“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Əhərdə yaşayan Xan Sənəmdir.
Xan Sənəm
Əhər
II
Metabolizm idi, nəydi bilmədim,
İçimdə fırtına qopardı ancaq.
Cinsimin birinci kötəyin yedim,
Şirin günlərimi apardı ancaq.
Elə tez gəldi ki, ağzımda qaldı,
On üç yaşlığımın oyuncaq dadı.
Erkək arxadaşlar qəribə oldu,
Hələ də bilmirəm bu nə qaydadı.
Ayda bir gələnə mən necə satım –
Babamın gündəlik dizlərin axı?
Hayanda oturum, hayanda yatım?
Dilimdə dolaşmır sözlərin çoxu.
Darıxan anlarım yerikləyəcək,
Abimin sım-sıcaq qoynuna canım.
Görəsən ona da anam deyəcək?!
Görəsən onu da qəribə sanım?!
Təbiət gör necə dərdə salıb ki,
Nə təhər yazıram, şeirim utanır.
Qələmimdən gücü elə alıb ki,
Şəriət odunda mənliyim yanır.
Günahkar günahın gizlədən kimi,
Özümü sandığa qoyuram hər ay.
Utancı gözümdən oxuyur hamı,
Görəsən neçə qız vardı mənə tay?
Klasmen edirəm qadınlığımı,
Deyirəm bu hansı bölümdür görən?
Mələklər qutlayan yeni doğumu,
Mən niyə sanıram ölümdür görən?
Bir daha otuz gün yaxınlaşıram,
Anamın sızlayan gəlinliyinə.
Xanlığın dağların bir-bir aşıram,
Qan dolur şerimin bağrına yenə.
Yenə hiss edirəm başqa bir mənəm,
Yenə güllər bitir yanaqlarımdan.
Babam gəlsə deyin: “Yatıbdır Sənəm”,
Anama deyirəm yenə arımdan.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)