Super User

Super User

Cümə axşamı, 03 İyul 2025 08:31

Almanın tumlarını yox edən Kərimov

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Alma almaya bənzər" filmində Kərimov obrazını canlandıran Azərbaycan kinorejissoru, ssenari müəllifi, kino xadimi Cəmil Quliyev barədə danışacağam. Çünki bu gün nun doğum günüdür.

Rejissor Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib.

 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib.

 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998–2006-cı illərdə həmin Universitetin "Kino və televiziya sənəti" kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur. Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.

 Azərbaycan Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının baş direktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru olub. Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri, "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb.

 Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, Azərbaycan Jurnalistlər İttifaqının, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilib.

 

Filmoqrafiya

Rejissoru olduğu filmlər

 

1. Yol

2. Qala

3. General de Qol

4. Ömər Eldarov

5. Nəsrulla Nəsrullayev

6. Kinorejissor Arif Babayev

7. Bir ömrün sədası

8. Fikrət Əmirov

 

Aktyor olduğu filmlər

 

- Alma almaya bənzər

- Murad-Sad

- Otel otağı

- Nə gözəldir bu dünya...

 

Ssenari müəllifi olduğu filmlər

 

1. Etiraf

2. Banqladeş qonaqları

3. Kədərimiz... Vüqarımız...

4. Kinorejissor Arif Babayev

5. Kinorejissor Həsən Seyidbəyli

6. Fikrət Əmirov

 

Bədii rəhbəri olduğu filmlər

 

- Yarasa

- Bir addım

- Sahə

- Mayak

 

Məsləhətçi olduğu filmlər

 

1. Qocalar

2. Məni izləyən müəmma

 

Prodüseri olduğu filmlər

 

- Titrəmə

- Sizə məktub var…

- Daxildəki ada

 

Cəmil Quliyev barədə gün ərzində daha bir yazı ilə tanış olacaqsanız. Əməkdaşımız Elman Eldaroğlu nun portretini hazırlamağa çalışacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2025)

 

  

 

 

Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi davam edir.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin beşinci ildönümü münasibətilə keçirilən müsabiqənin əsas məqsədi yeni bədii əsərlərin yaranmasına stimul verməkdir.

Müsabiqənin şərtlərinə görə hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Əsərlər orijinal olmalı, daha əvvəl heç yerdə çap edilməməli və yayımlanmamalıdır. Əsərlər Azərbaycan dillində yazılmalıdır. Əsərlərdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusu tərəfindən 2023-cü ildə Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatının qəhrəmanları, müharibənin sosial, psixoloji və hərbi təsirləri, tarixi Zəfərimiz əks etdirilməlidir.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq, 3 nəfər qalib seçiləcək. Birinci yerin sahibinə 3000, ikinci yerin qalibinə 2500, üçüncü yeri tutan müəllifə isə 1500 manat pul mükafatı təqdim olunacaq.

Müsabiqəyə pyeslərin qəbulu sentyabrın 30-da başa çatacaq.

İştirakçılar tərəfindən əsərlər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir.

Əlavə məlumat üçün (012) 147 nömrəsinə müraciət edə bilərsiniz.

Mədəniyyət Nazirliyi müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququ qorunmaqla toplu şəklində nəşrini həyata keçirə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2025)

Cümə axşamı, 03 İyul 2025 11:16

ARKA-nın Müşahidə Şurasının iclası olub

 

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKİ) Müşahidə Şurasının iclası keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, iclasda Agentliyin fəaliyyəti, strateji hədəfləri və qarşıdakı dövr üçün planlarla bağlı ətraflı təqdimatlar nümayiş etdirilib.

İclasda ARKA-nın mayın 2-dək olan dövr üzrə fəaliyyəti ilə bağlı hesabat təqdim olunub. Hesabatda yerli və beynəlxalq sahədə qurulmuş əməkdaşlıqlar, film layihələrinin dəstəklənməsi və kinematoqrafiya sahəsində həyata keçirilən islahatlarla bağlı görülmüş işlərə yer verilib.

Tədbir çərçivəsində Agentlik tərəfindən növbəti dövr üçün əsas fəaliyyət istiqamətlərini əhatə edən təqdimatlar nümayiş etdirilib. Təqdimatlarda ARKA-nın 2025-ci ilin ikinci yarısı üzrə fəaliyyət planı, rəqəmsallaşma istiqamətində nəzərdə tutulan tədbirlər, 2025-ci ilin maliyyə planı və 2026-cı il üzrə maliyyə proqnozu, həmçinin kino müəssisələrinin birgə fəaliyyət mexanizmləri və buna uyğun olaraq inzibati idarəetmənin təkmilləşdirilməsi haqqında təkliflər təqdim edilib.

Agentliyin gələcək fəaliyyət istiqamətləri və iclasın gündəliyindəki məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Müşahidə Şurası tərəfindən təqdimatlar yüksək qiymətləndirilib, Agentliyin gələcək fəaliyyəti ilə bağlı tövsiyələr verilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2025)

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsi çərçivəsində muğam ifaçılığı sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti İslam Rzayevin anadan olmasının 90 illiyinə həsr olunan tədbir keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, BMM-dən AZƏRTAC-a bildirilib ki, xatirə gecəsi xanəndənin ifasında videolentin nümayişi ilə başlayıb.

Azərbaycan Milli Konservatoriyasının “İfaçılıq” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Verdiyeva çıxış edərək bildirib ki, İslam Rzayev sənətdə özünəməxsus ənənələr yaradıb. Xanəndənin formalaşmasında Seyid Şuşinski ilə yanaşı, Bülbül, Xan Şuşinski kimi sənət korifeyləri də əsas örnək olub. O, bunların hər birinin ifaçılıq üslubunu, sənətkarlıq meyarını mənimsəyib və özünəməxsus sənət yolunu seçə bilib.

Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, yazıçı, şair, dramaturq Seyran Səxavət, Xalq artisti, professor Şəfiqə Eyvazova İslam Rzayevlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, xanəndəlikdən əlavə İslam Rzayev bir çox bəstəkar mahnılarının əvəzolunmaz ifaçısı və unudulmaz pedaqoq kimi də yaddaşlarda yaşayır.

İslam Rzayevin ailəsi adından Arzu Şəmiyeva çıxış edərək xanəndənin əziz xatirəsinin yad edilməsində əməyi olanlara minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində Əməkdar artistlər Gülüstan Əliyeva, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva və xanəndələr Rövşən Əziz və Vüsal Qasımov çıxış ediblər. İfaçıları BMM-in Beynəlxalq Muğam Mərkəzinin solisti Kamal Nuriyevin rəhbərliyi ilə instrumental heyət müşayiət edib.

Qeyd edək ki, İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Onun təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılıb. O, həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 70-dən artıq ölkədə qastrol səfərlərində olub, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib.

Xanəndə 2008-ci il yanvarın 26-da Bakı şəhərində vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2025)

Cümə axşamı, 03 İyul 2025 10:13

Səyyar ASAN xidmət davam edir

 

Səyyar ASAN xidmət 1-30 iyul tarixində Hacıqabulda, Gədəbəydə, Oğuzda, Qusarda, Yardımlıda, Tərtərdə, Göyçayda, Zaqatalada və Xırdalanda vətəndaşlara xidmət göstərəcək.

 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.

 

Qeyd: Hazırda Gədəbəydə Səyyar ASAN xidmətin iş qrafiki saat 11:00-dan 17:00-a qədərdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2025)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində Bakı Birinci Türkolji Qurultayının 100 illiyi münasibətilə yazıları davam etdiririk.

 

Türkologiya – türk dillərinin, ədəbiyyatının, tarixi və mədəniyyətinin öyrənilməsi ilə məşğul olan elmi sahədir. XX əsrin əvvəllərində bu sahədə elmi koordinasiyanı təmin etmək, ümumtürk ortaq dəyərlərini sistemləşdirmək məqsədilə ilk beynəlxalq miqyaslı tədbir – Birinci Türkoloji Qurultay keçirildi. 1926-cı ildə Bakıda baş tutan bu hadisə, türkologiya elminin inkişafında və türk xalqları arasında mədəni həmrəyliyin gücləndirilməsində mühüm rol oynadı.

1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində keçirilən I Türkoloji Qurultayda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Başqırdıstan, Sibir, Çin, Almaniya, İran, Polşa kimi ölkələrdən 130-dan çox alim iştirak edirdi. Qurultayın əsas məqsədləri aşağıdakılardan ibarət idi:

•Türk dillərinin və ədəbiyyatlarının müqayisəli tədqiqi,

•Ortaq əlifba — latın qrafikalı vahid türk əlifbasına keçid,

•Terminologiya və tərcümə məsələlərinin müzakirəsi,

•Türk xalqlarının mədəni irsinin qorunması və öyrənilməsi,

•Türklər arasında elmi əməkdaşlığın gücləndirilməsi.

 Qurultayda ən böyük əhəmiyyət daşıyan məsələ yeni əlifbaya keçid idi. O dövrə qədər bir çox türk xalqı ərəb qrafikasından istifadə edirdi. Latın əlifbası daha praktiki, elmi və müasir biliklərə çıxışı asanlaşdıran bir vasitə kimi qiymətləndirilirdi. Alimlər bu dəyişikliklə savadlılıq səviyyəsinin artacağını, tədrisin asanlaşacağını və türk xalqları arasında ortaq anlaşma dilinin formalaşacağını düşünürdülər.

 Qurultay türkologiya sahəsində bir sıra mühüm nəticələr doğurdu:

•Türk dillərinin sinxron və diaxron tədqiqi sürətləndi;

•Ortak söz bazası və qrammatik terminologiyanın müəyyənləşdirilməsinə başlanıldı;

•Türk xalqlarının folklor və ədəbiyyat nümunələrinin sistemləşdirilməsinə dair təkliflər verildi;

•Sovet İttifaqı daxilində mədəni birliyin saxlanılması istiqamətində modellər hazırlandı.

Bununla belə, 1930-cu illərin repressiyaları dövründə türkologiya sahəsində çalışan bir çox alim, o cümlədən, qurultay iştirakçıları siyasi səbəblərlə təqiblərə məruz qaldılar, bu isə sahənin inkişafına ciddi zərbə vurdu.

 1926-cı il I Türkoloji Qurultay təkcə elmi tədbir deyildi, o, türk xalqlarının intellektual və mədəni birliyinə yönəlmiş bir çağırış idi. Qurultayın nəticələri sonrakı onilliklərdə türkologiyanın strukturlaşmasına, elmi məktəblərin yaranmasına və ümumtürk mədəniyyətinin qorunmasına şərait yaratdı. Bu baxımdan Qurultay həm tarixi, həm də elmi dəyəri baxımından türkologiyanın qızıl səhifələrindən biri olaraq qalır.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

Tannenbaum – Şmidtin lider davranışı kontiniumu

 

Nəzər yetirdiyimiz növbəti modeldə liderliyə təsir edən üç faktora (liderin özü, onun ardıcılları və yaranmış vəziyyət) münasibətdə liderin seçə biləcəyi 7 davranış nümunələrindən bəhs olunur.

Burada iki bir-birinin əksi – demokratik və avtoritar liderlik stilləri götürülür, bu liderliklər arasındakı fərq onların hakimiyyət mənbələri və insan xarakterinin təbiəti barədəki qənaətləri səbəbi ilə izah olunur. Demokrat zənn edir ki, hakimiyyət ona ardıcılları tərəfindən verilir və bu insanlar düzgün motivasiya şəraitində özünüidarə və yaradıcı iş qabiliyyətinə malik olurlar. Avtokrat isə hesab edir ki, hakimiyyət ona öz mövqeyi nəticəsində qismət olub, təşkilatlar və insanlar təbiətən tənbəldirlər və onlara güvənmək olmaz.

Demokratik liderlikdə hakimiyyət mənbəyi ardıcıllar üçün fəaliyyət azadlığı sahəsi, avtoritar liderlikdə isə liderin tətbiq etdiyi hakimiyyət sahəsi hesab olunur. Lider davranışının tərkib hissəsi olacaq seçiləsi 7 davranış nümunələri isə aşağıdakılardır:

 - lider öz ardıcıllarının «azadlıq» zonası hüdudlarında fəaliyyət göstərmələrinə imkan yaradır;

 - lider müəyyən çərçivələrdə qrupların qərarlarını yönəldir; 

 - lider problemlər irəli sürür, təkliflər verilməsini xahiş edir;

 - lider həll yolları təklif edir və onların dəyişdirilməsini mümkün hesab eləyir;

 - lider ideyalar irəli sürür və onların müzakirəsini təklif edir;

- lider qərar qəbul edir və onu tabeçiliyində olanlara çatdırır;

 - lider öz qərarlarının düzgünlüyünə ardıcıllarını əmin edir.


“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Maraqlı söhbətlərdəyik!

Böyük alman şahmatçısı, yəhudi əsilli  Emanuel Laskerdən danışacağıq. O, Vilhelm Steynitsdən sonra dünyanın  ikinci dünya çempionu olmuşdur. Emanuel Lasker şahmat Olimpinin zirvəsində hamıdan çox qalması ilə məşhurdur. O, 27 il məğlubiyyətsiz çempion olaraq qalmışdır. Bu rekord və misilsiz nailiyyət hələ də dəyişməz olaraq qalır.

 

Beləliklə, bir gün böyük Emanuel Lasker macar qrossmeysteri Geza Marotsi ilə spirtli şahmat oynayır. Bu, elm və incəsənətə hamilik edən bir mesenantın mükafatı üçün keçirilən qeyri-rəsmi, məzəli bir oyun idi. Şahmat fiqurları şüşə qablar şəklində hazırlanmışdı. Şüşə fiqurunun ölçüsü və içindəki spirtin növü isə fiqurun gücünə görə müəyyən edilmişdir. Yəni, piyada fiqurlarda yüngül spirtli içki, amma daha güclü fiqurlarda – atda, topda, fildə, xüsusən vəzirdə isə alkoqolun səviyyəsi daha yüksək olan spirtli içki var idi. Yarışın şərtinə görə isə, əgər oyunçu rəqibin fiqurunu udarsa, onda o, udduğu fiqurun içindəkilərin hamısını içməli idi. Son damlasına qədər.

Müdrik və hiyləgər qrossmeyster olan Lasker üçüncü gedişdə öz vəzirini qurban verir. Bir çoxlarına bu, Laskerin kobud səhvi və ya axmaqlığı kimi göründü. Amma yox! Bu, gediş hesablanmas yəhudi fərasəti və dərrakəsi idi. Çünki şüşə fiqur olan vəzir 200 qramlıq bahalı viskidən ibarət idi. Vəziri udan Geza Marotsi isə onu içməli idi. 200 qram viskini içən macarıstanlı şahmatçının bir qədər sonra başı gicəllənməyə başlayır.  Bir azdan isə Marotsi sərxoş olur və tezliklə oyunu uduzur. Bax beləcə hiyləgər və məkrli vəzir qambiti alınır.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

Çərşənbə, 02 İyul 2025 16:36

SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Anara”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

NİGAR RƏFİBƏYLİ             

ANARA

 

Hicranın ağırdır, dözə bilmirəm,

O uca dağlardan en gəl, Anarım!

Körpə ayaqların yaman yorulub,

Sinəmin üstündə dincəl, Anarım.

 

Sənsiz nə gecəm var, nə də gündüzüm,

Sən gedəndən bəri gülməyib üzüm,

Gəl uzun kiprikli körpəcə quzum,

Anarım, Anarım, dəcəl Anarım!

 

Sən ceyran gözlüsən, çatmaqaşlısan,

Tayın-tuşun yoxdur, yar-yoldaşlısan,

Bəlkə məndən ayrı gözü yaşlısan,

Olmuş bu ayrılıq əngəl, Anarım!

 

Dağların sinəsi lalə, bənövşə,

Yaylaqlar qonağı ol sən həmişə,

Qoyma bu dağlara bir xəzan düşə,

Tökülə yollara xəzəl, Anarım!

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

 “Mən ki gözəl deyildim” bədii filmi 1968-ci ildə yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında çəkilib. Ekran əsərinin quruluşçu rejissorları Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov, bəstəkarı Fikrət Əmirov, operatoru Aleksey Polkanov, rəssamı Kamil Nəcəfzadədir. Bir çox çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində, həmçinin Gəncədə, Lənkəranda aparılıb.

Film kino tariximizə düşərli olmayan, bədbəxt bir film kimi düşübdür.

 Filmdə hadisələr İkinci Dünya müharibəsi illərini (1939-1945) əhatə edir. Baş qəhrəman dağ kəndlərindən birində yaşayan 15 yaşlı Səidədir. O, anasını itirib, müharibə başlayanda isə atasını cəbhəyə yola salır. Ekran əsərində, həmçinin arxa cəbhədəki insanların məişəti və dövrün mühiti göstərilir.

Əmisi Qurbanın himayəsində yaşayan Səidəyə hər kəs uşaq kimi yanaşır. Əhvalatın əvvəlində poçtalyon Şərif sərt gerçəyə hazır olmayan Səidəyə atasının ölüm xəbərini demir. Səidə poçtalyon işləyəndə böyüyür və güclənir. Onun bu xəbərə hazır olduğunu görən Şərif həqiqəti deyir.

Səidənin atasının ölüm xəbərini aldığı səhnə alınmırdı. Buna görə rejissor aktrisaya bacarıqsız olduğunu, Səidənin taleyini yaşaya bilmədiyini deməklə onu ağladır və beləliklə, səhnə alınır.

Bəs niyə bu film kino tariximizə düşərli olmayan, bədbəxt bir film kimi düşübdür?

Çəkilişin 13-cü günü, Dneprin alınması səhnəsi Lənkəranda lentə alınırdı. Həmin vaxt çaya iki qayıq buraxıldı. Birində aktyorlar, digərində çəkilişin texniki heyəti idi. Partlayış səhnəsində pirotexnik ehtiyatsızlığından həqiqi partlayış baş verir. Nəticədə rejissor Ramiz Əsgərov, operator və iki kino işçisi həlak olur. Yaradıcı heyətin bir qismi ekran əsərindən imtina edir. Sonradan filmə başqa heyət cəlb olunur.

Filmə Xuraman Qasımova (Səidə), İsmayıl Osmanlı (Şərif), Sadıq Hüseynov (Qurban) gəncəli aktyorlar Şahmar Ələkbərov (Məzahir), Ələddin Abbasov (İmran) və digərləri çəkiliblər.

Xuraman Qasımovanın ekran əsərinə çəkilən zaman 16 yaşı var idi. O, Gəncəyə çəkilişə anası ilə gəlmişdi və 3-4 ay burada qalası olmuşdu. Anası aktrisanın dərslərdən geri qalmaması üçün onu Gəncədə məktəbə yazdırmışdı.

Film müharibə mövzusunda çəkilən ən yaxşı ekran əsərləri sırasına daxil edilib. 1969-cu ildə Kiyevdə kinofestivalda Xuraman Qasımova “Qadın rolunun ən yaxşı ifası”na görə birinci yerə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

52 -dən səhifə 2334

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.