Super User
Azərbaycanın təbii və mədəni irsi - MƏDƏNİYYƏT NAZİRLİYİNİN YENİ LAYİHƏSİ
Azərbaycanın təbii və mədəni irsinə həsr olunan “Azərbaycanın təbii və mədəni irsi” adlı layihə Mədəniyyət Nazirliyi tərəfindən Cop 29 tədbirləri çərçivəsində hazırlanmışdır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirıiyinə istinadən xəbər verir ki, layihənin məqsədi təbiətlə mədəniyyətin qarşılıqlı əlaqəsini işıqlandırmaq, illər, qərinələr, əsrlər keçdikcə təbiətlə mədəniyyətin müxtəlif sahələrinin bir-birinə bağlı şəkildə inkişafını göstərməkdir. Görüntüləri müşayət edən musiqidə təbiət səsləri - suyun şırıltısı, quşların civiltisi, balabanının zümzüməsi insan avazı ilə təqdim olunur; yağışın həzin sədası, ildırımın vahiməli, gürultulu səsləri Qobustan daşlarının və nağara ritmləriylə əvəz olunur; küləyin vıyıltısı tarda muğam fraqmentləriylə müşayət olunur. Təbiətin dörd ünsürü - su, od, hava, torpaq görüntü ilə musiqinin vəhdətində verilir. Çəkilişlər Azərbaycanın müxtəlif rayonlarında - Qubada, Qusarda, Gədəbəydə, Şamaxıda, İsmayıllıda, Lənkəranda, Naxçıvanda, Şuşada, Cəbrayılda, Ağdamda olan tarixi, memarlıq, mədəniyyət abidələrində, əsrarəngiz və bənzərsiz təbiətdə aparılıb. Bu videoçarxda təbiət sirləri ilə zəngin olan Atəşgah, Yanardağ, İçərişəhər, Qobustan, Basqal, Lahıc və digər qoruqlar təqdim olunub. Eyni zamanda, Azərbaycan florasının və faunasının yaşını, müxtəlifliyini özündə yaşadıb, bu günümüzə qədər gətirən qədim sənətkarlıq nümunələrində -daş kitabələrdə, xalçalarda, rəsmlərdə təbiətlə mədəniyyətin bir-birinə sıx bağlı olduğunu görmək olar. Azərbaycanın təbii və mədəni irsinin bağlılığına həsr olunan bu layihədə məqsəd “Mədəniyyət həm də təbiət üçündür”, “Mədəniyyət həm də iqlimə xidmət edir” fikrini çatdırmaq olub.
“Ədəbiyyat və incəsənət”
(08.11.2024)
Əzəmətliliyin rəmzi Şuşa - ZƏFƏR GÜNÜ YAZISI
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Bu gün Zəfər günüdür. Bu gün həm də Şuşanın şəhər günüdür.
Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı PƏNAHƏLİ xan tərəfindən qoyulub. Onun şərəfinə şəhərə ŞUŞA ilə yanaşı PƏNAHABAD da deyilib. 18-ci əsrdə ŞUŞA şəhəri AZƏRBAYCANIN ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük səddlər çəkilib, çoxsaylı sənətkar məhəllələri salınmışdı. Şəhər əhalisi Rusiya və İran tacirləri ilə ticarət əlaqələri qurmuşdu və nəticədə şəhərin, əhalinin rifahı günü-gündən yaxşılaşırdı. Hətta burada Pənahabad adlanan gümüş sikkələr də kəsilirdi.
ŞUŞANIN günü-gündən gözəlləşməsi bədxah qonşularımızdan olan ermənilərin iştahasını artırırdı. Şəhərə tez-tez basqınlar edilir, əhalinin malı talan edilirdi və bəzi kəndlər yandırılırdı. Ancaq hər şeyə rəğmən ŞUŞA camaatı ayaqda durmağa çalışırdı. 1988-1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi işləri kökündən dəyişdirdi və nəticədə 8 may 1992-ci ildə şəhər işğal edildi. Şəhərin işğalı nəticəsində 195 nəfərdən ibarət AZƏRBAYCAN vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə hər iki valideynini itirmişdi. Ümumilikdə isə 20.000-dən çox AZƏRBAYCAN vətəndaşı öz doğma yurdlarından didərgin salınmışdı. Əsir götürülən 58 nəfərin taleyi barədə bu günə qədər hər hansı bir məlumat yoxdu. ŞUŞANIN işğalı nəticəsində azərbaycanlıların tarixini silmək məqsədilə erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşudbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini tamamilə yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-marif və kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini,22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix muzeyini və Azərbaycan xalçaçılıq muzeyinin filialını və xalq tətbiqi sənət muzeyini, Qarabağ dövlət tarixi sənət muzeyini, turist bazasını, Qafqazda ilk və tək olan Şərq musiqi alətləri fabrikini dağıtmış, burdakı nadir sənət incilərini talayıb məhv etmişdilər. Şəhərin tarix muzeyinin 5.000-ədək əşyası Azərbaycan Xalçası Və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1.000-ədək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin, müğənni Bülbülün, rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilmişdi.
Amma şər qalib ola bilməz!
Şuşa şəhəri və Daşaltı kəndi 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan ordusunun həyata keçirdiyi "Dəmir Yumruq" əməliyyatı nəticəsində erməni işğalçılarından tam təmizləndi. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən düşmən kapitulyasiya etdi.
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan ordusunun həyata keçirdiyi anti-terror əməliyyatları nəticəsində isə düşməndə qalan digət Qarabağ əraziləri də təmizləndi.
Əziz Şuşa, əziz Qarabağ, sən azadsan!
Daha səni heç kəs Azərbaycandan qopara bilməz!
"Ədəbiyyat və İncəsənət"
(08.11.2024)
“O görünən ev bizimdir” - ŞUŞA ŞEİRİ
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”
O görünən ev bizimdir,
Sökülü, uçuq olsa da
Qapısız, pəncərəsiz,
Lap yarımçıq olsa da
O ev bizim evimizdir...
Atam tikmişdi o evi,
Xatirəsi dünya boyda
Səhərəcən nənəm tikən
Çiçəkli qırmızı donda
Oynayırdım;
Qışda, payızda, yayda...
Alçaq hasarlı olardı,
Yolları qabarlı olardı,
Bol nübarlı olardı
Bizim məhləmiz...
Hər cığırında izlərim
Hər küçəsində əzizlərim
Dolub daşardı nəşəmiz,
Bizim məhləmiz...
Səhər əzan ucalardı...
Bizdən sonrakı məhlədə
Dədə Cabbar qocalardı,
O küçənin ayağında
Xan əminin evi idi,
Sonra ,sağdakı məhlədə
Ustad Qurban Pirimovdu...
Üzeyir bəy musiqisi,
Natavanın zərif sözü,
Bülbülcanın elə özü
Bizim məhləmizdə idi...
Şüşə idi şəhərim,
Par-par alışıb yanırdı,
Şuşa idi şəhərim
Başını duman alırdı...
Göz gözü görməz idi
Amma elə təmiz idi
Elə bil nağıl idi
Məhləmiz...
Qonşuları mehriban,
Can yandıran, dada çatan,
Bayramlarda ocaq quran
Şən şaqraqdı məhləmiz,
Elə gözəldi küçəmiz...
Daşları xınalı olardı,
Suları sonalı olardı,
Qonaqlı -qaralı olardı
Şəhərimiz...
Əvvəl uzaqda olurdu
İndi yaxına gəlib...
Nə olsun ki, dağılıb,
Nə olsun ki, köhnəlib,
Lap qapısı olmasın,
Atam yenə qapı tikər...
Lap pəncərəsini qoymasın
Pəncərə də düzələr...
Qoy əşyalar qırıq olsun
Hamısınl anam qurar,
Təzə əşyalar alar...
Bircə o ev dağılmasın
O evdə xatirəm var,
Daşında, divarında
Hamısında xatirəm var...
O görünən bizim evdir,
Sökülü, uçuq olsa da,
Lap yarımçıq olsa da,
O ev bizim evimizdir...
Heyif indi köçənlərdən..
Görmədilər küçəmizi,
Məhləmizi,
Şuşamızı...
“Ədəbiyyat və incəsənət”
(08.11.2024)
Siyavuş Kəriminin əsl musiqi hadisəsi olan "Nəsimi" operası haqqında
Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” portalı üçün
Azərbaycan Milli Konservatoriyasının Rektoru, Xalq artisti Siyavuş Kəriminin bəstəkarı olduğu "Nəsimi" operası haqqında düşüncələrimi bölüşmək qərarına gəldim.
Dünya duracaq yеr dеyil, еy can səfər eylə.
Aldanma anın halına, andan həzər еylə!
İmadəddin Nəsimi.
Andan həzər eylə deyən şair Nəsiminin ruhu qarşısında baş əyirəm. Görəsən o, indiki cəmiyətdə olub anla yaşayan, keçmiş və gələcəyi düşünməyə üsyan edən insan modelini görüb nə yazardı? Bilmirəm, yalnız mənim bugünkü mövzum o qədər müqəddəsdir ki...
Azərbaycan musiqisinə səs salacaq olan bir xəzinə haqqında danışmaq istəyirəm . "Nəsimi" operası. Bəli, belə bir opera var. Artiq bir ildən coxdur yazılan və sirli xəzinə kimi bir hücrədə yatan, Azərbaycanın görkəmli bəstəkarı Siyavuş Kəriminin yeni operasından danışıram .
Bu operanı dinləyəndə əvvəlcə insanın gözlərinin önünə Nəsiminin ruhu gəlir. Azərbaycanın tarixi yaddaşında şairlər çox mühüm rol oynayıb. Dövrün şairləri tarixi faktları məhz elə şeirin dilı ilə çəmiyyətə çatdırmışlar. Bir şairin timsalında və yazdıqlarında böyük bir tarix əks oluna bilər. Amma bu, tamamilə ayrı bir mövzudur.
Mən valeh olduğum operadan söz açmaq istəyirəm. Operanın bəstəsi Xalq artisti Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova aiddir.
Opera İmadəddin Nəsimin yaradıcılıq yolundan, dövrünün nakəslərindən çəkdiyi əziyyətlərdən bəhs edir. Tarixi mülahizələrə əsaslanan bu sənət əsəri yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.
Azərbaycan Mədəniyyətinin inkişafında Milli musiqi təhsili sahəsində, Azərbaycanın beynəlxalq müstəvidə tanınmasında əvəzedilməz əməyi olan Şərəf və Şöhrət ordenli, Xalq artisti Siyavuş Kərimi şah əsəri olan "Nəsimi" operasını neçə illərdi hücrəsində qoruyub, yalnız ətrafına peşəkarları cəlb etdikdən sonra ərsəyə gəlməsinə izn verdi. Bəli, operanın librettosu çox hörmətli akademik Rafael Hüseynova aiddir. Rafael Hüseynov Azərbaycan ictimayətində, mədəniyyətində dərin düşüncələri ilə fərqlənən söz sərrafıdır. Onun bir-birindən mənalı araşdırmaları Azərbaycan Elm sahəsinə töhvədir. Çox gözəl heyət dahi unudulmaz Nəsiminin dünyasını əks etdirən operanı yaratdı.
Baş rolun ifaçısı Əməkdar artist, Gəncə Filarmoniyasının direktoru, on yaşından profesional səhnədə olan, eyni zamanda gözəl layihələr müəllifi Ramil Qasımovdur. O Azərbaycan Milli Konservatoriyasınln müəllimidir həm də. Sevimli əməkdaşımızı da bu gözəl uğurla təbrik edirik.
Bir az operanın librettosu haqqında danışaq. Operanı dinləməyə başlarkən zınqırovlu dəvələrin hərəkət etdiyi karvan gözümün önünə gətirir. Nəsimi doğmalarıyla vidalaşıb Təbrizə yollanır və doğmaları onu bir-bir dindirir. Bəstəkar hər bir xarakteri düşdüyü vəziyyətə uyğun olaraq o qədər ustaliqla yazmışdır, libretto müəllifi də həmin ruhla elə gözəl tamamlamşdır ki, musiqinin sədaları sənə operanın hər epizodunu nağıl edir. Nəsimi dühasını əslində Haqqın şairi olmasını, necə şər və xətalarla üzləşməsini, son fəryadını, qəmini, arzusunu bir-bir ilmələrlə musiqiyə köçürməsində görürük . Burada nələr yoxdir ki... Təbriz bazarı əks olunur. Təbrizin səsli küylü, dolanbac küçələri, bazar abu-havası, Şah sarayı, zindan, bütün Nəsiminin həyat və yaradıcılıq hekayəsi, müəllimi Fəzlullah Nəimiyə olan məhəbbəti, tarixi faktlara əsaslanan hadisələrin bir-birini əvəz etməsi və s. Hadisəni danışan Zəvvar obrazını səsləndirən Nurəddin Mehdixanlıdır. Musiqi parçalarını yeni səslər ifa edir. Bu sehirli aləmi yalnız dinləyən bilər. Operanı dinlədikcə həyatın sınaqlarlnda azan, yazib yaratmaq esqiylə çirpınıb məhv olan bir şair ömrünü düşünürsən. Sanki Nəsimi adlı bir məbədgah yaradılıb. Operanı dinləyən hər kəs o məbədgahda səcdə edir. Dövrünün hürufi adlandırdığı cəmiyyətdə yazıb yaradan həqiqət aşiqi, ilahı məhəbbətin sahibi şair ətraf tərəfindən məhv olur. Əslində Operanın bütün incəliklərini söyləmək istəmirəm. Bunu bilərəkdən etmirəm. Opera bu yaxın günlərdə bir günəş kimi Azərbaycan Opera sənətində parlayacaq. Bu günü səbirsizliklə gözləyirik. Bu, sevimli sənətkarımız - Azərbaycanın xalq artisti Siyavuş Kərimi yaradıcılığında bir zirvə, bir uğurlu izdir. Azərbaycan xalqı çox xoşbəxt xalqdır. Çünki onun mədəniyyətini dünyaya çatdıracaq əvəzi olmayan insənət, mədəniyyət adına sənətkarları var. Nəsimi operası Noyabr ayının 20-də Heydər Əliyev sarayında dinləyicilərin, tamaşaçıların ixtiyarina veriləcək. Bir daha heyəti nəzərinizə çatdırıram. Operanın Libretto müəllifi akademik Rəfael Hüseynov, musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşcu rejissoru İnarə Babayeva, Xormeyster - Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu xoreoqraf - Əməkdar artist Yuriy Lobaçov, işıq üzrə rəssam - Rafael Həsənovdur.
İmadəddin Nəsimi rolunda AMK-nın müəllimi, Gəncə Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımovdur. Digər rolları: Fəzlullah Nəimi - Xalq artisti Teyyub Aslanov, Sənəm - Fatimə Cəfərzadə , Şahxəndan - Cəlal İsayev, salnaməçi - Xalq artisti Nurəddin Mehdixanlı, Əbdülqadir Marağayi -AMK-nın müəllimi əməkdar artist İlkin Əhmədov, Əmir Teymur - Mahir Tağızadə, Əmir Teymurun vəziri - əməkdar artist Anton Ferştandt, Əmir Teymurun vəkili - Fəhmin Əhmədli, Fatimə - Kamilə Nəbiyeva, Dərviş - Xəyal Hüseynov, Məlikşüarə -Əməkdar artist Cahangir Qurbanov, Zahid - Taleh Yahyayev, Nəsiminin anası - Səma Həmzəyeva, Birinci keşikçi - Ruslan Persan, İkinci keşikçi - Rza Xosrovzadə, Zindan açarçısı - Fuad Əzizzadə, Qazi - Elmir Rüstəmov ifa edirlər.
Operanın musiqi müşayiəti - “Natiq” ritm qrupu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xor kollektivi, balet truppasıdır.
Tar müşayiətçisi - Xalq artisti AMK-nın müəllimi Elçin Həşimov, Kamança - AMK-nın müəllimi, Əməkdar artist Elnur Əhmədov ,
Ud - Əmrah Orucovdur.
Azərbaycana səs salacaq, Milli köklərimiz üzərində qurulan, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, 70 yaş yubileyini qeyd etdiyimiz sənətkar Siyavuş Kəriminin bəstəkarı olduğu opera haqqında düşündüklərimi sizinlə bölüşdüm. Bu gözəl, Azərbaycan mədəniyyətində Musiqi hadisəsinin canlı şahidi olmağa hər kəsi dəvət edirik.
Həmişəyaşar dahi Nəsiminin həyat yolunu əks etdirən opera fövqəladə gözəlliyi ilə öz tamaşaçılarını gözləyir.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
AMBİSİYALARIN ARTIRILMASI... - Əkbər Qoşalı yazır
“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazar və siyasi icmalçı Əkbər Qoşalının “Ambisiyaların artırılması” məqaləsini təqdim edir. Məqalənin əsas mövzusu COP29-dur. Bakıdakı ali foruma kim qatılmır və niyə qatılmır?
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen vaxtilə Almaniyanın Müdafiə naziri (2013-2019) görəvini icra edib və o görəvdəki ilk qadın olub. Keçmişdə o, öz ölkəsində Əmək və sosial məsələlər naziri (2009-2013), Ailə məsələləri naziri (2005-2009) görəvlərində də çalışıb. Xanım Prezidentin istər doğma ölkəsində, istər Avropa Komissiyasında hansı vəzifə daşıması, əlbəttə, özünün, ölkəsinin, onu seçən və yaxud təyin edənlərin işi, məsuliyyətidir. Amma məsələ ondadır ki, məsuliyyət hissi həmişə, hər yerdə, hər kəsdə olmalıdır. Özəlliklə də, görəv yüksəlişi olduqca, məsuliyyətlilik də mütənasib şəkildə yüksəlməlidir. Məsuliyyət davranış, rəftar, münasibət və bənzəri kateqoriyaları tənzimləyən, tarazlayan bir cavabdehlik aktıdır. Məsuliyyət – o, öz hərəkət və hərəkətsizliyindən, işindən, “işsizliy”indən irəli gələ biləcək hər hansı adıyaman nəticəni nəzərə alıb, ona məsul olmağı, cavabdehliyi ifadə edir. Artıq 5 ildir Avropa Komissiyasının Prezidenti kimi önəmli görəvdə olan, ondan öncə Almaniyada fərqli nazirliklərə başçılıq edən xanım Ursula Fon der Lyayen üçün məsuliyyət artıq, necə deyərlər, bir peşə sayıla bilər (daha doğrusu, bilərdi)... Əgər bunca illərdən, vəzifələrdən sonra da, məsuliyyət peşəkarlığı formalaşmayıbsa, o zaman, xanım Prezident, məsuliyyəti ən azı bir görəv kimi yerinə yetirməyə borcludur.
Bəli, Ursula Fon der Lyayenin vaxtilə nazir, o cümlədən Müdafiə naziri olduğu Almaniyanın Hitler hökuməti kimi tarixi məsuliyyətsizliyi olub ki, Avropa, Avrasiya (ümumən Yer üzü) hələ də, onun acı nəticələrindən əziyyət çəkir... Faşist Almaniyasının üstündən heç üç qərinə belə keçməyib, yaralar tam sağalmayıb. Faşizm irsindən rəsmi qaydada imtina edən çağdaş Almaniya, yalnız təqvim baxımından deyil, məna-məzmun, mahiyyət baxımından da çağdaş olmalı, hələ-hələ uluslararası qurumlardakı təmsilçiləri illa məsuliyyətli qərarlara, o uluslararası qurumların elanolunmuş mandatına aşinalıq etməlidir. Elə deyilmi?
Bəs indi biz Ursula Fon der Lyayen xanıməfəndidən, onun məsuliyyətindən niyə söz açırıq – olay nədir, nə deyil?
Deməzsizmi, xanım Ursula Fon der Lyayen COP29-a qatılmayacaqmış. Aha! Almaniya, Avropa Komissiyası və COP (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (Conference of the Parties to the United Nations (UN) Framework Convention on Climate Change) hansı uzaqlıqda, hansı gərginlik içində ki, xanıməfəndi belə bir qərar vermiş ola?..
Almaniyanı bildik,
keçək, Avropa Komissiyasına. Bu Komissiya Avropa İttifaqı siyasətinin planlaşdırıcısı və belə deyək, koordinatoru funksiyasını yerinə yetirir. Örnəyi, qanun təklifləri hazırlayır, o təklifləri Avropa Parlamenti və Avropa Şurasına təqdim edir. Komissiya habelə, Parlamentin, Şuranın hazırladığı büdcə və proqramları tətbiq etməyə məsuldur. İttifaqın anlaşmalarının qoruyucusu sayılan Avropa Komissiyası “Ədalət Divanı” ilə birgə, İttifaq hüququnun doğru tətbiq edilməsini təmin edir.
Uluslararası platformada, uluslararası anlaşmaların müzakirəsində, özəlliklə ticarət və işbirliyi sahələrində İttifaqı təmsil edən Avropa Komissiyasının hazırladığı təklif, bildiriş, anlaşma və hesabatlar toplum üzvləri ilə sıx fikir alış-verişi nəticəsində əldə edilmiş məhsullar sayılır. Komissiya üzvləri öz görəvlərini yerinə yetirərkən, milli hökumətlərindən tamamən azad davranmaq (!) – yalnız Avropa İttifaqının xeyrinə işlər görmək (!) öhdəliyini daşıyır (daha doğrusu, daşımalıdır).
Avropa İttifaqı, Avropa Komissiyası Ermənistanın işğalçılıq siyasəti, o siyasətin çox ağır nəticələri, dəhşətli müharibə cinayətləri, ağır işgəncələrə uğramış azərbaycanlılar, taleyi sirr azərbaycanlı əsir və girovlar haqqında, habelə Azərbaycana dəymiş irimiqyaslı maddi ziyanın ödənilməsi və s. yönündə indiyədək hansı təsirli təklif, bildiriş, anlaşma və hesabat hazırlayıb? Bəyəm, onlar bizim Azərbaycan toplumunun üzvləri ilə sıx fikir alış-veriş içində olub da, konstruktiv bir sənədmi işləyiblər?..
Gəlin, biz bu məqamda, iki il öncəyə dönək, 18 iyul 2022-ci il tarixinə vurğu edək. – Həmin gün Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Bakıdaydı və Azərbaycan Prezidenti ilə birgə mətbuat konfransında çıxış edirdi:
“Burada, Bakıda çox səmimi qəbula görə çox sağ olun, cənab Prezident. Qətiyyət göstərərək, Avropa İttifaqını dəstəklədiyinizə görə minnətdarıq. Çünki Rusiyanın Ukraynaya kobud şəkildə müdaxiləsindən hətta əvvəl, Rusiyanın Avropaya qaz təchizatı artıq etibarlı deyildi. Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam. Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir.
Bizim Anlaşma Memorandumumuzun üç məqamını vurğulamaq istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. ...Beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik.
Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. ...Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm. ...Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.
Nəhayət, bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır”.
Beləliklə,
Avropa Komissiyasının (vaxtilə Almaniyanın Müdafiə naziri olmuş) xanım Prezidenti, iki il öncə gəldiyi və çox məmnun ayrıldığı Bakıya bu səfər COP29 səbəbi ilə gəlməkdən imtina edərkən, daşıdığı mandata zidd qərar qəbul etdiyinin fərqində olmalıydı.
COP-un nə olduğu, COP prosesi, müzakirə edilən məsələlər və həyata keçirilən çoxtərəfli fəaliyyət barədə Avropa Komissiyası da, şəxsən xanım Ursula Fon der Lyayen də bilgilidir, əlbəttə. Əlbəttə, Ursula Fon der Lyayenin Bakıya gəlməkdən imtina etməsi bir daha və bir daha göstərir ki, uluslararası ictimai rəy, qlobal qayğılar, hələ-hələ iqlim dəyişikliyi kimi vacib bir məsələ nə onu, nə də Avropa Komissiyasını ilgiləndirmir.
Bəli,
COP29 qarşı günlərdə Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək.
Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə, necə deyərlər, ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən uyğun planlar hazırlanıb.
Azərbaycan uluslararası tədbirlərə evsahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir – bunu dost da bilir, dost ola bilməyənlər də.
Bəli,
iqlim dəyişikliyi elə bir fazaya çata bilər, bundan bütün bəşəriyyət (ən azı faşizm fəlakətinin ağır nəticələri qədər) ziyan çəkər, yeni bəlalar yaşayar...
Yanan evə bir damcı su atmaq, saman atmaqdan çox daha yaxşıdır...
Üstəlik, uluslararası ictimaiyyət Yer üzünü, Yerin təkini, suyu, havanı, kosmosu... ən çox çirkləndirən Batıdan, Avropa İttifaqından yeni iqlim maliyyəsi gözləməkdə haqlıdır. Bəs belə olan halda, biz nə görürük? – Batı, Avropa İttifaqı və şəxsən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen COP29-a gəlmir. Bu, faktiki olaraq, məsuliyyətdən qaçmaq deyilmi?..
Nəymiş, əfəndim? –
Bəlkə biz üç on il boyunca işğal altında qalmış torpaqlarımızı azad etməməliydik? COP29-a gəlməyənlər onda gələcəkdi, eləmi? 20 faiz ərazimizə, suverenliyin natamamlığına biz özümüz göz yummalı, COP29-a gəlməyənlər də qulaq qapamalıymış ki, “anlaşma” olsun, eləmi?..
Xarakterli, qürurlu və Zəfər qazanmış Azərbaycan birilərini möhkəm rahatsız edir... Amma çox nahaq, çox! Çünki nə bəla gəlsə, xaraktersizlərdən, əziklərdən gələr – necə ki gəlir... Yaxın tarixdə özü bəşəriyyətə faciələr yaşatmış ölkənin ictimai-siyasi xadimlərinin o irsdən və müharibə cinayətlərinə görə aldıqları cəzadan nəhayət, səmimi nəticə çıxarması çox vacibdir. XX yüzilin 30-40-cı illərində soyqırımı törədən və bunu etiraf edənlərin törəmələri bu etirafda sabitqədəmdirlər, səmimidirlər, yoxsa, onlardan öncə (1918-ci ilin martında Bakıda, çevrəsində) və sonra (1992-ci ilin 26 fevralında Xocalıda) soyqırımı törədənləri müdafiə edəndəmi?.. Məsələni dərinləşdirmiş və qəlizləşdirmiş kimi çıxmasın amma ortada bir sadə sual var axı. – Doğrudan-doğruya, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen COP29-a nə üçün gəlmir?.. – “Növbətçi açıqlama” bir yana, səmimi, məsuliyyətli cavab verə bilərlərmi?..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
Günün fotosu: Ortaq türk bayrağı
Bayrağımız uca olsun.
Türk Dövlətləri Təşkilatı ortaq bayrağımızı təsdiq etdi!
Beləcə, vahid əlifbanın ardınca türk dövlətləri vahid bayrağa da sahib oldular.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
Mədəniyyət naziri Adil Kərimli noyabrın 6-da Dövlət Film Fondunda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş film layihələri müsabiqəsi və post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsində qalib gələn şirkətlərin nümayəndələri ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət Nazirliyindən verilən məlumata görə Nazirlik və ARKA-nın məsul şəxsləri, tanınmış kino xadimlərinin də iştirak etdiyi görüşdə agentliyin 2023–2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi və post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi, həmçinin dəstək verilən digər filmlərin hazırkı vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb, rejissor və prodüserlərin rastlaşdığı problemlər dinlənilib.
ARKA-nın fəaliyyəti haqqında məlumat verən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, qurumun əsas hədəfi film istehsalçıları üçün əlverişli ekosistemin yaradılmasıdır. Bildirilib ki, ARKA tərəfindən ötən il elan olunan film layihələri müsabiqəsində ərsəyə gətirilən işlərin müdafiə (pitçinq) mərhələsi gerçəkləşib. Bu mərhələdə layihələr Seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib. Bu müsabiqə vasitəsilə 40-dan çox film istehsalata buraxılıb.
Nazir söyləyib ki, ölkəmiz 2023–2024-cü illərdə beynəlxalq film müsabiqələrində uğurla təmsil olunub: “Bu, çox müsbət haldır və bizi sevindirir. Lakin nəticələr bizim üçün, yəqin ki, sizlər üçün də hələlik qənaətbəxş deyil. Çünki bu sahədə potensial olduqca çoxdur və ondan istifadə etməliyik. Bunun üçün də film çəkilişləri zamanı infrastruktur baxımından meydana gələn çətinlikləri və problemləri müzakirə etmək vacibdir”.
Sonra kommersiya və animasiya filmlərinin çəkilməsi, film istehsalı üçün maliyyə mənbəyinin tapılması, vahid dövlət satınalma müqaviləsi, kino tənqidi sahəsinin inkişafı, kino sahəsində vergi güzəştləri, orta nəsil rejissorların işə daha çox cəlb edilməsi, sənədli filmlər studiyalarının yenidən bərpa olunması, idman filmlərinə dəstək, televiziya filmlərinin maliyyələşdirilməsi və s. mövzularda təkliflər səsləndirilib.
Diqqət mərkəzinə çəkilən məsələlərə münasibət bildirən nazir kinonun ümumi inkişafına xidmət edəcək hər bir rəy və təklifin nəzərə alınacağını söyləyib.
Görüşdə həmçinin kino sahəsində kadr çatışmazlığı, filmlərin dublyajı ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahizələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.
Nazir mədəniyyətin bir çox sahəsində kadr çatışmazlığının özünü göstərdiyini bildirib. Deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən kino sahəsində kadr hazırlığına böyük əhəmiyyət verilir və bununla bağlı Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd proqramı” həyata keçirilib. Proqramda qalib gələn gənclərdən 6 nəfəri (ötən il 1 nəfər olub) xaricdə kino sahəsi üzrə nazirliyin qrantı əsasında təhsil alır.
Bədii, sənədli kino ilə yanaşı, animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin inkişafına xüsusi diqqət ayrılacağını söyləyib.
Adil Kərimli görüşün sonunda kino ictimaiyyəti ilə belə geniş tərkibdə, işgüzar və səmimi atmosferdə ünsiyyətdən məmnunluğunu bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
Məmməd Arazın qızı, yaxud Aqil Abbasın ömür-gün yoldaşı...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Olduqca mükəmməl xanımdr. Onu təəccübləndirmək elə də asan deyil. İncə yumor hissi var. Hətta nəyisə tənqid edəndə, adama elə gəlir ki, zarafat edir. Onun üçün insanlarda ən gözəl xüsusiyyət mərhəmət, ən nifrət etdiyi isə yalandır.
Peşəsini çox sevir, amma söyləyir ki, rəssamlığı da bacarsaydı özünü xoşbəxt sayardı. Düşündüklərini bəzən sözə çevirə bilmədiyini, çox bəyəndiyi pis cəhəti hesab edir. Qəhrəmanı Çe Gevara olan bu xanım, qanunların pozulmadığı yerdə özünü daha rahat hiss edir. Heç zaman jarqon ifadələri dilə gətirmir. Anlayışsız mühitdə yaşamağı bədbəxtlik sanır. Çox ölkələrə səfər edib, çox xalqların mədəniyyəti ilə yaxından tanış olub, bəyəndiyi isə Azərbaycan mədəniyyətidir...
Deyir ki:- “Lap balaca vaxtımdan atamla anama fərq qoyurdum. Atamı həmişə artıq istəmişəm, indi də elədir. Özü də onun xatirəsi ölmüş adamın xatirəsi deyil, canlıdır, yenidir. Atam mənim yadıma bilirsən necə düşür? O fotoda “vspışka” olur e, yanıb-sönür, bax elə bir şey kimi gəlir gözümün qabağına. Ya bir söz, ya bir qoxu uşaqlığımdakı atamı canlandırır. An da deyil bu, qarşına çıxır və onu xatırlayırsan.
Mən çox səfər edən adamam. Xeyli ölkədə olmuşam. Hara getsəm çox qəribədir, düşünürəm ki, atamın bu yerlə bağlı yazdığı nəsə varmı. O, ömrünün böyük hissəsini xəstə olub, gəzə də bilməyib. Bəzi yerlər var ki, mən ora gedəndə mütləq atamı xatırlayıram. Məsələn, Lvova getmişdik. Düşəndə birinci yadıma gələn o oldu ki, Məmməd Arazın “Əsgər qəbri haqqında ballada” poeması var, Lvovda yazıb. Orada böyük bir qəbiristanlıq var. Müharibədə ölən əsgərlərin məzarlığı. Atam həmin qəbiristanlıqda İbrahimov soyadlı birisinin məzarını görüb. Bundan doğan o təəssüratları qələmə alıb. Çox qəribə bir poemadır, janr olaraq maraqlıdır, poemanın dramaturgiyası var.”
Xalq şairi Məmməd Arazın qızıdır. 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Hazırda “Ədalət” qəzetində baş redaktor vəzifəsində çalışır.
“Bu gün cəmiyyət böyük yazıları, böyük məlumatları, necə deyərlər, həzm edə bilmir. Ona görə də mətləbi oxucuya yığcam şəkildə çatdırmaq lazımdır. Blez Paskal hələ XVII əsrdə bir məktubunda yazmışdı ki, bu məktubu həmişəkindən uzun yazdım, çünki daha qısa yazmağa vaxtım yoxdur. Yəni əgər sən bir mətni lokanikləşdirə bilmirsənsə, deməli, o barədə məlumatın ya yoxdur, ya da yetərli deyil. Əgər toxunduğun mətləbi oxucuya, necə deyərlər, həzm elətdirə bildinsə nə yaxşı, əks halda oxuyan olmayacaq. Çox çalışırsan ki, oxucuların sayı artsın, amma baxanda görürsən ki, bir xəbərə maksimum 400-500 baxış olur. 10 milyonluq respublika üçün bu, dəhşətli mənzərədir. Amma təəssüf ki, reallıq belədir...”- söyləyir.
Gözəl qələmi, özünəməxsus üslubu var. Düşündürməyi bacarır. Araşdırma qabiliyyəti, tədqiqat səriştəsi, daim öz üzərində işləmək səyi yüksək səviyyədədir. Müsbət xüsusiyyətləri çoxdur. Yaxşıya “yaxşı”, pisə “pis” deməkdən çəkinmir. Zövqlü geyinməyi xoşlayır, davranışında səmimidir. Ailəsinə bağlı xanımdır- mehriban həyat yoldaşı, qayğıkeş ana və nənədir. Ömür-gün yoldaşı Aqil Abbasla həm də ayrılmaz dostdurlar.
Deyir ki:- “Adam atasını özü seçməsə də, həyat yoldaşını özü seçir, amma burada taleyin, qismətin rolu var. İnsanın ailəsində hər cür hadisə ola bilər. Həyatdır. O qədər sürprizləri var ki! Çalışırsan münasibəti qoruyub-saxlayasan. O da çalışır, sən də çalışırsan. Bəlkə, bundan sonra gələn nəsillər bizim qədər çalışmayacaqlar, bilmirəm. Mən bu barədə çox düşünmüşəm. Məcnuna deyirlər, özünün və Leylinin rəsmini çək. O, yalnız özünü çəkir. Səbəbini soruşanda, deyir, kişi qadının örtüyüdür, qadın görünməməlidir. Bəli, biz ikimiz bir candayıq, daha çox görünən isə odur. Necə deyərlər, Aqil xalq adamıdır, xalqın arasında olmağı xoşlayır...”
Mətbuatımızın bu günü onu narahat edir. Gənc jurnalistlərin daha çox mütaliə etməsini arzulayır və bu yolda əlindən gələni əsirgəmir.
“Özümə müəllim hesab etdiyim şəxsiyyətlər olub. Mütaliəmi beynimdə sistemləşdirə bilmişəm. Adam var ki, çox oxuyur, lakin tətbiq edə bilmir. Amma mən hər kəsin yerinə də bir söz deyə bilmirəm. Həmişə çalışmışam ki, gənclərə nəsə kömək edim. Özümüzü qorumağı bacarmalıyıq. Bunun əsas yollarından biri də mətbuatdır. Leninin gözəl bir fikri var: "Oxumaq, oxumaq, yenə də oxumaq". İstərdim ki, gənclərimiz çox oxusunlar, oxumağa ərinməsinlər. Arzu edirəm ki, hər şey yaxşı olsun. Bu gün yazılı mətbuatda da, teleməkanda da eyni proses gedir. Ağıllı sözü eşidə biləcək tamaşaçı bu gün yox səviyyədədir. Bizim dövrdə həmişə şairə, sözə inanmaq kimi bir ənənə var idi. Bəzən nəsrin populyar olmadığı dönəmlərdə böyük elmi əsərlər şeir dilində yazılardı. Biz bu gün mədəni mühitdən uzaqlaşırıqsa, düşünürəm ki, o zaman həbsxanalar tikmək üçün vəsait ayırmalıyıq. Əxlaqdan naqis adamların yetişdiyi cəmiyyət qorxulu cəmiyyətdir. Ona görə də mütləq şəkildə ideoloji əsaslar yaratmalıyıq. Təəssüflər olsun ki, televiziyalar şəxsi meyarları nəzərə alır. Amma birinci növbədə milyonların sevgisini qazanmaq lazımdır...”- söyləyir.
Bəli, qarşılıqlı hörmət olmayan mühitdə yaşamağı bədbəxtlik hesab edən bu xanım, öz həyatından nümunə gətirərək, adamları təhsil və mütaliənin insan həyatında önəmli rol oynadığına inandırmağa çalışır. Onun “Facebook” sosial platformasında dodaqaçıran paylaşmaları isə bir başqa aləmdir. Bir də görürsən ki, elə bir fikir paylaşır ki, adamı həm güldürür və həm də düşündürür. Onlardan bir neçəsini sizinlə də bölüşmək istəyirəm:
“Gerçək- görünənlərin arxasında gizlidir...”
Və ya:
“Daxilindəki potensialın realizə olunmaması insani depressiyaya salan ən mühüm amillərdən biridi. Sosial şəbəkələrin bir təyinatı da budur- burda qışqırıb-bağırsınlar, asıb-kəssinlər, cızma qaralarını paylaşıb dahi olduqlarini fikirləşsinlər. Amma baxırsanki, yenə alınmır. Diqqət çəkən, diqqət mərkəzində olmağı bacaran yenə öndə gedir. Və kimsə də bundan qəzəblidi. İçindəki zəhəri tökməyə potensial gunahkar axtarır. Ağır dərddi doğrudan. Allah şəfa versin...”
Və ya da ki:
“Hansı tərəfə baxırsan bax; qeyri-peşəkarlıq peşəkar səviyyədədir.”
Noyabrın 9-u ömrünün 65-ci təntənəsini yaşayacaq. Ürəkdən təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
“ASAN xidmət” COP29 çərçivəsində beynəlxalq forum təşkil edəcək
14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçiriləcək.
Bakı Olimpiya Stadionunda, Mavi Zonada baş tutacaq tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və “Apolitical Group Limited”in birgə təşkilatçılığı ilə reallaşdırılacaq.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu interaktiv dialoqu və əməkdaşlığı təşviq etmək üçün hökumətlərin, beynəlxalq təşkilatların, aparıcı ekspertlərin və akademik dairələrin nümayəndələrini bir araya gətirəcək. Müzakirələr dövlət xidmətlərinin yaşıl idarəçilik və iqlim hədəflərinə transformasiyası istiqamətində qabaqcıl təcrübələrin, yeniliklərin və strategiyaların paylaşılması üçün platforma olacaq.
Forumda Azərbaycanın “ASAN xidmət” modeli kimi innovativ modellərinin davamlı infrastruktura, inklüzivliyin təşviqinə və iqlim dəyişikliklərinə cavab vermək üçün beynəlxalq əməkdaşlığa necə töhfə verə biləcəyi vurğulanacaq. Həmçinin yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti diqqət mərkəzində olacaq.
Tədbirdə ümumilikdə 7 beynəlxalq təşkilatın və 20-yə yaxın ölkədən aidiyyəti nazirliklərin rəhbərləri və müxtəlif şirkətlərin, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
"XALQIN MƏDƏNİ SƏRVƏTİ"nin bağlanış mərasimi olub
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin təntənəli bağlanış mərasimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin iştirakı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, konsert proqramında Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, solistlər Səma Həmzəyeva, Nigar Cəfərova, Adil Axundov, Rza Xosrovzadə, Fəhmin Əhmədli, Taleh Yahyayev Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun, Nigarın, Həsən xanın ariyası, Xanəndə qızın mahnısı, "Sənsiz", Asəf Zeynallının "Ölkəm" romanslarını, Cakomo Puççininin "Toska", "Bohema", "Edqar" operalarından ariyalar ifa ediblər.
İfaçıları Əməkdar artistlər İlahə Sadıqzadə, Zülfiyyə Sadıqova, Nüşabə İsa, Nigar Hüseynzadə müşayiət ediblər.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)