Super User
Azərbaycan modelyerləri “Moda Birliyi” III Beynəlxalq Forumunda iştirak edəcəklər
Noyabrın 19-20-də Sankt-Peterburqdakı Tavriya sarayında “Moda Birliyi” üçüncü beynəlxalq forumu keçiriləcək.
AzərTAC tədbirin rəsmi saytına istinadla xəbər verir ki, forumun məqsədləri postsovet məkanının zəngin mədəni irsi haqqında biliklərin yayılması, mədəniyyətlərarası əlaqələrin və iqtisadi qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, yüngül sənayenin inkişafı yolunda mövcud inzibati maneələrin aradan qaldırılması ilə bağlı problemlərin həllindən ibarətdir.
Tədbirdə MDB ölkələrinin sənaye müəssisələrinin və moda biznesinin, peşəkar assosiasiya və birliklərin, aidiyyəti nazirlik və idarələrin, təhsil müəssisələrinin nümayəndələri bir araya gələcək.
Bu il tədbir iştirakçılarını geniş proqram gözləyir: ənənəvi treklərə - iqtisadiyyat, istehsal, yaradıcı sənaye, kadrlar, mədəni ənənələr - yeniləri əlavə olunacaq: gözəllik və sağlamlıq, moda turizmi. Forum çərçivəsində xüsusi elan edilmiş müsabiqənin qalibi də daxil olmaqla MDB ölkələrinin görkəmli və gənc dizaynerlərinin kolleksiyalarının təqdim olunacağı moda nümayişləri keçiriləcək.
Foruma hazırlıq çərçivəsində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın dövlət orqanlarının, uyğun assosiasiyaların, istehsal sektorunun, elmi və biznes icmalarının nümayəndələrinin daxil olduğu işçi qrup yaradılıb.
Noyabrın 10-da Tavriya sarayının Yekaterina zalında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan dizaynerlərinin kolleksiyalarından ibarət böyük nümayiş keçiriləcək. Azərbaycandan məşhur modelyerlər Anara Zakirli, Natavan Əliyeva, həmçinin Yelena Poqirnitskaya (Belarus), Kayrolla Abişev (Qazaxıstan), Aysalkın Ismailova (Qırğızıstan), Liliya Kiselenko (Rusiya), Vays Asoyev və Laylo Habibi (Tacikistan), Selbi Sultanova (Türkmənistan), Dilrabo Mamarahimova, İrina Şaripova və Şoyista Babamirzayeva (Özbəkistan) öz kolleksiyalarını təqdim edəcəklər. Eyni zamanda, Azərbaycandan olan istedadlı modelyer Zümrüd Mirzəliyeva builki moda forumunda öz kolleksiyasını nümayiş etdirəcək.
Tədbir MDB Parlamentlərarası Assambleyası (PA) tərəfindən Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Sənaye və Ticarət Nazirliyi, Təbii Sərvətlər və Ekologiya Nazirliyi, eləcə də Avrasiya Qadınlar Forumunun dəstəyi ilə keçirilir.
Qeyd edək ki, tədbir ilk dəfə 2022-ci ilin oktyabrında bütün Birlik ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilib. Forumun yekunlarına əsasən, MDB PA Şurasının 2022-ci il oktyabrın 27-də Səmərqənddə keçirilən iclasında Birlik dövlətlərinin parlament rəhbərləri “Moda Birliyi” beynəlxalq forumunun formatının yüngül sənaye sahəsində təcrübə, rəy və ekspert məlumatlarının mübadiləsi üçün daimi illik platformaya çevrilməsi barədə yekdil qərar qəbul ediblər.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
Azərbaycan XXX Minsk Beynəlxalq Kinofestivalında təmsil olunur
Azərbaycan noyabrın 1-dən 8-dək Minskdə “Keyfiyyət nişanlı kino” devizi altında keçirilən XXX Minsk Beynəlxalq “Listapad” Kinofestivalında təmsil olunur.
AzərTAC kinofestivalın saytına istinadla xəbər verir ki, yubiley film festivalı Belarus kinosunun 100 illiyi və festivalın 30 illiyinə həsr olunub.
Azərbaycanı kinofestivalda “Gənclərin kinosu” müsabiqəsinin münsiflər heyətinin sədri kimi prodüser, rejissor, ssenarist Cavid İmamverdiyev təmsil edir. Onunla birlikdə filmləri İsveçrədən olan rejissor və sənədli film prodüseri Domeniko Lukkini və belaruslu rejissor Kirill Xaletski qiymətləndirəcək.
Bildirilir ki, festivala artıq 112 ölkədən 2200-dən çox müraciət daxil olub. Tamaşaçılara dünyanın müxtəlif yerlərindən ən yaxşı filmlərin daxil edildiyi yeddi müsabiqə proqramı təqdim ediləcək.
Bu il “Listapad” kinofestivalı qürurla iki müsabiqənin təkrar keçiriləcəyini elan edir. Milli müsabiqədə istedadlı Belarus rejissorlarının yaratdığı 23 film, milli kino məktəbi müsabiqəsində isə aparıcı kino universitetlərindən tələbələrin 15 seçilmiş işi təqdim olunacaq.
Əsas bədii film müsabiqəsi tamaşaçılara 24 ölkədən 18 film təqdim edəcək. Onların arasında 2024-cü ildə Kann Film Festivalında Qran-Priyə layiq görülmüş Hindistan rejissoru Payala Kapadianın “Bizə işıqlı görünən hər şey” dramı var.
Sənədli film kateqoriyasında 7 ölkədən 12 əsər əsas mükafatlara namizəd olacaq. Animasiya şedevrləri də festivalda öz yerini tapacaq: bu kateqoriyada 24 ölkədən 50 film təqdim olunacaq.
Bununla yanaşı, 17 ölkədən 11 filmin özünü və ailəsini tapmaq üçün yeni perspektivlər təqdim edəcəyi “Gənclərin kinosu” müsabiqəsi də keçiriləcək. 2024-cü ildə bu istiqamət gənc istedadların potensialının açılmasını, ölkələrin birləşməsini əks etdirir.
Gənc tamaşaçılar üçün kinofestivalda 6 ölkədən 8 filmin nümayiş olunacağı “Listapadzik” müsabiqəsi də olacaq. Burada uşaq və gənclər filmlərinin tamaşaçıları üçün yeni ekran əsərləri təqdim ediləcək. Müsabiqə zamanı “Belarusfilm” milli kinostudiyası tərəfindən istehsal olunmuş “Sirin quşu. Slavyan əfsanələrinin qanadları” filminin premyerası olacaq.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
Beynəlxalq Muğam Mərkəzində şair Mahirə Nağıqızının yaradıcılıq gecəsi keçirilib
Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə tanınmış alim və pedaqoq, istedadlı şair və ictimai xadim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Mahirə Nağıqızının yaradıcılığına həsr edilmiş poeziya gecəsi keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə əvvəlcə Mahirə Nağıqızının həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
Sonra tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Mahirə Nağıqızının zəngin söz dünyasından, yaradıcılığının özünəməxsus cəhətlərindən danışıb, onun pedaqoq, istedadlı şair, vətənpərvər ziyalı və tanınmış alim olduğunu bildirib.
"Mahirə xanımın yaradıcılığında müxtəlif mövzular əks olunur. Bunlar vətən sevgisi, təbiət, ilahi məhəbbət, insanın ruh aləmi mövzularıdır. Lakin onun poeziyasında ən diqqətçəkən məqamlardan biri Vətənə olan sevgisidir. O, Vətən torpağının hər qarışını sevgi ilə tərənnüm edir. Mahirə xanımın yaradıcılığında Qarabağın 30 il müddətində işğal altında olduğu dövrdə elə bir guşəsi yoxdur ki, onunla bağlı şeir və ya hekayəsi olmasın. Bu gün isə artıq Qarabağ azaddır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu tarixi zəfər Mahirə xanımın yaradıcılığında yeni bir mərhələnin başlanğıcıdır", - deyə M.İbrahimqızı diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Hikmət Babaoğlu Mahirə xanımın yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Mahirə xanım bu gün elmi fəaliyyəti ilə bərabər, ölkənin ictimai həyatında da fəal iştirak edir. Onun Qərbi Azərbaycan İcmasının fəaliyyətində də çox böyük əməyi var və Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və xaricində təşviq edilməsi istiqamətində intensiv fəaliyyət göstərir.
Çıxış edənlər vurğulayıblar ki, çoxşaxəli və məhsuldar fəaliyyəti ilə tanınan professor 60-dan çox elmi əsərin, monoqrafiyanın, tədqiqat əsərlərinin müəllifidir. Bildirilib ki, bu əsərlərin bir çoxu müxtəlif dillərdə, xarici ölkələrdə nəşr edilib və tədris edilir.
Qeyd edək ki, müasir Azərbaycan poeziyasında imzası ilə tanınan və sevilən şair Mahirə Nağıqızı Türk dünyasının bir sıra universitetlərinin fəxri professorudur. Onun 70-dən çox şeirinə musiqi bəstələnib.
Tədbirdə şairin müəllifi olduğu şeirlər səsləndirilib.
Sonda çıxış edən Mahirə Nağıqızı təşkil olunmuş gecəni öz yaradıcılığının hesabatı kimi dəyərləndirib, elmi fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, ədəbiyyatşünas alim, elm və maarif təşkilatçısı kimi Mahirə xanım həm də Qərbi Azərbaycan Televiziyasında “Ziyalı” elmi-publisistik verilişin müəllifidir.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
COP29 günlərində Bakıda 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 15-də Bakıda mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyindən AzərTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, dialoqun COP29 Mavi zonasında 90 dəqiqə ərzində baş tutması planlaşdırılır.
Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə tədbirdə nazirlər, nazir müavinləri və beynəlxalq təşkilat rəhbərləri iştirak edəcəklər. Bu tədbirdə ekspert və qeyri-hökumət təşkilatı nümayəndələri ilə birgə 120-yə yaxın qonağın iştirakı gözlənilir. Yüksək səviyyəli dialoq mədəniyyəti, o cümlədən incəsənət və irsi iqlim fəaliyyəti gündəliyinə daxil etmək üçün beynəlxalq konsensusa nail olmağa çalışacaq.
COP29 çərçivəsində Azərbaycan pavilyonunda Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyətinin Dostları Qrupu, UNESCO, Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə yan tədbirin keçirilməsi, həmçinin tədbirdə Azərbaycanın təşəbbüsü olan Culture for Climate (C4C) layihəsinin təqdimatı da nəzərdə tutulur.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi COP29-a hazırlıq çərçivəsində cari ilin ötən dövründə bir çox tədbirlər təşkil edib. Bunlara UNESCO Baş Qərargahında Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat, “COP29 və Mədəniyyət: İqlim dəyişikliyinin mədəni ölçüləri” adlı konfransı, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin mədəni irsə təsirinə dair panel və plenar sessiyalar, Ağdam şəhərində baş tutmuş “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri”nə həsr olunmuş Xüsusi Konfrans, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatı, eləcə də irili-xırdalı 10-larla tədbir daxildir.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
“Green Hackathon 2024" layihəsi başa çatıb
30 oktyabr 2024-cü il tarixində "Green Hackathon 2024" layihəsinin yekun tədbiri keçirilib.
Final prosesində komandalar yaşıl texnologiya, ağıllı kənd təsərrüfatı, yaşıl enerji və yaşıl iqtisadiyyat sahələrində innovativ həllər təklifləri ilə bağlı münsiflər heyəti qarşısında çıxış dəstəkləyir. Ümumilikdə 20 komanda iki gün ərzində mentorların yaradılması ilə bağlı ideyalarının prototiplərini hazırlayıblar.
Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin Sosial Yanında Vətəndaşlara Xidmət və Dövlət İnnovasiyalar üzrə Dövlət İnnovasiyaları üzrə sədr müavini Ceyhun Salmanov, AİB-nin ölkə üzrə direktoru Sunniya Durrani-Jamal, iqtisadiyyat nazirinin birinci köməkçisi Elnur Əliyev və digər qonaqlar çıxışı.
“Ədəbiyyat və incəsənət” portalı Agentliyə əlavə xəbər verir ki, bankın “Greenix” komandası I yerə, “Envirominds” komandası II yerə, “AgroGuard” komandası III yerə layiq görülüb. Qalib komandalar pul mükafatı və təhsil vauçerləri ilə təltif olunublar.
Tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin layihələri ilə "Dayanıqlı gələcək üçün yaşıl texnologiyalar layihəsi" adlı panel müzakirələr aparır. Müzakirədə müxtəlif yaşıl innovasiya həlləri və texnoloji trendlərin Azərbaycan üçün zərərli təsiri artır. Ekspertlər, xüsusi təcrübələrin tətbiqi imkanları ilə bağlı bölüşdürülmələr.
“Ədəbiyyat və İncəsənət”
(01.11.2024)
Noyabrın 1-i onun günüdür…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Tarix elmləri doktoru Nəsiman Yaqublunun ölüm xəbərini alanda özünü saxlaya bilməyib, hönkür-hönkür ağlayıb. "Nə danışırsız, o, mənim canım-ciyərim idi"- deyib...
Soyuqqanlı görünsə də içində bir vulkan qaynayır. Hər kəs onu duya bilməz, ancaq hissləri açıq kəslər bu sakit görünüşün arxasında gizlənən qeyri-adi enerjili şəxsiyyəti anlaya bilər. Güclü xarakterə malikdir, itaət etməyi xoşlamır. Romantik, duyğusal, mənalı adamdır. Qürurlu, məğrur və nəzakətlidir.
Nüfuzedici nəzərləri var, sığal kimidir, könülləri oxşaya bilir. Dözümlüdür, müdhiş bir iradə gücünə sahibdir. Son dərəcə həssas və diqqətlidir. Bir xoş sözdən kövrələ, bir acı kəlmədən inciyə bilər…
Deyir ki,- “Mən sürügündə anadan olmuşam və bunun necə bir həyat olduğunu yaxşı bilirəm. Uşaqlıqda, yeniyetmə yaşlarımda bu cür şeylərə fikir vermirdim. Oxuduğum məktəbdə çeçenlər, almanlar, koreyalılar, belaruslar, bir sözlə müxtəlif xalqların nümayəndələri var idi. Həmin vaxtlar onların, elə öz valideynlərimin də sürgün olunduğunu dərk etmirdim. O illər valideynlərimiz çox əziyyət çəkiblər. Onlar olduqca ağır həyat yaşayıblar. Məktəbli idim və öz qayğılarım var idi. Məktəbi bitirdikdən sonra başqalarına açıq olan yerlər, bizim üçün bağlı olduğunu görəndə, yalnız bundan sonra sürgündə olduğumuzun fərqinə vara bildim…”
Çox çətinliklərə dözüb. Necə deyərlər, uşaqlıq illərini bir qarnı ac, bir qarnı tox keçirib. “Xalq düşməni” damğasının ağrı-acısını yaşayıb. Tənələrə, təqiblərə məruz qalıb. Fəqət eşitdiyi tənələrdən, təqiblərdən sarsılmayıb, əksinə gələcəyə böyük ümidlərlə baxıb…
Haqqında söhbət açdığım Rais Rəsulzadə 1946-cı ildə Qazaxstanda dünyaya gəlib. Azərbaycan Xalq Cümhuriyyətinin banısı Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərdən olan nəvəsidir. Üç yaşında olarkən anası vəfat edib. Orta təhsilini Qazaxstanda bitirdikdən sonra, Azərbaycana üz tutub. 1969-cu ilədək Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsilini davam etdirib. Elə o vaxtdan da Bakıda yaşayır. 1972-1977-ci illərdə ali təhsil alıb. Bir il orta məktəblərin birində pedaqoji fəaliyyətlə məşğul olub. 1978-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin “Rəsm, heykəltaraşlıq və boyakarlıq” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyib. 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adına layiq görülüb.
800-dən çox rəsm əsərinin müəllifidir. Əsərləri Azərbaycan və digər ölkələrin rəsm qalereyalarında saxlanılır.
2009-cu ildən “Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyası”na rəhbərlik edir…
“Babam Məhəmməd Əmin Rəsulzadə böyük siyasətçi olsa da, mənim heç zaman siyasətə marağım olmayıb. Profesional siyasətlə məşğul olmaq üçün gərək insan bu sahəyə köklənsin. Bu baxımdan siyasi fəaliyyət böyük məsuliyyət tələb edir. Yəni sən təkcə özünün deyil, həmçinin kütlənin, xalqın, dövlətin taleyini həll edirsən. Müəyyən ideyalarla çıxış edir və camaatla ünsiyyətdə olursan. Onları düzgün yönəltmək üçün gecə-gündüz bu istiqamətdə çalışmalısan. Belə olduğu halda da digər işlərə vaxt qalmır. Ya o yanlıq, ya da bu yanlıq olmalıdır. Mən əgər siyasətlə məşğul olsaydım, o zaman rəssamlığa vaxt ayıra bilməzdim.”- söyləyir…
Xeyli gözəl xüsusiyyətləri var. Dostluqda vəfalıdır- hər adama bel bağlamasa da, kiminləsə dost oldusa, son nəfəsinədək ona sadiq qalacaq. Çox danışmağı sevmir. Çünki demək istədiklərini gözləri ilə ifadə edə bilir. Onun bir baxışından sevgisini və ya nifrətini anlamaq olur. Fiziki olduğu qədər, mənəvi baxımdan da güclüdür. Heç bir zaman özünü aldatmır. Həqiqət acı da olsa, üz-üzə gəlməkdən çəkinmir. Tənqidi qəbul etmək qabiliyyəti və analiz tutumu sayəsində mükəmməlləşə bilib. Gələcəyi öncədən görə bilən insandır. Təxminləri adətən sonradan gerçəkləşir. Müşahidə qabiliyyəti yüksək səviyyədədir, gözlərindən heçnə yayınmır. Bir sözlə, məntiqi zəkasını təxəyyül və hissilə tarazlaşdıra bildiyi üçün şanslı adamdır.
Babası ilə fəxr edir, Onun xidmətlərindən qürur duyur…
Deyir ki,- “Nə qədər ki, Azərbaycan tarixi var, Məhəmməd Əmin Rəsulzadə var və olacaq. Onu tariximizdən silmək mümkün deyil. Rəsulzadə Azərbaycan dövlətinin qurucusudur. Rəsulzadə Azərbaycan xalqının çox böyük, görkəmli simalarından biridir. Böyük dövlət xadimidir. Rəsulzadə Azərbaycan bayrağının yaradıcısıdır. Azərbaycançılıq ideyasının atasıdır və Azərbaycan azadlıq ideologiyasının, azadlıq məfkurəsinin banisidir. Və həmin məfkurə elə indi də inkişaf edir. Nəhayət Rəsulzadə böyük demokratiya ideyalarının müəllifidir, dünyəvi simadır. Bunu onun nəvəsiyəm deyə demirəm. Siz də onun nəvəsisiniz. Rəsulzadə fəxrimizdir, tariximizdir və onu dərindən öyrənmək vacibdir. Bir-iki cümlə ilə onu tanıtmaq yerinə düşməz, ona hörmətsizlik olar. Rəsulzadə həqiqətən böyük simadır. Hər birimizin fəxridir. Onunla dostluq edən Seyid Tağızadə deyirdi ki,- Rəsulzadə dürüst, qüvvətli məntiq sahibi, sözü bütöv, öz ideyalarına böyük inam bəsləyən biri idi və axırda əlavə edir ki, belələrinə bizim zamanda nəinki şərqdə, hətta dünyada rast gəlinməz. Belə şəxsiyyəti olan xalq xoşbəxtdir…”
Bəli, xalqımız xoşbəxtdir ki, onun Məhəmməd Əmini var. Haqqında söhbət açdığım rəssam Rais Rəsulzadə isə ikiqat xoşbəxtdir. Çünki damarlarında Məhəmməd Əmin Rəsulzadənin qanını daşıyır…
Bu gün - noyabrın 1-i 78 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
Berlində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi qeyd olunub
Almaniyanın Berlin şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyi qeyd olunub. Yubley münasibəti ilə Berlindəki Mədəniyyət Mərkəzində klassik Azərbaycan musiqilərinin səsləndirildiyi gecə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, gecədə elm və mədəniyyət xadimləri, Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri, media nümayəndələri iştirak edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinin bariz nümunəsi olan Bəstəkarlar İttifaqının ötən 90 ildə uğurlu inkişaf yolu keçdiyini söyləyib. Məhz bu səbəbdən qurumun yubileyinin ölkəmizdə və xaricdə böyük təntənə ilə qeyd edildiyini bildirib.
Tədbir konsert proqramı ilə davam edib.
Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Əməkdar artist, Prezident mükafatçısı İnarə Babayevanın ifalarında Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Asəf Zeynallının, Musa Mirzəyevin və Firəngiz Əlizadənin əsərləri səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
“Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihəsi Qubada təqdim olunub
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Oktyabrın 31-də ADPU-nun Quba filialında Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat Fondunun və Azәrbaycan Respublikası Mәdәniyyәt Nazirliyinin birgə təşkilatçılığı ilə “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib.
Tədbir ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə baş tutub.
Filialın direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev tədbiri açaraq gənc nəslin formalaşmasında kitabın, mütaliənin, ədəbiyyatın əvəzsiz rolunu ön plana çəkib və mütaliənin faydasından, gənclərin gələcək həyatlarındankı tərbiyəvi rolundan danışıb. Tələbələrdə mütaliəyə maraq oyatmaq üçün universitetdə görülən işlərdən, yaradılan şəraitdən, bu sayaq tədbirlərin keçirilməsi zəririliyindən bəhs edib.
Daha sonra Ədəbiyyat Fondunun Baş Direktoru, yazıçı, layihənin rəhbəri Varis Yolçiyevə söz verilib. O öz çıxışında 2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi” elan olunmasını və qalibin Ədəbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihəsinin olduğunu qeyd edib. Varis Yolçiyev onu da diqqətə çatdırıb ki, günümüzdә böyük әhәmiyyәt kәsb edәn bu layihәnin birinci mәrhәlәsindә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabçası olan “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabı vә onların mütaliəsi üçün isə “Sizin üçün seçdik” adlı müasir әdәbiyyat antologiyası nәşr edilib. İkinci mərhələdə isə Bakıda, Sumqayıtda, Gəncədə və Qubada hədəf auditoriyası ilə görüşlər keçirilir, mütaliənin faydaları barədə mühazirələr oxunur, kitablar hədiyyə edilir.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı çıxış edərək bölgədə ədəbiyyatın bugünkü mənzərəsi, gənclərdə ədəbiyyata sevgi oyatmaq üçün görülən işlər barədə söz açıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar çağdaş günümüzdə türk dövlətlərində mütaliəyə maraq oyadan yeni metodlardan, gənc şair və yazıçıların ədəbiyyata verdikləri töhfələrdən bəhs edib.
Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov bölgədə kitabxanaların fədakar zəhmətindən, hazırkı internet əsrində kağız kitablara oxucu marağı oyatmaq üçün gördükləri işlərdən bəhs edib.
Daha sonra Qubanın ağsaqqalı, filialın Filologiya kafedrasının baş müəllimi Eyvaz Şeydayev keçmişdə və indi kitaba olan marağı müqayisəli şəkildə təhlil edib, günümüzdə gənclərə mütaliə sevgisi yaratmaq üçün qarşıda dayanan əsas vəzifələrdən bəhs edib.
Quba ədəbi mühitinin seçilən nümayəndələrindən Ayaz Səlimxanoğlunun, eləcə də gənc yazarlar, filialın istedadlı tələbələrindən olan gənc şair Günəş İskəndərov və qiraətçi Aynur Əliverdiyevanın çıxışları dinlənilib.
Tədbir interaktiv sual-cavab formasında davam edib, sonda hər bir tədbir iştirakçısına “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” və “Sizin üçün seçdik” kitabları hədiyyə edilib.
Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
İzzəddin Həsənoğlunun 367 səhifəlik kitabı tapılıb
“Ədəbiyyat və incəsənət” portalı Elçin Zahiroğlunun çox vacib, maraqlı bir xəbərini təqdim edir.
Mən ölsəm sən, büti-şəngül,
sürahi eyləmə qülqül,
Nə qülqül? Qülqüli-badə.
Nə badə? Badeyi-əhmər.
İlk anadilli qəzəllər yazmış şair kimi tanıdığımız və cəmi 3 qəzəli məlum olan İzzəddin Həsənoğlunun 367 səhifəlik kitabı tapılıb. Özü də tərtəmiz azərbaycanca. Bu kitabı son illərə qədər Türkiyədə yaşamış azərbaycanlı professor Seyfəddin Altaylı tapıb və üzərində 14 il işlədikdən sonra çap etdirib.
Ədəbiyyat və dil tariximizlə bağlı böyük hadisədir.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
145 yaşlı Şəki teatrı... Və doğma tanışım - özüm...
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
İyirmili yaşlar... Əslində, həyatı bütün romantikasıyla yaşaya bilənlər üçün yaşın fərqi yoxdur. Ya da bu cümlə mənim kimi, 40-a “salam” verməyə tələsənlərin təsəllisidir. Əlimin “əl” olduğunu biləndən yazıram. Köhnə mişar daşları bərk olurdu, birtəhər qırırdıq, içinin ən ağ yerindən götürüb daşa-divara şəkillər çəkirdik, yazı yazırdıq. Ən sevimli “lövhəm” pilləkənimizin böyründəki paslı dəmir idi; ağ mişar daşı qırığıyla nə yazsam da, yaş parça ilə silmək şansım vardı. Başqa uşaqlar divarları yazanda anaları çığırırdı, əllərinə vururdu-görürdüm. Mənim anam isə hər çəkdiyimizə, hər yazdığımıza heyranlıqla baxar, bizi öyərdi. Bir dəfə belə, “bu divar, bu daş səndən qiymətlidir” hissini yaşatmadı bizə. Təşəkkürlər, anam!
İyirmili yaşlardan danışırdım... Region televiziyalarından birində redaktor işləyirdim. İşimin adı bir masa, bir kompyuter idi. İşimin əsli isə bütün süjetlərin, müsahibələrin, canlı efirin qonaqlarının arxasınca yüyürmək, efiri günün mövzusuna uyğun təşkil etmək idi. Səhər verilişində hər şənbə teatr günü idi. Aparıcının kameraya baxaraq “dediyi” cümlələri yazırdım. Bir azı, belə deyim, dəryadan damlası qalıb o cümlələrdən məndə. Məsələn, yazmışam: “Həyat səhnəsində istəsək də, istəməsək də öz rolumuzu oynamalıyıq. Fərqi yoxdur, faciənin, yoxsa komediyanın qəhrəmanıyıq. Fərqi yoxdur, bu günün sabahında yeni bir əsər yazılacaq taleyin əliylə. Fərqi yoxdur, orada insanlara bölünən rollar da bugünkü xarakterdən fərqlənəcək. Amma oynayırıq bu səhnədə sevilə-sevilə, sevə-sevə, unuda-unuda, itirə-itirə, axtara-axtara... Tapanda sevinib, unudanda arxamıza baxmayıb ötürürük günləri bir-bir. Ömür tamaşasının baş rolunda da, ikinci planında da arzularımızın imzasını görürük. Ya günə sevinclə başlayarıq, ya da gün sevgimizlə başlar... Ən əsası odur ki, həyat səhnəsində uğurumuzu taleyimiz alqışlasın”.
“İyirmili yaşlarında taledən alqış gözləyən qız, hansı tamaşada baş rolun öhdəsindən gəldin?”-deyə soruşuram hərdən keçmişimə boylanaraq. Cavab yoxdur!
...Bir dəfə Rafiq Atakişiyevdən süjet hazırlamışdım. Xəstə idi sənət fədaisi, efirə gələ bilmirdi. Müxbirlərdən birini evinə müsahibə üçün göndərmək istəyirdim. Müxbiri qapıdan yola salırdım ki, müdiriyyətdən zəng gəldi: “Şəfa, Rafiq müəllim müsahibəni yalnız sənə verəcək. Deyir, məndən süjet hazırlayan qızı göndərin. Teatrı yaman sevir o!” Kövrəlmişdim...
...Bəhram Osmanov canlı efirin qonağı olacaqdı şənbə səhəri. Cümə günü institutdan dərsdən gələndə yolumu rejissorun anasının evindən saldım. Ağ saçları taleyin amansız dramaturq olduğunu anladan o ana ağlaya-ağlaya tökmüşdü sandığını, Bəhram Osmanovun uşaqlıq şəkillərini tapıb çıxarmışdı, qabar əlləriylə sığallaya-sığallaya əllərimə əmanət etmişdi. Şəkilləri ertəsi gün Bəhram müəllimin özünə verəcəyimi deyərək studiyaya qaçmış, gecə ilə süjeti hazırlamışdım. Səhər efir başlamış, Bəhram Osmanov studiyada oturmuşdu. Süjet efirə gedəndən sonra “qonağa keçid” olurdu. Süjetin sonuna yaxın Bəhram müəllimin gözlərinin dolduğunu görüb efir operatoruna “reklama keç” işarəsi verdim. Dəqiqəyarımlıq reklam vaxtı Bəhram Osmanov məni yanına çağırdı və özünü toxtadaraq dedi: “Anamı nə gözəl tanıyırsanmış!” “Hər səhər dərsə gedəndə yolda rastlaşıram...Bir-birimizə gülümsəyirik...”-dedim boynumu əyərək. “Sağ ol, qızım...”-pıçıldamışdı Bəhram Osmanov. Kövrəlmişdim...
Teatrı haradan tanıyırdım? Bilmirəm. Niyə sevirəm? Bilmirəm. Teatrın dəqiq tərifi varmı? Bilmirəm. Mən həmən o iyirmili yaşlarda həyatı teatr görən qızam, teatr da elə həmən teatrdır, hələ də... Tale, həqiqətən, amansız dramaturqdur!
***
...Bu il Şəkidə peşəkar teatrın yaranmasından 145 il ötür. “İgid ömrü” məfhumunu ölçən olubsa, desin, 145 ili bir də ömür-ömür hesablayaq. Şükür, mənə verilən ömürə Şəki teatrında tamaşalara baxmağı sığdırmışam. Bu dəfə isə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli ilə söhbət üçün getdim sənət məbədinə.
Mirbala Səlimli Azərbaycan teatr və kino tarixində indidən öz izini qoymuş sənətkardır. 2009-cu ildə J.B.Molyerin “Xəsis” komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. “Sevgililərin cəhənnəmdə vüsalı” adlı tamaşa (İlyas Əfəndiyev) ona 2014-cü ildə Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatını qazandırıb. Bir il sonra TÜRKSOY-un təsis etdiyi “Haldun Taner” medalını Haldun Tanerin “...Və dəyirman dönərdi” tamaşasına görə alıb. “Odla qol-boyun” (2002) qısametrajlı filminin, “Şəki-tarixin naxışları” (2007) sənədli filminin, “Qırmızı bağ” (2016) filminin rejissorudur. Bir çox Beynəlxalq Film Festivalında uğurla iştirak edən, müxtəlif təltiflərə layiq görülən Mirbala Səlimli “Qırmızı bağ” filminin parlaq bədii həllinə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatını da qazanıb. 2012-ci ildə Əməkdar incəsənət xadimi adını alan rejissor Prezident Mükafatı laureatıdır.
...Şəki teatrının pillələrini enəndə düşünürdüm: “Söhbətə nədən başlamalıyam? Bəlkə elə, sevdiyim aktrisanın soyadını soruşum qapıdan girən kimi?” Hə, dağlar övladı Şəkidə pillələr insanı üzüaşağı da, üzüyuxarı da mənzil başına aparır. Sənət məbədinə bu dəfə başqa qapıdan daxil oluram. Dəhlizlər bir-birinin sözünü yarıda kəsir, qapılar küsmüş kimi, hərəsi bir ayrı tərəfə baxır. Bəyaz döşəməli bir dəhlizin o başından sevimli yazıçım Aqata Kristinin əsərlərindəki alatoranlıq göz dikir mənə. Gülümsəyirəm. Aqata xala da teatrı sevirdi!
...Mirbala müəllim bizi qarşılayır və salam-kəlamdan sonra ilk sözü bu olur: “Hər şeyin məktəbi olmalıdır! Teatrın da! Sizi indi bu mövsümün vokal məşğələlərindən sonuncusunu dinləməyə aparıram!”
Son məşğələ Bethovenin kanonlarından biri ilə başlayır. Səhnədə yan-yana düzülmüş məşğələ iştirakçılarına baxıram. Nəzərimi o cəlb edir ki, təkcə teatr studiyasının tələbələri yox, peşəkar aktyor və aktrisalar da bu məşğələyə cəlb olunub. Ardınca xalq mahnısı “Kəklik” oxunur. İştirakçılar “Gəl, ovla məni” dedikcə düşüncəmdəki bənzətmə özümü də gülümsədir: “Gəl, düş sehrimizə, ay tamaşaçı!” Xəyali tamaşanın kiçik bir epizodudur oxunan mahnı və mən bir tamaşaçı kimi sehirdəyəm artıq... Bir-birinin içindən halqalar şəklində keçən qadın və kişi səsləri arasındakı incə sərhəd... Bu sərhəddə ilişib qalan tamaşaçı...
Albinoninin “Adajio”sunda mənə tanış nəsə var. Amma bu “tanışım” məni hüznləndirir. Zehnimin ən alt qatlarında onu haradan tanıdığıma dair bir xatirə gəzirəm. Və tapıram... Kamil Sen-Sans`ın “Ölülərin rəqsi”ndə gizlətdiyi hüzn idi pianinonun dillərində haray çəkən... Düşünürəm: “Kamil Sen-Sans`ın hamıdan gizlətdiyi o mübhəm kədəri bu qədər ucadan “söyləmək” cəsarətini haradan almışdı Albinoni?” Büründüyüm hüzndə həyatın faniliyi də var: “İndi “Adajio” bitəcək, bəşər övladı dönəcək öz reallığına...”
“Araz axır lil ilə...” oxuyur vokal məşğələsinin iştirakçıları. Araza gül atmağa doğru xəyali yolçuluğa çıxıram. Bələdçilərim Şəki Dövlət Dram Teatrının teatr studiyasının tələbələri, aktyor və aktrisalarıdır. Yolum bu ilin 26 mayından da keçir. Həmin gün yazıçı Təranə Vahid “Laçında nağıllar aləmində” başlığıyla bir şəklini paylaşmışdı feysbukda. Qırmızı rəngin hakim olduğu xalçanın yaşıla hökmü... Yaşılın qırmızıya “mənəm hökmdar!” iddiası... Bu iddia ilə məğlub olması...Xalçanın incə-incə naxışlarıyla öyünməsi... Sən demə, təbiətin dişiliyi yaşıl deyil, qırmızıymış! Sonuncu söz onun, daşdan keçən hökm onundur! Sarı təbiətin ölümü, qar bəyazlığı və qış bozluğu ölümdən sonrakı xatirələrdir. Və bütün bunların hamısı bağrında qırmızı ilə gözəlmiş!
“Ay Laçın!” oxuyur səhnədəkilər...Mən Laçını və Təranə Vahidi salamlayıram hansı duyğununsa üzümə çilədiyi təbəssümlə. Russonun “yalnız səyyah”ına dönürəm teatr studiyasındakı abu-havanın ortasında. Araza gül atdığım yerdə bir də görürəm ki, “Adajio”-“Ölülərin rəqsi” arasındakı əlaqə güzgüsünün o biri üzündən baxıram hər şeyə.
Şekspirin 2 sonetini gitaranın çılğınlığıyla dinləyərək düşünürəm: “Gitara və Şekspir? Təzad! Amma gözəl təzad!” Eh, məgər Şekspir çılğın olmasaydı, dünya tarixində qala bilərdi ki?!
***
Mirbala Səlimli ilə söhbətimizə elə Şekspirlə davam edirik...
-Mirbala müəllim, Şekspirin bir əsərini hazırlayırsınız, hə?
Müsahibim başıyla masasındakı kitablara işarə edərək gülümsəyir:
-Bəli. Şekspirin əsərini səhnəyə qoymaq haqqını müsabiqə yolu ilə qazanmışıq. Layihə hazırlanır, Mədəniyyət Nazirliyindəki ekspertlər şurasına təqdim olunur. Bizə düşən ən böyük vəzifə layihəmizi müdafiə etməkdir. Biz bunu bacardıq. Səhnəyə Şekspirin əsərini qoyuramsa, onun yaradıcılığı ilə bağlı kitabları tapıb oxumaq borcumdur. Bilməliyəm ki, o necə yazıb. Mütləq mütəxəssislərin kitablarına baş vurmalıydım. Baxın, Anikst`in kitabı var burada. Şekspirin yaradıcılığını dərindən öyrənməliyəm ki, onun əsərinin səhnədəki həlli uğurlu olsun. Ən birinci, özüm razı qalmalıyam qurduğum tamaşadan.
-Vokal məşğələsi məndə o qədər gözəl təəssürat yaratdı ki...
-Şəki teatrı olaraq qarşımıza bir konsepsiya qoymuşuq: teatr-universitet. İstəyirik ki, həyatını teatra bağlamaq istəyən bütün gənclərə teatrın təkcə “tamaşa oynanan yer” olmadığını anladaq. Teatr məktəbdir. Düzdür, dramatik teatr üçün vokal məşğələlərinin keçirilməsi o qədər də əsas deyil. Vokal məşğələsi musiqili teatra uyğundur. Amma bizim fikrimizcə, müasir aktyor həm səhnədə oxumağı bacarmalıdır, həm də gözəl plastik keyfiyyətlərə malik olmalıdır: rəqs etməlidir, obrazını dolğun şəkildə ifa etməlidir, müxtəlif hərəkətlərə fiziki hazırlıqlı olmalıdır. Obrazın üzərində işləmək təkcə ondan ibarət deyil ki, aktyor obrazı dərindən öyrəndi, onun daxili aləminə nüfuz elədi, sözlərini əzbərlədi. Bunlar vacibdir, bəli, amma aktyor səhnədə canlı oxumağı da bacarmalıdır. Bir sözlə, müasir tamaşaçı tələbkardır və müasir aktyor onu sənətlə doyurmalıdır. Bayaq özünüz də gördünüz ki, Şekspirin sonetləri oxundu. Bir səslə deyil, iki, üç səslə oxudular. Eyni anda eşidilən iki, üç səs professionallıqdır.
-Repertuarınızda Brext də var. Təbrik edirəm! Məncə, professionallığın bir amili də güclü əsərə müraciət etməkdir.
-Repertuarımız zəngindir. “Epik teatr” üslubunun yaradıcısı olan Bertolt Brextin “Kuraj ana və uşaqları” əsərini müvəffəqiyyətlə tamaşaçılara ərməğan etdik. Mənim quruluş verdiyim tamaşa Şəkidə peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olundu. İlk dəfə idi ki, məhz bu tamaşada aktyorlarımız səhnədə canlı oxudular. “Epik teatr” üçün canlı səs önəmlidir. Sonqlar vasitəsilə hadisənin mahiyyətini açmaq aktyorların öz obrazından çıxmasıdır bir növ. Səhnədə mikrofonsuz, səsgücləndirici olmadan oxumaq Şəki teatrı üçün ilk idi. Bu ilkə imza atmaq bizim üçün çox xoş oldu! Aktyorlar canlı oxuyur, tamaşaçılar alqışlayır... Bundan böyük mükafat varmı?! Ümumiyyətlə, həmişə çalışırıq ki, hər mövsümdə tamaşaçıların qarşısına yeni tamaşalarla çıxaq. İndiyədək Şəkidə 3 dəfə Beynəlxalq Teatr Festivalı keçirilib-2014, 2016 və 2018-ci illərdə. Festivalın zəncirvari şəkildə davam etməsi nəzərdə tutulmuşdu. Amma pandemiya səbəbiylə zəncir qırıldı. Bu il, nəhayət, ənənəni davam etdirmək qərarındayıq.
-145 illik teatr. Dildə demək asandır, söhbət əsr yarım vaxtdan gedir...
-1879-cu ildə ilk dəfə Şəkidə professional milli teatr tamaşası göstərilib. Sayılıb-seçilən Şəki ziyalılarından olan Rəşid bəy Əfəndiyev öz gəncliyində Tiflisə gedib, Qori müəllimlər seminariyasında təhsil alıb. Həmin ərəfədə Axundzadə ilə görüşüb. Mirzə Fətəli Rəşid bəyə deyib: “Çox istərdim, vətənim Şəkidə əsərim oynanılsın”. Düzdür, bu arzusuna yetmək böyük mütəfəkkirə sağlığında qismət olmadı, amma Rəşid bəy sözünü tutdu. 1879-cu ildə Novruz bayramı ərəfəsində, bir barama anbarında Şəkidə ilk dəfə olaraq peşəkar tamaşa oynanılır: Axundzadənin “Hekayəti mərdi-xəsis”, digər adıyla “Hacı Qara” əsəri. Tamaşa haqqında hekayələr, söyləntilər çoxdur. Ən əsası odur ki, professional səhnə üçün yazılmış əsərin tamaşaya qoyulması beyinlərdə, düşüncələrdə partlayış effekti verib. Yazılı mənbələrdən öyrənirik ki, onadək də Şəkidə folklor teatrı, xalq teatrı olub, zorxana olub. Axundzadənin əsərinin oynanması isə Şəkidə peşəkar teatrın əsasını qoyub. 1934-cü ildə Şəki teatrına dövlət statusu verilib.
-Şəkidə vaxtilə “darvaza teatrları”nın çox olduğu da deyilir. Nədir bu “darvaza teatrları”?
-O zamanlar “darvaza teatrları” da vardı, “ev teatrları” da. Hətta sovet dönəmində belə, “darvaza teatrları” fəaliyyət göstərirdi. Şəkidə darvazaların əksəriyyətinin tağlı olduğunu görmüsünüz. Həmin tağlı darvazaların içəri üzündə-həyətdə aktyorlar hazırlaşırdılar. Qohum-qonşu, kim istəsə özləriylə kətil gətirib küçəyə düzür, oturub darvazanın açılmasını gözləyirdilər. Darvaza açılır, tamaşa başlanırdı. Burada darvaza, bir növ, səhnə pərdəsi rolunda idi. Xalqın daxilindəki teatra olan sevgi “darvaza teatrları”nın uzunömürlülüyünün təminatı oldu. “Darvaza teatrları” haqqında mənə danışan çox adam olub. Hətta elə insanlar tanımışam ki, həmin tamaşalarda rol alıblar, yaxud aktyorlar üçün geyim hazırlayıblar. Onlarla həmsöhbət olmaq məndə xoş xatirələr qoyub...
-“Rejissor laboratoriyası”nın məqsədi nədir?
-Məqsəd ondan ibarətdir ki, gənc rejissorlar gördükləri/görəcəkləri işi incəliklərinədək bilsinlər. Məsələn; “rejissor laboratoriyası”nda gənc rejissorlarla birgə oturub əsəri oxuyuruq, müzakirə edirik, səhnəyə qoyulacaq olanları seçirik. Sonra da başlayır həmin əsərin səhnəyə hazırlanması.
-Və bütün bu proseslərdə gənc rejissorlar sizdən ustad dərsləri alır. Şanslıdırlar.
Mirbala müəllim təvazökarlıqla gülümsəyir və rejissorluqla bağlı söhbətinə davam edir:
-Rejissorluq çoxşaxəlidir. Dram əsərinin üzərində işləmək rejissor üçün böyük, çətin işdir. Hansı əsəri səhnəyə hazırlayırsansa, həmin əsərin elmi bazasına bələd olmalısan. Hər bir ciddi, uğurlu tamaşanın arxasında, belə deyək, rejissorun elmi işi durur. Hətta yay aylarında belə, biz öyrənməkdə/öyrətməkdə davam edirik. Həftədə 2-3 dəfə yığılır, yeni əsərləri oxuyur, müzakirə edirik. Şəki Dövlət Dram Teatrında iki illik teatr studiyası çoxdan fəaliyyət göstərir. Mədəniyyət Nazirliyinə mütəşəkkirik ki, daim bizə bu istiqamətdə maddi dəstək verir. İki il ərzində aktyora səhnə danışığı, rəqs, vokal öyrədilir, dramaturgiyanın əsasları, teatr tarixi ilə bağlı dərslər keçilir. Baş rəssamımız Sahib Əhmədov isə gənc rəssamlar üçün emalatxana təşkil edib. Ən istedadlı rəssam belə, teatr rəssamı olmaq üçün bu istiqaməti bilməli, müəyyən biliklərə yiyələnməlidir. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, teatr-universitet konsepsiyası bizim üçün çox önəmlidir.
-Sevdiyim aktrisanı da gördüm vokal məşğələsində. Mənimçün oxuduğum bütün klassik əsərlərdəki aktrisa obrazları Günay xanımın simasında, oyununda cəmlənib.
-Günay Novruzəliyeva bizim teatr studiyasının tələbəsi olub. Bir sözlə, bu teatrda başlayıb sənət yoluna, uğurla da addımlayır. Bizdə elə şey yoxdur ki, sən peşəkar aktyor, aktrisansa öz üzərində işləməməlisən. Aktyor həmişə formada olmalıdır-Xalq artisti olsun, Əməkdar artist olsun, fərqi yoxdur. Teatr studiyalarına həm gəncləri cəlb edirik, həm də öz aktyor heyətimizin fəaliyyətini təkmilləşdiririk.
-Teatr studiyasına müraciət edənlər çox olar, məncə. Bəs sonda teatra könüllü təslim olan neçə nəfər olur?
-Tutaq ki, 30 nəfər gəlir, amma sonda baxırsan ki, 2-3 nəfər qalıb. Mən müraciət edənlərin heç birinə ilk gündən “get, teatr sənlik deyil” demirəm. Hər insan istedadla doğulur, hər insanda yaratmaq eşqi olur. Hamımızın bir cığır açana ehtiyacımız olub yolun əvvəlində. Mən o cığırı açıram. Amma proses irəlilədikcə teatr özü başlayır seçməyə... Kim ki, bu fədakarlığa hazırdır, o, qalır. Bir nüansı da qeyd edim, bu studiyadan ali təhsilə addım atanlar da var. Hazırda ADMİU-da ali təhsil alan yetirmələrimiz var.
-Şəki teatrının müasir yazıçılarla əlaqələri hansı səviyyədədir?
-Bizə təqdim edilən əsəri, əvvəlcə, ədəbi hissə müdirimiz oxuyur. Sonra kollektivə təqdim edir. Əgər bir əsər 4 tələbə cavab verirsə, qəbul edirik. Birincisi, əsərin ideyasının əbədi, bəşəri olması. İkincisi, mövzunun aktuallığı. Üçüncüsü, kollektiv. Yəni, bizdə həmin əsəri səhnəyə qoyacaq kollektiv varmı? Dördüncüsü, tamaşaçı amilidir. Baxırıq ki, Şəki tamaşaçısı onu qəbul edəcəkmi? İstər müasir ədəbiyyat nümunəsi olsun, istər klassika, əsər bu 4 tələbə cavab verməlidir. Bizə öz əsərini gətirən gənc müəlliflər də olur. Onlara əsərlərində nəyin çatışmadığını izah edirəm. Cəsarətlə deyə bilərəm ki, müasir dramaturq səhnəni bilmir. Qarabağın illərlə işğalda qalması, Xocalı soyqırımı ən ağrılı mövzularımızdandır. Bizə bu mövzuda əsər gətirilir, baxırsan ki, bədii əsərdir, mövzu bədii baxımdan gözəl işlənib, amma dramaturji həll yoxdur. “Vətən müharibəsi” zamanı son döyüşə yollanacağını bilən gənc əsgərlər özçəkim edirdilər ha, 20-30 saniyəlik videolar, o kadrlara baxın, adamın tükləri biz-biz olur. Qəhərlənmədən baxmaq olmur. Amma barmaq qalınlıqda kitab gətirirlər, şüarçılıqdır, pafosdur, o səmimiyyət, o həyatilik yoxdur.
-Şair Emin Piri müharibədən qayıdandan sonra status yazmışdı ki: “Qapıdan çıxanda anam başıma xına çəkdi...”
-Bax, bu cür epizodlar yoxdur bizə gətirilən əsərlərdə. Həmişə deyirəm ki, 44 gündə Azərbaycan oğlanları qızların özlərinə qarşı olan inamını artırdılar. O vaxtadək sanki bir az gözükölgəli idilər... Tale Ulusoy var, qazidir, müharibədən əvvəl də döyüş mövzulu qısa filmlər çəkirdi. Taxtadan silah düzəldir, rəngləyir, öz bacarığı, öz büdcəsi hesabına ortaya nəsə çıxarırdı. Müharibə başlayan kimi getdi, odun-alovun içindən keçib gəldi. İndi onun həyata baxışı dəyişib. Bu yaxında bir film ssenarisi gətirib. İlahi, necə də həyati mövzu idi! Dedim, ürəkli ol, bu filmin ərsəyə gəlməsində nə kömək lazımdırsa, göstərəcəyəm.
***
O gözəl, nağılvari, yox-yox, nağıllarda sonda hamının murada yetməsi şərtdir, romanvari iyirmili yaşlardan qalan teatrlı xatirələr...Və hər şənbə teatrdan gələn qonağın qarşısında susub bütün sualları ürəyində səsləndirən qız... O qızı özümə “yol yoldaşı” edib çıxıram Şəki Dövlət Dram Teatrının pillələrini bircə-bircə... İllərin o üzündən aparıcının televiziya izləyicilərinə “deməsi” üçün yazdığım cümlələrdən bir ovucu ləpələnir: “Tələsə-tələsə qaçırıq, bir gün həyat səhnəsində istədiyimiz insanla tərəf müqabili olaq deyə. Amma yolumuzun sonunda nələrin gözlədiyini bilmiriksə, o zaman qaçmağa, tələsməyə də dəyməz. Sadəcə, cavab axtardığımız sualların qoynunda həyat yoluna davam edirik. Yaşadığımız müddətcə biz kifayət qədər dərin suallar veririk və cavabını səbirsizliklə gözləyirik. Cavabları aldığımız zaman tükənirik. Odur ki, suallar bir az da cavabsız qalsın, bir az da dünya gözəl görünsün, maraqlı olsun”.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)