Super User
Güney Azərbaycan Poeziyası Antologiyasında Fəriba Mürtəzayinin “Reyhan” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Fəriba Mürtəzayidir.
Fəriba Mürtəzayi
Təbriz
REYHAN
Baxdım sətirlərə
Adım yoxdur!
Kaşki reyhan olaydım,
Bir axşam üstü.
Ürəyinin süfrəsində
Bağ-bağ açılaydı,
Bir tikə çörək
Bir az da pendir.
Bəlkə,
Məni yeyib
Udub qurtaraydın!
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)
“Mələklərlə rəqs” - Maestro Niyazinin unudulmaz xatirəsinə
Əlisəfdər HÜSEYNOV, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
...Əvvəlcə göy guruldadı - elə bil səma sahibi nəyəsə əsəbləşib möhkəm hayqırdı... Ardınca şimşək çaxdı və elə bir yağış başladı ki, maestro hələ belə yağış görməmişdi...
Gecə keçirdi...
Yağış qəribə bir ahənglə şırıldayır və bu şırıltı gecənin əsəblərinə biz kimi sancılıb onu dincəlməyə, çimir eləməyə qoymurdu. Elə bil dünya nə əvvəli olan, nə də sonu görünən bu şırıltı ilə bir yerdə doğulmuşdu, bu şırıltı heç vaxt kəsilməyəcəkdi.
Pəncərəyə yaxınlaşıb onun bir tayını açdı və bayaq küçədən səsi bir az boğuq gələn şırıltı nəm qoxuyan hava ilə bir yerdə dərhal otağa təşrif buyurdu, divarlara dəyib sükutun fonunda səsini bir az qaldırdı və daha aydın dildə öz sözsüz nəğməsini oxumağa davam etdi.
Maestroya çoxdan "səslərin dilini bilən sehrbaz" deyirdilər. Hərçənd bu boyda şişirtmə heç də onun ürəyincə deyildi, yeri düşəndə bunu gizlətmirdi də. Amma bir dəfə yaxın dostlardan biri onun bu etirazını tutarlı dəlillə boykot elədi: "Bura bax, əziz dost, sən dirijorluq edəndə əllərinin, barmaqlarının qeyri-adi hərəkətləri ilə zalda əyləşənləri lap nağıllardakı kimi daşa döndərirsən. Hələ yaxşı ki, sənin üzünü görmürlər. Yoxsa orkestri unudub çalınan musiqini elə sənin üzündən, gözlərindən, jestlərindən oxuyarlar. Bu, sehrbazlıq deyil, bəs nədir?"
Doğrudan da, pultun arxasında dayanıb orkestri idarə edəndə o, səslərlə dialoqa girməyi bacarırdı - gah gözəl və ağıllı səsləri havada tutub başlarını sığallayır, cığal, sözəbaxmayan səslərə barmaq silkələməyir, yeri gələndə onları cəzalandırıb məclisdən qovur, gah da ram olmaq istəməyən dikbaş səslərlə cəngə çıxır, onlara düz yolu göstərirdi, hətta bəzən hirslə hansınınsa "qulağından" tutub qarşısına - partituranın üstünə atırdı ki, dərsini versin. Belə anlarda o, özünü yerdə - pultun arxasında yox, hardasa məchul bir boşluqda hiss edirdi və o boşluqda həmin o jestləri onun öz iradəsi, istəyi yox, hardansa gəlib vücuduna dolan, ardınca da ruhuna hopan qeyri-adi bir qüvvə idarə edirdi. Pultun arxasından düşəndən sonra ondan soruşsaydılar ki, maestro, niyə filan yerdə məhz filan jesti etdiniz, o, qətiyyən cavab verə bilməzdi, çaşıb qalardı.
Açıq pəncərədən çölə baxa-baxa, yağışın nəğməsini dinləyə-dinləyə qəfildən bu səslərlə də söhbət etməyə, onların dil tapmağa, bu səslərin musiqi obrazlarını əllərinin, barmaqlarının hərəkəti ilə rəsm etməyə qeyri-adi bir istək duydu, hətta hər səsə, hənirə qeyri-ixtiyari reaksiya verən barmaqları öz-özünə açılıb yumuldu, qəribə titrəyişlərlə havada qırıq-qırıq qövs cızdı. Amma tez də anladı ki, o, heç vaxt bu səslərin, bu şırıltının dilini öyrənə bilməyəcək, yağışın nə dediyi təzə açılan çiçəyin gülüşü, sevinci, küləyin hirsli monoloqu, dalğaların rəqsi, ləpələrin pıçıltısı və ən başlıcası, sükutun səsi kimi bir sirr olaraq qalacaq, çünki bu səslər hansısa naməlum bir məkandan gəlirdi, hansısa sehrli bir qüvvə tərəfindən idarə olunurdu.
"Sükut səssizlikdən yaranır, ancaq Sükutun səsindən qulağım batır..."
Nə vaxtsa oxuduğu bir şeirdən yaddaşına hopmuş bu misraları xatırladı və məhz bu gecənin səssizliyində, yağışın nəğməsini dinləyə-dinləyə qəfildən kəşf etdi ki, bu dünya Tanrının yaratdığı "Həyat" adlı bir simfoniyadır və bu simfoniyanı da idarə edən elə onu yaradanın - yəni Tanrının özüdür.
Bəs ünlü bəstəçilərin zaman-zaman yaratdıqları simfoniyalar? Əslində bu simfoniyalar da heç o bəstəkarların öz düşüncələrinin məhsulu deyil, - maestro fikirləşdi. - Çünki onlar ağlın, düşüncənin, təcrübədən alınan biliyin yox, hisslərin, intuitiv yaşantıların dedikləri idi. Maestronun buna tam əminliyi vardı, "Rast"ı yazanda yaşadıqları bu əminliyə tam zəmanət verirdi. Hisslərin, duyğuların məzmununu isə sözlərlə, cümlələrlə ifadə etmək mümkün deyildi. Bir şey ki, şüurdan kənardadır, sən onun dediklərini şüurun köməyi ilə necə ifadə edə bilərsən axı? Deməli, dürlü-dürlü melodiyalar naməlum bir məkandan - deyək ki, kosmosdan - gələn siqnallar, kodlardır və fəzada dolaşan bu səs-kodları yalnız Tanrının seçdiyi xüsusi adamlar eşidirdilər - Tanrı onlara bu qabiliyyəti ona görə verib ki, həmin səslərin gözəlliyindən, bu melodiyalardakı ilahi harmoniyadan məhz onların vasitəçiliyi ilə hamının xəbəri olsun.
Yağış indi daha şiddətlə yağırdı...
O, pəncərəni örtdü, bilirdi ki, Həcər gec-tez otağın havasındakı dəyişikliyi hiss edib yuxudan oyanacaq, onu açıq pəncərənin qarşısında görüb hirslənəcək, "Açıq pəncərənin qarşısında dayanmaq sənin harana yaraşır, ay Niyazi?" - deyib onu yaxşıca danlayacaq. O isə bunu istəmirdi. İstəmirdi ki, gecənin bu vədəsində Həcərin əhvalı pozulsun, ərinin növbəti şıltaqlığının mümkün fəsadları barədə fikirləşə-fikirləşə gecəni ayaq üstə yola salsın. Birgə yaşadıqları bu uzun illər ərzində Həcərin keçirdiyi sarsıntılar, həyəcanlar, düşünülməmiş uşaq hərəkətləri ilə onun başına açdığı oyunlar bəs deyildimi?
Maestro pəncərənin tərləmiş şüşəsini silib çölə baxdı - yağış elektrik fənərinin işığında boz rəngli qalın saplar kimi göydən sallanıb gecənin bağrını sökməyində idi və nədənsə bu dəfə yağışın şırıltısı ona gecənin iniltisi, həmin o şırımların söküb dağıtdığı bağrından qopan ah-nalə təsiri bağışladı və elə o andaca yaddaşının ən mübhəm hücrələrindən birinin qapısı taybatay açıldı...
Həcərlə qoşulub qaçandan sonra rayonların birində uzaq bir qohumun kiçik daxmasına sığındıqları vaxtlar idi. Bir gün bax belə bir şıdırğı yağış evə qayıdanda onu yolda yaxaladı - bir neçə saniyə ərzində iliyinə qədər islandı. Özünü evə çatdırıb içəri girəndə Həcər onu görən kimi heyrətdən az qala çığırdı - əynindəki nimdaş, toya da, yasa da geyindiyi şalvar-pencəyi elə bil suya salıb çıxarmışdılar - pencəyin qollarından, ətəyindən su süzülürdü, ayağını yerə basanda ayaqqabılardan çölə su fışqırırdı. Həcər cəld irəli atılıb əvvəlcə pencəyi, sonra onun altındakı köynəyi dartıb onun əynindən, əyilib üzüqara ayaqqabılarını ayağından çıxartdı, ardınca deyəsən, artıq onun titrəməyə başlayan vücudunu otağı 2 yerə bölən pərdənin o tərəfinə itələdi ki, keçib şalvarını da çıxartsın. Sonra köhnə dəmir çarpayının üstündəki nimdaş qalın adyalı götürüb pərdənin o tərəfinə tolazlayaraq dedi: "Hələlik bürün buna, canın qızsın". Cəld masanın üstündəki neft plitəsini yandırdı. Əyilib içləri su ilə dolu ayaqqabıları götürəndə diksindi: "Səhər tezdən qəzeti büküb bunların içinə qoymuşdum axı. Bəs hanı?"
Əyilib diqqətlə baxdı və ayaqqabıların içində horraya oxşayan bozumtul kütləni görəndə barmağını dişlədi - qəzet parçaları üstdən Niyazinin ayaqlarının, altdan isə bu vəfasız ayaqqabıların altındakı deşiklərdən içəri dolan suyun təsirinə dov gələ bilməmiş, əriyib suya qarışmışdı.
...İçində elə bil nə isə qırıldı, əlində tutduğu ayaqqabılara baxa-baxa fikrə getdi: "Yaxşı, mən indi neyləyim? Bu pencək-şalvarın, ayaqqabıların quruyub əvvəlki görkəmi almaları 2 saatın, 5 saatın işi deyil axı. İndi mən dəyişək paltarı, ayaqqabını hardan tapım?"
Qəfildən arxa tərəfdən hənirti gəldi. Çevriləndə gördü ki, adyala bürünmüş Niyazidir, pərdənin bu tərəfinə keçib ona baxır və qəribə burasındaydı ki, onun üzündə, baxışlarında qayğıdan, qüssədən əsər-əlamət belə yox idi, əksinə, gözləri gülürdü, elə ilk görüşdən onun ağlını başından alan, bu sivri burunlu, qartal baxışlı oğlanı onun həyatının bir parçasına çevirən həmin o uşaq təbəssümü yenə gəlib qonmuşdu Niyazinin çöhrəsinə. Özü də o təbəssüm anbaan daha mükəmməl bir şəkil alırdı.
Bir müddət belə davam elədi, ta o vaxtacan ki, həmin təbəssüm qeyri-adi bir işığa dönüb Həcərin içini gəmirən o təlaşı, səksəkəni bu komanın rütubəti, soyuğu ilə bir yerdə sıxışdırıb harasa qovdu və elə həmin andaca ikisinin də bir yerdə səs-səsə verib ürəkdən gülməyi bir oldu.
"Darıxma, Niyazi, bizdə məsəl var: Bir yandan bağlayan bir yandan açar".
İndi - aradan 50 il keçəndən sonra özünün geniş, rahat mənzilində pəncərə qarşısında dayanmış maestro həmin o ağır, çətin günlərdə tez-tez ürəyində təkrarladığı bu misraları xatırladı. Səməd Vurğunun "Vaqif" dramından yadında qalmışdı, sadəcə Vidadi sözünü Niyazi ilə əvəz etmişdi...
Ötən illər ərzində həmin o bir yandan bağlayan qüvvə doğrudan da yavaş-yavaş bir yandan da açmağa başladı - onu gördülər, qiymətləndirdilər, sonra özünün ilk əsərlərindən birinin ifası üçün dirijor tapılmayanda, öz əsərinə özü dirijorluq etmək fikrinə düşdü və elə ilk dəfə pult arxasına keçəndə məlum oldu ki, Tanrı onu qeyri-adi bir qabiliyyətlə - səslərin dediklərini duymaq, onları idarə etmək, düz yola - harmoniya yoluna dəvət etmək istedadı ilə mükafatlandırıb. Və o, xeyli vaxt bundan əvvəl - onda cavan idi, içindəki enerji aşıb-daşırdı, pultun arxasına keçəndə özündə zirvədən enib yerə qonan qartal əzəməti, gücü hiss edirdi - konsertlərin birində özündən ixtiyarsız bir jest elədi, ilahi başlanğıcına qəti şübhə eləmədiyi melodiyanı sanki əllərinə götürüb üzünü göyə tutdu və hər iki əlini yuxarı qaldırıb o melodiyanı səmaya - sonsuzluğa göndərdi...
Həmin jest təsadüfən lentə alınmışdı və bir dəfə, səhv etmirdisə, Praqada qastrolda olanda vaxtilə həmin kadrı görən bir musiqişünas ona yaxınlaşıb demişdi: "Maestro, mən mələklərlə dialoqa girib onlarla rəqs edən dirijoru axır ki, gördüm. Sizin sehrli əlləriniz, barmaqlarınız var. Siz təkrarsızsınız. Əhsən sizə!"
Maestronun heç yatsa yuxusuna da girməzdi ki, qeyri-ixtiyari, içindən gələn inersiya ilə etdiyi bu jest haqqında belə sözlər deyilə bilər.
... Yağış dayanmaq bilmirdi...
Ürəyi siqaret istədi. Yazı masasının üstündəki qutudan birini götürdü, amma odlamadı. Bilirdi ki, Həcər yuxuda da onun zəhrimar iyini hiss edib ayılacaq. Sonra nələrin baş verə biləcəyini bir Həcər bilirdi, bir də özü.
Siqaret əlində yenə pəncərəyə yaxınlaşdı, gözlərini çölə - qaranlığa zillədi.
Maestronun fikrincə, dünyada hər şeyin - axan suyun, susan daşın, əsən küləyin, sevincin, kədərin, ən başlıcası isə sükutun, səmanın, sonsuzluğun da öz musiqi obrazı vardı. Bu dünyada hər şey təsadüfi yox, əvvəlcədən müəyyən olunmuş bir ahəngdə, tempdə baş verirdi və əslinə qalanda həmin o çex musiqişünas düz deyirdi - əgər sən həmin o ilahi səslərin tempini, ritmini idarə edirsənsə, səmadan gələn o səslərin nizamının pozulmasına imkan vermirsənsə, bu, elə mələklərin səsi kimi doğulan melodiyalarla təmasda olmaq deyildisə, bəs nə idi?
Çətini səmanın, sonsuzluğun musiqi obrazını yaradan o səsləri göydən yerə endirib hamının eşidə biləcəyi formaya salmaqdaydı. Üzeyir bəy, Qara, Fikrət bunu hamıdan yaxşı bacardılar. Elə Arifin özü də. Hələ 30 yaşı olanda onun "Sehrli xalat" filminə yazdığı musiqini maestro təfsir etmiş, ona nəfəs, can vermişdi. Yazılış başa çatandan sonra üzünü Arifə tutub demişdi: "Bu nədir? Deyəsən, kosmosun musiqisini yaradırsan". Arif cavab vermişdi ki, maestro, Ayın musiqi obrazını verməyə çalışmışam. "Sən hamını qabaqlamısan, Arif. Təbrik edirəm!" - deyə maestro cavan bəstəkarın əlini sıxmışdı.
Çox yaxşı musiqi yazmışdı Arif o filmə. Sistemləşdirib üzərində işləsəydi, gözəl bir simfoniya alınardı. Maestro bir neçə dəfə şəxsən özünə demişdi bunu. Amma Arif nəyə görəsə ciddiyə almadı. Elə bil şeytan çıxartdı onu yoldan. Heyif!
Müxtəlif cildlərə girib insanları qıdıqlaya-qıdıqlaya yoldan çıxardan, istəyinə çatanda bic-bic gülüb göz vuran Şeytan!
Lənətə gəlmiş bu şeytan kimi yoldan çıxartmamışdı ki!
Və çox təəssüf ki, istəyəndə adam cildinə girib şeytan xislətlilərin sayı qədər çoxalan həmin şeytan onu da yoldan çıxara bildi - onun yerdəki elçiləri tamam başqa məqsədlə deyilmiş adi bir sözün üstünə beşini də qoyub bu qulaqdan o qulağa daşıdılar, vaxtilə aralarından su keçməyən 3 dostu bir-birindən küsdürdülər. Gücləri çatmadı o elçiləri boğub məhv etməyə. Əl-ələ verib birlikdə gedə bilmədilər o elçilərin üstünə. Nə mane oldu görəsən? Şəxsən özü neçə dəfə Qaradan, Fikrətdən söz gətirən çuğulçuları acılayıb kabinetdən qovmuşdu. Hətta Qara Moskvada ölüm yatağında olanda orkestri ilə Moskvaya düşəndən az sonra mehmanxanadan ona məktub da göndərmişdi: "Əzizim Qara, Moskvadayam. Sabah konsertlərimiz başlayır. Hansı əsərini istəyirsən de, repertuara salım. Bu, mənim üçün şərəf olar".
Amma gec idi. Az sonra Qara 64 yaşında vəfat etdi.
O, Qaranın həmin məktuba necə reaksiya verdiyini bilmədi və bilməyəcəkdi də. Heç vaxt bilməyəcəkdi ki, Qara o məktubu oxuyandan sonra heydən, gücdən düşmüş əlini qaldırıb gözlərində gilələnmiş o iki damla göz yaşını silə bilməmişdi və həmin iki damla göz yaşı yanaqlarına, ordan da aşağı süzülüb balıncı islatmışdı...
Amma bilirdi ki, ikinci Qara, ikinci Fikrət olmayacaq və ola da bilməz. Axı Qara da, Fikrət də Üzeyir bəy kimi seçilmişlərdən idi.
Seçilmişlər isə təkrarsız, bənzərsiz olurlar...
Maestronun da gözləri doldu və başımı qaldırıb iki damla göz yaşının arxasından çölə baxdı...
Yağış kəsmişdi...
Dan yeri sökülürdü...
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)
“Əllərin unutsun göz yaşımı...” - Xuraman Hüseynin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı POEZİYA DƏQİQƏLƏRİndə sizlərə Xuraman Hüseynin şeirlərini təqdim edir.
ƏLLƏRİN
Hər dəfə
əllərin toxunduqca yanaqlarıma,
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən.
təbəssümün düşməni kədər imiş –
gündüzdən qorxan yarasa kimi gizlənər o
gülümsəsən,
günəş doğsa qəlbində...
Gülə bilsən,
silahın qəhqəhələr olsa,
əliyalın düşmən kimi geri çəkilər
kədər...
gülüşüm gözlərimə qayıtdı,
qaranquş öz yuvasına qayıdan kimi.
əllərin unutsun göz yaşımı,
sərçələr qürbət elləri unudan kimi...
AĞ SAP
İlk dəfə
qara köynəyinin düyməsinin
ağ sapla tikilməyindən bildim
evinin
qadın əllərindən ötrü darıxdığını...
Sonra mənə hədiyyə etdiyin kitabların tozu
və
saralmış vərəqlərdəki tənhalıq qoxusu
anlatdı həyatını...
Ürəyim sənindi,
bilirəm,
saçlarım
gözlərim
ruhum...
Amma daha çox əllərim sənin olsun, istəyirəm...
Saçını tumarlayar,
süfrə bəzəyər sənə
əllərim...
Bir də
qara köynəyinə
qara,
ağ köynəyinə ağ sapla tikər düymələri...
YAĞIŞ GECİKƏN KİMİ
Bir-birimizə gecikdik,
yarpaqları saralan
budaqları quruyan ağaca
yağış gecikən kimi…
Göy üzü bir az tez tutulaydı,
buludlar gecikməyəydi
mehriban olmağa…
Birimiz tez çıxaydıq evdən,
birimiz gecikəydik,
təsadüfən rastlaşaydıq,
qağayıya dönəydik...
görüşəydik dəniz yurdumuzda,
zaman bu zaman olmazdı,
illər də bu illər...
nə sən ruhuna xəyanət edəydin,
nə də mən.
sevəydik bir-birimizi
qağayılar dənizi,
dəniz qağayıları sevən kimi…
O YOL
Bu yolun başlanğıcı
o yolun bitdiyi yerdi.
o yol mənim gəldiyim,
sənin getdiyin yerdi.
biz o yolda qarşılaşmalıydıq,
mən gəldim,
sən getmədin...
orda bir yol yoruldu –
səni gözləməkdən,
məni gözlətməkdən...
SAMAN ÇÖPÜ
Bulud aldı göy üzünü, batdı yenə günəşim,
Ruhumdakı son ümidi əsən yellər qopardı.
Mənim işim səninlədi, başqasıyla nə işim?
Saman çöpü, səni sular məndən əvvəl apardı.
Saman çöpü, sən də getdin, söylə, indi neyləyim?
İlk evimiz beşik olur, son evimiz də məzar.
Dayağım yox bu dünyada, kimə ümid eyləyim?
Dost da bəzən düşmən olub adama quyu qazar.
Əl uzatdım, əllərimi düşmən kimi sıxdılar,
Saman çöpü, de, hardasan? Səni gəzir əllərim.
Mən onları dost sanırdım, onlar düşmən çıxdılar,
Boğuluram, səndən başqa yoxdur bir ümid yerim.
SON VAQON
O gedən qatarın son vaqonu
sənin ürəyindi:
bomboş
soyuq...
Arada ürəyindən xəbər tut,
hörümçək tor qurar
mənsizlikdən...
Yazdığın şeirin
son misrası mənəm,
nöqtə qoya bilmirsən.
birdən ardını yazarsan deyə,
Bir zərrə ümidin qalıb –
bəlkə, işığı
geri qayıtmam üçün
yollarımı aydınladar deyə...
SİZİF YÜKÜ
Necə ki Sizifin əziyyəti hədər gedirdi,
dağ başına daşıdığı böyük qaya parçası
yerə düşürdü, ürək də ayrılığı o cür daşıyır.
Tanrıların ittihamı Sizifə zülm verirdi,
hədər gedirdi əziyyəti,
sevənlərin də ittihamı bir-birlərinə
elə zülm edir.
Niyə?
Axı niyə bu gözəl həyatda
sevgi varkən,
ayrılıq da olsun?
Ayrılmasaq, əzab çəkməsək,
olmazmı?
Ayrılıqla, əzabla qol-boyun keçir
həyatımız,
bir də baxırıq ki,
fəsillər dəyişir,
dəyişir illər,
ömür də, gün də gedir...
saç ağarır, üz qırışır, dişlər tökülür,
ürəklərdə də ayrılığın ən dəhşətlisi:
Nə qaldı ki ömrümün sonuna?..
Ömrümüzün sonuna
nə qaldığını düşünməmək,
sevənlərin ittihamından
qorxmamaq üçün
ayrılmayaq,
sevək,
sevilək və
həyatın nə demək olduğunu
bilək...
TAXT-RƏVAN
Qara buludlar
mürəkkəb kimi yayılıb
göy üzünü gizləmişdi
zülmətin bətnində.
Nə qədər baxsam da,
nənəmin sönən ulduzunu
görə bilməmişdim...
Tez-tez cilddən cildə girib
şəkildən şəklə düşən buludları
nağıllarda təsvir olunan
taxt-rəvana bənzətmişdim
həmin gecə.
Elə bilmişdim ki,
bu “taxt-rəvan”da
başqa buludlara qonaq gedib
nənəmin ruhu...
Həmin gün –
nənəm günəşdən qaçıb
qara torpaqda gizlənən gün...
ÖMÜR
Sənə yaxşı yol arzulamıram, ömür!
“Getmə” də demirəm,
bilirəm ki, yol üstəsən,
gedəni saxlamaq olar,
amma səni olmaz,
heç olmaz!
Yol üstəsən,
gedirsən saniyə-saniyə...
Qorxuram ki, sözüm düşəcək yerə,
peşman olacam.
Hələ ki hiss etmirəm
getməyini,
nə vaxtsa
onu da hiss edəcəm...
Naxələf ömür,
arzularımızı
ürəyimizdə qoyan namərd!
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Baba Vəziroğlunun şeirləri
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
BABA VƏZİROĞLU
CƏNAB ALİ BAŞ KOMANDAN
Sənin kimi fatehi zaman yetirməz bir də,
Haqq-ədalət carçısı, tarix yazan sərkərdə.
Səndən ilham, güc alır zabit, əsgər səngərdə,
Hərb və sülh meydanında sən zəfər çalan adam,
Cənab Ali Baş Komandan!
Düşmənimiz baş əydi sən and içən bayrağa,
Sənin azad etdiyin hər bir qarış torpağa.
Anamız Azərbaycan qovuşur Qarabağa,
Qalmayacaq qisassız bir damla tökülən qan,
Cənab Ali Baş Komandan!
Getdiyin bu şanlı yol Ulu Öndər yoludur,
Sənin ordun yenilməz, sənin xalqın uludur.
"Yaşasın Azərbaycan!" - arzun, amalın budur,
Milyon-milyon ağızdan səslənir xeyir-duan,
Cənab Ali Baş Komandan!
Qarabağ səmasında yenə günəş doğuldu,
Sənin dəmir yumruğun birlik oldu, güc oldu.
"Mənəm-mənəm" - deyənlər bəs noldu, necə oldu?
Ana südütək halal, sənə bu şöhrət, bu şan,
Cənab Ali Baş Komandan!
Sən yalnız, tək deyilsən, mətin türk qardaşın var,
Bir vəfalı, mehriban ürək-can sirdaşın var.
Bircə sözün, əmrinlə bu xalq ayağa qalxar,
Səninlə Azərbaycan - bir könüldə iki can -
Cənab Ali baş Komandan!
XATİRƏDİR
Niyə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir...
Qar yağır narın-narın,
Üzü gülür dağların.
O yaşıl yarpaqların
Solanı xatirədir...
Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?!
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir...
Niyə çıxdıq yola biz,
Dəli olub bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...
Gerçəkdi, yoxsa yalan,
Gəlib keçdi nə zaman?!
Sevginin ömrü bir an,
Qalanı xatirədir...
MƏNDƏN BİR DƏ OLMAYACAQ
Gecə-gündüz çıraqla sən,
Hələ məni gəzəcəksən.
Axtarmaqdan bezəcəksən,
Məndən bir də olmayacaq...
Yollara gül ələsən də,
Səhər-axşam diləsən də,
Başına kül ələsən də,
Məndən bir də olmayacaq...
Başqa yaz, bahar gələcək,
Yağış yağıb, qar gələcək.
Dünya sənə dar gələcək,
Məndən bir də olmayacaq...
Var olacaq, yox olacaq,
Məndən bir də olmayacaq...
Səni sevən çox olacaq,
Məndən bir də olmayacaq...
Düz qəddini əyəcəksən,
“Hayıf ondan” - deyəcəksən.
Dizlərinə döyəcəksən,
Məndən bir də olmayacaq...
Yatma belə, hələ oyan,
Getmə belə, hələ dayan.
Səni sevən, səni duyan,
Məndən bir də olmayacaq!..
SƏNSİZ KEÇƏN GÜNLƏRİM
Söz tapmadıq danışaq, dindi qatar astaca,
Səni məndən ayırar indi qatar astaca,
Qanadımız sevgiydi - heç bilmədik, ayrılıq
Qovub haqlayar bizi, gəlib çatar astaca...
Burda günəş parlayır, sənsiz istisi yoxdu,
Burda yağış başlayır, sənsiz kəsdisi yoxdu.
Sənsiz keçən günlərim oxşayır bir-birinə,
Sənsiz keçən günlərin yaxşısı, pisi yoxdu...
Hələ çox göynəyəcək sənsiz həsrətin yeri,
Bir gün gedən qatarlar bir gün dönərmi geri?
Bilirəm ki, sən mənsiz necə yetim qalırsan,
Bilirsən ki, mən sənsiz fağır, yazığın biri...
Adlayıb neçə kəndi, gəzsəm neçə şəhəri,
Ürəyində bitirmiş ömrümün hər səfəri.
Dönüb bir gün qatara, qayıdaram, əzizim,
Qapı kimi üzünə açıb nurlu səhəri...
Burda günəş parlayır, sənsiz istisi yoxdu,
Burda yağış başlayır, sənsiz kəsdisi yoxdu.
Sənsiz keçən günlərim oxşayır bir-birinə,
Sənsiz keçən günlərin yaxşısı, pisi yoxdu...
ŞUŞA...
Şəhər varmı dünyada,
Bu donda, bu biçimdə,
Bir duvaqlı gəlinsən,
Şuşam, duman içində!
Ay Qarabağ gözəli,
Ay Natavan qəzəli.
Başına sığal çəkib,
Ulu Tanrının əli.
Başında duman oldu,
Bağ-bağçan talan oldu,
Könül candan ayrıldı,
Həsrətin yaman oldu.
Necə dözdük bu dərdə,
Gəl səni qucum bir də.
İlham gəlir, qarşıla,
Tarix yazan sərkərdə!
Şükür gəldi bu çağın,
Üzeyir bəy qonağın.
Yenə muğamat deyir,
Sərin İsa bulağın.
Sən məndən könül istə,
Deyim ki, gözüm üstə.
Bülbüldən bir Heyratı,
Xan əmidən Şikəstə.
Cıdır düzü gül açdı,
Xarıbülbül dil açdı.
Azərbaycan bayrağı,
Sənə necə yaraşdı!.
Baxıb doymuram yenə,
Şükür, Tanrı, bu günə.
Vaqif yenə söz qoşur,
Şuşam, sənin hüsnünə.
Adın zəfərlə qoşa,
Yaşa, əbədi, yaşa.
Qarabağın maralı,
Azərbaycan gözəli,
Şuşa, ay qədim Şuşa,
Şuşa, ay cavan Şuşa,
Şuşa, ay əziz Şuşa!!!
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)
BİRİ İKİSİNDƏ İmir Məmmədli ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə İmir Məmmədlinin şeirləri təqdim edilir.
KÖLGƏ
Ağac da yox idi həyətlərində,
Zəhmətkeş atanın alt köynəyini
Yuyub da kəndirə sərəndə ana
Onun kölgəsində oynayırdılar
Uşaqlar yayda.
GÖLMƏÇƏDƏKİ GÜNƏŞ
Adi bir gündü,
Duru gölməçədən göyə zillənən
Göydəki gündü.
ANAMIN HEYKƏLİ
Qəbrinin üstündə incə bir lalə –
Anama gül heykəl qoyubdu bahar.
Elə bil qəflətən "ay ana!" desəm,
Bu çiçək çevrilib üzümə baxar.
ETİBAR
Bıçaq boğazına dirənəndə
Heç tərpənmədi,
Elə zənn etdi ki,
Boynundakı kəndiri kəsib
Azadlığa buraxacaqlar.
AZADLIQ VƏ ACLIQ
Tələyə düşmüşdü,
Ayağını gəmirib qurtardı ordan.
Amma həmin axşam yaman acanda
Qayıdıb yedi öz ayağını.
PARADOKS
Metro qatarının basabasında
Dostunun yasına tələsirdi o.
Dostuna qazılan qəbrin altından
Keçirdi metro.
İLAHİ DAİRƏ
Torpaqdan yaratdı,
Sonra baxdı, baxdı yaratdığının əməllərinə,
Yenidən torpağa çevirdi onu,
İstədi yoğurub
Bu dəfə daha da təkmilləşdirsin.
HARA GEDİRSƏN?..
İnsan qocalanda torpağa gedir,
Torpaqdan çıxırlar əlvan çiçəklər.
Görəsən, yolda bir-birinə rast gəlirlərmi
Gedib-gələnlər,
Bir-birindən soruşurlarmı:
– Hara gedirsən?
GÜLLƏR
Yazda çəmənləri bəzəyən güllər
Dünyalarını dəyişənlərin son sözləridir.
Burada qalan sevimlilərə
Gül göndərirlər yerin altından.
İKİÜZLÜ DÜNYA
Dünyanın da iki üzü var, –
Evin pəncərəsindən baxdıq,
Baxdıq qatarın pəncərəsindən,
Birində dururdu məğrurcasına,
O birində qaçırdı hündür ağaclar...
ÜÇÜNCÜ RƏNG
Gecə, gündüz kimi,
ağ-qara kimi
İki yerə bölünmüşdü o kənd, o oba.
Ortada uzun bir təpə var idi –
Gecəylə gündüzün,
Ağla qaranın arasındakı
Məchul rəng kimi.
KƏNDİN TƏPƏLƏRİ
Kəndin təpələri təpələr deyil,
Torpaq dikəlib ki,
Üstündə açan əlvan çiçəklər
Yaxşı görünsün,
Qışda qar yağanda
Eniş boyu sürüşə bilsin
Taxta xizəklər,
Yayda günəşin al şəfəqləri
Sancılsın yerə nizələr kimi.
Kəndin təpələri təpələr deyil.
KƏPƏNƏK ÖMRÜ
Yaşamalı idi kəpənək bir gün,
Həmin gün şıdırğı yağışlar yağdı,
Səhər asimana gün çıxdı, amma
Artıq qurtarmışdı kəpənək ömrü.
BAĞLI QAPI
Qapı döyüləndə
Evdə heç kəs yox idi deyə,
Xəcalət hissi keçirdi kilid.
QIŞIN PAPAĞI
Fevralın sonunda qış geri döndü,
Ətrafa boylandı,
Qüzeydə qalan ağ papağını
götürüb getdi.
ZƏLZƏLƏ
Evlərlə birlikdə xəyallar uçdu ,
Dağıntılar altında qaldı arzular.
Aləm silkələnəndə
Quşlar pırıldaşdı, göylərə uçdu,
Asimandan asılı qaldı durnalar.
QAPALI MƏKANDA
Qəflətən otağa girən sərçətək
Hərdən yol gəzirdi çıxmağa, amma
Kişinin qəlbinin aynalarına
Dəyib qalırdı.
SİÇANLARIN OYLAĞI
Pişiklər yatanda
Siçanlar çıxırlar yuvalarından.
Səhərə qədər veyillənirlər
Pişiklərin yuxularında.
İSMARIŞ
Bir zaman Tiflisdə ismarışımı
demişdim Kürə,
O da çatdırmışdı Azərbaycana.
Xəzər eşidəndə demişdi: "gəlsin"...
DALANDAR
Dalandar süpürür xəzəli, amma
Bircə yol başını qaldırıb baxmır
Hündür ağacların buluda toxunan
zirvələrinə.
TÜSTÜ
Avtobus gəlirdi,
O minib gedirdi,
Sən ötürürdün baxışlarınla,
Amma təkərlərin izi itirdi
Göz işləməyən uzaq çöllərdə,
Lakin tüstü... tüstü göyə yayılıb
Hər gün piltə-piltə bulud olurdu.
TƏZƏ PALTAR
Təzə paltarıma mübarək demə,
Təzə libasın altında bəzən
Köhnə yaralar gizlənir, gülüm.
TORAĞAY
Bizi görən kimi uçan torağay
Cəh-cəh vura-vura göylərə qalxır.
Görəsən, gedib haqqımızda
Nələr söyləyir uca Allaha?
İNSAN
Qanadları bala yapışıb qalan
milçəkdir insan.
Bal boldu, içində bata da bilər,
Üzərinə yayxanıb yata da bilər,
Amma artıq heç vaxt o uça bilməz.
ÇƏTİN MƏTN
Mən xeyli tərcümə etmişəm, amma
Hələ belə çətin mətnim olmayıb, –
Özümü sənə sevdirim deyə,
Eşqimi çevirirəm sənin dilinə.
DAĞA DÖNƏN TƏPƏ
Burada bir təpə vardı,
Həmin təpə dönüb dağa,
Aha, bildim,
Nənəm ölüb, babam ölüb,
Qarışıbdı bu torpağa.
YAXIN QOHUMLAR
Yaxın qohumlardan xəbərin varmı?
Bakıda sənsən,
Yaşıl çöllərdə – zərif lalələr.
Onlar səni bilməz, sən də onları.
AYAQQABILAR
Ana bir gün küsüb evdən çıxanda
Qucağında gedən balaca qızın
Ayaqqabıları dəhlizdə qaldı.
...Ana qayıtdı,
Qızın ayağına olmur həmin ayaqqabılar,
Sıxır ayağını, amma geyinib
Axsaya-axsaya gəzir qızcığaz.
Necə də xoş imiş ayağı sıxan
Ayaqqabının
Verdiyi əzab, verdiyi ağrı.
DƏNİZ
Necəsən, soruşdum,
Dalğanı elə çırpdı üzümə,
Elə bil şəst ilə bağlandı qapı.
Sən demə, dəniz də insan kimidir,
Nə bir dincliyi var, nə də cavabı.
BURAX... BURAXIM...
Burax məni, çıxım gedim,
Düşünmə ki, darıxaram.
Burax məni, əvəzində
Mən də səni buraxaram.
***
Əlvida demədən getdin, gözəlim,
Gözümdə əridi üzün qar kimi.
Arxanca çırpındı ayaq izlərim
Sahilə atılan balıqlar kimi.
MƏSAFƏ
Məsafə nədir,
Səni məndən uzaqlaşdıran,
Yoxsa
Məni sənə yaxınlaşdıran yol?
QƏRİBİN XƏYALI
Qürbətdə meydanı tam daralanda
Qəribin yadına ölkəsi düşdü.
Elə bil həmin an körpə uşağın
Üzünə ananın kölgəsi düşdü.
TANRI VƏ İNSAN
Tanrının yanından insan həmişə
Yan keçib gedir.
Tanrıdan anrıda
Tanrı axtarır.
Tanrısa gedənin dalınca baxıb
Köks ötürəndə
Göy guruldayır...
QƏRİBİN QAZANCI
Gözümüz yol çəkə-çəkə,
Yurd həsrəti çəkə-çəkə,
Yuva bizi çəkə-çəkə
Qayıdırıq...
GÜNƏŞLİ VƏ KÜLƏKLİ GÜN
Şəfəq sınır qarışqanın
Parıltılı kürəyində...
Niyyət qalır,
Yön dəyişir
Günün tozlu küləyində...
GÜLSATAN QADIN
Piştaxta dalında duran bir pəri
Məftun eləyirdi, inan, hər kəsi.
Yan-yana düzmüşdü yasəmənləri
Axşamdan kəsilmiş fərələr kimi.
***
Nəğmənin bir ucu qalınca səndə
Tellərtək çəkilən yollar kiridi.
Sən öz ürəyinin
Açarını
Mənə versən də,
Həmin gün dəyişdin köhnə kilidi.
***
İnanma izdiham kədəri yenə,
Tək qəlbdə cücərir nisgilin dəni...
Bağışla, İlahi, bu səhər yenə
Ah çəkib narahat elədim səni.
"KİTKAT" KAĞIZI
Hələ qış deyildi,
Hələ çağı idi sərin payızın.
Birdən külək sədi,
Ördək balası cücələrə qarışan kimi
Sarı yarpaqlara qarışıb getdi
Kitkat kağızı.
CAVAB
Dedilər sənin gəzdiyin cavab
Gizlin saxlanılan bir şüşədədir.
Həmin şüşə isə sal qayalıqda
Bir kahadadır.
Mən tapdım şüşəni
Divin canı çıxdı həmin şüşədən,
Cavab çıxmadı.
ŞƏKİLLƏR
Mənə külək şəkli çəkmək istəsən,
Əyilmiş bir ağac şəkli də bəsdir,
Dağılmış telləri bir gözəl qızın,
Ya da bir oğlanın kəkili bəsdir.
Əgər sevgi şəkli çəkmək istəsən,
Çiçəkli kolların şəkli də bəsdi.
Tənhalıq şəklini çəkmək istəsən,
Ot basmış yolların şəkli də bəsdi.
Həyatın şəklini çəkmək istəsən,
Ağır bir ömürün şəkli də bəsdi,
Yəni ağac kimi qəddi bükülmüş,
Qocalmış İmirin şəkli də bəsdi.
YAZMIRAM DAHA
Sevgi şeirləri yazmıram daha,
Qənaət edirəm ağ vərəqlərə.
Harda kağız, vərəq düşsə əlimə –,
Təyyarə düzəldirəm,
Gəmi düzəldirəm
Nəvələrimə.
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)
“Halet-i Ruhiye” - Murat Karakoyunlu
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Halet-i Ruhiye”
Murat Karakoyunlu
Helkeler[1] yüklü omuzlarımda. İçinde, günah keçisi arayan adamların yığınla intikam biriktirdiği sahte hakikatler var. Acıdan nasır tutmuş köprücük kemiklerimi kuşatan et. Elbet bunda da var bir ibret.
Düştüğü çukurdan kendi başına çıkmanın telaşında bir zihin, dövüyor umut duvarlarımı. Falezler oluşturmuş sarp kayalıklarla. İnsan yalnız vuruşmak istiyor işte, böyle hayasızlarla.
Süt beyazı bir ikbal yoğurmuşken İlahi güç. Lekeler bırakan aciz, kul işte. Bilmem ne zaman kaldırır İlahi, bu yükü? Taşınmaz ki, bu gidişle.
“Allah, kuluna kaldırmayacağı yükü yüklemez” doğru. Kul niye ders almaz Yaratan’dan bu bahiste?
Kendime doğru değil yolum. Sona doğru. Gecikmiş bir saadet saklı avuçlarımda. Sana doğru. Uzanan bir el, bir vuslat içindir. Bil ki, bu hoyratlık da senin, uhulet de senindir.
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 19. Kitabxana işi haqqında qanun
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
19.
KİTABXANA İŞİ HAQQINDA QANUN
Kitabxana işi haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə görə, kitabxanalar aşağıdakı vəzifələri həyata keçirməyə borcludurlar:
1.Cəmiyyətin hazırkı mənəvi təlabatını yaxşı bilmək, ona uyğun olaraq öz fondunu komplektləşdirmək.
2.Mövcud və yeni kitabxanaların varlığı haqqında əhaliyə müntəzəm məlumat vermək.
3.Bütün klassik və müasir təbliğat üsullarından istifadə etməklə kitab təbliğatını həyata keçirmək.
4.Əhalinin mütaliə səviyyəsini həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə tədqiq etmək və onun yüksəldilməsinə çalışmaq.
5.Kitabxanaya oxucu gəlişini, eləcə də kitabxanaların cəmiyyətin həyatında yaxından iştirakını artırmaq.
Növbəti: 20.Uşaq kitabxanalarına diqqət artır
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)
Məkrli kişilər günü, Ukraynalı Çaykovski və Süleyman Qanuni
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
6 noyabr. Kişilər Günü
Biz gözümüzü açandan 8 martın qadınlar günü kimi qeyd edilməsinə şahidik. Amma kişilər günü nədənsə qeyd edilməyib. Keçmişdə guya 23 fevral kişilər günü idi, əslində həmin günün təyinatı ordu günüydü. İndi isə sovetlər dönəmi öz işinin dalınca getdiyi kimi 23 fevral da gedibdir, milli ordu gününün isə təyinatı kişilər günü deyil, elə silahlı qüvvələr günüdür. Amma təqvimdə varmış axı kişilər günü. Budu bax, 6 noyabr. Xüsusən Şərqi Avropada geniş qeyd edilən bir gün. Özü də yaranışı 2000-ci ilə təsadüf edir. Amma bu günü şəxsən biz azərbaycanlılar heç vaxt qeyd edən deyilik. Niyə? Ondan başlayaq ki, təqvimdə 19 noyabr günü də var, Beynəlxalq Kişilər Günü. Onu ABŞ, Avstraliya, Böyük Britaniya, CAR, Hindistan və s. ölkələrdə qeyd edirlər. Bu 6 noyabrın qeyd ediılməsinin isə təşəbbüskarı Azərbaycana Dağlıq Qarabağ boyda dərd vermiş Mixail Qorbaçovdur. O, həyat yoldaşı, məkrli Raisaya sevgisini izhar etmək üçün bu günü BMT strukturlarında təsdiqlədib, qadınla kişi sevgisinin qarşılıqlı bayramlar şəklində ailə təməlini möhkəmlətməsinə istinad edib. İndi ruslardan tutmuş polyaklara, çexlərə qədər hamısı bu kişilər gününü qeyd edirlər, bizsə gəlin onun üstünü qara qələmlə xətləyək.
Yeri gəlmişkən, məktəblərdə 8 noyabr – Zəfər günündə qızların oğlanları təbrik etməsi ənənəsi yaranıb. Bu çox gözəl təşəbbüsdür. Azərbaycanlı kişisinə elə məhz qələbə, zəfər yaraşar!
6 noyabr. Müharibə və konfliktlər zamanı ətraf mühitin ekspluatasiyasının qarşısının alınması günü
Heç də uzağa getməyək, bar-bar bağıraq, dünya ictimaiyyətinə məhz bu gün mesajlar ötürək, görsünlər ki, erməni barbarları meşələrimizi necə dağıdıblar, yandırıblar, su hövzələrini necə zəhərləyiblər, flora və faunaya necə divan tutublar. Yerin təkini qazıb faydalı qazıntıları necə vəhşicəsinə istismar ediblər. Dünyada misli görünməmiş barbarlıq nümunələri göstəriblər bu insanlıqdan uzaq olanlar. Heç faşistlər işal etdikləri ərazilərdə bu cür həngamələr qoparmamışdılar.
Məhz bu gün Azərbaycanın sözügedən problemi aktual olacaq, hər kəs bu işə öz töhfəsini verə bilər.
6 noyabr. Beynəlxalq insan əlindən ölən heyvanların xatirəsi günü
İnsanlar heyvanları ya gülləylə öldürürlər, ya başını kəsib ətini yeyirlər. Bu günü kim təqvimə salıbsa yəqin o, bizim zavallı qoyunları bəzəyib-düzəyib, geyindirib-keçindirib kütləvi qətliama məruz qoymamızdan da bixəbərdir. İnsan heyvanın həyatının qənimidir, yüzə yüz belədir. Haçansa amma əksinə olub, qədim insan heyvanların qurbanı olub.
İndi belə bir günü təqvimə salmaqda məram odur ki, ildə bir gün heç bir insanın əlində heyvan ölməsin. Qəssablar, eşidirsiniz? Dana kəsməyə bir gün fasilə verəkmi? Broyler sahibləri. Bir gün toyuqqırmanı dayandıraqmı?
Saksafon gününü, fin və isveçlilərin vərəsəlik gününü, ABŞ-ın naços gününü (qarğıdalı çipsləri ilə müxtəlif ədvalardan ibarət qəlyanaltı) də qataq heyvanların xatirəsi gününün gözünə.
6 noyabr. Çaykovski və saksafon
1991-ci ilin bu günündə mühüm bir hadisə baş verib. SSRİ Kommunist Partiyası buraxılıb. 1951-ci ildə Kreşatikdə Ukrayna milli televiziyası öz yayımlarına başlayıb. 1947-ci ilin 6 noyabrı əslən azərbaycanlı filosof, teoloq, Rusiyada islam dininin görkəmli nümayəndəsi Heydər Camalın doğum günüdür. 1945-ci ildə görkəmli aktrisamız Zərnigar Ağakişiyeva dünyaya göz açıb. 1931-ci ilin bu günündə şair, yazıçı, publisit Tofiq Mahmud dünyaya gəlib. 1917-ci ildə RSDRP (yəni bolşevik partiyası) Petroqradda qiyama başlamaq əmri verib. 1893-cü ildə böyük bəstəkar Pyotr Çaykovski dünyadan köçüb (bilirdinizmi, Çaykovski rus deyil, ukraynalıdır?).1814-cü ildə belçikalı usta, saksafonu icad edən Adolf Saks doğulub. 1600-cü ildə yapon tarixinin ən böyük samurayı – Konisi Yukinaqa vəfat edib.
1494-cü ilin bu günündə isə Trabzonda dünyaya sahiblənməyi bacarmış dahi türk imperatoru Sultan Süleyman Qanuni – Möhtəşəm Süleyman dünyaya gəlib.
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)
Mədəniyyət naziri Xırdalanda vətəndaşlarla görüşəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli noyabrın 29-da saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində (ünvan: Xırdalan şəhəri, Qalubiyyə küçəsi) Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşlarla görüşəcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar noyabrın 23-dək nazirliyin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı və (018) 644-46-04 (daxili 308) telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)
“Armud əppəyi “ - Yeganə Məmmədovanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Yeganə Məmmədovanın hekayəsi təqdim edilir.
"Ay bala, yıxılarsan, qolun-qabırğan qırılar, düş aşağı, söz eşit!.."Anam idi, səsinə bir az qayğı, bir az da təpingən, ötkəm ahəng qatıb dəcəlliyimdən qorumağa çalışırdı məni; əlində oxlov, yuxa yaya-yaya bir gözü elə hey məndə idi: birdən yıxılar, nəsə olar...
Çıxıb-düşməkdən budaqlarını pilləkənə döndərdiyim armud ağacının da "acığı" tutmuşdu elə bil mənə - üzərində gəzdikcə qəzəbindən gövdəsi titrəyirdi. Özümü o yerə qoymurdum, haça budağında oturub ətrafa baxırdım, rənglərini seçməkdə hələ çətinlik çəkdiyim öz dünyama qapılırdım. Eh, o an ağlımdan nələr keçirdi, nələr... Göy üzündə qatarlaşan durnalara uşaq həsədi ilə baxırdım, istəyirdim mən də onların yanında olum, əlimi uzadıb göyün yanağında yumrulanan pəmbə buludlara toxunum, payızın xəfif küləyindən çöhrəsi solmuş günəşin pırtlaşıq saçlarını darayım, ağaclardan üz çevirib incik-incik qopan yarpaqların eniş "rəqsi"nə tamaşa edim, yorulanda yerə enib çayların ağuşunda gizlənməyə "can atan" sahillərində gəzinim. Nə deyim, əlçatmaz arzularım çox idi, lap çox...
Hərdən həyətin ortasında ocaq qalayan anamı da gözdən qaçırmırdım. O, yanıb qor olmuş kösövləri sacın altından kənara itələyir, yenilərini qoyur, tüstüdən yaşaran gözlərini yaylığının ucu ilə silirdi. Tutuşub-yanan odunun çartıltı səsləri həzin, bir az da şirin nəğməni xatırladırdı, titrəşə-titrəşə bir-birinə "göz vuran" köz parçaları ətrafa hərarət yayır, insanın içində isti bir sevgi oyadırdı sanki.
İndi anamı xatırlarkən o anlar yadıma düşür: deyirəm, bəlkə, o tüstünün acısına anamın bizə hiss etdirmədiyi ağlı-qaralı günlərinin iztirabı, yaxınlarına belə deyə bilmədiyi ağrıları da qarışıb göz yaşına dönürdü. Bilmirəm, bəlkə də...
Kəndimizdə işıqlar tez-tez sönərdi. Camaat neftlə işləyən çıraq, lampa yandırıb başına yığışardılar. Özümə "sığınacaq" seçdiyim armud ağacının ətirli meyvələrinin saplağa birləşən hissəsi dar, ətrafı yumru olduğundan onları yandırdığımız o neft lampalarına bənzədirdim və adını da elə "lampa-armud" qoymuşdum (vaxtilə babamın calaq elədiyi həmin armud növünə bizim tərəflərdə "dədə-baba armud" deyirdilər). Gecələr ayın aydınlığı yerə çökəndə xoş qoxulu lampa-armudlar ətrafa sapsarı "işıq" saçardı.
Armudlar saralsa da, hələ dəyməzdi, kal olardı. Yetişəndə isə anam ondan bizə dünyanın ən gözəl yeməyi saydığımız armud əppəyi bişirərdi. Axşamüstü darısqal, görünüşü kasıb eyvanımızda süfrə açılardı, atam sinif dəftərlərini yoxlayıb (o, Azərbaycan dili və ədəbiyyatı müəllimi idi) süfrəyə tələsərdi, biz də onun yanında yerimizi tutardıq. Anam çömçəni (abgərdən də deyərdik) qazana batırıb kasalara boşaltdığı armud əppəyini aramızda bölərdi. Heç kəs danışmazdı, hamının başı yeməyə qarışardı. Sükutu yalnız qaşıqların kasaya toxunan cınqıltısı, bir də ara-sıra göydə dəstə bağlayan durnaların nəğməsi pozardı.
O vaxtlar qonşular da bir-birinə daha çox gedib-gələr, xoş günlərinə, dərdlərinə ortaq olardılar. Münasibətlərdə bir ilımlıq, yumşaqlıq vardı, arada mehribanlıq, səmimilik yaşanardı. Sonralar isə çox şey dəyişdi...
Məni gözləməyən ötən günlərə bir də dönmək, uşaqlığımın nağıl payında - armud ağacında gəzib rəngli dünyama sarılmaq, anamın bişirdiyi armud əppəyindən dadmaq istəyirəm yenə. Lakin indi o ağacın yerində tərpədilməsi mümkün olmayan iri bir daş "göyərib". Bəlkə də o, adi daş parçası yox, bir vaxtlar bar-bəhəri tükənməyən, budaqlarında böyüdüyüm həmin armud ağacıdır, olub-keçənləri, irili-xırdalı xatirələri içində yaşada-yaşada gövdəsi "fır" bağlayaraq daşlaşıb... Anamın yuxa bişirdiyi ocağınsa nə külü qalıb, nə kösövü, yel sovurub yerə qarışıb. Kövrəlirəm. Başımı qaldırıb göy üzünə baxıram: durnalar köç edir yenə - artıq payızdır axı...
“Ədəbiyyat və incəsənət”
(06.11.2024)