Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı bu dəfə Şeir saatında sizləri Aydın Arslanın şeirləri ilə tanış edəcək.

 

Hər gələn yeni gün qəmi gətirir,

Doldurur bir yekə gəmi, gətirir,

Qalmır bir kəsiri, kəmi, gətirir,

Gətirmir naxışım, butam, ay atam.

 

Erkən yarpaq töküb, solmağa nə var?

Yaş olub gözümə dolmağa nə var?

Qanmazın atası olmağa nə var?

Gəl indi atam ol, atam, ay atam...

 

Mükəmməldir, deyilmi?

 

 

***

 

Mən onda qayğısız, onda şən idim.

Gölə qarğıçalan, yereşən idim.

Özüm öz kölgəmlə güləşən idim,

Bol idi yanlışım, xətam, ay atam.

 

Qanmaz çocuq idim, qanı qaynayan,

Səhərdən-axşama gülən, oynayan,

Kədər tanımayan, acı duymayan,

İndi dərd önündə matam, ay atam.

 

Hər gələn yeni gün qəmi gətirir,

Doldurur bir yekə gəmi, gətirir,

Qalmır bir kəsiri, kəmi, gətirir,

Gətirmir naxışım, butam, ay atam.

 

Erkən yarpaq töküb, solmağa nə var?

Yaş olub gözümə dolmağa nə var?

Qanmazın atası olmağa nə var?

Gəl indi atam ol, atam, ay atam...

 

 

ALLAHA MƏKTUB...

 

Salam. Nigaran olma çayımdan, çörəyimdən,

Həmd olsun ki, əlini çəkmirsən kürəyimdən.

Bu gün bir şeir çıxar şəninə ürəyimdən,

Allah haqqı, sənin də xoşuna gələr, Allah.

 

Qəribədi insanlar, qəribədi bu bəşər,

Doğrusu, bundan sonra, çətin ki, gözəlləşər.

Bir gün ölər bu bəndən, bir gün ehsanı bişər,

Hayına gəlməyənlər aşına gələr, Allah.

 

Eşqindən doğulubdur bütün ülvi sevgilər,

Ağlatdığın kiriməz, güldürdüyün hey gülər.

"Ol" dediklərin oldu, "öl" dediklərin ölər,

"Qal" dediklərin Nuhun yaşına gələr, Allah.

 

Nə azdı oyaq olan, necə çoxdu yatanlar,

Hamısı məğlub oldu fələklə zər atanlar.

Sənin qapından ayrı qapıya üz tutanlar

Başı dəyər əhlətin daşına, gələr, Allah.

 

Xar olsun o bəndə ki, nemətlərini danır,

Verdiyin ruziləri özü qazandı, sanır.

Qəlbim sənin evindi, İlahi, evin yanır,

Yardıma səndən özgə boşuna gələr, Allah.

 

Sonda bir xahişim var, rəhm et, cavan yaşıma,

Əlinə nə qəm keçir, taleyimə daşıma.

Yoruluram, bu qədər oyun açma başıma,

Allaha acıq gedər, başına gələr, Allah...

 

 

***

 

Qəlbinə dağ çəkilmiş dumanlı dağlar kimi

Qaxılmışam, yerimdən min ildi tərpənmirəm.

Mən dünyanın ən böyük köçünü yaşamışam,

Nə gedən, nə gələnə daha təəcüblənmirəm.

 

Köçənə rəhmət deyib, ardınca ağlayanlar,

Bəs niyə sən köçəndə adəti unutdular?

"Başın sağ olsun" – deyən olmadı, azmış kimi,

Zurna-qaval gətirib, başıma toy tutdular.

 

Mən dərdin tanıyanı, mən sərin arifiyəm,

(Zər zərgərə verilib, qədrini də o bilsin).

Günü zəhər olanın süfrəsində bal olsa,

O bal niyə sevilsin, şordan  necə seçilsin?

 

Yerə soxum boyumu bir altmışı ötmədi...

Boyum yetsə, bir ömür arxanca boylanardım.

Yox, yeri yandım, dedim. İznin olsa, öləndə

Gözlərinin düşdüyü çuxurda quylanardım...

 

 

***

 

Qaranlıqlar başlayır ümidlər yox olanda,

Qosqoca uçurumdur ümidlərdən ötəsi.

Həyat dözülməz olur gözləntin çoxalanda,

Daralır gözlərində dünyanın xəritəsi.

 

Bir ömür üzmək olar, təkcə, axına qarşı,

Mütləq haqqa inanıb iman gətirə bilsən.

Hər şey səndən başlayar, zirvələr sən olarsan,

Əgər içindən “mən”i söküb bitirə bilsən.

 

Qocalıqda daş olub düşər bir-bir başına

Cavanlıqda önəmsiz zənn etdiyin xətalar.

Gecə “nadzor”u kimi gələr bəd əməllərin,

Yuxuna haram qatıb başına toy tutalar.

 

Nicat tapanlar olar nəfsini qınayanlar,

"Yox" deməyi bacarmaq əyri nəfsi düzəldir.

Hər kim təmiz saxlasa insanlıq libasını,

Deyər ona baxanlar: – Həyat necə gözəldir,

İnsan necə gözəldir!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Kino barədə silsilə söhbətlərimizi bu gün yekunlaşdırırıq. Son illər ölkədə kino sənayesinin dirçəldilməsi hiss edilir, kinomuzun itmiş şöhrəti bərpa edilir. Təbii ki, Mədəniyyət Nazirliyi kinonun inkişafını prioritet hesab edir.

 

Trenddə olan kinonun tarixi barədə oxucularımız nələri bilirlər, nələri bilmirlər? 

Dünya kino industriyası milyonlarla insanın diqqətini çəkən və qlobal mədəniyyətin formalaşmasında böyük rol oynayan nəhəng bir sektordur. Onun inkişafı texnologiyanın irəliləməsi, yaradıcılıq gücü və müxtəlif mədəni təsirlərin bir araya gəlməsi nəticəsində mümkün olub. Kino yalnız bir əyləncə vasitəsi deyil, həm də cəmiyyətin sosial problemlərini, mədəniyyətlərarası dialoqları və insan təcrübəsini ifadə edən güclü bir vasitədir.

 

Bu gün son söhbətimizdə sizə kino sənayesinin sosial və mədəni təsiri baərdə danışacağıq. 

 

Kino sənayesinin sosial və mədəni təsiri

 

Kino cəmiyyətin sosial və mədəni mövzularını işıqlandırmaq üçün güclü bir vasitədir. Sosial problemləri, tarixi hadisələri və fərqli mədəniyyətləri təsvir edən filmlər insanları maarifləndirir və dialoqa dəvət edir. Məsələn, “Schindler’s List” kimi filmlər Holokostun dəhşətlərini dünyaya göstərmişdir, “12 Years a Slave” isə köləlik mövzusunu işləmişdir.

  Kino həmçinin müxtəlif mədəniyyətləri tanıtmaq və onları qloballaşmış dünyada bir araya gətirmək üçün bir vasitədir. Hindistan, İran, Koreya və Latın Amerikası filmləri qlobal auditoriyaya mədəni zənginliklərini təqdim edərək insanların fərqli həyat tərzlərini öyrənməsinə kömək edir.

 

Gələcək Perspektivlər

 

Dünya kino industriyası gələcəkdə daha da innovativ olacaq. Süni intellekt (AI) və virtual reallıq (VR) filmlərə yeni yaradıcı imkanlar gətirəcək. Eyni zamanda, daha çox müxtəliflik və inklüzivlik tələbi, qadın rejissorlar, azlıq qruplarının hekayələri və fərqli baxış bucaqlarının inkişafına təkan verəcək. Kino sənayesi dəyişən dünya ilə uyğunlaşmağa və qlobal auditoriyanın zövqlərinə uyğun hekayələr yaratmağa davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

Wednesday, 13 November 2024 15:11

Gülüş klubunda hoqqabaz

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Pul əl çirkidir deyən adam əlini 26 manatlıq orqanik sabunla yuyur və əli əsla çirklənmir.

2.

Yaxşı hoqqabaz dovşanı papağın içində yox edən deyil, yaxşı hoqqabaz özü yox olandır.

3.

Sanki Hollivud filmlərində sonda titrlərə film çəkilən şəhərin bütün sakinlərinin adlarını yazırlar.

4.

İdmam zalında qoyduğun kiloqramlar səni evdə soyuducuda gözləyir. 

5.

“Bir azdan məmləkətdə insanlar uzunina deyil, eninə boy atacaqlar”, - deyib həkim üzərinə “100 faiz kərə yağı” sözləri yazılmış 3,75 qəpiklil yağı piştaxtanın üzərindən götürüb tərs-təra baxdı. 

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Norveçdə yaşayan soydaşımız Hadi Qaraçaydır.

 

 

Hadi Qaraçay

Norveç

 

YALNIZLIĞIN AYRISI

 

Hər şeyi qalan yerindən başladıq

Yoldaşlığı da!

 

Dəniz,

Qoyub getdiyimiz sahildə uzanmışdı.

 

Ağ papaqlı dağ, yekə bir yumaqdır

Düşdüyü yerdə qalıb.

 

Hər şeyi qaldığı yerdən başlamaq

Yoldaşlığı da.

 

Orman yorğun ağaclarıyla

Yaşıl gözləriylə

Balıqlı çaylara laylay oxuyar.

 

Mən,

Sizin qapınıza gəlləm

Döyəcini tapanmaram,

Sən bizim qapıya gələrsən, Qaraçay yoxdur!

Vikinqlərin də gözəl qızları olurmuş deyə içindən keçməsin

Mən Kamtalın qayalıqlarında qurumuş palıdam qızım.

 

Hər şeyi olduğu yerdən başlamaq

Qurumuş palıdları deyil ancaq,

Qurumaq,

Ağac dilində qarşı qoymaqdır

Yalnızlığa

Sahildə uzanmış dəniz olsa belə.

 

Ayrılığa

Dağ boyda yumaq olsa belə.

 

Sənsizliyə

Yaşıl gözlü bir ormanın qucağında 

ağac olsa belə...

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

 

Wednesday, 13 November 2024 14:14

Jurnalistikada ORKESTR-ADAM

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub, boya-başa çatıb. Hərbi xidməti başa vurandan sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun idarəetmə fakültəsini bitirib. Jurnalistlik fəaliyyətinə 1998-ci ildə "Elita" qəzetində başlayıb. 2000-ci ildən sonra "Bu gün", "Yeni yüzil", "Xalq Cəbhəsi", "Cümhuriyyət", "Üç nöqtə", "Xəzər" qəzetlərində çalışıb. 2009-ci ildən Modern.az saytının redaktorudur...

 

Deyir ki:- “Ötən əsrin 90-cı illərin ortalarında Azərbaycanda yeni müstəqil media orqanları yaranırdı. Mənim də yazı-pozuya həvəsim vardı. Əksər tələbələr kimi maddi sıxıntılarım olsa da, hər gün qəzet oxumadan keçinə bilmirdim. Oxuduğum Politologiya İnstitutunun tələbələri arasında o zaman ictimai-siyasi proseslərdə aktiv iştirak edənlər, mətbuat sahəsində çalışanlar çox idi. Mütəmadi qəzet oxucusu kimi, mən də tələbə yoldaşlarımın vasitəsilə məqalələrimi ara-sıra mətbuat orqanlarında dərc etdirirdim.”

 

Tələbəlik illəri çətin olur. O da təhsil almaqla yanaşı müxtəlif işlərdə çalışıb. Hətta tələbə olarkən müəllimliyə də işə düzəlib və bir il ərzində orta məktəbdə, sonra da internatda dərs deyib. Yaxşı müəllim kimi etimad qazansa da, görüb ki, müəllimlik onluq deyil, dərs deməyə hövsələsi çatmır və mətbuata üz tutub...

   

“O zaman institutumuzdan mediaya bir axın var idi. Mən də qəzetlərdə iş axtaranda dostlardan biri çalışdığı "Elita" qəzetinə dəvət etdi. Onda həftəlik "Elita" ictimai-siyasi qəzet kimi az-çox tanınırdı. Başladım orada sosial yazar olaraq çalışmağa. Sonralar müxtəlif səbəblərdən bir neçə dəfə iş yerimi dəyişdim. Beləcə artıq 26 ildir bu sahədəyəm. Arada ixtisasıma uyğun başqa işlər də çıxdı, amma nədənsə jurnalistikada ilişib qaldım...”- söyləyir.

 

Çox keçmir ki, bu işə olan sevgisi onu mükəmməl media işçisinə çevirir. Tezliklə ölkədə tanınan sayt rəhbərlərindən biri olur...

Deyir ki:- “Çətinliklər həmişə, hər yerdə olur. Onlayn saytın işi elədir ki, daim gərgin rejimdə çalışmalı olursan, o da ki ola redaktorun işi. Oxucu xəbər, müsahibə, reportaj gözləyir. Bunu təmin etmək lazımdır. Modern.az "copy paste jurnalistikası" ilə məşğul deyil. Biz informasiya istehsal edirik, çalışırıq ki, oxucuya, hamının verdiyi gündəm xəbərləri ilə yanaşı, ondan da çox özəl materiallar təqdim edək. Bütün günü arı kimi işləməlisən. Modern.az fəaliyyətə başlayanda burada əsas iş mənim üzərimdə qurulmuşdu. Məndən mövzuların seçimi, materialları redaktə etmək, korrekturasına fikir vermək, sayta yerləşdirmək, şəkilləri yükləmək, eyni zamanda bunlarla yanaşı, həm də arada vaxt edib yazı yazmaq, operativliyi gözləmək, gündəmi əhatə etmək tələb olunurdu. İlk vaxtlar eyni vaxtda bir neçə işi yerinə yetirmək, sözsüz ki, zor idi. Amma saytı populyarlaşdırmaq üçün yığcam kollektivlə bu çətinliklərə dözməli olduq. Bu gərginlik indi də qalır. 2009-cu ilin sentyabrından Modern.az fəaliyyətə başlayıb, o vaxtdan indiyədək vaxt tapıb iki gün dalbadal dincələ bilməmişəm. Hətta bayramlarda da əməkdaşlarımız istirahətə gedəndə saytın işinə əsas cavabdeh kimi, mən həmin vaxtlarda, eyni zamanda bazar günlərində də işləməli oluram. Əvvəllər çalışdığım redaksiyalarda da bilirlər, xarakterim elədir ki, nə vaxtsa "xaltura" etməyə çalışmıram, işə məsuliyyətlə yanaşıram.”

 

Mehriban adamdır. Rəhbərlik etdiyi kollektivdə böyük hörmət qaznıb. Müəlliflərlə ünsiyyətdə çox ciddidir...

“Xeyli kənar müəllif saytımızla əməkdaşlıq edir, onların arasında jurnalistlər də var, mətbuatdan uzaq olan şəxslər də. Məsələn, deputatlar, QHT sədrləri də bəzən bizdə yazılar yazırlar. Əlbəttə, hamı qonorar üçün yazmır. Onlarla dil tapmaq vacibdir. Amma mənim işim həmin müəlliflərin yazılarına baxmaqdan, yeri gələndə redaktə etməkdən ibarətdir. İmza bolluğu var ki, bəzən müəllifin yazılarından imtina etməli oluruq. Məsələn, müxtəlif siyasi baxışlara malik kənar müəlliflər bəzən elə yazılar göndərib, saytda verilməsini xahiş edirlər ki, baxırsan onun məqaləsində ya hansısa iqtidar, ya da müxalifət funksioneri ilə bağlı təhqir elementləri var. Belə yazılar, jurnalistlərdən də, deputatlardan da, deputat köməkçilərindən də, QHT sədrlərindən də daxil olub. Amma biz onları ya redaktə etmişik, ya da verməmişik.”- söyləyir.

   

İşin çoxluğundan, vaxtın azlığından xeyli zamandır ki, müəllifi olduğu yazılar saytda görünmür. Niyə arada sən də köşə yazıları yazmırsan ki, imzan itib-batmasın- deyə ona irad tutanlar da olur...

Deyir ki:- “İnternet mediasında redaktor olmaq dayanmadan o qədər işləmək deməkdir ki... Ən müxtəlif mövzularda, müxtəlif üslublarda yazılmış məqalələri, bəzən də qarmaqarışıq xəbərləri redaktə etmək, press-relizləri "-mışdır; - müşdür" sonluqlarından təmizləmək, gündəmdən geri qalmamaq üçün digər elektron KİV-ləri izləmək yaradıcılığa mane olan şiddətli yorğunluq gətirir. Bir sözlə, çalışırıq ki, oxuculara xəbər, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edək, gündəmi əhatə edək. Kənardan elə cəlbedici informasiyalar daxil olur ki, amma onları mötəbərliyinə inandığımız mənbəylə dəqiqləşdirmədən dərhal yazıb sayta yerləşdirmirik ki, bizi də mötəbər mənbə hesab edənləri xəyal qırıqlığına uğratmayaq.”

 

Bəli, Modern. az saytı bu gün ölkənin ən aparıcı media layihələrindən, lider saytlardan biridir. Və bu liderliyi Modern az-a haqqında söhbət açdığım Əfan Qafarlı gətirib,onu ölkəyə tanıtdırıb...

Bu günlərdə Əfqan Qafarlının növbəti ad günü olacaq. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

Bugün mənim doğum günümdür, bu şeiri də babamın yoxluğu naminə yazmışam, paylaşsanız sevinərəm.

Hörmətlə: Naul Zeyniyev

 

 

DOĞUM GÜNÜM

 

Düz 12 ay keçir,

Ötən doğum günümdən.

Həyat nələr apardı,

Bu 18 ilimdən.

 

Yoxluğun 50 fəsil,

Saysam, hesaba sığmaz.

Bəlkə bir izin olsa,

Evim sənsiz darıxmaz.

 

Qorxduğum nə vardısa,

Bir-bir başıma gəldi.

Səni vaxtsız itirmək,

Uşaq yaşıma gəldi.

 

Sən qadamı alardın,

Mənki ala bilmədim.

Bağışla, böyüsəmdə,

Adam ola bilmədim.

 

Məzarını yumadı,

Gözün axan yaşları.

O gündən sovuşmadı,

Dünyamın yağışları.

 

18 il əzabla,

Yaşadım, nə vardısa.

Bahar mənə neyləsin?

Zirvələrim qardısa.

 

Düz 12 ay keçir,

Ötən doğum günümdən.

Həyat nələr apardı,

Bu 18 ilimdən.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

 

ƏLİZADƏ NURİ

 

 

                                        MƏNƏ GÖY ÜZÜ VERİN

 

Mənə bir yelləncək verin,

tapıb oynadacam uşaqlığımı.

 

Bir cüt qərənfil verin,

bir şəhid məzarı girib yuxuma...

 

Mənə bir parça kağız verin,

yığım qələmə qısılan sözləri.

Son şeir vəsiyyət kimi olur.

 

Bir əlçim bulud verin –

gözlərimə sıxıb özüm yağışa çevirəcəm...

 

Mənə bir kamança verin –

ağlatmalı nə çox dərd var.

 

Bir qurtum su verin –

bu ümid çox qurudu,

keçmir boğazımdan.

 

Məni azadlıqla tanış eyləyin,

görüm halı necədi.

 

Mənə bir ulduz verin –

isidim əllərimi...

 

...Bir az göy üzü verin,

bir tikə ay işığı,

Yer üzü sizə qalsın...

 

 

                                         ÖMÜR YANMIŞ ZƏMİ KİMİ...

 

Su çəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyil, bəlkə qandı

Yığılıbdı dan yerinə?

 

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir...

O kimdi eşq rəsmi çəkir

Sinəmin kətan yerinə?!

 

Ömür – yanmış zəmi kimi,

Su basmış zirzəmi kimi...

...O qız batan gəmi kimi

Dönmədi liman yerinə...

 

 

                                                         FIRLANIR

 

Neçə acın yuxusunda,

Dəyirman daşı fırlanır.

Bəlkə elə şərab içib –

Dünyanın başı fırlanır?!

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan-yörəsində

Gözümün yaşı fırlanır.

 

Bu yarpaq da bir çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi –

Nə qədər naşı fırlanır...

 

                               

                                        BU ÖMÜR İSLANMIŞ KAĞIZMIŞ DEMƏ...

 

Hər gün ürəyimdən durnalar uçur –

Mənim bu canımda payızmış, demə.

Məni bu dünyanın yadına salan,

Yaddan çıxartdığım o qızmış, demə.

 

Bu yol hara belə köçünü çəkir?

Ölüm də kəfənin ucunu çəkir...

Gördüm ki, bir söyüd içini çəkir –

O da mənim kimi yalqızmış, demə.

 

Udduğum havanın içində dadın...

Yanım – bir az isin, üşüyən qadın.

...Çərpələng düzəltdim, o da uçmadı –

Bu ömür islanmış kağızmış, demə...

                 

                 

NƏFƏSDƏRMƏ

 

Günəşi gizlədiblər,

Buludun arxasında.

Adam var toylardadı

Adam var öz yasında...

 

Silkələnir göy üzü,

Buludlar divar-divar.

Ulduzlar elə qəmgin...

Ayın da ay dərdi var.

 

Tanrı insan yaradıb,

Hər yan haydı, haraydı.

Yoxsa tək darıxdı o? –

Gərək darıxmayaydı...

 

Yağış da yuya bilmir,

Bu dünyadan hüzünü.

Baxıb yaratdığına

Tanrı tutub üzünü...

 

...Yüz il ömür istəyir,

Əlli il bəs eləmir?

Özünə bir ev tikib

Günü günbəz eləmir...

 

Hər yan saxta parıltı –

Yox, ora girmirəm mən.

Qaranlıqdan qorxmuram,

İşıqda görmürəm mən.

 

Onun iştahına bax,

İstəmir tacı düşsün.

Göydən də üç alma yox

Alma ağacı düşsün...

 

...Yanında qəm qardaşı,

Bu adam toya gedir.

Ömür – qatar kimidi

Sonda depoya gedir...

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

21.

QABAQCIL TƏCRÜBƏ

 

21-ci əsr informasiya əsridir. 1997-ci ildə Kopenhagendə İFLA-nın (Kitabxana Assosiasiyalarının və Müəssisələrinin Beynəlxalq Assosiasiyasının -red.) təşkil etdiyi 143 ölkədən 3000 nümayəndənin iştirakı ilə Baş konfrans “21-ci əsrin astanasında kitabxanalar və informasiya bəşəriyyətin inkişafı üçün” adlanırdı. Və hədəf bəlli idi: İKT(İnformasiya-Kommunikasiya Texnologiyaları -red.) inqilabı əsrində mütaliənin rolunu qabartmaq, elektron resursların kitabı sıradan çıxarmasına yol verməmək.

ABŞ, Fransa, Yaponiya, Almaniya kimi ölkələrdə uşaq və gənclərin yüksək təhsil almaları, milli mədəniyyət ənənələrinə sadiq vətəndaş kimi yetişmələri, dünya sivilizasiyasının gələcək istiqamətini müəyyən edə bilən şəxsiyyət kimi formalaşmaları üçün xüsusi dövlət sənədləri – doktrinalar hazırlanıb. Məsələn, ABŞ-da “Amerika – 2000-ci il”, “Ailəvi savadlanma və kitabxanalar” proqramları, Yaponiyada “Mütaliə edən analar” kampaniyası icra edilməkdədir. Ən müxtəlif sahələrdə dünyaya örnək olan Yaponiya yapon analarını asudə vaxtlarında mənasız sabun operalarına baxmaqdan, səmərəsiz vaxt öldürməkdən çəkindirərək öz uşaqları ilə birlikdə kitab oxumağa yönəldir. Ana ucadan oxuyur, övladı dinləyir, sonra rollarını dəyişirlər. Beləcə, hər ikisi qiymətli cövhərlə qidalanırlar.

Bunu bizlər niyə etməyək? Tarixən balalarına beşik başında laylay deyən, bir qədər böyüyəndə nağıllar danışan Azərbaycan anaları niyə də hazırkı durumda övladları üçün xilaskarlıq missiyasına qoşulmasınlar ki?

Kitaboxumaqyaddaş, diqqət və konsentrasiya kimi beyin funksiyalarını yaxşılaşdırır.Bundan əlavə, empatiya, sosial bacarıq və yaradıcılığı inkişaf etdirə bilir. Amerikada mütaliə mədəniyyətini yüksəltmək üçün hədəf qrupu kimi körpə uşaqların götürülməsi çox maraqlıdır. Onlarda öncə nağıl danışmaqla, sonra rəsm və pazllarla, ən nəhayət, şəkilli kitablarla zövq formalaşdırır, onların kitab sevgisini oyadırlar.

Qabaqcıl təcrübədən danışmışkən, heç də bizə dost olmayan qonşularımızın təcrübəsini də burda qeyd etmək istərdik. Onlar da uşaqlara körpəlikdən bir şeylər aşılayırlar. Ancaq nə? Yeni doğulan uşağın qulağına “türk sənin düşmənindir” deyirlər, uşaqlara laylay, beşik nəğməsi əvəzinə “Müqəddəs Ağrı dağını türklər əlimizdən alıb” sözləri ilə yaradılmış zərərli mətnlər oxuyurlar. Aşğı siniflərdə isə mənfur Zori Balayanın “Ocaq” adlı antimilli, anti insani kitabını tədris edirlər. Bu, uşaqların zehnini korlamaq, onları millətçi və şovinist ruhda böyütmək deməkdir. Yalnız elə bu!

Psixoloq AnnaDavıdovadeyir ki,uşaqlarüçün yalnız kitab oxumaq deyil, onları müzakirə etmək vacibdir ki, oxunanlar  boşa getməsin.Bundan əlavə, uşaqlar üçün bu sayaq müzakirələr söz ehtiyatını artırmağa da kömək edir.Oxumasanız beyinənə olacaq? Deyək. Oxumadan, heç bir zehniyükləyüklənmədən insanda mənfiliklərin başvermə ehtimalı yüksəkdir:

- yaddaş pisləşəcək (halbuki İnformasiyaTexnologiyalarıəsrində, lazımi məlumatların şəbəkədən asanlıqla əldəedilə biləcəyizamanda yaddaşxüsusiyyətlərininözlərinin təhlükəaltında olması qorxuncdur);

- məlumatıanlamaqqabiliyyətipisləşəcək(beyintənbəlləşir, buna görə mürəkkəbhərəkətləricra etmək istəmir);

-emosionalzəkaazalacaq.

Bəs beyinüçün hansı kitablar faydalıdır?Bəzi kitabların digərləri ilə müqayisədə müəyyən bir "effektivliyi" sübut edilməməsinə baxmayaraq, komik kitab və tabloid roman oxumağın ağıl üçün qida vermədiyi intuitivdir.Qətişəkildədesək, beyninsüjetin bükülmələrini xatırlamaqdan narahat olmasına ehtiyac yoxdur.Keyfiyyətlibədiiədəbiyyat, hər şeydən əvvəlklassik, düşündürücü, oxumaq üçün daha uyğundur.Beyninizi həddindən artıq məlumatla yükləməkdən və yalnız internetdəki əyləncəli yazıları oxumaqdan qorxmayın.Ancaq ehtiyac və qabiliyyətlərin fərdi olması ilə universal bir oxu siyahısı yoxdur.Müxtəlif zehni stimul almaq üçün müxtəlif janrlarda və mövzularda kitablar oxumaq tövsiyə olunur.Məsələn:

- Bədii ədəbiyyat,

-Motivasiya,

-Karyera inkişafı, özünə kömək kitabları,

-Qeyri-bədii kitablar,

-Tərcümeyi-hallar,

-Tarixi romanlar.

AnnaDavıdovaonu da deyir ki, uşaqlardazehniqabiliyyətlərininkişafıvə zehni aydınlığın qorunması üçün digər intellektual yük növləri də faydalıdır. Bura pazllar, krossvordlar, tapmacalar, intellektual oyunlar aid edilə bilər.

 

Növbəti: 22.Tarixə rakurs

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Nəsr vaxtıdır, sizlərə Nurlana Məmmədovanın “Qazinin qızı” hekayəsi təqdim edilir.

 

 

                    

          Həmin il çox uşaq atasının yolunu gözləmişdi. Atası qayıtmayan uşaqların isə gözləri  yol çəkirdi...

          – Qızım, otağını səliqəyə sal, sonra hazırlaş, bu gün atanın xəstəxanadan çıxan günüdür. Onu qarşılamağa birlikdə gedirik.

         Aydan karandaşlarını qutuya yığaraq başını qaldırmadan dedi:

– Ana, atam necə gələcək bəs? Axı onun ayaqları yoxdur...

Ananın ilk cümləsi sərt olsa da, sonra səsi biixtiyar zəiflədi:

– Necə yəni yoxdur?! Həkimlər ona süni ayaqlar qoyublar, atan həmişəki kimi gəzə biləcək, qızım.

Qadın otaqdan çıxdı, bir neçə saniyə qapının arxasında dayandı, göz yaşlarını silib oğluna səsləndi.

– Turan, hazırsan?

– Çoxdan, ana.

Qaş qaralanda ailə evə yığışmışdı, onların gözlərindəki qürur  evə qəribə ab-hava gətirmişdi. Ən çox da Turan sevincindən yerə-göyə sığmırdı. O, həyətə düşüb dostlarına atasından danışmaq üçün həyəcanlanırdı. Ailənin kiçiyi – Aydanın  ağzını bıçaq açmırdı. Gizlin- gizlin  atasının hərəkətlərinə göz qoyurdu. Yeməkdən sonra qızcığaz atasının kənara qoyulmuş protezlərini qucağına aldı, atasının ona baxdığını görüb dedi:

– Ata, bunu necə geyinirlər?

– Gətir, göstərim.

Balaca  qız protezləri incə çiyinlərindən aşırıb atasının oturduğu divanın yanına gəldi.

Qazi yeni ayaqlarını bir daha nəzərdən keçirib geyinməyə başladı.

– Bax belə...

Aydan maraqla prosesi izlədi, sonra atasının ayaq barmağını basıb dedi:

– Ata, indi sənin hansı barmağını basdım?

– Baş barmağı.

– Bəs indi?

– Ortadakı.

– Ata, axı sən necə bilirsən? Bu ki sənin öz ayağın deyil.

Qazi sadəcə gülümsədi, amma bu gülüşdəki közərən yaraları balaca qızı hiss etmədi.

Günorta həyət uşaqlarla qaynayırdı. Qonşuların əkdiyi çinar ağacları təzə gəlinlər kimi başlarını aşağı sallamışdılar. Onların çətirinin altında üç qızcığazın şən-şux səsi ətrafı canlandırırdı. Sərçələr civiltisini kəsərək budaqlardan asfalta enib onları çoxdan tanıyırmış kimi yan-yörələrində arxayın-arxayın hoppanırdılar. Qızlar torbalarından çoxlu  oyuncaq qab-qaşıq çıxarıb ortalığa tökmüşdülər. Hərəsinin də bir gəlinciyi vardı. Oğlanlar isə səs-küylə futbol oynayırdılar. Turan  yorulub oyundan çıxmışdı, tərli saçlarını əliylə sığallayaraq gəlib skamyanın arxasından qızlara baxa-baxa nəsə düşünürdü.

          Bu zaman qızlardan biri başını qaldırıb, tellərini yana atıb acıqlı-acıqlı dedi:

– Bizə baxma, get  futbolunu oyna.

– Evcik-evcik oynayırsız? – Turan soruşdu.

– Yox, piknikə gəlmişik. Ey, sənə nə var?

– Baxıram da, maraqlı gəlir.

          Hirslənmiş qız nə qədər israr etsə də, hətta qulpu qırıq çaydandakı suyu oğlanın ayağı tərəfə töksə də, o, yerindən tərpənmədi. Bu zaman Turan küncə atılmış, ayağı olmayan, üz-gözü göy qələmlə yazılmış Lolo adlı çəhrayı saçlı kuklanı gördü.    

– Bəs onu niyə oyuna qatmırsız?

          Qızlardan balacası candərdi, bir az da acıqla cavab verdi:

          – Çünki ayağı sınıb, özü də çirklidir…

           – Həm də çirkindir, –  qızların sarışını əlavə etdi, – çirkini neynirəm, bax gül kimi uşağım var,  – əlindəki təzə gəlinciyi əzizlədi.

          Turan  köks ötürdü:

– Yazıq kukla…

         Qızların bəstəboyu sakitcə dedi:

– Bizim öz balalarımız var, bunu çox istəyirsənsə, götür, sənin olsun. Qız bu söhbətdən bir az da cılızlaşmış  Lolonu oğlanın qoynuna qoydu.

          Nədənsə Turana elə gəldi ki, bu bəstəboy qızın adı Lalədir. Belə yumrusifətli, balacaboy qızın adı mütləq Lalə olmalı idi. O, məhləyə təzə köçmüşdü. Turan ondan adını soruşmağa utanırdı. Oğlan qızların Lolo adlandırdığı gəlinciyi  xəyalında Lalə adlandırdığı qızdan sakitcə alıb oradan uzaqlaşdı.

         Turan axşam yeməyində atasına Lolonu göstərib soruşdu:

– Ay ata, bunun ayağına da sənin protezindən düzəltmək olar?

– Ay Allah, nə gözəldir, – bacısı gəlinciyi alıb dağınıq saçlarını oxşadı.

– Yeməyi soyutmayın, – ana sözü dəyişdirib gizlincə oğluna göz ağartdı. Qadın ayağı olmayan gəlinciyin Qarabağ qazisi olan ərini kədərləndirəcəyini düşündü.

Ata masadan qalxdı, yeməyini bitirməmişdi. Pəncərəni açıb çölə boylandı. Kim bilir, bu yaralı gəlincik müharibənin hansı dəhşətli anını onun yadına saldı. Qazi çevrilib masa arxasından ona izləyən ailəsinə   dedi:

– Onu əsl gəlinciyə çevirmək olar! Hər kəsin üzündə ümidin əsl sevinci parladı.

– Mən ona  tül parçadan təzə don tikərəm, – ana nəvazışlə balalarına baxdı.

– Çox sağ ol, anacan, onu bacıma bağışlayacam, – Turan sevindi.

Ancaq qazinin qızı onları dinləmirdi,  o, Lolonu qucağına alıb nəsə mızıldana-mızıldana sakitcə yırğalanırdı.

Qardaşı:

– Hə, bacı, bəyəndin ideyamızı?

Bayaqdan səssiz qalan qızcığaz böyük adamlara xas amiranəliklə dedi:

– Heç nə lazım deyil, mən onu  belə də çox sevəcəyəm…

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

 

 

  

 

 

 

 

 

 

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ Pərdə açılır, bu, bir səhnədir...

Tamaşaçılar, nə qədər çiçək...

Kimsə əl çalır, kimsə əl edir,

Hər şey tanışdır köhnə nağıl tək.”

2.

“... Pərdə bağlanır, bitir sevgimiz

 Biz getməliyik, xoş qalın sizi.

Pərdə bağlanır, bəs nə üçün biz

Yenə sevirik bir-birimizi?!”

3.

Ölüm həyatın içində deyil, ölüm həyatın davamı deyil, həyat ölümün içində, həyat ölümün davamıdır.

4.

“ Geriyə baxma, daş olarsan. Nə edirsənsə et, amma geriyə baxma.”

Azərbaycan ədəbiyyatının möhtəşəm siması İlyas Əfəndiyev cəsarətlə və çəkinmədən geriyə baxdı və əsərinin adını “Geriyə baxma, qoca!” qoydu. Bu əsər daşa dönməkdən qorxmayan, inam və ümidlə geriyə baxan bir adamın peşman-peşman dərindən köks ötürməsidir. Hamıda olmur. Onun geriyə baxmaq səlahiyyəti vardı.

5.

T.Kantor: “Sonsuz çoxluqdan sonsuz çoxluğu çıxsan, yerində yenə də sonsuz çoxluq qalacaq.”
Sonsuzluğu dərk və qəbul etməyin əvəzsiz üsulu!

6.

Bilmədiyin barədə qorxmadan və çəkinmədən “bilmirəm” demək səlahiyyətin olmalıdır. Bilməməkdən utanmamaq biliyə doğru aparan ən qısa və doğru yollardan biridir.

7.

Ədəbiyyatda metafizika “iki üstəgəl iki”-nin “dörd” olmadığı yerdən başlayır.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.