Super User
Qismətimlə barışmışam - Vüqar İsmayılın şeirləri
Vüqar İsmayıl bu günlərdə 25 illiyini qeyd edən Dünya Gənc Türk Yazarlar Birliyinin ilk üzvülərindən biridir. Onun bir neçə şeirini oxucularımızın ixtiyarına buraxırıq.
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Payızım
İliyimi üşütdü,
Yenə dəli payızım.
Pıçıltımı eşitdi,
Nəsim yeli payızım.
İstə olum sənə yar,
Xöş gəlmisən yenə yar,
Bir nəğməkar dilin var,
Buyur, bəli, payızım.
Arzularım gülləndi,
Çaylar axdı, lilləndi,
Yar telləri yelləndi,
Çəkdim əli, payızım.
Yağ çıçəyə şeh kimi,
Ruhuma əs meh kimi,
Yıxacaqsan eh, kimi,
Öyrəncəli payızım.
Qismətimlə barışmışam.
Qismətimlə barışmışam,
Müqəssirəm, seçə-seçə.
Gör kimlərlə yarışmışam,
Zədə verib neçə-neçə.
Xəyalları quş etmişəm,
Arzulara tuş etmişəm,
Taleyimi nuş etmişəm,
Həyatımdan keçə-keçə.
Çox elçim var deyib gəldin,
Gəlinliyin geyib gəldin,
Yaz ömrümü yeyib gəldin,
Qışı tutdun, becə-becə.
İçib məni yüz-yüz getdin,
Qalxıb yolu sən düz getdin,
Nə olmuşdu gündüz getdin?
Qayıtmısan, gecə-gecə.
Dedin mənə gül əkmisən,
Ləçəyinə əl çəkmisən,
Qız,sən bəlkə küləkmisən?
Eşitmirsən, necə-necə?
Yarım
Yanağından allanmısan,
Toy düyündə süzən yarım.
Hara belə yollanmısan?
Aşiqini üzən yarım.
Həsrət məni çox yükləyib,
Arxasınca sürükləyib,
Saçlarını hörükləyib,
Kürəyinə düzən yarım.
Dərd yarası dərin olur,
Sən olanda sərin olur,
Şirindən də şirin olur,
Mənə dodaq büzən yarım.
Aşiq eşqin yolun seçdi,
Öz canından belə keçdi,
Sandım həyat puçdu, heçdi,
Sənsiz olmur bə'zən, yarım.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
BİRİ İKİSİNDƏ - 70 yaşa salam verən şairə dost məktubu
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Ədəbi tənqidin növbəsidir, sizlərə Elxan Yurdoğlunun İbrahim Yusifoğlunun yaradıcılığı barədə qeydlərini təqdim edəcəyik.
KÖVRƏK ÜRƏYİNDƏ HƏZİN BİR KƏDƏR DAŞIYAN ŞAİR
yaxud 70 yaşa salam verən İbrahim Yusifoğluna dost məktubu
Elə bil dünən idi. “Gəlib çatdım 50 yaşa” deyən İbrahim Yusifoğlunun bir əsri yarılamasının sevincinə şərik olmaq üçün şair dostlarla birlikdə Şərur rayonuna yollanmışdıq. Zarafat deyil, 50 il. Şərur şəhər 2 nömrəli orta məktəbin geniş zalında onun yubiley gecəsi keçirilirdi. Hamı bir-bir danışır, ürək sözlərini söyləyir, təbriklərini çatdırırdı. Dostlar... qohumlar... şairlər... Yazı adamları... Heç şeirə aidiyyəti olmayan adamlar da çox idi. İbrahim Yusifoğlu sevənlərin məclisi idi.
O isə başda oturub qayğılı baxışlarını zalın tavanında, əslində isə sonsuz bir nöqtədə düyünləyib əlini ağappaq saçlarında gəzdirirdi qeyri-ixtiyari. Ağlıq həm də zirvə nişanəsidi axı. Sanki şair uca bir dağa yaslanmışdı. 50 yaş da zirvədi axı. 50 yaşa yaslanıb, bəlkə də, ömrün kulminasiya nöqtəsindən geriyə boylanırdı.
Bu günlərdə, daha dəqiqi desəm, sentyabr ayının 30-da isə onun 70 yaşı tamam olub. Dünənki kimi yaddaşımızda iz qoyan bu 20 illik ömür nə tez keçdi, İlahi!
Rəqəmlərin tilsimi ilə uşaqlıq illərimə, 10 yaşıma qayıdıram. Məktəb direktoru işləyən atamın hər dəfə Şərurdan qayıdanda gətirdiyi qəzetləri maraqla oxuyardım. 20 yanvar hadisələri yenicə baş vermişdi və rayonumuzun “İşıqlı yol” qəzetində dərc olunmuş “mənim inamımı güllələdilər” poemasını maraqla oxumuşdum. Mənə çox qəribə gəlmişdi; necə ola bilər axı, inamı da güllələməkmi olar? Amma olurmuş. Böyüdükcə, yaşa dolduqca nəinki inamı, sevinci də, sevgini də güllələməyin mümkün olduğunu anladım. Bunu isə mənə ilk dəfə üzünü görmədiyim, tanımadığım İbrahim Yusifoğlu başa salmışdı.
Bir müddət sonra atamın kitabxanasında əl içi boyda bir kitab diqqətimi çəkmişdi: bu, inamı güllələnən şairin ilk şeirlər kitabı olan “Araz bayatıları” idi. Həm də mənim oxuduğum ilk şeirlər kitabı.
Daha sonra tələbəlik illərimin ilk vaxtlarında atam mənə daha bir kitab gətirəcəkdi – “Mənim inamımı güllələdilər”. Təkrar oxuduğum həmin poemada mənim üçün hər şey apaydın görünəcəkdi:
Çoxu inanmırdı, doğrusu, mən də,
Bu qonşu qəsdinə inanmayırdım.
Bütün sərhədləri bütöv ölkədə
Torpaq davasını gülünc sayırdım.
Gözüm görə-görə, haqq deyə-deyə,
Yurduma xəyanət, qəsd eylədilər.
Sülhə, göyərçinə, süni hər şeyə,
Mənim inamımı güllələdilər.
İbrahim Yusifoğlu 1954-cü ilin sentyabr ayının 30-da Şərur rayonunun axarlı-baxarlı, dağların sinəsinə söykənmiş Axura kəndində anadan olub. Dağ adamlarının mayasında həmişə bir kövrəklik, həlimlik, zəriflik, bütün bunlarla birlikdə həm də daxili bir sərtlik olur. Mənə elə gəlir ki, haqqında danışdığım şair bu xarakterlərin hamısını özündə ümumiləşdirir. Yazdığı şeirləri oxuduqca da buna əmin olursan. Onun şeirlərində qayaların sivri sərtliyi, bulaqların həzin nəğməsi, çiçəklərin bihuşedici rayihəsi, göy qurşağının cəlbedici rəng harmoniyası var.
Bu sözlərə akademik İsa Həbibbəylinin aşağıdakı fikirlərini də əlavə etməyə ehtiyac var: “Həyatı barmaqları bənövşəyi mürəkkəbli şagirdlərin və müəllimlərin arasında keçən İbrahim Yusifoğlunun bir çox misraları həm rəng çalarına, həm poetik mənasına görə bənövşə çiçəyinə bənzəyir. Bəlkə də, belə demək mümkündür ki, İbrahim Yusifoğlunun şeir yaradıcılığı bütövlükdə sanki badam ağacında bənövşə çiçəyidir”.
Bəli, onun ömrünun 70 ilinin 45 ili pedaqoji fəaliyyətlə keçib. Həmişə də öz peşəsinə sadiq qalıb. Müəllimliyin saflığı, müqəddəsliyi İbrahim Yusifoğlunun şeirlərində də dilə gəlir:
Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdır, müqəddəsdir müəllim ömrü.
Həyatda hər zaman gözləri toxdu,
Ürək ovsunlayan sözləri çoxdu,
Dünyanını varında gözləri yoxdu,
Odlu bir nəfəsdi müəllim ömrü.
Əmək fəaliyyətinə başladığı dövrdən müəllim işləsə də, özündən fərqli olaraq, yetirmələrinin bir çoxu Əməkdar müəllim adına layiq görülsə də, bu, İbrahim Yusifoğlunun daxilində nə hansısa həsədə səbəb olur, nə də onu narazı salır. Onun dilindən dəfələrlə eşitdiyim cümləni olduğu kimi yazmaq istəyirəm: “Mənim dərs dediyim şagirdlər Əməkdar müəllim fəxri adına layiq görülüblərsə, bu, elə mənim Əməkdar müəllim olmağıma, bununla fəxr etməyimə kifayət edir”. Bir də ki, İbrahim Yusifoğlunu tanıyan hamı onu hər şeydən əvvəl şair kimi sevir. İndiyədək 30-dan çox şeir, poema və nəsr kitabının müəllifi olması da dediklərimizi təsdiq edər.
İbrahim Yusifoğlu şeirlərini iş masasının arxasında əyləşib, “bu gün mütləq bir şeir yazacam” iddiasıyla sözü zorlayaraq yazanlardan deyil. Onun şeirlərində səmimilik var. Bu səmimiliyi oxucu ilk misradan hiss edir, yaşayır:
Yaman gileyliyəm özüm özümdən,
Ürəyim istəyən bəxtim olmadı.
Şəvə saçlarıma səpələndi dən,
Məni kövrəldəcək kədər qalmadı.
Bu da bir taledi, başım üstündən
Bulud çəkilmədi, günəş doğmadı.
Heç nə istəmirəm Tanrıdan ki mən,
Ruhuma bircə bu yağış doğmadı.
Çıxıb gedəcəyəm sənin əlindən,
Dünya, fərq qoymadın ölüyəm, sağam.
Ruhuma qəm hopmuş nəğmələrimlə
Özgə bir dünyada yaşayacağam.
Xalq yazıçısı Hüseyn İbrahimov da İbrahim Yusifoğlununu səmimiliyinə işarə vuraraq deyirdi: “İbrahim Yusifoğlu xoşuma gələn şairdir, çünki nə yazırsa, ürəkdən yazır, şeirləri də özü kimi səmimidir”.
Nədənsə İ.Yusifoğlunun bütün şeirlərində həzin bir kədər var. Bunu ancaq onu lap yaxından tanıyanlar bilər. Kövrəkliyi elə bil ki, onun alın yazısıdı. “Məni kövrəldəcək kədər qalmadı” desə də, o, bir uşağın küsməsindən də kövrələ bilər, bir qızın ayrılıq göz yaşlarından da. Bir şəhid anasının donmuş baxışı, külək aparan çörək qırıntılarının arxasınca hoppana-hoppana gedən sərçə çarəsizliyi də onun kövrəlməsinə səbəb ola bilər.
Şəvə saçlarına ağappaq qar yağan bu şairin şeirlərini oxuduqca əmin olursan ki, o, küsməyi bacarmır... İnciyir. İncikliyini də heç vaxt büruzə vermək istəmir. Şeirlərinə hopdurur. Sözlərlə açır ürəyini. Vərəqləri qaraldır. Küsə bilməmək azarındandır ki, etiraz kimi oxunur bəzi şeirləri: “Çıxıb gedəcəyəm sənin əlindən” deyir, “Ən əzablı işlərə dözüb sinə gərərəm” deyir. Bəzən isə daha da hiddətlə dinir. “Mən zalım adamam” şeirindəki kimi. Amma taleyinə şairlik yazılıbsa, dünyaya şair kimi gəlibsənsə, istəsən də, zalım ola bilməzsən, İbrahim müəllim. Əsgərlik illərində belə çəkdirdiyi şəklində əlində silah əvəzinə çiçək tutub qoxlayan şairin zalım olmasına kim inanar ki?! İndiyə kimi də kimsə sizin zalımlığınızdan şikayət etməyib, bilirəm.
Bir məqamı da xüsusi qeyd eləmək istəyirəm. Atalar deyib ki, birini yaxşı tanımaq istəsən, onunla gərək yol yoldaşlığı edəsən. Mən də bir dəfə İbrahim müəllimlə bir həftəlik yol yoldaşlığı eləmişəm. 2008-ci ilin noyabr ayının əvvəllərində mən, Zeyqəm Vüqar və İbrahim Yusifoğlu Urmiya şəhərinə şeir festivalına yollanmışdıq. Hər üçümüz bir otaqda qalırdıq. Axşamlar sərin havada şəhərin mərkəzindən axan Urmiya çayının kənarında o qədər səmimi və şirin söhbətlərimiz olub ki. O vaxta kimi yaxından tanıdığım şairi lap yaxından kəşf elədim. Həmin günlərdə Naxçıvan-Urmiya-Tehran-Məşhəd-Təbriz-Naxçıvan dairəvi marşrutumuzdakı şirin söhbətlər zamanı yazdığı şeirlərin, demək olar ki, hamısının necə yarandığını özündən dinlədim. Bildim ki, “Sulara danışdım yuxularımı” inamına söykənən, “Şairlər Allahdılar, sözlərinin Allahı” əminliyi, “Bu qış xasiyyətdə mənə oxşayır” etirafı, “Sən məni duymazsan duyulan kimi” kskünlüyü hardan gəlir, nədən qaynaqlanır.
Bəlkə də, sözlərimdə yanılıram, amma İbrahim Yusifoğlu oğul kimi, qardaş kimi, dayı kimi, əmi kimi, ata kimi, həyat yoldaşı kimi, cəmiyyətin üzdə olan ziyalısı kimi tamamilə fərqli bir ampluadadırsa, baba kimi tam başqa bir aləmdədir. Bunu onun uşaqlar üçün yazdığı şeirlərini oxuyanda daha gözəl hiss edirsən. Şairlər onsuz da öz uşaqlıqlarını daim içlərində, gizli bir tərəfdə saxlayırlar. Tək qalanda öz uşaqlıqları ilə uşaq oyunları oynamağı da sevdiklərini bilirəm. Nəvələrinə qoşulub uşaqlaşmağı şairlərdən çox heç kim şiddətlə istəyə bilməz. Çünki şairlər, əslində, nəvələri üçün uşaqlaşmırlar, öz uşaqlıqlarını yaşayırlar. İbrahim Yusifoğlunun şeirlərində də onun uşaqlığını görmək olur. Buna görə də o, uşaqlar üçün yazdığı şeirlərdə də balaca fidanlara nələrisə öyrətməyi, onları düşündürməyə çalışmağı qarşısına məqsəd qoyur:
Günəbaxan, günəbaxan,
Ay özünü günə yaxan.
Quşlar səni dənləyəcək,
Açıq qalıb axı yaxan.
Filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazovun təbirincə desək, “mayası büllur bulaq suyu ilə nanəli, qərənfilli dağların torpağından yoğrulmuş” İbrahim Yusifoğlunun şeirlərinin böyük bir qismini lirika təşkil etsə də, onun doğma yurda, vətənə, böyüyüb boya-başa çatdığı Axura kəndinə, Şərur torpağına, Naxçıvan elinə, bütün bunların timsalında Azərbaycanın dərdinə, kədərinə, sevincinə həsr olunmuş onlarla şeiri var ki, həmin şeirlərin ovqatı milliliklə mayalanıb. Bu baxımdan onun “Torpaq bayatıları”, “Dərdlərin belimi əydi, ay vətən”, “Vətən haqqında şeir”, “Bu nəğməm sənədi, doğma Naxçıvan”, “Axura kəndi”, “Ana kəndim, qayıtmışam qoynuna”, “Daha Araz boyu qatar getməyir” və bu qəbildən olan şeirlərini oxumağa dəyər.
Hələ Sovet hökuməti dağılmamışdan qabaq inamı silahlara tuş olan İbrahim Yusifoğlu hirsini boğa bilməyərək təəssüflə qələmə sarılırdı:
Bizim haqda iftiralar, yalanlar təzə,
Bayquşlara duz veririk, səsləri batmır.
Yaltaqların yaltaqlığı çatır mərkəzə,
Bizim isə haqq sözümüz mərkəzə çatmır...
Daha sonra qazanılan müstəqilliyin nələr bahasına başa gəldiyini yaşadığı üçün Vətənə səslənirdi:
Axır ki, ayırıb düşməni dostdan,
Tanıdın ən qəddar yağını, Vətən.
Qoynun uzaq olsun alovdan, oddan,
Yaşa müstəqillik çağını, Vətən.
İllər keçdikcə, qazanılan müstəqillik firəvan həyata, rahat yaşayışa çevrildikcə, evindəki, qonşudakı, kəndindəki, yurdundakı uşağın, gəlinin, qocanın üzü güldükcə, sevinci gözlərində bərq vurduqca, gündən-günə gözəlləşən doğma el-obası rəngbərəng dona büründükcə, Naxçıvan özünün gül-çiçək ətirli həyatını yaşadıqca İbrahim Yusifoğlu yenə şeirlə dillənəcəkdi:
Qovmusan başından dumanı, çəni,
Toylu-büsatlıdı qoynunda hər yan.
Qəlbimdən süzülən bu şən nəğməni
Sənə bəxş edirəm, doğma Naxçıvan.
Sevimli şairim, aramızdakı yaş fərqinə baxmayaraq, (İbrahim Yusifoğlu mənim atamla həmyaşıddır) dəyərli dostum İbrahim Yusifoğlu haqqında deyiləcək sözüm çoxdur. Nədənsə varlığımda sevincdən uçunan titrəyiş hiss edirəm. Barmaqlarım klaviaturanı döyəclədikcə demək istədiklərimin hamısını deyə bilməməyin nigaranlığı ürəyimdə qövr eləyir. Əlli yaşında yazdığı şeirini pıçıldayıram qarşımdakı kitabının üz qabığından boylanan ağ saçlı şairə:
Əllərim başım altında,
Qismətim daşın altında,
Ölümüm qaşın altında,
Gəlib çatdım əlli yaşa.
Əlli yaş nədi ki, İbrahim Yusifoğlu! Bu gün artıq 70 yaşın şeirini gözləyirik sizdən. Aşıq Alı necə demişdi: Yüzə nə qaldı... Həəəə, hələ 80 yaşın, 90 yaşın, 100 yaşın şeirini də gözləyəcəyik sizdən. Axı özünüz demisiz:
Ömrümün elə bir zirvəsindəyəm,
Qalıb damağımda gəncliyin tamı.
Yenə yaratmağın həvəsindəyəm,
Məndən ola bilməz özgə adamı.
Şair doğulanın başqa adam olmaq şansı olmur. 70 yaşınızda belə yolunuza ağappaq saçlarınızdan işıq düşürsə, nur süzülürsə, 100-ü də yaşamağınızı arzulamadan keçmək olmur. Yenə və yeni-yeni şeirlər yaratmağınız arzusuyla, 70 yaşınız mübarək, İbrahim Yusifoğlu...
Elxan YURDOĞLU,
şair dostunuz...
Naxçıvan şəhəri
İbrahim Yusifoğlu 1954 –cü ildə Şərur rayonun Axura kəndində anadan olmuşdur. NDU –nun Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmiş, uzun müddət təhsil sahəsində çalışmışdır.
1968 – ci ildən bədii yaradacılıqla məşğul olan İbrahim Yusifoğlunun 32 adda müxtəlif janrlarda bədii kitabları çap olunub. O, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Qızıl Qələm” media mükafatıçısı və Prezident təqaüdçüsüdür.
İbrahim Yusifoğlu hazırda AMEA–nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşıdır.
YAŞADIĞIN YAŞA DƏYƏR
Bu həyatda naşı olsan,
Bir sapandan daşı olsan,
Yanaqların yaşı olsan,
Bəxtin gedib daşa dəyər.
Könlün seçdi igid, mərdin,
Çox bəlaya sinə gərdin,
Qurtarmadı sevgi dərdin,
Yanağında yaşa dəyər.
İlk eşqini saxlasan da,
Yada salıb ağlasan da.
“Ah”larınla oxlasan da,
Gözdən ötüb qaşa dəyər.
Günah sənlə gəzirdisə,
Ürəyini əzirdisə,
O günaha nəzirdisə –
Payladığın aşa dəyər.
Hər günü tay ilə bilsən,
Dərdi qəlbdən silə bilsən,
Ömrü ömür bilə bilsən,
Yaşadığın yaşa dəyər.
MƏN ÇƏKƏN DƏRDLƏRİ SƏN BARI ÇƏKMƏ
Mən dedim... sən gəldin...durdun önümdə,
Gözləri çağlayan bulaq kimiydin.
Ruhum ovsunlanan bu xoş günümdə
Sən mənə ünyetməz uzaq kimiydin.
Nə qədər yaxındıq, o qədər uzaq,
Sarsıldım duyğulu baxışlarından.
Nə bir qol qaldırdın, nə açdın qucaq,
Qorxdum gözlərinin yağışlarından.
Sən ki bənzəmirdin yada, özgəyə,
Bilirdim, sən məni duyub gəlmisən.
Şeir söylətməyə, söz eşitməyə,
Qəlbinin səsinə uyub gəlmisən.
Görən, nə tapmısan şeirlərimdə?
Onların sevincdən kədəri çoxdu.
Elə sinəmdəki dərdlərimin də
Qədəri varsa da, hədəri yoxdu .
Daha nə söyləyim bu payız günü,
Görürsən, yarpaqlar xəzələ dönüb.
Sənə deyəcəyim şeirlər, düzü,
Yaza bilmədiyim qəzələ dönüb.
Mənli hisslərini saxla özündə,
Axı qəm dəniyəm, qəlbinə əkmə.
Yansam da çatdığın ocaq közündə,
Mən çəkən dərdləri, sən barı çəkmə.
Mən dedim...
sən gəldin...
durdun önümdə,
Gözləri çağlayan bulaq kimiydin.
Ruhum ovsunlanan bu xoş günümdə
Sən mənə əlyetməz uzaq kimiydin.
MƏNƏ BİRCƏ GİLƏ GÖZ YAŞI BƏSDİ
Göylərin üzünü aldı buludlar,
Qəlbimi ürpədən külək də əsdi.
Eh, səndə nə qədər əmanətim var,
Qaytarsan... bir gilə göz yaşı bəsdi.
Bitdin bənövşətək yolumun üstə,
Yaydın yaylığını qolumun üstə,
Yığdım dərdlərimi solumun üstə,
Ağrılar çoxaldı, səbrimi kəsdi,
Mənə bircə gilə göz yaşı bəsdi.
Vətənin obasın, elin sevmişəm,
Günəşin, yağışın, yelin sevmişəm,
Anamın şipşirin dilin sevmişəm,
Zirvənin qartalı, sərt qaşı bəsdi.
GECİKMİŞ MİSRALAR
Özümü duyandan gizlicə, aşkar,
Ruhumu oxşayan gül axtarırdım.
İlməsi qardan ağ, üstündə cüt nar,
Pəncərə önündə tül axtarırdım.
Sənə tuş gəlmədim baharda, yayda,
Çölü, çəmənliyi gəzdi gözlərim.
Bir payız günündə çatdılar dada
Səndən əllərini üzən gözlərim.
Gördüm, o çiçəksən – gəzdiyim gülsən,
Ruhuma yayılan ətrin bəsimdi.
Nə qədər xoşbəxtəm, nə qədər, bilsən,
Sevincdən ürəyim əsim-əsimdi.
Gəlmişdin mələyin qanadlarında,
Saçını küləklər darayırdılar.
Alma qızartısı yanaqlarında,
Gözlərin yolumu arayırdılar.
Yamanca ürkəkdin, yaman təlaşlı,
Arxanca bir qısqanc göz izləyirdi.
Ancaq xəyalında bir qaraqaşlı,
Səni oxşayırdı, əzizləyirdi.
Sənli keçəcəkdi ömrümün ardı,
Qəlbimdən kədəri, qəmi silmişəm,
Nə yaxşı, həyatın payızı vardı,
Nə yaxşı, mən səni tapa bilmişəm.
NUR SAÇILSIN
Bir azcana üzüm gülcək,
Qismətimə daş atılır.
Zərrə boyda sevincimə
Kədər, qüssə, qəm qatılır.
Bu ömürdən bezikmişəm,
Çox istəyə gecikmişəm,
Əlli ilə ev tikmişəm,
Nəm çəkməkdən ev dağılır.
Yetəmmədim söz taxtıma,
Heç düşmədi söz vaxtına,
Közü basdım öz baxtıma,
Söz süzülür, qaş çatılır.
Saçım, qışın qırov qarı,
Yeməyimdi yarma darı.
Şəkər, təzyiq düşmür barı,
Yeməyimə həb qatılır.
İçim isti, çölüm buzdu,
Dodaq quru, dil susuzdu,
“Düşmənlərim” şəkər, duzdu,
Yağ da, bal da nəhs sayılır.
Qızıl ömrüm döndü misə,
Alov söndü, düşdüm hisə,
Fərq olmadı yaxşı, pisə,
Yerə, göyə çən yayılır.
Bu halımla gedim hara,
Dərd əlindən gəldim zara.
Ulu Tanrı, et bir çara –
Dan sökülür, nur saçılır.
BİR QIZ GÖRDÜM SƏNƏ BƏNZƏR
Bir qız gördüm sən yerişdə,
Sən duruşda, sən biçimdə.
Sənə oxşar gülüşündən
Ovsunlandı söz içimdə
Yanağı dağ lalasıydı,
Ürkək ceyran balasıydı,
Pəmbə bulud talasıydı,
Yağasıydı su içimdə.
Qaşlarını dartması da,
Gözdə ocaq çatması da,
Saçların yan atması da
Sən nizamda, sən idimdə.
Süzgün baxıb boylanmağı,
Nazla gəzib dolanmağı,
Hamını xoş, dost sanmağı
Sənə bənzər, sən seçimdə.
Bir az dəcəl, şıltaq qızdı,
Neçə donmuş qəlblər qızdı,
Baxışları sərhəd cızdı:
Sənə bənzər, sən seçimdə.
Bir qız gördüm, sənə bənzər,
Duyğulanıb saldım nəzər.
Bu sən idin, lap təzətər,
Közərdi bir köz içimdə
ÖLÜMÜ GÖZLƏYƏN QOCA
Gen otaqlar ona dardı,
Çıxıb həyətdə gözləyir.
Deməyə çox sözü vardı,
Yetişən anı izləyir.
Qol da açıb onu quca –
Ölümü gözləyən qoca.
Nəfəs dərir ağır-ağır,
Üz-gözündən giley yağır.
İstər dindir, istər çağır,
Çətin sözə qulaq asa –
Ölümü gözləyən qoca
Saf ömrünə lil qatdılar,
Böhtan, nöqsan, çirk atdılar,
Sındırdılar, alçaltdılar,
Hər halında oldu uca –
Ölümü gözləyən qoca.
Dönüb bir də geri baxmır,
Nə kövrəltmir, nə də yaxmır,
Torlu görür, eynək taxmır
Baxışları dönüb buza –
Ölümü gözləyən qoca.
Bilə bilmir, bu nə haldı,
Ölüm harda ölüb qaldı.
Yəqin, şeytan tora saldı,
Heç bilmir ki, necəyoza –
Ölümü gözləyən qoca.
Dinən çağı dinənmədi,
Gülən vaxtı güləmmədi,
Ölən çağı öləmmədi.
Həyatından bezən qoca –
Ölümü gözləyən qoca!
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
Gülüş klubunda avam qızıl balıq
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Təsəvvür edirsiz, girirəm mağazaya, görürəm yumurta satılmır, şikayət edirəm ki, niyə yumurta satmırsız, məni itələyib çölə atırlar ki, sən keçən dəfə də süd-qatıq davası döyürsün, bura mebel mağazasıdır.
2.
-Tilovuna qızıl balıq düşsə neyniyərsən?
-Ondan buğlama bişirərəm.
-O niyə?
-Çünki bir dəfə o tərs oğlu tərs tilovuma düşübdür, demişəm, mənə bol sevgi və dostluq ver. O gündən bütün oğlanlar mənə sevgi elan edir, qızlarsa dostluq.
3.
Həyatın ironiyası:
Yanğınsöndürmə müəssisəsində yanğın baş verib.
4.
Qəzetdə elan:
“Üç ildən on beş ilədək taleləri söyləyirəm. Hakim Məmmədov”
5.
Bizim fərqimiz ondadır ki, “axı siz neynəyirsiniz?” deyə qışqırmaqdansa, susub öz-özünüzə pıçıldayırsınız: “axı siz neynəyirsiniz?”
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
“Şər düşmür mindiyi atından…” - Eminqueyin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbə Eminqueyindir.
***
elə qısqanarsan, qan tutar gözü,
adam sevdiyini öldürər özü...
neçə milyon ildir öldürür bizi,
necə qısqanc imiş Yaradanımız?!
çörək arxasınca sürünha sürün,
ellə, Allah deyib, palaza bürün,
necə sevəsən e bu rəngsiz ömrü,
ev-iş, iş-ev keçir güzəranımız.
şükür, az da olsa, işimiz gedir!
bəzən taqətimiz, huşumuz gedir,
çax-çax baş ağrıdır, yaşımız gedir
ömür üyüdəndə dəyirmanımız.
qaldır bu badəni, içək dəmadəm,
içimdə hüzn var, içində matəm,
buğda oğrusuydu babamız Adəm,
çörək olmasınmı imtahanımız?!
***
bu təklik xərçəng kimidir,
tutulmaq ehtimalı var.
gəbərir içində adam
saçın yolan bir halı var.
tarla müqəvvası kimi
açanda qollarımızı,
nolar, bizi də qucaqla
Məryəmin İsası kimi.
hardasa bir çomağın var,
təkliyin gözünü çıxart,
başını əz, ilahi.
vallah, öz aramızdı da,
təklik sənə yaraşır,
özün tək gəz, ilahi!
***
ilk dəfə kəndirimi anamın bətnində kəsdilər,
atdılar bu quyu dünyaya məni,
mən ağladım,
onlar isə həmişəki kimi güldülər.
məni böldülər:
biraz atama,
biraz anama,
biraz da başqa kimsələrə oxşatdılar,
baxışıma atam vuruldu,
gülüşümə anam,
yerişimə başqa kimsələr.
böyüdükcə daha çox atasına,
anasına oxşayır adam,
hə,
yavaş-yavaş onların surəti çıxır cismimizə,
ruhumuza,
özlərini səndə qoyub gedirlər bu dünyadan,
onlar ölsələr də, biraz gülüşündə,
biraz baxışında diridirlər.
məsələn, atam...
***
özümdən böyüyəm beş-on yaş,
sözümdən birazca kiçiyəm.
yaşayan beşindən biri mən,
can verən birindən üçüyəm.
kimsəsiz Hirayam, Sinayam,
dillərə gəlməyən duayam,
bir adam tapılmır sınaya
ki, hardan enmişəm, nəçiyəm?
Azan mən, namaz mən, pir də mən,
alətə dönmüşəm yerdə mən,
bölündüm üçə mən, dördə mən,
hələ də bilmirəm neçəyəm?!
şər düşmür mindiyi atından
sübh çağı – ya beş, ya altıda,
dağılmış bu evin altında
can verən uşağın içiyəm…
***
Sığal istər tellərin, qıvrılarsan yanıma,
Balaca, laaap balaca ağappaq pişiyimsən.
Başıma oyun açan, ərköyünüm, şıltağım,
Evinin ortancılı, mənim sonbeşiyimsən.
Yaralarım var idi, gəlib bir-bir sarıdın,
Sənsiz ömrüm qaraydı, indi qara-sarıdı,
Günəbaxan ömrümün üzü sənə sarıdı,
Batma bir ömür boyu, qıyma ki üşüyüm.
Sən…
Dodağına boya çək, sürmələn, bəzən mənə,
Ay gözünü süzdürən, dodağın büzən mənə,
Məni mən kimi sevən, sənə də dözən mənəm,
Böyüyəm, dayağımsan, körpəyəm, beşiyimsən.
“Xoşbəxtlik” əllərində barmaq sayı qədərdi,
Əllərindən öpməsəm, dodaqlarım hədərdi,
Bir də gördün, gözünü yumub-açdın, səhərdi,
Barmağında üzüyüm, evimsən-eşiyimsən.
***
səhər yuxularımızdan çin çıxmır ölən adamlar...
yuxumuza elə-belə gəlmir ki gələn adamlar,
ey siz, yuxusunu suya danışıb bölən adamlar,
o sular axıb gedir,
qayıtmır.
yuxuya qoşa düşdüyün adamla qoşa düşmürsən,
kiməsə sirrini versən, yuxuda işə düşmürsən,
bir də görürsən, bir adam danışır, başa düşmürsən,
əlini sıxıb gedir,
qayıtmır.
yuxudan dirilər adam, adam yuxuda ölər də!
yuxusunu çin istəyir yuxu görən ölülər də,
hamı ölmür bu dünyada...
bilirsənmi,
ölmür,
hərdən çin çıxıb gedir,
qayıtmır....
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
ƏN YENİ POEZİYA Qulu Ağsəsin “Yuxu dərmanı” mənzum şeiri ilə
Könül, “Ədəbiyyat və incəsənət”
Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə sevilən şairimiz, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılıq laboratoriyasınadır yolumuz.
Yeni mənzum şeirində nədən bəhs edir şair?
Qulu AĞSƏS
YUXU DƏRMANI
(“Ərzi-əsri-hal-namə”dən)
...Həə, əzizlərim,
uşağın asfalta düşən
çörəyi öpüb gözü
üstünə qoymağına –
nağıllardakı kimi – 3 gün,
3 gecə kövrələndən
sonra üz tutdum
psixoloqa. Xanımın
tıxacdan verdiyi
suallara könülsüz
“hə-hı” elədim.
Psixoloq bu dəfə
kimyəvi biliyimi
yoxlayıb, ardınca 1 şeir
deməyimi xahiş elədi.
İstədim, “Uşaq və
buz”u deyəm,
fikirləşdim, qadın
seansı uzadar. Keçdim
öz yaradıcılığıma.
“Görsən üşüyürsən,
yandır özünü!” –
gözucu baxdım ki,
psixoloq aglayır. Qəfil
ayağa durub:
“Yandıracam bir gün!”
dedi. Xanımı güc-bəla
sakitləşdirib çıxdım...
Küçədə yerə düşən
çörəyi öpüb gözü üstə
qoyan uşağı axtarıram.
Onu öpüb gözüm üstə
qoyacam...
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
TƏSADÜFün nə olduğunu bildik, bəs TƏVAFÜQ nədir?
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Təsadüf və təvafüq gündəlik həyatımızda tez-tez rast gəldiyimiz, lakin bəzən tam anlamadığımız iki maraqlı anlayışdır. Hər biri gözlənilməz hadisələrin necə baş verdiyini və bunların bizlərçün hansı mənada olduğunu düşündürür.
Təsadüf
Təsadüf sadəcə şansın bir oyunudur. Məsələn, bir gün kafedə oturursan və yanındakı masada olan tanımadığın bir insanla söhbət etməyə başlayırsan. Bu, sadəcə təsadüfdür. Amma bəlkə də həmin insan bir müddət sonra iş axtarışında sənə kömək edəcək və ya dostuna çevriləcək. Təsadüflər bəzən həyatımızın yönünü dəyişdirə bilər.
Bir başqa nümunə: yolda gedərkən uşaqlıq dostunu təsadüfən görürsən. Bir neçə il görmədiyin bu dostla yenidən bir araya gəlmək uzun müddət unudulmuş xatirələri canlandırır. Bu, təsadüfi bir görüşdür, amma onun nə qədər dəyərli olduğunu zaman göstərir.
Təvafüq
Tevafük isə daha dərin və simvolikdir. Məsələn, bir gün kitab oxuyarkən tam da sənə lazım olan bir ifadəyə rast gəldiyin zaman bu hadisə özlüyündə bir tevafükdür. Sanki həyatın sənə bir mesaj göndərir. Və ya, bir müddət əvvəl baş verən bir hadisə ilə indi yaşadığın bir vəziyyətin arasında gözlənilməz bir əlaqə yaranır. Bunu dərk etdikdə "Bu necə oldu?" deyə düşünürsən.
Təvafüq: Dini Görüşlər
Təvafüq- bir çox din və inanc sistemlərində mənalı hadisələrin, gözlənilməz uyğunluqların və ya qismətlərin bir göstəricisi kimi qəbul edilir. İslam dinində təvafüq Allahın iradəsinin bir təzahürü kimi görülür. Müsəlmanlar başlarına gələn hadisələrin bir təsadüf olmadığını, Allahın planına uyğun olaraq baş verdiyini düşünürlər. Məsələn, bir insanın bir yerdə rast gəldiyi bir hadisə onun həyatında bir dönüş nöqtəsi ola bilər və bu, Allahın ona göndərdiyi bir mesaj kimi şərh edilə bilər.
Xristianlıqda da təvafüq Tanrının planının bir hissəsi kimi qəbul edilir. İnanclara görə, bəzi hadisələr Tanrının bizi yönləndirmək üçün göndərdiyi işarələrdir. Məsələn, bir insanın bir mətn oxuyarkən öz həyatına dair bir cavab tapması onun ruhsal yolunda bir təvafüq olaraq qiymətləndirilir.
Təsadüf: Elmi Fikirlər
Təsadüf- elmi baxımdan bir çox tədqiqat sahəsində, xüsusən də statistikada və kvant mexanikasında önəmli bir rol oynayır. Elmi yanaşmada təsadüf hadisələrin qeyri-müəyyənliyini və gözlənilməzliyini vurğulayır. Məsələn, statistik eksperimentlərdə hadisələrin nəticələri şansa əsaslanır və bu, təsadüfün bir hissəsidir.
Kvant mexanikasında müəyyən hadisələrin baş verməsi tamamilə təsadüfi hesab edilir. Bu sahədə elektronların və digər subatomik hissəciklərin davranışları təsadüfi statistik modellərlə izah edilir. Bu baxımdan elmi düşüncə təsadüfün rolunu ön plana çəkir, lakin bəzən bu təsadüflərin arxasında daha dərin qanunların və ya əlaqələrin olduğunu da qeyd edir.
Sevilən şairimiz Nüsrət Kəsəmənli bir zamanlar təsadüfü məhəbbətlə belə birləşdirmişdi:
Bizi görüşdürüb nigaran yollar,
Yollar ürək kimi boşalar, dolar.
Allahın işini nə bilmək olar,
Bəlkə bu təsadüf məhəbbət oldu.
Bəlkə tanrı payım, könül ruzumsan,
Bəlkə də tanrıya çatan sözümsən.
Bəlkə də sən mənim alın yazımsan.
Bəlkə bu təsadüf məhəbbət oldu.
Yaranan ülfəti sən kəsmə hələ,
Tale qismətindən sən küsmə hələ.
Əlvida deməyə tələsmə hələ,
Bəlkə bu təsadüf məhəbbət oldu.
Ürəyim az qalır sinəmdə uça,
Həmdəm aramışam ömür boyunca.
Qoy bir də üzünə baxım doyunca,
Bəlkə bu təsadüf məhəbbət oldu.
Ötəri tanışlıq bir adət deyil,
Elə hər sevgi də səadət deyil,
Bilirəm hər görüş məbəbbət deyil,
Bəlkə bu təsadüf məhəbbət oldu.
Təvafüq dini və ruhsal mənada hadisələrin bir məqsəd və ya mənaya sahib olduğunu düşünməyə yönəldir. Təsadüf isə elmi baxımdan hadisələrin gözlənilməzliyini və qeyri-müəyyənliyini vurğulayır. Hər iki anlayış insanın həyatında baş verən hadisələri anlamasına kömək edir; birisi daha çox mənəvi bir çərçivə təqdim edirsə, digəri daha analitik və elmi bir yanaşmadır. Həyatımızda bu iki konseptin birləşməsi bizi daha geniş bir perspektivə yönəldir.
Təsadüflər və təvafüqlər həyatımızın gözəllikləridir. Bəzən sadə görünən bir təsadüf böyük dəyişikliklərin başlanğıcı ola bilər. Təvafüqlər isə həyatda nələrin mənalı olduğunu düşünməyə vadar edir. Hər iki anlayış bizi daha diqqətli və açıq fikirli olmağa təşviq edir, çünki bəzən gözlənilməz hadisələr həyatımızda yeni bir səhifə açır. Bir sözlə, həyatın bu iki maraqlı tərəfi bizi daha da zənginləşdirir.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Çoban qovurması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Çoban qovurmasının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR:
§ Qovurma – 200 qr
§ Soğan – 42 qr
§ Alça (və ya alça qurusu) – 50 qr
§ İstiot – 0,05 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ göyərti – 10 qr
HAZIRLANMASI:
Qovurma qazana (çölmək, tava, sac, teşt, elektrik tavası) yığılır. Qo- vurma qızdığı zaman soğan əlavə edilir. Soğan qızarana (xörək vaxta- şırı qarışdırılır) yaxın alçalar əlavə edilir. Duz, istiot, ədviyyat vurulur, qarışdırılır, qazanın qapağı bağlanır və ocaqdan götürülür. 5-6 dəqiqə yer dəmi alır. Süfrəyə verilərkən üzərinə göyərti səpilir. 20-25 dəqiqə müddə- tində hazır olur
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
“Heç kim tək qalmaq istəmir” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Kafir qızı Beyrəyə: “Neçin səxtsən, xanım yigit?! Gəldiyimcə səni şən görərdim, gülərdin, oynardın...”
Bayburd hasarında on altı il həbsdə olan Beyrək bu cümlənin arxasından hiyləgərcəsinə qımışıb bizə göz vurur.
2.
Ovçu olduğumuzu şəstlə, Qazi Bürhanəddin demiş, “qədd tutub” düşündüyümüz yerdə, sən demə, özümüzdən xəbərsiz ov imişik...
3.
Nitsşe: “İncəsənət! Yalnız incəsənət! İncəsənət bizə verilib ki, həqiqətin əlində ölməyək.”
Həqiqət bu qədər qorxulu imiş...
4.
Nizami insanı böyütdü.
Nəsimi ona Ali Həqiqəti tanıtdı.
Füzuli onu dərinləşdirdi.
Xətayi onun qorxmazlıq təşnəsini söndürdü.
Məhəbbət barədə bildikləri saf bir utancaqlıq pərdəsinə bürünmüşdü - Vaqif ona yataq otağına cəsarətlə girməyi öyrətdi.
Sabir onu torpaq üstdə yeriməyə alışdırdı.
Cavid ona qanad verdi və əngin səmada pərvaz etməyin sirlərini anlatdı.
Bu insana qalib gəlmək olarmı?!
5.
Dostlar arasında sonuncu qalmaq qorxusu (kompleksi) olur. Amma o da var ki, istənilən halda onların arasında kim isə hökmən həyatda ən axıra qalacaqdır. Bunu istəsə də, istəməsə də. Baxmayaraq ki, sonuncu sağ qalan məntiqlə daha çox yaşayacaq, adətən dostlardan heç biri belə bir aqibəti özü üçün arzulamır. Heç kim tək qalmaq istəmir.
6.
İlk səs: sadə, yoxsa mürəkkəb?! Bəlkə sadəlikdə mürəkkəblik?!
Bu ilk səs sinqulyarlığın ən bariz nümunəsidir.
7.
“ Nəydi sənin dediklərin?!
Nəydi sənin duyduqların?!
Bu dünya sənin kədərin,
Bir ömürlük intizarın.”
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
“Şerimin ağzından qan iyi gəlir” - Ələsgər Əlioğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ələsgər Əlioğlunun şeirləri təqdim edilir.
Görünər
Ürəkdən bağlansan doğma ocağa,
Ruhun qətrə-qətrə hopar torpağa.
Yolunda ümidin dönsə çırağa,
Qarşında gecə də gündüz görünər.
Damarında axan qan atlanarsa,
Ən uzaq mənzilin alınar qısa...
Xəyalın zirvəyə qanadlanarsa,
Dərə də, təpə də dümdüz görünər.
Beşiyin fikrində yırğalanmasa,
Ömrün qışdan çəhlim salarmı yaza?!
Palıd da torpağa arxalanmasa,
Tufanın gözündə köksüz görünər.
2024
Laçına gəlmişəm
Ömür-gün yoldaşım
İradə xanımın xatirəsinə
Laçına gəlmişəm, yer-yurd arayam,
Yaddaşlarda batan hayam, harayam...
Bu yurdun yanında üzüqarayam,
Mən qoşa getmişdim, tək qayıtmışam.
Ölüm-itim nədir, bilməmişəm, ha,
Doyunca danışıb-gülməmişəm, ha...
Bu elə əliboş gəlməmişəm, ha,
Sinəm həsrət dolu yük, qayıtmışam.
Keçdiyim bir ömür yolu yuxuymuş,
Bəzən xatirələr qara qorxuymuş...
Çəkmə imtahana məni, ay yoxuş,
Daşı ətəyindən tök, qayıtmışam.
Sən də, ay Həkəri, bil, nədir dərdim,
Mənim illərimdən şən-şən ötərdin...
Bir vaxtlar şəklimi qoşa çəkərdin,
Gəl indi tək-tənha çək, qayıtmışam.
Hər cığırın, izin sinəmdə dağdır,
Ötən gəncliyimdən səsdir, soraqdır...
Hisslərim yararsız qalan torpaqdır,
Ay Laçın, di şumla, ək, qayıtmışam.
Mən qoşa getmişdim, tək qayıtmışam!..
23.07.2024
Laçından bir ovuc
torpaq gətirdim
Bağışlasın şəhid oğullarımız,
Laçından bir ovuc torpaq götürdüm.
Gözün aydın olsun, ay laçınlı qız,
Mən sənə bir ovuc torpaq gətirdim.
Gözlərim büründü qəmə, qəhərə,
Səpdim məzarına bir ovuc Laçın.
Sən həsrət qalmışdın o doğma yerə,
Qoy barı, məzarda eynini açım.
Qoy bir az azalsın sinəndə dərdin,
Əlimdən gələni elədim, nə qəm...
Həmişə oturub-durub deyərdin,
"Laçının üzünü görsəm, ölmərəm".
Yenidən nur saçdı ata ocağın,
Qohumu-qonşunu başla sorağa...
Səpdim məzarına bir ovuc Laçın,
Arzuna qovuşdun, di qalx ayağa.
Laçın həsrətiylə dərd çəkə-çəkə,
Duymazdın axşamdı, yoxsa, səhərdi.
Bilsəydin Laçına gedirəm, bəlkə,
Özün getməsən də,
Başdaşın qoluma girib gedərdi...
Bu yağış...
Getmisən!.. Yeddinci il də başa
çatmaq üzrədir... Yağışım kəsmir hələ!..
Yeddi ildir bir yağışa düşmüşəm,
Taleyimlə qan-qarğışa düşmüşəm.
Bu yağışı indi başa düşmüşəm,
Ömrüm boyu yağasıdır, yağası.
Bu yağışın üstümdə çox dili var,
Ocağımı körükləyən yeli var...
Son günümdə bir kükrəyən seli var,
Bir hayqırıb qalxasıdır, qalxası.
O göstərib mənə belə meyil, ha,
Səndən ayrı ələnmərəm deyir, ha...
Qabağını çətir kəsən deyil ha,
Axırıma çıxasıdır, çıxası.
İllərimin buluduna bələnir,
Damcı-damcı taleyimə çilənir...
O neçə ki ara vermir, ələnir,
Dərd sinəmin ağasıdır, ağası...
11.07.2023
Bu qışı da yönə verdim...
Yollarından yığdım daha gözümü,
Mən özümə həyan bildim özümü...
İlk dəfəydi həsrətin sərt üzunü
Qabaq-qənşər durub gördüm birtəhər.
Hər misrama vaxt-vədəsiz düşdü dən,
İllər kəsdi hər şerimin ömründən...
Taleyimin qapısından o gündən,
Daha yadtək gəlib girdim birtəhər.
Leysan yudu o çəhlimi, o izi,
Açılmadı sözümün bət-bənizi...
Şaxtam vurdu bənövşəni, nərgizi,
Xəyalımda çələng hördüm birtəhər.
Xatirələr sinə-sinə sinəmdə,
Qoymadı ki dərd-qəm sönə sinəmdə.
Bir əlçim qar qaldı yenə sinəmdə,
Bu qışı da yönə verdim birtəhər.
15.03.2024
Bilmirəm
Getmisən bir yuxu kimi,
Qırpanmıram kirpiyimi.
Sinəmdəki dərdi-qəmi
Kim düzər sapa, bilmirəm.
Başlayıb əcəl təlimi,
Yeri tapılıb qəbrimin...
Nalı tökülüb təbimin,
Yoxuşda çapa bilmirəm.
Fikrimdə bu çiylik nədir?!
Sözlər bir-birini didir...
Misralarım da küt gedir,
Təzədən yapa bilmirəm.
Üzümə baxmır bir gün də,
Saymazca keçir böyrümdən...
Səndən sonrakı ömrün də
Adını tapa bilmirəm.
09.06.2023
*
Getmisən...
Durub baxmışam,
Daha axrıma çıxmışam.
Əynimə xəzan taxmışam,
Tökülürəm yarpaq-yarpaq.
Hər günüm də, hər ayım da
Sürgün olub harayımda...
Ömür adlı sarayımda
Sönürəm mən çıraq-çıraq.
Düşmüşəm yazımdan ayrı,
Getmir güneyimin qarı...
Yol gəlsəm də sənə sarı,
Qabağımı kəsir torpaq.
*
Getmisən ömrümdən düz yeddi ildir,
Həsrət göynən gedir, yaman yellidir,
Gözünün yağını mənə yedirdir,
Ömrümə dərd-qəmdən şələ tutmuşam.
Sükuta dikirəm gözümü elə,
Divara deyirəm sözümü elə...
Ətrini tapmıram,
Üzümü elə
Boş yerə neçə cür gülə tutmuşam...
Gün-gün yaxınlaşır mənzilə köçüm,
Quru budaq kimi budanır içim...
Əlacım kəsilib bir görüş üçün,
Mən qara torpağı dilə tutmuşam.
03.01.2024
Ünvanın yetişməyən şeirlərim
Sevincim axsaya-axsaya qalıb,
Əlacı çəliyə, əsaya qalıb...
Ümidim alnımda yazıya qalıb,
Təbim xoş sözlərlə ötüşə bilmir.
Buludum ələnib ağ gün görmədi,
Səbrimi quraqlıq alıb, göynədir.
Ömrümün quzeyi elə gündədir,
Nə yaz, nə də ki yay səmt düşə bilmir...
Vərdişi eynidir hər səhərimin,
Ağzını çarxlayır qəm-qəhərimin.
Qədəmi qırılıb şeirlərimin,
Sənin ünvanına yetişə bilmir.
Qalmışam
Sənsizlikdən gözlərimi tor tutub,
Aramıza çəpər çəkib gor, tutub...
Güneyimi gəlib möhkəm qar tutub,
Ərimir ha, elə-belə qalmışam.
Tənhalıqmış yolların ən uzunu,
(Ölçüb-biçir alnımdakı yazını!..)
Nə müddətdir yaddaşımın tozunu
axşam-səhər silə-silə qalmışam.
Düyün düşüb daha ömrün çəmi də,
Səmt gəzirəm bir yelkənsiz gəmidə...
Sinəmdəki kədəri də, qəmi də
Mən özümlə bölə-bölə qalmışam.
Şeirimin ağzından
qan iyi gəlir
Bir mesaja cavab (İxtisarla)
Kötük diyirlədir tez-tez qarşıma,
Başım dəymir yenə əlhəd daşına.
Dönüb budaq olur könül quşuma,
Şerimin ağzından qan iyi gəlir.
Yazdan əli çıxan qar-qışdır, yoxsa,
Hər addımda mənə qaxıncdır, yoxsa,
Öz boynuma qalxan qılıncdır, yoxsa,
Şerimin ağzından qan iyi gəlir.
Yuxumda qanırır qolumu mənim,
Yoxuşa dirəyir yolumu mənim.
Hey ütür sağımı-solumu mənim,
Şerimin ağzından qan iyi gəlir.
Bəzən əli çatmır kürsülərə də,
Baş qaldırmır umu-küsülərə də...
Baxmır asılara, kəsilərə də,
Şerimin ağzından qan iyi gəlir.
Dövranın əsəni-coşanı çoxdur,
Gül-çiçəyindən də yovşanı çoxdur.
Eyninə almır ki, dovşanı çoxdur,
Şerimin ağzından qan iyi gəlir.
Bir baxmır it-pişik sürüsünə o,
Sinmir sözlərinin gerisinə o...
Bürünür Nəsimi dərisinə o,
Şerimin ağzından qan iyi gəlir.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
Qalileo Qalileyin bəraət almasından 359 il keçdi
Şərəf Cəlilli, “Ədəbiyyat və incəsənət” üçün
Bəli, bəşər tarixində elə hadisələr var ki, onlar həqiqətən də ümumbəşəri hesab edilir.
Ensiklopedik biliyi, analitik təfəkkürü,nəzəriyyə və ixtiraları ilə elmin ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirən məşhur italyan fiziki, riyaziyyatçı, astrono və filosof Qalileo Qaliley 1564-cü il fevralın 15-də İtaliyanın Piza şəhərində anadan olub.
“Müasir astronomiyanın atası”, “müasir fizikanın atası”, “müasir elmin atası” kimi şöhrət qazanan Qalileo Qaliley dövrünün tanınmış musiqiçilərindən Vinçenzo Qalileyin ailəsində doğulan Qalileo, ilk təhsilini Florensiyada alıb. 1581-ci ildə Piza Universitetində tibb təhsilinə başlayıb. Ancaq pulsuzluqdan məktəbi tərk edib. 1583-cü ildən etibarən riyaziyyatla maraqlanan Qalileo, bu sahədəki işləri sayəsində, 1589-cu ildə Pizada professorluq dərəcəsi əldə edib. O, mexaniki rəqqasın, üzən cisimlərin və hərəkətin Aristotel fizikasından fərqli düşüncə ilə riyazi olaraq ələ alınmasını təklif edib. Qalileo Piza qülləsindən ağırlıq daşı sallayaraq Aristotelin nəzəriyyəsinə ciddi dəyişiklik edib.1597-ci ildə praktikada çox faydalı olan kompası satış məqsədilə bazara çıxarıb. 1600-cü ildən dərhal sonra primitiv termometr, insanın ürək döyüntülərinin ölçülməsində istifadə edilə bilən rəqqas və 1604-cü ildə sərbəstdüşmənin riyazi qanunlarını kəşf edib. Hollandiyada teleskop olduğunu eşidən alim, daha təkmil alət düzəldərək astronomiya müşahidələrində istifadə edib. 1610-cu ildə Aydakı dağlar, ulduz topaları və Süd yolu barədə ilk təsbitlərini nəşr etdirib. Sübut edib ki, Yupiterin dörd peyki var. Onun bu kitabı oxucularda çox maraq oyadıb və onun Florensiyada saray riyaziyyatçısı olmağını təmin edib. Bu böyük alim sonra Venera planetinin fazaları və Saturnun şəkli haqqında məlumat verib və astronomiyada qəbul edilən Ptolemey sistemini şübhə altına alıb.1611-ci ildə Romaya gedib və oradakı Elmlər Akademiyasına üzv seçilib. Florensiyaya geri qayıdandan sonra hidrostatika bağlı yazdığı kitabı və 1613-cü ildə Günəş ləkələri haqqında yazdığı əsərini nəşr etdirib. Bu əsərində Kopernik sistemini açıq-aydın müdafiə edib. Buna görə də kilsə inkvizisiyasının hücumuna məruz qalıb. 1615-ci ildə Romaya gedərək öz iddiasını müdafiə etsə də, 1616-cı ildə Papa Beşinci Paul tərəfindən kitablarının tədqiqi üçün komissiya yaradıldı. Bu komissiya Qalileonun kitablarını qadağan etmədi, amma tələb etdi ki, Dünyanın öz oxu ətrafında fırlandığı barədə iddiasından imtina etsin.Qalileo, bir müddət elmin praktik istiqamətinə geri qayıdaraq mikroskopu inkişaf etdirib, amma 1618-ci ildə üç kometanın görülməsi ilə yenə kilsə ilə arasında münaqişə yaranıb.VIII Urban adı ilə Papa seçilməsindən cəsarətlənərək yazdığı “İki Kainat Sistemi Barədə Dialoq” adlı əsərini 1632-ci ildə nəşr etdirib. Kitab kilsənin xəbərdarlıqları ilə ziddiyyət təşkil etdiyi üçün alim Romada məhkəməyə çağırılıb. 1633-cü ildə həmin kitab qadağan edilib və Müqəddəs İnkvizisiya Qalileonu ömürlük həbsə məhkum edib. Yetmiş yaşında həbs edilən alimin cəzası ev dustaqlığı ilə əvəz edilib, bir müddət sonra gözləri kor olub və 1642-ci ildə vəfat edib.Qalileo Qaliley 1633-cü ildə keçirilən məhkəməsində Yerin Günəş ətrafında fırlanması fikrini təkzib etməli olub. Deyilənlərə görə, alim hökmdən sonra dözməyərək “Axı, O (Yer kürəsi Günəş ətrafında) fırlanır” sözünü işlədib.
Zaman onun haqlı olduğunu üstündən 359 il keçəndən sonar sübuta yetirib.
1992-ci il oktyabrın 31-də Vatikan Qalileo Qalileyə bəraət verib.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)