Super User
“Musiqinin rənglərdə təzahürü” - Qəmbər Hüseynlinin portretinin hekayəsi
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
“Cücələrim”lə böyüməyən uşaqlardan qorxuram. Nağılbilməz nənələrdən qaçıram. Zəzzəquma (zəncirotu) üfürməyən uşaqların xəyal dünyası yoxdur, məncə. Əlindən düşən almanı köynəyinə silib yenidən dişinə çəkməyən uşaqlar tez xəstələnirmiş...
Həftələrlə qapıdan eşiyə buraxılmayan, hər cibinə qırağına rəngli saplarla işlənmiş güllər olan dəsmal qoyularaq məktəbə göndərilən uşaqdım. Sinifdə hamıdan çox mən xəstələnirdim... Karlsonu Keçəl qədər sevirdim, Cırtdanın xəlbirlə su daşımağa göndərdiyi Divə yazığım gəlirdi. Bembinin anası öləndə qardaşımla birgə kreslonun arxasına gizlənib ağlamışdıq içimizi çəkə-çəkə... Ağlayıb qurtarandan sonra demişdim: “Canavar yazıq da acıydı axı...”
İndi uşaqlara canavarın sadəcə, parçalamağı bacardığını öyrədirlər... İndi uşaqlar elə bilir ki, nənələr ancaq bayramdan-bayrama qonaq gələ bilər, onda da bəzənmiş-düzənmiş halda süfrədə oturar, yeyib-içib gedər... İndi uşaqlar “Cücələrim” mahnısını eşitsələr belə, nə bir cücə səsi tanıyırlar, nə də cücələrə hansı dəni səpəcəklərini bilirlər. Halbuki, “Cücələrim” vaxtında fəxrimiz idi, dünyanı gəzirdi...
Təəssüfüm boyumdan böyük. “Uşaqlığımın itirilmiş etüdləri”ni yazmağa belə başlamışam-təəssüfümdən utanaraq. Hələ yazıram... Və gün gəlir, bir təsəlli tapırsan haradasa. Sarılırsan o təsəllinin saçaqlarına, noyabr günəşinə gülümsəyirsən. Bu gün o təsəllimi anladacağam sizə. “Kədər paylaşılanda azalır, sevinc paylaşılanda çoxalır” deyirlər ha, təsəllini paylaşmaq lazım ən çox. Hamımızın bir təsəlliyə, bir Polyannaya, bir də Qarsiyaya məktub aparacaq birinə ehtiyacımız var bu zəmanədə çünki...
Təsəllim gəncəli rəssam Cavanşir Məmmədovun yaratdığı bir portretdir; Qəmbər Hüseynlinin portreti. Əvvəlcə, Cavanşir bəyi tanıtmaq istəyirəm sizə. Məmmədov Cavanşir Məcid oğlu 1948-ci ildə Gəncə şəhərində anadan olub. Orta məktəb dövrü, əsgərlik illəri, sonra isə Tiflis Dövlət Rəssamlıq Akademiyasında keçən zaman kəsiyi indi onun üçün xatirə yaylığının küləyə könül verməsinə dönüb. O yaylığın dörd küncündən biri həmişə yaddaş qapısının cəftəsinə ilişikdir. Zəngin tarixə malik Tiflis Dövlət Rəssamlıq Akademiyasında keçən illərin rəssamın həyatına da, ruhuna da təsiri böyük olub. Burada o, təkcə rəssam və dizaynerlərlə deyil, incəsənətin fədakar tədqiqatçıları ilə də əhatə olunmuşdu... Sənətə fəda olmaq əzmini, bir az da, bu mühit çoxaltmışdı Cavanşir bəydə.
Akademiyanı bitirdikdən sonra Gəncə Pedaqojı Texnikumunda Təsviri İncəsənət müəllimi vəzifəsində çalışıb Cavanşir bəy. Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssamdır. Bir neçə şəhər və Respublika əhəmiyyətli layihələrin müəllifidir. Qəmbər Hüseynlinin portretini yaratmağı bir gəncəli kimi, özünün könül borcu sayan Cavanşir bəy deyir ki, məqsədi bəstəkarın Azərbaycan mədəniyyətinə, musiqisinə verdiyi töhfələri fırçasıyla anlatmaqdır.
“Bir insanın portretini çəkməkçün onun həyat yoluna bələd olmalısan, yaradıcılığının dərinliyinə baş vurmalısan... Bir sözlə, əvvəl onun şəxsiyyətini tanımalısan, istedadının sərhədlərinə baş çəkməlisən ki, sonra onu təqdim edə biləsən...”-deyir Cavanşir bəy. Qəmbər Hüseynlinin insanlara nikbinlik və sevgi aşılayan musiqisindən “danışmaq”çün canlı və işıqlı rənglər seçilməliydi, əlbət. Rəssam rəng dənizinin qəvvasıdırsa, portret belə möhtəşəm olmalıydı!
Portretdə Gəncənin Azərbaycan, ümumən, Şərq incəsənətinə bəxş etdiyi ululuq, keçmişdən gələcəyə uzanan incə yolçuluq da əks olunub. Realizm üslubunda olan əsər yağlı boya ilə kətan üzərində çəkilib. Hələ heç yerdə sərgilənməyən portreti görənlər “Cücələrim”i elə oradaca - o rəsmə baxa-baxa ürəklərinin dərinliyindən duyduqlarını deyirlər. Cavanşir bəy düşünür ki, portretin nümayiş olunması Gəncə rəssamlığına, Gəncə musiqisinə yeni bir baxış bucağı formalaşdıracaq.
“Nədən ilhamlandınız?” sualını verməyə ehtiyac olmadı portreti gördükdən sonra. Cavanşir bəy də dünya uşaqları ilə eyni sehrə düşmüşdü - “Cücələrim”in çöhrəsinə bəxş etdiyi təbəssüm illərdir eynidir!
Portretin Qəmbər Hüseynlinin evində yerləşdirilməsi rəssamın arzusudur. Bu arzusuna çatmasını mən də diləyirəm. Hər dəfə Gəncəyə yolum düşəndə bəstəkarın keçmiş “Cırtdan parkı”ndakı məzarına baş çəkirəm. İndi də məzarın yaxınlığında kiçik uşaq oyun parkı var. “Cücələrim”i dinləməyən uşaqlardır orada oynayanların çoxu... Qorxuram... Sonra da məzara baxıram: “Yenə, ən azından, bəstəkarın əbədi yuxusuna uşaq səsləri girir...” -deyib ovuduram özümü.
Və təsəvvür edirəm: “O parka uşaq gətirən valideynlər balalarının əllərindən tutub məzara yaxınlaşırlar. “Cücələrim”i zümzümə edirlər... Sonra deyirlər: “Bax, burada “Cücələrim”i yazan Qəmbər baba uyuyur...” Uşaqlar birağızdan “Cücələrim” oxuyurlar...”
...Hə, gücüm elə təsəvvür etməyə çatır. Təsvir edənlərə minnətdarlıqla...
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
Hər şey “168 saat” və “Gecə kanalı” ilə başladı - TANINMIŞ JURNALİSTİN DOĞUM GÜNÜNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Məhləmizə tez-tez gələrdi. Hamı onu yazıçı Varisin dostu kimi tanıyırdı. Gah birlikdə qəzet çıxarırdılar, gah televiziyada veriliş aparırdılar. İstedadlı gənc idi. "Kreativ" sözü təzə dəbə düşüb, əsl kreativliyi ilk dəfə onlarda görmüşəm...
Haqqında söhbət açdığım Faiq Hüsiyev 7 noyabr 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 30 saylı orta məktəbi bitirib. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991–1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb...
Sakit, mehriban adamdır. Bizim məhlə uşaqlarına qaynayıb qarışmağı bacarırdı. O vaxtlar məhləyə "çujoy" adamların gəlişi elə də yaxşı qəbul olunmurdu. Hər adam ürək edib məhləmizə gələ bilməzdi. Məhlə uşaqlarından, rəhmətlik Məhəmməd məhləmizə meyxana da qoşmuşdu:
"Keçməmisən bu 8-in tinindən,
Yeməmisən şillə və təpiyindən.
Sumqayıtda adı çıxıb 8-in,
Adı və fəryadı çıxıb 8-in..."
Faiq 1992-1993-cü illərdə öncə “168 saat”, sonra “7 gün” qəzetlərində müxbir işləyib, stajlı oxucular onun köşə yazılarını yaxşı xatırlayırlar. 1993–1995-ci illərdə Varislə birgə Azərbaycan Dövlət Televiziyasında “Gecə kanalı” proqramını hazırlayıblar, proqram ölkə teleməkanında həqiiqətən də nömrə bir olub, “Dan ulduzu” ali jurnalistika mükafatına layiq görülüb.
1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd" mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub. Müxtəlif ölkələrdəki uğurlu yurddaşlarımız barədə verilişlər ərsəyə gətirib.
1997–1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika" redaksiyasında redaktor vəzifəsində, 1998–2005-ci illərdə "Beynəlxalq proqramlar" redaksiyasında böyük redaktor vəzifəsində çalışıb...
Və…
Kariyera pillələri ilə irəliləməsi, təşkilatçılıq qabiliyyəti, istedadının uğurları onu tezliklə ölkədə tanıtdırdı...
2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları" departamentinin rəisi vəzifəsini tutdu. 2007–2009-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "TV. İnformasiya proqramları" studiyasının direktoru oldu. 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı ilə təltif edildi. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsinə təyin edildi…
2015–2021-ci illər ərzində Televiziya və Radio Akademiyasının Rektoru oldu. Hal hazırda Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Analitik qrupunun rəhbəridir...
Hazırda televiziya sahəsindəki bilik və bacarığını müstəqil TV1 televiziyasını qurmaqla gənclərə ötürür, eləcə də bu konsepsiya ilə çoxminli tamaşaçı ordusuna maraqlı proqramlar çatdırır.
Bütün bunlardan əlavə Faiq müəllim filologiya üzrə fəlsəfə doktorudur. 300-ə yaxın televiziya verilişinin, 10-a yaxın sənədli filmin müəllifidir...
Bəli, noyabrın 7-si 54 yaşını qeyd edəcək Faiq Hüsiyev belə bir ömür sürüb. Onu ad günü münasibəti ilə təbrik edirik.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
“Əziz Şuşa, sən azadsan!” - SABAH AZADLIĞIN 4-CÜ İLDÖNÜMÜDÜR
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Əziz Şuşa, sən azadsan. Qartal kimi zirvələrdən baxırsan. Çiynində tarixin daş ağırlığı. Qəlbində isə azadlıq atəşin var.
Bu dağlar sənin şahidindir. Yurdumun vüqarı, qəlbimin sevinci. Kədərdən doğulan nəğmələrimizdə. Azadlıq səninlə birlikdədir.
Şuşa, sən qayıtmısan. Xarı bülbülün açdığı yerdə. Qələbənin, dirçəlişin səsi ilə. Sonsuzluğa uzanan bu torpaqda.
8 Noyabr 2020-ci il... Bu tarix qəlbimdə adi bir iz qoymadı, orada tam bərqərar oldu. Otuz il idi ki, bu yurdun dağları, qayaları, yolları bizdən ayrı düşmüşdü. Bu ayrılıq təkcə coğrafi deyildi; sanki əlimizdən bir sevgi, bir mədəniyyət alınmışdı. Bir yarımçıq qalmış xatirə idi Şuşa. O xatirənin boşluğunda çox illər boyu bizi yandıran məyusluq, qəzəb, həsrət vardı. Amma bu həsrətin sonu 2020-ci ilin payızında gəldi.
O gün gəldi ki, Şuşanın dağları bir daha bizim ayaq səsimizi eşitdi. Azərbaycanın qəhrəman əsgərləri bu torpağa addım atdı, hər daşın, hər qayasının haqqını qanlarıyla, canlarıyla geri aldı. Onlar üçün bəlkə də Şuşaya çatmaq yalnız bir hərbi qələbə deyildi; bu, bir şərəf, bir qürur məsələsi idi. Çünki Şuşa Azərbaycanın ruhudur, qəlbinin ta dərinindəki zərif bir simvoludur.
Şuşanın azad olunması təkcə bir qələbə deyil, həm də bütün xalqımız üçün bir dirçəliş oldu. İllərlə "Qarabağ bizimdir" dedik, həsrətlə o torpaqlara baxdıq, qayıtmaq arzusuyla yaşadıq. 2020-ci il həmin arzuların reallaşdığı an oldu. Əsgərlərimiz gecəni-gündüzə qatıb, dağları, dərələri aşıb, dumanların arasından, çətin yollarla Şuşaya qalxdılar. Bu yol təkcə coğrafi bir yol deyildi, həm də xalqın keçdiyi mənəvi yol idi.
Şuşanın azad olunmasıyla birlikdə tariximizin ən parlaq səhifəsi yazıldı. İndi o zirvələrdə bayrağımız dalğalanır, torpaq yenidən bizim nəfəsimizlə dolur. Xarı bülbül çiçək açır və o da sanki bizim qələbəmizə şahidlik edir. Hər il 8 Noyabrda bu qüruru bir daha yaşamaq üçün bu günü qeyd edəcəyik. Bu gün Azərbaycanın hər yerində qələbənin səsi, azadlıq nəğməsi kimi yayıldı.
Bu zəfər, Vətən uğrunda canını fəda edən bütün qəhrəmanlarımıza bir ehtiramdır. Şuşanın azad olunması ilə həm də şəhidlərimizin arzusu yerinə yetdi. Onların ürəyi bu torpaqlarda döyünməyə davam edəcək. Bu zəfər, tarixin bizə verdiyi bir hədiyyədir, gələcək nəsillərə əmanətdir. Bizim borcumuz o tarixi yaşatmaq, bu torpağın hər daşında, hər qarışında o qəhrəmanlıqları xatırlamaqdır.
8 Noyabr zəfəri - mənim üçün, bizim üçün təkcə bir tarix deyil, bu, ruhumuzun yenidən dirçəlməsi, həsrətimizin sona çatmasıdır. 2020-ci ildə o günkü göz yaşlarım sevincdən idi. Azərbaycan xalqının gücü, birliyi, sevgisi bu zəfəri gətirdi. Biz həmişə bu qələbəni qəlbimizdə daşıyacağıq, Şuşa daim bizim olacaq, Qarabağ bizimlə yaşlanacaq.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Tünzalə Zeynalova və Qönçə Qismətli
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 53 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Tünzalə Zeynalova 1991-ci ilin sentyabr ayından Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 1995-ci ildən həmin məktəbdə ibtidai siniflər üzrə direktor müavini, 1998-ci ildən təşkilatçı, 2003-cü ildən 2015-ci ilə qədər isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bir neçə beynəlxalq təlimlərin iştirakçısı olub. 2003-cü ildə "Təhsildə keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji mühazirələr"in respublika mərhələsində I yerə layiq görülüb. 2015-ci ildə YUNİSEF və Xəzər Universitetinin birgə təşkil etdiyi "Potensial məktəb direktorları" təlim kursunu uğurla bitirərək Bakı şəhəri 283 nömrəli tam orta məktəbə direktor təyin olunub. 2018-2019 ,2019-2020 və 2022/2023 cü tədris ilidə təhsil müəssəsinin idarə olunmasında yüksək fəaliyyətinə və idarəçilik səriştəsinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla təltif edilİib. Təhsil nazirinin 04 oktyabr 2019 cu il tarixli, K-1516 nömrəli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. ATİAHİ-nin 100 illik yubileyi münasibətilə 01 mart 2021 ci il tarixli, 28 nömrəli qərarı ilə Həmkarlar ittifaqındakı fəaliyyətinə görə "Yubiley döş nişanı" ilə təltif edilib. 2022 və 2023-cü illərdə rayonun ictimai həyatında fəal iştirak etdiyinə, təhsilin inkişafında göstərdiyi yüksək nəticələrə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2022 və 2023 cü ildə Fəxri Fərmanla təltif edilib. 2022-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə "Təhsilin inkişafında incəsənətin rolunun artırılması" mövzusunda, 2023-cü ildə VII qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə "Qrafik dünya, Təhsildə dizayn bacarıqlarının artırılması" mövzusunda qalib olub. 2000 - ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2017-2021 ci illərdə YAP Binəqədi rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb. 2020-ci ilin 15 iyul tarixindən hal hazıra kimi Bakı şəhəri 53 N li tam orta məktəbin direktorudur.
ŞAGİRD:
Mən, Qönçə Qismətli Vüqar qızı Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə 10-cu sinifdə oxuyuram. 2023-cü ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “Düşünən Şagird” müsabiqəsində ikinci yerə layiq görülmüşəm. 2024-cü ildə Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən Bakı Elm Olimpiadasının final mərhələsində 3-cü yerə layiq görülmüşəm.
Boş zamanlarımda rəsm çəkməyi, mütaliə etməyi və hekayə yazmağı sevirəm.
HEKAYƏ
Bir an, yoxsa bir ömür
- İşıqlar!
- 3, 2, 1... Motor!
- Cənab Yoko Caya, Uşaq Yardım Fonduna göstərdiyiniz yardım üçün sizə minnətdarıq. Eyni zamanda bu sizin birinci yardım aksiyanız deyil. İnsanlara kömək əli uzatmağınızın səbəbi nədir?
- Uşaqlığım məhdudiyyət içərisində keçib və ehtiyacın nə olduğunu təəssüflər olsun ki, çox yaxşı bilirəm. Atam kənd məktəbində müəllim işləyirdi. Aldığı məvacib çox az idi və qazandığının böyük bir hissəsini şagirdləri üçün xərcləyərdi. Buna görə də ailəmiz çətinliklə dolanırdı. Mən də məktəbə gedirdim, oxumağa həvəsli idim. Yeni-yeni kitablar almağı arzulayırdım. Bu səbəbdən dostumla dərs oxumaq bəhanəsi ilə evdən çıxıb kəndimizin yaxınlığındakı mədəndə bir müddət muzdlu işçi kimi işləməyə başladım. Orada işlədiyim vaxtlar mənim yaddaşımda dərin və ağır izlər buraxıb. Mədən vulkanın ətəyində yerləşirdi. İşçilər soyuyub daşlaşmış maqmatik süxurları yarır, arabalara yığır və aparıb təhvil verirdilər. Tərkibində kükürd olan bu süxurlar muzdlu işçilərin ailələrinin yeganə qazanc yeri idi. Vulkandan çıxan zəhərli qazlar onların ağciyərlərini tədricən sıradan çıxardığı üçün əksəriyyətinin yaşı 50-ni keçmirdi. Belə çətin şəraitdə işləyən insanların zəhərli qazlardan qorunmaq üçün əleyhiqaz belə almağa imkanları yox idi. O zaman özümə söz verdim ki, gələcəkdə bu tərz həyat yaşayan insanlara kömək edəcəm.
- Bəs cənab Yoko, bilmək istərdik ki, sizin uğurunuzun sirri nədir?
Yoko Caya bir müddət düşündükdən sonra dedi:
- Mənim uğurumun sirri? Qəribə səslənsə də, qardır.
Zalda təəccüb nidaları eşidilidi:
- Necə yəni qar? Yəni siz düşünürsüz ki, uğurunuzun sirri qardır? Göydən yağan qar?!
- Bəli, bu sizin üçün gözlənilməz cavab kimi səslənə bilər. Qara fərqli prizmadan baxmaq mənim dünyamı büsbütün dəyişdi. Ümumiyyətlə, hamı fikirləşir ki, hər bir uğurun, nailiyyətin sirrini böyük şeylərdə axtarmaq lazımdır və ya böyük işlər edə bilmək üçün digərlərinə əl açmalıyıq. Kiçik detal və hadisələrin insanın həyatını tamamilə dəyişə biləcəyini unutmamalıyıq.
Zaldan təəccüb nidaları kəsilmirdi. Tamaşaçıların sual dolu baxışları Yokonun xəyalında kiçik qar dənələrinə çevrildi. İndi o nə insanları görür, nə də onları eşidirdi. Xəyalı onu qarla ilk dəfə tanış olduğu günə apardı.
Ətrafdakı qar sükutunu ayağının altından çıxan xartıltı səsləri pozurdu. Hava soyuq idi, lakin bu səssiz dünyada təkbaşına olmaq hissi insana sözlə izah oluna bilməyəcək bir həyəcan verirdi. Qarın üstündəki hər bir addım sanki zamanın bir anını dondurur, bütün dünyanı unudaraq yalnız bu anı yaşamağa dəvət edirdi. Bu qeyri-adi bir sakitlik idi. Xəyalların və düşüncələrin qanad açıb uça biləcəyi və heç vaxt itməyəcəyi bir məkan...
Üfüqdən azca boy verən günəşin hərarəti onu isitməsə də, indiyə qədər qanayan yaraları artıq onu ağrıtmırdı. Günəşin şüaları bərq vururdu və qarın üstündə yaranan rəngarəng parıltılar sayrışıraq sanki gözlərinin önündə rəqs edirdi. O, icazə verdi ki, bu mənzərə onu daha məsum və ümidlərin solmadığı bir yerə aparsın. Bu sükutda düşüncələrin dərin dalğaları ilə üzərək iki fərqli dünyanın müqayisəsinə daldı.
Bir tərəfdə Avropa, digərində vətəni olan və ona həyatının yolunu bəxş edən İndoneziya. Bir tərəfdə iqtisadi inkişaf, yüksək təhsil, maddi rifah, uzun ömür... Digərində iqtisadi çətinliklər, məhdudiyyətlər, qısa sürən ömür və həmişə onun əl-qolunu bağlayacaq zəncirlər...
Qət elədi ki, Avropa universitetindən qazandığı təqaüdü, iş imkanlarını öz ölkəsinin inkişafına, gələcəyinə sərf edəcək. Atası kimi əliaçıq olacaq, lakin onun xeyriyyəçiliyinin miqyası daha geniş olacaq. Bunun üçün yaxşı təhsil alaraq təcrübə qazanmalı və uğurlu iş adamı olmalıdır.
Jurnalistin sonuncu sualı onu xəyallarından ayırdı.
- Cənab Yoko, gənclərimizə tövsiyyəniz nədir?
- Davamlı öyrənməyi vərdişə çevirin! Davamlılıq və əzmkarlıq uğurun açarıdır. Kiçikdən başlayın, böyüməyə doğru gedin. Risk etməkdən qorxmayın. Məsuliyyətli və dürüst olun. Komandanızı düzgün seçin. Sosial məsuliyyəti unutmayın!
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
Bu gün kinonun tarixindən danışacağıq
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Sizə kino barədə danışacağıq.
Son illər ölkədə kino sənayesinin dirçəldilməsi hiss edilir, kinomuzun itmiş şöhrəti bərpa edilir. Təbii ki, Mədəniyyət Nazirliyi kinonun inkişafını prioritet hesab edir.
Trenddə olan kinonun tarixi barədə oxucularımız nələri bilirlər, nələri bilmirlər?
Dünya kino industriyası milyonlarla insanın diqqətini çəkən və qlobal mədəniyyətin formalaşmasında böyük rol oynayan nəhəng bir sektordur. Onun inkişafı texnologiyanın irəliləməsi, yaradıcılıq gücü və müxtəlif mədəni təsirlərin bir araya gəlməsi nəticəsində mümkün olub. Kino yalnız bir əyləncə vasitəsi deyil, həm də cəmiyyətin sosial problemlərini, mədəniyyətlərarası dialoqları və insan təcrübəsini ifadə edən güclü bir vasitədir.
İlk olaraq sizlərə kinonun tarixindən bəhs edəcəyik.
Kino Sənayesinin Tarixi
Kino sənayesinin tarixi 19-cu əsrin sonlarında qısametrajlı filmlərin çəkilməsi ilə başladı. İlk filmlər səs və rəng olmadan sadə süjetlərlə çəkilirdi. 1895-ci ildə Lumyer qardaşları Fransada ilk film nümayişini təşkil etdilər və beləliklə, kino dövrü başladı. O vaxtdan bəri texnologiyanın və yaradıcılığın inkişafı kino sənayesində inqilab yaratdı.
Səssiz Kino Dövrü (1890-lar - 1920-lər):
Bu dövrdə filmlər səs olmadan çəkilir və pianonun və ya orkestrin müşayiəti ilə nümayiş olunurdu. Çarli Çaplin, Buster Keaton kimi aktyorlar səssiz kino dövrünün ən məşhur simaları idi. Bu dövrdə filmlər komediya, melodram və macəra janrlarında olurdu.
Səsli Kino Dövrü (1920-lərin sonu - 1930-lar):
1927-ci ildə “The Jazz Singer” filmi ilə səsli kino dövrü başladı. Artıq dialoqlar, musiqilər və səslər filmlərə daha çox real həyat elementləri qatmağa başladı. Hollywood dünyanın kino mərkəzi olaraq sürətlə inkişaf etdi.
Rəngli Kino və Texnoloji İnnovasiyalar (1930-lar - 1950-lər):
Rəngli film texnologiyası inkişaf etdikcə tamaşaçılar daha canlı və təsirli ekran təcrübəsi əldə etdilər. Bu dövrdə “Gone with the Wind” və “The Wizard of Oz” kimi filmlər rəng texnologiyasının populyarlaşmasına kömək etdi.
Növbəti yazıda sizlərə Dünya Kino Mərkəzləri barədə danışacağıq.
Şəkildə: Çarli Çaplin
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
“Sözdən yaranan incilər”də - Çirkli qəlb heç kimi təmiz görməz.
Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
-İnsan başqasına nəyisə aydınlaşdıranda, nələri bildiyi özünə də aydın olur.
-Özünü ulduz sayırsansa, sabah günəş çıxanda yox olacağını da nəzərə al.
-Ünsiyyətin qızıl qaydası; özünü öymə, başqasını söymə.
-Təhsil insanları fərqləndirir, tərbiyə onları bərabərləşdirir.
-Çirkli qəlb heç kimi təmiz görməz.
-Allah qadına sevgi hissini ona görə verib ki, kişiyə özünü ram etməyə kömək olsun.
-Hamının getdiyi yolla uğura çatmaq istəsən, növbəyə durmalı olacaqsan.
-Axmağa şans verən nəticəyə görə özü cavabdehdir
-Kişi yol tapar, qadın ona yol yoldaşı olar.
-Səni nə qədər öyrətsələr də, yadında öyrəndiklərin qalar.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
Kədərli statistika - SÖHBƏT ALİMLƏRDƏN GEDİR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Sonuncu dəfə keçirilən statistikaya görə, ölkədə alimlik dərəcəsi alan insanların sayı 7069 nəfərdir, onlardan 1343-ü elmlər doktoru, 5726-sı fəlsəfə doktorudur. Akademiklərin sayı 59, müxbir üzvlərin sayı isə 89 nəfərdir. Bəs 7069 alimdən neçəsi həqiqi, hansısa kənar yollarla bu ada yiyələnən alimdir? Yəqin ki, bunun cavabını alimlərin özündən başqa heç kim deyə bilməz.
Və 7069 alimdən 3271-i dövlət sektorunda, 117-si özəl sektorda çalışır. Ali təhsil sektorunda çalışan alimlərin sayı isə 3681 nəfərdir ki, onlardan 541-i elmlər doktorudur...
Maraqlısı da odur ki, ölkəmizdə olan 1343 elmlər doktorunun böyük əksəriyyəti humanitar elmlər üzrə bu adı alanlardır. Azərbaycanda dəqiq- ciddi elmlər üzrə elmlər doktoru çox azdır. Yəqin ki, texniki sahələrdə elmi iş müdafiə etməyin, yeniliyə imza atmağın çətinliyi buna səbəb olub...
İlahi, görəsən İslam peyğəmbərinin sözlərinə istinad edib, Azərbaycanda hansı alimlərin qələminin mürəkkəbini şəhid qanına bərabər tutmaq olar?
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
ƏN YENİ POEZİYA Əlizadə Nurinin “O dünyaya məktub” şeiri ilə
Könül, “Ədəbiyyat və incəsənət”
Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə Poetik qiraətin daimi müəllifi, sevilən şairimiz Əlizadə Nurinin yaradıcılıq laboratoriyasınadır yolumuz.
Yeni “O dünyaya məktub” şeirində nədən bəhs edir şair? O dünyaya məktub yazmaq olarmı?
Düzdü hələ ölməmişik,
Amma biz də can veririk.
Dirini ac saxlayırıq
Ölüyə ehsan veririk...
Mükəmməl yazıb, deyilmi?
O dünyaya məktub
Nə xəbər var o dünyadan?
Burdan gedən xəbərçilər
Ordan da bir xəbər versin.
Beliniz möhkəmdi barı-
Yoxsa deyim mələklərə
Sizə təzə kəmər versin?
Biz də ağ günə möhtacıq,
Üz qara, ev- eşik qara.
Sizə ağ don geyindirib
Biz də geyinmişik qara.
Hər gün qara xəbərlərlə,
Qapımızı döyənlər var.
Bəlkə xoşbəxt oldu deyə
Bir ömür gözləyənlər var.
Dağ yükü var bu dünyanın,
Adamları dağ götürür.
Gözüylə od götürənlər
Orda da torpaq götürür?
Düzdü hələ ölməmişik,
Amma biz də can veririk.
Dirini ac saxlayırıq
Ölüyə ehsan veririk...
Orda da düz danışanlar,
Öz dilindən qana düşür?
Fəxr edə bilmədiklərin
Fəxri xiyabana düşür?!
Ölü də ölürmü orda-
Kimlər kimin yasındadı?
Görəsən kimin əlləri
Kimlərin yaxasındadı?
Sorğu- sual olunanda,
Diliniz söz tuturmu heç?-
Susmağın da öz ahəngi,
Sözün də ahəngi olur.
Həqiqətin bir rəngi var
Yalanın min rəngi olur.
Oranın da göy üzü var?-
Qəndildimi ulduzları?
Burda yolu ayrılanlar
Orda yola gedir barı?
Nə var, nə yox cəhənnəmdə?-
Yəqin isti keçir yayı.
Cənnətdə kim var görəsən
Beş- on adamdan savayı?
Şahla şahmat oynayırmı?-
Vəzir qoymaz şah darıxa.
..Mən bir iltimas eyləyim:
İşdi, allahı görsəniz
Qoymayın allah darıxa...
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
KİNOTƏNQİDdə “Ölsəm Bağışla" və "Üçüncü Günün Adamı"
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
“Ölsəm Bağışla" və "Üçüncü Günün Adamı" filmləri ölümün qapısını aralayarkən insanın içindəki sükutlu fəryadları, qorxuları və mənasızlığa qarşı mübarizəsini özündə birləşdirən iki fərqli həyatın üzərindən bədii bir pəncərə açır.
"Ölsəm Bağışla" filmi, insanın ölümə yaxınlaşdığı anın psixoloji labirintində özünü itirən bir şəxsiyyətin daxili monoloqlarıyla bəzədilmiş bir dramdır. Bu film ölümdən qorxan insanın ən dərin emosiyalarını ortaya çıxarır, həyatın hər bir saniyəsini anlamaq istəyi ilə sarsılan bir varlığın qarşısında dayanır. Bu hekayət insanın özünü tapmaq və ölümün qaçılmaz gerçəklikləri ilə üzləşmək arasında bir yerdə yavaşca sönən işıqlara bənzəyir. Hər bir xarakterin üzləşdiyi əzab çox zaman daxili bir səssizliyi təmsil edir. Qorxunun gözlərdəki əks-sədası, həyatın və ölümün kəsişdiyi nöqtədə insanın içindəki sükutlu faciəni parlaq bir şəkildə göstərir.
"Üçüncü Günün Adamı" isə ölümlə qarşılaşan hər bir insanın üzləşdiyi bəzi suallarla üz-üzə gəlir: Həyat nədir? Necə yaşamalı və nə üçün?
Bu film ölümün yalnız fiziki yox, ruhsal bir təlatüm yaratdığını önə çıxarır. Varlığın gerçəkliklə üzləşdiyi anlarda ortaya çıxan anlıq gərginlik, həyatın nə qədər qiymətli olduğunu bir vəhşi cığır kimi göstərir. Sanki bir anda zaman dayanır, hər şey dondurulur və bu hərəkətsizlik içində insan, yalnız özünə qapalı bir yerdə varlığının acı gerçəkləri ilə qarşılaşır. Həyat və ölüm arasındakı incə xəttin üzərində gəzən hər bir xarakter, həm özünə, həm də ətrafdakılara qarşı bir növ təbii bir məsuliyyət hissi duyur. Ancaq ölümlə üzləşdikdə hər şeyin anlıq, keçici olduğunu daha yaxşı dərk edir.
Hər iki film varlığın meyarlarını sorğulayan və ölümün hər birinə gətirdiyi təzyiqi fərqli gözlərlə izah edən bir dünyaya işarə edir. Ancaq "Ölsəm Bağışla" filmində, ölümdən əvvəlki anların ağır psixoloji ağırlığı daha dərindir; o, insanın ən yaxın qorxularına və güclü tələsiklərinə işıq tutur. "Üçüncü Günün Adamı" isə, daha çox həyatın sınaqlarından keçərək ölümün daha həqiqi və təbii bir gələcək olduğunu təqdim edir, amma bütün bunlar bir-birinin qarşısında birdən-birə əks olunan işıqlardır.
Hər iki film insanın ən böyük sualları ilə, varlıq və ölüm arasında sarsılmaz bir bağ qurur, amma hər biri öz yolunda, öz bədii ifadəsi ilə tamaşaçını öz içindəki sükutla üzləşdirir. Həyatın və ölümün təzadında hər şey bir anlıq, amma sonsuzdursa, o an bu hər iki nəsnə bizim içimizdə öz dərinliyi ilə qalır.
Şəkildə: “Ölsəm bağışla” filmindən kadr
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
“ASAN xidmət”də Zəfər Günü ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Agentlikdən məlumat verilib.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in şəhid ailə üzvü, qazi, həmçinin müharibə veteranı olan əməkdaşları ilə görüşüb.
Görüşdə hər iki övladı, həyat yoldaşı və övladı şəhidlik zirvəsinə ucalmış ailələrin üzvləri iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev diqqətə çatdırıb ki, hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı şanlı Qarabağ zəfəri ilə haqlı qürur hissi keçirir. Vurğulanıb ki, bu yolda canlarını fəda edən qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ehtiramla yad edilir, qazilərimizlə bağlı məsələlər hər zaman xüsusi diqqətdə saxlanılır.
Tədbirdə həmçinin "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü İlham Zəkiyev, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr mənsubları, vətən müharibəsi qəhrəmanları, Şuşa fatehləri Zaur Hüseynov və Yaşar Hüseynov çıxış ediblər.
Vətən Müharibəsi Qəhrəmanı şəhid İntiqam Əsgərli və şəhid Nurlan Əsgərli qardaşlarının atası Bayram Əsgərov onlara dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.
Sonra şəhid ailə üzvləri, müharibə veteranları və iştirakçıları olan əməkdaşlara Dövlət Agentliyi adından “YAŞAT” Fonduna ianə ilə bağlı sertifikatlar da təqdim olunub.
Xatırladaq ki, "ASAN xidmət"də ümumilikdə 300-ə yaxın şəhid və müharibə veteranı ailə üzvü, müharibə veteranı statusuna malik əməkdaş çalışır.
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)