Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hər səhər olduğu kimi, bu səhər də gözlərini ovuşdura-ovuşdura yuxudan oyandı. Anasının səsləməsi ilə yerindən qalxıb mətbəxə keçdi. Südün iyi bütün mətbəxi bürümüşdü. Anası onu və balaca bacısını əlindən tutub hamam otağına apardı. Hər ikisinin əl-üzünü yuduqdan sonra mətbəxə keçib yemək süfrəsinə oturdular. Ayaqları yerə çatmırdı. Balaca ayaqlarını yelləyə-yelləyə həvəslə südü içməyə başladı.
Döşəmənin taxtası rəngsiz idi. Evin tikintisi hələ tamamlanmamışdı. Yarım olmasına baxmayaraq, onlar evə köçmüşdülər. Köhnə evləri artıq yararsız vəziyyətə düşmüşdü. Hələ yarım olmasına baxmayaraq, böyük ümidlər, uşaqların sevinci, xoşbəxtlik qoxusu divarlara hopmuşdu. Hər kəs xoşbəxt idi. Başını yastığa qoyanda elə şirin yuxuya gedirdi ki, nə keçən zamanı, nə də sabah erkən oyanacağını düşünürdü. O an xoşbəxtlik onun üçün hamının bir yerdə yatdığı bu otaqdan, isti nəfəsdən ibarət idi. Çünki uşaqlara xoşbəxt olmaq üçün çox şey lazım olmur. Bir az süd qoxusu, bir az ana səsi, bir də başını qoymağa bir yastıq kifayət edir.
Səhər yeməyini yedikdən sonra bağçaya getmək üçün hazırlaşdılar. Artıq bağçaya öyrəşmişdilər. Əvvəl istəksiz olsalar da, zamanla bu gedişə alışmışdılar. Böyük olan digər iki bacısı onları bağçaya aparırdı. Əllərini möhkəm tutardılar və yol boyu ehtiyatla gedərdilər. Bu gün də ananın tapşırığı ilə bacılar onları bağçaya aparırdılar. Yol boyu ətrafı seyr edərdilər. Bir quş səsi, yolda dayanan balaca pişik balası, bir iri heyvan onların marağına səbəb olardı. Sevinclə mənzərəyə tamaşa edər, səslərini yamsılayardılar.
Getdikləri yolu əzbər bilirdi.
Bağçaya çatmağa az qalmış, uzaqdan gələn uşaqları görürdü. Öz yoldaşlarından kimsə varmı deyə boylanar, onlara çatmağa çalışardı.
Bağçanın qapısına çatanda bacıları ilə sağollaşıb balaca bacısının əlindən tutaraq tərbiyəçi müəlliməsinə tərəf addımladı. Səhər məşğələsindən sonra birlikdə sinif otağına daxil oldular. Oyuncaqlarla dolu olan otaqda hər kəs öz aləmində idi. Kimi özü üçün oynayır, kimi bir oyuncaq üstündə dalaşır, kimisi də bir küncdə oturub ətrafı seyr edirdi.
Tərbiyəçi müəllimin göstərişi ilə hər ikisi bir kənarda oturdular. O, yaxında olan oyuncaqları bacısına uzatdı. Özü isə səssizcə onu seyr edirdi. Gözləri tez-tez pəncərədən çölə baxırdı. Onun ən sevdiyi əyləncəsi bağçanın həyətindəki sürüşkən idi. Orada vaxt keçirəndə özünü çox xoşbəxt hiss edirdi. Daha sonrasında isə yolun qapısına baxaraq evə getmək növbəsinin nə vaxt çatacağını gözləyərdi. Qapıda evdəkilərdən birini görəndə üzü gülərdi. Bu iki an onun bağça həyatındakı ən xoşbəxt olduğu anlar idi...
***
İndi həmin o balaca qız hər səhər yuxudan erkən oyanaraq, öz balaca qızını bağçaya yola salır. İndi ona baxarkən öz uşaqlığını xatırlayır: süd qoxusunu, qaralmış döşəməni, sevimli sürüşkənini və bacısının əlini buraxmadığını. O, bağçaya getmək üçün hər gün can atır. Anası isə xoş təbəssümlə onu müşahidə edir. Onu bağçadan götürəndə, sevinclə pəncərədən çölə boylanan balacasını görərkən, öz keçmişini də orada görür. Sanki öz uşaqlığı da oradan boylanır. İndi hər gün yola bərabər çıxır, yol boyu gördüklərini birlikdə öyrənirlər. Lakin bu dəfə başqa adla – ana olaraq eyni yolu bir daha keçir. Və Yanında səssizcə öz uşaqlığı addımlayır.
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)