Super User

Super User

Thursday, 07 November 2024 17:00

Praqada Azərbaycan Evi açılıb

 

Çex Respublikasının paytaxtı Praqa şəhərində Azərbaycan Evinin açılışı olub. Mərasimdə bu ölkədə yaşayan soydaşlarımızla yanaşı yerli ictimaiyyətin nümayəndələri, diplomatik korpusların təmsilçiləri iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlunata görə, mərasim Azərbaycanın və Çexiyanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. 

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru,  “Natəvan” Cəmiyyətinin sədri və Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova cəmiyyətin, həmçinin Çexiyadakı Azərbaycan icmasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. 

Bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edən Diasporla İş üzrə Dövlət Komitəsini sədri Fuad Muradov bildirib ki: “Bu günə qədər dünyanın 17 ölkəsində Azərbaycan Evi açılıb. Bu evlərin açılması Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının ən bariz nümunəsidir. İnanıram ki, burada yaşayan azərbaycanlılar Praqadakı Azərbaycan Evinin xətti ilə daha böyük uğurlara imza atacaqlar”.  

Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov Azərbaycan Evinin açılmasını əlamətdar hadisə kimi qiymətləndirib və burada yaşayan azərbaycanlıların ölkəmizi tanıtmaq üçün böyük potensiallarının olduğunu diqqətə çatdırıb. 

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Land of Fire” təşkilatının rəhbəri Fərid Əmirəliyev Azərbaycan Evinin açılışında yaşanan qələbəliyi soydaşlarımızın birliyinin rəmzi adlandırıb. 

Çexiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Milan Ekert bildirib ki:“Praqada açılan Azərbaycan Evi azərbaycanlılarla bərabər həm də bizim evimiz olacaq və inanıram ki, bu evin qapıları hər kəsə açıq olacaq”. Milan Ekert Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə də təbrik edib. Qazaxıstanın Çexiyadakı səfiri Bakit Düsenbayev Azərbaycan Evinin açılmasını iki ölkə arasındakı münasibətlərin inkişafı, eləcə də burada yaşayan türkxalqlarının nümayəndələri üçün mühüm hadisə olduğunu söyləyib. 

Əlavə edək ki, Azərbaycan Evində həftəsonu məktəbi də fəaliyyət göstərir. Praqada yaşayan Lamiyə Axundova məktəbin açılması ilə bağlı sevincini bildirib və qeyd edib ki:“Həftəsonu məktəbi övladlarımın ana dilini öyrənmələri üçün böyük fürsətdir. Bu imkanı bizə yaratdığına görə Azərbaycan dövlətinə minnətdarıq”. 

Çıxışçılar Praqada Azərbaycan Evinin açılması münasibətilə sonsuz sevinclərini ifadə edib, bu hadisənin Azərbaycan dövlətinin Çexiya azərbaycanlılarına ən qiymətli hədiyyəsi olduğunu deyiblər. 

Azərbaycan Evinin açılışında mədəni hissə də təşkil edilib.

2020-ci ildə Çexiyada “İlin adamı” seçilən istedadlı musiqiçi Canel Nəcəflinin, fleyta ifaçısı Hana Jıtnıkovanın, pianoçu Lamiyə Axundovanın çıxışları, zövq oxşayan musiqilər alqışlarla qarşılanıb.

Təcrübə göstərir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi öyrənməsində Azərbaycan Evlərinin xidməti əvəzsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

 

8 Noyabr – Zəfər Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “44 günlük Zəfər tariximiz!” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, bazada “Rəsmi sənədlər”, “10 Noyabr Bəyanatı”, “Müsahibə və çıxışlar”, “Xronologiya” kimi bölmələrlə yanaşı “44 günlük Vətən Müharibəsi”, “Vətən Müharibəsi qəhrəmanlıq salnaməmiz”, “Vətən Müharibəsi - tarixi zəfərimiz” kimi məqalələrin tam mətni də yer alır. “44 günlük Zəfər tariximiz!” adlı elektron məlumat bazasında Azərbaycan ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlər, Ermənistan qoşunlarının döyüş itkiləri, Vətən Müharibəsində Azərbaycan Republikasının dinc əhalisinə qarşı törədilmiş terror aktları haqqında da geniş məlumat verilir. Elektron bazada Şanlı Zəfər tarixinin qürurverici anlarını özündə əks etdirən Zəfər Paradı, geri qaytarılmış torpaqlara “Böyük qayıdış”, burada aparılan bərpa-quruculuq işləri haqqında məlumatlar, II Qarabağ Müharibəsinə dair Azərbaycan və xarici dillərdə nəşr edilən kitab və dövrü mətbuat nümunələrinin siyahıları təqdim edilir. Bazada Gənclər Kitabxanasının əməkdaşları tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq hazırlanan virtual kitab sərgisi və multimediya materialları da sərgilənir. 

“44 günlük Zəfər tariximiz!” adlı elektron məlumat bazasıkitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/44_gunluk_Zefer_tariximiz_el_melumat_bazasi/index.html  yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

“Mənim təbiətim gəncliyimdən belə formalaşıb: desəm öldürərlər, deməsəm ölləm. 

Ölkədə çoxlu ölüm hadisələri olur. Bilirsiniz niyə? İnsanlar deyə bilmədiklərinə görə ölürlər. Onsuz da ölürsən, elə deyib ölmək daha yaxşı deyilmi? 

Deni Didronun bir sözü var, deyir, bir var, böyrək daşından, öd çatışmazlığından, lap elə ürək çatışmazlığından öləsən, bir də var, ideya uğrunda öləsən. 

Öləndə də biləsən nəyə görə ölürsən..."

Fuad Poladov (1948-2018)

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

 

Parisdə Divani-Lüğat-ət-Türk əsərinə həsr olunmuş elmi konfrans keçiriləcək

Fransanın paytaxtı Parisdə, UNESCO-nun mərkəzi qərargahında Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr olunmuş elmi konfrans keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova məlumat verib.

O xatırladıb ki, UNESCO 2024-2025-ci illəri türk tarixinin əsas əsərlərindən biri olan Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr edib:

"Bu təşəbbüsə dəstək olaraq, 2025-ci il ərzində Türk dünyası ölkələrində təqdim olunacaq beynəlxalq sərgilər təşkil edəcəyik. Həm də ilin sonuna qədər Parisdə UNESCO qərargahında bu mühüm işə həsr olunmuş elmi konfrans keçirməyi planlaşdırırıq".

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

 

6 noyabr 2024-cü il tarixində Bişkekdə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Xarici İşlər naziri Murat Nurtleu, Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının Xarici İşlər naziri Bəxtiyar Səidov, Macarıstanın Xarici İşlər naziri Peter Siyarto, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, həmçinin Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı TurkicWorld-a istinadən xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib.

Aktotı Raimkulova çıxışında Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən, Türk dövlət Başçılarının, Xarici İşlər Nazirləri Şurasının Türk əməkdaşlıq təşkilatlarının qarşısına qoyulan və strateji sənədlərdə göstərilən vəzifələrin fəal şəkildə yerinə yetirilməsindən danışıb:

 

"Astana Sammiti Bəyannaməsinin direktivlərinə uyğun olaraq Bişkekdə Alıkul Osmonovun ev muzeyinin yenidən qurulması və bu mədəniyyət ocağının təhciz edilməsi işlərini uğurla başa çatdırdıq.

"Türk Dünyası – 2040" konsepsiyasını və "TURKTIME" təşəbbüsünü rəhbər tutaraq, hazırda türk dünyasının mədəni irsinin kataloqunu hazırlayırıq, eyni zamanda biz artıq Astanada beşinci Dünya Köçəri Oyunlarının keçirilməsini dəstəkləyərək qədim mədəniyyətimizin zənginliyinin nümayişinə töhfə vermişik.

TÜRKSOY və Türk Akademiyası kimi qardaş təşkilatlarla əməkdaşlıqda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi-nəzərindən” beynəlxalq konfransın keçirilməsini dəstəkləmişik. Hazırda Qurama və türk dastanları üçün çoxmillətli nominasiyaların tətbiqi üzrə üzv ölkələrlə əməkdaşlıq edirik.

Ədəbi-mədəni, o cümlədən tarixi irsimiz Fondun təsis etdiyi "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk ədəbiyyatının inciləri", "Türk ədəbiyyatının elmi inciləri" kitab seriyalarında doqquz kitabın uğurla nəşr olunması sayəsində daha da inkişaf etmişdir.

Yüksək keyfiyyətli elmi məzmunlu TurkDiscovery adlı Youtube Kanalı yaratdıq və rəqəmsal qarşılıqlı əlaqələri daha da genişləndiririk.

UNESCO 2024-2025-ci illəri Türk tarixinin əsas əsərlərindən biri olan Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr edib. Bu təşəbbüsə dəstək olaraq 2025-ci il ərzində Türk dünyası ölkələrində təqdim olunacaq beynəlxalq sərgilər təşkil edəcəyik. Həm də ilin sonuna qədər Parisdə UNESCO qərargahında bu mühüm işə həsr olunmuş elmi konfrans keçirməyi planlaşdırırıq".

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Thursday, 07 November 2024 14:18

Yunus Oğuz kitablarını hədiyyə etdi

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yazıçı-publisist  Yunus Oğuz  AzerGold şirkətinin təşəbbüsü ilə Daşkəsənin Quşçu kəndində açılan “Pulsuz oxu" kitab köşkünə öz tarixi romanlarını  hədiyyə edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına yazıçı məlumat verib. 

 

Qeyd  edək ki, "AzerGold" QSC-nin təşəbbüsü və dəstəyi ilə Daşkəsən rayonunun ucqar Quşçu kəndinin mərkəzində kitab köşkü quraşdırılıb.

Cəmiyyətin hasilat fəaliyyəti apardığı bölgədə bu günə qədər icra etdiyi  "Kitab sovqatı", "Uşaq kitab dostu" kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamı olan "Kitab köşkü" ətraf kənd sakinləri, xüsusilə uşaq və yeniyetmələr arasında mütaliə vərdişlərinin formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə və kitabın kütləvi şəkildə təbliğinə dəstək göstərilməsinə xidmət edir.

Günün 24 saatı ərzində kənd sakinlərinin sərbəst şəkildə kitabları əldə etməsinə imkan yaradan "açıq kitabxana" tipli kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı inciləri, həmçinin biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibdə dərc edilmiş ən yeni kitablar təqdim olunur. Oxucular seçdikləri kitabı mütaliə etdikdən sonra geri qaytarıb digər kitablardan bəhrələnəcək, bununla yanaşı, paylaşmaq istədikləri nəşri köşkə hədiyyə etməklə digər oxucuların da mütaliə etmələrinə imkan yaradacaqlar.

Köşk rübdə bir dəfə yeni nəşrlərlə yenilənəcək. Qeydiyyat əsasında ən çox kitab mütaliə etmiş oxuculara cəmiyyət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Thursday, 07 November 2024 15:40

AZƏRBAYCAN ƏSGƏRİ - Rəsmiyyə Sabir

Bəli, sabah Zəfər Günümüzdür. Bu barədə yüzlərlə şeir, hekayə yazılıb, film, rəsm əsəri çəkilib, musiqi bəslənib, tamaşa oynanıb. 

“Ədəbiyyat və incəsənət” portalı sizə Zəfərimizlə bağlı bir şeir təqdim edir. Rəsmiyyə Sabirə aid bu şeir “Azərbaycan əagəri” adlanır. 

 

Sən Vətən torpağında silinməyən bir izsən,

Bu günsən, gələcəksən, şanlı tariximizsən,

Sənin şücaətini necə vəsf eləyim mən,

Ey Odlar diyarının igid, qəhrəman əri,

Azərbaycan əsgəri!

 

Bu torpaq and yerimiz, sən qürur mənbəyisən,

Yolunu kəsə bilməz nə duman, nə də ki çən,

Vətənə sipər olan şəhidsən, qazisən sən,

Biz müqəddəs bilirik məzarın olan yeri,

Azərbaycan əsgəri!

 

Addımların titrədir dağı, dərəni, daşı,

Zəfərlə başa vurdun sən bu çətin savaşı,
Hünərini unutmaz bu tarixin yaddaşı,

Cəngavər ruhlusan sən uzaq keçmişdən bəri,

Azərbaycan əsgəri!

 

Qutsal qanın qarışdı, torpağı Vətən etdin,

Şanlı zəfər yolunu rəşadətinlə getdin,

Qayaların buzunu nəfəsinlə əritdin,

Göytürk xaqanlarının xələfidir hər biri,

Azərbaycan əsgəri!

 

Şanlı qələbə çaldın, sənə zəfər yaraşır,

Şöhrətinin sədası indi sərhədlər aşır,

Sənə xalqın qəlbində məhəbbət aşıb daşır,

Qisasımızı alıb ovutdun dərdi-səri,

Azərbaycan əsgəri!

 

Əsla dayanma, igid, yürü ancaq irəli,

Döyüşlərdə hayqırtın dağı, daşları dəlir,
Uzaqdan Bozqurdların ayaq səsləri gəlir...

Silinir yer üzünün bütün pisliyi, şəri,

Azərbaycan əsgəri!

Azərbaycan əsgəri!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Oğuz rayon Komitəsinin təşkilatçılığı ilə Oğuz rayon Təhsil sektoru ilə birgə Zəfər gününə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirə başlamamışdan əvvəl şəhidlərin məzarı ziyarət olunmuş, üzərinə gül-çiçək dəstələri qoyulmuşdur. 

Tədbirdə şəhid ailələri, qazilər və müharibə iştirakçıları, Oğuz rayon İcra Hakimiyyətinin məsul işçisi Cavid Həmidov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul işçisi Elxan Abdullayev, Oğuz rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov, təhsil işçiləri, içtimaiyyətin nümayəndələri iştirak etmişlər. 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şəhidlərin xatirəsi yad edilmişdir.

ATİAHİ Oğuz rayon Komitəsinin sədri Fərmanİbrahimov çıxış edərək Qarabağ müharibəsinin ağır sınaqları,  ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar haqqında danışmışdır. 

A.Əliyev adına Padar kənd tam orta məktəbinin direktor müavini Ş.Əliyev çıxışında Azərbaycanın oğullarının "Dəmir yumruq" kimi birləşərək öz torpaqlarını azad etməsi və onların qəhrəmanlarından söz açmışdır. 

Daha sonra Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli internat tipli texniki təbiət təmaüllü liseyin direktoru Q.Süleymanova, Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli məktəb liseyin müəllimi A.Kərimli çıxış edərək Azərbaycan dövlətinin müstəqillik tarixindən, Azərbaycanın müxtəlif dövrlərdə xarici dövlətlərin işğalına məruz qalmasından, qalib bir dövlət və xalq kimi mövcud olmasından bəhs etmişlər.

Şəhid anası Gülər Cəfərova çıxış edərək belə bir tədbirin keçirilməsi üçün minnətdarlığını bildirmiş, şəhid anası kimi vətənə layiqli övlad yetişdirdiyi üçün fəxr etdiyini bildirmişdir.

YAP Oğuz rayon təşkilatının sədri S.Məhərrəmov və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul işçisi E.Abdullayev, Oğuz rayon Təsil Sektorunun müdiri S.Nəbiyev çıxış edərək 8 Noyabr “Zəfər Günü” münasibətilə hər bir kəsi təbrik etmiş, onlara öz səmimi arzularını söyləmişlər.

Tədbir bədii hissə ilə davam etdirilmiş, Vətənə və qəhrəmanlığa, şəhidlərimizə həsr olunmuş şeir və mahnılar ifa olunmuşdur. 

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

 

Yazar Aləm Kəngərli “Ədəbiyyat və incəsənət” portalına Qazaxısranda yaşayan soydaşımız Rəşid Həsənovun “Azərbaycandan Qazaxıstana” adlanan məqaləsini təqdim etmişdir. Onu oxucularımızın diqqətinə çatdırırıq. 

Mən Qazaxıstanda doğulmuşam və orada yaşayıram. Uzaq və qorxulu 1938-ci ildə mənim əcdadlarımı Azərbaycandan sürgün ediblər. O müdhiş dövrdə qeyri-insanı Stalin rejimi insanları bütöv xalq olaraq repessiya edirdi. Bu cür hadisələr milyonlarla insanın şüurunda dərin iz buraxmışdır. 

Azərbaycandan uzaq da yaşasaq, daim o torpaqlar bizi özünə cəlb etmişdir.
Buna görə də mən bütün şüurlu həyatım boyu iki qardaş xalqın – Qazaxıstan və Azərbaycanın tarix və mədəniyyətini öyrənirəm. Çoxdandır ki, Qazaxıstan və Azərbaycan yazıçıları ilə tanış olmaq istəyirdim. Və tale məni belə insanlarla görüşdürdü.
Bunlardan biri yazıçı publisist, Qazaxıstan Respublikasının ictimai xadimi Nəsihə Fumarqızıdır. Nəsihə xanımın yaradıcılığı zəngin və rangarəngdir. Onun fəaliyyətinin bir tərəfi də Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsinə istiqamətlənib. Nəsihə xanım məni öz tədbirlərinə dəvət edir və kitablarını mənə bağışlayıb.


Mən həmçinin Azərbaycan yazıçısı Aləm Kəngərli ilə də sıx əlaqələr qurmuşam. Aləm Kəngərli Azərbaycan Jurnalistlər İttifaqının və Yazıçılar Birliyinin üzvü , eləcə də “Məmməd Araz” mükafatı laureatıdır.
Aləm Kəngərli öz yaradıcılığı ilə seçilən, yadda qalan yazıçılardandır. Onun şeirlərinin və hekayələrinin toplandığı bir neçə bədii kitabı mövcuddur. Azərbaycandan mənə göndərilən bu kitabları oxumaq ayrı bir zövqdür. Mən məmnunuyyətlə yazıçı Aləm bəyin yaradıcılığı ilə tanış olur və öz dostlarımı da onun gözəl əsərləri ilə tanış edirəm. Onun əsərləri olduqca həyati və duyğuludur. İstər doğma torpağımızın saf suları kimi təbii və rəvan olan şeirləri, istərsə də mövzusu bugünümüzün reallığından mayalanan bədii əsərləri insanın ruhunu oxşayır.
Aləm Kəngərli mənə öz kitabları ilə yanaşı, Azərbaycan yazıçı və şairlərinin rus dilinə tərcümə olunmuş xeyli kitablarını da yollamış, Azərbaycan ədəbiyyatının Qazaxıstanda tanınmasına bu yolla da vəsilə olmuşdur.
Bu ilin aprel ayında Özbəkistan, Türkiyə və Azərbaycan yazıçılarının iştirakı ilə Qazaxıstanda keçirilən möhtəşəm ədəbi tədbirdə çıxış edən Aləm bəy mənimlə də görüşməyə imkan tapmış, yenə əlidolu, kitab hədiyyələri ilə məni ziyarət etmişdir.
Öz növbəmdə mən də xalqımın deportasiya tarixindən bəhs edən “İran Azərbaycanlılarının Qazaxıstana deportasiyası” kitabının müəllifiyəm. Mən də öz kitablarımı Qazaxıstan və Azərbaycandan olan yazıçı dostlarıma bağışlamışam. İnsanlar bizim xalqalarımızın nələrdən keçdiyini bilməlidirlər. Mən hesab edirəm ki, biz iki qardaş türk xalqının mədəniyyət və incəsənət xadimləri arasındakı əlaqələri mütəmadi olaraq dərinləşdirməliyik. Bu, bizim həyatımızdır! Bu, bizim vəzifəmizdir!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Thursday, 07 November 2024 13:16

Sənə xidmətdən qürur duyuruq, Vətən!

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının “Sənə xidmətdən qürur duyuruq, Vətən!” layihəsi çərçivəsində AYB Sumqayıt bölməsinin birgə  təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin dəstəyi ilə sözügedən qalereyada növbəti "Sizi xatırladır..." adlı sərgi-tədbir keçirilib.

 

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, şair və yazıçılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Prezidentin fərdi təqaüdçüsü, şair Əşrəf Veysəlli, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, şair Süleyman Hüseynov və başqaları moderator Hafiz Ataxanlının təqdimatı ilə söz alıblar.

Çıxış edənlər şəhərimizdə şəhid ailələrinin və qazilərin daim diqqət mərkəzində saxlanıldığını, şəhidlərin xatirələrinin əbədiləşdirilməsinin, ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ehtiramının bariz nümunəsi olduğunu vurğulayıblar.

Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin şadirdlərindən ibarət xor qrupu vətənpərvərlik mövzusunda mahnı səsləndiriblər.

Eyni zamanda, AYB üzvü olan sumqayıtlı şair və yazıçılar şəhidlərin fotosu yerləşdirilən çərçivələrə həkk edilmiş adlı şeirləri səsləndiriblər. Hər bir şəhidin həyat yolu, arzu və istəyini özündə əks etdirən yığcam poetik nümunələr hər kəs tərəfindən minnətdarlıq hissi və alqışlarla qarşılanıbdır.

Sonda Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova layihənin mahiyyətini və əhəmiyyətini qeyd edərək sayca üçüncü olan sərgi-tədbirin ərsəyə gəlməsində dəstək göstərənlərə öz təşəkkürünü bildirib. 

Qeyd edək ki, sərgi-tədbirdə bir neçə şəhidin xeyli şəxsi əşyası nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.