Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə yolumuz Yardımlıyadır, şair İqbal Nəhmətin yaradıcılıq laboratoriyasına. 

Yeni şeirində nədən bəhs edir şair? “Sizi deyə bilmərəm, Bizi gözdən saldılar” gileyinin arxasındakılar nədir? Əlbəttə ki, yurdsevər, insansevər şair rastlaşdığı neqativliklərlə barışa bilməz.

Buyurun, oxuyun! 

 

 

SADƏ ŞEİR

 

Deməyə söz qalmadı,

Sözü gözdən saldılar.

Qızardı ağarmadı,

Üzü gözdən saldılar.

 

Söndürdülər ocağı,

İsitdilər qucağı,

Ana gəzdi budağı,

Qızı gözdən saldılar.

 

Şeytan ilə əldilər,

Sonra dinə gəldilər,

Əyilib-düzəldilər,

Dizi gözdən saldılar.

 

Bahara küs dedilər,

Payıza sus dedilər,

Küləyə əs dedilər,

Tozu gözdən saldılar.

 

Düzü əyə bilmərəm,

Gözü döyə bilmərəm,

Sizi deyə bilmərəm,

Bizi gözdən saldılar.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə Allahşükür Ağanın şeirlərini təqdim edəcək.

 

 

PƏNCƏRƏDƏ HƏYAT

 

Pəncərədən gözəl görünür həyat,

Baxıb deyərsən ki,

Mən də uşaqlar kimi qartopu oynaya bilərdim,

Amma istəmədim.

Atları elə çapardım ki,

Ayaqların səsində tanış bir ritmi tuta bilərdim.

Dedim, nəyimə lazım,

Mən ki onu əbədi saxlaya bilməyəcəm.

Pəncərədən baxırsan, sanki

Qatarda yorğun bir bələdçi ilə söhbət eləyirsən.

Məsələn, qatar Bakıya saat neçədə çatır,

Sualını verirsən.

Onsuz da özün bilirsən.

Ancaq onun deməyi sənə ləzzət eləyir.

Pəncərədən baxırsan,

Pişik pəncəsini yalayır.

Qovsan onu, ancaq qar üstündə

Ayaq izləri qalar.

Baxıb düşünürsən:

Bu pişiyin nə gözəl xətti var.

 

 

PƏNCƏRƏDƏN GÖZƏL GÖRÜNÜR PAYIZ...

 

Ayrılıqlar yağır meşəyə,

Kirpiklər toxunur şüşəyə,

Uzaqdan, lap uzaqdan,

Gözəl səslənir nəğmə.

 

Ayrılıqlar yağır meşəyə,

Küləklər yarpağı endirir göyə.

Uzaqdan gözəl görünür  payız,

Xüsusən pəncərədən baxanda.

 

Ayrılıqlar yağır meşəyə,

Quşlar ayrılığı qaldırır göyə,

Lakin  ayaqlarının şəkilləri

Payız yağışıtək  tökülür gölə.

Uzaqdan gözəl görünür ayaqlar...

 

Ayrılıqlar yağır meşəyə,

Pəncərədən gözəl görünür payız.

Bəlkə də, payız deyir,

Pəncərədə gözəl görünür bir qız...

 

 

QÜRBƏT

 

İçimi üşüdür qürbət,

Mən vətəndən uzaqda deyiləm axı,

Bəs nədir içimi yeyən?

O buz dağı.

 

Bir dostum da var –

Adı da Qürbət,

Şirin söhbət,

Dili şərbət,

Başdan-ayağa sevgi –

məhəbbət.

 

Buralar od tutub yanır,

Bəs məni üşüdən nədir, görən?

Barmaqlarım sanki buz kimi,

Sallanır əllərimdən.

 

Gözlərim donmuş damcıdır,

Nə vaxt isinər, görən?

 

Lap uzaqda bir ayrılıq var,

Bax,onu indidən

Görürəm mən.

Qorxudan

Donuram

Mən...

 

 

XOŞBƏXTLİK

 

Könlüm deyir ki,

Bir saman qoxusu olsa,

Burnunun ucuna tutub

Xoşbəxtlik  iksiri  kimi

Yaşamaq olar.

 

Könlüm deyir ki,

Dükanın qabağında çömələn pişiyin

Xoşbəxtliyini  düşünə bilsən,

Bütün bazarı

Evinə daşımaq olar.

 

İndi evə əlidolu  gedirəm,

Bu gün bir uşağın  atasının əlindən tutub

Atıla-atıla getdiyini  görmüşəm.

Gözlərim bu xoşbəxtliyi gördüyünəgörə

Allaha min dəfə şükür eləmişəm.

Düşünürəm, elə beləcə də yatacam,

Uşaqlarım üzümdə  

Həmin uşağı görüb sevinəcəklər,

Bugünlük bəsimdi...

 

 

QAPI AÇARAM İŞIĞA

 

Divara qurban olum,

Sirr yaşayır daşında.

Bir vaxt türmə divarıydı,

Müşfiq var yaddaşında.

 

Divarın o üzündə,

Adam gəzir gün işığı.

Bir çiçək boy atıbdı,

Boynunda sarmaşığı.

 

Suvağının altında

Gizli şeirlər yazılıb.

Şipşirin arzuların

Qəbri divarda qazılıb.

 

Əlimi sürtdüm divara,

Döndüm qərib aşığa.

Dırnağımla qazaram,

Qapı açaram işığa.

 

 

BİR SAATA QAYIDIRAM

 

Açılan  səhərlərin atəş üzünə and olsun,

Mən öləndən sonra yazıram şeirlərimi.

Məsələn, bir saatlıq ölürəm.

Gedib  şeir gətirirəm bir saatlığa,

Çiçək dəstələri kimi,

Sonra dirilirəm.

 

Mənim  şeirlərim bu dünyada olmur,

Ölürəm, açılır başqa bir sabah,

Başqa bir pəncərə…

Ölməklə sağ olmağın arasında

Nazik bir qapı var.

Nə kilidi var, nə  açarı.

Gedirəm, açılır,

Gəlirəm,

Bağlanır.

Dayanın, bir dəqiqə,

Yenə  gedirəm

Sizə şeir gətirməyə.

Burda olun,

Bir saata qayıdıram.

 

 

TOP-XATİRƏ

 

Uşaqlıq illərində

ev dərdi,

maşın dərdi,

çörək dərdi

bilməzdim.

Bütün qayğılardan da uzağıydım

atalı,

analı uşaqlar kimi.

 

Öz dünyama qapılardım.

Dan yerinin sökülməsini

həsrətlə gözləyərdim.

Qızarmış üfüq günəşi top kimi atardı

göy üzünə.

Günəş uçardı rəqib qapısına –

günbatana...

 

 

NƏĞMƏ

 

Quzu otaranın,

Dərsə gedənin,

Gedən qatarın,

Şeiri çap olunmayan şairin

Dodağında bir göyərmiş nəğmə var...

 

Adamı o nəğmə yaman yandırır,

Nə quzular başa düşər onu,

Nə getdiyi məktəb,

Nə sərnişin,

Nə də oxucu.

 

İllah ki, şair kənd şairi ola,

İllah da  biləsən  bu quzuları qəssablar sevir,

Qatarlar səni ayırır

Və kənd adamları deyirlər,

Əsl şair şəhərdə yaşayar,

Allahşükür, səni yandıracaq

Bu nəğmə,

Başına çarə qıl...

 

 

ŞƏKİL

 

Mən səni yadımda belə saxladım,

Danışıb eləmə, şəkil kimi qal.

Əlini tərpətmə, gəl keç yanımdan,

Gördün, darıxırsan, xəyallara dal.

 

Şəklin xəyalları çox dərin olur,

Nəyi düşünürsən, götür özünə.

Guya ki, bu səhər gəlin köçürsən,

Şəklini örtüktək dur çək üzünə.

 

Gözündə qəribə kədər varıydı,

Güldürmə, qoy elə eləcə qalsın.

Xalqın gəlinləri böyüyüb getsin,

Qoy mənim sevdiyim balaca qalsın.

 

Bir axşam üzündə qəmi sındırıb,

Anan söyləməsin Allaha şükür.

Bax onda gözündə şəklini cırıb,

Verər küləklərə bu Allahşükür...

 

 

AXTARIŞ

 

Soyuqdan soruşuram:

– İstiliyin hanı?

– Şimşəkdə qalıb, – deyir.

Şimşəkdən soruşuram:

– İstiliyin hanı?

– Günəşdə qalıb, – deyir.

Günəşdən soruşuram:

– Şəfəqin hanı?

– Körpə bu uşaqda qalıb, – deyir.

Körpədən soruşuram,

Gülümsünür...

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

15.

MÜTALİƏYƏ AYRILAN ZAMAN

 

Biz uşaq, yeniyetmə və gənclərə kitab oxumağın faydalarını izah etdik və onları mütaliəyə təşviq etdik. İndi sual olunur. Onlar mütaliəyə nə qədər vaxt ayırmalıdırlar? Bir şəxs gününün neçə saatını mütaliəyə sərf etməlidir?

Bəri başdan qeyd edək ki, mütəxəssilər “kitabın üzərinə döşənməyin” əleyhinə çıxırlar. Çünki kitabı birbaşa, aramsız oxuduqda mütaliə özünün bütün qiymətli cəhətlərini itirir. Belədə, oxucu əsərdəki hisslərlə yaşamağa, həyəcan keçirməyə, əsərin ideya məzmunu, bədii sənətkarlığı haqqında dərindən düşünməyə, ondan zövq almağa macal tapmır. Fasilə və aramla edilən mütaliə daha çox fayda verir, onun təsiri bir o qədər qüvvətli olur.

Bu barədə hazırda yaşadığımız 3-cü minilliyin öz tələbləri var, şimal qonşumuz Rusiyanın nüfuzlu yazıçısı, tanınmış “Qazeta.ru” saytının  kreativ redaktoru Yeqor İvanovun nəzəriyyəsini bir çox mənbələr daim iqtibas kimi gətirirlər. Bu nəzəriyyəyə görə, özündə mütaliə vərdişi formalaşdırmaq üçün ilk dəfədə mütaliəyə hər gün 15 dəqiqə vaxt ayırmaq daha effektlidir.  Dövrdəki vaxt qıtlığı, klikabel təfəkkürün təhrifi insanları bir şeyə, tutalım məhz mütaliəyə fokuslanmağa qoymur. Ona görə də, özündə kitaboxuma vərdişi formalaşdırmağına birdən-birə çox vaxt ayırmaq əsla fayda verməyəcək. Hər gün mütəmadi olaraq 15 dəqiqə oxusanız, beyin tədricən bu prosesə alışacaq. Tədricən mütaliə vaxtını 30 dəqiqəyə qədər artırıb bunu özünüzün gündəlik minimumunuz edə bilərsiniz.

Mütaliə üçün ən uyğun vaxt səhərdir, çünki bu vaxtlarda insan özündə güc axını hiss edir. Zəngli saatı həmişəki vaxtdan yarım saat əvvələ qurub həmin yarım saatı mütaliəyə həsr etmək lazımi effekt verir. Əksinə, gecə yarıyadək gözündən yuxu tökülə-tökülə oxumaq isə sizi tədricən kitabdan itələyə bilər.

 

Növbəti: 16.Mütaliə səmərəliliyi

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

Thursday, 31 October 2024 10:01

“Mutluluk anarşisti” - Hatice Zeynep

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

“Mutluluk anarşisti”

 

Hatice Zeynep

 

Mutlu olmam gerekiyormuş. Keza mutsuz olmam için hiç bir somut gerekçe yokmuş. Somut gerekçe her ne demekse...

Mutlu bir çocukluğum olmuş. İhtiyaçlarım her zaman karşılanmış. Mutlu bir çocukluk nasıl tanımlanır ki?

Hayatımda sorunlar olabilirmiş, buna rağmen mutlu olabileceğim bir çok imkân da varmış, bundan sana ne!

İlaçlar kullanabilirmişim, spor yapabilirmişim, çikolata mutlu edermiş…

Bir mutluluk anarşisti olmaya karar verdiğimden beri içimdeki eleştirel yetişkinle savaştayım. Dışımdaki yetişkinlerde bunları duysam da içimdeki yetişkin, “Bak, gördün mü? Onlar da aynı şeyleri düşünüyor” demediği müddetçe bu eleştirilerin benim için hiç bir önemi yok. Gelin görün, içimdeki yetişkin diyor ki, bana; tatminsiz, şımarık...

Mutluluk anarşisti olmaya karar verdiğimden beri kendime ilkeler koymaya başladım. Her hareketin birtakım sınırları, ilkeleri ve etik değerleri olmalıdır. Bu nedenle tanımlarım da net olmalı. Bu nedenle oluşturduğum bu harekette önce kişisel sözlüğümü oluşturmalıyım.

Anarşizm: konforu çok seven, “ne gerek var yeni şeyler öğrenmeye, değişmeye?”  diyen, kötü ve zarar verici de olsa, “en iyi düzen mevcut düzendir diyen”, diğer olasılıkları, seçenekleri görmek istemeyen zihnimi şoka sokan, sarsan, tokatlayan, yaşadığı ataletten çıkaran her türlü fikir, yaşam tarzı, idea.

Mutluluk: amaç edinilecek en ahmakça hedef. İsteyince gelmeyen, gelince çok kalmayan, kaldığı süre boyunca bir şey öğretmeyen, değişimi sevmeyen, değişimi görünce vaktinden de önce giden kaprisli, kaygılı bir duygu durumu. Bu kadar karmaşanın içinde mutlu değilsek kusurlu olduğumuza inandığımız öğretilerin nesnesi. Nesneleşmeyecek kadar da soyut. Elde edilmez, elde tutulmaz ne menem bir şey.

Mutsuzluk: hakkı çok yenen bir kavram. Varlığı zıttı olan mutluluğun olmadığına işaret ettiği için kimse tarafından hedeflenmeyen, varlığından hoşlanılmayan, gıyabında her türlü mecrada kötü sözler söylenen, suçlanan, kötü davranış ve sözlerin sorumlusu kabul edilen içli bir duygu. Mutsuzluk şu anki dünyada, zannımca, çok mutsuz bir duygudur.

Bu tanımlar ışığında mutluluk anarşisti olmaya mutluluğun şımarık halleri ve mutsuzluğun hazin duruşu nedeniyle karar verdim. Etik olarak mutluluğa saldırmayacağım ve mutsuzluğu göklere çıkarmayacağım. Bu davamın sınırları olacak. Bir gerçek olarak bu ikisine de hak ettiklerinin verilmesini istiyorum artık. Bu konudaki isyanımı anarşist bir tutum dindirebilirdi. Böyle de oldu.

Mutluluk fetişistleri, mutluluğa ulaşmanın erdemi (!) üzerine çok düşündüler. Mutluluğa ulaşmak için elde edilmesi, yapılması gerekenleri sıraladılar. Mutlu çocuk yetiştirmek ebeveynlerin başarı kriteri oldu. Eşimizi, arkadaşımızı, ebeveynimizi, öğretmenlerimizi mutlu edebiliyorsak, “iyi bir insan” olduk. Fakat hayat hiç de böyle olmadı.

Mutsuzluk fetişistleri türedi doğal olarak. Çünkü birileri dedi ki, “yanlış bir şeyler var bu işte”.

Mutluluğa giden yollarda çok kan akıyor, çok can yanıyor ve bu kayıplar mutluluğu garantilemiyor. Dediler ki, mutlu olmak için harcanan çabada mutsuzsak, mutluluk belki de gerçek bir şey değil, bir yalan. Dediler ki, başkasını sürekli mutlu etmek mümkün değil, bu, hedef değil-işlevsiz bir ütopya. Hayatımızda sürekli birilerini mutlu etmeye çalışmak sürekli bir itaate, köleliğe mahkum ediyor. Kölelik, köle olduğuma da, bana da mutluluk getirmiyor. Mutluluk getirmiyorsa, tüm bunlara rağmen mutsuz oluyorsak, tek bir gerçek var; mutsuzluk.

Benim davam da diyor ki, mutluluk, ya da mutsuzluk- her ikisi de gerçekten var. Bu gerçeklik başka bir kapasiteye muhtaç, o da kendini sınırlandırmadan bu gerçeklikleri kabul edecek bir öğreti. Mutluluk uyumu ve tatminkarlığı temsil ediyorsa, yaşamda sürekli mutlu olmamızın tanımı: yaşamda hiç bir şeyden rahatsız olmamaktır. Mutlulukta yaratıcılık, üretkenlik yoktur. Bir şeyleri düzeltmeye, iyileştirmeye çalışmaz. Fakat iyi bir ödüldür. İyi bir şeyler yaptığımızda, iyi bir şeyler olduğunda “aferin” der bize. Bak, şu an seninleyim, bu güzelliklerin tadını çıkaralım.

Mutluluk arzulandığı için gelmemiştir. Güzelliklerin sonucunda gelmesi gerektiği için gelmiştir. Mutsuzluk bir yanlışı temsil eder. Yaşamdaki bir ahenksizliği, zararı gözümüze sokar. Dürter, duyarsızlık görürse zorlar. Mutsuzluğu reddedip mutluyum oyunu oynamaya gör, hiç bir şeyden tat alamaz hale getirir adamı. Israrcıdır, tembeli sevmez.

Sorunlar çözüldüğünde, ya da sorunlar yönetilmeye başlandığında yavaş-yavaş terk eder ortamı. Barınamaz uyum başladığında. İstenmediğini anlar; o kadar asildir. Derdim de bu işte. Her ikisi de güzelliklerle dolu iken ne diye biri göklere çıkarılırken, diğeri yerlere çalınıyor. Bu durum beni mutsuz etti, mutsuzluk “yaz” dedi ve bu yazıyı yazdım. Bu sorunu yazıya dökmüş olmak beni mutlu etti.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı   ADPU-nun pedaqogika üzrə fəlsəfə doktoru Aynur Qafarlının “Sözün mahir xanımı” məqaləsini təqdim edir.

 

 

Ədəbiyyat insanın özüdür. Onun duyğu və düşüncələrini ifadə edən söz varlığının zənginliyindən xəbər verən mənəvi bir dünyadır. Elə bir dünya ki, bu dünyada hər nə varsa qeyri-adi görünür, baxanda isə dünyanın özündə olan bütün qeyri-adiliklərdən seçilir.

 

Əlbəttə, onlar üçün Vətən, millət anlayışı başqalarına nisbətən daha qabarıq şəkildə anlaşılır. Həmin varlıqlar onlara görə varlıqlar içərisində varlıqların varlığı olur. Sevgiləri sözün düzülüşündə səflənərək ətrafdakıları heyrətləndirir, onları vəcdə gətirir. Böyük Ə.Xəqani, N.Gəncəvi, M.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif, X.Natəvan, M.Ə.Sabir və b. öz sözləri ilə həmişəlik xalqımızın yaddaş tarixinə düşərək özlərinə ölməzlik qazanmışlar. Vətənimizi, millətimizi dünyada tanıtmaqla bərabər, həm də sözümüzün və dilimizin keşiyində durmuş, onu yad dillərin qatqısından qorumuşlar (Ə.Xəqani, N.Gəncəvi və M.Gəncəvi burada istisnadır, çünki onlar fars dilində yazmışlar). Onlardan sonra ədəbiyyatımızın keşiyində duranlar öz sələflərinin yolu ilə getmiş, yazmış olduqları əsərlərdə Vətəni və milləti yüksək sevgi və istəklə tərənnüm etmişlər. Sözümüzü və dilimizi sevgilərinə qataraq onu daha da lakonik və şirin etməyi bacarmışlar. Çağdaş poeziyamızda da bu ənənə özünü göstərməkdədir. Onlardan biri də poeziyamızda öz yolu, öz dəsti-xətti olan, bənzərsizliyi ilə seçilən sözün mahir şair xanımı Mahirə Nağıqızı Hüseynovadır.

Mahirə Nağıqızının poeziya dünyasın­dan danışmamışdan öncə onu da bildirməyi özümə borc bildim ki, o, fədakar ana, təcrübəli pedaqoq, sanballı alim və yüksək keyfiyyətlərə malik insandır. Bu baxım­dan da onu mən belə adlandı­rardım: insan-şair, insan-pedaqoq, insan-vətəndaş, insan-ana və ya qadın, insan-alim, insan-dost... Bunların başında isə birinci növbədə, Azərbaycan qadınına məxsus zəriflik, incəlik, gözəllik, saflıq və duruluq durur. Bütün sadaladıqlarım şairin poeziyasına da hoparaq oxucusunu duyğulandırır. Bu mənada Mahirə Nağıqızı bütün əzəməti ilə poeziyasındakı ideyaların tərənnümçüsü rolunda çıxış edə bilir.

Şairin poeziyasını diqqətlə nəzərdən keçirəndə şahidi oluruq ki, onun yaradı­cı­lığı mövzuca rəngarəngdir. Vətən və ana sevgisi isə onun yaradıcılığının ana xəttini təşkil edir. Fikrimizi istedadlı şairin yaradıcılığına müraciət etməklə əsaslandıraq:

Bitər sərhədlərin bu Yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəmisən, üzürsən eşq dənizində,

Sənə məhəbbətim, Vətən, bitmədi.


        “Onun daş nağılı” kitabında verilən “Vətən” şeirindən gətirdiyim bu nümunə­də müəllifin Vətənə olan sevgisinin sonsuzluğu elə-belə söz xatirinə deyilmir. Bu sevgi sonsuzluğun sevgi bələyinə çevrilərək onu üşüməyə qoymur. Həmçinin bu şeirdə Vətən mövzusuna yeni yanaşma duyulur, yəni şair Vətənə ana-bala münasibəti ilə yanaşır. Başqa bir bənddə biz bunu daha aşkar surətdə görə bilirik:

 

                             Ana harayını eşidir hamı,

                             Qadınlar, qızlar da bir ərə dönər.

                             Oğullar seçəcək dost-düşmənini,

                             Hər biri uğrunda səngərə dönər.

 

Göründüyü kimi, şeirdən gətirilmiş bu bənddə müəllif güclü bir yenilik etmişdir. Buna metonomiya-addəyişmə və ya yerdəyişmə də demək olar. Bu yerdəyişmə nədir? Bilirik ki, müharibələr zamanı səngər igidləri-ərləri qorumaq üçün istifadə edilən sığınacaq bir yerdir. Ancaq bu nümunədə müəllifin ərə və səngərə baxışı başqadır. Ana harayını eşidənlər görür ki, burada qadın ər-igid yerində, əsl oğul-ər isə səngər yerindədir. Müəllifin yaratdığı, özü də bir ana-şair kimi yaratdığı qadın-ər və ər-səngər obrazı bu mövzuda yazılan əsərlər içərisində obraz olaraq bir yenilikdir. Mahirə Nağıqızının “Onun daş nağılı” kitabındakı başqa bir şeirindən gətirəcəyimiz nümunə ilə fikrimizi davam etdirək:

 

Atamla yanaşı daş qaldırırdı,

Deyərdi, bu daşlar ocaq daşıdı.

Bezmədi, qəlbində nə gücü vardı,

Anam sinəsində ocaq daşıdı.

 

Belə ki, Azərbaycan-Türk düşüncəsinə görə Vətən, torpaq, eləcə də dil ana adı ilə tanınan varlıqlardır. “Ana Vətən”, “ana torpaq”, “ana dili” birləşmələri dedik­lə­ri­mizi təsdiqləyir. Yurd, ocaq, çıraq varlıqları isə birbaşa ata-baba adı ilə bağlıdır. Baba yurdu, ata ocağı, ata çırağı anlamları dediklərimizin gerçək olduğundan xəbər verir. “Onun daş nağılı” şeirində isə ana obrazı ata obrazı ilə bərabərləşir. Ana başa düşür ki, ocaq nə deməkdir. Ocağın istisinə istilik qatan ocaq daşının qeyri daşlardan fərqi nədir? Ömrü boyu sinəsində ocaq daşımaq da soyuğun istiliklə əvəzlənməsinə işarədir.

“Gedək uzaqlara” adlı şeirində də Mahirə Nağıqızı qadın olmağın müqəddəsli­yini önə çəkərək bu müqəddəsliyi yaşamağın qadın üçün ən yüksək ad və şərəf olduğunu özünəməxsus şəkildə qələmə alır. Şeirin son bəndində bu müqəddəslik real şəkildə öz əksini tapır:

 

...Yenidən başlayaq həyatımıza,

Yenidən yazılsın ömür varağı.

Yenidən yanında müqəddəsləşim,

Yenidən öyrənim qadın olmağı.

 

Zənnimcə, qadına və qadınlığa bu cür münasibət təkcə şairin özünə məxsus deyil. Bu bütünlüklə qadın və qadınlığa aid olan məsələdir. Müəllifin özü isə qadın və qadınlığın rəmzinə çevrilən qadın şair obrazıdır. Müəllifin digər yazılarında da həmişə döyünən, döyünməkdən usanmayan bir ürəyin kövrəkliklə baş-başa vermiş hayqırtısı duyulur.

Şəhidlərə həsr olunan “Şəhid nəğməsi” şeirində biz bu döyüntünü lap çılpaq­lığı ilə hiss edirik. Həmin şeirində də müəllif öz üslubuna sadiq qalaraq Vətən torpaq­larının bütövlüyü yolunda özlərini şəhid etmiş müqəddəs insanların şəhidliyini öz baxış bucağına uyğun olaraq verir. Şəhidləri sadəcə olaraq Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlar kimi yox, həm də onların hər birini Vətən torpağının bir parçası olaraq qələmə alır. Şairə görə onların hər biri bir ünvandır:

Boy vermiş məzarın qəbir daşları,

Bir ömrün daşlaşan arzu-kamıdır.

Onların sağlığı döyüşən əsgər,

Məzarı – Vətənin istehkamıdır.

 

Şəhidlər, şəhidlər! Öz canınızla,

Bizə yol açdınız, dövran verdiniz.

Millətə diz çöküb baş əymək üçün,

Şərəfli, müqəddəs ünvan verdiniz!

 

Şeirin bütün bəndlərində şəhidlərin və şəhidliyin ucalığı göz önünə gətirilir, əbədiyaşarlığı poeziyanın dili ilə qışqırıqsız, bağırtısız, sakit, ancaq yanğı və sevgi ilə qələmə alınır. Müəllif bu əsərində 44 günlük Vətən savaşının millətimizə gətirdiyi başucalığı ünvanını obrazlı olaraq şəhidlərin igidliyi ilə bağlı olduğunu mətnaltı oxucuya çatdırır.

Bildiyimiz kimi, dövləti dövlət edən onun atributlarıdır. O atributların ən uca sayılanı isə bayraqdır. Harada dövlətin bayrağı dalğalanırsa, deməli, orada Vətən var, Vətən torpaqlarının azadlığı mövcuddur. Məncə, dünyada elə bir xalq olmaz ki, bayrağını sevməsin. Şairlər isə ona şeir həsr etməsin. Azərbaycan xalqı da burada xüsusi olaraq fərqlənir. Tarixdən məlumdur ki, Azərbaycanın söz ustaları üçrəngli müqəddəs bayrağımıza şeirlər yazmışlar. İlk olaraq bu sırada biz Əhməd Cavadın, Cəfər Cabbarlının adlarını xüsusi olaraq vurğulamalıyıq.

Bununla yanaşı, onu da deməliyik ki, çağdaş poeziyamızda da bir sıra söz adamları bayrağımıza böyük sevgilərlə şeirlər yazmışlar. Onlardan biri də xüsusi dəst-xətti ilə seçilən şair Mahirə Nağıqızıdır. Şairin “Al bayrağım” şeiri öz poetik çəkisi ilə seçilən sənət nümunəsidir. Aşağıda şeirdən verəcəyimiz nümunə ilə fikrimizi əsaslandırmağa çalışaq:

                             

                              On illərdir içimiz rənglərini göyərdir,

Yaşamaq haqqımızın əbədi rəmzisən bir...

Ruhumuz-qəlbimizdə asılan dirəyindir,

O dirəkdə uca dur, qal, dalğalan, bayrağım!

 

İllərdir ki, içimizin bayrağımızın rənglərini göyərtməsi, məncə, hələ Sovetlər birliyi dönəmində Azərbaycan şeirində göy, yaşıl rənglərinin adının çəkilməsinin ya­saq edilməsinə sətiraltı bir baxışdır. Bu da əsl söz adamına məxsus olan gedişdir de­sək, yəqin ki yanılmarıq. Müəllifin başqa mövzuda yazdığı şeirlərdə də bu cür ma­raq­­lı epizodların tez-tez şahidi oluruq; şairin dünya poeziyasında əzəli və əbədi mövzulardan biri olan sevgi mövzusunda yazmış olduğu şeirlərindən birinə müraciət edək:

Sevgimizin yaşı varmı?

İçində möhnət qocalır.

Qəm yağışı yağır, kəsmir,

Verdiyin möhlət qocalır.

 

“Qocalır” adlı gəraylıdan gətirdiyimiz bu nümunə özünün orjinallığı ilə seçilən bir nümunədir. Möhnətin və möhlətin qocalması isə Mahirə Nağıqızının poetik çəkisinə şirinlik qatan, işıq salan uğurlu tapıntıdır.

Ümumiyyətlə, Mahirə Nağıqızının demək olar ki, bütün şeirlərində bu cür dolu, sanballı misralara rast gəlmək mümkündür. Bütün bunlar onun şairlik istedadının dərin, güclü və mükəmməl olduğundan xəbər verir.

 

...Bircə anda gəldi-keçdi bu ömür

Bilmədim ki, nəyi-necə yaşadım

Düzəlməyir, düzəlmədi günümüz

Mən bu ömrü elə-belə yaşadım

 

Bu misralar yaşadağı ömürdən narahat olan şair qəlbinin çırpıntılarının bəddi təzahürüdür. Onu tanıdığım qədər və yaxşı tanıyanların dili ilə əminliklə deyə bilərəm ki, Siz bu ömrü ülə-belə yaşamadınız. Sizə can sağlığı, Tanrı verən şərəfli ömür payınıza isə bərəkət diləyirəm. Çağdaş poeziyamızın qadın şairlərinə nümunə olan Mahirə Nağıqızına elmi və bədii yaradıcılığında bol-bol uğurlar arzu edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)                                                                  

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.

Bu gün daha 10 aforizm:

 

Uğur qazanıb yolunu azmayan adam, başqa uğurlar da qazanar.

H.Laski

 

Babanın kim olması deyil, onun nəslinin necə olması əhəmiyyətlidir.

A.Linkoln

 

Uğur qazanmaq üçün əlimizdən gələn hər şeyi etdiyimiz halda, xoşbəxt olmaq üçün heç bir səy göstərmirik.

Lukian

 

Viktor Hüqodan: «Uğur qazanmaq üçün əhəmiyyətli olan nədir: pul, iş ya ağıl?», - deyə soruşduqda, o demişdir: «Təsəvvür edin ki, üçtəkərli maşınınız var. Sizcə, təkərlərdən hansı daha əhəmiyyətlidir?»

Naməlum

 

Uğur istedad, zəhmət və bəxtin birliyindən yaranır.

Naməlum

 

Uğur qazanmaq üçün böyük səbr tələb olunur.

Napoleon

 

Uğur və sevgi cəsurların tərəfindədir.

P.Ovidi

 

Uğur başda əks-səda verir, uğursuzluq ürəkdə.

L.Piter

 

Hər bir insan öz uğurunun memarıdır.

Q.Sallyusti

 

Təbiətə qalib gəlmək üçün əvvəlcə ona itaət etmək lazımdır.

M.Sksiro

 

 “Ədəbiyyat və incəsənət”

 (31.10.2024)

 

Kanada mətbuatı ABŞ-ni müttəfiqlərinə qarşı nankorluqda ittiham etdi – bu barədə “Ədəbiyyat və incəsənət” portalı Diasporla iş üzrə Dövlət Komitəsinə istinadla məlumat verir.

 

Bu, Amerikanın öz müttəfiqinə xəyanət etdiyi ilk hal deyil. Belə ki ABŞ Konqresinin Nümayəndələr palatasından Adam Şiff bu yaxınlarda həmin ölkədəki Azərbaycana məxsus aktivləri hədəfə alan və onları İkinci Qarabağ müharibəsində, eləcə də sonrakı hərbi əməliyyatlarda köçən ermənilərə vermək məqsədi güdən qanun layihəsini Konqresə təqdim edib.

Tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi  və baş direktoru Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində işıq üzü görmüş “Amerikanın qərəzli baxışları” sərlövhəli məqalədə Birləşmiş Ştatların İsrailə münasibətdə hazırkı siyasətini qeyri-səmimi, qarşılıqlı etimaddan məhrum kimi dəyərləndirir. Müəllif Azərbaycanın da bu baxımdan layiq olmadığı analoji ədalətsiz münasibətlə üzləşdiyinə diqqət çəkir.          

Onun fikrincə vaxtilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymamış Ermənistanın Qarabağı və Azərbaycanın 7 rayonunu otuz illik işğalı nəticəsində qaçqın vəziyyətinə düşmüş bir milyona yaxın azərbaycanlı üçün analoji kompensasiya paketi təklif etməməsi amerikalı konqresmenin təşəbbüsünün qüsurlarındandır.

Həmçinin qeyd olunub ki, Azərbaycanın Yaxın və Orta Şərqdə dini radikalizm və terrorizmlə mübarizədə Qərbin sadiq müttəfiqi olmasının, Amerika qoşunlarının Əfqanıstandan təhlükəsiz şəkildə çıxmasına kömək etməsinin müqabilində bu qanunvericilik təşəbbüsünün irəli sürülməsi təəccüb və heyrət doğurur.

Müəllifin qənaətinə görə, ABŞ-nin bu cür davranışı əxlaqi baxımdan qınanılmalı hərəkətdir.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.thej.ca/2024/10/17/americas-biased-perceptions/

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə "Gəncədən Bakıya" layihəsi çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş "Füzuli muğam dünyası" adlı konsert proqramı baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, konsertdə  Beynəlxalq Muğam Mərkəzinin solistləri Kamilə Nəbiyeva, Hüseyn Məlikov, Elnur Mikayılov (kamança), Rəşad İbrahimov (tar), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud), Gəncə Dövlət Filarmoniyasının solistləri Şirxan Cahangirov, Zəminə Mustafayeva, Azər Verdiyev "Bayatı şiraz", "Mahur", "Rast", "Şahnaz" muğamlarını ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

8 Noyabr - Zəfər Günü İstanbulda təntənəli konsert proqramı ilə qeyd ediləcək.

 

AzərTAC xəbər verir ki, tədbir SOCAR və digər qurumların dəstəyi ilə Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunacaq.

 

Konsertdə Xalq artistləri Mənsum İbrahimov və Natiq Şirinovun rəhbərlik etdikləri “Qarabağ” muğam və “Natiq” ritm qruplarının ifasında Azərbaycan musiqiləri səsləndiriləcək.

 

Şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunan gecə noyabrın 5-də İstanbulun ən mötəbər mədəniyyət saraylarından biri olan Atatürk Mədəniyyət Mərkəzinin teatr salonunda keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti, tar ifaçısı Elçin Həşimovla görüş keçirilib.

 

Mərkəzdən AzərTAC-a bildirilib ki, görüşdə tar aləti və onun ifaçılıq ənənələri, peşəkar milli musiqi mədəniyyətinin inkişafında tarın rolu və dünyada təbliği, pedaqoji fəaliyyət, uşaq və gənclərin bədii zövqünün formalaşdırılması istiqamətində söhbət aparılıb.

 

Elçin Həşimov sənətdə ilk addımlarından, tar alətinin milli musiqimizin təbliğində özünəməxsus yerindən, həmçinin ifaçılıq ənənələrindən bəhs edib.

 

Tədbirdə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi, “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Müsabiqəsinin Qran-Pri mükafatçısı Vaqif Təhməzov (nağarada müşayiət Siyavuş Kərimov), Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin 10-cu sinif şagirdi Hüseyn Əliyev müxtəlif musiqi əsərlərini ifa ediblər.

 

Ustad dərsi formatında keçirilmiş görüşdə sənətçi iştirakçıları maraqlandıran sualları cavablandırıb və yeni hazırlanmış musiqi albomunu gənc tar ifaçılarına hədiyyə edib.

 

“Sənətkarın dostu” layihəsi çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə incəsənət xadimlərinin iştirakı ilə paytaxt Bakı və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin təşkili nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.