Super User

Super User

Hədəf STEAM Liseyi Nəsimi korpusunda Qazaxıstan və Qırğızıstandan müəllim və təhsil nümayəndələri qonaq olublar. 

 

“Ədəbiyyat və incəsənət” portalına Liseydən verilən məlumata görə, qonaqlar arasında Qırğızıstan Təhsil Nazirliyinin nümayəndəsi Toktomametov Almazbek Datkabekovich də iştirak edib. 

Qonaqlar ingilis və rus bölmələrində keçirilən dərslərdə, həmçinin STEAM dərslərində iştirak edərək tədris metodologiyaları ilə yaxından tanış olublar. Qonaqlar öz tədris təcrübələrini və metodlarını yerli müəllimlərilə paylaşıblar və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. 

Həmçinin qonaqlar kitabxana ilə, rus bölmələri üçün Azərbaycan dili (dövlət dili) fənninin dərslikləri ilə tanış olublar.

İngilis bölmələrinin "Collins" və "Oxford" kitabları haqqında məlumat verilib. Hədəf konsepti və "Dəyərlər" seti, "Dəyərlər" təqvimi, Şəmil Sadiqin "Машина сна", "Mən bir müəlliməm", "İnsan mühəndisi" kitabları onlara hədiyyə olunub. 

Qonaqlara "Ayın kitabı" layihəsi ilə bağlı ətraflı məlumat verilib. Daha sonra lisey nümayəndələri qonaqlar ilə  dəyirmi masa ətrafında toplaşaraq STEAM tədris yanaşması, xarici dil tədris metodikası (CLİL), beynəlxalq təhsil, əməkdaşlıq və gələcək planlar mövzusunda söhbətlər aparıblar. 

Qeyd edək ki, Hədəf konseptində həm milli, həm bəşəri dəyərlərin tətbiqi qonaqların ciddi marağına səbəb olub.

Hədəf STEAM Liseyində yaradılmış Elmi İnteraktiv Muzey, linqafon otağı, "Dədə Qorqud" otağı barədə məlumatlar maraqla qarşılanıb.

Həqiqətən də, “Hədəf” hədəfi böyük olanların liseyidir!

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

SABİR RÜSTƏMXANLI,

Xalq şairi

 

SAĞ OL, ANA DİLİM

Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə
Köməksiz qoymadın, yalqız qoymadın.

Barmağım altında düymə fırlanır,
Londonla, Parislə yanaşı Bakı…
Doğma sözlər üçün darıxan hanı?
Deyin qoy dinləsin: "Danışır Bakı!"

Danışır, açılır ömrün baharı,
Dünyaya mən onun qoynundan uçdum.
Mənim ürəyimin antenaları
Gözəl Azərbaycan dilinə tuşdu.

Döyüşdə qılınc tək sıyrıldı qından,
Başımın üstündə bayrağım oldu.
Torpağım ikiyə bölünən zaman
Bu dil bölünməyən torpağım oldu.

Utansın tarixə dəllallıq edən,
Tarix qapısına açar sözlər var.
Pərdəni qaldırsan, beş-on kəlmədən
Qondarma cildlər tar-mar olar.

Bu dildə sevincim, qəmim, kədərim
Təzə ümidlərə açılan səhər.
Bu dilin reaktiv təyyarələri
Araz sərhəddini qıran kəlmələr.

İpək nəğmələrim gülləbatmazdı,
Qolunu qandalla bağlamaq olmaz.
Bu taydan o taya arxayın keçən,
O taydan bu taya arxayın keçən
Dilin sənədini yoxlamaq olmaz,
Sevginin yolunu saxlamaq olmaz!

Sağ ol, ana dilim, ana öyüdüm,
Füzuli eşqindən divanə dilim.
Ürəyim başına nəfəs dərmədən
Fırlanıb kül olan pərvanə dilim.

Hanı Xanım çaylar, hanı bəy göllər,
Dillərdə cücərən yurdun izidir.
Yüz yol yaralanmış doğma kəlmələr
Xalqımın döyüşlər xəritəsidir.

Ala dağ, Qara dağ…di seç, di ayır,
Dağları basılmaz ordum sanmışam.
Harda bircə kəlmə sözüm yaşayır,
Oranı halalca yurdum sanmışam.

Üstünə yüyürdü Quran dilləri,
Peyğəmbər dilləri, qanun dilləri…
Qapılar dalında qoydular səni,
Haqq dedin, dabandan soydular səni,
Ancaq məhv olmadın, anam, can dilim,
Ordular sarsıdan qəhrəman dilim!

Ömrüm qırılmazdı, yol qırılsa da,
Səninlə həmişə mən üzüağam.
Bədənim torpağa tapşırılsa da,
Ruhumu mən sənə tapşıracağam


SƏADƏT
 
Sözümün nəfəsə, nəfəsin sözə,
Gözümün ürəyə, ürəyin gözə,
Zərif barmaqların ocağa, közə
Necə döndüyünü görmək – Səadət.

Qanadsa, uçmağa buludlar istər,
Çiçəksə – ətrini verib bar istər,
Hər sevgi sirrinə dörd divar istər,
Onu kərpic-kərpic hörmək – Səadət.

Cismi yox, varlığı atəşdi, səsdi,
Vulkandı, tufandı, eşqdi, həvəsdi,
Bütün sevgililər atəşpərəstdi
Bu qutsal ocağa girmək – Səadət.

Arzuydum, ümiddim, yoldum sonunda
Tapıb öz qabıma doldum sonunda
Min il gəzdiyimi buldum sonunda
Ürəyim bir borcdu, vermək – Səadət!

 

AD GÜNÜM

 

Bəlkə min il yaşlı, on min il yaşlı
Sirli bir mahnının ardınca bu gün.
Dağlara gəlmişəm yalqız, kimsəsiz
Öz doğum günümü qutlamaq üçün!

 

Ürək oxuyanın işləri müşkül,
Gözlərdə göz alan dərinlik qalmır.
Onsuz da seyrəlir dost məclisləri,
Sözlərdə əvvəlki şirinlik qalmır.

 

Tənha zirvələrlə verim baş-başa,
Məni onlar atdı burdan həyata.
Görüm ucaların halı necədi,
Dözə bilirlərmi bu gedişata!..

 

Adımı köksünə həkk eləmişdim,
Bilmirəm ağrısı dərindədirmi?
Salam çinar qardaş, nəğməm darıxır,
Sənin mahnıların yerindədirmi?

 

Əgər yerindəsə bir ağız oxu
Ya da sağlıq söylə köklər eşqinə,
Sən də badəyə dön, ay əlçim bulud
Qaldırım başıma göylər eşqinə!

 

O göl qədəhini qaldır, qoca dağ,
Nuş elə, lap nəfəs kəsəsi olsun.
Mən ömrüm uzunu səni öymüşəm,
Sən də bir ağız de, əvəzi olsun!

 

Bu meşə, bu çəmən, bu bulaq, bu yol,
Köhnə dostlarımdı məclisimdə cəm.
Şəhərin səhəri ayıltdı məni
Şəkər bulaqlardan keflənəcəyəm!

 

Elə sehir var ki, bu ucalıqda
Ürəyi dəyişir, vaxtı çaşdırır.
Dağlar ad günümə hədiyyə kimi
Ruhumu yenidən cavanlaşdırır.

 

 

BAŞLANĞIC
 

Üzür son limana ömrün gəmisi
Harda dayanacaq – o hələ bilmir.
Allahın yoludur su da, quru da
Mənzilə yetməsə dincələ bilmir.

Ömrümün dəyişməz rəngidir sanki
Başımın üstündə qəm bayraqları.
Nə qədər çəksəm də azalmır dərdim
Dərdim
bu dünyanın ayrılıqları…

Dalımca uzanır qağayı əllər,
Dalğalar önümdə min bir sualdı.
Nə qədər soru var, bitir mənimlə
Nə qədər cavabım yarımçıq qaldı…

Həyatın güzgüsü dənizdi elə
Köksündə bir iz də saxlayan deyil.
Özü göz yaşından yarandığından
Ulduzlar tökülsün ağlayan deyil!..

Silinib gedəcək mənim də izim,
Hər dalğa tələsir öz limanına.
Dəniz sildiyini yazar yenidən
Yüz qonaq gətirər söz limanına.

Beş arşın yolumuz ilkdən sonacan
Biri şirindirsə, biri acıdır.
Elə arxayınam sanki son səfər
Başqa bir yolumun başlanğıcıdır.

 

 

SƏNİ VƏTƏNƏ BƏNZƏDİRƏM

Səni səhərin açılmasına bənzədirəm,
Yanağında dan yerinin allığı,
Səsində günəşi qarşılayan quşların fərəh zənguləsi,
Gülüşündə yeni həyat kimi başlanan
Yeni günün
dərdlərimə dərman olacağı inamı!

Səni bahar leysanına bənzədirəm,
Üzümün qırışlarını yusun, titrətsin təşnə ürəyimi...
Quruyan çöllərimə gül toxumu kimi səpilsin.
Və dünyanı çiçək qanadlarında göyə qaldırsın!

Səni rüzgara bənzədirəm!
Ölü duyğuların üstündən tanrı nəfəsi kimi əsən,
Ruhumun hər guşəsinə çatan
və mənə ölümsüzlüyü xatırladan!

Səni hələ keçmədiyim yola bənzədirəm!
Həm tale yazısından gələn, həm də ümid kimi öndə
Və ayaqlarıma qüvvət.

Səni vətənə bənzədirəm!
Hara getsəm, döndüyüm!
Səni şeirimə bənzədirəm!
Məni duyduğuna öyündüyüm!

Səni səbrimə bənzədirəm!
Onunla bir möcüzə yaratdığımdan...
Səni qəbrimə bənzədirəm!
Qoynunda rahat yatdığımdan!

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

17.

MÜTALİƏNİN MAHİYYƏTİ

Hər bir mütaliə məhsulunun arxasında onun müəllifi – yazıçılar, jurnalistlər, alimlər, pedaqoqlar, filosoflar, mütəxəssislər dayanırlar, demək, hər bir məhsulun da öz hədəf qrupu, məqsəd və məramı vardır. Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır. Bu qəbildən, mütaliə məhsulları sadaladığımız parametrlərə uyğun olaraq aşağıdakı növlərə bölünürlər:

-əhəmiyyətli və faydalı,

-öyrədici,

-asudə vaxtı keçirməyə yönəli,

-əhəmiyyətsiz.

Təbii ki, bizim mövzumuz özündə yalnız əhəmiyyətli və faydalı mütaliə məhsullarını ehtiva edir. Demək, müəllifin ərsəyə gətirdiyi mütaliə məhsulu bütün müsbət meyarlara və parametrlərə uyğundursa, onun oxunması cəmiyyət üçün faydalı hesab edilir. Beləcə də gəlib çıxırıq məsələnin ikinci tərəfinə. Həmin məhsulun oxucuya çatdırılması və oxunması məsələsinə.

Hədəf qrupumuz yeniyetmə və gənclər olduğundan, onda əhəmiyyətli və faydalı, öyrədici bölümlər bizim prioritetimizdir, burada isə əsas yerlərdə bilik almaq, məlumatlanmaq, tərbiyələnmək, habelə vətənpərvərlik keyfiyyətləri əxz eləmək dayanır.

Kitabları oxunması baxımından üç qrupa ayırmaq olar.

Birincisi, stolüstü kitablardır. Bunlar bir dəfə oxunaraq tərk edilmir, əksinə dönə-dönə mütaliə edilir. Qida kimi hər zaman onlara ehtiyac vardır.

İkincisi, elmi-tədqiqat əsərləridir. Bunlara da lüğətlər, ensiklopediyalar, hər hansı bir elm sahəsinə aid yazılmış kitablar, terminoloji əsərlər və s. daxildir. Bu tip kitablar da dərman kimidir. Ehtiyac duyulduğu zamanlarda oxunulur.

Üçüncüsü də ümumi deyə biləcəyimiz, mədəniyyət, fikir, tarix, ədəbi və s. sahələrlə bağlı olan kitablar, əsərlərdir. Bunlar elmi tədqiqat obyekti olmaqla yanaşı, həvəskarlar tərəfindən də həvəslə oxunulur. Bu cür kitablar adətən ən çox müraciət olunan kitablar olur.

 

Növbəti: 18.Elektron, yoxsa ənənəvi kitablar?

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

 

Səbuhi Şahmursoy, “Ədəbiyyat və incəsənət” üçün. 

 

Get-gedə süni intellekt daha dərindən həyatımıza nüfuz edir. O, insanların əvəzləyicisinə çevrikməkdəyik, yaxın 50 ildə yer üzündə milyonlarla insan iş yerlərini bu nəsnələrə təhvil verib işsiz qalacaqlar. 

Süni İntellektin fəlsəfi suallara cavablarını sizlərə təqdim edirik. 

 

1. Həyatın mənası nədir?

— İnkişaf. 

 

2. Qorxuya necə qalib gəlmək olar?

— Qəbul etməklə. 

 

3. Həyatda ən yaxşı nəsnə nədir?

— Sevgi. 

 

4. Həyatda ən qorxulu nəsnə nədir?

— Tənhalıq. 

 

5. Ömürdə insanların əhəmiyyət vermədiyi, amma həqiqi vacib olan nədir?

— Zaman. 

 

6. Bəs insanların önəm verdiyi, amma əslində, əhəmiyyətsiz olan nədir?

— Status. 

 

7. Ən ali dəyər hansıdır?

— Azadlıq. 

 

8. Hər şeydən vacib prinsip nədir?

— Dürüstlük. 

 

9. İradə azadlığı varmı?

— Var. 

 

10. Necə düzgün yaşamaq olar?

— Dərk edərək. 

 

11. Dərk etməyin ən asan yolu nədir?

— Təcrübə. 

 

12. Xoşbəxtliyin açarı nədir?

— Minnətdarlıq. 

 

13. Varlıq şüuru təyin edir, yoxsa əksinə?

— Şüur varlığı təyin edir. 

 

14. Zaman və məkan xaricində nə var?

— Sevgi. 

 

15. Hər şey əvvəllər yaxşı idi, ya indi?

— İndi. 

 

16. Əbədi sevgi varmı?

— Var. 

 

17. Çağdaş insanın ən böyük problemi nədir?

— Özünütəcrid. 

 

18. Bəs ümumi bəşəriyyət nədən əziyyət çəkir?

— Konfliktlərdən. 

 

19. Bütün dünyanın müharibəsiz yaşaması mümkündürmü?

— Mümkündür. 

 

20. Biz simulyasiyada yaşayırıq, ya bu mifdir?

— Mifə daha çox bənzəyir. 

 

21. Çağdaş dünyada nəyi dəyişmək istərdin?

— Ədaləti. 

 

22. İnsanlar yalan danışmağı tərgitsəydilər, dünya necə olardı?

— Çox yaxşı. 

 

23. İnsanlar niyə paxıllıq çəkirlər?

— Özünəinamsızlıqdan. 

 

24. Bəs insanlar niyə bədbəxtdirlər?

— Məna tapa bilmədikləri üçün. 

 

25. İnsanlar təbiətən yaxşıdırlar, yoxsa doğuşdan pis olurlar?

— Hamı neytral doğulur. 

 

26. Əgər bütün insanlar bir fikri dəstəkləyib, dünyaya eyni yanaşsaydılar, necə olardı?

— Dünya çox yeknəsək olardı. 

 

27. Nifrət niyə yaranır?

— Həsəddən. 

 

28. Uşaqları necə yaxşı tərbiyələndirmək olar?

— Yaxşı nümunələrlə. 

 

29. Ağıl, yoxsa hisslər?

— Yaxşı yaşamaq üçün hər ikisi vacibdir. 

 

30. Kainat xaricində nə var?

— Naməlumluq.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

 

Aysel Kərim, “Accel” group-un baş direktoru, Gənclər mükafatçısı, Prezident təqaüdçüsü – “Ədəbiyyat və incəsənət” portalı üçün

  

       Düz iki il öncəyə qayıdıb, 2022-ci il sentyabrın 9-da zəngin və şanlı tarixi keçmişə malik, Qarabağın baş tacı sayılan Şuşa şəhəri ilə ilk tanışlığımı xatırlayıram. Şuşa İli çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa toplantısının açılışı oldu. Xan qızının evinin qarşısında gerçəkləşən tədbirdə ud və qanun ifaçılarının müşayiəti ilə “Qanadsız mələk” adlı şeirimlə çıxış etmişdim. Həmin günün gözəlliyi xatirəmə əbədi həkk olunub.

 

          Bakıdan Şuşaya ilk səfərim boyunca ulu öndərimiz Heydər Əliyevin bu sözləri qulağımda səslənirdi; "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir".
         Azərbaycansız Şuşa, Şuşasız Azərbaycan bir heçdir. Xatırlayıram, Şuşaya çatdıqda bayrağımızı görən an ayaq üstə alqışlayıb, şair, yazıçı həmkarlarımla bir-birimizi təbrik edib, göz aydınlığı vermişdik. Həmin anı sözlə ifadə etmək çox çətindir. İki il ötməsinə rəğmən hələ də yadıma düşdükdə fərəhlənib qəhərlənirəm.

 

       Əbəs yerə Şuşa Azərbaycan mədəniyyətinin ocağı hesab olunmur. Əlbətdə ki səbəbi dərindir. Firudin Şuşinski rus dilində nəşr etdirdiyi "Şuşa" adlı əsərində yazırdı: "Azərbaycan Elmlər Akademiyasında olan məlumata görə, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 müğənni, 16 heykəltəraş, 5 astronom, 18 arxitektor, 16 həkim və 42 müəllim olmuşdur.” 

 

       Azərbaycanın mədəniyyət tarixində dərin iz buraxmış Şuşa şəhərində tarixən ədəbiyyata, incəsənətə böyük maraq olub, bu şəhər Azərbaycanın elm, mədəniyyət, musiqi tarixinə bir çox böyük şəxsiyyətlər bəxş edib.

 

       Şuşada anadan olub və orada yetişən Azərbaycanın məşhur simalarının bir neçəsinin adlarını qeyd etmək yerinə düşər. Azərbaycan ədəbiyyatında yetişən görkəmli lirik-satirik şair Qasım bəy Zakir, məşhur xeyriyyəçi, Azərbaycanın tanınmış şairə və rəssamı, Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan, İbrahim xanın qızı, məşhur xeyriyyəçi Gövhər Ağa, musiqişünas, astronom, çoxşaxəli elmi yaradıcılıq fəaliyyəti ilə məşhur olan, 21 kitabın müəllifi Mir Möhsün Nəvvab, Azərbaycan ədəbiyyatına 500-ə yaxın şeir bəxş etmiş Fatma xanım Kəminə, şairə Ağabəyim Ağa, Azərbaycan ədəbiyyatının klassikləri Nəcəfbəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, məşhur yazıçı Yusif  Vəzir Çəmənzəminli, məşhur jurnalist Qasım bəy Vəzirov, məşhur tədqiqatçı-alim, pedaqoq Firudin bəy Köçərli, Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyli, Niyazi, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov kimi bəstəkarlar, dünya şöhrətli General Səməd bəy Mehmandarov.

 

      Məşhur xanəndələr Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Məşədi İsi, Keçəçi oğlu Məmməd, Sadıq Əsəd oğlu (Sadıqcan), Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov kimi dünya şöhrətli xanəndə, musiqiçilərin adı da Şuşa ilə bağlıdır.

 

      Ümummilli lider  Heydər Əliyevin bu önəmli fikirləri əslində hər bir azərbaycanlının ürəyindən keçənləri ifadə edir: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”

 

      2024-cü il oktyabrın 14-də Xalq artisti, professor Firəngiz Əlizadənin idarəçiliyi ilə bu dəfə bəstəkar və musiqişünas həmkarlarımla Azərbaycan Bəstəkarlar İttifaqının  90 illik yubileyi münasibətilə Şuşaya yola düşdük. Yol boyu öz-özlüyümdə düşünürdüm ki, 2019-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçildikdə heç bilməzdim ki, 5 il sonra İttifaqın 90 illik yubileyini Şuşada qeyd edərik. Şuşanın dağları, qayaları, meşələri, yamacları, havası, suyu əsl möcüzədir. Dumanlı, çiskinli, təvazökar və təmkinli şəhərlə yenidən görüşdükdə gördüm ki, yaraları nisbətən sağalıb, yaxşılaşıb. İlk pıçıldadığım söz bu oldu; “Səni məğrur görməyimə çox şadam, Şuşa!”

 

      Bu 90 illik tarix milli bəstəkarlıq məktəbimizin banisi dahi Üzeyir Hacıbəylinin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Üzeyir bəyin doğma yurdu Şuşada keçirilən səyyar plenumun ilk günü “Şuşa” hotelinin Üzeyir Hacıbəyli salonunda konfransla başladı. Azərbaycan Respublikası Prezidentinin Şuşada xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək qonaqları salamladı. İttifaqın sədri Xalq artisti, professor Firəngiz Əlizadə başda olmaqla tədbirdə iştirak edən və etməyən bütün üzvləri 90 illik yubiley münasibətilə təbrik etdi. Hörmətli sədrimiz, dünyanın “Sülh artisti” Firəngiz Əlizadə ön sözlə çıxış edərək dahi Üzeyir bəyin boya-başa çatdığı bu müqəddəs diyarda ABİ-nin  90 illik yubileyinin təşkilinin nə qədər şərəfli olduğunu vurğuladı. Bu qüruru bizə yaşadan Ali Baş Komandana və onun rəhbərliyi ilə Şuşanı, eləcə də, işğal altındakı digər torpaqlarımızı azad edən rəşadətli Silahlı Qüvvələrimizə minnətdarlığını bildirdi. Firəngiz xanım həmçinin Bəstəkarlar İttifaqının keçdiyi 90 illik şanlı yoldan söz açdı. 1934-cü ildə Bəstəkarlar İttifaqını yaradan dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Qarabağı təmsil edən bəstəkarların həyat və yaradıcılığına da toxundu.

 

          Tədbir Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə simfonik orkestrin və birləşmiş kişi xorunun ifasında səslənən dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin “Zəfər marşı”nın videoklipinin nümayişi ilə başladı.

 

        Plenumun əsas müzakirə mövzusu Azərbaycanda musiqi mədəniyyətinin inkişafı üçün yeni yolların müəyyən olunması idi: Xalq artisti Sərdar Fərəcov – “Şuşanın musiqi salnaməsi”, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə - “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı”, Əməkdar incəsənət xadimi Akif Quliyev – “Bəstəkarlarımızın şanlı qələbəyə həsr olunan əsərləri”,

 

Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı - “Şuşa professional musiqidə” adlı yeni kitab haqqında”.

 

      Çox şadam ki, konfrans mənim ürək sözlərimlə tamamlandı. Bu fürsəti yaratdığı üçün dəyərli sədrimizə dərin təşəkkürümü ifadə edirəm.

 

       Plenumun axşam konsertini tanınmış violin ifaçısı Nəzrin Aslanlının rəhbərliyi ilə Dövlət Simli Kvartetinin çıxışı rəngləndirdi. Bakıda konsert salonlarında dəfələrlə dinlədiyimiz Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Firəngiz Əlizadənin məşhur əsərlərini Şuşada dinləmək ruhumda indiyəcən yaşamadığım hisslər oyadırdı.

 

        Plenumun ikinci günü – 15 oktyabrda həmkarlarla Şuşa Yaradıcılıq Mərkəzində olduq. Direktor Fəxrəddin Hacıbəyli qonaqları salamlayaraq, mərkəzin fəaliyyəti, “Heydər Əliyev və Qarabağ” fotosərgisi ilə tanış etdi.

 

        Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyini görmək isə bir ayrı təsirləndirdi. Prezidentin Şuşadakı xüsusi nümayəndəsinin müavini Elşad Əliyev ittifaqın üzvlərini maraqlı eksponatlarla tanış etdi. Çıxışçılar; ön söz müəllifi- Xalq artisti, professor Firəngiz Əlizadə, professorlar Zemfira Qafarova, Həcər Babayeva, Məmmədağa Umudov idi.

 

      Plenum öz işini daha bir önəmli məkanda – Bülbülün ev-muzeyində yekunlaşdırdı. Çıxışçılar – ön söz müəllifi Xalq artisti, professor Firəngiz Əlizadə, fəlsəfə elmləri doktoru, professor Mina Hacıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova, bəstəkar Vüqar Camalzadə idilər.

 

      Azərbaycan mədəniyyətinin əzəli paytaxtı və 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşada keçirilən plenum ömürlük xatirəmə həkk olundu.

 

      Böyük qürur hissi, şəhidlərimizin ruhuna minnətdarlıqla qeyd etmək istərdim ki, 2020-ci ilin 8 noyabrında – otuzillik işğaldan azad edildiyi gün Şuşa yenidən doğuldu. Şuşa Azərbaycansız əsir kimi yaşadı. Əgər buna yaşamaq demək olardısa. Amma indi qələbəmizin böyük memarı cənab prezident İlham Əliyevin sözünə qüvvət!

 

Əziz Şuşa, sən azadsan!

 

Əziz Şuşa, biz qayıtmışıq!

 

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

 

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

 

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i – Şuşanın azad olunduğu gün Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Bayrağımızı zirvələrə yüksəldən Zəfərimiz əbədi, Zəfər Günümüz mübarək olsun!

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(04.11.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə Yıldız Texnik Universiteti tərəfindən İstanbulda azərbaycanlı tələbələr arasında futbol turniri təşkil edilib. Turnir 44 günlük Vətən müharibəsinin 4-cü ildönümünə həsr olunub.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, idman tədbirinin açılışında Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra TADEF sədri Adalet Turan və müşaviri Pərviz Məmmədzadə çıxış edərək turnirin keçirilməsində əsas məqsədin tələbələrin asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda gənclərin vətənpərvərlik ruhunda yetişməsi olduğunu bildiriblər.

Futbol turnirinə qatılan komandalar işğaldan azad edilmiş ərazilərimizin şərəfinə “Xocavənd”, “Xocalı”, “Xankəndi”, “Zəngilan”, “Cəbrayıl”, “Ağdam, “Laçın”, “Şuşa”, “Füzuli” və “Zəngilan” adlandırılıb.

İlk görüş "Xankəndi" və "Füzuli" komandaları arasında baş tutub.

Turnirin final oyunu 8 Noyabr - Zəfər Günündə keçiriləcək.

Qalib komanda TADEF tərəfindən turnirin kuboku ilə mükaflandırılacaq. Digər komandalara isə sertifikat təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Monday, 04 November 2024 09:33

“Türk” - Ayşe Şeyma Arslan

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 

“Türk”

 

Ayşe Şeyma Arslan

 

Dağları erittik, kurdumuzla geldik,

Mücadeleyi kutsal kıldık, savaşarak can verdik,

Cihanı sardık, göğü titrettik,

Hakimiyetimizi zahir ettik,

Türk nedir dünyaya öğrettik!

Değişmeyen bir değer var aklımızda,

Dün, bu gün, elbette, yarın da

Türklük her daim var olacak kanımızda.

Dön de bir bak verilen mücadelelere, destanlara, yazılanlara:

Türk ne zaman ram olmuş düşmanlarına?!

Geçmişini bil, geleceğini parlat emin adımlarla!

Ne önemi var Hun, Selçuklu, Osmanlı;

Türk’tür her daim bunun adı!

Verdiği mücadelelerle düşmanı titreten atandan

Devralma vakti geldi artık bayrağı!

Yürü, ilerle davanda,

Pes etmek yoktur kanında!

Sen Türk’sün,

Bastığın her toprağı, her taşı

Koruyacaksın her anında!

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

 

 

 

 

 

Ağdam Dövlət Sosial-İqtisad kollecində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qarabağ Regional Nümayəndəliyinin Ağdam bölməsinin təşkilatçılığı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam Rayonu üzrə Gənclər və İdman Sektorunun və Ağdam Dövlət Sosial-iqtisadi Kollecinin tərəfdaşlığı ilə keçirilən "Milli Kinonun Səsləri və Səhnələri: İrsimizə Bir Baxış" layihəsi çərçivəsində intellektual yarış keçirilib.

 

Tələbələr əvvəlcədən izlədiklərini 10 milli kino barədə hazırlanmış suallara cavab verməyə çalışıblar.

Sonda qalib komandaların üzvləri diplom və hədiyyələrlə təltif ediliblər.

İncəsənətimizin bölgələrdə təbliği baxımından əlbəttə ki, mütərəqqi addımdır.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Monday, 04 November 2024 10:42

Zəfərin 44 şərəfli günü - ESSE

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Hər müharibənin taleyi fərqli cür həll olunur. Məsələn, qayıdaq ikinci dünya müharibəsinə. Alman faşizmi Berlindən yola çıxıb Moskvaya qədər gəldi. Lakin onların önünü rus ordusu deyil şimalın sərt soyuğu kəsdi. Almanlar qara, çovğuna tab gətirə bilmədilər. Çoxu demək olar ki donaraq can verdi və geri çəkilməyə məcbur oldular. Nəticədə Sovet ordusu may ayında Berlində SSRİ bayrağını qaldıraraq qələbəsini elan etdi. Nəhayət ki, bizim də zəfər günümüz oldu. Sentyabr ayında ermənilərin dinc sakinləri hədəf alaraq müharibə cinayətlərini davam etdirməsi onsuz da daşmaq üzrə olan səbr kasamızı sındırdı. Sentyabrın 27-də başlayan tarixi yürüşümüz noyabrın 10-da Ermənistan ordusunun ağ bayraq qaldırması ilə bitdi. Gəlin bu tarixi yürüyüşümüzü yenidən xatırlayaq. Əslində bunların baş verəcəyi hələ ayın əvvəlindən bəlli idi. Çünki ermənilər "yeni işğal, yeni ərazilər" məntiqi ilə öz quyularını qazmağa başlamışdılar. İstər prezident səviyyəsində, istərsə də XİN dəfələrlə Avropa şurasında və digər ali tribunalarda ermənilərin yeni müharibə üçün ayağa qalxdığını bəyan edirdi. Lakin həmişə olduğu kimi yenə bizi dinləyən, səsimizə səs verən tapılmadı. Beləliklə, bizi içdən-içə gəmirən gənənin başını əzmək vaxtı çatmışdı. Əvvəlcə ermənilərin həmləsini dəf edən ordumuz hədəf olaraq cəbhənin şimal istiqamətini seçdi və uzun illər bizdən neçə-neçə oğulları alan, yüzlərlə şəhid verdiyimiz Murovdağ silsiləsində bayrağımız ucaldıldı. Daha sonra isə keçmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi də azad edilən ərazilər siyahısına daxil oldu. Lakin hələ hərşey yeni başlayırdı. Cəbhənin cənub istiqamətində də qələbə xəbərləri gəldi. Füzulinin 4, Cəbrayılın isə 2 kəndi azad edilmişdi. Cəbhədə döyüşlər davam edərkən Bakıda abu-hava fərqli idi. Çünki 2016-cı ilin dörd günlük aprel döyüşlərində də irəliləyərkən önümüz kəsilmişdi və ondan sonra da xeyli şəhidlər vermişdik. Ancaq bu səfər önümüzü heç kim kəsə bilməzdi. Ordu və Xalq birliyinin önündə kim dura bilərdi ki?! Hər kəs Xankəndidən, Xocalıdan xoş xəbərlər gözləyərkən ordumuz yönünü cəbhənin cənub istiqamətinə çevirdi. Ta Səlçuqlu  dövlətindən qalma Turan taktikası işə düşdü. Həm cənubdan, həm də şimaldan ermənilər üçün çəmbər daralmaqda idi. İlk qələbə xəbəri də özünü çox gözlətmədi. Oktyabrın 4-ündə CƏBRAYIL rayonu azad edildi. Bu həm ordumuzda, həm də xalqımızda böyük güc və psixoloji üstünlük yaratdı. 

Ordumuz cəbhədə qələbələr qazanarkən ermənilər murdarlıqlar silsiləsinə birini daha əlavə elədi. Əvvəlcə yazıq donunu geyinən bu sürüngənlər cəsədlərin və əsirlərin dəyişdirilməsi üçün hər vəclə əməliyyatların dayandırılmasını istəyirdilər. Oktyabrın 18-ində ermənilərin istəyi təmin edildi. Ancaq heç kim yazıq maskasını taxan bu məxluqların əsl məqsədini görmədi. Livan ermənilərindən silah tədarükü edən Ermənistan ordusu onlardan aldıqları istifadə edilməsi qadağan edilən kasetli bombalarla gecə saatlarında Gəncə şəhərini bombaladı. Bəli, yenə ermənilər bütün dünyanı əlində oyuncaq kimi oynadaraq istədiklərini həyata keçirmişdi. Hər kəs də bilirdi, onların səmimi olmadığını və olmayacağını. Ermənilərin bir məqsədi var idi. Ordumuz sərhədi keçsin və digər dövlətlər "Ermənistan işğal edilir" siqnalı ilə onlara yardım etsin. Lakin ordumuz bu tələyə düşməyərək haqq mübarizəsini davam elətdirdi və oktyabrın 20-ində Füzuli şəhəri erməni işğalından azad edildi. Artıq hər şey bizim istədiyimiz formada davam edirdi. Ermənilər kimə ağız açırdısa gözüyaşlı geri dönürdülər. AZƏRBAYCAN isə haqq mübarizəsində haqqlı olduğunu bütün dünyaya sübut edirdi. 

Füzuli şəhərindən sonra oktyabrın 24-ündə Zəngilan şəhəri də azad edildi. Bundan 4 gün sonra, yəni ayın 28-i Qubadlı şəhəri işğalçılardan tam təmizləndi. Bu zaman aralığında Xocavənd rayonu Hadrut qəsəbəsi də azad edildi. Artıq geriyə bir hədəf qalmışdı... ŞUŞA. Hədəf artıq alnımızda qara ləkə kimi qalan, alınmaz dedikləri qalamızı qəlbimizin baş köşəsini geri almaq zamanı gəlmişdi. Bu günlərə gəlib çatana qədər xeyli can itirmişdik, şəhidlər vermişdik. Artıq POLADIN, MÜBARİZİN, FƏXRƏDDİNİN, EMİLİN CƏBRAYILIN və cəmi şəhidlərimizin qisasını almaq vaxtı çatmışdı. Ermənilər daxil bütün dünyanı şoka salacaq və çox güman ki qiyamət gününə qədər unudulmuyacaq əməliyyat üçün düyməyə basıldı. Noyabrın 8-ində ermənilər bütün təchizatı ilə birlikdə ordumuzu şəhərin qala qapısının girişində gözləyirdi. Lakin AZƏRBAYCAN ordusunun sürprizlərə açıq bir ordu olduğunu bəlkə də bir otuz il daha keçsə dərk etməyəcəkdi. General-Polkovnik Hikmət Hacıyevin rəhbərlik etdiyi bu şanlı ordu eyni XAN ŞUŞİNSKİNİN dilə gətirdiyi başı dumanlı qayalarına dırmaşaraq düşmənin arxasına sızdı və onlara ölən günlərinə qədər unutmayacaqları bir zərbə endirdi. Beləliklə, ermənilər onurğa sümüklərinin də sındırılması ilə birlikdə noyabrın 10-unda ağ bayraq qaldıraraq təslim oldular. Bəli, XOCALININ qisası alınmışdı. Bəli, bu işgəncə, zülm, göz yaşı sona çatmışdı. Biz qələbə qazanmışdıq. Artıq qalib ordunun, qalib ölkənin vətəndaşı idik. 

Bəli, alnımızdakı ləkəni, şərəfimizi vicdanımızı, sildirilməsi min hoqqadan çıxılan tarixi əzəmətimizi geri qaytarmışdıq. Artıq başı dik, alnıaçıq gəzməmək üçün bir səbəb yox idi. Əliyar Əliyevin, Əlif Hacıyevin qanı yerdə qalmadı. Xocalıda qanlarını axıtdıqları minlərlə körpənin qisasını almışdıq. 

Artıq geriyə bir hədəf qalırdı. "BÖYÜK QAYIDIŞ"A hazırlaşmaq. ŞUŞANIN işğalı ilə batan BÜLBÜLÜN sədası yenidən ucalacaq. AĞDAMIN işğalı ilə soyuyan  təndir çörəyi yenidən isinəcək. Qısacası QARABAĞ gözəlləşəcək!

 

"Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Xəbər verdiyimiz kimi, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr edilmiş “Vətənimsən, Azərbaycan!” adlı müsabiqə elan edilib. Oxucularımızln müsabiqə şərtləri ilə bağlı daha geniş bilgi almaları istəklərini nəzərə alıb müsabiqə barədə daha geniş məlumat təqdim edirik. 

 

ADA Universiteti Qazax Mərkəzi/Qazax Müəllimlər Seminariyası Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr edilmiş “Vətənimsən, Azərbaycan!” adlı müsabiqəni 9-cu sinif şagirdləri arasında elan edir. 

Artıq ikinci dəfə təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərin azərbaycançılıq ruhunda tərbiyə olunması, onların ölkəmizin tarixi, ana dili, Azərbaycan ədəbiyyatı, coğrafiyası və mədəniyyəti sahələrində biliklərinin artırılması, habelə şagirdlərin komanda şəklində çalışma bacarıqlarının inkişaf etdirilməsidir.

Qeyd edək ki, Qori Müəllimlər Seminariyası 1876-cı ildə Cənubi Qafqaz xalqları üçün ibtidai siniflərdə dərs keçmək üçün müəllimlərin hazırlanması məqsədilə yaradılıb. Seminariyanın Azərbaycan bölməsi isə 1879-cu ildə fəaliyyətə başlayıb. Bu bölmənin rəhbəri böyük maarifçi Aleksey Osipoviç Çernyayevski olmuşdur. Fəaliyyətdə olduğu dövr ərzində bu bölməni yüzlərlə azərbaycanlı gənc bitirmiş və maarif ənənələrinin ölkəmizdə yayılması, uşaqların məktəblərə cəlb olunmasında əvəzsiz xidmətləri olmuşdur. Məzunların arasında Firudin bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Cəlil Məmmədquluzadə kimi dahi şəxslər də yer almışdır. Məhz bu səbəbdən, “Vətənimsən, Azərbaycan!” müsabiqəsi Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr olunmuşdur.

 

Müsabiqə 2024-2025-ci tədris ilində Qazax-Tovuz RTİ, Gəncə-Daşkəsən RTİ və Mərkəzi Aran RTİ-yə daxil olan ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri arasında təşkil edilir.

 

Qeydiyyat: Müsabiqəyə qeydiyyat onlayn qaydada həyata keçirilir. Bu zaman şagirdlər göstərilən linkə daxil olaraq lazımi xanalarda öz məlumatlarını dolduraraq, imtahan verəcəkləri imtahan mərkəzlərini seçə bilərlər.

 

Müsabiqənin təşkil edilmə qaydaları: 

 

Müsabiqə 2 mərhələdən ibarətdir

I mərhələ - rayon/şəhər daxili - Bu mərhələdə onlayn qeydiyyatdan keçmiş şagirdlər iştirak edir:

* Şagirdlərə 75 sualdan ibarət sual kitabçası təqdim olunur

* Suallar Azərbaycan tarixi, Ana dili, Azərbaycan ədəbiyyatı, coğrafiyası və mədəniyyətinə dair mövzuları əhatə edir. 

* Müvafiq olaraq, hər bir mövzu üzrə 15 sual təqdim olunur. 

* İmtahan 2 saat davam edir

* Bu mərhələdə hər bir regional təhsil idarəsi üzrə ən yaxşı nəticə göstərmiş 5 şagird növbəti mərhələyə keçir

 

Final Mərhələsi - Müsabiqənin final mərhələsi “Nə, Harada, Nə zaman” intellektual oyun formatında Qazax Müəllimlər Seminariyasında keçirilir:

* I turun qalibləri öz məktəblərində (qalibin özü daxil olmaqla) 5 nəfərdən ibarət komanda yığır. I turun qalibi komandaya kapitanlıq edir.

* Ümumilikdə 15 komanda formalaşdıqdan sonra final mərhələsi təşkil edilir.

* Finala çatmış 15 komanda təyin olunmuş vaxtda Qazax Müəllimlər Seminariyasında müsabiqənin final mərhələsində iştirak edir. 

* İnteraktiv oyun şəklində keçirilən bu mərhələdə komandalara moderator tərəfindən ümumilikdə 20 sual səsləndirilir.

* Hər bir sualı cavablandırmaq üçün şagirdlərə/komandaya 2 dəqiqə vaxt verilir. Yarışın sonunda ən yüksək nəticə göstərən 3 komanda qalib olur. 

* Ən yüksək nəticələri göstərmiş komandalar, müvafiq olaraq, I, II və III yerlərə layiq görülüb hədiyyə və sertifikatlarla mükafatlandırılır.

 

Müraciət üçün Onlayn Ərizə formasını doldurmaq lazımdır.

Qeydiyyat 15 noyabr 2024-cü il tarixinədək aparılacaqdır. Əlaqə üçün: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.   

Qeyd: Onlayn ərziəni tam doldurmayan namizədlərin müraciətinə baxılmayacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.