Super User

Super User

Wednesday, 06 November 2024 16:02

Komitə sədri Media Qrupunu təbrik etdi

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa

“Yeni Müsavat” Media Qrupunun

qurucu-baş redaktoru,

Əməkdar jurnalist Rauf Arifoğluna məktub ünvanlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Yeni Müsavat”ın qarşıdan gələn 35 illik yubileyi ilə bağlı təbrik məktubunda deyilir:

 

“Hörmətli Rauf müəllim,

Sizi “Yeni Müsavat” qəzetinin ilk sayının gün üzü görməsinin 35-ci ildönümü ilə bağlı təbrik edir, Sizə, bütün “Yeni Müsavat”çılara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Çox şadam ki, bu ilki yubileyinizi torpaqlarımızın işğaldan qurtarılmasının, respublikamızın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsinin növbəti ildönümünün sevinci, qüruru içində keçirirsiniz. 

“Yeni Müsavat” qəzetinin 35 yaşı həm də müstəqil və tolerant mətbuatın 35 yaşı deməkdir. Azərbaycanda siyasi partiya orqanı kimi yaranan çap mediasının çoxu öz siyasi mənsubluğunu tərk edə bilmədi. Toplumun bütünlüklə açılım etmək, necə deyərlər, “hər kəsin qəzeti” olmaq çox ağır, hətta, riskli işdir. Öz cizgisini qoruyaraq, bütün topluma açıq olmaq bir media orqanına, əsl milli media parametrləri qazandıraraq, ictimai faydalı düşüncələrin, fərqli görüşlərin yüksək mövqedən tirajlanmasında əvəzsiz rol oynayır. İllərdir bütün fərqli siyasi görüşlərin daşıyıcılarına tribuna verməsi “Yeni Müsavat”ın demokratikliyinin, əsl milli media orqanı olmasının dəyərli göstəricisidir. 

İlk illər (1989-1991) gizli fəaliyyət göstərən “Yeni Müsavat”, bu gün eyniadlı qəzetlə yanaşı, öz tirajına görə qəzeti dəfələrlə üstələmiş, ayrıca, gündəlik 24 saat yayında olan internetə bağlı (online) xəbər portalı “musavat.com” daxil olmaqla, böyük bir media qrupu kimi fəaliyyət göstərir. Bir sözlə, “Yeni Müsavat” media qrupu, öz tirajına, əhatəsinə görə Azərbaycanın əsas media quruluşlarından biridir. 

Siz vətəndaş cəmiyyəti institutlarının gördüyü işləri öz səhifələrinizdə davamlı şəkildə işıqlandırır, onlara media dəstəyi göstərirsiniz.

Sizi, Sizin şəxsinizdə bütün “Yeni Müsavat”çıları 35 illik yubileylə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün                

 

Bu gün Azərbaycan  Radiosunun yarandığı gündür.

Stalin repressiyasının xofunun, «Böyük rəhbər»dən sonra əyalətlərdə hökm sürən qorxunun yavaş- yavaş səngiməsi, hakimiyyət dəyişiklikləri Azərbaycanda da gerçəkləşdi. 

 

Mircəfər Bağırov rejiminin İmam Mustafayev hakimiyyəti ilə əvəzolunması milli ruhlu ziyalıların önə çəkilməsi ilə müşaiyət olundu. 

Daha sədaqətli və peşəkar kadrlardan yararlanmaq ideyasını hakimiyyətinin prioriteti hesab edən yeni birinci katib Nəsir İmanquliyev kimi lazımlı, işini bilən kadrlardan imtina etmədi. Əksinə Mircəfər Bağırovun da əqidəsinə, ötkəmliyinə, iradəsinə hörmət bəsləyib pillə-pillə yüksəltdiyi Nəsir İmanquliyev kimi kadrlara etibar etməyi zəruri bildi.

İmam Mustafayev hakimiyyətə təzə gəldiyi ərəfədə qəzetlərin əksəriyyətində, hətta Moskvada işıq üzü görən mətbuat orqanlarının bir çoxunda erməni daşnaqlarının fitvası ilə «Bakıda Radionu nə vaxt açırsan «Rasta» rast gəlirsən, erməni mədəniyyəti, erməni tarixi sıxışdırılır» kimi bəd ruhlu, həqiqətdən uzaq məqalələr dərc olunur, Mərkəzi Komitə də yerli rəhbərliyi qınaq hədəfinə çevirirdi. Milli-mənəvi dəyərlərə sədaqət hissi ilə yanaşan İmam Mustafayev belə vəziyyətdə daha uğurlu bir siyasi gediş edir. Peşəkarlığına, ötkəmliyinə, eyni zamanda müdrikliyinə ehtiram bəslədiyi Mərkəzi Komitənin Təbliğat-təşviqat şöbəsinin müdirini 1956-cı il noyabrın 23-də Mədəniyyət Nazirliyinin Radioinformasiya baş idarəsinin rəisi təyin edir. Təyinat zamanı aralarında olan qısa söhbəti xatırlayan İmam Mustafayev 1989-cu ilin dekabrında Azərbaycan radiosuna verdiyi müsahibədə deyirdi: «Mən Nəsir müəllimi qəbul edən zaman, qəzetlər yazır ki, «Radionu nə vaxt açırsan «Rasta» rast gəlirsən», istəyirəm gedib «onların» cavablarını verəsən. İnanıram ki, verəcəksən. Öz metodunla» dedim. Nəsir müəllim özünəxas təbəssümlə cavab verdi. Səsi sonra bərk çıxdı. «Öxu tar, səni kim unudar!» Muğam müsabiqəsi ilə hədyan yazanları peşiman etdi. Nəsir müəllim müdrik adam idi. Belə bir kadrı vaxtında qiymətləndirdiyim üçün indi də, bu ağsaqqal çağımda da qürur duyuram!»

Mərkəzi Komitənin rəhbərlərindən biri olmuş, akademik İmam Mustafayevin 33 il sonra qürur hissi ilə xatırladığı o unudulmaz tarixin məsuliyyətli, eyni zamanda şərəfli anlarını yaşayan Azərbaycan Teleradio QSC-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, xalq artisti Nəriman Əzimov isə sonralar Nəsir müəllimlə bağlı xatirələrində qeyd edəcəkdi: «Nəsir müəllim radioya rəhbər təyin olunanda radionun da, milli musiqimizin, ədəbiyyatımızın da ağır günləri idi. Stalin repressiyasının xofu, müharibənin dəhşətləri insanların canından çıxmamışdı. Muğamlarımıza, Üzeyir bəy kimi böyük bəstəkarımıza belə xüsusi hücumlar var idi. Bu qara yellər birbaşa mərkəzdən, özü də erməni daşnaqlarının əli ilə əsirdi. Ermənilərin Moskvada cızdığı planların başında doktor İonesyan dayanırdı. Və onlar bunu açıq-açığına edirdilər. Bunun qarşısını almaq isə müşkülə çevrilirdi. «Mənəm-mənəm» deyən kişilər belə bu mübarizəyə qalxmırdı. Bu cəsarət bircə nəfərdə tapıldı. Böyük bir qaragüruhun, imperiyanın qabağına Radioinformasiya Baş İdarəsinin rəisi, cəsarətin, ləyaqətin simvolu olan Nəsir İmanquliyev çıxdı. Sübut etdi ki, Üzeyir bəyə olan hücumlar birbaşa milli musiqimiz, muğamlarımızla bağlıdır. Çünki Üzeyir bəy «Koroğlu» operasını yazıb səhnəyə qoymaqla milli qəhrəmanlıq tariximizi vərəqləmiş, xalqı yaddaşa qaytarmışdı. Üstəlik, 1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyəti Günləri keçiriləndə «Arşın mal alan» operettasını Xalq Çalğı Alətləri Orkestrinin ifasında təqdim edərək:

Oxuma tar, oxuma tar, Səni sevmir, proletar. - söyləyənlərə, imperiyanın dəyirmanına su tökənlərə dağ çəkib nakam şairimiz Mikayıl Müşfiqin haqqını özünə qaytarmışdı. Bu həm də bizim milli alətlərimizi özününküləşdirmək istəyən daşnaqlara dərs idi. Mərkəzi Komitənin, Mədəniyyət Nazirliyinin müşavirələrində çıxış edən, milli dəyərləri təbliğ edən Nəsir müəllim radioda fəaliyyətə başlayan kimi «Oxu tar, səni kim unudar» devizi altında müsabiqə elan etdi. Mən həmin dövrdə Səid Rüstəmovun rəhbərlik etdiyi, son bir neçə on ildə rəhbərlik etmək qisməti mənə düşən orkestdə tarzən idim. Bu müsabiqə yuxarıdakıları «vəlvələyə» salmışdı. Ölkənin ən dəhşətli məmurları Nəsir İmanquliyevlə, radionun rəhbəri ilə bacara bilmirdi. Çünki o, böyük ziyalı, müdrik şəxsiyyət, ləyaqətli rəhbər, işini bilən, işini ustalıqla görən, amalının arxasında əməli dayanan iradə və cəsarət sahibi idi...

1956-ci ildə təməli qoyulan bu müqəddəs işin nəticəsini 1958-ci ildə Moskvada keçirilən Ümumdünya Mədəniyyət Ongünlüyündə və 1959-cu ildə yaşadıq. Mərkəz bu tipli hücumların nəticəsiz qaldığını, Azərbaycanın Nəsir müəllim kimi şəxsiyyətlərinin iradəsini duyub düz 21 il sonra Moskvada yenidən Azərbaycan Mədəniyyəti Ongünlüyünü təşkil etdi. Xan əminin, Sara Qədimovanın, Şövkət Ələkbərovanın şaqraq səsi «Qarabağ şikəstəsi» ilə Şimal səhrasına həqiqətin mehini gətirdi.

Bu gün tez-tez seyr etdiyimiz, milli televiziyamızın ekranlarından ruhumuza köçürdüyümüz, Qarabağın ağır günlərində dərdə dərman dediyimiz məşhur kadrlar o illərin yadigarı, Nəsir müəllimin cəsarətinin, ləyaqətinin adı, ünvanıdı...»

Üstündən 50 il ötəndən sonra Azərbaycan “Muğam”ı keçid dövrünün burulğanına düşdü. Xilaskar və himmayədar qismində Tanrı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyevanı, professor Nəsir İmanquliyevin nəvəsini göndərdi. Ölkədə genişmiqyaslı Muğam lahiyələri gerçəkləşdi.Muğam müsabiqələri təşkil olundu.Muğam portal yaradıldı."Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomu nəşr edildi.Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu.Azərbaycan Muğamı dünyanın maddi-mədəni irsi siyahsına yazıldı.Mehriban xanım Əliyeva bununla həm də XIX yüz ildə Şamaxıda ədəbiyyatın, mədəniyyətın, milli-mənəvi dəyərlərin qoruyucusu kimi tarix yaradan, malikanəsində “Beytüs-səfa”məclisini qrub,sənət-söz adamlarını, ustad sənətkarları himayə edən, Azərbaycan muğamlarının təbliğ üçün varını, dövlətini əsirgəməyən böyük babası, nənəsi Gövhər xanım Sultanzadənin babası Mahmud Ağanın ruhunu şad etmiş oldu...

Nəsir müəllim efir adamı olmamışdan, ruhunu səsə, nəfəsə köçürməmişdən öncə qəzetçi idi. Əslində el dili ilə desək, «O, təpədən dırnağa» qəzetçi idi. «Gənc işçi»nin, «Yeni yol»un bulağından içmişdi. Müqtədir qələm sahiblərini, dövrünün ayinəsini yaradan mühərrirləri də burada görmüşdü. Ağahüseyn Rəsulzadə, Allahverdi İsayev, Qulam Məmmədli kimi qəzet quran, oyanışın, qurtuluşun yolunu qəzet işində, təbliğat və təşviqatda görən ziyalılardan idi. 1956-cı ilin noyabrından 1957-ci ilin sentyabrına kimi efirdə, radioda biri- birindən möhtəşəm layihələrə imza atan professor Nəsir İmanquliyev 1957-ci il sentyabrın 14-də yeni yaranan Radio və Televiziya Komitəsinə sədr müavini təyin olunur. Televiziyaya rəhbərlik tanınmış şair-publisist Teymur Elçinə, Radioya rəhbərlik isə Nəsir İmanquliyevə tapşırılır. Bu təyinat, Radio və Televiziyaya verilən geniş imkanlar, Nəsir müəllimə göstərilən etimad onun əl-qolunu bir az da açır. Mərkəzi Komitəyə Radio və Televiziyanın mətbuat orqanını qurmaq üçün müraciət edir. Müraciətinə Moskvada baxılır. Bunun üçün ora ezam olunur. 

Radio və Televiziyada keçən şərəfli günlər, məsuliyyətli anlar barədə sevə-sevə müsahibələr verdiyi radiojurnalistlərə həmişə: «Sizin indiki «Ekran-Efir» həftəlik qəzetinin yaranmasında bilavasitə iştirak etmişəm. Moskvada olmuşam, onun razılığını almışam, hətta kağız materialını da oradan gətirmişəm. O vaxt «Danışır Bakı» və «Radio proqramı» adı ilə çıxırdı» deyə, qürur hissi keçirər; «Radio və televiziyanı peşəkar jurnalistlərin, tanınmış ziyalıların, görkəmli alimlərin, istedadlı qələm sahiblərinin, səsi bulaq kimi çağlayan aparıcı diktorların, işini bilən rejissorların, texniki işçilərin birgə əməyi dinləyicilərə, tamaşaçılara sevdirə bilər...» kəlamı ilə dünyanın öyüd-nəsihət, ustad-şəyird müqəddəsliyinə döndərdi.

90 illik bir ənənəsi olan, beşiyinin başında Üzeyir bəy, Müslüm Maqomayev, Səid Rüstəmov,Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Əhmədxan Bakıxanov, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, Leyla Terequlova, Zəhra Salayeva, Tofiq Kazımov, Soltan Nəcəfov, Aydın Qaradağlı, İsrafil Nəzərov, Ənvər Əlibəyli, Nəbi Xəzri kimi istedadlı sənət-söz adamlarının, məlahətli səsi ilə ürəklərə yol tapan diktorların dayandığı Radio və Televiziya Komitəsinə Radionun 30 illik yubileyi ərəfəsində gələn Nəsir müəllim Mərkəzi Komitənin təyinatı ilə gəlsə də, söz adamı, səs adamı idi. Sözü, səsi, nəfəsi ilə mətbuat səhifələrindən, kürsülərdən çoxlarına tanış və doğma idi.

Hər gələn sədr, sədr müavini radionun, televiziyanın tarixində öz izini qoyur. Teymur Elçini, Nəbi Xəzrini xeyirxahlığın, İsrafil Nəzərovu, Nəsir İmanquliyevi, Elşad Quliyevi peşəkarlığın rəmzi kimi yaddaşına yazan dinləyicilər, tamaşaçılar ilk dəfə məhz Nəsir İmanquliyevin radioya rəhbərlik etdiyi aylardan ana dilli verilişlərin sayının artıdığını hiss etdilər. Bu ənənə Nəsir müəllimdən sonra Ənvər Əlibəyli, Rauf Kazımovski, Seyfəddin Abbasov, Tahir Rəsulzadə, Kamil Rzaquliyev, Rauf İsmayılov, Aydın Vəlixanov, Həbibə Məmmədxanlı, Firudin Ağayev, Kamil Rüstəmbəyov, Vaqif Mustafazadə, Faiq Aslanbəyov, Əhməd Aşurbəyov, Nazim Abbas kimi peşəkar jurnalistlərin, rejissorların, efir adamlarının zamanından başlayaraq bu günə kimi davam etdirilsə də, milyonların auditoriyasının - radionun yaddaşına bir fakt yazıldı: « Məhz Nəsir müəllimin icazəsi və xeyir-duası ilə idman verilişləri, futbol şərhləri rus dilinin hökmran olduğu bir vaxtda dinləyicilərə ana dilində təqdim olundu. Milli radionun tarixində ilk dəfə bu günə qədər davam edən «Muğam saatı» proqramı efirə vəsiqə aldı. Tanınmış rus və avropa ədiblərinin əsərləri onun şəxsi təşəbbüsü, redaktəsi və tərcüməsi ilə ana dilinə çevrilərək dinləyicilərə çatdırıldı. Əməkdar jurnalist, ömrünün yarısından çoxunu radio və televiziyamızın inkişafına həsr edən Valid Sənaninin dili ilə desək: «Bu, o zamanlar üçün cəsarətli addım, ləyaqətli bir iş idi. Bunu hər kişi, hər rəhbər edə bilməzdi...»

Nəsir müəllim efirdən, radiodan, səslər muzeyindən - xalqımızın gücünü, qüdrətini, mənəvi zənginliyini nəfəslə, səslə yaşadan məbəddən tez getdi. Amma işi qaldı. Adı, əməli xeyirxahlığı, peşəkarlığı qaldı. Qısa bir müddətdə bir ilə yaxın zaman kəsiyində efirə peşəkarlıq, milli ruh, ana dilli proqramlar gətirən Nəsir müəllim Üzeyir bəydən, Müslüm Maqomayevdən, Məmməd Səid Ordubadidən, Cəfər Cabbarlıdan, daha kimlərdən, kimlərdən yadigar qalan, işində, əməlində bir qaibanəlik, mübhəmlik olan radioda ahəngini, səsini, nəfəsini qoyub öz böyük arzusunun arxasıyca getdi. «Əkinçi»nin, «Molla Nəsrəddin»in bulağından içən, artıq 90-ı keçən, əyninə milyonlarla dinləyicinin məhəbbətindən don biçən, «Bulağ»ı, «Divani»si, «Yol»u, «Vaxt»ı, «Sarı tel»i, «Dövran»ı, «Səhər»i ilə zülmətləri yaran, «Axşam görüşləri»nin boxçasını səsdən, muğamatdan tutan, sevənlərinin, sevdiklərinin yuxusuna şəkər qatan milli radiomuz indi yeni yaranan neçə-neçə radionun, televiziyanın özəyinə çevrilib. Bu gün çox-çox istedadlı qələm sahibinin, şair və yazıçının: «Mən Nəsir İmanquliyev məktəbini keçmişəm», «Mən «Bakı» qəzetinin şinelindən çıxmışam» - sözlərini Nəsir müəllim radioya şamil edərdi: «Radio mənim üçün həmişə məktəb olub. Mən onun «şinelindən» çıxmışam. Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Məmməd Səid Ordubadinin bulağından içmişəm. Əgər çoxdan arzuladığım, mübarizə apardığım «Bakı» qəzeti olmasaydı, radiodan ayrılmazdım...»

Nəsir müəllim radiodan cismən getdi. Ruhu, duyğuları, sevgiləri mələyə dönüb bu məbəddə qaldı. Onun arzularını sevimli tələbələri gerçəkləşdirdi. Neçə-neçə efir təşnəsi illəri yola salsa da, yenə ustadını özünün önündə görür. İçindən gələn səs qulağında cingildəyib, dodağında pıçıltıya dönür: «Bizim jurnalistika fakültəsini bitirən gənclərin əksəriyyəti radio və televiziyada çalışır, onların bir çoxunu tanıyıram. Böyük ailə sahibi olublar, yaşa dolublar həm də öz maraqlı verilişləri ilə yadda qalıblar. Mən onların hər birini ekran-efir dəst- xəttindən tanıyıram. Mənim tələbəm olanlara da, olmayanlara da xoş arzularımı bildirirəm. Arzu edrəm ki, onların işi günün tələblərinə uyğun olsun və onlar xalqımızın apardığı tədbirlərdə ön sırada getsinlər...»

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

 

Respublika Gənclər Kitabxanasında Elm və Təhsil Nazirliyinin tabeliyində olan 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Zəfərə gedən yol” adlı tədbir keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, şanlı Zəfər tarixinin yeniyetmə və gənclər arasında təbliği məqsədilə təşkil edilən tədbirdə mərkəzin pedaqoji heyəti, dərnək üzvləri, məktəblilər, tələbə və gənclər iştirak edib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Sonradan İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Təsviri incəsənət dərnəklərinin üzvlərinin – gənc rəssamların 8 Noyabr – Zəfər Günü ilə əlaqədar çəkdikləri rəsmlərə baxış keçirildi. Sərgidə  20-dən çox gənc, həvəskar rəssamın Şanlı Zəfər tarixinə həsr etdikləri rəsm əsərləri sərgilənirdi. Təqdim edilən rəsmlərin bir hissəsi Vətən müharibəsində qazanılan şanlı qələbənin sevincini əks etdirməklə yanaşı, əksəriyyəti füsünkar Qarabağın, Şuşanın, Laçın və Kəlbəcərin  görüntülərindən ibarət idi.

Tədbiri giriş sözü ilə açan kitabxananın Elmi İşlər üzrə direktor müavini Günay Həsənova bu gün Azərbaycan Respublikasının müstəqil, suveren bir dövlət olduğunu sübüta yetirən bir sıra əlamətdar tarixlərin – “8 Noyabr – Zəfər Günü”, “9 Noyabr – Dövlət Bayrağı Günü”, “12 Noyabr – Konstitusiya Günü” və “17 Noyabr – Milli Dirçəliş Günü”nün məhz noyabr ayına təsadüf etdiyini söyləyərək, 44 gün davam edən və 8 noyabr tarixində əbədi və əzəli Azərbaycan torpaqlarının geri alınması, dövlətin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən müharibəsinin xalqımızın iftixar və qürur mənbəyi olduğunu bildirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən və bütün dünyaya öz gücünü, iradəsini, mübarizliyini nümayiş etdirən Azərbaycan xalqının bu qələbəsinin siyasi arenada öz sözünü demiş bir liderin müdrik siyasəti, bütöv bir xalqın birliyi və neçə-neçə qəhrəman Azərbaycan oğullarının şücaəti əsasında qazanıldığını vurğuladı. Az öncə sərgidə nümayiş etdirilən hər bir rəsm əsərində bir parça Qarabağın, Şuşanın, azadlığın, Vətən sevigisinin olduğunu bildirərək, gənc rəssamların yaxın gələcəkdə bu füsünkar torpaqları ziyarət edərək bu gözəllikləri, orada aparılan yenidənqurma işlərini öz gözləri ilə görə biləcəklərini söylədi.

4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Məshəti Məmmədova iradəmizin rəmzi kimi tariximizə əbədi həkk olunan Şanlı Zəfər Gününə nəzər salaraq, müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı, ulu öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi dövlətçilik ənənələrini, siyasətini uğurla davam etdirən  Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun şücaəti, döyüş meydanında nümayiş etdirdiyi misilsiz qəhrəmanlığı ilə  mənfur düşməni diz çökdürərək, şəhidlərimizin qisasını aldığını və şanlı Zəfər tarixinə imza atdığını söylədi. Azərbaycan  Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Azərbaycan oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin böyüməkdə olan gənclərə bir örnək olduğunu bildirdi.

Tədbirin bədii hissəsində 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Məktəb teatrının, “Dan Ulduzu” rəqs ansablının ifasında şeir, tamaşadan ibarət kompozisiyalar və rəqslər, kitabxananın Zəfər günü ilə əlaqədar hazırladığı təqdimat nümayiş olundu, “Qönçə” vokal-Xor qrupunun ifasında mahnılar səsləndirildi.

Sonda kitabxananın Elmi İşlər üzrə direktor müavini Günay Həsənova Azərbaycanın gələcəyinin, müstəqilliyinin bu gün böyüməkdə olan gənc nəslin əlində olduğunu qeyd edərək, gənc istedadlara gələcək işlərində uğurlar arzuladı.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin ikinci günü baş tutub.

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, layihənin ikinci günü Bülbül ənənələrini davam etdirən Bülbül Vokal Məktəbinin tələbələri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Xanəndə qızın mahnısı, "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası, Asyanın nəğməsi, Süleyman Ələsgərovun "Vətənimdir", "Gözlə məni", Asəf Zeynallının "Ölkəm", "Sual" romansları, V.A.Motsartın "Fiqaronun toyu" operasından Suzannanın ariyası, Müslüm Maqomayevin "Nərgiz" operasından Nərgizin ariyası, Azərbaycan xalq mahnıları "Bağçada güllər", "Səndən mənə yar olmaz", italyan əsərləri səsləndirilib. 

Konsert proqramında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu iştirak edərək öz səmimi arzularını iştirakçılara çatdırıb.

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ bölməsi

 

 

Sufi təriqətləri orta əsrlərdən başlayaraq, bütün İslam dünyasını əhatə etmişdi. 

Azərbaycanda sufi təriqətləri və onların rəhbərləri arasında 70-dən artıq sufi olmuşdur. Xəlvətiliyin qurucusu Seyyid Yəhya Bakuvini, bütün Qafqazın əsas sufi təriqətlərinin banisi və Şeyx Şamilin ulu mürşidi olan İsmayıl Kürdəmirini, hürufilik və onların ideoloqlarından Nəimi və Nəsimini və digərlərini göstərmək olar.

 

Bu gün isə Nəqşibəndi təriqətinin böyük şeyxlərindən olan Seyid Həmzə Nigari haqqında danışacağıq.

Şeyxi Mir Həmzə Nigari 19-cu əsrdə Azərbaycanda və Anadolu torpaqlarında böyük təsirə malik olan və bu gün də təsirini davam etdirən mühüm şəxsiyyətlərdəndir.

Seyid Həmzənin XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonu) Cicimli kəndində seyid ailəsində doğulduğu qeyd edilir. 

Həmzə Nigari təhsilini Şəkinin Dəhnə kəndində tamamladıqdan sonra Kürdəmirə gəlmiş və Şeyx İsmayılın müridi olmuşdur.

Kürdəmirdə şeyxin yanında mənəvi tərbiyəsinə başlayan Həmzə Nigari şeyxinin ardıyca Anadoluya gəlmişdi. 

Bir müddət sonra mürşidi İsmayıl Şirvanidən xilafətnamə alıb Azərbaycana dönmüş, Bərgüşad və Bərdə ətrafında irşad fəaliyyətinə başlamışdı.

Həmzə Nigari və Ağdaşlı Əhməd əfəndi Şuşada Qarabağ xanının imarətində bir məclisdə olarkən qərar qəbul edilir ki, Osmanlı və Çar Rusiyası arasında müharibə başlayarsa, öz tərəfdarları ilə birlikdə dərhal Osmanlı ordusuna dəstək olacaqlar. 

Beləliklə, Rusiya ilə Osmanlı dövləti arasında başlayan Krım müharibəsi zamanı (1853-cü il) Osmanlı ordusunda cihada qatılmaq üçün müridləri ilə birlikdə gizlicə Qarsa gəlib, Qafqaz süvari alayının komandanı olaraq Osmanlı ordusunun tərkibində ruslara qarşı savaşmışdır. 

Müharibədən sonra Ərzuruma, daha sonra Amasyaya yerləşir. Burada nəqşibəndi təkyəsi quraraq insanları ətrafına toplayıb onları irşad edir.

Bu dönəm Amasyada Seyid Nigarinin nüfuzu, şöhrəti, artmağa başlayır. Bu da bir çoxlarını ciddi narahat etməyə başlayır. 

Burada qeyd etmək lazımdır ki, Azərbaycanda yayılmış sufi təriqətlərindən fərqli olaraq, Osmanlı dini mühitində ərəb üləmaları tərəfindən ixrac olunmuş sxolastik dini baxışın təsiri daha çox hiss olunmağa başlayırdı. Bu da yerli üləmalarda Nigarinin artan nüfuzundan narahatlıq yaradırdı.

Bəzi insanlar Seyid Həmzənin öz ətrafına tərəfdar yığıb siyasi güc formalaşdırmaqda və guya Osmanlı dövlətinə qarşı üsyan qaldırmağa hazırlaşdığı barədə şayiələr yayırdı.

Bu dedi-qodulara görə dövlət orqanları tərəfindən İstanbula çağırılan Seyid Həmzə Harput şəhərinə sürgün edilir.

Ömrünün sonuna kimi Harputda yaşayan Seyid Həmzə elə burada da vəfat edir. Vəsiyyətinə uyğun olaraq Seyid Həmzəni Amasyada torpağa tapşırırlar. 

1894-cü ildə Azərbaycandan gələn yardımların hesabına onun məzarının yerində Seyid Həmzənin əmisi oğlu Mir Həsən tərəfindən türbə və sonralar “Şirvanlı” adlanacaq məscid tikilir.

Bu günlərdə Azərbaycan əsgərinin rəşadəti sayəsində torpaqlarımızın, doğma Qarabağımızın yağı düşməndən azad edilməsi və şanlı bayrağımızın bu torpaqlarda dalğalanması hər birimizdə sonsuz fəxarət və sevinc hissi yaradıb. Azərbaycanın poeziya və musiqi beşiyi olan Qarabağ xalqımızın əzəli-əbədi torpağıdır. Bütün tarixboyu Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsi olub. Bu diyar dünya ədəbiyyatına, mədəniyyətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Həmzə Seyid Nigaridir.

Seyid Həmzə Nigari həm də böyük bir təriqət qurucusu olmuş, nəqşibəndilik təriqətinin yayılmasında əvəzsiz xidməti olan şəxslərdən idi.

Qarabağ torpağında dünyaya göz açan şair kiçik yaşlarından Azərbaycanın ayrı-ayrı bölgələrində təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Qarabağı dünyanın cənnət yeri adlandıran şair şeirlərinin birində “Bir yer deyim, ismi Qarabağdır, cənnət yeri abi-şirin qaymaq” deyə, Qarabağı öyür.

XIX əsrin əvvəllərində çar Rusiyasının xalqa divan tutduğu bir zamanda onlara qarşı mübarizə aparan, öz doğma torpağından ayrı düşən şair zamanın təlatümlü vaxtlarında Osmanlı hökuməti ilə rus hökuməti arasında baş verən narazılıq səbəbindən Qarabağdan bir neçə müridi ilə gecə piyada qaçaraq Araz çayından İran sərhədini keçmişdir. Həmzə Nigari Araz çayını keçdikdən sonra Culfa, Təbriz, Xoy, Salmas, Rumiyəyə çataraq Bəyazid yolu ilə Ərzuruma gəlmiş və təhlükəsizliyə qovuşmuşdur. Rusların təqibi ilə minlərlə müridilə birlikdə təkrar Anadoluya dönən Nigari özü Amasiyaya, müridləri isə başqa-başqa şəhərlərdə yerləşmişdilər. Daha sonra müridi ilə birlikdə Krım müharibəsində iştirak edən Nigari Qars tərəfdən Anadoluya gəlir və müharibədən bir müddət sonra Ərzurumda qalaraq orada mərifət və təfsir dərsləri verməklə məşğul olur.

 

Böyük övliya şair, dövrünün maarifpərvər oğlu, əslən qarabağlı olan Mir Həmzə Seyid Nigari özünün həzrəti peyğəmbərin soyundan olduğunu və nəsil şəcərisini oxucusuna belə təqdim edir:

 

Nəsli-İsmayilsən, əsli-ərəbsən,

Ali Məhəmmədsən, alinəsəbsən,

Müntəxəbnsən, silsileyi-zəhəbsən,

Ey Seyyid Nigari, ey Qarabaği.

 

Mir Həmzə Seyid Nigari yaradıcılığında Qarabağ - bütöv Azərbaycan obrazı özünəməxsus cizgilərlə əks olunub. Yaradıcılığının “lirik məni” kimi ifadə olunan Qarabağ obrazı bəzən torpaq, vətən, yurd, təbiət anlamından çıxaraq, həsrət, ana məhəbbəti, sevgili, qəriblik, doğmalıq, nisgil, ayrılıq, vüsal və s. kimi funksiyaları özündə ifadə edir.

 

Şeirlərinin birində o, Qarabağı mücərrəd məkan olan cənnətlə müqayisə edir, çünki real aləmdə onunla müqayisə olunacaq bir yerin olmadığını deyir: “aləmi cənnət imiş dəri-diyari Qarabağ”, onu şirin qaymağa bənzədir “cənnət yeri, abi-şirin qaymaq”, onun torpağını “torpağı əbir, gülü giyahi” deyərək öyür.

 

Şairin vətəni həmişə erməni işğalçılarının diqqət mərkəzində olmuş, o torpaqlar uğrunda mübarizə aparılmış, qurbanlar getmiş, qanlar tökülmüşdür. Qətliamlar o torpağın insanlarının sanki alın yazısı olmuşdur. Yaşadığı dövrdə vəziyyətin heç də yaxşı olmadığını hiss edən Nigari şeirlərinin birində öz daxili yaşantılarını zamanın üzərinə kökləyir:

 

Eşqin kanı Qarabağdır məkanım,

Bülbüli-şeydayam, cənnət yerimdir,

Əzəl başdan Qaraqaşlı bustanım,

İndi gülüstanım qara pirimdir.

 

Şair doğulub boya-başa çatdığı vətənini dünyanın bir sıra yerləri ilə müqayisə edir, bu təsvir sadəcə müqayisə deyil, bunlar, yəni bu nisgil böyük həsrət və sıxıntı vətəndən uzaq düşən insanların acılarını özündə ifadə edir. Bu vətən ki şairin şeirlərinin əsas leytmotivini təşkil edir. Vətənindən uzaq düşən şair onu Bağdad eli ilə müqayisə edir, sanki vətəni əlçatmaz Bağdad qədər uzaqdadır.

 

Ey könül, tabi Füzuli ilə həmkar oldum,

Qarabağ qitəsini həttayi Bağdad etdim.

 

Nigari eşq, məhəbbət şairi idi. Onun yaradıcılığının əsas qayəsini məhəbbət mövzusu təşkil edir. Bu məhəbbətin nüvəsi vətən məhəbbəti üzərində qurulub. “Vətəni sevmək imandandır” kəlamı şairin lirikasının əsasını təşkil edir. Harada yaşamasından, yazıb-yaratmasından asılı olmayaraq, öləndə öz vətənində dəfn olunmasını, doğma diyarının torpağına qarışmasını istəyən şair: “Bu yaxınlarda Xudanın dərgahına yollanacağımı hiss edirəm. O zaman nəşimin vətənə göndərilməsi lütfünü sizdən gözləyirəm. Bu hərəkətiniz Allah qatında da məqbul olar” deyə qarşılıq vermişdir. Doğulduğu torpağı məhəbbətlə yad edən şair həmişə ona qovuşmaq həsrəti ilə yaşamış, o səbəbdəndir ki, öləndə Qarabağda dəfn edilməsini vəsiyyət etmişdir.

 

Şairin XIX əsrin tarixi gerçəkliklərini poetik boyalarla əks etdirən “Qarabağnamə” əsəri əsl həyat həqiqətlərini özündə yaşadan sənət abidəsidir. Bu əsərdə şair Qarabağın əsrarəngiz gözəlliklərini qələmə almış, Qarabağ təbiətinin sözlə portretini yaratmışdır. Şair vətənini cənnətlə müqayisə edir, yenə də üstünlüyü Qarabağ torpağına verir. Orada qoyub gəldiyi sevgilisinin həsrətindən yandığını da dilə gətirir.

 

Nə əcəb dövlət imiş seyri-şikarı-Qarabağ,

Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ...

Kövsəri -təbi imiş çayi-çinari Qarabağ,

Aləmi cənnət imiş dəri-diyari Qarabağ.

İndi bildim nə imiş vəsfi-həzari Qarabağ,

Yeridir kim, çəkərəm ahi və zari Qarabağ.

Dağlayıbdır məni bir laləüzari Qarabağ,

Yandırıbdır məni bir nari-Nigarı Qarabağ.

 

Bilirik ki, şairin Nigar adlı sevgilisi olmuş, hətta onun sevgisinə “Nigarnamə” əsərini də yazmışdır. “Yandırdı məni bir nari-Nigar” deməklə, sevdiyinə bir işarə edir, qürbətdə sevgilisinin həsrətində olduğunu, bu həsrət təkcə sevgili həsrəti deyil, bu, vətənə olan məhəbbətdir ki, şair onu sevgilisinin simasında dilə gətirir. Bu haqda N.Məmmədli yazır: “Əsərdəki (“Nigarnamə”də-X.H.) bir qəzəldə şair aşiqin ilahi eşq atəşini, yanğısını ifadə edərkən Azərbaycandakı çay adlarını sadalaması çox maraqlıdır”.

 

Doğulduğu torpağın həmişə erməni və ruslar tərəfində işğala məruz qalması şairin şeirlərindəki nisgilin əsas səbəblərindən biri olmuşdur. Qarabağ məfhumu şair üçün bütöv Azərbaycan deməkdir. Bu bütövlükdə hər şey - ana, doğma diyar, doğulduğu kənd, yaşayış ərazisi, qonşuluq anlayışı, həsrət, qürbət və s. məqamları var. Qəzəllərinin birində şair hər axtardığını Qarabağ içrə tapacağını, Məcnunun Leylini torpaq içrə axtarmasına bənzədərək deyir:

 

Costocu eylərəm ol mahi Qarabağ içrə

Məcnunəm kim araram Leylini torpaq içrə.

 

Şair bəzən vətənindən ayrı düşmüş aşiqin ah-vay etməsini neyin sədası ilə müqayisə edir, onun həsrətini şamın ətrafına dolanan, onun odunda özünü fəda edən pərvanəyə bənzədir.

 

Açılur xurşidi-iqbalü doğur mahi-murad,

Ney tək qılma nəva, cəng tək açma geysu...

Yanaram atəşə pərvanə kibi, ah etmə,

Olma bülbül kibiaşüftəvü qılma hay-hu.

 

Qəzəlin sonrakı beytində şair gülüzlü gözələ xitabən bu düzdə onun kimi ürəyinin qara dağlı olan birisinin də olduğunu deyir. Şairin vətən həsrəti, nisgili onu pərvanəyə döndərib. Qürbətdə qalan şair qəfəsdəki bülbül kimi fəğan edir. Başqa şeirlərində Vətən həsrətini şair “dili-şeyda”, “bülbüli-giryan”, “murgi-səhərxan”, “hicran odu”, “xri-hicran”, “əsiri dərd hicranəm, zəbunəm dərdi-firqətdən” kimi ifadələrlə dilə gətirir. Qəzəlin məqtə beytində adının Ruhi Bağdadı kimi dillərə düşdüyünü, hamının o qarabağlının kim olması ilə maraqlandığını vurğulayır. Şairin istər qəzəllərində, istərsə də başqa janrlı şeirlərində Qarabağ obrazı müxtəlif mənaları özündə ehtiva edir.

 

Lalərüxsaridən, ey dil, xəbər al aləmdə,

Varmıdır düzdə bən kibi qara dağlu?

Təb meydanə çıxub Ruhiyi-Bağdadi kibi,

Söylənir dillərə düşmüş “Kim o qaradağlu?”

 

Azərbaycan-Qarabağ mövzusu Həmzə Nigarinin “Çaynamə” poemasında daha qabarıq şəkildə özünü göstərir. O diyarda Şirvan adlı bir məmləkətin olanmasını “Əzm eylə diyari-Şirvanı” deyirsə, amma cənnət kimi bir Qarabağ adlı məkanın “Bir yerdəyəm ismidir Qarabağ” olmasını deməyi də unutmur. Poemanın başqa bölümündə şair Azərbaycana qonşu olan ölkələrin coğrafi xəritəsini şeir dili ilə belə dilə gətirir.

 

Qərbiyyəsi-Göyçə, gahi-xuban

Şərqiyyəsi Badikubi-Şirvan,

Sərhəddi-Cənubisi Ərəsdir,

Gürcidi Şimali, xoş nəfəsdir.

 

Sadaladığı bu sərhədlərin içərisində bir gözəl diyarın olduğunu “Bu dairənin içində guya bir mərkəzi -can olubdu peyda” deyir. Sonra şeirini davam etdirən şair bu gözəl diyarın əlamətlərini sadalayır: “Ol yerdə sürər səfayi- dövra” , “Torpağı əbir, gülü giyahi” olan yerin adının Qarabağ olduğunu söyləyir. Şair oradakı gözəllərin hüsnünü Şirinlə müqayisə edir və bu minvanla “Fərhadı bu dəvaya əsas et” deməklə, onu da Qarabağ gözəlləri yolunda mübarizəyə səsləyir.

 

Şairin vəsf etdiyi Qarabağ torpağı o qədər gözəldir ki, kimə oranı görmək nəsib olubsa, Mövlam göylərdə demək sənin yerini müəyyən edib. Bu diyarın gözəlliyini tərənnüm etməyə kağız, dəftər çatmaz deyən şair poemadakı bölümün sonunda Allahdan o yerlərə getməyi ona qismət etməsini arzulayır:

 

Mövla verə ömri bir zəmanı. 

İslam ilə bir də görək anı.

Ol vəqt ki, irdin ol məkanə

Ol məbnəi-feyzi-aşiqanı.

Öp xakini, fəth qıl kəlamı,

Topraginə bizdən et səlamı.

 

Həmzə Nigari şeirlərinin bəzisində torpağının düşməndən azad olmasını arzulayır, çünki şair sevgisini o diyarda tapıb, o torpağın abad olması üçün canından keçməyə belə hazırdır.

Qarabağın Laçın rayonunda anadan olmuş, qəbri Türkiyənin Amasiya bölgəsində yaşamış şair Seyid Həmzə Nigari (1805- 1885) türk ordusunu nəzərdə tutaraq yazmışdı:  

 

     Qarabağda talan var

     Məni dərdə salan var,

     Bayraqdar as bayrağını

     Gözü yolda qalan var.

 

 Dəyərli Seyid Həmzə ağa, rahat yat. Artıq Azərbaycan ordusu şanlı Bayrağımızı sənin müqəddəs yurdunda dalğalandırır.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Wednesday, 06 November 2024 15:12

Bayatı eldən gəlir, növhə dildən

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi

 

 

Tarixən dini mərasimlər də folklorun əsas qollarından biri olub. Tədqiqatlarımız zamanı gəldiyimiz qənaətə əsasən demək olar ki, Beyləqanda dini mərasimlər özünün bütün dövrlərində insanlar tərəfindən keçirilmişdir. 

 

Araşdırmaları yerli camaatın dili ilə və əyani müşahidələrimizlə edib, mərasimlər haqqında bilgi sahibi olduq. Adət-ənənə əsasən kənd yerlərində hələ də qalmaqdadır. Yalnız tarixin çox da qədim olmayan qatlarına enib bir qədər keçmişdən başlamaq daha məqsədəuyğundur. Belə ki, əski adətlərdən biri də cümə axşamlarının keçirilməsidir. Bu günü biz yalnız həftənin 4-cü günü olaraq bilsək də, aldığımız məlumatlara əsasən Kəbirli kəndinin camaatı iki gün, yəni 4-cü və 5- ci gün, daha dəqiq desək, 4-cü gün axşam şər qarışana, 5-ci gün isə günorta saatlarına təşkil edərlər. Bu, onların qədim adətləridir. Son vaxtlar isə əhalinin maddi durumu ilə əlaqədar, eyni zamanda dövrümüzün bəlasi yayılan viruslarla əlaqədar olaraq yas yerlərinin nisbətən yığışdırılması ilə bu adət yalnız bir günə keçirilmişdir. Kəbirlilərdə daha bir adət dünyadan köçən yaxınlarının qəbrlərini ziyarət edərkən bütün qəbristanlıqda olan ölənlərin ruhuna fatihə oxuyar, onların da adlarını anarlar. Demək olar ki, bütün kəbirlilər bu surəni əzbər bilər. Eyni zamanda avazla oxuyarlar. 

 

70 yaşlı, Kəbirli kənd sakini Nəsibə Şəfiyevadan aldığımız məlumata əsasən kəndin ortasında bir ələm ağacı qoyardılar. Kənd əhli də oraya yığışıb mərasimlər keçirərdilər. Bu qədimdə olan adətdir. Sonralar isə həmin kəndin seyidi Seyid Əli Ağanın ocağına toplaşar, bu ənənəni orada davam edərdilər. Kəndli bu ənənənin indi də var olduğunu deyir. 

 

Digər mərasimlərdən biri də “Şamu qəriban” gecələrinin keçirilməsidir. Bu qaydanı Seyid Əli ağanın özünün qoyduğu deyilir. Kəbirli əhalisi qətl günü axşam yığışaraq Şamu Qəriban gecəsi keçirərmişlər. Məclislərdə ağıçılar gəlməz, hər kəs özü mərsiyə deyib, imamların ruhuna dualar oxuyarlar. İnformatorlar bu adətlərin müəyyən vaxtda unudulduğunu deyir.

 

Qədim adətlər indi də davam etdirilir. Aşıqlı kəndində də cümə günləri iki gün təşkil olunur. Səhərə qədər dünyasının dəyişən insanın ruhuna şamlar, çıraqlar yandırırlar. Burada da məxsusi ağıçılar deyil, bu günə gələn hər kəs növbə ilə ağı deyər. Məclislərdə qadınlar “segah” üstə ağlayarlar. Segah xalq ruhuna yaxın olan muğam olduğu üçün burada ustad dərsi keçmək lazım gəlmir. İstənilən insan bir ağız segah zümzümə etmək qabiliyyətinə malik olduğu üçün, yas mərasimlərində də yanğılı ifa segah ilə daha təsirli olur. 

 

Araşdırma zamanı mərasimlərlə bağlı bir neçə sorğu təşkil edib, müqayisəli təhlillər apardıq. Rayon sakini bildirir ki, bizim yaslar “səliqəli” şəkildə keçir. Hər kəs ardıcıl yerdən əyləşər, bir-birinə ötürərək ağı deyərlər. Ancaq Saatlı ərazisində bu belə deyil. Orada ayaqüstə, toplu şəkildə dayanılar, toplu şəkildə mərsiyə deyərlər. 

 

Araşdırmalarımıza əsasən bu nəticəyə gəlirik ki, Beyləqanın bütün kəndlərində yas mərasimləri eynilik təşkil edir. Beyləqan şəhər Eyvazallar kənd sakinindən aldığımız müsahibəyə əsasən burada yas mərasimlərinin ağır keçdiyi qənaətinə gəlir. 72 yaşlı Rəna xanım bunu daha çox Peyğəmbər torpağı olması ilə əlaqələndirir. İnformator mərsiyələrlə bərabər lohələrin deyilməsini də vurğuladı. Bu ifadənin etimoloji açıqlamasını axtarsaq da, düzgün tələffüz edilmədiyi qənaətinə gəlirik. Düşünürük ki, bu lohə deyil, növhədir. Məzmunca mərsiyəyə yaxın olan bu termin matəm nəğməsidir, ölüyə oxunan hüznlü nəğmədir. Rəna xanımdan bayatı və növhənin fərqini soruşanda isə belə cavab verdi: “Bayatı eldən gəlir, lohə dildən”. Növhələr əsasən Qasım bəy Zakirin sözlərindən istifadə olunaraq oxunur. Sonda isə şairin ruhuna fatihə verilərək mərasim tamamlanır. (İnformator Eyvazallar kənd sakini Rəna Abbas qızı Cəfərzadə 72 yaş)

 

Beyləqanda Qətl günü də hər il keçirilər. Həm də bu, qədim adətlərdən hesab olunur. Ziyarətgahımız olan Cərcis Peyğəmbər məqbərəsinə hər il saysız hesabsız insan toplanar. İnsanlar təkcə yerlilər deyil, buraya əsasən cənub bölgəsindən də gələrlər. Bildiyimiz kimi Masallı, Cəlilabad, Lənkəran ərazisinin insanları daha çox dindar olduqları üçün bu mərasimləri onlar daim keçirər və ziyarətgahlara gedərlər. Qətl günü imamların ruhuna dualar oxunar, mərsiyələr deyilər, ehsanlar paylanar. Bu mərasim ənənəvi olaraq hər il keçirilər və indi də bu ənənə qalmaqdadır.

 

Müsəlmanların müqəddəs bayramlarından biri də Qurban bayramıdır. Qədim beyləqanlılar bu bayramı hər il qeyd edərlər. Niyyət edərlər, eləcə də Allah yolunda qurbanlar kəsərlər. Qurban kəsiləcək bıçağa dua oxumaq qədim adətlərdəndir. İndi o adətlər çox qalmadığı üçün “Bismillah” deyilib kəsilər. Yalnız Qurban duası var ki, indi oxunmur. Qurbanlıqda bıçaqla bərabər duza da quran oxuyarlar. Pay veriləcək duz da qurban əti ilə birgə ayrılar, hər ikisinə dua oxunub sonra paylanar. Qurban əti bişərkən əlavə duz deyil, dua oxunan duz əlavə olunar. Bu, Dünyamallılar kəndində olan qədim adətlərdən biridir. 

 

Bütün bu deylənlərdən bu qənaətə gəlirik ki, illər keçməsinə baxmayaraq, dini mərasimlər, insanların inancları hələ də var. Bütün bu mərasimlərin davamlı olaraq, yüksək şəkildə təşkil olunması beyləqanlıların etiqadlarına olan dərin ehtiramının göstəricisidir. Yas mərasimlərində ağıların segah üzərində deyilməsi heç də təsadüfi deyildir. Bu, qədim diyarın insanlarının zəngin mənəviyyatından, eyni zamanda ilahidən gələn istedadından xəbər verir. Qadınlar ürək yanğısını belə mərasimlərdə ifası ilə göstərir, bayatılar deyərlər. Bilirik ki, ədəbiyyatşünaslıqda  hadisə haqqında danışmaq, onu nağıl etmək təhkiyə ifadəsi ilə işlənir. Əgər yas mərasimlərində diqqət etsək insanlar təhkiyədən istifadə edirlər. Həm də bunları musiqili şəkildə, avazla edirlər. Əlbəttə ki, insanlar bunu elmi yanaşma ilə deyil, bədahətən, kortəbii yolla ifa edirlər. Sadəcə təhlillər özü gətirib bu qənaətə çıxarır ki, folklor şifahi ənənəli olduğu üçün dildən-dilə keçərək yaşayır. Bu gün folklorun izlərini Beyləqanda aydın şəkildə görmək olur. İnsanlar adət-ənənələrinin itməsinə icazə vermirlər.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Bu gün Qazaxıstanın Şimkənd şəhərində Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalının rəsmi açılışı olacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı təmsil edəcək. 

Teatr gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (Pərviz Seyidli) monotamaşasını nümayiş etdirəcək.

Sözügedən tamaşanın yeganə qəhrəmanı Killer-Cəlil obrazının ifaçısı Əməkdar artist Şövqi Hüseynov, quruluşçu rəssamı Afaq Bayramovadır, tamaşanın musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.

Festival noyabrın 11-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Bu gün - noyabrın 6-da Ankaradakı “CSO Ada” mərkəzində Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına həsr olunmuş və türk dilinə dublyaj edilmiş “Köhnə çamadanlar” filminin premyerası olacaq. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-ın Türkiyə müxbirinə istinadən xəbər verir ki, bu ekran əsərinin nümayişi Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr olunub. Tədbirə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ankara Qazi Universiteti, paytaxtın Altındağ rayon bələdiyyəsi, qardaş ölkənin bir sıra ictimai təşkilat və strukturları dəstək verib.

Filmin ssenarisi real hadisələrə əsaslanır və erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş Azərbaycan qəhrəmanlarının rəşadətini əks etdirir.

Filmin müəllifləri – quruluşçu rejissor Səidə Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, quruluşçu operator Şahmar Səfəroğlu və başqaları tamaşaçılara müharibənin, o cümlədən Xocalı soyqırımının faciəli səhifələrinin ab-havasını çatdırmağa çalışıblar.

“Köhnə çamadanlar” filminin çəkilişləri 2021-ci ildə başa çatdırılıb və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyinin dəstəyi ilə həyata keçirilib.

Premyeradan əvvəl “Qadın, Sülh, Qələbə” adlı sərgi açılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Wednesday, 06 November 2024 19:18

NƏSR SAATInda Nihat Pirin “Pab rapsodiyası”

“Ədəbiyyat və incəsənət” portalının Nəsr saatında bu gün sizlərə Nihat Pirin “Pab rapsodiyası” hekayəsini təqdim edəcəyik.

 

 

PAB RAPSODİYASI

 

Həmişə xoşbəxt olsan, xəyalını quracağın

heç nə qalmaz.

                         Dostoyevski

 

Boz-bulanıq Bakının boz-bulanıq payız axşamçağılarının birində yenə özümü yaddaşımın ən təmiz, ən dəqiq ünvanında tapıram: “Old room”da. Bu günə qədər məni buraya bağlayan səbəbin nə olması haqqında düşünməmişəm. Bəzən buna ehtiyac da duymuram. Çünki dünyada elə şeylər var ki, onların səbəbsiz gözəl olduğuna inanıram.

Adətən, buralarda tək oluram. Ümumiyyətlə, tək içməyi sevirəm. Tək içəndə özümü xoşbəxt hiss edirəm. Bəlkə də, sırf buna görə dünyanın ən bəxtəvər adamıyam. Ya da yox, ən bəxtəvəri odur. Hə, o. Hər şeyə rəğmən, bu qədər sevilir deyə. Sizin hələlik “o”nun kimliyi haqqında məlumatınız yoxdur. Cəmi on beş gün əvvələ qədər mən də belə idim. Amma o gün başqa idi.

O gün mən ilk dəfə gecə günəşi gördüm. O gün mən ilk dəfə gecə günəşin şəfəqlərini hiss elədim, ona toxundum.

O biri klubda rastlaşmışdıq, bununla üzbəüz olan, adını unutmuşam. Adında qırmızı ilə bağlı nə isə vardı. O da qırmızı geyinmişdi, qıpqırmızı. Həmin o günəşli gecənin sonuna yaxın özü yazmışdı, məni tanıdığına şad olduğunu demişdi. Bu etirafa qədər olan hər şeyi sadəcə o gecəlik yaşadığımı düşünürdüm. Amma yox... O gecə ilk dəfə idi ki, yanıldığım üçün xoşbəxt olurdum.

Bu gün əvvəlki günlərdən fərqlidir. Çünki tək içə bilməyəcəyəm. Masadakı dostlarımızın sayı getdikcə çoxalır. Amma bütün bunlar məni narahat eləmir, içimdə təəssüfdən əsər-əlamət yoxdur. İki, üç, dörd… Bokalların sayını getdikcə unuduruq, söhbətimizin məzmununu da. Rabitəsiz dialoqların ardınca içkinin növü də dəyişir: viski, tekila, rom... Qalanını xatırlamıram. 

Ağız deyəni qulaq eşitmir. Bezdirici söhbətlərdən qurtulmağın ən gözəl yolu özünü canlı musiqinin axarına buraxmaqdır. Musiqinin ecazı artdıqca masamızda yeni istedadlar peyda olur: “Hoşça kal, olacaklar sensiz olsun!” Amma mən heç nəyi onsuz düşünə bilmirəm. Bu qədər adam, bu qədər dost, bu qədər səs-küyə rəğmən, yenə də nə isə çatmır. O!

Qəribədir, bəlkə, onu bir daha heç vaxt görməyəcəyəm. Bəlkə, bir də heç vaxt rastlaşmayacağıq. Amma mənim üçün heç nəyin fərqi yoxdur.  Onu hər şeyə rəğmən sevirəm, hər şeyə rəğmən!

Qulaq batıran musiqi, adamların nəşə dolu səsi, fərqli masalardan fərqli tamda havaya uçurulan tüstü-duman və pabın solğun işıqları arasında onu axtarıram. Məndən olsa, masadan qalxıb bir-bir adamları silkələyərəm, sorğu-sual edərəm. Bəlkə, kimsə ünvanını bildi. Bəlkə, kimsə onu tanıdı. Bəlkə, kimsə onu tapmağıma kömək oldu.

Və budur, bir anda bütün masalar susur, musiqi dayanır, ortalıqda o yan-bu yana qaçışan ofisiantlar donub qalır. Hə, bu odur, mən yanılmıram, mənim günəşim bu gecə yenidən doğuldu. Aşağıda, birinci mərtəbədə musiqiçilərin önündən keçib yan masaların birində əyləşir. Bəlkə də, bu, bir xəyaldır, onun xəyalı. Yeddi bokal, üstəgəl rom, zarafat gəlməsin.

Artıq masadakıların nə dediyi, nə oxuduğu haqqında heç bir fikrim yoxdur. Başım bədənimə ağır gəlir. Birtəhər ayağa qalxıram, bu onların diqqətini belə çəkmir. Hərə öz kefindədir. Pilləkənin sürahisindən tuta-tuta aşağı düşürəm. Gözüm ancaq onu gəzir, onu axtarır. Budur. Qarşımdadır. Siqaret damağında alnını ovuşdura-ovuşdura mahnını pıçıldayır: “Beni vurup, yerde bırakma!” Məni görmür, görməsi də mümkün deyil. Mənə elə gəlir ki, o, indiyə kimi, ümumiyyətlə, məni görməyib və görməyəcək də. Bəs o günəşli gecədə etdiyi etiraf? Məhz bu etirafın təntənəsi ilə birdən özümdə bütün klubu çiyinlərimə alıb uçuracaq dərəcədə güc hiss edirəm. Amma eyni vaxtda həm də çox cılız göründüyümün fərqindəyəm. Mən onun üçün kiməm? Bilmirəm.

Ayaqlarım tutulub. İstəmirəm ki, dəvətsiz yanında əyləşim. Bəlkə, kimisə gözləyir? Lənət şeytana, bəs mən kimi gözləyirəm? Bu, bir fürsətdir, bunu dəyərləndirməliyəm.  Cəmi yeddi addım, bəlkə də, daha az. Onun oturduğu masaya qədər tutunacaq heç nə yoxdur, bu da bir yandan qorxudur. Amma yox, indi qorxu istədiyim ən sonuncu şeydir, bunu etməliyəm!

Bir, iki, üç, dörd, beş və… Düz qarşısındayam. Ağır-ağır başını qaldırıb gülümsəyir, az-maz təəccübləndiyini də deyə bilərəm. Qalxır. Əl uzadır. Yenə gülümsəyir. Barmaqlarım ovcunun içində qıvrılır, yanmış kirbit kimi, az qala, ovxalanıb tökülə. Mən bu saniyə yalnız bir şeyə əminəm: onu hər şeyə rəğmən, sevirəm. Hər şeyə.

– Əyləş, – deyir. Hələ də gülümsəyir. Qırmızı köynəyini geyinib. Göbəyi açıq olanı. Şalvarda, ya yubkada olduğunu görə bilmirəm, başım-beynim dumanlıdır.

– Gələndə səni gördüm, – deyir, – dedim, dostlarınlasan, səni narahat eləməyim, – özümü cılız hiss elədiyim üçün utanıram və bu utanc hissini dünyadakı heç bir xoşbəxtliyə dəyişə bilməyəcəyimdən əminəm. Göz qapaqlarını ağır-ağır endirib-qaldırır. Bu ağır hərəkətlərdən istifadə edib onu təpədən-dırnağa süzürəm. Köynəyi keçən dəfəkindən bir az solub sanki. Yəqin, yuyulub, rəngi gedib. Ya da mənə elə gəlir.

– Niyə danışmırsan? – birdən üzündəki gülüş yoxa çıxır, əvəzində ciddi görkəm alır, – həmişə beləsən sən?

– Necə? – axır ki, mən də dillənirəm. Öz sualım özümü diksindirir.

– Elə belə… Sakit, utancaq… Hə? – gülüşü yenidən qayıdır. Mən onu hər şeyə rəğmən, sevirəm. Hər şeyə rəğmən.

Dialoqun davamının gəlmədiyini görüb o da susmağı seçir. Barmaqlarının arasında közərən siqareti bitirmədən onu külqabıya basır, növbətisini yandırır. Ovuclarını çənəsində birləşdirib gözlərimə baxır. Uzun-uzadı baxır, baxır və gülümsünür.

– Nə içək? – yenə sükutu o pozur.

Heç nə haqqında düşünə bilmirəm, suallarına cavab vermək üçün nə qədər can atsam da, alınmır. Susuram. Yalnız onu düşünürəm. Cəmi bir addımlığımda oturmuş və gözləri ilə gözlərimi sorğu-sual edən onu.

– Yaxşı, – deyir, siqareti külqabıya basıb ofisianta işarə edir, – bizə iki tekila. Sonra yenə eynisini, birdən piyan olaram, – əlini əlinə vurub arxaya yaslanır və dərindən ah çəkir.

– Sənlə belə saatlarla otura bilərəm, – bu o günəşli gecənin ardınca gələn etirafdan sonra mənə dediyi ən xoş sözdür. Ya da yox.., – o qədər doğma gəlirsən ki mənə...

– Sən də… – kaş hisslərimi daha cəsarətli ifadə edə biləydim. Kaş!

Ofisiant yaxınlaşır, badələr masada yerini rahatlamadan havada toqquşdururuq. “Sənə” – deyir. “Hər şeyə rəğmən, səni sevməyimə” – deyirəm, amma çox astadan.

– Sən harada qalırsan? – bu sual baş-beynimi dəng edən musiqidən də yüksək tonda qulaqlarımda bir neçə dəfə cingildəyir. Verəcəyim cavabı ürəyimdə dəfələrlə təkrarlayıram.

– Burda, – əlimlə musiqiçilər oturan küncə tərəf işarə edirəm, – bu yaxınlarda, – bir az da izahata ehtiyac duyuram, – bura yaxındır.

Yenə gülümsünür, həyəcanımı heç cür gizlədə bilmirəm, özümü çox pis yandırdığımı hiss edirəm. Bəlkə də, məqsədi tamam başqa imiş.

Ofisiant daha iki tekila ilə yaxınlaşır, yenə də havada toqquşdurma və “Sənə”! Qəfil hərəkətlə masadan qalxır, “Gəlirəm” deyib tualetə sarı gedir. İki addım atıb ucadan:

– İki tekila daha!

– Yaxşı, – deyib pabın rəngbərəng işıqlarında özünü bütün çılpaqlığı ilə göstərən ağappaq ayaqlarına dikilirəm. Yubka geyinibmiş.

 

***

 

…Masaya qayıdır. Hərəkətlərindən hiss edirəm ki, artıq piyandır.

– Sən çox yaxşı adamsan... – daha bir siqaret alışdırıb onu külqabının yarığına keçirir.

– Olar yanında oturum? – bu sual ağzımdan necə çıxır, bilmirəm, amma onun baxışlarında elə havadaca əriyib yox olur. Gülümsünür. Heç nə demir. Uğursuz təklifimin peşmanlığını yaşayırdım ki, ayağa qalxıb yanıma gəlir. Masanı bir az geriyə itələyib dizimin üstündə oturur. Əlini boynuma dolayıb başını başıma söykəyir. Bütün bədənimin titrədiyini, həyəcandan qarnıma sancıların dolduğunu hiss edirəm. Özümü saxlamaqda çətinlik çəkirəm, bir anlıq onu qucağıma alıb klubdan çıxdığımı, taksilərdən birinə mindiyimizi, onu evimə qədər apardığımı, binanın pilləkənlərini o qucağımda ikən ildırım sürətilə qalxdığımı düşünürəm. Yüksək musiqi səsi məni ayıldır: “Uyandım birden seninle...”

Qarşı-qarşıya oturmuşuq. Gülümsünür. “İçək” deyib yenə ofisianta işarə edir.

– Bizə iki pivə, – ofisiant “Baş üstə” deyir, – bir də limon.

– Neçə yaşın var? – ondan, ən azı, 5-6 yaş balaca olduğumu öyrənirəm.

– Yaşın nə fərqi var? – lənətə gələsən, bu nə cavabdır axı?! Özüm öz cavabıma gülürəm. O da şaqqanaq çəkib gülür. Ardınca “Məncə də” deyib siqareti külqabıya basıb söndürür.

– Sən çəkmirsən, hə?

– Yox.

Susur. Boynunu büküb düz gözlərimə zillənir. Bu vaxt bizim masadakılardan biri pilləkənləri düşüb bizə sarı gəlir. Daha doğrusu, o, tualetə gedir, sadəcə, yolüstü buradan da keçməlidir. Yanımızdan keçəndə ayaq saxlayıb qoluma toxunur:

– Müəllim, yaxşısan? – gülümsünüb göz vurur və yoluna davam edir.

Başını aşağı salıb saçlarını qarışdırır. Hiss edirəm ki, kefi pozulub, amma mümkün qədər hiss elətdirmək istəmir.

– Dostun heç məndən danışmayıb sənə? – İlahi, yox… Yox! Bircə bu yox!

Cavab verə bilmirəm. Məyus-məyus gözlərinin qaranlığında itirəm.

– Əvvəllər aramız yaxşı olub, – pivəni başına çəkir, qurtultusu musiqi səsini yarıb qulaqlarımda əks-səda verir. Mənə elə gəlir ki, bu anda pivənin yerində bir bokal zəhər belə olsaydı, onu da eyni rahatlıq və acgözlüklə içərdi. Boş bardağı masaya çırpıb əlavə edir:

– Çox yaxın olmuşuq, – ağız-burnunu büzüşdürüb köks ötürür, – çox!

Susuruq. Mahnının səsi təzədən pabı başına götürür: “Beni vurup yerde bırakma!..”

 

***

 

İçki içkiyə qarışıb, yenə də ağız deyəni qulaq eşitmir. Musiqi səsi də bir yandan: “Gitmeseydin, dinlerdin!”. Oturub dostumun gözlərinə zillənirəm. Onu hər şeyə rəğmən, sevdiyimi düşünürəm. Hər şeyə rəğmən...

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

        

 

 

 

 

 

 

 

 

 

 

 

Wednesday, 06 November 2024 10:44

BİR SUAL, BİR CAVAB Habil Yaşar ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Danışan çox ağız, amma düşünən çox az baş var.( Viktor Hüqo)

Siz çoxdanışan boşbaşlara məktub yazsaydınız, ən təsirli cümləniz nə olardı?

 

CAVAB:

Beyinsizlikdən usanmadınızmı?

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.