Super User

Super User

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet"in baş redaktoru, yazıçı, publisist Rəşad Məcid haqqında kitab işıq üzü görüb. 

 

60 illik yubileyi münasibəti ilə onun həyat və yaradıcılığına həsr olunmuş kitabın müəllifləri Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədr müavini, AYB Gənclər Şurasının katibi, Prezident Fondunun ədəbiyyat üzrə birillik təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiq, və mən - DGTYB-nin idarə heyətinin üzvü, AYB Gənclər Şurasının üzvü, Prezident Fondunin ədəbiyyat üzrə birillik təqaüdçüsü, yazıçı Şəfa Vəlidir.

“Qələmli və qələmsiz” Rəşad Məcid portreti” adlı kitabda oxucular Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqda onun ən doğmaları- ailəsi, dostları, müəllimləri, iş yoldaşlarının ürək sözləri, eləcə də müəlliflərin məqalələri vasitəsi ilə dolğun məlumatlar alacaq, qəhrəmanımızı şair, jurnalist olmaqdan əlavə, oğul, tələbə, ata, dost kimi də tanıyacaqlar. Bir insan ziyasının ömürlərə işıq salacağı həqiqətinin anladılması da nəşrin əsas qayələrindəndir. 

“Ön söz”ün müəllifi DGTYB-nin başqanı, Prezident təqaüdçüsü İntiqam Yaşardır. 

Kitab Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə “XAN” nəşriyyatında çap edilib.

Xoş mütaliələr!

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Friday, 01 November 2024 19:17

Cabah Mixaylonun anım günüdür

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Sovet uşaqlarının adını iftixarla çəkdiyi azərbaycanlılardan biri də Mehdi Hüseynzadə olub. "Mixaylo" ləqəbi ilə tanınan Mehdi əslən Məhəmməd Əmin Rəsulzadənin doğulub boya-başa çatdığı Abşeronun Novxanlı kəndindən idi. 

 

22 dekabr 1918-ci ildə dünyaya gəlmişdi. 2 noyabr 1944-ci ildə ikinci dünya müharibəsində qəhrəmancasına həlak olaraq "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülmüşdü.

 

Noyabr ayının 2-si Mixaylonun anım günüdür. Sovetlər birliyi dağılsa da onun  qəhrəmanlıqları yaddaşlarda, haqqında çəkilən filmlərdə yaşayır...

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

NƏRİMAN HƏSƏNZADƏ,

Xalq şairi

 

                   AZƏRBAYCAN

 

Sən əbədi bir ocaqsan, Azərbaycan!

Yaşadıqca yanacaqsan, Azərbaycan!

Beşiyin bir ana qoynu,

Doğma, isti bir qucaqsan, Azərbaycan!

Ruhum mənim, laylam mənim, Azərbaycan!

Bu dünyada dünyam mənim, Azərbaycan!

 

Bu dağ mənim, o dağ mənim vətənimdi,

Tüstülənən ocaq mənim vətənimdi.

Sərhəd-sərhəd bölübdülər,

Bölünməyən torpaq mənim vətənimdi.

Sən mənimsən, mən də sənin, Azərbaycan!

Övladıyıq bir vətənin, Azərbaycan!

 

Zaman! Səs ver, bu günlərin harayına,

Xan Arazın, Ana Kürün harayına.

Biz çatmasaq, kim çatacaq

Qaçqınların, köçkünlərin harayına?!

Sən arxasan, sən dayaqsan, Azərbaycan!

"Qalx"! – deyəndə, qalxacaqsan, Azərbaycan!

 

Gəmilərin göy Xəzərdə üzər keçər,

Şahinlərin səmalarda süzər keçər.

Körpülərin, binaların

paytaxtımı yollar boyu bəzər keçər.

Keçmək olmaz amma səndən, Azərbaycan!

İşıq alır dünya səndən, Azərbaycan!

 

Bir nəğməsən, oxuyuram bu torpaqda,

"Can!" – dedikcə can duyuram bu torpaqda –

Ey ilhamlı səhərlərim,

Sən ki varsan, mən də varam bu torpaqda.

Yellənəcək bayrağımız, Azərbaycan!..

qəddəsdi torpağımız, Azərbaycan!..

 

 

 

 

 BU DÜNYA NƏRDİVANDI

 

Bu dünya nərdivandı,
qalxanda mehribandı,
enəndə nə yamandı...
Görüşdük pillələrdə,
yolun yarısında biz.
n qalxırdın bu dəmdə,
mən enirdim xəbərsiz.
Səni arzularına
qaldırırdı nərdivan.
Məni xatirələrə
endirirdi bu zaman.
Birimiz – günçıxana,
birimiz – günbatana.
Qalxa bilməzdim daha,
nə o güc, nə o taqət.
Sən də enə bilməzdin,
haqlı, haqsız vermişdi
öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
bu görüş heç araya,
Ya sən əvvəl gələydin,
ya mən sonra, dünyaya.

 

 

ŞƏHİDLƏR XİYABANI

 

Dayanın, Şəhidlər Xiyabanıdı,

yas toya qarışıb, toy yasa burda.

Qızıl qumaşlarda qara xonçalar,

nişan gətiriblər bir qıza burda.

 

Nigaran gedənlər yatır xəbərsiz,

yatağı boş qalıb, atı yəhərsiz.

Analar oğulsuz, gəlinlər ərsiz,

nəydi bu müsibət, bu cəza burda?

 

Qızıl qan ləkəsi qalır gül üstə,

bir qurğu qurdular fıtnə-fel üstə.

İl təhvil olubdu qərənfil üstə,

verib öz yerini qış yaza burda.

 

Kim bilir, nə qədər ölən-qalan var,

Vətəndə bir vətən şəhid olan var.

Hələ bir-birini xəbər alan var,–

dil yox, sual verir, göz-gözə burda.

 

Çağırın Babəki bu yasa gəlsin,

Şəhriyar əlində bir əsa gəlsin,

qisas istəyəni qisasa gəlsin,

Yer özü çağırır qisasa burda.

 

Kim belə qarğadı bu bağça-bağa,

qaralar bağlandı min bir budağa.

Sürtüb ağ saçını qara torpağa,

dəyməyin, Nəriman ağlasa burda.

                                   Fevral, 1990

 

 

NƏ QƏRİBƏDİR

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir .
İndi özgələri, yad ehtiramla,
Deyirlər tanış ol. Nə qəribədir ?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim, bu, yadındadır,
Gedərdik, yolumuz, arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
Toxunsa, biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni?

 

 

"GƏZƏYƏN QIZ”

 

R.Həmzətova

 

Səni görübdülər dağüstü parkda,

gün bir az aşağı əyilən vaxtda.

Kinodan çıxanda görüblər səni,

ötürüb harasa bir nəfər səni.

Sonra bir avtobus duracağında,

sonra bir metronun çıxacağında,

sonra bir taksiyə mindiyin yerdə,

sonra da evə gec döndüyün yerdə,

haraya gedibsən göz qoyubdular,

adını “gəzəyən qız” qoyubdular.

Məni gözləyibsən dağüstü parkda,

gün bir az aşağı əyilən vaxtda.

Səni o kinoya mən aparmışam,

özüm ötürmüşəm sonra, qadası.

Od tutub yanağın, üzün yanmasın,

yenə görüşmüşük gedib bir axşam:

əvvəl bir avtobus duracağında,

sonra bir metronun çıxacağında,

sonra bir taksiyə oturmusan sən,

mənim görüşümə gecikdiyindən.

Özüm saxlamışdım bir dəfə səni,

bir az gec ötürdüm mən evə səni.

Gör, necə yerbəyer, necə adbaad,

məni görməyiblər,

                    ay dadi-bidad!

Kinoda iki yer boş qaldı bu gün,

iki tamaşaçı azaldı bu gün.

Getdik... ikimizi itirdi bağlar.

Kinoya getmişdik,

soruşacaqlar:

desələr necəydi?.. De ki, qiyamət!

Desələr nə idi?.. De ki, məhəbbət!

z desən qorxuram... axı, söz olar.

Bu dəfə yalan de, qoy inansınlar.

 

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Cavanşir Yusiflinin böyük  Məhəmməd Füzuli barədə yazısı təqdim edilir.

 

Füzulini dərk etmək, tamı tamına, bir nəfəs qədər ona yaxınlaşmanın ən müxtəlif yolları var. Şübhəsiz ki, bu çox sayda yolların hamısının başında onun öz mətnləri gəlir, ancaq bu mətnlər hardasa dünyaya açıq yox, hermetik mətnlərdir, ən fərqli filoloji şərhlər bitsə də (bəzən Füzuli bu şərhlərdən sonra gəlir, şərhlər sadəcə, maneə rolunu da oynaya bilir, çünki ən azından şərhdə musiqi iştirak etmir, mənanın üzə çıxmasında musiqi əsas məqamdır...), onun öz mətnlərinin dünyanı sarma, onu öz içində əritmə stixiyası bitmir, dayanmır. Füzulini bir mədəni hadisə kimi ən böyük şairlərin zaman içində yaratdığı həlqənin, silsilənin daxilində oxumaq lazımdır. Bu mənada, şübhəsiz ki, o, Hafiz deyildir, yəni ondan sonrakı mərhələlərdən biridir, elə bir mərhələ ki, onda Hafiz və Sədidən heç zaman pozulmayan, daim qəzəl adlı cahanın içində qövr efən nöqtələri barındırır. Hafiz hadisəsi dünyanın ən böyük şairlərini yaradan, bu prosesdə məcburi iştirak edən nəsnədir. Bu silsilənin daxilində həlqələrdən, komponentlərdən biri qaibdən gələn səsdir, digərləri o səsi tamamlayan, sözə çevirən, o sözü yenidən səsli mühitə döndərən həlqələrdir. Bu fəza cismi, qalaktikanın düzümü heç zaman pozulmur. Qədim şairlərin hər biri bir missiyanı yerinə yetirir, gerçəkləşdirir, ilk gənclik, bəlkə də yeniyetməlik illərindən oxuduğuma görə, Füzulini bütün bu prosesin əlifbası kimi qavramışam, əlifbanı bilmədən sonrakı mətnlərin necə, nə üçün yarandığını da fəhm etmək olmaz. Füzuli şairlər içində, bəlkə də ilk dəfə fəzanı göstərir, həm də ulduz əlifbası kimi.

 

*

Füzuli bütün qədim və orta əsrlər ədəbiyyatını daxili təfsir gücündən keçirdiyi kimi, onun özü də bir gün tənqidə və inkara tuş gəlməliydi. Cabbarlının təbirincə desək, Füzuli bir çevrə, ayrıca bir fəza sistemi yaratmışdı. Nəyisə bu dünyadan, gerçəklikdən ayırırsansa, bir gün sən də maneə, əngəl kimi "oxuna" bilərsən. Onun yaratdığı sistemdə mənaların sırası, onların insanı heyrətləndirmək və dünyanı dibindən tanıtmaq şövqü bitmirdi, əbədi stixiya kimi davam edirdi. Hafizdən gələn prinsip: görünməyən, olmayan şeyi göstərmək, dünyanı bu sistemin içinə salmaq sadəcə, gözəl duyğular oyatmırdı, o həm də poeziya elminin əsaslarını qoyurdu. Burdan nə alınır? Füzuli o qədər ciddi poetik və elmi kitablar, risalə və mətnlər oxumuşdu ki, onlardan xilas olmağın yeganə yolu yeni mənayaradıcı sistem yaratmaqda idi.

Poeziya həyatın ümumi ahənginin içindədir, onun qəfil meydana çıxan, boy göstərən məqamlarındadır, yaxud bu ahəngi yaradan məqamdır, şeirsə, şeir yazmaqsa, dünyada ən təhlükəli cəhddir, insan fikir və düşüncəni hansı yollasa ifadə edə bilir, fikir və düşüncənin ifadə qəlibi tez formalaşır duyğuları isə dəqiq ifadə etmək sadəcə, mümkün deyil, istənilən təsadüfdə demək istədiyinin qışqırığı içində qalır, çölə, zahirə çox az şey çıxır, hiss və duyğuları düşüncə qəlibiylə verə bilməsən, yaxud ani sürüşmə təhlükədir, gizlətmək istədiyini üzə çıxardar, nəzərdə tutmadıqlarını elə bir formada deyər ki, məəttəl qalarsan, məhz bu səbəbdən, poeziya, şeir yazmaq unikal sənətdir, unikal təhlükədir, Füzuli bu işin ən böyük ustadıdır, həm də ana dilində...

Hər şeir, onun məhvərindəki texnologiya enerjinin məhz bu texniki göstəriciyə uyar şəkildə hərəkətini, təsir və effektini şərtləndirir. Bəzən, zaman-zaman Füzulinin qəzəllərindəki hansısa bənd qızğın şərh daşqınlarına səbəb olur, niyə bəs daşqın? Çünki bu mübahisə və mülahizələrdə Füzuli ritminin, Füzuli sözünün yalnız bir cəhəti üzərinə vurğu salınır, çox da dərində olmayan detal qabardılır, ən əsas hissə - şairin belə deyək, izmlər içində çıxardığı oyun unudulur. Füzulinin nəyə qarşı olmasının unudulması onu bədii təfəkkür hadisəsi kimi anlamağın qarşısını alır.

Füzuli şeiri, işlətdiyi metafora və digər poetik fiqurların düzülüşü oxucunu bəndə salır, bunu dinləyib ardını gətirməlisən; təqribən, bəzi modern dil yarışmalarında olduğu kimi: hekayəni yarıyacan dinlə və ardını yaz. Yəni Füzuli yazdığı şeirin çox fərqli planlarının olduğunu bilirdi, onda mətnin anlaşılması problemi tam başqa səviyyədə idi. Bu hermenevtik vahidlərdəki zahiri donuşluq toxunan kimi, nəfəs verən kimi hərəkətə gəlir, misra enerjisi və oxucunun buna qoşulması bir-birindən ayrılan və bir-birinin içinə keçən hekayətlər yaradır...

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Düz deyirlər, yaxşı adamlar çox yaşamırlar…

Odur e, bu gün birinin də ad günüdür, 84-nü qeyd edəcək, amma Arif Əmrahoğlu cəmi 60 il yaşadı... 

 

Əslən Gürcüstandan idi. O qədər yaxşı adamdı ki, yaşılığından Yardımlıya da pay düşdü. O vaxt Sakit İlkinin, Ələsgər Cəfərin, Mehdi Həsənovun, Pənah Dumanoğlunun, Mehrəli Mustafanın və s. şairlərin Azərbaycan Yazıçılar Birliyinə üzv olmasında mənə təmənnasız yardım etdi…

 

Çox işıqlı adam idi. On ildir ki, aramızda olmasa da, hələ də yeri görünür…

Yaşasaydı bu günlərdə Arif Əmrahoğlunun 70 yaşı tamam olacaqdı. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Servantes “Don Kixot”un ikinci hissəsini birinci hissədən xeyli sonra yazmışdı. Müasirləri deyirdilər ki, romanın ikinci hissəsi birinci hissədən zəif alınıb. Bu ona görə belə olub ki, ikinci hissəni yazanda Servantes artıq bilirdi ki, o dahidir.

2.

İnsan həm kütləyə aiddir, həm də xalqa. Kütlə onun canı, xalq onun ruhudur.

3.

Təyyarə göydə uçarkən sürəti hiss olunmur. O, yalnız yer üstündə hərəkət edən zaman sürəti duyulur. Təkərlər yerdən ayrıldımı, sürət itir.

4.

Əbədi mühərriki insanlar heç cür icad edə bilməzdilər. Çünki onu Allah artıq icad eləmişdi. Əbədi mühərrik insanın özü idi. Öldükcə doğulurdu və həyatı əbədi bir hərəkətlə davam edirdi.

5.

“Payız sevgisi gəldi gizlicə,

Gizlicə getdi gəldiyi kimi.

Mən elə bildim, bitməz o gecə,

Hər şey olmayır bildiyin kimi.”

6.

Əgər biz İblisə yalnız İblis kimi yox, həm də alçaldılmış və cənnətdən qovulmuş bir mələk kimi baxa bilsəydik...

7.

“Şahin kimi uçdu, getdi, itdi uzaqda,

 Bir həsrətli yuxu imiş bu Oğuz yolu.

Boz ayğırlı Beyrək oldu nöqtə uzaqda,

Kafir qızı hasar üstə, gözləri dolu...”

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 

 

 

 

 

Friday, 01 November 2024 15:04

Gülüş klubunda futbol CBS-də

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Yüksəyə qalxdıqca nişangaha daha rahat düşdüyünü anlamırsanmı?

2.

CBS kanalının şərhçisi Zimbabve çempionatının “Utkutupe” və “Ambrisovya” klublarının matçını şərh edərkən:

-Top “Ambrisovya”nın kapitanı Elbrink Çukrradadır. Elbrink Çukrra irəliləyir, vurur: Qoooooooooollllllll (Var gücü ilə qışqırır). 

Qışqırtı 12 dəqiqə davam etdikdın sonra davam edir:

-Mən “Ambrisovya”nın oyunçularını, məşqçi heyətini, azarkeşlərini, klubun rəhbərliyini, şəxsən Muxtğavanq Şerbuxt müəllimi səmimi qəlbdən təbrik edirəm. 

Muxtğavanq Şerbuxt müəllim klubu ən güclü klublar sırasına çıxarıb. O mətin, cəsarətli, ağıllı, təmkinli, qeyrətli, səxavətli bir şəxsdir. (Matç bitənədək danışır)…

 

P.S. Futbol şərhçilərini məcbur edirlər ki, emosiya ilə danışsınlar. Onlar da emosiyanı qədərindən xeyli çox işlədirlər. 

 

3.

-Bax, Merilin Monro “Max Factor” parfüm kompaniyasının reklam siması oldu. Bax! Camaat hətta ölümündən sonra da özünə iş tapır, sənsə tapa bilmirsən. 

 

4.

O adam hər dəfə güzgüyə baxdıqca Darvinə daha çox inanır. 

 

5.

Deyir, Lerikin Güləndamlı kəndinin sakini Şahverdi Balamoğlanov dünyaya yeni göz açmış oğlunun adını Kopiyirmidoqquz qoyub.

Məlimata görə, Balamoğlanov Kopiyirmidoqquz Şahverdi oğlu hazırda özünü yaxşı hiss edir. 

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Noyabrın 1-2-də Azərbaycan Milli Xalça Muzeyində məktəbəqədər uşaqlar və məktəblilər üçün ekologiya mövzusunda “Çiçəkli buta” əyləncəli proqramı təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir  ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində muzeyin Uşaq şöbəsi tərəfindən keçirilən tədbirdə müxtəlif ustad dərsləri təqdim ediləcək. Bunlara kətan üzərində “yaşıl dünya” rəsm kompozisiyası və qurama texnikasında kollaj, eko yumşaq oyuncaqların, plastik qablardan dibçəklərin, yun və pambıq saplardan qolbaqların hazırlanması, eko çantaların boyanması və s. aiddir.

Proqrama, həmçinin plastik qablardan hazırlanmış kuklaların iştirakı ilə “Məlikməmmədin nağılı” marionet teatr tamaşası və tematik ekskursiya daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

 Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Narqovurmanın hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR:

§ Qovurma – 200 qr

§ Nar – 100 qr

§ Soğan – 100 qr

§ Sarıçiçək (və ya sarıkök)

– 0,1 qr

§ İstiot – 0,05 qr

§ Duz – 4 qr

Xörək əlavəsi:

§ göyərti – 10 qr, nar – 15 qr

 

HAZIRLANMASI:

Qovurma qazana əlavə edilir və qızdırılır. Soğan təmizlənir, yuyulur. 1x1 sm ölçüdə doğranır. Qovurma qay- nara düşdükdə soğan əlavə edilir, qı- zarana yaxın duz, istiot, ədviyyat, nar vurulur və qarışdırılır. 3 dəqiqədən sonra altı söndürülür, ağzı örtülərək 5 dəqiqə müddətində saxlanılır. Süfrəyə veriləndə üzərinə göyərti sə- pilir, yanında nar, turş meyvələrdən hazırlanmış turşular (mət) verilir.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2024)

Zəhra Həsimova, Azərbaycan Dillər Universitetinin magistri, “Ədəbiyyat və incəsənət” üçün

 

 

GİRİŞ

           Bəzən mənə elə gəlir ki, nə isə, ayrı bir işlə məşğul oluram. Bəlkə də bu, heç ədəbiyyat deyil”. Azərbaycan ədəbiyyatının yazıçı və ədəbiyyatşünas ailəsində dünyaya göz açmış yazıçı-dramaturq və görkəmli nəsr ustalarından olan Afaq Məsud müsahibələrindən birində “Niyə məhz ədəbiyyat?” sualına yuxarıdakı cavabı verərək əslində ədəbiyyatın insanın ucsuz-bucaqsız dərinliyinə nüfuz edən əvəzsiz vasitə olduğunu açıq şəkildə ifadə etmişdir. Tələbəlik illərindən etibarən yazmağa başladığı hekayələrində insan , onun taleyi, daxili-mənəvi aləmi, yaşam və ölüm arasındakı incə xətti kiçik detallarla bəzəyən Afaq Məsudun “II İohan” , “Müdir”, “Alman kilsəsi”, “Gecə” , “Qonaqlıq”, “Bekar”, “ Çovğun” “Telefonda işıq”, “Can üstə”, “Üçüncü mərtəbədə”, “Oğru”, “Ədalət”, “Tək”, “Uydurma”, “Sərçələr”, “Dovşanın ölümü”, “Su” və s hekayələrində “insan və cəmiyyət” arasındakı münasibətlər fonunda insanın ekzistensial dəyərlərini ayrı- ayrı problemlər müstəvisində təsvir olunur. Bundan başqa qeyd etmək lazımdır ki, yazıçının hekayələrində “həyat–ölüm”, “insan mahiyyəti” kimi dialektik məfhumlar da ehtiva edilmişdir.

Ekzistensializm 19-cu əsrin ortalarında dominant sistematik fəlsəfəyə qarşı reaksiya olaraq yaranmışdır. Sören Kyerkeqor özü heç vaxt bu termindən istifadə etməməsinə baxmayaraq, ilk ekzistensialist filosof kimi qəbul edilir. Ekzistensialistlər, düşüncələrini dolaysız olaraq öz şəxsi həyatının bir aspektini aydınladan romanlar, dramalar və gündəliklər ilə təsvir edirlər. Ekzistensializmə görə, hər şey insanın özü ilə başlayır və bitir. İnsan situasiyaya görə deyil, situasiya insana görə dəyişməlidir. Bu fərqli situasiyalarda isə insanların öz duyğu və davranışlarına görə mövqe və düşüncələri izah edilir. Azərbaycan ədəbiyyatında da bu Qərb fəlsəfəsinin təsirinə sonrakı dövrlərdə rast gəlinməyə başlamışdır. Qəhrəmanın ölüm qorxusu, pessimist ruhu , ətraf aləmə özgələşməsi və bu özgələşmədən doğan tənhalıq, azadlığa meyillilik, ətrafındakıları önəmsəməməsi ədəbiyyatımızda ekzistensial elementlərin səciyyəsini müəyyənləşdirir.

Hər bir millətin çağdaş nəsrində, bədii mətnlərində dünya ədəbiyyatının minilliklər boyu keçdiyi hadisələr, rastlaşdığı təbəddülatlar zaman keçdikcə bir daha qarşıya çıxır, özünü qabarıq bir şəkildə yansıdır. Avropa ədəbiyyatında XIX əsrin ortalarında yaranan, ədəbiyyatımıza isə müstəqillik illərində nüfuz etməyi bacarmış ekzistensial dəyərlər Afaq Məsudun qəhrəmanlarını da əhatə edir. Ekzistensializm – Azərbaycan ədəbiyyatında qərar tutmayan, Avropa ədəbiyyatı üçün isə doğma sayılan və yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasional, subyektiv, idealist, ədəbi-fəlsəhi cərəyandır. Məlumdur ki, ekzistensial dəyərlər şəxsi varlıqdan başlayır. Afaq Məsudun qəhrəmanları da bu dəyərlər çərçivəsində hərəkət edirlər. İnsanın varlıq ilə yoxluq arasında həqiqət arayışındakı bir “mən” , dünyanın isə bizi Allahdan ayıran sədd deyil, ona qovuşduran körpü olması kimi fikirlər obrazların daxili dünyasının əsasını təşkil edir. ( 2. Səh 29)

Yazıçının “II İohan” hekayəsində artıq varlıq və ölüm arasındakı insan həyatının mahiyyətini dərk edən Papa və hələ də öz “MƏN” inin axtarışında olan iki dost obrazı təsvir edilir. Yaşı ötmüş, ayaqda dura bilməyən Papanın ömrünün son çağlarında adı çəkilməyən və xristianlıq ilə heç bir əlaqəsi olmayan ölkəyə gələrək məhz bu ölkədə dünya müsəlmanları və xristianlarına müraciət etmək istəyini onun varlığın əbədiyyətinin dərk etməsi ilə əlaqələndirmək olar. Dini ekzistensializmə görə, insan ruh və bədənin, əbədiyyət və sonun, müvəqqəti və qalıcının, azadlıq və zərurinin bir sintezidir ( 3. Səh 45 ). Buna görə də, insan tamamlanmış bir varlıq deyil. İnsanın tamamlanması isə tanrıya qovuşmaqdır, başqa bir deyimlə, “mən” ini tapmaqdır. Papa hər ikinin nümayəndələrinə müraciət edərək bu dinlərin birləşməsini xoşbəxtliyə — “həqiqət” ə çatmağın yeganə yolu olduğunu qeyd edir. Hekayədə ,eyni zaman, çərçivəsində “bədənlə ruh”, “gizli ilə aşkar” , “şüur və duyğu” kimi əks qütbləri xarakterizə edən iki dost obrazı oxucuya müxtəlif nöqteyi-nəzərdən baxmağa imkan yaradır. Bu məqamda ekzistensializmin “azadlıq və ümidsizlik” elementlərinin sanki bir qarşıdurmasını görürük. Ümidsizlik insanın azadlıq elementi ilə bağlıdır. Insanlar azad olduğundan, onlar daimi bir seçim ilə qarşılaşırlar. Varlıq prosesində insanlar “mən” olmaq istəyirlər və ya “mən” olmağın məsuliyyətindən çəkinirlər. Əgər insan “mən” ,başqa bir sözlə, özü olmaq istəsə, mütləq öz məhdudiyyətləri ilə qarşılaşacaq və ümidsizliyə düşəcəkdir. Əksinə, bir şəxs özü olmağı qəbul etmirsə, özündən başqası olmağa çalışacaq və bunun nəticəsində daha çox ümidsizliyə düçar olacaq ( 4. Səh 35 ). Havasız və əşyalarla dolu olan salonlara aludə olub monoton həyat tərzi sürən qəhrəmanın bu mərhələyə qədərki keşməkeşli yaşayışı , əzabları və daxili-mənəvi aləmi ilə arasındakı divarlar onun əvvəllər yazdığı şeirlərdəki sözlərin yarada biləcəyi duyğulardan — onu keçmiş həyatına bağlayan “mən”indən qaçmasına gətirib çıxarır. Qısaca, insanın bir sistem və ya məfhuma bağlılığı onu bir çox gerçəkliyi görməzdən gəlməyə vadar edir. Yazıçı həmçinin divarlarla əhatələnməyən insanın fərqində olmadan içərisindəki xislətinə də işarə etmiş, ona edilən, mənəvi dünyasını itirməsinə səbəb ola biləcək təklifə duyulan bir anlıq məmnunluğu vurğulamışdır.

Hər nə qədər fərdi yaradıcılıq məhsulu olsa da, yazıçının hekayələrində yaşadığı dövrün mənəvi-əxlaqi dəyərləri , cəmiyyət və mövcud şərtlərin təsiri də aydın şəkildə təsvir olunur. Yazıçının “Müdir” hekayəsində iki fərqli “mən” arasında qalmış qəhrəmanının güclü psixoloji təməllərə əsaslanan hadisələr fonunda “həqiqət” axtarışı təsvir olunur. Ekzistential və sürrealist ideyalarla işlənmiş qəhrəmanın daxili aləmi ilə çarpışmaları simvolik çalarlarla oxucuya təqdim edilir. Sürrealizmə xas olan sayıqlama, yuxu və gerçəklik arasındakı sərhədlərin aradan qalxması faktları hekayədə diqqət çəkən məqamlardandır. İşdə tanış olduğu “Müdir” i ilə yuxularında görüşən obraz ailəsi ilə arasına sədd çəkir, hətta həyat yoldaşını öldürməyi belə düşünür. Nitsşenin “əxlaq” konsepsiyası mövqeyindən çıxış etsək , düşüncənin mərkəzində insanın yerləşdiyini görərik. Ekzistensializmə görə, insan seçimləri ilə, özünü formalaşdırmaqla azadlığı əldə edə bilər. İnsan ömür boyu mövcudluğuna nəyin yaxşı, nəyin pis təsir etdiyini müəyyən etməyə çalışır. Əgər bir fərd özü üçün zərərli olanı seçirsə və ya üstünlük verirsə, bu zaman “əxlaq” elementindən kənara çıxmış olur (5.Səh 15). Hekayənin qəhrəman bu qarşıdurmalar vəziyyətində daxili “mən” i ilə əlaqəsini itirmir, daim “bəlkə”lərdən istifadə edərək mübarizə edir. Sonda isə arvadının gözlərində absurd həyatının yansımasını görür. İnsanın ətraf aləmə , hətta ailəsinə yadlaşması prosesinə “Çovğun” hekayəsində də rast gəlirik. Səkinə və Qafar obrazlarının bir- birinə olan münasibəti bunun bariz nümunəsidir. Hər iki obraz keçmişdən gələn narahatlıqları bir-birləri ilə paylaşmayaraq bu yadlaşmanın təməlini əks etdirirlər. Onların gün ərzində görüləcək işlərin çox olmasına sevinmələri mühitin insanın daxili aləminə təsir edərək fiziki deyil, mənəvi uzaqlığın necə yaratdığını göstərir. “Çovğun” hekayəsində Qafar kişinin ahıl yaşında təmtərağın mənasızlığını dərk etməsi “II İohan” dakı Papa II İohan Paveli yadımıza salır. O da gəldiyi ölkədə iqamətgahdan imtina etmişdi. Belə məqamda, “üst insan” anlayışını xatırlamaq lazım gəlir. İnsanın seçimləri özünə məxsusdur. İnsan qorxaq və ya cəsur, ağıllı və ya axmaq olmağı seçə bildiyi kimi , maddiyyatla mənəviyyat arasında seçim etməkdə də azaddır. Həmin seçimlər azad fərdin təbiətini təşkil edir ( 8. Səh 35 ). Bu, hər iki obrazın maddi dünyadan əl çəkib həqiqət axtarışı ilə mənəvi dünyaya yönəlməsini göstərir. Mənəvi aləmə yüksəlib Tanrı qatına çatmaq ideyası Qərb fəlsəfəsində Nitsşenin “ali insan” (7. Səh 8 ) ,Şərq fəlsəfəsində isə “kamil insan” olma yolundakı anlayışları Afaq Məsudun hekayələrində özünü açıq şəkildə göstərir. Unutmaq olmaz ki, insan həmişə özü düşündüyündən artıqdır və hər bir insan özünü aşıb ali və ya kamil insan zirvəsinə çatmaq üçün çalışmalıdır.

İnsan və mövcudluğu izah etməkdə ədəbi dilin zənginliklərindən məharətlə istifadə etməyi bacaran Afaq Məsud ekzistensial simvolizmin müxtəlif çalarlarları ilə süslədiyi “Gecə” hekayəsində yuxu, külək arxetipi, imitasiya kimi mifoloji ünsürlərə yer verməklə folklor elementlərini daxili-mənəvi aləmi əks etdirən ayna kimi göstərmişdir. Yuxu hekayədə mənəviyyata açılan qapını, ölümdən sonrakı ölümsüzlüyü simvolizə edir. Hekayənin qəhrəmanı Talıb kişinin yuxuda gördüyü ağ saqqallı və ağ geyimli kişi bizə folklordakı Xızır obrazını xatırladır. Tədqiqatlarda «suyun külək və havanın himayəçisi» kimi təqdim olunan Xızır dastanlarımızda aşiq və məşuqun yuxusuna girərək onlara eşq badəsi içirdir , yalnız bundan sonra dastan qəhrəmanı haqq aşığına çevrilir. Talıb kişinin yuxusunda onu ucsuz-bucaqsız ağ səhraya aparan və qeybə çəkilən bu nurani obrazını haqqa və həqiqətə məhz Xızırın köməyi ilə çatmaq motivi ilə müqayisə etsək, ruh və bədənin sintezi olan insanın maddi – mənəvi aləm ortasında sadəcə bir vasitə olduğunu görmüş oluruq. Hekayədə diqqəti cəlb edən məqamlardan biri də külək arxetipidir. Külək dünyanın yaranmasında nizamlayıcı, təkan verici funksiya daşıması ilə bilinir. Əsərdə külək ölümü simvolizə edir. “Külək nəsə istəyir” cümləsi və Talıb kişinin ölümündən sonra çovğunun bitməsi bunu açıq şəkildə göstərir. Ölümün dünyanın axarını, onun nizamını təşkil etməsi və Talıb kişinin həmin küləyin uğultusunu yuxu ilə gerçəklik anlarında eşitməsini obrazın mövcudluq ilə ölüm arasındakı imitasiyası adlandırmağa imkan verir. Hekayənin qəhrəmanın ölümü ilə yox, yazın gəlib yağışın yağması ilə bitməsi obrazın maddi və mənəvi aləm arasındakı imitasiyası ideyasını bir daha təsdiqləmiş olur. Bunun üçün xüsusilə yaz ayının seçilməsi də təsadüfi görünmür. Yaz ayı mifoloji tədqiqatlarda təkanverici qüvvə kimi həyatın yenilənməsi, keçid dövrü kimi xarakterizə olunur.

Nəticə etibarilə, Azərbaycan ədəbiyyatının görkəmli nəsr ustalarından olan Afaq Məsudun hekayələri istər ümumi məzmunu, istərsə də ən xırda detalları ilə “maddiyyat ilə mənəviyyat”, “yaşam ilə ölüm”, “varlıq və heçlik” kimi ekzistensial dəyərləri oxucuya çatdırmağa, onların insanın daxili aləmi, düşüncənin davranışlar ilə ziddiyyət və bağlılıqları haqqında fikrə yiyələnmələrinə nail olmuşdur. Ekzistensializmin formalaşması ilə birlikdə insan narahatlıq, qorxu, qayğı və seçimləriylə mövcudluğu tamamlamağa çalışan azad varlığa çevrilmişdir. Sonda isə bizi maraqlandıran bir sual meydana çıxır : “ Bəs əsl azadlıq varmı?”. Əgər “azad insan” konsepsiyasına fərdin fiziki davranışlarından asılı olaraq deyil, mənəvi duyğu və düşüncələrin nəzdində baxsaq, yazıçı-dramaturq Afaq Məsudun hekayələrindəki qəhrəmanların “mən” ən məhbus olduğunu görmüş olarıq ki, bu da Nitsşe fəlsəfəsinin “mən” içində “mən” ideyasını ağıllara gətirir. Hər halda, əgər insan nə olduğu barədə biliyə malik olduğunu hesab etsəydi, ekzistensialist fəlsəfə dərhal məhv olmuş olardı.

 

Ədəbiyyat siyahısı

1.     Afaq Məsud Seçilmiş əsərləri 2 cilddə 1-ci cild, Bakı , “Elm və Təhsil”, 2012, 592 s.

2.     Nurəddin Topçu “Varoluş Fəlsəfəsi – Hərəkət Fəlsəfəsi” , “Dərgah Yayınları” , Dekabr- 2010 , 64 s.

3.     Vədat Çələbi. “Kyerkeqor və Yaspersin varoluş fəlsəfəsində ağıl , din və iman ilişkisi”. Erciyes Üniversitesi Felsefe Bölümü. 2015, 123 s.

4.     Vədat Çələbi. "S. Kyerkeqor və J.P.Sartrın varoluş anlayışlarının qarşılaşdırılması". Pamukkale Universiteti, Sosial Bilimler Institutu, Dənizli - 2008, 615 s.

5.     Fridrix Nitsşe “Dəccal” , Xan nəşriyyatı Bakı-2016, səh 120.

6.     Azad Nəbiyev “Filklorda fasiləsiz transfer və yuxu paradiqmaları” Bakı , “Elm və Təhsil” – 2011, 341 s.

7.     Fridrix Nitsşe “Zərdüşt belə deyirdi” Azərbaycan, “Qanun nəşriyyatı” 2016, 434 s.

8.     Əli Şəriəti “Özü olmayan adam” , Türkiyə , “Fecr Yayınları” Fevral 2012, 400 s.

9.      Afaq Məsud rəsmi saytı , hekayələr, “Müdir” hekayəsi . https://www.afaqmesud.az/az/posts/category:10

 

“Ədəbiyyat və insəsənət”

(01.11.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.