Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Norveçdə yaşayan soydaşımız Hadi Qaraçaydır.

 

 

Hadi Qaraçay

Norveç

 

BİZİM ÖYKÜMÜZ YENİCƏ BAŞLAYIR

Sayın Səid Mətinpura sunulmuşdur.

 

Adını sibl edib gülüş açarlar

Gülərlər

Gülərlər

Gülərlər

Adını sibl edib güllə açarlar

Vurarlar

Vurarlar

Vurarlar

Uşaqlarını

Uşaqlarını

Uşaqlarını

Günün gün orta çağında

Tutsaq tutarlar

Üzüm bağlarına çaqqal,

Şəhərlərinə beş on əli yaraqlı kaftar buraxarlar anam.

 

Göylərinin aynasında leyləklərin falı var

Göllərinin gözündə sona baş ördəklərin sevgi nağılı,

Gözlərini yumma

əllərini qoltuğunun soyuğuna

dizlərini qarnının sancısına qısma

bu gecənin də qarnına bir gündüz əkən var!

Yaxın gəl

Yanıma gəl

Bir azdan günəş pıtıraq gül açacaq

Bir azdan bir xoruz adını səsləyəcək

Bir azdan

qırmızı tərliklərini tərsinə geymiş

hardasa hansıysa quzu gözləri bütün oyanmamış bir qız çocuğu

oturub qaranlığın qibləsinə şirin şirin işiyəcəkdir...

 

Bir azdan

Ağrın canıma gəlsin

Bir azdan

Çox şeylər dəyişəcəkdir...

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbə -  Habil Rzanurundur

 

 

***

 

Nə varsa, yaddan çıxır,
Unudulur nə varsa.
Bircə yaşamaq qalır,
O da bəhanə varsa.
Yalandan əsən külək,
Yalandan yağan yağış.
Yalandan gələn bulud
Çəkilir qarış-qarış.
Ömrün olan-qalanı
Alnından axır gedir.
Yalandan sevənlər də
Doğrudan çıxır gedir.
Görürsənmi yalandır,
Budur daha nə varsa.
Bircə yaşamaq qalır,
O da bəhanə varsa…


***

 

Köçəsən dağlara, dağ quca səni.
Təzəkdən yarımçıq hasarın ola.
Səndəki “dağ”ı da verəsən dağa,
Nə dərdin, nədə ki azarın ola.

Bir daxman ola kaş, damsa da, olar,
Daxmanın yanında dumduru bulaq.
Beş altı qoyunun, bir kəhər atın,
Deyəsən dağlara, di gəl dost olaq!

Sübh tezdən gedəsən otlağa tərəf,
Nə zəngin adamsan, qoyun, quzun var.
Axşam da qayıdıb görəsən, Allah,
Daxmanda bir oğlun, üç də qızın var.

Bir könlün açıla, saf-saf güləsən,
Balaca qızına dil çıxarasan.
Sonra uşaqların anası üçün
Cibindən gizlicə gül çıxarasan.

O anda ilk görüş yadına düşə:
Ürkərdin bir fərə kəklik səsinə.
İlk o gün soyuqdan üşüməmişdin,
İlk o gün isindin qız nəfəsinə.

Nə əcəb günlərdi, bu günə çatmaz,
Bu gün də sabahçün elə nağıldı.
Birdən səksənəsən uşaq səsinə,
Ay Allah, ortancıl qızın yıxıldı.

Eləcə ağlayar, ürəyin yanar,
Ax... bunlar nağılsız çətin susacaq.
Yatın, gül balalar, yuxunuz şirin,
Atanız sizə bir şeir yazacaq!..

 

 

***

 

İflic adamın göz yaşları qədər kimsəsizəm,
Nə əllər kömək edir,
Nə də çiyinlər..
Payız axşamüstüsü
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
Ölmək – yaşayanlara qalib gəlməkdir – deyir içimdəki qoca.
Sultan Süleymanın Mustafa peşmançılığı var ruhumda.
Hərdən insanları o qədər çox sevirəm ki, insan olduqlarını unuduram.
Hərdən də…
Gözəl sevməsən, sevdiyinin gözəl olmasının heç bir mənası yoxdur, deyirəm!
Tək qalmaq istəyirəm...
Yolunu azan poçtalyon göyərçin narahatlığı
Bu gün ovum qanlıdır: ovçu rahatlıqı
Mən nə olmaq istəyirəm?

Tək qalmaq istəyirəm...

 

 

***

 

Səni tapşırıram oktyabrın
Bu dəcəl, küləkli yağışlarına.
Qorxma, ayrılmarıq, səni qıymaram..
Anamın ahına, qarğışlarına.
Sən ey ovucları ətir qoxan qız,
Sən ey barmaqları misralı əcəl,
Sən ey üz-gözümün qırışlarına..
…İlişib yıxılan nazəndə gözəl...,

Cızar ovuclarım yanaqlarını,
Çəhrayı öpüşlər yolundan çıxıb…
...azarlar çəhrayı dodaqlarında.
Sevgi şeirlərim atılıb-düşər,
sallanar, yellənər qulaqlarında.

Misal gətirərəm Musa Yaqubun
günah şeirindən, günah yuyaram.
Neyləyim həyatdı ay Çiyninəmim
“Bir günah sənindir, bir günah mənim”

Nə mən bəxtiyaram,
Nə sən bəxtəvər.
Nə mən günahsızam,
Nə sən günahsız.
Sən ey barmaqları misralı əcəl...
Sən ey ovucları ətir qoxan qız…

 

 

***

 

Tapınasan aynalara,
Özündən bir yol keçəsən.
Necəsən deyən olmaya...
Əriyəsən damla-damla, gözündən bir yol keçəsən.
Alnına gözün sataşar
Alnının tən ortasında,
Tanrı yazı masasında, dərdləri unudub gedib.
Misra-misra hönkürərsən,
Sətir-sətir dərd çəkərsən.
Yavaş-yavaş bu dünyayla öz aranda
Qırış-qırış sədd çəkərsən.
Dən-dən olar qaşın, basin,
Xatirələr çiçəkləyər.
Gözlərinin qarşısında uşaqlığın iməkləyər,
Özün boyda dağ olarsan, çəkməyə ahın tapılmaz.
Bir qohum, yaxın tapılmaz,
Qucaq-qucaq soyuyarsan,
Ocaq-ocaq soyuyarsan.
Paslanar bütün cəftələr, bağlanar bütün qapılar.
Birdə baxıb görərsən ki...
Nə bacın var, nə qardaşın.
Nə getməyə yol tapılar, nə də ki
Bir yol yoldaşın...

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

 

 

 

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi  insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və  “Sözdən  yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar.  Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.

 

HÜMBƏT HƏSƏNOĞLU

 

Hümbət  Həsənoğlu - həkim, yazıçı, ictimai xadim.  “Tərəqqi” medallı.  Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.

 

- Hər qalib gəldiyin mübahisədə bir insan itirirsən.

 

- İnsan həyatı sonu sıfıra bərabər olan adi riyazi tənlikdir.

 

- Müəllimin vəzifəsi ona qulaq asanların içində onu başa düşənləri görməkdir.

 

- Saatın əqrəbi irəli getsə də, hər kəsin vaxtını geriyə sayır.

 

- Çox vaxt yastığa ağlayanın arzusu ətəyə ağlamaq olur.

 

- Vədin bər- bəzəyə ehtiyacı olur, əməl elə anadan gözəl doğulur.

 

- Yolundakı daşlar maneə deyil, əgər yaxşı yoldaşın varsa.

 

- Haqlı olub dost xatirinə susa bilən, xətirli dost olar.

 

- Sevgi hər şey deyil, amma onsuz hər şey heç nədir.

 

- Səbri olan əlçatmaz arzularına ayaqları ilə də rahat çatar.

 

- Təpə boyda ehtiyacı olanın,  dağ boyda iradəsi yoxdursa, düzdə qalar.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Ramil Mərzilinin şeirləri təqdim edilir.

 

 

ŞEİR VAXTI

 

Ramil MƏRZİLİ

 

 

AĞRİNİN ŞƏKLİ

 

Bir dözüm də görmədim

Ruhumda dözüm kimi.

Ümidlərim qaraldı,

Yanmadı közüm kimi...

 

Taqətini əzdirən,

Öz-özünü bezdirən,

Başdaşını gəzdirən

Görmədim özüm kimi...

 

Elə ki qəlb aldanar,

Cismin ruhunu danar.

Baxışlarım tapdanar

Yollarda izim kimi…

 

Göz yaşlarım yorula,

Kirpiyimdən ayrıla.

Bu yollar da sıyrıla,

Qanaya dizim kimi...

 

Arzuların öldümü

Ağzımda sözüm kimi?!

Sevmədi kimsə məni

Anam, ya qızım kimi...

 

 

***

 

Elə bilmə sənsiz ömür asandı,

Nə "qızıl teşt, nə də qızıl taxt" ola.

Ruhum səni arzulayır haçandı,

Sənlə birgə darıxmağa vaxt ola,

Mən darıxam, sən yüz yerə yozasan...

 

İlk nəfəsdən son nəfəsə aparar,

Ömür yolu başdan sona kədərdi.

Bir gün gələr, ruhun fəryad qoparar

Baxarsan ki, gördüklərin hədərdi,

Mən öləndə batacaqsan yasa sən...

 

Bir kəpənək qanadından asılıb

Yol gedəsən ürəyinin dincinə.

Yanağının çuxuruna qısılıb

Gülüş qona dodağının küncünə,

Bir baxışın ilğımında azasan...

 

Ömür nədir? "Keçmiş"lərlə "gələcək",

"Ölüm-qalım" oyununda zərin yox.

Duyğuların tüğyan edər beləcə,

Görsən əgər sığınmağa yerin yox,

Öz əlinlə məzarını qazasan...

 

 

HƏSRƏT BÜRÜYÜB DÜNYANI…

 

Sən baxma ki günbatanı günçıxandan sərin olur,

Sən baxma ki enişləri yoxuşlardan dərin olur,

Sən baxma ki vüsalları həsrətindən şirin olur,

Həsrət bürüyüb dünyanı...

 

Sən baxma ki eşq yükünü çəkənlərin gözü nəmdir,

Sən baxma ki sevənlərin bu dünyada bəxti kəmdir.

Sən baxma ki doğru yolun sağı dərddir, solu qəmdir,

Tanı, doğru yolu tanı...

 

Sən baxma ki taleyini vuranlar var, yıxanlar var,

Sən baxma ki bu sınaqdan üzüqara çıxanlar var.

Sən baxma ki tənhalıqdan öz əlini sıxanlar var,

Göstər görüm, əlin hanı?!

 

Sən baxma ki şair ömrü başdan-sona hədər olur,

Sən baxma ki bu həyatın son akkordu kədər olur.

Sən baxma ki bir gün gələn həmin yolla gedər olur,

Gözlərində gəzdir qanı,

Ciddiyə alma dünyanı...

 

 

MƏSAFƏLƏR...

 

Məsafə uzandıqca

Bilirsən ki, darıxır.

Adını sayıqlayıb

Öz səsinə karıxır...

 

Bəlkə də, məsafələr

Olanı unutdurub.

Boğazda qəhər olan

Qəmi, kədəri udub.

 

Məsafələr soyudar,

Buza dönər adamlar.

Həsrəti dərk edəndə

Dizə döyər adamlar.

 

Məsafələr yandırar

Adamı öz içində.

Ahı duman, sis salar

Buludların köçündə.

 

Məsafələr əridər

Ürəkdə hərarəti.

Uzaq ol məsafədən,

Yaxın buraxma qəti !!!

 


ÖLƏN ADAMIN ŞEİRİ

 

Heca-heca, misra-misra,

Şeirlərdən sökülürsən.

Bulud olub xəyalımda,

Gözlərimdən tökülürsən.

 

Hücum cəkir qəza, qədər,

Qatıram başın birtəhər...

Sonuncu nəfəsə qədər

Ciyərimə çəkilirsən.

 

Səpilib yollara yolçun!

Çoxdan sökülüb bu xurcun.

İtirib kələfin ucun,

Yumaq kimi bükülürsən.

 

Gəmiləri batırıram,

Ömrə pənah aparıram,

Yaddaşımdan qoparıram,

Ürəyimə əkilirsən.

 

Can verirəm görə-görə,

Zərrə-zərrə sökülürsən.

Ürəyimdə ölə-ölə,

Gözlərimdən tökülürsən.

 

 

ÖMÜR ESKİZİ

 

Birimiz yasdayıq, birimiz toyda,

Birimiz həşirdə, birimiz hayda.

Biz nəyə inandıq bu götür- qoyda,

Dərdlə loxmaladıq bu yavan ömrü.

 

Şirin sözləri də yeyə bilmədik,

Qürurun başını əyə bilmədik,

Nəyi qazanmışıq, deyə bilmədik,

Zamana uduzduq bu cavan ömrü.

 

Quru addımladıq yaşımız üstdən,

Ölüm gözə endi qaşımız üstdən.

Əl atıb qopartdıq başımız üstdən

Sərdik döşəməyə bu tavan ömrü...

 

 

***

 

Min tişədən keçir ömür,

Heykəl gəlib büt gedirik.

Acımamış xəmir kimi

Ha yapılsaq, küt gedirik.

 

Yerim fani, göyüm fani,

Nə görürsən, deyim fani.

Əyinlərdə geyim fani,

Lüt doğulub lüt gedirik.

 

Aç qapını, gələn mənəm,

Göz yaşıyla "gülən" mənəm.

Nə olsun ki, ölən mənəm,

Bax içimə, cüt gedirik...

 

 

PAYIZ ETÜDLƏRİ...

 

Taqqıldayan saat

zamanın işarəsidi.

Qarşıdakı göstərici –

ömrün dayanacağı...

Şüşəsilənin əlləri

alın yazısını silir yağışın,

göz yaşıma əlləri çatmır.

Radiodakı mahnı darıxmağımın səsidi.

 

Ömür yozulmayan yuxu,

Dəyişən fəsildi elə,

Həyatla ölüm yarışarsa,

Bəlkə, ömrün taqəti kəsildi elə.

Bu gecənin qaranlığında mənim kimi azanı var,

Ömrümüz də dəyişkəndi, baharı var, xəzanı var,

Min bir yerə yozanı var...

 

Çəkil!

Çəkil gözümün önündən,

Qarşımı görmürəm...

Boğazımdakı qəhəri aç!

Nəfəs ala bilmirəm.

Çəkil gözümün önündən,

Ölümümə yol alacaqsan,

Çəkil!

Yoxsa qəzam olacaqsan!..

 

 

QARANLIĞIN NAĞILI

 

Yenə qaranlıq qaçdı –

Kiminin ürəyinə, kiminin küçəsinə.

Ulduzlar qucaq açdı –

Kiminin gülüşünə, kiminin gecəsinə.

 

Mən bu zülmətdən keçib səni sevməyə gəldim,

Deyirəm ki, biləsən.

Gözlərinin qarası gecələrdən gözəldi,

Qalarsanmı belə sən?!

 

Sən dünyamın məvhəri, üzümdəki gülüşsən,

Ulduzusan gecəmin.

Yarımçıq şeirimdə sonuncu düzəlişsən,

Dilimdəki hecamın.

 

Mən – gözündən qor alan gülüşünün xəstəsi,

Ala-yarımçıq adam...

Sən – sevgi şeirimin əsrarəngiz bəstəsi,

Hər sözə açıq adam...

 

Saçının hər telinə qurban olan bəndəyəm,

Zülfünü yana dara.

Mən özümdən gedəli bilirəm ki, səndəyəm,

Sən hara, mən də ora...

 

Mən səndən gedə-gedə sənə doğru gəlirəm,

Deyirəm ki, biləsən.

Bu təzadlar içində xəfifcə dincəlirəm,

Ağlayıram, güləsən...

 

 

REKVİYEM...

 

Bəzən elə yanarsan,

Gecələr səssizliyin qoynunda uzanarsan.

Bir "sabahın xeyir"ə möhtac olar ürəyin,

Gəlməz gözlədiyin də...

İçindəki şaxtadan yerindəcə donarsan.

Özünü bu dünyanın ən bədbəxti sanarsan.

 

Bir daha görmək üçün min bir yalan uydurub, özün də inanarsan..

Həqiqəti danarsan.

Gülüb acizliyinə,

Özündən utanarsan...

Gəlməz səsi sədası, gün dönüb gecə olar,

Yolunu gözlədiyin,

Anını izlədiyin,

Bilməzsən necə olar?!

Gecəsi uzun olar gəlməyən sabahların,

Yarımçıq yuxularda ona tərəf qaçarsan...

Beləcə sabahları bu kabusla açarsan,

Özün-öz qucağında yorular, usanarsan...

 

Hər yazılan mesajda, hər döyülən qapıda

Elə bilərsən odur.

Ürəyinin doğması, ürəyinin yadı da

elə bilərsən odur.

Damağının dadı da elə bilərsən odur.

Bu qədər yox içində

hər şeyi itirərsən, heç nəyi qazanarsan.

Gəlməyəni gözləmək ağır olar, İlahi.

Nəfəs qədər özləmək ağır olar, İlahi.

Adını sayıqlayıb, yastığı qucaqlamaq,

Hönkür-hönkür ağlamaq,

Bütün arzularını açılmadan bağlamaq

Ağır olar, İlahi.

 

Elə sınıxmışam ki, güzgülərə də yadam,

Külü göyə sovrulan ocağı sönmüş odam.

Fəryadım qulağımı batırır eee, ay adam...

"Harda qaldın, ay qadam?!"

Qayıt qurban olduğum,

Həsrətin dağa dönüb

Qəlbdə şişmədən, qayıt!

Təqvimin son səhifəsi

Qopub düşmədən qayıt!

 

 

"SEVGİNİN ASTARI"

 

Bu dünya gözlərimdə oval deyil, düz xətdir,

Sən o xətlə paralel uzanırsan, Suzanna.

Bu həsrətə, bu dərdə dözmək də müsibətdir,

Gör nə qədər "günahlar qazanırsan", Suzanna.

 

Məndən uzaqda qalmaq günah deyil, bəs nədir,

Sən bu boyda yoxluğun harasında durmusan?

Bu necə vüsaldır ki, sol yanımı göynədir,

Bəlkə də, sən hicranın sırasında durmusan ?!

 

O dodaqlar, o gözlər, saçlarının qoxusu,

Hələ mələk baxışlar – cənnəti xatırladır.

Yüz ildir ki, çəkilib gözlərimin yuxusu,

Kirpiklərin enəndə zülməti xatırladır.

 

Saçlarından sürüşüb sol çiyninə qonardı,

Bir kəpənək misalı öpüşlərim, Suzanna.

Gecənin lal sükutu sübhədək uzanardı,

Dəyişməzdi heç zaman vərdişlərim, Suzanna.

 

Ya gəl günün birində, al yükü kürəyimdən,

Ya elə get ki, daha görməsin gözüm səni.

Bir ağrı rəsmi çəkib asmışam ürəyimdən,

Səni mən yaratmadım, öldürüm özüm səni...

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

 Çexiyanın paytaxtı Praqa şəhərində yeni açılan Azərbaycan Evində ilk tədbir baş tutub. Belə ki, Azərbaycan Evində xalq şairi Nəbi Xəzrinin 100 illiyinə həsr olunan rəsm sərgisinin açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, açılış mərasimində Komitənin sədri Fuad Muradov, Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov, Çexiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Milan Ekert, Qazaxıstanın Çex Respublikasındakı səfiri Bakit Düsenbayev, ölkədəki Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Natəvan Cəmiyyəti”nin təsisçisi və Praqa Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova sərgi barədə ətraflı məlumat verib və nəzərə çatdırıb ki, Nəbi Xəzrinin “Bir nar çubuğunu basdırdıq yerə” misrasından ilham alaraq belə bir sərginin təşkilinə qərar veriblər.

Sərgidə azərbaycanlı rəssamların əsərləri nümayiş olunub və dərin fəlsəfi məna daşıyan əsərlər iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, Praqada Azərbaycan Evi bu il noyabrın 6-da açılıb.

Artıq 18 ölkədə  Azərbaycan Evləri fəaliyyət göstərir. Təhlillər göstərir ki, Azərbaycan Evləri həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizlə bağlı dezinformasiyaların qarşısının alınmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi öyrənmələrində, eləcə də diasporla yerli cəmiyyətlərin əlaqələrinin intensivləşməsində xüsusi rola malikdir.  

Əlbəttə ki, bütün bunlara görə Diasporla İş üzrə Dövlət Komitəsini alqışlamağa dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

14 noyabr. Diabetlə mübarizə günü

ÜST-ün məlumatına görə, 2000-ci ildə dünyada 150 milyon diabet xəstəsi olub. Diabet - dünyanı bürüyən bəladır desək, əsla yanılmarıq. Diabet, xərçəng və ürək xəstəlikləri – inkişaf etmiş ölkələrdə insan ölümlərinin 90 faizi bu səbəblərdəndir. 1991-ci ildən World Diabetes Day qeyd edilir. Bəs niyə 14 noyabrda? Çünki bu gün insulin harmonunu kəşf etmiş kanadalı fizioloq Frederik Bantinqin doğum günüdür. Bantinqin uşaqlıq dostu diabet xəstəliyindən vəfat etmişdi, Bantinq də bu bəlanın dərmanını tapmağı özünə söz vermişdi. 1922-ci ilin yanvarında o, diabetdən əziyyət çəkən 14 yaşlı uşağın bədəninə insulin inyeksiyası yeridib onu xilas edərək tarixdə bir ilkə imza atdı. Bu kəşf sonradan milyonlarla insanın xilasına çevrildi. Bantinq insulinə görə Nobel mükafatına da layiq görüldü.

Diabet – düzgün olmayan həyat tərzinin nişanəsidir, qaçın bunlardan, hərəkətsizlik, qeyri-sağlam qidalanma heç vaxt sizin müşayiətçiniz olmasın.

 

14 noyabr. Beynəlxalq loqoped günü

Loqoped-defektoloq peşəsi nitqi qüsurlu insanların bu qüsurunu aradan qaldırmağa çalışan insanları əhatə edir. Loqoped ixtisası dar çərçivəyə sığmaz, o təkcə nitqdəki qüsurları yox etmir, eləcə də nitqi pozan bütün defektlərlə mübarizə aparır, səsin batması, tembrinin və tempinin vəziyyəti, sinirlə bağlı nitq pozğunluqlarının aradan qaldırılması, qeyri-səlist danışıq və s. loqopedin müdaxilə dairəsindədir.

Ortofoniya – loqopediya termini 1928-ci ildə Fransada meydana gəlib, Süzanna Borel-Mezoni xanımın sayəsində. O, Fransada nitqin reabilitasiyası xidmətini yaradıb və bu terminlə öz mütəxəssislərini adlandırıb. Nitq korreksiyası çox vacibdir, xüsusən ictimai xadimlər, siyasətçilər, mədəniyyət xadimləri bu cəhətdən tam qüsursuz olmalıdırlar. Gərəkli işlə məşğul olan loqopedləri təbrik edək gəlin.

 

14 noyabr. “Gərginlikdən çıx və parılda” günü

Buyururlar ki, bu gün gərəkdir ki, bütün problemlərini, dərd-sərini unudub, gərginlikdən çıxıb xoşbəxtlikdən parıldayasan. Məsələn, bağı olan bağa, olmayan parka, bulvara gedə bilər, dincələr, rahatca nəfəs alar. İnsan içindəki qaramatı tökəndə üzü də parıldayır, biləsiniz.

Bir dəfə bir dostum dedi ki, “Metroda, küşədə, marketdə - harda oldumsa insanların simalarına baxıb bircə gülümsəyən insan görə bilmədim, hamının üz-gözündən zəhər yağırdı”. Gündəlik problemlər hamımızı üzür, dünyanın ancaq əzab-əziyyətini, möhnətini görə bilirik. Təqvim yazıq da deyir ki, ay adam, bir ilin bir günündə barı bu problemlərini libas kimi soyunub əynindən at, barı bircə gün xoşbəxt yaşa, sabah yenidən yapışarsan o libasından.

 

14 noyabr. Böyük Hegel heç bilirsiniz nə deyib?

Cərrahi əməliyyatlar üzrə tibb bacılarının günüdür. Ukraynada üzümçülük və üzümçü günü, Rusiyada sosioloq günü, Hindistanda Bal Divas, yəni uşaqlar günü, Estoniya, Norveç və Finlandiyada atalar günü, Cənubi Sudanda ahıllar günü, Kolumbiyada qadınlar günü, Britaniyada şam yeməyində isti bir şeylər yemək günü, Almaniyada yeni il postu ərəfəsində ənənəvi iki günlük milli matəm günü, ən nəhayət ABŞ-da acılı quakamole günüdür. Amerikasevənlər və mətbəxsevənlərin “bu nə mənədir” sualını eşitdim, cavablandırıram. Quakamole – avakadonu əzib onu qırmızı soğan, bibər, keşniş, laym şirəsi və duzla qarışdırmaqdan alınan bir yeməkdir.

14 noyabr məshəti türklərinin qara tarixidir. 1944-cü ilin həmin günündə Stalin 100 mindən çox məhsəti türkünü Gürcüstandakı doğma torpaqlarından Orta Asiyaya sürgün elətdirib. 1918-ci ilin bu günündə Pavlik Morozov adlı sovet pioneri doğulub, öz atasına qarşı ideologiya naminə satqınlıq edən bu şəxsi sovet təbliğatı uzun illər məktəblilərə örnək kimi sırıyıb.

Uşaqlıqda ən sevdiyim qəhrəman Çirtdanla yanaşı damda yaşayan Karlson olub. Hətta bəzən pəncərə qarşısında durub bu cizgi filmi  qəhrəmanının indicə propellerlərini vızıldada-vızıldada  uçub gələcəyini də gözləmişəm. 1907-ci ilin bu günündə həmin o Karlson obrazını yaradan isveç yazıçısı, xanım Astrid Lindqren dünyaya gəlib; 1889-cu ildə ən böyük hindistanlı adını almış siyasətçi, Hindistanın ilk baş naziri Cavaharlal Neru doğulub.

Yuxarıda qeyd etmişdik ki, bu gün almanlar matəm gününü qeyd edirlər. Təqvimdə bunu yeni il qabağı postla əlaqələndirirlər. Təqribən, bizim qara çərşənbələrimiz kimi. Amma mənim düşüncəmə görə, alman boşuna matəm eləməz, buna köklü səbəb lazımdır. Bəlkə bu? 1831-ci ilin 14 noyabrında Qeorq Vilhelm Fridrix Hegel – böyük alman filosofu, sistemləşdirilmiş dialoq təliminin banisi, obyektiv idealizmin təkrarsız nümayəndəsi haqq dünyasına qovuşub. 1716-cı ilin 14 noyabrında isə Leybnits – böyük alman filosofu, riyaziyyatçısı, dilçisi, məişətin bölünməz ibtidai elementləri əsasında sülh konsepsiyasının müəllifi dünyadan köç edib.

Mən özümü necə saxlayım ki, böyük Hegeldən bir neçə dillər əzbəri olmuş kəlam səsləndirməyim?

İnsan öz əməllərinin tərənnümüdür;

Xoşbəxtliyin sirri-insanın "MƏN" dairəsindən çıxa bilmə bacarığındadır;

 İnsan azadlıq üçün tərbiyə olunur;

Hər xalq öz hökmdarına layiqdir;

Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

 

Thursday, 14 November 2024 10:44

BİR SUAL, BİR CAVAB Aysel Nəsirzadə ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Aysel xanım, Ədəbiyyat mücərrəddir.  Fəlsəfə və Ədəbiyyatı birləşdirən nələrdir?

 

CAVAB:

-Ədəbiyyat və Fəlsəfə bir-birini tamamlayır. Ədəbiyyat fəlsəfənin anlayışlarını və fikirlərini vizuallaşdırır. Fəlsəfə isə ədəbiyyatın yaratdığı obrazları daha dərindən dərk etməyimizə kömək edir.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

22.

TARİXƏ RAKURS

 

Azərbaycan xalqı tarixən mütaliə edən xalq kimi tanınıb. Böyük ədiblər yetişdirən, böyük tirajlarla kitablar çap olunan, çoxsaylı kitabxanaları, kitab mağazaları ilə öyünən bu məmləkətdə ötən əsrin 90-cı illərində müstəqillik əldə edilməsindən dərhal sonra bu sahədə ciddi böhran yarandı. Müstəqilliyin ilk illərində respublikanın üzləşdiyi iqtisadi böhran, siyasi xaos, bir ictimai-iqtisadi formasiyanın digəri ilə əvəz olunmasının fəsadları, zorla sürükləndiyimiz müharibənin, milyonlarla insanın qaçqın və didərgin düşməsinin insanların iqtisadi durumuna və əhval-ruhiyyəsinə vurduğu zərbələr kitab mağazalarının kütləvi olaraq baqqal mağazalarına çevrilməsinə, kitabxanaların qapılarından qıfıllar asılmasına, “indi heç kəs heç kəsin kitabını oxumur” kimi məsəllərin yaranmasına səbəb oldu. Bununla belə, siyasi və iqtisadi sabitlik yarandıqdan sonra tədricən kitaba münasibət dəyişdi, kitaba əvvəlki sevgi bərpa olunmağa başladı.

İndi isə gəlin tarixə nəzər yetirək.

Ölkəmizdə kitabçılıq sənətinin inkişaf dövrü eramızın XI əsrinə aid edilsə də, əslində onun tarixi çox-çox qədimlərə gedib çıxır. Yaşadığımız bölgədə ilk kitabxanalar çox uzaq tarixdə dövlət qurumlarının yarandığı dövrlərdə meydana gəlmişdir. Tarixdən bəlli olduğu kimi, V əsrdə Qafqaz Albaniyasında 52 hərfdən ibarət alban əlifbası tərtib edilmişdi. Beləliklə, bir çox kitablar alban dilinə tərcümə edilmiş, kilsə və məktəblərdə kiçik kitabxanalar təşkil olunmuşdur. Azərbaycanda İslam dini yayıldıqdan sonra isə məscid və mədrəsələrdə kitabxanalar meydana gəldi və kitab mədəniyyəti geniş yayılmağa başladı.

Amma bu inkişaf XI əsrdə sözün əsl mənasında dönüş mərhələsinə qədəm qoyub. Bu dövrdən etibarən yaranan nüfuzlu əsərlərin qorunub saxlanılması üçün kitabxanaların sayı da artmağa başlayıb. İlk şəxsi kitabxanalara Bəhmənyarın kitabxanası, Xətib Təbrizinin kitabxanası, Nəsrəddin Tusi və “Seyyidəna” kitabxanası, Rəşidəddin və “Rəşidiyyə” kitabxanasını misal çəkmək olar.

Tarixdə antik dövrdə Yunanıstanı, orta əsrlərdə isə Çini kitabxananın vətəni hesab edirlər.  Halbuki, bizim də öyünəsi nailiyyətlərimiz olub. XI-XII əsrlərdə Gəncədə Dar-əl-kitab adlı böyük bir kitabxana olub. Həddad ibn Asim Naxçıvaninin başçılıq etdiyi bu kitabxana öz kitab sayına görə hətta Şərqin ən böyük kitabxanalarından biri kimi müxtəlif yazılı mənbələrə düşüb.

XIII əsrdə öz kitab fondunun zənginliyi ilə Şərqdə birinci olan (hətta Qahirə, Kordoba, Bağdad, Pitaka-tayk kitabxanalarını belə üstələyib – red.), Qərblə yarışa girən Marağa Rəsədxanasının Elmi Kitabxanası isə orta əsrlərdə Azərbaycanda kitabçılıq ənənəsinin möhtəşəmliyinin bariz sübutudur. Nəsirəddin Tusinin təşəbbüsü ilə qurulmuş bu kitabxanada 400000 kitab və əlyazması toplanmışdı.

Sonradan Şah İsmayıl Xətainin Təbrizdəki saray kitabxanasının, Ərdəbildə Şeyx Səfi məqbərəsinin kitabxanasının zəngin kolleksiyasına görə şöhrəti el-el gəzmişdir.

Çox təəssüf ki, Azərbaycanın qədim kitabçılıq ənənələri, məşhur kitabxanalarımız öz tədqiqatçılarımızın belə diqqətindən yayınmışdır, diqqətdənkənar qalmışdır. Bu isə adımızın adlar içində olmamasına səbəb olmuşdur.

 

Növbəti: 23.Mütaliə ilə bağlı faktlar

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

18-25 noyabr tarixlərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan "Təbiətin səsi" adlı sərgi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, Filarmoniyanın Urban Mərkəzində nümayiş etdiriləcək sərginin açılışı 18 noyabr saat 17:00-da baş tutacaq. Həmçinin açılışda Gəncə Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə konsert proqramı təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Cavid – sonuncu söz və fikir zadəganlarından biri.

Ondan sonra ona oxşar olmayacaq!

2.

Təklik içində bu həyata gəlmək olar, yaşamaq və ölmək olar - bu, fiziki haldır. Bu zaman bilirsən ki, içində bir qul yaşayır.

Tənhalıq məqamını sən qazanırsan. Özünə qalib gələ-gələ, öz içindəki qulla mübarizə apara-apara.

Təkcənəlik isə tamam başqa mərhələdir. Bu mərhələdə sən artıq öz içindəki qula qalib gəlmisən.

3.

O’Henri: “Biz dilənçilərə minnətdar olmalıyıq. Onlar icazə verirlər ki, biz onlara kömək əlimizi uzadaq.”

Alicənablığın yüksək dərəcəsi elə budur!

4.

İkiüzlü Yanus kimi hər şey üzü gələcəyə doğru gedir və hər şey üzü keçmişə doğrudur.

5.

“ Hamı bir-birinə oxşayır necə,

Arzular – eyni, diləklər – eyni.

Hər şey təzədən başlayır necə,

Ruhlar – eyni, ürəklər – eyni...”

6.

Nəhəng, qorxunc devlərin günahı o idi ki, onlar da ulu Allah babaları (dev - qədim yunanca deos - allah deməkdir) kimi sevə bilirdilər. Və canlarını göyərçinlərə etibar eləmişdilər.

7.

İ.Brodski: “Allaha peyzaj kimi qovuşmaq həsrətim var.”

Dəhşətli dərəcədə genişlik və dərinlik!..

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.