Super User

Super User

Friday, 01 November 2024 14:00

BİRİ İKİSİNDƏdə Əlizadə Nuri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə cəlilabadlı şair Əlizadə Nurinin özüylə söhbəti və şeirləri təqdim ediləcək.

 

 

Özüylə söhbəti...

 

 

         Poeziya heyrətdən yaranır – ilahi heyrətdən. “Heyrət, ey büt, surətin gördükdə lal eylər məni...” deyirdi böyük Füzuli. Poeziyanın iliyi, mayası, cövhəri də elə bu heyrətdədir.          Poeziya həm də ürəyin sirli-sehrli simfoniyasıdır. Qrasian özünün məşhur “Kamillik elmi” əsərində “ürəyinə və ürəyindəkilərə inan” deyirdi...

         Poeziya ömür haqqında, ölüm haqqında bir nəğmədir. Yalandır ki, deyirlər ömür qısadır, əksinə, Tolstoysayağı hərdən adam ölməyəcəyindən qorxur. Düşünürsən, bu boyda ömrün məsuliyyətini necə daşıyacaqsan və elə bu vaxt poeziyanı öz yanında görürsən...

         Bizdə şeir yazanların çoxu Tanrıdan yox, kitabdan gəlir. Mütaliə hesabına sözə girişənlər o qədər çoxdur ki... Amma baxırsan ki, heç sısqa istedadları da yoxdur.

         Ədəbiyyat bəzən illüzor, utopik xoşbəxtliklər vəd etsə də, hər halda vizual ahəngi, cazibədarlığı ilə könül oxşayır. “Heç bir insanın ömrü Bodlerin bir misrasına dəyməz” deyəndə çox haqlıydı Akutaqava...

         Kant poeziyanı “fikirlərin bədii oyunu” adlandırırdı. Əsas olan fikirlərin hansı havaya oynaması yox, necə oynamasıdır. Əsl şeirin oxucunun milli-mənəvi məfkurəsinə böyük təsiri olur, insan idrakına sığal çəkir əsl poeziya. Deyəsən, Hüqo deyib: “Fransa inqilabını Volterin əsərləri törədib”.

Sonda şöhrət haqqında: Böyük söz ustadlarında şöhrət hissinin olmasına normal baxıram. İnstinktiv olaraq belədir. Əsl poeziya bu qədər əzablı proseslərdən keçirsə, şairin bir qədər şöhrətpərəst olması niyə qıcıq yaratsın ki?

         Al Paçinonun gözəl bir sözü var: “Şöhrətpərəstlik günahların ən sevimlilərindən biridir”. Məncə, net və konkret deyilib...

 

...və şeirləri

 

 

FIRLANIR

 

Neçə acın yuxusunda

Dəyirman daşı fırlanır.

Bəlkə, elə şərab içib –

Dünyanın başı fırlanır?!

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan-yörəsində

Gözümün yaşı fırlanır.

 

Bu yarpaq da bir çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi –

Nə qədər naşı fırlanır...

 

 

DÜNYA BU UŞAĞINDI...

 

Yerdən göyə yol uzaqdı,

Göydən yerə yaxındı.

Yağış hansı buludundu? –

Ürəyi yumşağındı.

 

Yağışdı da, yağıb gedir,

O qız yağan bu yağışı

Saçlarına taxıb gedir...

...Adamlar da axıb gedir –

Hamı axın-axındı...

 

Kim çağırdı qəssabları?

Kim apardı hesabları?

O payızın xatirəsi,

Bu ağacın əzabları

Sonuncu yarpağındı.

 

Tanrı, bunu nədən cızdın? –

Halal olanlar halsızdı.

Yerdəki rəsmin o qızdı,

Göydə göy qurşağındı.

 

Əlim də gəlmir oyadam

Bu yuxudan, bu röyadan.

...Xəbəri yoxdu dünyadan –

Dünya bu uşağındı...

 

 

NƏ OLSUN Kİ, BİR MİSRASAN...

 

Bir dəfə bəxtim gətirdi,

Dedilər ki, zər tutursan

Qəm əkib-biçirəm deyə,

Sən məni rəncbər tutursan?!

 

Ömür axıb gedən çaymış...

O ay – sən baxan bacaymış.

Dünya səndən balacaymış –

Sən nə qədər yer tutursan?!

 

Bir nəfərsən, min sırasan,

Kirpiyimdə sırsırasan.

Nə olsun ki, bir misrasan,

Gör neçə əsər tutursan?!

 

 

NƏFƏSDƏRMƏ

 

Günəşi gizlədiblər

Buludun arxasında.

Adam var, toylardadı,

Adam var, öz yasında...

 

Silkələnir göy üzü,

Buludlar divar-divar.

Ulduzlar elə qəmgin...

Ayın da ay dərdi var.

 

Tanrı insan yaradıb,

Hər yan haydı, haraydı.

Yoxsa tək darıxdı O? –

Gərək darıxmayaydı...

 

Yağış da yuya bilmir

Bu dünyadan hüzünü.

Baxıb yaratdığına

Tanrı tutub üzünü...

 

...Yüz il ömür istəyir,

Əlli il bəs eləmir?

Özünə bir ev tikib

Günü günbəz eləmir...

 

Hər yan saxta parıltı –

Yox, ora girmirəm mən.

Qaranlıqdan qorxmuram,

İşıqda görmürəm mən.

 

Onun iştahına bax,

İstəmir tacı düşsün.

Göydən də üç alma yox,

Alma ağacı düşsün...

 

...Yanında qəm qardaşı,

Bu adam toya gedir.

Ömür – qatar kimidi

Sonda depoya gedir...

 

 

ƏL AÇDIM – AÇMAMIŞ BİR ÇİÇƏK ÜÇÜN...

 

Çıxaq sevgimizin günçıxanına,

Nə yolda dayanaq, nə tin kəsdirək.

Bizim bu eşqimiz göydən düşüb ki –

Gedək göy üzünə kəbin kəsdirək.

 

Əllərim ümidin boş cibindədi...

Quru yaylığım da yaş cibimdədi.

Xoşbəxtlik dünyanın döş cibindədi –

Neynəyək – dünyanın cibin kəsdirək?!

 

Gözlərim tor hörür hörümçək üçün...

Əl açdım – açmamış bir çiçək üçün.

Quyuya sallanaq görüşmək üçün,

Sonra o quyunun ipin kəsdirək...

 

 

BU DƏRDİN BAŞINA TAC QOYMUŞAM MƏN...

 

Mən də yıxılanda sözdən tutmuşam –

Bizi söz gəzdirir can əvəzinə.

Bəlkə, göy üzünü yaralayıblar –

Damır ay işığı qan əvəzinə?!

 

Sənsiz bu yollarda yol azan səsəm,

Sənsiz neynəyər ki bu halı sərsəm?

Bəlkə, bu dünyanın günəşi sənsən –

Sökülür ürəyim dan əvəzinə?

 

Vaxtın darağında saç qoymuşam mən,

Neçə gün qələmi ac qoymuşam mən.

Dərdimin başına tac qoymuşam mən –

Taxta çıxartmışam xan əvəzinə...

 

 

MƏNƏ GÖY ÜZÜ VERİN...

 

Mənə bir yelləncək verin,

tapıb oynadacam uşaqlığımı.

 

Bir cüt qərənfil verin,

bir şəhid məzarı girib yuxuma...

 

Mənə bir parça kağız verin,

yığım qələmə qısılan sözləri.

Son şeir vəsiyyət kimi olur.

 

Bir əlçim bulud verin –

gözlərimə sıxıb özüm yağışa çevirəcəm...

 

Mənə bir kamança verin –

ağlatmalı nə çox dərd var.

 

Bir qurtum su verin –

bu ümid çox qurudu,

keçmir boğazımdan.

 

Məni azadlıqla tanış eyləyin,

görüm halı necədi.

 

Mənə bir ulduz verin –

isidim əllərimi...

 

...Bir az göy üzü verin,

bir tikə ay işığı,

Yer üzü sizə qalsın...

 

 

BU ÖMÜR İSLANMIŞ KAĞIZMIŞ, DEMƏ...

 

Hər gün ürəyimdən durnalar uçur –

Mənim bu canımda payızmış, demə.

Məni bu dünyanın yadına salan

Yaddan çıxartdığım o qızmış, demə.

 

Bu yol hara belə köçünü çəkir?

Ölüm də kəfənin ucunu çəkir...

Gördüm ki, bir söyüd içini çəkir –

O da mənim kimi yalqızmış, demə.

 

Udduğum havanın içində dadın...

Yanım – bir az isin, üşüyən qadın.

...Çərpələng düzəltdim, o da uçmadı –

Bu ömür islanmış kağızmış, demə...

 

 

GÖY ÜZÜ BİR ÇƏTİRDİR...

 

Yağış yağıb... çiçəklər

Elə bil doluxsunub.

Gecəni məst eləyib

Axan çayın ovsunu.

 

O ay işığına bax,

Kim dəyişər altuna?

Göy üzü bir çətirdi –

Hamı girib altına.

 

Bu da yaşın əllisi,

Ölüm gəlib haqlayıb.

Sənin yükün ağırdı –

Ver, dərdini saxlayım...

 

...Çıxıb getdim meşəyə,

Qaldım koğuşlar ilə.

Ad günümü keçirdim

Meşədə quşlar ilə.

 

İçim səhra olandan

Gözlərimdən qum gəlir.

...Unutmuşdum adımı –

Adıma məktub gəlib...

 

 

ÖMÜR YANMIŞ ZƏMİ KİMİ...

 

Suçəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyil, bəlkə, qandı

Yığılıbdı dan yerinə?

 

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir...

O kimdi, eşq rəsmi çəkir

Sinəmin kətan yerinə?!

 

Ömür – yanmış zəmi kimi,

Su basmış zirzəmi kimi...

...O qız batan gəmi kimi

Dönmədi liman yerinə...

 

 

DÜNYA BOYDA İMARƏTİ NEYNİRƏM?

 

O söz məni ovsunlamaz, a şair,

Nə məcazı, nə ecazı yoxdusa.

Bir hecası əsir idi vətənin –

Və – tən olmur bir hecası yoxdusa...

 

Əl tutmuşduq, oynayırdıq ələmnən...

Bir ləl tapıb, böldüm onu lələmlən.

...O özünü bir gün vurdu qələmnən –

Neynəyərdi, tapançası yoxdusa?

 

Dağdan ağır bu minnəti neynirəm?

Sədəqətək sədaqəti neynirəm?

...Dünya boyda imarəti neynirəm –

Sənə baxan bir bacası yoxdusa?!

 

 

BƏLKƏ, SƏN SON BAHARSAN?

 

Yaman imiş ayrılıq,

Nə yaman sənsizlədim...

Hara alıb apardın,

Bu dünyanı gizlədin?

 

İndi döyüşmək gərək –

Gəlir bu qəm alayı...

Bir az öz səsiməm mən,

Bir az durna harayı...

 

Deyirdin yaz gələcək,

Bəs haçanmış, haçanmış?

Axşam çıxıb getmisən –

Ömür axşamacanmış...

 

Harda durmusan axı –

Yolu sənə göndərim.

Günəşin də ətri var,

Bəlkə, sənə gün dərim?!

 

...O yandan sərin gəlir –

Bəlkə, sən son baharsan?

Silmişəm gözlərimi –

Gələndə daranarsan...

 

 

ÜŞÜYÜR

 

Ağaclar yarpaq yerindən,

Gül nəfəsindən üşüyür.

Payız çatıb quşlara da –

Dimdiyində dən üşüyür.

 

Gəldi bu qəm boyu bəstə

Mən qəfəsdə, o həvəsdə.

Yaşamaq istəyən xəstə

Öz həvəsindən üşüyür.

 

Azıb qalıb naşı kimi,

Kor adamın daşı kimi.

Şair də qu quşu kimi

Son nəğməsindən üşüyür...

 

 

MƏN BİR AZ EŞQ TORPAĞIYAM

 

Şirin-şirin al canımı,

Qılıncında şəkər saxla.

Bu gün bir az öldür məni –

Sabaha da şikar saxla!

 

Bəlkə də, eşq torpağıyam –

Bəlkə, elə pirəm, zalım?

Hər gün səni çağırsam da,

Adını bilmirəm, zalım.

 

Özgəsinə qıyma məni,

Özün elə sitəm mənə.

Bir ipək köynək kimiyəm –

Yaman tez batır qəm mənə...

 

 

SULAR ÇAĞIRIR BİZİ...

 

Bir sükuta uduzur

Milyon adamın səsi.

Hara çıxıb getdi ki

O qaraçı nəğməsi?

 

İndi necə gizləyim,

Mən bu boyda hüzünü?

Quşlar qanadlarıyla

Saxlayıb göy üzünü...

 

Haqqın səsi batıbmış,

Yoxsa təkcə kar mənəm?

Mən həm günah imişəm,

Həm də günahkar mənəm.

 

Sular çağırır bizi,

Səs gəlir o quyudan.

Daş intihar edirmiş

Atılaraq qayadan...

 

...Başımızı kəsdilər –

Baş əymədik şahlara.

Mənə bir ümid verin,

Paylayım uşaqlara...

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Bəri başdan deyim ki, özüm əslən Qərbi Azərbaycandanam. Babalarım keçən əsrin əvvəllərində - 1918-ci ildə İrəvan Quberniyasının Üçkilsə (Eçmiadzin, sonralar Talin rayonu) qəzasına daxil olan Ağcaqala kəndindən deportasiyaya uğrayaraq gələnlərdəndir.

 

Xüsusi olaraq qeyd etməyi vacib bilirəm ki, qərbi azərbaycanlılar həmişə qorxmaz və mərd, yüksək milli-mənəvi dəyərlərə sahib, sözü üzə deyən, zəngin mədəniyyətə malik, təhsilə, sözə və sənətə qiymət verməyi yaxşı bacaran, elcanlı, qohumcanlı və vətənpərvər insanlar olublar. Zaman-zaman soyqırımına və deportasiyalara məruz qalsalar da, xalqın və ölkənin içtimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, Vətənin müdafiəsində çox böyük rol oynayıblar.

Yeniyetmə vaxtlarımda yaşlı nənə və babalarımın (deportasiya şahidlərinin) öz aralarında etdikləri söhbətlər yadıma düşür. Onlar Qərbi Azərbaycandakı kəndlərindən, oranın təbiətindən, sayılıb-seçilən şəxslərindən, adət-ənənələrindən, geyimlərindən (dingə, güləbatın küləcə, mintənə, kəlağayı, çəpkən, çəpgəni ətlaz və s.) süfrə mədəniyyəti və yeməklərindən (əriştə şorbası, əvəlikli çəkməcə, irəvan kətəsi, yay dolması, balıq çörəyi, yeznə şirnisi, növbənöv plovlar, sac və təndir yeməkləri, qovurma, daş küftəsi, çaşır turşusu və s.), Novruz bayramını qeyd etmələrindən elə şirin-şirin danışırdılar ki! Elə bilirdim ki, nağıllar aləmindəyəm. Gətirdikləri həndəsi, nəbati naxışlı tək-tük tikmələrin, burada toxuduqları xalçaların üzərində rəngli saplarla portret, miniatür, qrafika, mənzərə və s. janrlarda işlənmiş süjetlər isə məni sehrli bir aləmə aparırdı. Hələ zaman ötdükcə həm xoreoqrafık gediş hərəkətləri, həm də musiqi məzmunu unudulmaqda olan İrəvan yallısını, toylarda şax bəzəməyi, saz-söz axşamlarını, uşaq vaxtı mənim və yaşıdlarımın da oynadıqlarımız milli oyunları və s. demirəm. 

Başlarına gələn müsibətlərdən söz açanda gözlərindən axan yaşı tez əllərinin dalı ilə silirdilər ki, görən olmasın. Üzdən gülsələr də, ürəklərində böyük bir nisgil vardı: Vətən, torpaq nisgili. Mahiyyətini başa düşmədiyimə görə onların ağlamağına bir məna verə bilmirdim. Sonralar başa düşdüm ki, onlar paramparça olmuş Vətənin, deportasiyaya məruz qalaraq həlak olan soydaşlarının, həm də özlərinin taleyinə ağlayırmışlar. Üstündən illər keçsə də, baş verənlərin, erməni vəhşiliklərinin, aldıqları mənəvi yaraların ağrısını-acısını yaşayır, məruz qaldıqları həmin dəhşətli hadisələrin təsirindən çıxa bilmirdilər.

Bu adamlarla təmasda olarkən həmişə onların ürəklərində o məşəqqətli illərin ağrısının qaldığını hiss edirdim. İki daşın arasında   yaylıqlarının ucuna düyünləyib gətirdikləri bir ovuc vətən torpağını tutya kimi qoruyurdular. Ağcaqaladan gətirdikləri həmin torpağı qəbrlərinin üzərinə səpməyi bir-birinə vəsiyyət edirdilər.

Onlar XX əsrin 60-70-ci illərində Qərbi Azərbaycana gedib dədə-babalarının yurd yerlərini ziyarət edib qayıdan həmyerlilərini, oğullarını, nəvə-nəticələrini saatlarla söhbətə tuturdular. Doğma yurd yerlərinin qoxusunu ora gedib-qayıdanlardan almaqla təskinlik tapırdılar.

Söyləyirdilər ki, hələ o vaxtlar bağlı-bağatlı kəndlərin yerli sakinləri onlara “qaçqınlar” (“qaşqınnar”) deyərmişlər. İndi isə 35 ildən çoxdur ki, “yeraz” peyda olub. Bu gün qorxmaz və mərd, yüksək milli-mənəvi keyfiyyətlərə sahib, sözü üzə deyən, zəngin mədəniyyətə malik, təhsilə, sözə və sənətə qiymət verməyi yaxşı bacaran, elcanlı və vətənpərvər insanların “yeraz” adlandırılması heç də xoş deyil, məncə.

 “Yeraz” sözü heç xoşlamadığım 3-5 sözdən biridir. Lap düzü, bu sözü həm ciddi, həm də istehza ilə deyənlərdən ikrah edirəm. Təəssüf ki, həmin kəlməni bəzi Qərbi azərbaycanlılar özləri də işlədirlər. Vaxtilə mənfi çalarda işlədilən “yeraz” sözü indi fəxrlə bir imtiyaz kimi səsləndirilir. Bu azmış kimi hələ bir “Biz yerazıq, yerlibazıq” adlı mahnı da icad ediblər.

Zənnimcə, “yeraz” məna etibarı ilə “qruplaşma”, “yerliçilik”, “yerlibazlıq”, “tayfaçılıq” mənalarını ifadə edir. Bölücülüyə xidmət edir.  Xalqımızın qruplara bölünməsindən, tayfaçılıqdan, yerlibazlıqdan, xanlıqla bölünməsindən bəyəm az çəkmişikmi?! 1501-ci ildən 1736-cı ilə qədər Azərbaycandan başlayaraq bugünkü İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan ve şərqi Türkiyə ərazilərini əhatə etmiş bütöv Azərbaycanın  paramparça olaraq şimala, cənuba, qərbə bölünməsi, əldən getmiş torpaqlarımız bunların nəticəsi deyilmi? Görəsən, dahi şairimiz M.Arazın dediyi kimi, “O zamanmı bitdi bizim dilimizin “sənin”, “mənim” qabarı da? O zamanmı bitdi bizim dilimizin “haralısan” damarı da?”

Yersiz “yeraz” sözü ilə sanki yeni bir millət formalaşdırılıb. Deyilənə görə, bu sözü termin kimi ilk dəfə Z.Bünyadov işlədib. Guya akademik ilk dəfə 1988-ci ildə bunu "Yerevan azərbaycanlıları" söz birləşməsinin qısaldılmış variantı kimi səsləndirib. Onun yarızarafat-yarıciddi işlətdiyi bu kəlmə sonradan ölkədə sürətlə populyarlaşmağa başlayıb. İnanmağım gəlmir, inanmıram da. O boyda kişi bəyəm mənim savadsız nənəm qədər də bilmirdi ki, bizim “Yerevan” adlı yurd yerimiz olmayıb, İrəvan olub. Nənəm həmişə hardan olduğunu soruşanlara deyərdi ki, “İrəvandanam”. Ölənə kimi də elə dedi. Onun üçün “İrəvan” Qərbi Azərbaycanın simvoluna çevrilmişdi.

Bir qrup insan bu sözü “yerli azərbaycanlılar” mənasında işlədir. Yaxşı, bir anlıq təsəvvür edək ki, elədir. Bəs onda ölkəmizdə olan başqa azərbaycanlıları (indiki Azərbaycan Respublikasındakı Azərbaycan türkləri və burada yaşayan qeyri xalqlar nəzərdə tutulur.) necə adlandıraq? Onlar yerli azərbaycanlılardırsa, onda bunlar da, bəlkə, gəlmə azərbaycanılılardır, hə ?! Mənasız ifadədir!

Digər bir qrup da həmin sözü “yerini azmışlar” (guya yurdlarından didərgin düşənlər) kimi mənalandırır ki, bu da diskriminasiya xarakterli yanaşmadır. Və tamamilə absurd fikirdir. Necə yəni “yerini azmışlar”, yox bir Yeravan Avtomobil zavodu?! İnsan yerini-yurdunu tərk edər, didərgin salınar, qovular, deportasiya olunar. Adam da doğma yerini-yurdunu azarmı, durduğu yerdə didərgin düşərmi? Bir də ki, “yerini azmışlar” gələcəkdə o torpaqlara qayıtsalar, bəs necə olacaq? Onda onlara “yerini tapmışlar” deyəcəyikmi?! Həqiqətən, absurddur!

Tanınmış ictimai xadim, sabiq deputat, əslən Qərbi Azərbaycandan olan Maksim Musayev Moderator.az-dakı 1988-1990-cı illərdə Azərbaycan SSR-in rəhbəri olmuş Əbdürrəhman Vəzirovun 2018-ci ildə Moskvada rus dilində nəşr etdirdiyi “Parterin ilk sıralarında” adlı  kitabı ilə bağlı düşüncə və təhlillərindən ibarət geniş yazısında göstərir ki, “yeraz” kəlməsi “…1970-ci illərin sonlarından bəri SSRİ “KQB”-si tərəfindən Qərbi Azərbaycanda, İrəvan elində yaşayan və 1948-1952-ci illərdə vətənlərindən Azərbaycan SSR ərazisinə deportasiya olunmuş qaçqınlar üçün xüsusi olaraq düşünülmiş məfhumdur, çekist terminologiyasıdır. 1988-1989-cu ildə “Ermənistan” deyilən qədim torpaqlarımızdan soydaşlarımızın növbəti zorakı qovulma dalğası baş verəndə bu üzdəniraq kəlmə insanlarımızın məişət leksikonuna daxil oldu. O zamanlar belə söz-söhbətlər gəzirdi ki, guya həmin kəlmə rəhmətliklər Ziya Bünyadov, yaxud Bəxtiyar Vahabzadə tərəfindən ortalığa atılıb. Bunlar yalan idi və halbuki, “yeraz” kəlməsinin müəllifi konkret bir şəxs deyildir. Bu qondarma ad “KQB” tərəfindən hələ Ermənistanla münaqişə başlanandan 10 il öncə quraşdırılıb…”. (https://aqreqator.az/az/siyaset/3433521)

Mənə görə, “yeraz” sözünün 1980-ci illərin sonlarında ortalığa atılması həmin vaxt yumruq kimi birləşən xalqın birliyinə zərbə vurmaq məqsədini güdürdü. Təsadüfi deyildir ki, M.Musayev də yuxarıda qeyd etdiyimiz yazısının davamında qeyd edir ki, “…Xülasə, bir neçə il keçdi və artıq gördüm ki, bəzi yerlərdə bu xoşagəlməz “yeraz” sözünü işlədirlər. 1988-ci ildən, yəni Ermənistandan azərbaycanlıların zorla köçürülməsi başlayandan sonra isə öncə dediyim kimi, bu qondarma ad, təəssüf ki, artıq kütləvi şəkildə işlənməyə başlandı…Həmin adın qondarılmasında SSRİ “KQB”-si, yəqin ki, öz əməkdaşları və digər məxfi qurumlar aralarındakı danışıq və yazışmalarda “Ermənistan azərbaycanlıları” əvəzinə, qısa bir ad işlətmək məqsədi də güdüb. Amma hesab edirəm ki, əsas hədəf Azərbaycanı regionlara parçalamaq və regionlararası ziddiyyətlər yaratmaq olub…Və bu işdə Qorbaçovun dostu Vəzirovun da özünəməxsus rolu olub…” 

Məncə, hələlik, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın özlərinə Dərələyəzdən, Zəngibasardan, Zəngəzurdan və ya Göyçədənəm deməsi   ən düzgünü olardı. Onların hamısına birlikdə Qərbi azərbaycanlılar da demək olar.

Bu gün məcburi köçkün ifadəsi Ordumuzun sayəsində sıradan çıxıb. Ümid edək ki, Qərbi Azərbaycana qayıdışdan sonra “yeraz” sözü də tamamilə sıradan çıxar. “Azərbaycanlıyam” sözü öz hakim mövqeyinə qayıdar.

Yazımı Eldar İsmaylın “Mən “yeraz” deyiləm, türk oğlu türkəm” adlı şeirindən bir bənd ilə yekunlaşdırıram:

 

Mənə “Yeraz” deyib ulamağın nə? 

Ortada quyruğun bulamağın nə?

Meydanı bu qədər sulamağın nə?

Sən gözəl bilirsən nəçiyəm, kiməm…

Koroğlu qeyrətli türk oğlu türkəm!

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

 

                                                                 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

16.

MÜTALİƏ SƏMƏRƏLİLİYİ

 

Bəs mütaliənin səmərəliliyini təmin etmək üçün hansı qaydalara riayət etmək lazımdır?

-mütaliənin səmərəli olması üçün oxucunun əsər haqqında qeydlər aparması məqbuldur.

-bəzi əsəri təkrar mütaliə etmək lazımdır. Təkrar mütaliə biliyi zənginləşdirir. “Nizamini, Füzulini mən artıq oxumuşam” demək yanlışlıqdır. Böyük, dahi sənətkarları nə qədər çox oxusan, bir o qədər çox bilik qazanarsan.

-təkrar mütaliə həm də estetik zövqü inkişaf etdirir. Böyük sənət əsərlərinin təkrar mütaliəsi onların tam anlaşılması, hərtərəfli izah edilməsi üçün lazımdır. Dahi yazıçı Lev Tolstoy Çexov haqqında yazırdı: “O, elə nadir yazıçılardan biridir ki, əsərlərini dəfələrlə təkrar oxumaq olar. Mən bunu öz təcrübəmdən bilirəm”.

-musiqiyə necə ki, təkrar-təkrar dönürsən, bir kitaba da eləcə dönməlisən. Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, Nüsrət Kəsəmənlinin “Gümüş yuxular”, Vahid Əzizin “Əllərimin kölgəsi”, Ramiz Rövşənin “Göy üzü daş saxlamaz” kitablarını oxucuların ayrı-ayrı halda hətta 15-20 dəfə oxumaları faktları vardır.

 

Növbəti: 17.Mütaliənin mahiyyəti

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

Friday, 01 November 2024 12:00

“Kara Mehmet Çavuş” - Belinay Demir

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 

“Kara Mehmet Çavuş”

 

Belinay Demir

 

Kuvâ-yi Milliye’den Türk Millî Mücadelesinin İsimsiz Kahramanlarına…

 

Mehmet, buz gibi suda abdest alıp, sabah namazını kılmak üzere yatağından doğruldu. Bütün gece uyumamış olacaktı ki, gözleri kan çanağına dönmüştü. Kıbleye durdu ve uzun-uzun sabah namazının sünnetini eda etti. “Durdum divana, uydum “Kur’an”a, Allah-u Ekber!” diyerek farza niyetlendi. Namazın ardından yakın arkadaşı Hasan küflü demir ranzadan seslendi: Gece uyumadın deemi! Gerçi benim uyuduğumu kim söyledi? Yağlı urgana gidiyoruz essahtan… Allah büyük. Birazdan zalım gardiyanlar da gelir… N’olurdu, son bir kez yavruma sarılabilseydim. Sen son kez kimi görmek isterdin, Mehmet Çavuş?”

Mehmet, Cihan Harbi’nin hengamesinde cepheden-cepheye koştuğuna mı yansındı, alay sancağıyla Yemen’den yırtık çarıklarla bu kadar yol tepip vatana döndüğü halde asılacak olmasına mı yansındı? Gözleri loş ışıkta köşedeki aynaya çarptı. Mahpus damında bir kırık aynanın köşesine astığı yavuklusu Fadime’nin fotoğrafına uzun-uzun baktı. “Bu hasretlik mahşere kaldı” diye iç geçirdi. Konuşmaya ne mecali, ne de takati vardı. Sanki bir kelime etse kahırdan oracıkta ruhunu teslim edecekti. O sırada koridordan gardiyanların sesi geldi:

“Herkes kalksın, af çıktı, af! Ama her birinize 101 tane değnek vurulacak. Kolay değil öyle cepheden kaçmak!”

Mehmet ile Hasan, duydukları karşısında şoke olmuş halde bir an göz-göze geldiler. Sevinç gözyaşları döken iki asker bir-birlerine sarılabildi ancak. Mehmet Çavuş, “Daha yaşanılacak ömrümüz varmış be, Hasan Efendi” dedi. Avluya dizilen askerler, af çıkmasına mı sevinsin, değnek cezasına mı üzülsün derken bir-bir sıraya girdiler. Fakat, daha onuncu sopadan sonra bayılanlar, bağırışlar, haykırışlar kışlanın dışına yayılmış, feryat eden askerlerin sesi uzaktaki söğüt ağaçlarının hışırtısına karışmıştı. Dört koca yıl Yemen’den Suriye’ye, oradan Erzurum’a cephede açlıkla, düşmanla, hastalıklarla ve türlü uğursuzluklarla mücadele edip sağ çıkan Mehmet, bir an kendine geldi ve üzerindeki ölü toprağını attı, “Cehennemden kurtuldun Kara Mehmet Efe, sopa sana neylesin…” diyerek kendini teselli etti.

Bu esnada, ceza sırasında kışlanın köşesindeki incir ağacına takılan Hasan’ın gözleri, aniden yanındaki askere kilitlendi, eliyle arkadaşına işaret etti. Başında beyaz sarığıyla durmadan bir şeyler mırıldanan asker, bir yerden tanıdık geldi. Halep’te ordugâhtan hatırlamıştı bu adamı. İmam olduğunu hatırladığı bu zatın yüzündeki huşu, ikisini de derinden sarsmıştı. Hasan dayanamadı, atıldı, “Ne mırıldanırsın be Molla, birazdan ruhumuzu teslim edeceğiz burada!” Sarıklı adam, “sakin ol” der gibi kıstı gözlerini. Sıra Hasan’a geldi. İnzibatlar, kan deryasına dönmüş kapkara sopayı vurdukça Hasan’ın bağrışmaları, avluda yankılanıyor, İmam efendinin ettiği dualara karışıyordu. Bir aralık Hasan’ın bağrışları kesildi, askerler vurmaya devam ediyordu. Sopanın acısına dayanamayan Hasan, oracıkta ruhunu teslim edivermişti. Mehmet Çavuş, Hasan’ın cansız bedenine bakıyor, biraz önce sevinçle kucakladığı dostundan bir ses bekliyordu. İnzibatlar, “geç bakalım sıraya” diyerek çekiştirdi Mehmet’i. Sopa atan askerin donuk yüzünü seçti bir aralık. Bu arada sarıklı adam mırıldanmayı kesti, sesli bir şekilde okumaya başladı:

“Elem neşrah leke sadrek, Ve vada'na 'anke vizrek… (Senin göğsünü açıp genişletmedik mi? Belini büken yükünü üzerinden kaldırmadık mı?)

O anda, avluda toplanan mahkum askerler ve inzibatlar sesin geldiği yöne doğru baktı. Ardından, askeri kışlanın kapısında bir uğultu duyuldu. Rahvan atların sesiydi bu gelen. Çok uzaktan askerin biri bağırdı:

“Paşa geldi, Paşa geldi...”

İşgal altındaki vatanı kurtarmak için direniş başlatan Kuvâ-yi Milliyeciler ve Ali İhsan Paşa’nın kolundaki süvari birliği kışlanın dışında soluklandı. Ali İhsan Paşa, mahpuslukların arasından geçerek kumandanın yanına çıktı. O gittikten sonra zabitler sopa cezalarına bir anlık ara vermiş oldu. Ardından Paşa ve yanındaki zabitler aşağı indi. Bir zabit, kalabalığa seslendi:

“Beni mahpusluklar da dahil tüm askerler dinlesin. Vatan elden gidiyor, Yunan İzmir’e dayandı. Mustafa Kemal Paşa, Anadolu’nun her yanında direnişi başlattı. Aranızdan Kuvâ-yi Milliye’ye katılmak isteyenler, bana hüviyetlerini yazdırsınlar.”

Bütün bir kalabalıktan “Çok yaşa Kuvva-yı Milliye!” sesleri gelirken, az önce sopalık olan mahpusların tamamı bu sefer direniş için sıraya girdi. Mehmet Çavuş, sopa yemediğine mi sevinsin, gencecik Hasan’ın öldüğüne mi üzülsün, bilemedi. Bir yandan da, Kuvvacılara katıldığı için gururluydu. Zabitin birine künyesini yazdıran Mehmet Çavuş’un aklına heybesindeki alay sancağı geldi. Hüviyetiyle beraber Yemen’den getirdiği alay sancağını zabite teslim etti. Sancağı gören zabitin gözleri fal taşı gibi açıldı. Zabit, “Senin adın ne, asker?” dedi. “Aksulu Mehmet Çavuş derler kumandanım”. Zabit, kaşlarını çatarak, “Bre adam, bunun sende ne işi var? Çaldın mı yoksa?” diyerek sesini yükseltti. Mehmet Çavuş, sükûnetini koruyarak durumu anlattı:

“Dur, kumandan, hemen celallenme.  Benim babam, 93 Harbi’nde savaşmış gazi olmuş, bize vatanı, harbi o belletti. Silah tutmasını bize o öğretti. Bir ağabeyim Balkan Harbi’nde kaldı, birisi Sarıkamış’ta, bir küçüğüm de Çanakkale’de… Hepsi de şehittir. Biz yetiştik, Cihan Harbi çıktı dediler. Orduya aldılar. İki yıl Doğu Cephesinde, iki yıl da Hicaz’da, Yemen’de askerdim. “Nişanda sağlamsın, seni alayın avcı çavuşu yapalım” dediler. Zabitlerim, komutanlarım bana çok güvenirdi. Amma isyancı Araplar çok azıttı kumandan… O harbi bir görseydin. Cehennemdi, cehennem… Hep o keferenin yardımıyla, dindaşları olan bize silah doğrulttular. Cemal Paşa, Fahreddin Paşa, sağ olsunlar, çok direndiler, ama nafile... Biz de çok direndik kumandan, anladın mı? Bu alay sancağı devletimizin yadigârıdır. Ben onu orada bırakır mıyım? Aldım yanıma. Bozguna uğrayan alaydan sağ kurtulan üç-beş askerle iz yok, pusula yok, yalınayak yürüdük, yollarda onlar da tifodan bir-bir can verdiler. Bir ben kaldım işte… Buralara kadar gelebildim güç-bela. Sonrası işte buraya düştüm. Ben harp kaçkını değilim, kumandanım! Anladın mı? Bu elindeki sancak da şahidimdir”.

Zabit, Mehmet Çavuş’u büyük bir şaşkınlıkla dinleyip, sancağı elinden bir çırpıda aldı ve koşarak oradan uzaklaştı. Bir saat sonra kara kalpaklı bir zabit, “Mehmet Çavuş sen misin?” diyerek yanına geldi. Mehmet Çavuş, esas duruşa geçerek “benim, kumandanım” dedi. “Beni takip et” der gibi yapan kara kalpaklı zabit, üstü-başı perişan olan bu adamı Paşa’nın huzuruna çıkardı. Zabit durumu anlattıkça Paşa’nın gözlerinden yaşlar süzüldü. “Demek, bu sancağı buraya kadar taşıdın ha, evlat” diyebildi. Gözleri yaşla dolan Paşa, bir yandan tütün tabakasından çıkardığı cigarasını tellendiriyordu. Bir aralık Mehmet Çavuş’a döndü ve “Senin gibiler var oldukça bu millet, toprağını namerde teslim etmez. Bundan sonra, benim emir çavuşum olacaksın, asker” dedi.

Mehmet Çavuş, “Emredersiniz, Paşam” diyebildi. İlk defa bir Paşa’nın karşısına çıkmıştı. Odadan ayrılırken, Paşa’nın yanındakilere, “Bunu Mustafa Kemal Paşa’ya telgraf geçelim” dedi. Mehmet Çavuş, Mustafa Kemal’in adını ilk o zaman duymuştu. Kuvâ-yi Milliye birliklerine katılmasının ardından bu adı sık-sık duyuyor ve zabitlerin ona büyük bir sevgi ve saygı beslediğini görüyordu. Mehmet Çavuş, Kurtuluş Savaşı’nın başından sonuna kadar Ali İhsan Paşa’nın hizmetinde bulundu. Yeni orduya katılan tecrübesiz askerlere atış talimi yaptırdı. Fiilen, Yunan işgalcilerle çatışmalara katıldı. İzmir’den Kütahya’ya, Eskişehir’den Ankara’ya Türk Kurtuluş Savaşı’na şahitlik etti. Göğsündeki yarayı Kütahya-Eskişehir’de, ayağındaki kurşunları İnönü’de ve Sakarya Meydan Muharebesi’nde almıştı. Zafer kazanılmış ve ordu terhis olmuştu.

Kara Mehmet Çavuş, harbin bitmesinin ardından artık köyüne dönebilirdi. Dile kolay dokuz koca yıl… Belki, köyü bile kalmamıştı ortada. Köyün bütün erkekleri harbe gitmiş, kimi dönmüş, kimisi kalmıştı… Geçen yıllar, “Hey 15’li” türküsüyle cepheye giden Mehmet’i yaşlandırmış, saçı-sakalı bir-birine girmişti. Mehmet Çavuş, 21 günlük yolun ardından bir gece vakti köyüne döndü. “Vatanı kurtardık, harp bitti çok şükür. Anam, gardaşlarım ne haldedir acaba, kim bilir?!” gibi bir ton düşünce ile evine vardı, kapıyı tıklattı. Kapının ardından cılız bir kadın sesi, korkuyla karışık “Kimdir o? Eşkiyaysan git, vere-vere bir kuru buğdayım kalmadı size” diye bağırdı çaresizce. Anasının sesini tanıyan Mehmet, “Ana, benim, ben!” diyebildi.  Anası, emin olamadı, kuşkulu bir şekilde, ‘Benim oğlum askerdedir. O daha gelmedi.” dedi. Mehmet Çavuş: “Anaaa, kapının oyuğundan parmağımı göstereyim de inan, oğlun Mehmet’in geldi” dedi. Parmağını oyuktan anasına gösterdi. Anası, kapıyı araladı ve “Konur benli oğlum” diyebildi ve oracıkta yığıldı. Ana-oğul, o gece sabaha kadar söyleştiler. Geçen yıllar ikisinden de birçok şey götürmüştü. Mehmet Çavuş’un vatanı hürriyete kavuşmuş, köyüne dönmüş ve büyük hasreti dinmişti. Mehmet, hanayın üstündeki camdan karşı eve baktı, “Fadime’m nasıl, ana, hâlâ bekler mi beni?” dedi. Anası, birden beyninden vurulmuşa döndü, uzun-uzun iç çekti ve dudaklarından şu mısralar döküldü:

 

“Kışlanın ardında bir kırık testi,

Askerin üstüne sam yeli esti.

Gelinlik tazeler umudu kesti,

Ah, o Yemen’dir, gülü çemendir,

Giden gelmiyor, acep nedendir?”

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

 

 

 

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Bülbülün Memorial Muzeyi və Bülbül Vokal Məktəbinin birgə təşkilatçılığı ilə "Xalqın mədəni sərvəti" layihəsi 3-5 noyabr tarixlərində Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün əziz xatirəsinə həsr olunacaq.

 

Layihə çərçivəsində dahi Bülbülün repertuarından ibarət konsert proqramları keçiriləcək.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalıma Gəncə Dövlət Filarmoniyasından məlumat verilib.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(01.11.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbə Cahan Seyidzadənindir.

 

 

 

20 MART

 

İndi yaxşı anlayıram

"Ayrılıq" üç-beş sözə sığdıra biləcəyimiz cümlələr deyilmiş.

 

"Ayrılıq" pencəyinin sağ cibindən çıxan

doğma xətlə yazılmış "nərdivan" şeiridir.

"Ayrılıq" sonuncu dəfə söykəndiyin divarın

əzbərlədiyim bir neçə santimetrlik yeridir.

 

"Ayrılıq" ölüm deyil,

ölmək deyil,

"Ayrılıq"

heç vaxt şuxluğunu itirməyən,

aramızda yaşayan diridir.

 

İndi yaxşı anlayıram,

Bir dəfə vidalaşa bilməyəndə insan

hər gün vidalaşmalı olur doğmalarıyla.

Hər dəfə də bir başqa cür.

Bakının boz və solğun küçələrində

"Ayrılıq" çiyinlərimizə ən ağır yük kimi

Hər dəfə bir başqa cür düşür.

 

İndi yaxşı anlayıram,

Daha ağac olsam,

yarpağım da səni sevəcək.

İndi yaxşı anlayıram,

mən öləndə torpağım da səni sevəcək...

 

Mənə uzaqlardan salam yolla,

Elə salam ki, səni xatırlatsın:

Bir körpənin gülümsəməsində,

Bir qağayının səsində,

Bir insanın gəlməməsində.

 

Bilim ki, bunu sən etdin,

sən etdin, ata.

Hər yerə bahar gəlmişdi,

sən niyə getdin, ata?

 

 

MAĞARANIN DİVARINA YAZILMIŞ ŞEİR

 

Yorğunam.

Yaralıyam.

Qorxuram.

Yaxşı ki, bu mağaranın yerini unutmamışam,

İllər əvvəl tərk edib getdiyim kimidir.

Heç nəyi dəyişməyib, divarlarındakı cızıqlar,

                        həmin qaranlıq ab-hava.

Axırıncı dəfə gələndə isinmək üçün

                        qaladığım ocağın izləri də hələ qalıb.

Onda elə bilirdim ki, bura bir daha dönməyəcəm.

Yanılmışdım.

Hər insan kimi.

Çünki bir gün hamı öz mağarasına geri qayıdır,

Çünki ora bizim əbədi sığınacaq yerimizdir.

Özümüzlə baş-başa qaldığımız və yaralarımızı

                        sağaltmaq üçün qaçıb gizləndiyimiz yer.

Ətrafa göz gəzdirirəm: divardakı şeirə sataşır gözüm.

Mən yazmışdım bunu, günəşli bir aprel səhəri:

 

Hər fırtına gəlməmişdən əvvəl

öz sakitliyini göndərir

bəzi yaralar ən çox sağalandan sonra

göynədir...

 

Qorxma, balaca, uzat əllərini, mən səni aparmağa gəlmişəm,

Biz sənin saçlarını uzaq diyarların torpaqlarına əkərik.

Saçlarının ətri yayılar evlərə,

insanlar qucaqlarında dəstə-dəstə saçlarını apararlar

sevdiklərinə.

Sonra əllərini uçurarıq səmaya,

qanadlılar kimi yalqız insanların çiyinlərinə qonarlar.

 

Dünyada savaşlar oldu, balaca;

insanlar savaşdılar...

Yaxşı dost olacaq ikən,

sevgili olacaq ikən,

qarşı-qarşıya dayandılar.

Bəlkə də, bir vaxtlar əcdadları eyni mağaraya sığınıb

birlikdə qorunmuşdu təhlükələrdən.

Əcdadları bir mağaraya sığan insanlar

                        nəhəng bir dünyaya sığışa bilmədilər.

Sığışdıra bilmədilər təkəbbürlərini bapbalaca qəlblərinə...

Heç vaxt onların olmayacaqlar üçün dayanmadan didişdilər...

 

Onda balaca bir mamont balası

gülümsəmişdi istehzayla:

həyatda hər şey vərdişdir,

ovlamağa bir şey tapmayanda

özünüzü ovlamağa başlayacaqsınız,

özünüzə çevriləcək silahlarınız.

 

Bu nağıl deyil, balaca.

Mamont balaları da gülümsəyə bilir, inan...

Dünyadakı bütün canlılar ağlaya bildikləri kimi,

gülümsəyə də bilir...

 

Mən bapbalaca bir saman çöpündən də

yapışardım, balaca.

Böyüdərdim, böyüdərdim, dünyanın ən

nəhəng çinarı edərdim onu gözümdə,

əgər getməsəydin...

 

İndi isə

özündən ağır yükü aparmağa çalışan

balaca qarışqayam,

həm də bir az başqayam.

 

Pişiklərlə danışıb,

çiçəklərə gülürəm,

insanlardan daha çox

ağacları sevirəəəəmmmm.

 

Gözlərimi dikirəm

Günəşin gözlərinə,

Soruşuram: İnsanın

bu dünyayla dərdi nə?!

 

Özümü maşınların önünə,

Parkda gəzişən insanların qarşısına atıb

Qışqırmaq istəyirəm:

Anidən baş verəcək hər şey,

anidən.

Birinin ağlında xatirəyə çevriləcəksiniz,

birinin evində əşyaya.

Bir də gəlmək şansınız olmayacaq dünyaya

Onunçün də gec olmadan

qollarınızı açın səmaya

qucaqlayın günəşi,

Yaşayın doya-doya!

 

 

***

 

Mərhum qum hissəciklərindən

yaranmış

kirli şüşə qarşısında dayanıb düşünürəm:

gecəni biz uydurmuşuq

darıxmaq,

darıxmaq,

darıxmaq üçün!

 

Mərhum qum hissəciklərindən

yaranmış soyuq divarlar arasında

dayanıb düşünürəm:

Keçmişi biz uydurmuşuq

Darıxmaq,

Darıxmaq,

Darıxmaq üçün!

 

Yəni

Məni dustaq edən keçmiş

işıq da verə bilər...

 

Ondan nə yaratdığına bağlı...

Məsələn,

mən Tanrını uydurdum ki,

Özümü bağışlaya bilməyəndə

O, məni bağışlasın...

 

Səni isə uydurdum ki,

Özümü öldürə bilməyəndə

Sən məni öldürəsən...

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

 

Friday, 01 November 2024 10:13

Komitə sədri qəbul keçirdi

Millət vəkili Fazil Mustafa Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq Məclisdə ilk vətəndaş qəbulunu keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, II Qarabağ müharibəsinin şəhidi Emin Abbaszadənin valideynləri Faiq Abbasov və Nərminə Abbasova, II Qarabağ müharibəsinin qazisi İlham Xubyarov, tanınmış QHT sədrləri Vüqar Qədirov, Mətanət Cəfərova, ilahiyyatçı Anar Əliyev və başqaları (toplam 15 nəfər) ilə görüşən Fazil Mustafa, onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla (ictimai birliklərin, dini qurumların fəaliyyəti, eləcə də, hərbi xidmət zamanı həlak olan övladlarına şəhidlik statusu verilməsi məsələsini qaldıran valideynlərin qayğıları və s. ilə) bağlı fikirlərini bölüşüb.

 

Komitə sədri qaldırılan vacib məsələlər üzrə müvafiq dövlət orqanları ilə müzakirə aparacağını, müraciət məktubları göndərəcəyini bildirib.

 

İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyəti, planları barədə danışan Fazil Mustafa, Milli Məclisdə vətəndaş cəmiyyəti institutları ilə bağlı aparılmış müzakirələr, qəbul edilmiş qanunlar, qanunlara əlavə və dəyişiklər barədə məlumat verib.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Azərbaycan Mİlli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi 70 yaşın astanasında

Azərbaycan Milli Konservatoriyası

yarandığı gündən milli ənənələrimizi, milli irsimizi, milli mədəniyyətimizi qoruyan, inkişaf etdirən musiqi məbədidir. Yarandığı gündən bu missiyanı özündə layiqincə daşıyır. Söhbət  artıq 24 ildir fəaliyyət göstərən təhsil ocağından gedir. 

Onun yaranma tarixini yada salsaq  Azərbaycan mədəniyyətinin dirçəlməsi və gələcəyi üçün çox böyük nailiyyətlərə imza atan, Azərbaycanın bu gününü öz uzaqgörən siyasəti ilə ta o zamanlardan duyub dərk edən Ulu Öndər Heydər Əliyevin 2000-ci il 13 iyunda  imzaladığı fərman nəticəsində Azərbaycan Mİlli Konservatoriyası yarandı və öz çətin şərəfli fəaliyyətinə ilk addımlarını atdı.

Ulu Öndər Heydər Əliyevin etimad etdiyi o dövrdə artıq yetərincə tanınmış yenilikçi, gözəl bəstəkar Siyavuş Kərimini rektor təyin etdiyi gündən Azərbaycan Mİlli Konservatoriyasının təməli qoyuldu.

Musiqi kolleci və İncəsənət  Gimnazıyası Azərbaycan Milli Konservatoriyasının  tərkibinə keçirildi. 

Ulu Öndər, Ümumilli Lİder Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Milli Konservatoriyasının  daimi binası olmasa da çox böyük əzmlə işinə davam edirdi.

Rektor, xalq artisti Siyavuş Kərimi bütün çətinliklərə baxmayaraq Azərbaycan mədəniyyətinə töhvə olan Milli Konservatoriyanı böyük sevgiylə yaşadırdı. 

 

Azərbaycan Prezidenti  İlham Əliyevin  2006-cı ildə AMK Kompleksinin tukintisinə dair qərar imzalayır və işə başlanılır. 2012 ci ldə Azərbaycan Milli Konservatoriyasının binasının tikilməsinə maliyyə vəsaiti ayrılması barədə  sərəncam imzalayır və nəhayət 2014-cü il fevralın 13 də AMK-nın indiki gözəl, möhtəşəm bunası hazır olur. AMK ailəsinin heç zaman unutmayacağı bu gündə, binanın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  iştirak edir. Tədrsin yuksək səviyyədə keçirilməsi təmin olunmuş yeni binada yaradılmış muzey, kitabxana sinif otaqları konsert zalları ilə tanş olurlar. Milli Konservatoriyanın müəllim,professor və mədəniyyət xadimləri ilə sənətkarlarla görüşürlər. Bunanin açılışı münasibəti  ilə rektor, xalq artisti Siyavuş Kərimini və mədəniyyət xadimlərini, müəllim və sənətkarları təbrik edirlər.

24 ildir fəaliyyət göstərən sənət ocağını, o gündən bu günə qədər bu missiyanın öhdəsindən layiqincə gələn Azərbaycan Respublikasının xalq artisti Siyavuş Kərimi sanki bir musiqi təhsil ocağı deyil bir məbəd, bir mədəniyyət ocağı edə bildi. Azərbaycan Milli Konservatoryasının ənənələri və prinsipləri:  Azərbaycan Milli Konservatoriyasının nəzdində tələbələrdən 

ibarət xor və xalq çalğı orkestrləri fəaliyyət göstərir. AMK nın sabahları çox maraqlı olur. Tələbələr səhər saatlarında foyelərdə məşqlər edirlər. Xalq artisti Siyavuş Kərimi və onun idarə heyəti prorektorlar, kafedra mudirləri, ümumiyyətlə rəhbərlik hər səhər tələbələrin məşq prosesini izləyir.

Rektor tələbələrlə görüşür, elə yerindəcə fikir mübadiləsi aparır. Bu xor və orkestrlər demək olar ki Azərbaycanda keçirilən

 beynəlxalq tədbirlərdə, Azərbaycan Respublikasının xusisi bayramlarında iştirak edirlər. Azərbaycanda fəaliyyət göstərən müxtəlif dövlətlərin səfirliklərində tədbirlərə dəvət alırlar. Respublika günərində yaxından iştirak edirlər. Onların konsert fəaliyyətinin təməli elə tələbəlik illərindən qoyulur.

Azərbaycan Mİlli Konservatoriyasında Azərbaycan mədəniyyətinin çox taninmiş simaları dərs deyir. Burada tələbələr sənətkarlardan, musiqi  sahəsinin  xiridarlarından dərs alirlar.

Tələbələrin hərtərəfli inkişafı üçün universitetimizdə elmi konfranslar, Musiqi saatları keçirilir. Musiqi saatları universitetin ənənələrindən biridir. Rektor Siyavuş Kəriminin təşəbbusi ilə yaradılmış Musiqi saatları Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən hər həftə yerinə yetirilir.

Buraya müxtəlif kurslardan öz istedadlarını nümayiş etdirmək istəyən tələbələr müraciət edir. Bu da onların öz sahələrini inkişaf etdiirmələrinə böyük zəmin yaradlr. 

AMK da artıq neçə ildir ki “Xalq çalğı Alətləri” Festivalı keçirilir. Hər həftəsi bir musiqi alətini təmsil edən yüksək səviyyədə  keçirilən festivala çoxlu iştirakçilar qatılır . Mədəniyyət Kanalı tərəfindən canlı olaraq izlənilir və böyük əks sədaya səbəb olur.

AMK da musiqi günləri ölməz sənətkarlarımızın yubileyləri, xatirə günləri, ədəbi görüşləri keçirilir.

Əlamətdar günlər qeyd olunur, konsertlər keçirilir, beynəlxalq elmi praktiki konfranslar təşkil olunur.

AMK da fəaliyyət göstərən kafedralar hər il iki dəfə hesabat konsertləri, festivallar, müsabiqələr təşkil edirlər, Müsabiqələr nəzəriyyəçilər, müsiqişünas tələbələr üçün də keçirilir.

AMK hər şeydən öncə hər gün həyat qaynayan bir universitet olmaqla yanaşı sənətkarlar və öz işinin biliciləri ilə əhatə olunmuş bir təhsil ocağıdır. Qeyd etməliyəm ki, Azərbaycan Milli Konservatoriyası Türk dövlətləri arasında bir çox türk dövlətlərinin Milli Konservatoriyaları ilə memorandumlara imza atıb. Bir çox Universitetlərdən Milli Konservatoriyaya təcrübə üçün tələbələr gəlir. Son günlərdə Kurmanqazı adına Qazaxıstanın Milli Konservatoriyasının bir qrup tələbəsi AMK da təcrübə keçdi. Rektor Siyavuş Kərimi digər Universitetlərin rektorları və ordan gələn tələbələrə qarşı qayğıkeş münasibət bəsləyir.

Memorandumlar öz mədəniyyət ocaqları və universitetlər arasında da bağlanıılr. Bir çoxlarının içində yenə də bir misal Naxşıvan  Dövlət Universitetini gətirə bilərəm .AMK-nın professor heyəti, sənətkarları Naxçıvan Dövlət Universitetində ustad dərsləri təşkil edirlər. Hətta musiqi təhsilində bəzi proqramlarını belə onlardan əsirgəmirlər.

Uzun illərdən sonra qürur  yerimiz olan müqəddəs torpağımız Xankəndidə fəaliyyətə başlayan Qarabaq Universitetinə AMK nın bir neçə əməkdaşı getmiş və orda iş fəalıyyətinə başlamışdır.Bu da AMK ailəsi üçün böyük iftixar və sevinc hissi aşılayır.

Azərbaycan Milli Konservatoriyasının reallığı, prinsipləri və ənənələri sonsuzdur. Əvvəla başlıca məqsəd Azərbaycan mİlli musiqisini, muğamı, milli musiqi alətlərimizin qorunması, AMK da fəaliyyət göstərən milli musiqi alətləri labarotiyası, muğamı son dərəcə yüksək peşəkarlıqla tədris edən sənətkarlar, öz işinin, peşəsinin incisi olan bir -birindən istedadlı müəllim, professor ordusu bütün bu dediklərimə zəmin yaradır.

Bu sadaladıqlarım Azərbaycan mədəniyyətinə gərəkli bir amildir. Bİzim mənəvi dəyərlərimizdən biri də mən deyərdim ki gərəklilərindın biri olan milli musiqimizdir.

Bayağı musiqilərdən, anlamsız ifaçılardan uzaq olmaq, musiqimizi qorumaq  borcumuzdu. Bilirik ki, bədxah düşmənlərimiz  bizim musiqimizə əl uzadır, onu dünyanın hər bir yerində öz adina çıxır. Əlbəttə, Azərbaycan musiqisini öz çalarlarında öz gözəlliyində tərənnüm edən bir nəsil yetişdirilməlidir. Hansı ki Azərbaycan Milli Konservatoriyasının başlıca prinsipi elə bundan ibarətdir.

Məni bu yazını yazmağa vadar edən bir başqa məqam var. Düşünürəm ki,  bu sayaq nailiyyətlər nə dərəcədə təqdirəlayiqdir. Bir işin öhdəsindən yalnız bu cür gözəl incəliklə gəlmək mümkündürmü? 

Bəli Mümkündür Azərbaycan Milli Konservatoriyası ailəsi bu müqəddəs işdə başı ucadır.

Bu günlərdə Azərbaycan Milli Konservatoriyasının yaradıcısı və butun sadaladıqlarıma nail olan insan, təkcə Azərbaycan Musiqi təhsilində deyil, Azərbaycan mədəniyyətinə, incəsənətinə gərəkli olan xalq Artisti Siyavuş Kəriminin 70 yaşı tamam olur.

iyavuş Kərimi Rafiq Babayev ənənəsindən gələn gözəl sənətkarımızdır. Həzin melodiyalar yaradıb, ürəklərə yola tapan sənətkarımızdır.

AMK haqqında mən bir neçə silsilə yazılar yazmışam. Bu yazıları mənə yazmağa vadar edən Azərbaycan Milli Konservatoriyasının abu-havası, burda olan sənətkarlar və ən başlıcası Siyavuş Kərimi ozu olub. Çünki hər gün bir rektorun öz sənət dostlarına, tələbələrə, personala olan diqqət və qayğısı mənə elə gəlir ki danilmaz bir həqiqətdir.

Mən Azərbaycan Milli Konservatoriyası haqqında ümumi mülahizələrimi yazaraq,

mədəniyyətimiz adına Siyavuş Kərimiyə təşəkkür etmək istəyirəm.

Çünki nəticədə  uzun illərin səyi və gecə-gündüz çalışmaqla, öz ətrafına doğru kadrlar toplamaqla o, musiqi təhsili üçün Azərbaycan milli irsi, ənənəsi, mədəniyyəti,  üçün çox böyük bir töhvə bəxş edə bilib.

70 ilin astanasında olan xalq artisti, Azərbaycan İncəsənəti üçün əvəzedilməz sənətkar, gözəl bəstəkar, Şərəf və Şöjrət ordenləri ilə təltif olunmuş,

bütün bu titulların fövqündə duran ali insanlığa malik Siyavuş Kərimini təbrik edir, Azərbaycan Milli Konservatoriyasının böyük nəaliyyətlərini davam etdirmək, daha böyük ucalıqlara yol açmağı diləyirəm.

Gözəl bəstəkar xalq artisti Siyavuş Kərimiyə 70 yaşın astanasında daima yaradıcılıq uğurları və yenilikləri arzu edirəm. Musiqi mədəniyyətimizi qorumaqda olan Azərbaycan Milli Koservatoriyası daha uca məqamlara yetişərək onu daima fərəhləndirsin.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Friday, 01 November 2024 11:33

Heydər Əliyev və Səməd Vurğun ocağı

“Ədəbiyyat və incəsənət” portalı filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Heydər Əliyev və Səməd Vurğun ocağı” məqaləsini təqdim edir. Burada Ümummilli liderin Səməd Vurğunun ailəsinə göstərdiyi diqqət və qayğı barədə söz açılır.

 

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin ustad şair Səməd Vurğun şəxsiyyəti və yaradıcılığına olan ehtiramı, məlum olduğu kimi, onun ocağından nur alanlara-övladlarına münasibətdə da davam etmişdir. Bunu Yusif Səmədoğlunun 60 illik yubileyindəki çıxışında ulu öndər özü də təsdiq edirdi:  Səməd Vurğunun bütün ailəsinə mən həmişə böyük hörmət-ehtiramla münasibət göstərmişəm. Gənc vaxtlarımdan Səməd Vurğunun şeirlərini, əsərlərini sevərək onların təsiri altında həm təhsil almışam, həm formalaşmışam. Ona görə də onun ədəbi irsinə Azərbaycanda həmişə böyük hörmət edilməsi və ondan istifadə olunması üçün bütün imkanlardan istifadə edib lazımi tədbirlərin görülməsinə çalışmışam".

H.Əliyev çıxışında Yusif Səmədoğlunun  ədəbiyyatımız və mədəniyyətimiz qarşısındakı xidmətlərini, bir yazıçı kimi özünəməxsusluğunu yüksək dəyərləndirməklə yanaşı, onun Vurğun ocağına mənsubluğunu da xüsusi vurğulayır, deyirdi: "Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü  böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir. Bəlkə, elə bu bəs olardı. Ancaq, bununla yanaşı, bu kökün üstündə, bu ailə ab-havasının içində böyüyüb, ərsəyə gəlib atasının yolunu davam etdirmək və cəmiyyətdə özünəməxsus, məhz özünəməxsus yer tutmaq, bu, böyük xoşbəxtlikdir, cəmiyyətimizin içində insan üçün, şübhəsiz ki, nemətdir".

H.Əliyev çıxışının davamında yenə də ata ilə oğul arasında paralellər aparır: S.Vurğuna Azərbaycan xalqının hədsiz məhəbbəti, hörmət və ehtiramınıı xatırladır. XX əsrdə mədəniyyətimizdə, ədəbiyyatımızda, ictimai-siyasi həyatımızda Səməd Vurğunun xidmətlərinin böyüklüyü səbəbindən xalqın onu sağlığında da sevib ona sitayiş etdiyinə şahidlik edir. Əlavə edir: "İndi artıq 40 ildir ki, o, dünyasını dəyişib, ancaq xalq nəinki onu unutmur, daim onun yaradıcılığından bəhrələnir, onun əsərlərini sevə-sevə oxuyur, onun əsərlərinin təsiri altında tərbiyələnir. Bu gün müstəqil Azərbaycanda milli azadlıq şəraitində, müstəqillik şəraitində Səməd Vurğunun əsərləri bizim hamımız üçün və xüsusən gələcək nəsil üçün, bu günün gənc nəsli üçün böyük bir sərvətdir. Ona görə də bu gün biz Yusifin yubileyini qeyd edərkən bütün Səməd Vurğun ailəsinin hamısına öz ehtiramımızı, öz hörmətimizi bildiririk. Mən Yusifi doğmuş, dünyaya gətirmiş, bəsləmiş, böyütmüş, onu tərbiyə etmiş Xavər xanımı təbrik edirəm. Səməd Vurğunun bütün ailəsini təbrik edirəm. Şükürlər olsun ki, Səməd Vurğunun ailəsi artıq bir neçə nəsildən ibarətdir... Bu ailə mühitində, Səməd Vurğun ab-havasında yaşamış, böyümüş övladlar Səməd Vurğuna layiqdirlər və bu gün Yusifin yubileyini qeyd edəndə, güman edirəm, onun üçün ən yüksək qiymət odur ki, atasının adına layiqdir. Həm yaradıcılığı ilə, yaratdığı əsərlərlə, həm ictimai-siyasi fəaliyyəti ilə, həm də ziyalılığı ilə, davranışı ilə, insanlara münasibəti ilə atasının adına layiqdir. Güman edirəm, bu, ən yüksək qiymətdir".

Göründüyü kimi, H.Əliyev Y.Səmədoğlunun ən böyük  xüsusiyyəti və dəyərini onun "həm yaradıcılığı, həm  ictimai-siyasi fəaliyyəti, həm də ziyalılığı ilə atasının adına layiq övlad" olmasında görür və  onun  atasının yolunu davam etdirməsini-ədəbi xələfi olmasını,  hətta, qəhrəmanlıq sayır, deyir ki, atasının yolu ilə gedib, atasının ədəbi xələfi olaraq, onun işini davam etdirərək, özünü ədəbiyyata, mədəniyyətə həsr etmək böyük bir şərtdir, deyə bilərəm ki, böyük bir qəhrəmanlıqdır.

Bu yanaşma ulu öndərin, bir tərəfdən ustad şairin şəxsiyyəti və yaradıcılığına sevgisindən qaynaqlanırdısa, digər tərəfdən şairin övladlarının özlərinin yaradıcılığı, xalqa xidməti və şəxsiyyətləri ilə bağlı olmuşdur.

Ulu öndər paralelləri davam etdirir: Y.Səmədoğlunun çox istedadlı yazıçı olmasından əlavə, atası kimi, "böyük   ictimai-siyasi  xadim" olduğunu da xatırladır və əlavə edir ki, Səməd Vurğunu da biz, təkcə şair kimi, alim kimi, yazıçı kimi yox, eyni zamanda, böyük bir ictimai-siyasi xadim kimi həmişə xatırlayırıq və o, tariximizə belə daxil olubdur. Ən gənc yaşlarından Azərbaycanın o dövrdəki ictimai-siyasi həyatında çox böyük fəaliyyət göstərmişdir.

1980-1990-cı illərin Xalq hərəkatında Y.Səmədoğlunun fəaliyyətini xüsusi vurğulayan H.Əliyev deyirdi: "Azərbaycanın həyatı üçün və xüsusən son illərdə Azərbaycanda milli azadlıq hərəkatının inkişafı üçün, xalqımızda milli dirçəliş, milli oyanış hisslərinin yaranması və inkişafı üçün, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə üçün onun fəaliyyəti çox əhəmiyyətli, çox gərəkli olmuşdur. Əgər 80-ci illərin sonunda – 90-cı illərin əvvəllərində Azərbaycanda coşub qalxmış xalq hərəkatından danışırıqsa, burada biz Yusif Səmədoğlunun fəaliyyətini xüsusi qeyd etməliyik. Bir hörmətli insan kimi, ziyalı kimi o, həmin illərdə böyük rol oynadı və onun öz adı da, atasının adı da o vaxt bizim milli azadlıq hərəkatımıza çox böyük kömək etdi".

H.Əliyev ardınca Moskvada təcrid olunmuş şəraitdə yaşadığı vaxt 1990-cı ilin qanlı yanvar gecəsini – Y.Səmədoğlunun "Azadlıq" radiosu ilə bağlı məlum çıxışını xatırladır. Əlavə edir ki, Azərbaycanın o ağır dövründə, 20 Yanvar faciəsi ərəfəsində və 20 Yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox olub. Onun böyük siyasi fəaliyyəti də ancaq elə o illərdə, o dövrlərdə başladı və bu da məhz Azərbaycanda milli azadlıq hərəkatına təkan verməkdən, Azərbaycanı müstəqillik yolu ilə aparmağa səy göstərməkdən ibarət olmuşdur. Bunların hamısına görə də, bir daha deyirəm, Yusif atasının adına layiqdir. Eyni zamanda onun özünün yüksək adı var. Bütün bunlara görə də bizim ictimaiyyətdə, xalq içində Yusif böyük hörmət qazanıbdır və şəxsən mənim də ona bir yazıçı kimi, ictimai-siyasi xadim kimi, insan kimi böyük hörmət və ehtiramım var"...

H.Əliyev çıxışının davamında S.Vurğunun  şəxsiyyəti və yaradıcılığına, eləcə də  ailəsinə olan hörmətinə görə onun ailəsindən də özünə qarşı həmişə hörmət və ehtiram gördüyünü diqqətə çatdırır, şairin ailəsi ilə görüşlərini özü üçün "ən əziz xatirələrdən" hesab edir və belə əziz xatirələrdən birini, eyni zamanda ibrətamiz bir  hadisəni –1990-cı ildə Moskvadan qayıtdıqdan sonra Naxçıvanda təcrid olunmuş çox ağır şəraitdə yaşadığı vaxt yanına,  gözləmədiyi halda Aybəniz Vurğunqızının gəldiyini xatırladır. Əvvəlcə Aybəniz xanımın kiminləsə işi olduğundan Naxçıvana gəldiyini güman edən Ümummilli liderə sonradan məlum olur ki, o, yalnız  Ulu öndəri "görüb, salam vermək üçün" gəlib. H.Əliyevin yanına o vaxt çoxları getsə də, bu görüş onun üçün, özünün də etiraf etdiyi kimi,  çox qiymətli olub: "Ona görə ki, o, Səməd Vurğun ailəsinin nümayəndəsidir. Bir də ona görə ki, Naxçıvan ağır şəraitdə idi, təyyarələrin gediş-gəlişi çox çətin idi. Görün, qadın yalnız mənə salam vermək, mənimlə görüşmək  üçün gəlmişdir. Bu, məni həm sevindirdi, həm də bir daha təsdiq etdi ki, yaxşı insanlar, saf ürəkli insanlar bizim cəmiyyətimizdə çoxluq təşkil edir...

Mən bu faktı yüksək qiymətləndirməyimə görə xatırlayıram. Ona görə xatırlayıram ki, bu, Səməd Vurğun ailəsidir. Həmin görüşdə mən Səməd Vurğunu bir daha yaxından hiss etdim. Bunların hamısı bizi bir-birimizə mehriban, sadiq olmağa dəvət edir".

H.Əliyev Aybəniz Vurğunqızının "yüksək keyfiyyətə malik bu nəcib hərəkəti"ndən digər insanların ibrət götürməsini də tövsiyə edir. O, şairin övladlarının ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında, eləcə də müstəqilliyimizin qazanılması sahəsində öz fəaliyyətlərini yüksək dəyərləndirməklə yanaşı, onların atalarından gələn genetik kodların (istedadın, cəsarətin, xeyirxahlığın, nəcibliyin) daşıyıcıları olduqlarını  xatırlatmağı da lazım bilir...

Yeri gəlmişkən, xatırladaq ki, H.Əliyev S.Vurğunun ədəbi irsinə hörmətlə yanaşmaqla yanaşı, şairin ailə üzvlərini də daim diqqətində saxlamış, onların ağır günlərində yardımçısı olmuşdur. H.Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrlərdə şairin ailəsinin onun qayğı və diqqətini hiss etdiyini təsdiqləyən S.Vurğunun həyat yoldaşı Xavər xanım  şairin ev-muzeyinin məhz H.Əliyevin təşəbbüsü ilə yaradıldığını, onun açılışdan qabaq muzeyə gəlib təmirlə maraqlandığını, şairin ailə üzvləri ilə görüşdüyünü, hər bir eksponatı diqqətlə nəzərdən keçirdiyini, muzeyin açılışına çox məşhur simaları dəvət etdiyini, şairin 70 illik yubileyini Bakıda və Moskvada təmtəraqla keçirdiyini, eləcə də 1996-cı ildə onun 90 illik yubileyi ilə bağlı xüsusi sərəncam imzaladığını, sərəncamdan sonra bütün bölgələrdə "Səməd Vurğun günləri" keçirildiyini, 1997-ci il martın 6-da, 1975-ci ildə olduğu kimi, muzeyə gəldiyini, o böyük şəxsiyyətin özünün də "Vurğun şeirlərinin vurğunu" olduğunu  diqqətə çatdırır.

 

Yusif Səmədoğlunun ağır xəstəliyə düçar olduğu vaxtlarda H.Əliyevin əlindən gələni əsirgəmədiyi də Xavər xanımın xatirəsində yer alıb: "Mənim möhtərəm prezidentim Yusifi Bakıya qayıdandan sonra da (Almaniyada müayinədən qayıtdıqdan sonra-A.S.) nəzarəti altında saxlayırdı. Hətta xəstəxanada yatanda da ona baş çəkməyə getmişdi. Ona deyirdi ki, səninçün hər şey edəcəyəm. Moskvadan Yusifə baxmağa xüsusi həkim də gətirtmişdi. Mən hiss edirdim ki, o, mənim qayğıma bir qardaş kimi qalır. Yusifə həmin vaxt "Xalq yazıçısı" fəxri adı və "Şöhrət" ordeni də verdi. Vəfatından sonra da onun yaşadığı binaya xatirə lövhəsinin vurulması və məzarüstü abidəsinin düzəldilməsi barədə sərəncam verdi. Yusifə əsl ata qayğısı göstərdi. Heydər Əliyevin fərmanı ilə oğlum Vaqif Azərbaycanın "Xalq şairi", mən və qızım Aybəniz "Əməkdar mədəniyyət işçisi" fəxri adına və prezident təqaüdünə layiq görülmüşük. Mən belə bir dahini, belə bir qayğıkeş insanı necə unuda bilərəm"...

Şairlər özlərindən sonra bir "iz qoymaq" istəyi ilə yazıb yaradar-ömür xərcləyərlər... və "iz" adı altında da, təbii ki, əsərlərini ("əsər" sözünün mənası da elə "iz" deməkdir) nəzərdə tutarlar. Ustad şair və böyük şəxsiyyət Səməd Vurğun isə "iz qoymaq" seçiminə bir qədər fərqli yanaşıb: o, istiqbala (özündən sonraya-gələcəyə) əsərləri ilə yanaşı, övladlarını da (öz ifadəsi ilə desək, şöhrətini, heykəlini, adını yox) yadigar qoymaq istəyində olub. Bəlkə, şair övladlarının ədəbiyyat adamı olacaqlarını heç xəyalına da gətirməyib, onların sənətindən-peşəsindən asılı olmayaraq, zamanın sınağından üzüağ çıxmalarını, şərəfli ömür sürmələrini, vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb. Lakin, zaman şairin arzusunu "korrektə edib". Tale elə gətirib ki, övladları (Yusif və Vaqif Səmədoğlular) atalarının həm "ədəbi xələfi"nə, həm də ictimai-siyasi sahədə davamçısına çevrilib. Başqa sözlə, şairin həm öz əsərləri zamanın sınağından üzüağ çıxıb-poetik düsturunu verdiyi azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin təməl prinsiplərindən birinə çevrilmiş, həm də övladları atalarının yolunu (həm sənət, həm də ictimai-siyasi baxımdan) şərəflə davam etdirmişlər. Azərbaycanda ilk olaraq özünün layiq görüldüyü "Xalq şairi" fəxri adını (təbii ki, "Xalq yazıçısı" adı da eyni statusun daşıyıcısıdır) oğulları da ləyaqətlə daşımaqla yanaşı, müstəqilliyimizin qazanılmasında da yaxından iştirak etmişlər.

Beləliklə də ustad şairin arzusu çin olmuş – o, istiqbala, milli ədəbiyyatımıza və dövlətçiliyimizə "əsərləri və övladları ilə birlikdə" əvəzsiz xidmət göstərmişdir. Bu əvəzolunmaz xidmət isə məhz "bir insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında çox böyük rol oynamış, əsərlərindən bəhrələnmiş, onlardan mənəvi qida almış, ədəbi irsinə Azərbaycanda hörmətlə yanaşılması  və ondan istifadə edilməsi üçün lazımi tədbirlər görmüş" Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində əsl qiymətini almışdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.

Bu gün daha 10 aforizm:

 

Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan.

Y.Simonis

 

İnsan həyatına müdriklik deyil, uğurlar yön verir.

Siseron

 

Kiçik uğurlarınızla qürrələnməyin.

Sokrat

 

Layiq olmadan qazanılan uğurlar narahatlıq doğurur.

H.Spenser

 

Dünyanın böyük adamları öz istəklərinə böyük zəhmət və əziyyət sayəsində çatmışlar.

C.Teylor

 

Rahat yaşamaq və uğur qazanmaq üçün səy göstərmək lazımdır.

A.Tomas

 

İnsan uğur qazana bilməsə də, əgər o, uğur üçün əlindən gələni edibsə, heç vaxt onu qınamaq fikrinə düşməyin.

C.Vaşinqton

 

Kürək çəkməyi bacarana qayıqda həmişə yer tapılar.

Afrika xalqları atalar sözü

 

Uğur qazanmaq üçün bir az da laqeyd olmaq lazımdır.

Alman atalar sözü

 

Səndən hərəkət, məndən bərəkət.

Azərbaycan atalar sözü

 

“Ədəbiyyat və incəsənət”

 (01.11.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.