Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Kafir qızı Beyrəyə: “Neçin səxtsən, xanım yigit?! Gəldiyimcə səni şən görərdim, gülərdin, oynardın...”
Bayburd hasarında on altı il həbsdə olan Beyrək bu cümlənin arxasından hiyləgərcəsinə qımışıb bizə göz vurur.
2.
Ovçu olduğumuzu şəstlə, Qazi Bürhanəddin demiş, “qədd tutub” düşündüyümüz yerdə, sən demə, özümüzdən xəbərsiz ov imişik...
3.
Nitsşe: “İncəsənət! Yalnız incəsənət! İncəsənət bizə verilib ki, həqiqətin əlində ölməyək.”
Həqiqət bu qədər qorxulu imiş...
4.
Nizami insanı böyütdü.
Nəsimi ona Ali Həqiqəti tanıtdı.
Füzuli onu dərinləşdirdi.
Xətayi onun qorxmazlıq təşnəsini söndürdü.
Məhəbbət barədə bildikləri saf bir utancaqlıq pərdəsinə bürünmüşdü - Vaqif ona yataq otağına cəsarətlə girməyi öyrətdi.
Sabir onu torpaq üstdə yeriməyə alışdırdı.
Cavid ona qanad verdi və əngin səmada pərvaz etməyin sirlərini anlatdı.
Bu insana qalib gəlmək olarmı?!
5.
Dostlar arasında sonuncu qalmaq qorxusu (kompleksi) olur. Amma o da var ki, istənilən halda onların arasında kim isə hökmən həyatda ən axıra qalacaqdır. Bunu istəsə də, istəməsə də. Baxmayaraq ki, sonuncu sağ qalan məntiqlə daha çox yaşayacaq, adətən dostlardan heç biri belə bir aqibəti özü üçün arzulamır. Heç kim tək qalmaq istəmir.
6.
İlk səs: sadə, yoxsa mürəkkəb?! Bəlkə sadəlikdə mürəkkəblik?!
Bu ilk səs sinqulyarlığın ən bariz nümunəsidir.
7.
“ Nəydi sənin dediklərin?!
Nəydi sənin duyduqların?!
Bu dünya sənin kədərin,
Bir ömürlük intizarın.”
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)