Super User
POETİK QİRAƏTdə Əlizadə Nuri “Göyərçin ovcuyam mən... ” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Gözəl bir sevgi şeiri ilə sizləri baş-başa qoyacağıq.
Hər axşam şam oluram,
Əriyib... tam oluram.
Səndə tamam oluram-
Mən gün, sən də həftəsən.
-deyən şair sözdən ilmə toxuyur.
Həqiqətən, gözəldir.
Xoş mütaliələr!
Göyərçin ovcuyam mən...
Hər axşam şam oluram,
Əriyib... tam oluram.
Səndə tamam oluram-
Mən gün, sən də həftəsən.
Eşq-şirin əzab kimi,
Bitməyən hesab kimi...
Ən yaxşı kitab kimi
Canımdakı rəfdəsən.
Sən yolsan, yolçuyam mən.
Göyərçin ovcuyam mən...
Yüz ildir ovçuyam mən-
Yüz ildir hədəfdəsən...
Qəmi sevdim, həm səni,
Qısqandı bu qəm səni.
Düşüb gəzmirəm səni-
Sən ki, hər tərəfdəsən...
Bu dünyadı, kahadı?
Şah olmur hər şah adı.
Bu sədəf nə bahadı-
Yoxsa sən sədəfdəsən?!
“Ədəbiyyat və incəsənət”
(17.12. 2024)
Beyləqanda gənclərin payız düşərgəsi
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
Başa çatan il Yaşıl dünya naminə həmrəylik ili kimi tarixdə qalacaq. Mövzuya uyğun tədbirlər isə ilin sonunadək davam etməkdədir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin təşəbbüsü ilə “Ətraf mühitin qorunmasında region gənclərinin təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində payız Düşərgəsi keçirilmişdir.
Layihənin davamı olaraq düşərgədə iştirak etmiş gənc təbiət dostları öz rayonlarında kiçik layihələr həyata keçirmişlər. İlk layihə təşəbbüsü 5 dekabrda İmişli şəhərində, 6 dekabrda Beyləqan, 9 dekabrda Füzuli şəhərində keçirilmişdir.
Layihədə gənclər öz təşəbbüsləri ilə mükəmməl təqdimat hazırlayaraq tətbiq etdilər. Son olaraq Xocavənd gənclərinin təşkil etdiyi kiçik layihə 14 dekabrda baş tutdu. Gənclər öz layihələrini Ağ göl milli parkında təşkil etmişdilər.
Ağ göl milli parkına səfərimizin əsas məqsədi gəncləri ekoloji maarifləndirmək, onlarda təbiətə qarşı duyarlılığı artırmaqdır. Bu həm də Xocavənd gənclərinin kiçik layihə təşəbbüslərinin davamıdır.
Bu layihədə gənclərə təşkilati dəstəyi “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin əməkdaşları Aysel Cəfərova və Şəmsiyyə Rüstəmli göstərmişlər.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
ADPU-dakı esse müsabiqəsində fərqlənən yazılardan - ZƏFƏRİN SORAĞI
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət” portalı
ADPU Filologiya fakültəsində keçirilmiş “Zəfər"dən yaz, zəfər çal” adlı esse müsabiqəsində mən də bu təqdim etdiyim esse ilə iştirak edib diploma layiq görülmüşəm. Essemi sevimli oxucularıma təqdim edirəm.
Zəfər nədir?
Baxmayaraq ki, bu söz cəmi beş hərfdən ibarətdir, ancaq çox dərin mənaya malikdir. Zəfər imkansız olanın qalibiyyətidir. Dörd il əvvələ kimi bizim imkanı az olan qayəmiz Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək idi. 2020-ci il 26 sentyabr axşam yatarkən, sabahımı müharibə şəraitində olan bir ölkədə açacağımı düşünməzdim. Lakin bu günün çatacağını bilirdim. Gec.. ya da tez...
30 il... 30 il həsrətin bitmə ilidir. Vətənindən ayrı düşənlərin qovuşma ilidir. Zəfərə gedən yolda ölkəmiz çox can itirdi. Axı uğrunda canını, qanını fəda edən varsa, Vətən Vətəndir.
Biz gənclər gözümüzü bu dünyada açandan bəri yadelli basqınlarını, hətta qandonduran soyqırımlarını öyrənmişik. Bu acı bizdə daha yaralı idi... Niyə? Əmim də I Qarabağ müharibəsində şəhid olmuşdu. O, ömrünün 27-ci ilində, elə ad günündə şəhidlik zirvəsinə qalxmışdı. Onun səsi gah Turşsudan, gah Nəbilərdən, gah da Ağdərədən gəlirdi. Ağdərədə ayağından zədə almasına baxmayaq, o, müalicəsini alıb, cəbhəyə geri döndü. Baxmayaraq ki, ona artıq evə getməsi təklif olundu, o, bunu qəbul etmədi. Axı o səngər dostlarını necə tək qoya bilərdi? O, deyirdi ki, “Gedəyin Seyidəhmədli kəndini də alağın, ad günümə sizdən hədiyyə olsun". Belə də oldu, kənd bir neçə saat ərzində işğaldan azad olundu. Elə bu sevinci yaşayarkən alnından aldığı güllə ilə şəhadətə qovuşdu.
Bənzər səhnələr çox məkanlarda oldu və çox ev, eləcə də, Azərbaycan xalqı büsbütün yasa büründü. Çox balalar atasız, qadınlar yarsız, ana-atalar övladsız qaldı. Boş qəbirlər şəhidlərlə nurlandı.
Zəfər asan əldə olunmadı. Sıx meşələrin arasında, soyuq dağların döşlərində, türk döyüş strategiyası ilə əldə olundu.
Soyuq noyabrda müharibə!
Əsgərlər şaxtalı havada qələbə qazananda əhali bu qələbəni fəxarətlə qeyd edirdi. 30 ildir gözlənən qələbə 44 gündə əldə olundu. Elə buna görə də II Qarabağ müharibəsi Azərbaycanın zəfəridir.
Zəfərin üstündən 4 böyük il keçdi, amma 4 il əvvəlki hislər keçmədi. Deməli, zəfər həm fəxrli, həm şirin bir hiss imiş.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
“Ledi Maqbet” tamaşasının premyerası olub
Akademik Milli Dram Teatrında "Ledi Maqbet" tamaşasının premyerası olub.
Teatrdan AzərTAC-a bildirilib ki, Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanan “Ledi Maqbet” tamaşası Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibətilə benefist tamaşadır.
Tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Xalq artisti Nurəddin Mehdixanlı və Əməkdar incəsənət xadimi Məryəm Əlizadə Bəsti Cəfərovanın yaradıcılığı, səhnə fəaliyyəti və sənət yolu haqqında çıxış ediblər.
Daha sonra tamaşa nümayiş olunub. Yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.
Tamaşada Xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Aslanqızı, Aslan Şirin, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlahə Həsənova, Elnur Qədirov, İlyas Əhmədov, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Cavidan Novruz, Elçin Nurəliyev, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Aylin Həşimli, Rüzgar Qasımzadə və Dilarə Məhərrəmli iştirak ediblər.
Rejissor Nicat Kazımov U.Şekspirin “Maqbet” faciəsi əsasında işlədiyi “Ledi Maqbet” tamaşasında hadisələrin mərkəzi hərəkətverici qüvvəsi kimi tamaşanın əsas obrazı olaraq diqqəti Ledi Maqbetin üzərində cəmləşdirib. Ledi Maqbet əsas qəhrəmanın – Maqbetin səviyyəsinə qaldırılıb, vurğu və diqqət xeyir-şər, sehr-cadu motivi ilə yanaşı, qadın məkrinə yönəlib. Personajlar tarixi şəxsiyyətlərdir. Tamaşa qisas arzusunun, şöhrətpərəstliyin və təqsirkarlığın ifrat dərəcəsini göstərir.
Maqbetin Dunkanı öldürməsi geriyə dönüşü olmayan nöqtədir. Şər hər zaman şər doğur və bu, getdikcə hər tərəfi öz caynağına alır. Maqbet və Ledi Maqbet cinayətlərini gizlətmək üçün qan tökməyə davam etməyə məcbur olurlar. Nəhayət, Maqbetin Kral olmaq həvəsi onun məhvinə gətirib çıxarır.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
Bakıda 1-ci “Uşaq Teatr” Festivalı fəaliyyətə başlayacaq
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə 2025-ci il martın 10-dan 17-dək Milli Teatr Gününün 152-ci ildönümü münasibətilə Bakıda 1-ci “Uşaq Teatr” Festivalı fəaliyyətə başlayacaq.
AzərTAC xəbər verir ki, 6-14 yaş arası uşaqlar üçün nəzərdə tutulan tədbir Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəslin mədəniyyətə marağının artırılmasını hədəfləyib.
Festivalda 15 komanda tərkibində 10 nəfər iştirak edə bilər. Komandaların təqdim etdiyi xalq nağılları əsasında hazırlanacaq tamaşalar 20-35 dəqiqə davam edəcək. Festivalın məqsədi mədəni irsimizi qorumaqla yanaşı, uşaqlara komanda şəklində işləmə bacarıqları qazandırmaq, səhnə mədəniyyəti ilə tanış olmalarına və öz istedadlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
Həm Türkiyə, həm də Azərbaycanda oxucu kütləsinin fəal olması məni sevindirir” - Güven Albayrak
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Budəfəki qonağım qardaş Türkiyənin dəyərli yazarlarından biri olan Güven Albayrakdır.
Habil Yaşar: Salam Güven Albayrak bəy! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.
Güven Albayrak: Salam Habil bəy, çox sağ olun, yaxşıyam. 1965-ci ildə İstanbulun Kadıköy rayonunda anadan olmuşam. İbtidai məktəbdən liseyə qədər təhsil həyatımı Kadıköydə tamamladım. Ədəbiyyat və yazı tutqumu gənc yaşlarımdan kəşf etdim və yaradıcılıq düşüncəsi ilə ifadə qabiliyyətimi hər fürsətdə inkişaf etdirməyə diqqət etdim.
Habil Yaşar: Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?
Güven Albayrak: Əlbəttə. Ədəbiyyat dünyasına qatqılarım arasında “Cumba” Ədəbiyyat Dərgisi və “Kirpi” Ədəbiyyat və “Düşün” Dərgisində qələmə aldığım hekayələr var. Bundan başqa, "Tanrıların və Tanrıçaların İzində Mitolojik Öyküler" adlı kollektiv kitabda yer aldım və "Gizemli Yolculuk" adlı hekayəm oxucular tərəfindən böyük maraqla qarşılandı.
Habil Yaşar: Azərbaycan və Türkiyədə mütaliə sizi qane edirmi?
Güven Albayrak: Həm Türkiyə, həm də Azərbaycanda ədəbi fəaliyyətlərin və oxucu kütləsinin çox aktiv olduğunu görmək məni çox sevindirir. Hər iki ölkənin də ədəbi keçmişi və oxucusu ilə qürur duyuram.
Habil Yaşar: Ənənəvi və ya elektron kitablara üstünlük verirsiniz?
Güven Albayrak: Öz adıma çap olunmuş kitabların sehrinə qapılan biriyəm, amma rəqəmsal dövrdə elektron kitabların da əhəmiyyətini inkar edə bilmərəm. Hər iki formatın da öz üstünlükləri var.
Habil Yaşar: Gələcək planlarınızdan bəhs edə bilərsinizmi?
Güven Albayrak: 2025-ci il üçün oxucularıma iki yeni kitabla sürpriz etməyi planlaşdırıram. Bunlardan biri bir esse kitabı, digəri isə bir roman olacaq. Yeni layihələrimlə ədəbiyyat dünyasında varlığımı daha da gücləndirməyi hədəfləyirəm.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
Əbilin gündəliyindən növbəti seçmələr
“Ədəbiyyat və incəsənət” portalı dünyadan nakam köçmüş istedadlı gənc Əbil Əbilovun gündəliyindən növbəti seçməni təqdim edir. Seçməni redaksiyaya Əbilin atası Etibar Əbilov təqdim edib.
4 sentyabr 2006.
Peyğəmbər əfəndimizin "İki günü bir-birinə bənzəyən bizdən deyil" hədisinə uymağa çalışaraq bu günümü də boş keçirməməyə çalışdım.
Bu gün bir şey oxumasam da Anna Marie Şiemmelin "İslamın Mistik Boyutları"ndan bir neçə səhifə oxudum. İslam təsəvvüfü elə dəryadı ki, dənizdə inci axtarmaqdansa göz yaşını inci edir. Özü də dəniz incisindən gözəl inci.
Miladi VI əsrdən universitetlər (XI əsr) və Renessans dövrünə qədər Avropada elm kilsənin əlində olub. Ona görə də dindən ayrı olan Şərq mədrəsələrinin yanında Avropa məktəbləri daim geridə qalıb. XV əsrdə kilsədən uzaqlaşan elm xadimlərini isə tonqalda yandırmaqla cəzalandırırdılar. Hər halda, elm qurban tələb edir. Avropa intibaha qucaq açarkən, intibahın nəzəriyyəsini hazırlayan İbn Rüşdlər yetişdirən Şərq isə inkişaf dinamıkasında tərəddüt keçirdi və bu da ona gətirib çıxardı ki, bir neçə əsr gerilədi.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
“Vəfa simvolu” – BİR DAHA MƏŞHUR ƏHVALAT BARƏDƏ
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Yer kürəsi böyük olduğu qədər həm də çox balaca və dardır. Dünyanın o başında baş verən hadisə cəmi bir neçə dəqiqə sonra bu başına çatır. Bəlkə də, zaman çox qısalıb deyə bilmərəm, amma və lakin səbəblər və amillər çoxdur. Baş verən yaxşı və pis hadisələr cəmi bir neçə dəqiqə sonra evimizdə, qulağımızın dibində oturur.
2009-cu ildə kino ekranlarında bir film nümayiş olundu. Adı belə idi “Haçiko: ən sadiq dost”. Yapon dilində “hachi” “səkkiz”, “ok” şəkilçisi isə sədaqət deməkdir.Baş rolda Riçard Gere və Joan Allenin rol aldığı bu filmə, demək olar ki, baxmayan filmsevər qalmayıb. İndi isə sizə hekayədən bəhs edim. İtlə insanın dostluğundan. 1924-cü ildə Tokyo Universitetində işləyən yapon professoru Hidesabura Ueno kiçik bir it balası aldı. Hachiko 8 aprel 1923-cü ildə Odatedə doğulmuşdu. Professor itinə yaponcada “səkkiz dənə” mənasını verən “Haçiko” adını qoydu. Akita cinsi olan Haçiko sahibini metro stansiyasına qədər uğurlayardı, axşam isə elə oradaca sahibini qarşılayaraq evə dönərdilər. Bu ağıllı it sahibinin evə dönüş saatlarını və eyni yoldan istifadə edəcəyini hiss edərək hər gün metro önünə gəlirdi.
Birlikdə olduğu bir il ərzində bir dəqiqə belə gecikmədi sahibini qarşılamağa.
Adi günlərdən biri idi. Evdən sahibi ilə oynaya-oynaya çıxıb sahibini uğurlayan Haçiko axşam onu qarşılamaq üçün metro stansiyasında gecə boyunca gözlədi. Bir sonrakı gecə yenə gəlmədi professor. Beləcə, bir neçə gün də gəlmədi professor getdiyi yerdən. Dilsiz-ağızsız heyvan, fəqət bilmirdi ki, professor infarkt keçirib, elə auditoriyada tələbələrinin qollarında gülümsəyərək həyata vida edib. Beləcə, bu hadisədən xəbərsiz məsum Haçiko günlərcə, həftələrcə, aylarca, hətta illərcə sahibini inadla gözlədi. Bu inad tam 10 il boyunca davam etdi. Haçikonun illərcə stansiyada sahibini gözlədiyini və bir gün də görüş yerinə yubanmadığını görən stansiya müdiri və məhəllə sakinləri gündəlik olaraq Haçikoya yemək gətirir, onu tək qoymurdular. Hər gün saat 15:00-da stansiyada sahibini gözləyən Haçikonun hekayəsi bütün Yaponiyada dildən-dilə gəzirdi. İnsanlar onu görmək, sevmək və ac qoymamaq üçün Shibuya stansiyasına axın edirdilər. Düz 10 il sonra, 12 yaşındaykən, 1935-ci ildə metro qapısında həyata gözlərini yuman Haçikoya elə oradaca heykəl ucaldıldı.
Bu gün Tokyoya gedənlər Shibuya stansiyasının qapısında ilk qarşılaşdığı heykəl vəfa simvolu Haçikodur. Haçiko Yaponiyada sədaqət, dostluq, insan və heyvan əlaqəsinin simvolu kimi anılır. İkinci Dünya müharibəsi zamanı şəhərlə birgə Haçikonun heykəli dağıdılsa da, 1948-ci ildə yenidən bərpa edildi.
İndi Shibuya stansiyasının həmin qapısı Haçiko çıxışı olaraq bilinir və vəfa borcu olanlar bir-birini burada axtarır və tapırlar. 8 apreldə bir çox heyvansevərlər bu heykəlin qarşısında görüşür, Haçikonu anırlar.
Göz qırpımında axıb keçən zamanda bir-birimizə ehtiram olaraq vəfa göstərək, anaq və anılaq. Gəlimli-gedimli, bir ucu ölümlü dünyada xatirələrdə yaşamağı bacaraq. Hərəmiz bir heyvansevər, hərəmiz bir vəfa simvoluna çevrilək…insan olaraq!
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
PA - Uğur barədə söylənilən növbəti dəyərli fikirlər
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, məşğələlərin başlanğıcında uğur barədə aforizmlər seçməsi verməyi məqsədyönlü hesab edirəm.
Beləliklə, növbəti 10 aforizm:
8.
Hər cür çətinlik qüvvəni artırır.
C.Ferrari
İnsan öz qüvvəsinə inandığı vaxt istəyinə nail olur.
L.Feyerbax
Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir.
E.Heminquey
Əldə edilməsi mümkün olmayan ali məqsədlər bizə əldə edə biləcəyimiz kiçik məqsədlərdən daha əzizdir.
İ.Höte
Tərəqqi məqsəd, ideal isə nümunədir.
V.Hüqo
Böyük insanlar öz qarşılarına müəyyən məqsəd qoyurlar, qalan adamlar isə istəklərinə uyğun hərəkət edirlər.
V.İrvinq
Adam evdən çıxanda nə edəcəyi barədə fikirləşməli, evə gələndə isə nə etdiyi haqqında düşünməlidir.
Kleovul
Uzaqgörən adam hər bir istəyi üçün dəqiq yer ayırmalı və sonra bunları ardıcıl surətdə həyata keçirməyə başlamalıdır. Bizim tamahkarlığımız çox vaxt bu ardıcıllığı pozur və eyni vaxtda bir neçə məqsəd güdməyə sövq edir, nəticədə biz əsas məqsədi nəzərdən qaçırırıq.
F.Laroşfuko
Hətta ən astagəl adam da məqsədinin aydınlığını göz önündə saxlayırsa, onun işi məqsədsiz dolaşan adamlardan daha irəli gedir.
K.Lessinq
İstədiyini əldə etmək və ondan lazım olduğu kimi bəhrələnmək ağıllı insanın başlıca hədəfidir.
H.Makkey
Şəkildə: Heminquey
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Xan Sənəmin “Şeirim utanır” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Əhərdə yaşayan Xan Sənəmdir.
Xan Sənəm
Əhər
II
Metabolizm idi, nəydi bilmədim,
İçimdə fırtına qopardı ancaq.
Cinsimin birinci kötəyin yedim,
Şirin günlərimi apardı ancaq.
Elə tez gəldi ki, ağzımda qaldı,
On üç yaşlığımın oyuncaq dadı.
Erkək arxadaşlar qəribə oldu,
Hələ də bilmirəm bu nə qaydadı.
Ayda bir gələnə mən necə satım –
Babamın gündəlik dizlərin axı?
Hayanda oturum, hayanda yatım?
Dilimdə dolaşmır sözlərin çoxu.
Darıxan anlarım yerikləyəcək,
Abimin sım-sıcaq qoynuna canım.
Görəsən ona da anam deyəcək?!
Görəsən onu da qəribə sanım?!
Təbiət gör necə dərdə salıb ki,
Nə təhər yazıram, şeirim utanır.
Qələmimdən gücü elə alıb ki,
Şəriət odunda mənliyim yanır.
Günahkar günahın gizlədən kimi,
Özümü sandığa qoyuram hər ay.
Utancı gözümdən oxuyur hamı,
Görəsən neçə qız vardı mənə tay?
Klasmen edirəm qadınlığımı,
Deyirəm bu hansı bölümdür görən?
Mələklər qutlayan yeni doğumu,
Mən niyə sanıram ölümdür görən?
Bir daha otuz gün yaxınlaşıram,
Anamın sızlayan gəlinliyinə.
Xanlığın dağların bir-bir aşıram,
Qan dolur şerimin bağrına yenə.
Yenə hiss edirəm başqa bir mənəm,
Yenə güllər bitir yanaqlarımdan.
Babam gəlsə deyin: “Yatıbdır Sənəm”,
Anama deyirəm yenə arımdan.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)