ADPU-dakı esse müsabiqəsində fərqlənən yazılardan - ZƏFƏRİN SORAĞI Featured

Zəhra Allahverdiyeva,  “Ədəbiyyat və incəsənət” portalı

 

ADPU Filologiya fakültəsində keçirilmiş “Zəfər"dən yaz, zəfər çal” adlı esse müsabiqəsində mən də bu təqdim etdiyim esse ilə iştirak edib diploma layiq görülmüşəm. Essemi sevimli oxucularıma təqdim edirəm. 

 

Zəfər nədir? 

Baxmayaraq ki, bu söz cəmi beş hərfdən ibarətdir, ancaq çox dərin mənaya malikdir. Zəfər imkansız olanın qalibiyyətidir. Dörd il əvvələ kimi bizim imkanı az olan qayəmiz Azərbaycan Respublikasının ərazi  bütövlüyünü təmin etmək idi. 2020-ci il 26 sentyabr axşam yatarkən, sabahımı müharibə şəraitində olan bir ölkədə açacağımı düşünməzdim. Lakin bu günün çatacağını bilirdim. Gec.. ya da tez...

30 il... 30 il həsrətin bitmə ilidir. Vətənindən ayrı düşənlərin qovuşma ilidir. Zəfərə gedən yolda ölkəmiz çox can itirdi. Axı uğrunda canını, qanını fəda edən varsa, Vətən Vətəndir. 

Biz gənclər gözümüzü bu dünyada açandan bəri yadelli basqınlarını, hətta qandonduran soyqırımlarını öyrənmişik. Bu acı bizdə daha yaralı idi... Niyə? Əmim də I Qarabağ müharibəsində şəhid olmuşdu. O, ömrünün 27-ci ilində, elə ad günündə şəhidlik zirvəsinə qalxmışdı. Onun səsi gah Turşsudan, gah Nəbilərdən, gah da Ağdərədən gəlirdi. Ağdərədə ayağından zədə almasına baxmayaq, o, müalicəsini alıb, cəbhəyə geri döndü. Baxmayaraq ki, ona artıq evə getməsi təklif olundu, o, bunu qəbul etmədi. Axı o səngər dostlarını necə tək qoya bilərdi? O, deyirdi ki, “Gedəyin Seyidəhmədli kəndini də alağın, ad günümə sizdən hədiyyə olsun". Belə də oldu, kənd bir neçə saat ərzində işğaldan azad olundu. Elə bu sevinci yaşayarkən alnından aldığı güllə ilə şəhadətə qovuşdu. 

Bənzər səhnələr çox məkanlarda oldu və çox ev, eləcə də, Azərbaycan xalqı büsbütün yasa büründü. Çox balalar atasız, qadınlar yarsız, ana-atalar övladsız qaldı. Boş qəbirlər şəhidlərlə nurlandı. 

Zəfər asan əldə olunmadı. Sıx meşələrin arasında, soyuq dağların döşlərində, türk döyüş strategiyası ilə əldə olundu. 

Soyuq noyabrda müharibə!

Əsgərlər şaxtalı havada qələbə qazananda əhali bu qələbəni fəxarətlə qeyd edirdi. 30 ildir gözlənən qələbə 44 gündə əldə olundu. Elə buna görə də II Qarabağ müharibəsi Azərbaycanın zəfəridir. 

Zəfərin üstündən 4 böyük il keçdi, amma 4 il əvvəlki hislər keçmədi. Deməli, zəfər həm fəxrli, həm şirin bir hiss imiş. 

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.