən biri də xaricdə yaşayan azərbaycanlı gənclərə göstərilən xüsusi diqqət və qayğıdır. Sədr müavini, həmçinin gənclərimizin Amerikada sosial, mədəni,  intellektual sahədə özlərini ifadə edə bilmələri üçün bu cür tədbirlərin önəmini vurğulayıb. Qeyd edib ki, soydaşlarımız Amerika cəmiyyətinə inteqrasiya olunmaqla yanaşı, öz milli kimliyini də qoruyur. O, forumun diaspor gənclərinin bir çox imkanlar yaratdığını söyləyib. Forumun keçirilməsində hər kəsə, xüsusilə Virciniya Azərbaycan Evinə təşəkkür edib. 

Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyinin birinci katibi Toğrul Əliyev forumun əhəmiyyətindən danışıb. ABŞ-dəki azərbaycanlı gənclərin həm doğma vətənimizin mədəniyyətini, dilini, dəyərlərini qoruduğunu, təbliğ etdiyini, həm də yaşadıqları ölkənin imkanlarından, biliklərindən və təcrübələrindən faydalandığını söyləyib. O, bu cür görüşlərin yeni dostluqların qurulması və həmrəyliyin gücləndirilməsi baxımından xüsusi önəm daşıdığını dilə gətirib.  

Amerika Azərbaycan Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova çıxışında forumun əhəmiyyətini, aparılan müzakirələrin faydalarını diqqətə çatdırıb, belə tədbirlərin Azərbaycan Respublikası ilə ABŞ arasında mövcud qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib, iştirakçılara uğurlar arzulayıb.

ABŞ-ın Corc Meyson Universitetinin müəllimi Sevil Süleymani forum iştirakçılarını salamlayaraq, burada çalışan azərbaycanlı müəllim kimi belə bir tədbirin təşkilindən məmnunluq duyduğunu bildirib.

Amerika Azərbaycan Gənclərinin I Forumunun təşkilatçısı Kənan Məmmədova komitənin sertifikatı təqdim edilib. 

Çıxışlardan sonra iştirakçılar iki maraqlı panel müzakirəsini dinləyiblər. “Wisdom Meets Ambition: Empowering Youth Through Generational Collaboration” (“Müdriklik Ambisiya ilə Qovuşur: Nəsillərarası Əməkdaşlıqla Gənclərin Gücləndirilməsi”) mövzusunda keçirilən ilk paneldə müxtəlif nəsillərin təcrübəsinin gənclərin inkişafına necə töhfə verdiyi müzakirə olunub. Daha sonra “Building Global Connections: Empowering Youth Across Borders” (“Qlobal Əlaqələr Qurmaq: Gəncləri Sərhədlərdən Kənarda Gücləndirmək”) panelində qlobal əməkdaşlıq imkanları ön plana çəkilib.

Günün ikinci yarısı “Building Individual Resilience as a Youth Leader” (“Gənclərin lideri kimi şəxsi dözümlülüyün inkişafı”) mövzusunda təlim keçirilib. 

Bədii hissədə kamança ifaçısı Toğrul Orucovun canlı ifası və DJ Zaurun dinamik çıxışı gənclərə unudulmaz anlar yaşadıb. Tədbir milli həmrəyliyin simvolu olan “Yallı” rəqsi ilə davam etdirilib.

Forumun növbəti günündə baş tutan təlim “Your Career Journey: Purpose, Goals & Growth” (“Sənin Karyera Səyahətin: Məqsəd, Hədəf və İnkişaf”) adlanıb. Təlimi ABŞ-də fəaliyyət göstərən “Love Your Life. Transformative Coaching” şirkətinin rəhbəri və təsisçisi, peşəkar təlimçi Leyla Novruz keçib. Gənclərə şəxsi bacarıqların müəyyən edilməsi, məqsədlərin düzgün qurulması və uzunmüddətli inkişaf strategiyalarının hazırlanması barədə praktiki biliklər verib. İnteraktiv formada keçirilən təlimdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb. 

Bundan əlavə, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Nurlan Şükürün idarəçiliyi ilə “breyn rinq” keçirilib. Ölkəmizlə bağlı sualların üstünlük təşkil etdiyi yarışmada 6 müxtəlif komandada 30-dan çox gənc öz bilik və bacarıqlarını göstərib. Finalda “4+1” komandası qalib gəlib. Qalib komandaya hədiyyələr təqdim edilib.

Forumun birinci və ikinci günlərində “Birlikdə”, “Tarix dərsi, “Qarabağ Azərbaycandır” və “Diaspor Gənclərinin Yay Düşərgələri” layihəsinə aid videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Amerika–Azərbaycan Gənclərinin Forumu ilk dəfə 2024-cü ildə Vaşinqton şəhərindəki Corc Vaşinqton Universitetində keçirilib. Forum gənclərin ictimai fəallığının artması, şəbəkələşmə imkanlarının genişlənməsi və təşkilati bacarıqlarının inkişafında mühüm rol oynayıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

"Ədəbiyyat və İncəsənət" portalı poeziyanın ruhun səsi, ruhun qidası olduğunu nəzərə alaraq  əməkdaşları ilə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasını davam etdirir.

Bu dəfə rubrikamızın qonağı ömrünün 49- cu baharını yaşayan, Cənub təmsilçimiz İlqar bəydir.

Gəlin onu öz dilindən tanıyaq və "Sevdiyin şeiri gəl bizə söylə" deyək.

 

-Salam, İlqar bəy.

 

 - Salam Ülviyyə xanım, xoş gördük.

Mən İlqar İsmayılzadə, 49 yaşım var. Fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, həmçinin, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisiyəm.

İxtisasım fəlsəfə və dinşünaslıq olsa da, incəsənətin təsviri incəsənət sahəsində, həmçinin, jurnalistika, mədəniyyət və tarix sahələrinə ciddi marağım var. Əslində mənim yuxarıda adlarını çəkdiyim sahələrdə təxminən eyni səviyyədə əməyim olmuşdur. Əlbəttə, rəssamlıq sahəsindəki çalışmalar daha çoxdur.

İndiyədək Azərbaycan, ərəb və fars dillərində 145 kitabın, 200-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifiyəm. Ərəb və fars dillərindən Azərbaycan dilinə 30-dan çox kitabın tərcüməçisiyəm. Bütün bunlardan əlavə, bir sıra povest, hekayə və şeirlərin müəllifiyəm...

Mənim müxtəlif mövzularda şeirlərim olsa da doğrusu özümü şair saymıram. Amma bu qədər deyə bilərəm ki, şeir və poeziya həyatımın ayrılmaz, həm də ən gözəl hissələrindən biridir. Çünki mən həm də incəsənət və mədəniyyət sahəsinə aid bir insanam. Belə olan halda yalnız müəyyən bir şair və ya şeirin üzərində dayanmaq mümkünsüzdür. Oxuduğum bir çox şairlər və sevdiyim bir çox şeirlər var. Lakin onların arasında çağdaş Azərbaycan poeziyasında öz insani keyfiyyətləri, şəxsiyyəti, həmçinin, milli-mənəvi dəyərlərə sədaqəti ilə yanaşı, həm də şeir və poeziya sahəsinin peşəkar və görkəmli nümayəndəsi görkəmli Bəxtiyar Vahabzadə (1925-2009) şeirlərinin vurğunuyam.

Həyatımda mənim üçün çırağ olmuş şeirlərindən biri də "Özünü dinlə" adlı qısa şeiridir:

 

Dinlə bu dünyanı öz ürəyinlə,

Sənət aləmində özünü dinlə.

Özgəni dinləsən kökdən düşərsən,

Sən özün özünə özgələşərsən.

"Özümü kənardan seyr edim" - deyə

Nə olar, hərdənbir çəkil təkliyə.

Üzbəüz, təkbətək qal ürəyinlə,

Sən onu dinlə!

Tək onu dinlə!

 

Bu şeir insana həyatda müstəqil davranmaq və özü kimi olmağı aşılamaqla yanaşı hər növ şəxsiyyətpərəstlikdən uzaqlaşmağı çox gözəl bir üslubda aşılayır. İnsan həyatda özü kimi olmalı, kimisə yamsılamalı, kiməsə pərəstiş etməməlidir. Pərəstişkarlıq bir çox hallarda sevgi-məhəbbətin şiddətindən yaranır. Sevgi nə qədər gözəl olsa da, mənfi yönləri də var. Bunlardan biri də sevənin kor olması, reallığı görməməsi və ya görmək istəməməsindən ibarətdir.

Biz dini təlimlərə nəzər saldıqda, orada inanclı insanın şəxsiyyətpərəst deyil, Tanrıpərəst olmasına xüsusi tövsiyə edildiyinin şahidi oluruq. Hər halda, görkəmli şairin söylədiyi kimi insanın həyatda şəxsiyyətpərəst olması onun kökdən düşməsi və özgələşməsi ilə nəticələnir. Bu isə insanoğlu üçün çox qorxulu bir haldır...

Sonda sizə belə bir gözəl layihəyə görə təşəkkürümü bildirir, "Ədəbiyyat və incəsənət" ailəsində olmağımdan fəxarət hissi duyaram.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

 

 

Ukraynanın Xarkov şəhərində görkəmli heykəltəraş, Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı Seyfəddin Qurbanovun xatirə lövhəsinin təntənəli açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Xarkov şəhərinin meri İqor Terexov, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Xarkov Dizayn və Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolev, Ukraynanın Xalq rəssamları Viktor Kovtun və Katib Məmmədov, “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, sənətçinin yaxınları, həmkarları və tələbələri iştirak ediblər.

Xatirə lövhəsi Xarkov vilayəti “Dostluq” cəmiyyətinin sədri Murad Ömərovun təşəbbüsü ilə ustadın uzun illər dərs dediyi, biliklərini yeni heykəltəraş nəsillərinə ötürdüyü Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının binalarından birində qoyulub.

“Şəhərimizi bəzəyən çoxsaylı əsər Seyfəddin Qurbanovun xidmətləridir. "Damdakı skripkaçı", Beketovun, Meçnikovun abidələri, Memarlar meydanındakı kompozisiyalar Xarkovun əsl inciləridir. Bu lövhəni açaraq böyük insanın xatirəsini anırıq. O, burada yaşayıb, yeni nəsillər yetişdirib. Bu gün burada onun çoxlu heykəltəraş tələbələri var. Seyfəddin Qurbanovun xatirəsi bizim qəlbimizdə əbədi olaraq yaşayacaq”,- deyə Mer İqor Terexov bildirib.

Fəxri konsul Əfqan Salmanov Seyfəddin Qurbanovun xatirəsinin əbədiləşdirilməsinə görə şəhər meri İqor Terexova, Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolevə və “Dostluq” cəmiyyətinin sədri Murad Ömərova minnətdarlığını bildirib. Əfqan Salmanov heykəltəraşın yaradıcılığının mədəniyyətləri və xalqları birləşdirən sənət və ilham mənbəyi olduğunu deyib.

Məlumat üçün qeyd edək ki, Seyfəddin Qurbanov Xarkovda yaşayıb və fəaliyyət göstərib. Onun yaratdığı heykəllər təkcə Ukraynanın yox, digər ölkələrin şəhərlərini də bəzəyir. Heykəltəraş İrpendə Zərifə Əliyevanın, Lyublyanada (Sloveniya) Qriqori Skovorodanın, Kiyevdə Müslüm Maqomayevin, Balakleyada Taras Şevçenkonun hekayələrinin, Xarkovda üç mütəfəkkirin abidəsinin müəllifidir. Onun "Damdakı skripkaçı" heykəli Xarkovun rəmzlərindən birinə çevrilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

Çərşənbə, 02 İyul 2025 10:28

“Laçınım” dedi, Laçını görmədən getdi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Özündən sonra mahnıları qaldı. Nisgil, kədər dolu mahnılar. Nədirsə, həmişə qəmli mahnılar oxuyardı. Əslən Laçından idi deyə “Laçınım” mahnısı repertuarından düşməzdi. Düşmən tapdağı altında olan ana yurdunun kədərini bir mahnıya bacarıla yükləyə bilmişdi. Əfsus ki, Laçının azadlığını görmədən dünyadan köçdü.

 

Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti Məhəbbət Kazımovun doğum günüdür.

O, 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. İlk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gedib. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub.

 

1976-cı ildən peşəkar səhnədə çıxış edirdi. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur.

Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. "Laçın" instrumental ansambılını da o yaradıb, onun rəhbəri olub.

 

14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.

27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, yanvarın 28-də Xırdalan qəbiristanlığında dəfn olunub

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

55 -dən səhifə 2336

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.