Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ Pərdə açılır, bu, bir səhnədir...
Tamaşaçılar, nə qədər çiçək...
Kimsə əl çalır, kimsə əl edir,
Hər şey tanışdır köhnə nağıl tək.”
2.
“... Pərdə bağlanır, bitir sevgimiz
Biz getməliyik, xoş qalın sizi.
Pərdə bağlanır, bəs nə üçün biz
Yenə sevirik bir-birimizi?!”
3.
Ölüm həyatın içində deyil, ölüm həyatın davamı deyil, həyat ölümün içində, həyat ölümün davamıdır.
4.
“ Geriyə baxma, daş olarsan. Nə edirsənsə et, amma geriyə baxma.”
Azərbaycan ədəbiyyatının möhtəşəm siması İlyas Əfəndiyev cəsarətlə və çəkinmədən geriyə baxdı və əsərinin adını “Geriyə baxma, qoca!” qoydu. Bu əsər daşa dönməkdən qorxmayan, inam və ümidlə geriyə baxan bir adamın peşman-peşman dərindən köks ötürməsidir. Hamıda olmur. Onun geriyə baxmaq səlahiyyəti vardı.
5.
T.Kantor: “Sonsuz çoxluqdan sonsuz çoxluğu çıxsan, yerində yenə də sonsuz çoxluq qalacaq.”
Sonsuzluğu dərk və qəbul etməyin əvəzsiz üsulu!
6.
Bilmədiyin barədə qorxmadan və çəkinmədən “bilmirəm” demək səlahiyyətin olmalıdır. Bilməməkdən utanmamaq biliyə doğru aparan ən qısa və doğru yollardan biridir.
7.
Ədəbiyyatda metafizika “iki üstəgəl iki”-nin “dörd” olmadığı yerdən başlayır.
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)