Super User

Super User

Xəbər verdiyimiz kimi, Mərkəzi Asiya ölkələri ilə türkdilli dövlətlər arasında teatr sənəti sahəsində əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Çimkənddə IX Beynəlxalq Teatr Festivalı keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival J.Şanin adına Çimkənd Şəhər Akademik Qazax Dram Teatrının 95 illik yubileyinə həsr olunub.

Festivalda Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan və Qazaxıstan teatrlarının ən yaxşı tamaşaları təqdim edilir. 

Proqrama aparıcı teatrşünasların iştirakı ilə tamaşaların müzakirəsi üçün dəyirmi masalar, eləcə də dəvət olunmuş əcnəbi müəllimlər tərəfindən aparılacaq rejissorlar, aktyorlar və teatr menecerləri üçün ustad dərsləri daxildir.

Tədbir bu gün - noyabrın 11-də başa çatacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Sizə kino barədə danışırıq. Son illər ölkədə kino sənayesinin dirçəldilməsi hiss edilir, kinomuzun itmiş şöhrəti bərpa edilir. Təbii ki, Mədəniyyət Nazirliyi kinonun inkişafını prioritet hesab edir.

 

Trenddə olan kinonun tarixi barədə oxucularımız nələri bilirlər, nələri bilmirlər? 

Dünya kino industriyası milyonlarla insanın diqqətini çəkən və qlobal mədəniyyətin formalaşmasında böyük rol oynayan nəhəng bir sektordur. Onun inkişafı texnologiyanın irəliləməsi, yaradıcılıq gücü və müxtəlif mədəni təsirlərin bir araya gəlməsi nəticəsində mümkün olub. Kino yalnız bir əyləncə vasitəsi deyil, həm də cəmiyyətin sosial problemlərini, mədəniyyətlərarası dialoqları və insan təcrübəsini ifadə edən güclü bir vasitədir.

 

Bu gün  dünya kino mərkəzləri barədə  danışacağıq.

Kino sənayesi müxtəlif ölkələrdə müxtəlif mədəni təsirlərə və texnoloji inkişaflara əsaslanaraq unikal forma almışdır. Müxtəlif regionlar öz üslubları və kino ənənələri ilə tanınır.

 

1.Hollywood (Amerika Birləşmiş Ştatları):

•Xüsusiyyətləri: 

Yüksək büdcəli, texnoloji baxımdan inkişaf etmiş filmlər. Hollywood döyüş filmləri, superqəhrəman filmləri və romantik komediyalar ilə məşhurdur.

•Təsiri: 

Hollywood filmləri qlobal bazarı əhatə edir və dünya mədəniyyətinə güclü təsir göstərir. Ənənəvi olaraq, Oscar Mükafatları kinonun ən prestijli mükafatı hesab olunur.

•Tanınmış Adlar: 

Steven Spielberg, Martin Scorsese, Quentin Tarantino kimi rejissorlar və Leonardo DiCaprio, Meryl Streep kimi aktyorlar.

 

2.Bollywood (Hindistan):

•Xüsusiyyətləri: 

Bollywood Hindistanın Mumbai şəhərində yerləşən kino sənayesidir və musiqili filmləri ilə məşhurdur. Filmlərdə rəngarəng rəqslər, musiqilər və dramatik sevgi hekayələri əsas yer tutur.

•Təsiri: 

Bollywood filmləri yalnız Hindistanda deyil, bütün dünyada, xüsusən də Asiya və Yaxın Şərq ölkələrində böyük auditoriyaya malikdir. Filmlər Hindistanın mədəni müxtəlifliyini və musiqi zənginliyini əks etdirir.

•Tanınmış Adlar: 

Shah Rukh Khan, Amitabh Bachchan, Aamir Khan və rejissorlar Satyajit Ray, Rajkumar Hirani.

 

        3.Avropa Kinosu:

•Xüsusiyyətləri: 

Avropa kinosu çox vaxt eksperimental və bədii filmlər ilə tanınır. Bu filmlər daha çox dərin fəlsəfi və sosial mövzuları araşdırır. Fransa, İtaliya, Almaniya və İspaniya kinosu bu sahədə fərqlənir.

•Təsiri: 

Avropa filmləri Kann Film Festivalı, Venesiya kinofestivalı və Berlinale kimi prestijli festivallarda təqdir olunur. Avropa rejissorları dünya kinosuna bədii və intellektual dərinlik gətirmişlər.

•Tanınmış Adlar: 

Jean-Luc Godard (Fransa), Federico Fellini (İtaliya), Pedro Almodóvar (İspaniya), Ingmar Bergman (İsveç).

 

        4.Asiya Kinosu:

•Xüsusiyyətləri: 

Asiya kinosu müxtəlif janrları və mədəni təsirləri əhatə edir. Yaponiya, Çin, Cənubi Koreya və Tayland filmləri unikal hekayələri və vizual üslubları ilə fərqlənir. Yaponiya animasiya sənayesi (anime) ilə dünyada məşhurdur.

•Təsiri: 

Cənubi Koreya filmləri və dramaları son illərdə qlobal fenomenə çevrilib. “Parasite” filmi 2020-ci ildə Oscar mükafatını qazanaraq bu uğuru təsdiqlədi.

•Tanınmış Adlar: 

Akira Kurosawa (Yaponiya), Bong Joon-ho (Cənubi Koreya), Zhang Yimou (Çin).

 

        Ayrıca Yaxın Şərqin kinematoqrafiyasını qeyd etməyə dəyər. Buraya Türkiyə və İran kinosu aiddir ki, hər iki ölkənin kinosu son illər müdhiş uğurlar qazanmaqdadır. Türkiyənin Nuri Bilgə Ceylan, İranın Pənahi və Cəfəri kimi dünyaşöhrətli rejissorlarının adlarını qeyd edə bilərik.  

 

Növbəti yazıda sizlərə Kinonun texnoloji inkişaf mərhələləri barədə danışacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Şəhla Qasımova, Özbəkistan, “Ədəbiyyat və incəsənət” üçün

 

Mən Azərbaycanı sevirəm... Onun dilini, musiqisini, ədəbiyyatını sevirəm... Səxavətli, əliaçıq, təmiz ürəkli dostlarlarımın yaşadığı bu gözəl ölkə üçün həmişə darıxıram... 

 

Burada mənim üçün doğma olan bir çox yaradıcı adam var, onlar mənim dostlarımdır. Bunlardan biri istedadlı jurnalist, yaradıcı şəxsiyyət, ruhun incə bilicisi, şair Faiq Balabəylidir. İndi onunla nə vaxt tanış olduğumuzu, ünsiyyət qurmağa başladığımızı xatırlaya bilmirəm. Bəlkə də 2013 və ya 2014-cü il idi... Yadıma düşmür... Ancaq mənə elə gəlir ki, onu bütün ömrüm boyu tanıyıram. Sadəcə onu xatırlayıram ki, ilk olaraq Facebook-da tanış olub ünsiyyətə başladıq. Onunla ünsiyyət qurmaq asan və xoş oldu. O, İlk söhbətdə bir jurnalist kimi internet qəzetdə dərc etmək üçün bir neçə suala cavab verməyimi təklif etdi. Mən Azərbaycan şair və yazıçılarının əsərlərini tərcümə etdiyimdən və bu tərcümələr Özbəkistanın qəzet və jurnallarında dərc olunduğundan, həmən razılaşdım. Təbii ki, müsahibə sualları ədəbiyyatla bağlı idi. Söhbət çox səmimi alındı. Onunla dostluğumuz belə başladı... 

 

Faiq həmişə mənə bacı deyir, mən də ona qardaş deyirəm. Bəzən uca və təntənəli səslə deyir, əziz bacım, sən mənim başımın tacı! Bu mənim üçün çox xoşdur. Bir dəfə mənə mesaj yazdı, “bibisi” deyə müraciət etdi: Əgər sən mənim bacımsansa, demək övladlarım üçün də bibi olacaqsan. Bəs mən sənin övladların üçün kim olacağam? 

Ona yazdım ki, sən onlar üçün dayısan. İndi biz bir-birimizə elə belə də müraciət edirik, o bibisi, mən isə dayısı, deyirəm. Həm də bu yazışmada düşündüm ki, Faiq bu yolla Azərbaycan dilini nə qədər yaxşı bildiyimi və müəyyən qohumların adını necə başa düşdüyümü yoxladı. Dedi, afərin! Hiss etdim ki, o, ürəkdən sevindi. Qeyd etdiyim ki, elə o vaxtdan bəri ona "dayısı" deyirəm, Faiq isə mənə "bibisi" deyə  müraciət edir. Hətta telefonuma da onun adını "Faiq Dayısı" deyə yazmışam.

Ailəsini tanıyıram. Çox qayğıkeş, təvazökar, nəzakətli insanlardı... Evində də qonaq olmuşam. Həmin gün onun evində bir gülməli epizod yaddaşımda həkk olundu. Onun həyat yoldaşı, gözəl, qonaqpərvər və bacarıqlı ev sahibəsi Kəmalə xanım Azərbaycan yeməklərindən plov, dolma, dovğa hazırlamışdı. Gülərüzlü bu gözəl xanım bizi mehribanlıqla qarşıladı. Faiq bəyin oğlu Turalla, gəlini ilə tanış etdi (qızı Aytəkin evdə deyildi, universitetdə dərsdə idi), sonra qonaqları masaya dəvət elədi, boşqablara yemək qoymağa başladı. Stəkanlarda dovga gətirdilər. Boşqabımın içinə plov qoydu. Plov özbək plovundan fərqli idi, qeyri-adi dadı da çox xoş idi. Bu yeməyi çox bəyəndim. Plovu yedim, təriflədim və ev sahiblərinə təşəkkür etdim. Sonra dolmanı boşqabıma qoydu. Dolma çox dadlı idi, amma artıq çətinliklə, zorla yeyirdim. Çünki hər dəfə mənim qonaqpərvər qardaşım boşqabıma çoxlu yemək qoyurdi. Ancaq istəmədim ki, boşqabda yemək qalsin, çünki düşündüm ki, sona qədər yeməsəm, hörmətsizlik olar, utandım. Faiq boşqabımın boş olduğunu görüb yenə eyni miqdarda dolmanı boşqabıma qoydu. Donub qaldım, daha heç nə yeyə bilmirdim axı. Ona dedim, qardaş, mən daha yeyə bilmərəm. Onun üzünü görsəydiniz... Mənə çox ciddi baxdı və dedi:  

- Qız! Ye daaa!!!

Deyəsən, qardaşım boşqabımda yemək qalmadığına görə bacısı çox ac olduğunu düşünüb... 

Hələ də təbəssümlə xatırlayıram...

Mən dəfələrlə Bakıda olmuşam. Faiq hər dəfə mənimlə görüşməyə, heç olmasa bir neçə dəqiqə danışmağa tələsir. Həmişə hədiyyələrlə gəlir. Mən də ona milli bir şey gətirməyə çalışıram.

Təəssüf ki, insanın həyatı yalnız sevincli hadisələrdən, xoşbəxt günlərdən ibarət olmur. Faiqin həyatı da istisna deyil. O, həyatında çox çətinliklər yaşadı. Ancaq düşünürəm ki, bunların arasında ən ciddisi ürək əməliyyatıdır. Biz onun üçün çox narahat idik. Dua edirdik. Bacardığımız qədər onu dəstəkləyirdik. O günlərdə onun bir neçə şeirini rus dilinə tərcümə etdim. Allaha şükür, əməliyyat uğurlu oldu. İndi gözəl nəvələrin,- Dənizin, Aylinin, Fatehin, adaşı Faiqin sevimli babasıdır, yorğunluğu bilmir, yazır, yaradır. 

Dənizin iki yaşı tamam olanda onun adına bir şeir kitabı dərc etdirdi. Kitaba Faiqin baba olmaq sevincinə qatılan qələm dostlarının balaca Dənizə həsr etdiyi şerlər daxil idi və mənim də o kitabda şeirim var.

Onunla həmişə əlaqə saxlayırıq. Bir-birimizə tərcümə işlərində kömək edirik, bayram günlərində telefonla təbrik eləyirik.

Mənə elə gəlir ki, Faiq heç də uzaqda yaşamır, haradasa yaxınlıqdadır. Həm də mənə elə gəlir ki, o mənim sinif yoldaşım və ya institut yoldaşımdır. Niyə, deyirsiz? Çünki insan yalnız yaşıdları arasında özünü gənc, şən, qayğısız hiss edir. Elə mən də onunla danışanda özümü belə hiss edirəm. Onun şad səsi məni hər zaman ruhlandırır.

Bu il onun 60 yaşı tamam oldu! İnana bilmirəm! O, mənim üçün həmişə gəncdir. Çünki o, həmişə pozitivdir, böyük optimistdir, xoştəbiət, xeyirxah, səmimi insandır. Hələ də 60 yaşında olduğuna inanmıram, amma yubileyini sağlamlıqla qarşıladığına çox şadam. 

Sənə can sağlığı arzulayıram, əziz qardaşım. Özün dediyin kimi, çox yaşa, xoş yaşa! Ömrün boyu sənə uğurlar, gözəl ailənin sevgisi və dəstəyi həmrah olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Balakən rayon Uşaq Musiqi məktəbinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Balakən rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ü.Hacıbəyli adına Musiqi Akademiyasının dəstəyi ilə tanınmış tar ustası, sənətkar Aydın Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş,  90 illik yubileyi münasibəti ilə   "Tarixdən bu gününmüzə süzülən tar sənəti" adlı elmi-praktiki konfrans keçirilib. 

 

Konfransda Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev,  Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Nargilə Qafarova və regional idarənin əməkdaşları, BMA-nın elm və innovasiyalar üzrə prorektoru-əməkdar incəsənət xadimi-professor Gülnaz Abdullazadə, əməkdar incəsənət xadimi Nuridə İsmayılzadə, BMA-nın şöbə müdiri Həqiqət Yusifova, bir qrup tanınmış alimlər, habelə ifaçılar: xalq artisti-professor Ramiz Quliyev, əməkdar incəsənət xadimi-sənətşünaslıq üzrə fəlsəfə doktoru-professor Arif Əsədullayev, xalq artisti Zümrüd Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru-dosent Rauf Bəhmənli, BMA-nın elmi işçisi Zeynal İsayev, doktorant Nigar Bayramova, BMA labarotoriyasının alət ustası Musa Yaqubov və birsıra mədəniyyət işçiləri iştirak ediblər.

 

Tədbir çərçivəsində qonaqlar Balakən rayonunda yaşamış, yaratmış Aydın Tağıyevin həyat və fəaliyyətindən, onun tar ifaçılığına verdiyi töhfələrdən bəhs ediblər. 

Çıxışlar bitdikdən sonra konfrans rəngarəng  musiqi nümunələri ilə davam edib. Belə ki, xalq artistləri Ramiz Quliyev, Zümrüd Məmmədova, eyni zamanda Musa Yaqubov, Firuddin İbrahimovun ifasında milli musiqi nümunələri ifa edilib.

Tədbirin sonunda Balakən rayon Uşaq Musiqi məktəbinin direktoru Arifə Tağıyeva Şəki-Zaqatala RMİ-nin rəhbərliyi tərəfindən səmərəli fəaliyyəinə görə  "Fəxri Fərmanla" təltif edilib. 

Sonda xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Zəfər günü münasibətilə ölkəmizdə keçirilən tədbirlər barədə sizləri bilgiləndirməkdə davam edirik. Bu dəfə yolumuz Şəkiyədir. 

 

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyilə, Şəki şəhər Heydər Əliyev Mərkəzinin və Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə Ulu Öndərin adını daşıdığı mərkəzdə "Zəfər Günü" münasibəti ilə noyabrın 7-də konsert proqramı keçirildi. 

Konsertdən öncə Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olundu. 

Dövlət Himni səsləndikdən sonra ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Daha sonra 2 nömrəli UMM-nin  müəllimlərindən ibarət ansamblın ifasında milli musiqilər səsləndirildi, rəqs nümunələri göstərildi.

Konsert proqramında  Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin,  YAP Şəki şəhər təşkilatının rəhbərliyi, şəhid ailələri, mədəniyyət işçiləri,  şəhər əhalisi iştirak edirdi.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Zəfər günü münasibətilə ölkədə yüzlərlə tədbir keçirildi, onları izlədik, bəzilərindən dərhal xəbərlər də paylaşdıq. Mənim fikrimcə, ən diqqətçəkən, yadda qalan tədbirlərdən biri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil  edilmiş “Əbədi Zəfər” adlı tədbir oldu. 

 

Azərbaycanın müasir tarixində ən şanlı günlərdən biri olan Zəfər Gününə həsr olunmuş tədbirdə, əvvəlcə Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra Zəfərə aparan yola həsr edilmiş video çarx nümayiş olundu. 

İçərişəhər və Qala Qoruqlarının qazi əməkdaşları, İçərişəhər ərazisində yaşayan şəhid ailələri, İdarənin rəhbərliyi və əməkdaşları, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri və digər rəsmi qonaqların iştirak etdiyi tədbirdə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev, İçərişəhər Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov və “İgidlərin sözü” layihəsinin müəllifi Nigar Həsənzadə çıxış etdilər.

 

İntiqam Babayev çıxışında Zəfər Gününün Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını vurğulayaraq, qələbənin Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi, ordumuzunun gücü, şəhidlərimizin və qazilərimizin əzmkarlığı sayəsində əldə edildiyini qeyd etdi.

Sonra, “İgidlərin sözü” adlı bədii hissə baş tutdu. Bu hissədə, 44 günlük Vətən Müharibəsinin qəhrəmanları olan qazilərimizin çıxışları dinlənildi. “İgidlərin sözü” layihəsinin iştirakçıları arasında qazilərimiz Cavid Qasımov, Tofiq Əhmədov, Nicat Ağayev, Elşən Bənnayev, Fərid Atazadə və 2022-ci il Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Həzrət Əzizli, qazi anası və şairə Nuranə Nur çıxış edərək müharibə zamanı göstərdikləri igidliklərdən, zəfər hisslərindən və mübarizədən bəhs etdilər.

“Əbədi Zəfər” tədbiri işğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən aparılan quruculuq işlərinin nümayiş olunduğu video çarxla yekunlaşdı.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Monday, 11 November 2024 09:33

Tpamp və Qarabağ - ƏKBƏR QOŞALI YAZIR

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, rublisist, siyasi icmalçı Əkbər Qoşalının növbəti siyasi gəzişmələrini təqdim edir. 

 

Növbəti Zəfər Günümüzü də qeyd etdik! 

Yalnız 8 noyabrda və 2020-ci ildə, 

yalnız Qarabağda, Azərbaycanda qalmayan, dalğa-dalğa yayılan, könül-könül şenlənən, üfüq-üfüq böyüyən, üfüqötəsinə keçən bir Gündən danışırıq. 8 Noyabr! Gün kimi Gün, bayram kimi bayram, Zəfər kimi zəfər! 

 

Ardınca da 9 noyabr - Bayraq günümüz! 

Və bu ilki bayram ərəfəsində okeanın o tayında keçirilmiş Prezident seçkilərinin sonucu bəlli olunca, “İkinci Qarabağ müharibəsi Trampın dönəmində başlamışdı” deyə sanki bir xoş əsinti, məmnunluq havası vardı. Bax, məhz bu məqama vurğu etmək istəyirəm. 

Bilirsiz, sonrakı illərin sentyabr döyüşləri, Həkəri körpüsü üstə DSX postu qoyulması, hələ-hələ antiterror tədbirləri də Baydenin dönəmində olmuşdu. Hə, noolsun?.. Ha Tramp, ha Bayden… Biz öz işimizi öz lazım və uyğun bildiyimiz vaxtda görmüşük.

 

Qayğusuz Abdal (XIV yüzil Bektaşi şairi) necə deyirdi? -

 

“Dərvişlik xirqədə, tacda deyildir,

İstilik oddadır, sacda deyildir.

Var bir gerçək yerden quşan quşağı,

Onları qurt yeməz ucda deyildir.

Haqqı istər isən, ədəmdə istə,

İraqda, Məkkədə, Hacda deyildir”…

 

Orta yüzilliklərdə kəraməti yaxın coğrafiyalardakı ziyarətgahlarda aramaq bir yana, indi - elmin-texnologiyanın indiki inkişaf səviyyəsində uzaqlarda siyasi kəramət aramaq da doğru deyildir.

Təkrarçılıq olmasın, kəraməti Azərbaycan dövlətində, müstəqil dövlətçilikdə, əks-hücumu hazırlayan, uğurla yönətən gücdə, 30 illik işğalı 44 gündə bitirən qüdrətdə, bir sözlə, xalqda və haqda aramalıyıq.

Mən bir Azərbaycan vətəndaşı, bir yazar olaraq öz uğurumuzu, illa da öz Zəfərimizi nəinki okean ötəsində, heç sınırötəsində aramam. Bizim Zəfər öz əsərimizdir, bu şanlı əsərin müəllifi öz şəhidlərimiz, qazilərimiz, öz Silahlı Qüvvələrimiz, Ali Baş Komandanımız və bütövlükdə Dövlət-Xalq birliyimizdir! Bəli, Zəfərin sirrini Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsində, onun bir Ali Baş Komandan olaraq qətiyyətində, öz Ordusuna, xalqına əminliyində və işimizin haqq işi olmasında aramaq lazımdır.

Bu, isbata ehtiyacı olmayan aksiom kimi apaydın hadisədir.

Gəlin, bu yerdə, Azərbaycanın dövlət başçısının bu il yanvarın 10-da yerli TV-lərə verdiyi müsahibədən bəzi vurğuları yada salaq:

 

“…Ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik.

Halbuki əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Yəni, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir”.

 

Sözünə davam edən Prezident daha sonra belə deyirdi:

 

“Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik, hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Bunu bizə unutdurmaq istəmişdilər. Müxtəlif bəhanələr altında - Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması məhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə yetişsin. Bizim isə məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bizə nəsib olmazsa bu tarixi ədaləti bərpa etmək, gələcək nəsillər onu etməlidirlər”…

 

Bax, belə! 

Bu dərin məzmunlu və açıq ifadəli, səmimi sözlərdən sonra qıraqda kəramət aramaq və “bulmaq” bekara şeydir. Bizə kömək etməyiblər, yeri gələndə mane olublar - lakin başarılı ola bilməyiblər; işğalçıya dayaq durublar, lakin işğalı əbədi edə bilməyiblər! - Durum, bax, bu qədər sadə və aydındır! 

Tanrı hər kəsin prezidentindən də, seçkisindən də özünə xeyir versin. - Bizə ziyanları dəyməsin, xeyirləri dəymiş kimidir…

Şəhidlər ölmədi, Vətən bölünmədi!

Zəfər Günümüz qutlu olsun! 

Zəfər yeni zəfərlər gətirsin!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.”

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

 Bəli, düz 11 aydır ki, gözlədiyimiz tarix artıq yetişdi. Bu gün Bakının Olimpiya Stadionunda açılacaq Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir.

 

 Bakıda keçiriləcək COP29 tədbirində iştirak üçün 67 min nəfər qeydiyyatdan keçdiyi barədə məlumat vardır.

 

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi "Tərəflərin Konfransı" (ingiliscə COP-"Conference of the Parties)" noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda sayca 29-cu dəfə keçirilir.

 

Rəsmi Bakı BMT-nin İqlim Dəyişikliyi Konfransı - COP29-un Azərbaycanda keçirilməsi elan ediləndən bəri, yəni təxminən 11 aydır ki, buna hazırlaşır, bu barədə lap əvvəldə qeyd etdim.

 

 Böyük maraqla gözlənilən COP29 konfransının rəsmi olaraq həm Mavi, həm də Yaşıl Zonalarda keçiriləcək tədbirlərin proqramı təqdim edilib. COP29 rəsmi veb saytında yerləşdirilən və konfransın gündəliyinə uyğun yenilənməkdə olan proqram qlobal iqlim gündəliyini əhatə edəcək müxtəlif tədbirlər, müzakirələr və sərgilər haqqında məlumatları ehtiva edir. Konfransda əyani surətdə iştirak edən şəxslər bu proqramları həm Mavi, həm də Yaşıl zonaların məlumat masalarından əldə edə biləcəklər. 

 

 Proqram, rəsmi danışıqların aparılacağı və qərarların qəbul ediləcəyi Mavi Zona və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi, seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıq olan Yaşıl Zonanı əhatə edir. Proqramda iqlim maliyyəsi, adaptasiya, mitiqasiya və texnologiyalar və bir sıra digər müxtəlif mövzulara yer verilib.

 

Mavi Zonada rəsmi danışıqların planlaşdırılması BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunsa da, bu zonanın akkreditasiyadan keçmiş iştirakçıları üçün öz tədbir və proqramlarını təqdim edən bir neçə ölkə pavilyonu da mövcuddur.

 

13-22 noyabr tarixlərində Azərbaycan pavilyonunda maliyyə, enerji, elm, insan kapitalı və nəqliyyat da daxil olmaqla, həm dövlət, həm də özəl sektorlardan olan bir sıra əsas maraqlı tərəflərin rəhbərliyi ilə tematik günlərdə çoxsaylı sessiyalar keçiriləcək. Həm dövlət, həm də özəl sektorlardan bir sıra maraqlı tərəflər bu sessiyalara rəhbərlik edəcək.

 

Mavi Zona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 zamanı bütün sessiya, görüş, əlavə tədbir və mətbuat konfransları məhz Mavi Zonada keçiriləcək. Mavi Zonaya yalnız UNFCCC tərəfindən akkreditasiya olunmuş iştirakçılar buraxılacaqdır.

 

Mavi Zonanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verməklə, COP29 Azərbaycan Əməliyyat Şirkəti mühüm əməliyyat mərhələsinə yekun vurmuşdur. Nümayəndə heyətlərinin tədbir məkanında rahatlığının təmin edilməsi üçün burada müvafiq şərait yaradılmışdır. Mavi Zonada təxminən 39 piyada yoxlama-keçid zolağı, akkreditasiya üçün 35 qeydiyyat masası, müyəssərliklə bağlı üç xüsusi yardım masası, eləcə də 9 əlavə və 5 xüsusi tədbir otağı, habelə nümayəndə heyəti üçün 132 ofis yerləşir. Burada həmçinin nümayəndələr üçün müxtəlif qida və içkilərin təklif olunduğu müxtəlif iaşə sahələri yerləşir.

 

Konfrans zamanı hər gün səhər saat 07:00-dan axşam saat 22:00-a kimi əsas nəqliyyat qovşaqları ilə Bakı Stadionu arasında konfransın xüsusi marşrut avtobusları işləyəcək. Bununla yanaşı, axşam saat 22:00-dan sonra da stadionda qalan insanlar üçün məhdud sayda marşrut avtobusları xidmət göstərməyə davam edəcəkdir.

 

COP29-un qonaqları yenicə istifadəyə verilmiş və strateji mövqelərdə yerləşən nəqliyyat qovşaqlarını, eləcə də tədbirin keçirildiyi yer və zonaları, habelə qonaqlama yerləri haqqında məlumatları özündə əks etdirən Rəqəmsal Nəqliyyat Xəritəsindən onlayn qaydada istifadə etməklə Bakı Stadionuna gediş-gəlişi planlaşdıra biləcəklər.

 

COP29-un Mavi Zonası bütün nümayəndələrin, eləcə də maraqlı tərəflərin builki mühüm konfransda konstruktiv iştirakı üçün tələb olunan şərait nəzərə alınmaqla hazırlanmışdır.

 

Yaşıl Zona ziyarətçiləri hər bir tematik günə uyğun olaraq panel müzakirələri və seminarlarda iştirak edərək təcrübə qazana biləcəklər. COP29-un rəsmi tərəfdaşları Yaşıl Zonada iqlim müzakirələrini təşviq etmək və həm dövlət, həm də özəl sektorlardan olan maraqlı tərəflər arasında fəaliyyəti stimullaşdırmaq üçün onlara verilən bu imkanı səmərəli dəyərləndirəcəklər. 

 

Bəs Azərbaycan yaşıl dünya naminə nələr edir, nələr planlaşdırılır?

 

Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.

 

Xoş gəldin, COP29!

 

 “Ədəbiyyat və incəsənət”

 

(11.11.2024)

 

 

 

 

 

 

Özbəkistan Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələri sırasına daxil olur.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fonddan məlumat verilib. 

 

Məlumatda qeyd olunur ki, Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ölkənin Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzv statusunda təmsil edilməsinə hazır olduğunu bildirib.

Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının ayrılmaz parçası olan Özbəkistanla bağlı bir çox layihələr həyata keçirib. Özbəkistan Prezidentinin bu təşəbbüsünün həyata keçirilməsi ortaq mədəniyyətə, zəngin irsə və çoxəsrlik tarixə malik türk xalqları arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinə, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu ilə türk dövlətləri arasında mədəni dəyərlərin öyrənilməsi, qorunması və təbliği istiqamətində əməkdaşlığın güсləndirilməsinə geniş imkan yaradır. 

Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə qurucu ölkələr, Macarıstan isə Türk Mədəniyyəti və İrsi Fondunun müşahidəçi ölkəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(09.11.2024)

Noyabrın 20-da mədəniyyətimiz üçün çox əlamətli bir hadisə baş verəcək. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında ilk dəfə "Nəsimi" operası tamaşaya qoyulacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, dahi Azərbaycan şairi və  mütəfəkkiri İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini canlandıran bu opera tamaşaçılara onun mənəvi dünyasına səyahət imkanı yaradacaq. 
    

Musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan opera Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gətirərək, Nəsimi  irsini gələcək nəsillərə və dünyaya çatdırmaq məqsədini daşıyır.
20 noyabr saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq premyera tamaşasında  İmadəddin Nəsimi obrazını Əməkdar artist Ramil  Qasımov canlandıracaq. Həmçinin Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (Salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Cahangir Qurbanov (Məlikşüarə), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Zahid), Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş),  Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (Zindan açarçısı), Elmir Rüstəmov (Qazi) və başqaları çıxış edəcəklər. 

Tamaşanın  musiqi rəhbəri və quruluşçu dirijoru - Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuriy Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssam Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssam Rafael Həsənovdur. 
Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru, balet truppası ilə yanaşı tamaşada Xalq artisti Natiq Şirinovun rəhbərliyi altında "Natiq ritm" qrupu, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və  Əmrah Orucov (ud) birgə çıxış edəcəklər.

Şübhəsiz ki, "Nəsimi" operası Azərbaycan milli opera sənəti tarixində parlaq hadisələrdən biri kimi önəmli yer tutacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.