Super User
Bu gün COP-29 çərçivəsində qırğızlar Musiqili Teatrda "Adəm"lə çıxış edəcəklər
Noyabrın 13-14-də qırğız mədəniyyət və incəsənət ustaları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsinin qonaqları olacaqlar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, onlar Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) keçirildiyi günlərdə "Adəm" adlı balet-tamaşası ilə çıxış edəcəklər.
Qırğızıstanın "Artist" teatr truppasının nümayəndələrindən ibarət təşəbbüs qrupu ilə Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının birgə layihəsi olan bu tamaşa iki il öncə "Qırğızıstan Tələbələri Yaşıl İqtisadiyyat Naminə” İctimai Birliyi və ATƏT-in Bişkekdəki Proqram Ofisinin dəstəyi ilə ərsəyə gəlib.
"Adəm"də dünyanın ekoloji tarazlığının bərpası naminə insanların həmrəy olmasının vacibliyi vurğulanır.
"Hər şeyə rəğmən, bəşər övladının əsas amalı yaşıl planetin xilası və yenidən bərpası olmalıdır!" - bu, səhnə əsərinin əsas şüarlarından biridir.
Qeyd edək ki, tamaşaya giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
Azərbaycanlı tələbə Türkiyədə diziyə çəkilir
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
İstanbul Universitetinin iqtisadiyyat bölümündə magistr təhsili alan, magistraturanın 2-ci kursunda oxuyan Fərid Talıblını “Sultan Fateh Mehmet” tarixi dizisinə çəkilməyə dəvət ediblər.
O, bu filmdə döyüşçü rolunda çıxış edəcək.
Xatırladaq ki, Fərid Talıblı Azərbaycan Texniki Universitetin tanınmış professoru Misirxan Talıbovun oğludur.
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
TÜYAP Kitab Sərgisi və qonaq ölkə Azərbaycan - TƏƏSSÜRATLAR
Səbuhi ŞAHMURSOY, “XAN Nəşriyyatı”nın direktoru - “Ədəbiyyat və incəsənət” üçün
Bu günlərdə keçirilən 41-ci TÜYAP Beynəlxalq Kitab Sərgisi yekunlaşdı. Azərbaycan tarixdə ilk dəfə bu möhtəşəm sərginin fəxri qonağı oldu. Şübhəsiz, fakt özü-özlüyündə böyük hadisədən xəbər verir, amma məsələ təkcə eyforiya ilə bitmir.
Həqiqətən, Azərbaycan bu cür beynəlxalq kitab tədbirlərində fəxri qonaq ola biləcək səviyyəyə çatıbmı? Ümumiyyətlə, bu səviyyə nə deməkdir, hara kimidir? Ora gedən yolda görüləcək hansı işlər var? Bu işləri kim görməli və hardan başlamalıdır?
Suallar qorxuducu görünə, nəzərdə tutulan işlər təsəvvür ediləndən də çətin ola bilər. Amma şad xəbər odur ki, bu işləri görmək mümkündür. Şəmil Sadiqin ədəbi cameəyə səs salan “Azərbaycan yazıçıları niyə xaricdə çap edilmir?” başlıqlı yazısında bu işlərin xeyli məqamı açıq və anlaşıqlı üslubla izah edilib. Sadəcə bəzən elə orda qaldırılan məsələlərin də təməlini işləmək lazım olur. Yəni anladığınız kimi, yolumuz uzun və maraqlıdır.
Bu fəxri qonaqlıq prosesinin rəhbərliyini ölkəmizin kitab siyasətini yönləndirən Mədəniyyət Nazirliyi boynuna götürmüşdü. ANAİB-ə təmsilçilik məsələsi üçün naşir dəvət etməyə sorğu göndərmiş, naşirlər seçilmiş, ən gəncindən tutmuş ağsaqqalına qədər yazıçı və şairlərdən ibarət heyət yaratmış, mədəniyyətin təbliği üçün musiqiçi qruplarını da götürüb sərgidə geniş stend qurmuşdu. Bunların maliyyə məsələsini də öz üzərinə götürmüş, xərclərin hamısını qarşılamışdı. Bakıdan TÜYAP-a baxanda ağla gələcək nə yaxşı tədbir varsa, onlar əsasında proqram hazırlamış, Azərbaycan stendini ziyarət edən bütün qonaqların milli şirniyyat və çaysız geri qayıtmaması üçün gözəl süfrə açmışdı.
Mədəniyyət Nazirliyinin nümayəndələri beş günlük proqram müddətində bütün dəvətlilərlə bərabər Azərbaycan stendində oldu; bizimlə birgə işlədilər, Azərbaycan mədəniyyəti və kitabını təbliğ etmək üçün əllərindən gələni etdilər. Bu mənada nazirlik nümayəndələrinə şəxsim adından minnətdaram. İlk dəfə onlar sayəsində dərin ümidlərə kökləndim.
Prosesdə iştirakçı olan (əsasən, ANAİB üzvü) naşirlər də öz kitablarını türk və xarici naşirlərə təklif etməyə, xarici kitabların müəllif hüquqlarını almağa, müqavilələr bağlamağa çalışdılar. Gördüyüm qədər nümayəndə heyəti arasında ən fəal kəsim elə naşirlər oldu (Məncə, elə bu cür də olmalı idi).
Dəvətli yazıçı və şairlərin imza saatları, panel çıxışları da nəzərdən qaçmadı. Onlar da həvəslə tapdıqları “bir ovuc” oxucuları ilə ünsiyyət qurmaqdan, maraqlı söhbət etməkdən, kitablarını imzalamaqdan qalmadılar.
Bütün sadaladıqlarım sərgidə Azərbaycan nümayəndə heyətinin nəyəsə cəhdinin bir qismi idi. Amma bu cəhdlər sistemli görünürdümü? Nəticəsi nə oldu? Yaxud sualı belə quraq: “Bu prosesdən gözləntilərimiz nələr olmalıdır?”
Anlamalıyıq ki, istənilən xarici ölkədəki təmsilçiliyimiz ölkəmizdə məlum sahədə gördüyümüz işlərə əsaslanır. Burda hərə öz üzərinə düşən işi layiqincə yerinə yetirməsə, əlindən gələnin ən yaxşısını etməyə çalışmasa, dünyaya çıxma cəhdlərimiz də uğursuzluq və nəticəsizlikdən başqa şey olmayacaq. Məsələn, TÜYAP sərgisi çərçivəsində Almaniyanın Frankfurt Kitab Sərgisinin Türkiyə və Qafqaz üzrə nümayəndəsi ilə baş tutan çox faydalı görüşümüzdə anladıq ki, kənardan bəh-bəhlə baxdığımız o sərginin yetmiş beş illik ənənəsi var. İnsanlar ümumilikdə yüz ilə qurduqları ölkənin kitab strategiyasını il-ildən təkmilləşdirməyə, bu yolda dövlətlə özəl sektor əməkdaşlığının faydalılıq əmsalını hətta bir kiçik layihə çərçivəsində qorumağa, ölkə kitabçılığının vəziyyətini hər rübdə dəyərləndirməyə, alman dilini beynəlxalq dillər siyahısına salmaq üçün xüsusi strategiya yürütməyə, dövləti ictimai birliyin verdiyi təkliflərlə hesablaşmağa, ümimiyyətlə, ölkə kitabını tanıtmaq üçün məntiqli, tutarlı nə varsa, istifadə etməyə çalışırlar. Bunun üçün də həm dəmir, həm elastik qaydalar sistemi qurublar. Seçimləri şəxsi münasibətlər yox, peşəkarlıqdır. Ona görə də dünyanın bir nömrəli kitab sərgisinin müəlliflərinə çevriliblər.
Bəzən düzgün getməyən hər şeyi yüksək dairələrin üstünə yıxmaq rahat yol kimi görünür. Arqumentasiyamız da dünya təcrübəsidir. Dərk etməliyik ki, “dünya təcrübəsi” dediyimiz şey uzun illik ənənələrin, məktəblərin, cərəyanların, “yoxlama-yanılma” cəhdlərinin, il-ildən zamana uyğunlaşmanın nəticəsidir. Bir ildə, beş ildə həmin təcrübələri əldə etmək həmişə mümkün olmur.
İstənilən halda Azərbaycan təcrübəsini yaratmaq üçün həmin dünya təcrübəsi yol xəritəmiz ola bilər. Əvvəlcə ədəbiyyatın güclü silah olduğu fikrini hüceyrələrimizə kimi qəbul etməliyik. Düzgün yazılmış əsərin müharibələrin qarşısını alan, həqiqi sülh yarada bilənməfhum olduğuna inanmalıyıq.
Yazıçı və şairlərimizi yazıq, səfil, sərxoş, yalnız toyda tamadalığa yarayan, yarıtmaz fərd görkəmindən xilas etməli, intellektual faydalılıq əmsalı ilə uğur qazanan şəxsiyyət olduğunu göstərməliyik. İnkişaf istəyən, həqiqi ədəbiyyat yaradan, gördüyü işi anlayan və yazmağı hobbi saymayan müəlliflərimizi qonorarsız nəşr etməməliyik. Kitabların auditoriyaya çıxmasında nəşriyyat-müəllif əməkdaşlığına peşəkar səviyyədə nail olmalıyıq. Ədəbiyyatımızı yerli oxucularımıza sevdirməliyik ki, öz düşüncə adamlarına inana bilsinlər.
Bu humanitar bazarın tələb-təklif prinsipini formalaşdırmalı, bununla hesablaşmalıyıq. Kitabların orta tirajları əhalisi on milyon olan ölkə qarşısında biabırçı rəqəmlər kimi görünməməlidir. Yerli kitab satışları xarici dildə olan kitab dövriyyələrini üstələməlidir. İmza və təqdimat mərasimləri yubiley formatından çıxmalı, əsl oxucularla dolub-daşmalı, yazıçı masaları qarşısında imza gözləyən oxucu ordusu görməliyik.
Öz redaktorlarımızın, korrektorlarımızın, illüstratorlarımızın, dizaynerlərimizin və nəşriyyat işi zəncirində yer alan istənilən ixtisas sahibinin inkişafı üçün sistemli işlər görməliyik. Xarici əsərlərin doğma dilimizdə rahat oxunması üçün tərcüməçilərə dəstək olmalı, onları düzgün istiqamətləndirməli, inkişaflarına şərait yaratmalı, qonorarı da peşəkarlıq səviyyələrinə görə təklif etməliyik.
Nəşriyyatlarımız ixtisaslaşmalı, öz mövzusunda təkmilləşməlidir. Nəşriyyatları faydalı işlər ortaya qoymağa maneə yaradan maliyyə çətinliyindən, həm cəmiyyətin, həm ictimai sektorun, həm də dövlətin gözündə riskli sahə olmaqdan qurtarmalı, onların (əgər varsa) elitaya çıxışını təmin etməli, biznes mühitində proqressiv olduğuna inanmalıyıq.
Ədəbi tənqid sahəmizi uzun əsrlik yuxudan oyatmalı, əlinə kitablarımızı verməli, təhlil əsaslı tənqid etmələrinə çalışmalıyıq.
İstənilən qurumun kurasiyasında fəaliyyət göstərən kitabxanaların zənginləşdirilməsi üçün layihələr və işlək mexanizmlər təklif etməli, bunların effektiv işləməsinə nail olmalıyıq. Müasir tendensiyalara cavab verən bədii kitab mağazaları və onları vaxtlı-vaxtında təmin edəcək kitab dağıtımı sistemləri yaratmalıyıq. Bunları təkcə paytaxtda deyil, bütün ölkədə tətbiq etməliyik.
Oxucu auditoriyası yaratmağa bağça və məktəblərdən başlamalı, universitetlərlə davam etməliyik. Bu məsələdə təhsil qurumları ilə sərbəst rejimli və işlək münasibətlər qurmalıyıq.
Paytaxt və bölgələrdə davamlı kitab sərgi-yarmarkaları keçirməli, kitabı bütün ölkə boyu əlçatan etməliyik.
Müxtəlif nominasiyalarda ədalətli prinsiplərə, peşəkarlığa söykənən ədəbi mükafatlar yaratmalıyıq. Bu müsabiqələrdə fərqlənən yazıçılara elə mükafat verməliyik ki, onların həyatında mühüm rol oynasın. Yalnız bundan sonra dünyaya çıxmaq haqqında düşünmək olar.
Azərbaycan ədəbi mühitində artıq danılmaz imzaya çevrilmiş, saysız oxucu və peşəkar tənqidçi rəğbəti qazanmış müəlliflərimizi xarici nəşriyyatlara layiqli qələm adamı və humanitar brend kimi təqdim etməliyik. Əsərlərimizin xarici nəşriyyatlara inteqrasiyasında mühüm faktor olan tərcüməçi bazası qurmalı, bunun maliyyə məsələsini qarşılayan tərcümə qrantları verəcək fondlar təsis etməliyik. Məlum fondları təkcə dövlətdən gözləməməli, yenə də (əgər varsa) elitaya üz tutmalıyıq. Onlar sayəsində fərqli tematikalı ədəbi əsərlərə dəstək olacaq məhdud fondlarımız da yaranmalıdır.
Bu mərhələdə ədəbi agentlərə də ehtiyacımız olacaq. Onların da effektiv işləmələri, müxtəlif sərgi və fellovşip formatlarında ədəbiyyatımızı təbliğ etmələri üçün düzgün münasibət və iş prinsipi ortaya qoymalıyıq.
İstənilən beynəlxalq kitab tədbirində təmsilçiliyimiz o zaman həqiqi uğurla nəticələnəcək ki, ölkə səviyyəsində kitab sənayesini beynəlxalq standartlara uyğun inkişaf etdirəcək və ədəbi nöqteyi-nəzərdən dünyaya deyəcək sözümüz olacaq. Təsəvvür etdiyiniz kimi, bunlar bir şəxsin qərarı, bir qurumun şərtləri ilə düzələn deyil. Bu yolda irəliləmək üçün kitabçılığın, yaxud dövlətin tərzində desək, kitab siyasəti zəncirinin istənilən halqasında dayanan hər şəxs üzərinə düşəni etməlidir.
Yəni hərə özündən başlamalıdır.
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
Noyabrın 12-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin COP29-la bağlı ölkəmizdə səfərdə olan Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə ikitərəfli görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, xanım naziri salamlayan Adil Kərimli ölkəmizdə keçirilən bu mötəbər tədbirdə iştirak etdiyinə görə həmkarına təşəkkürünü bildirib.
Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin səviyyəsini yüksək qiymətləndirən nazir xüsusilə son illərdə bu sahədə əməkdaşlığın daha da möhkəmləndiyini diqqətə çatdırıb. Qeyd olunub ki, iki ölkənin bədii kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin təşkili, incəsənət təhsili sahəsində təcrübə mübadiləsi, sərgi, müsabiqə və festivallarda mütəmadi iştirak əlaqələrimizin dolğun mənzərəsini yaradır.
Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini deyib, bu münasibətlə Bakıda olmasından məmnunluğunu dilə gətirib. Qonaq nazir də iki ölkənin mədəni əlaqələrinin perspektivlərini yüksək dəyərləndirib.
Adil Kərimli COP29-un mədəniyyət və ətraf mühit məsələləri ilə bağlı gündəmi barədə məlumat verib. Qeyd edib ki, tədbir çərçivəsində mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək. Görüşün məqsədi incəsənət və mədəni irsin iqlim fəaliyyəti gündəliyinə daxil edilməsi üçün beynəlxalq konsensusa nail olunmasıdır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin irəli sürdüyü “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünə həsr olunan sessiya və bu təşəbbüsün təqdimatı da keçiriləcək.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
COP kəmfürsətçiliyi - ƏKBƏR QOŞALI YAZIR
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, siyasi icmalçı Əkbər Qoşalının növbəti siyasi icmalını təqdim edir.
Paytaxt Bakıda ayın 11-dən öz işinə başlayan COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ötən gün Liderlər Sammiti (və digər tədbirlər) ilə davam etdi.
Bəli, gözlənilən gün gəldi, COP29 başladı və beynəlxalq ictimaiyyətin gözü Azərbaycan paytaxtına dikilmiş oldu. İndiyədək çoxsaylı beynəlxalq tədbirə uğurlu evsahibliyi edən Azərbaycan, COP29-u da alnıaçıq, üzüağ başa çatdıracaq - buna şübhə yoxdur. Qoşulmama Hərəkatının Zirvə Görüşü olsun, Sivilizasiyalar və Mədəniyyətlərarası Dialoq forumları, Beynəlxalq Neft-Qaz Sərgisi, Enerji Həftəsi, l Avropa Oyunları, Avropa Musiqi Yarışması, IV İslam Həmrəylik Oyunları, Türk Dövlət Başçılarının Zirvə Görüşü və s. olsun - Azərbaycan dəfələrlə öz təşəbbüskarlığı ilə seçilib, təqdim etdiyi modellərlə parlaq örnəklər yaradıb. Doğrudur, hazırda mövzu iqlim dəyişmələridir, lakin əsl məsələ bəlkə mədəniyyət iqlimindəki dəyişmələrdir. Bəli, bəli, mədəniyyət iqlimi! - Mədəniyyət iqlimi bir baxıma dəyişməli, bir baxıma, dəyişməməlidir. - Əsl (köklü) mədəniyyət iqliminin - bütün pozitivlərin cəminin sabitliyi önəmli olduğu kimi, fərqliliklərin çatışmaya, dözümsüzlüyə, ayrı-seçkiliyə dönüşdürülməsi də qətiyyən qəbuledilməzdir.
Konkret deyək: bir xeyli ölkəni guya mədəni birlik, guya ortaq irs və yenə guya dil birliyi adı ilə Frankafoniya çatısı altında bir araya gətirən Fransanın Prezidenti Makron COP29-a gəlməyib;
guya dünyada ədalətinin supergüclü qoruyucusu görəvini üstənən ABŞ-ın Prezidenti bir yana, ABŞ-ın Dövlət katibi gəlməyib;
faşizm, nasizm kimi qlobal ideoloji bəlaları yaradan və sonra da onlardan imtina etdiyini rəsmən duyuran Almaniyanın Federal Kansleri Olaf Şolts gəlməyib, Avropa Komissiyasının Almaniyadan olan Prezidenti xanım Ursula Fon der Lyayen gəlməyib;
daha kimlərsə də gəlməyib. “Növbətçi səbəb”ləri bir qırağa qoysaq, onların nə üçün gəlmədiyini bilirik, amma əlbəttə, düzgün hesab etmirik. Ona görə ki,
onlar özləri belə əsl səbəbi açıqlaya bilmirsə, deməli, torbada pişik, zənbildə kəklik, çuvalda cida və daha da nələrdəsə nəsə var… Biz o “pişiy”in, “kəkliy”in və o “cida”nın da fərqindəyik...
Uzun sözün qısası və açığı:
Azərbaycan (iraq olsun) əldəölən, sözəbaxan olmalıymış, olmayıb! Və bu da birilərini çox bərk narahat edib. Olsun!
Görəsən, biz bəzilərinin ürəyindən keçənləri etsəydik - məsələn, Vardanyan, Qukasyan, Arayik və o kimi digər savaş suçlularını, cocuq qatillərini açıb buraxsaydıq, yaxud heç yerli-dibli tutmasaydıq və hətta, onlar Xankəndiyə Stepanakert deyə-deyə ordan başımıza yenə od ələsəydi, bu hal, Makron, Bayden, Şolts, Ursula Fon der Lyayen və b.-nın Bakıya məmnun gəlişini şərtləndirərdimi?
Almaniya iki Dünya müharibəsinin hər ikisinin baiskarıdır;
Allah qoymasa, Fransa, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvləridr
və COP BMT-nin tədbiridir, iqlim dəyişmələrini müzakirə edir, çözüm arayır. Belə çıxır ki, BMT işlərinə yarayınca BMT-dir, Azərbaycanda tədbir keçirəndə isə BMT-likdən çıxır, eləmi?
“Dünya əhalisi 8,04 milyarda çatdı. Bu 8 milyard insandan -
Avropada 11%,
Quzey Amerikada 5%,
Güney Amerikada 9%,
Afrikada 15%,
Asiyada 60%-i yaşayır.
77% insanın özünün evi var, 23%-nin yaşamağa yeri yoxdur;
25% qidalanmadan, 13% təmiz içməli su çatışmazlığından əziyyət çəkir.
Dünyada insanların 26%-i 15 yaşına çatmadan ölür. 15-64 yaş aralığında ölüm nisbəti 66% təşkil edir. İnsanların yalnız 8%-i 65 və daha yuxarı yaşda yaşayır” (Qaynaq: “New England Journal of Medicine” (20.08.2024)). - Bu bilgilərin bir bölümü bilavasitə, bir bölümü dolayısıyla COP mövzusu olub, iqlim dəyişməsi, ekologiya korlanması məsələləri ilə sıx bağlıdır. Çatışmazlıqların, yetərsizliklərin mənzərəsi vahimdir!
Beləliklə,
COP29-a gəlməyənlər gəlməməyində olsun, bəyəm, Azərbaycan buna görə öz milli çıxarlarından pəs etdimi?
Gələnlər gəlməyənlərdən dəfələrlə çoxdursa və müzakirə edilməli məsələlər də çoxdan çoxdursa, kimlərinsə Bakıda yoxluğu bizim problemimiz deyil.
Açığı,
əgər birilərinin qeyri-obyektiv yanaşması, qeyri-konstruktiv davranışı (öz ağıllarınca, basqısı) nəticə verərdisə, bu, bir Azərbaycan vətəndaşı, bir yazar olaraq məni incidərdi. Qalib ölkə ilə diqtəylə danışmazlar! Qalib ölkə vurğusunu da təsadüfən etmirəm:
biz,
işğal altında saxladığı torpaqlarda təbiətin anasını ağlar günə qoyan, suyu yayda kəsib, qışda üzüaşağı buraxan, mədənləri qanunsuz və zalımcasına istismar edən,
yaşıllıqlara divan tutan, çaylara zəhərli maddələr axıdan, torpağın təyinatını mina basdırma yeri olaraq qavrayanların üzərində qələbə çalmışıq!
Biz öz Zəfərimizlə həm bilavasitə iqlimə, həm mənəvi iqlimə, ekologiyaya xidmət göstərmişik.
Biz Şər üzərində qalibiyyətdən danışırıq. Ondan danışırıq ki, məğlub etdiyimiz Ermənistan həmin o Almaniyanın rəsmən imtina etdiyi faşizmi, soyqırımı siyasətini XX yüzilin sonları - XXI yüzil başlarında dövlət siyasətinə çevirmişdi! Yəni, öz Zəfərimizlə yalnız Ermənistanı yox, Şəri, işğalı himayə edənləri sarsıtmışıq. Bax, indi də onların bəzisi inersiya ilə hələ də 2020-ci il öncələrinin xiffətini çəkir, bizim yeni başarılarımızı sinirə bilmirlər.
Bizə kiminsə haqlı sözü varıydısa yaxud kimsə bizimlə hansısa mövzuda anlaşmaya varmaq istəyirdisə, o zaman o haqlı söz, o anlaşma üçün COP29 kəmfürsətliyimi etməliydi? 30 illik işğal və ATƏT-in Minsk qrupu kimi bir yarıtmaz üçlünün mövcudluğu dönəmində öz ləyaqətini, xarakterini qorumağı bacaran ölkə ilə, o ölkənin sözü imzası qədər keçərli lideri ilə danışmağın çox sadə üsulu var: ədalətli olmaq, sayğılı davranmaq, səmimiyyət göstərmək! Yoxsa, sənin aşırı dərəcədə çirkləndirdiyin planetin qayğısını mən çəkim, sən də mənə siyasi naz et, diplomatik cilvə yap - belə yaramaz!
Ayrıca, dünya günü bu gün müharibələrdən əziyyət çəkir. Müharibə yalnız fiziki baxımdan deyil, ruhi-mənəvi baxımdan da iqlimi pozur, ekologiyanı zədələyir. Müharibələr torpağın bərəkətinə, suyun tərkibinə, bir sözlə, flora və faunaya çox (amma çox!) mənfi təsirlər göstərir. Özü müharibə aparan, müharibəni tətikləyən yaxud işğalların həmməsulu olanlar, 30 illik ağır işğala 44 gün içində son verməyi bacaran - XXI yüzilin comərdcə müharibəaparma mədəniyyətini nümayiş etdirən bir ölkədən nə istəyir?.. Yoxsa, COP29-un Bakıda keçirilməsi haqqında qərar verilməmişdən öncə Azərbaycanın atdığı müstəsna humanist addımdan dişlərində şirə qalıb?..
Suallar ritorik, məsələlər bu qədər açıq və aydındır!
Göy üzü hər qitədə və həmişə aydın olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
MƏŞHURLARLA ÜZBƏÜZ – Gülüstan Əliyeva bir neçə missiya barədə
“Məşhurlarla üzbəüz” rubrikasında bu dəfə “Ədəbiyyat və incəsənət” sizlərə Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının və Milli Konservatoriyanın solisti Gülüstan Əliyevanın fikirlərini təqdim edəcək. Fikirləri ondan Aysel Kərim alıb.
Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində iştirak etmiş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur.
Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənmişdir. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olaraq, 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi də olmuşdur.
1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə inməktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə ailə həyatı quraraq yaşadığı Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır.
2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiyası "Azərbaycan Bəstəkarların opera yaradıcılıqında qadın obrazlarının musiqili drammaturji həlli" adlanır.
Gülüstan Əliyeva konsert fəaliyyəti ilə olduqca ciddi və səmərəli məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edir. Müğənni həmçinin dövlət konsertlərində, tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur.
Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib.
2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildəvə 10 may 2019-cu ildəPrezident Mükafatına layiq görülüb.
2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına layıq görülüb.
Səsi – sopranodur.
Gülüstan Əliyeva həm məşhur sənətkar, həm ailəcanlı ana və həm də nənədir. Üçünü bir ömürə sığdırmaq necə mümkündürm?
G.Ə: İnsan nələrə qadir deyil ki? Nələri sığdırmır ki ömrünə? Ayrılıqları, həsrətləri, ölümləri, sevgiləri, vüsalları. Təbiidir ki, əgər bu dünyaya gəlmisənsə sənə verilən ömrü, məqamları dolu-dolu yaşamalısan. Bütün ömrümüz məqamlardan ibarətdir. Yaşlanmısansa, demək o xoşbəxtliyə çatmısan. Yaşa dolmaq özü bir səadətdir. O qədər insanlar gənc yaşlarında dünyadan vaxtsız gedirlər ki. Onlar bu həyatın gözəlliyini, həyatın dadını görmədən bu həyata vida edirlər. Amma yaşlanmaq, yaşlana bilmək, üstəlikdə də dəyərli yaşlanmaq, nənə olmaq, sevilən qadın, sevilən sənətkar olmaq bunlar hamısı insanın özünün bacardığı bir şeylərdi. Təki ölüm olmasın. Bir tək ölümə çarə yoxdu. Əlbəttə ki, bütün bunları və daha artığını ömrümə sığdırmağı bacarmışamsa nə xoş mənə.
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
“Sol yanımda gül saklı” - Uğur Zafer
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Sol yanımda gül saklı”
Uğur Zafer
Beni bildin mi, anne?
İlk göz ağrın, çileli doğumun,
Sol yanının altında gül nişaneli oğlun-
Çakır gözlün, Uğur’un...
Nerede kerpiçten bir ev görsem,
Gaz lambası altında
Pirinç karyolaya sığındığımız,
Tek pencereli, bir gözlü odadan ibaret
O mahzun çocukluğum gelir aklıma...
Utanırım,
Utanırım yaşama ettiğim sözlerden,
Utanırım geçim derdinden,
Mutsuzluğa dair, fütursuz serzenişlerimden
Utanırım.
Sana bir çiçek gönderiyorum, anne,
O çiçeğin her yaprağında kalbim var.
En güzel yerinde gizle...
Tebessümünde güneş,
Hüznünde kış yaşarım,
Al beni sımsıcak bağrına,
Hırçın dalgalardan kolla, sakla koynunda ,
Saçlarımı okşa mübarek tarağınla...
Hep çocuk kalacağım senin nazarında,
Ellisine gelsem de büyümeden daima...
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
REDAKSİYANIN POÇTUNDAN – “Olanda” şeiri
“Ədəbiyyat və incəsənət” portalının poçtunda növbəti məktub Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğludandır, o “Olanda” adlı şeirini yollayıb.
OLANDA
"Daşın dibindən də göyərib çıxar
Çiçəyin toxumu dolu olanda."
Bəxtiyar Vahabzadə
"Daşın dibindən də göyərib çıxar
Çiçəyin toxumu dolu olanda."
Bütün müşküllərdən qurtulmaq olar
Elin ağsaqqalı ulu olanda.
Ey qafil, az axtar şanı, şöhrəti,
Ölümdür, itirsə kişi qeyrəti,
Nə dəyəri olar, nə də hörməti,
İnsan öz nəfsinin qulu olanda.
Yollar çox olsa da birin seçərsən,
İnansan bu yola, and da içərsən,
Zirvəni aşarsan, dağı keçərsən,
Yolun həqiqətin yolu olanda.
Halal yollarda da çoxdur əziyyət,
Onunçun bu yolu sevməz bədniyyət,
Coşqun, yaddaşlarda qalıb bu söhbət:
-Nökər bəy olammaz, pulu olanda.
20.09.2024.
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
Bu gün Ümumdünya Yaxşılıqetmə Günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
13 noyabr. Beynəlxalq gözdən əlillər günü
1745-ci ilin 13 noyabrında Fransada tanınmış pedaqoq Valentin Qayui doğulub. O, Parisdə və Peterburqda korlar üçün bir neçə məktəb yaradıb. Məhz həmin tarix də görmə məhdudiyyətləri olan insanların günü kimi götürülüb. Qayui relyefli şrift yaradaraq görməyənlərin əllərini toxundurmaqla oxumalarını təmin edib. Ta ki 1829-cu ildə Lui Braylın relyefli altınöqtəlik şriftinin kəşfinə qədər görmə məhdudiyyətli insanlar Qayuinin dərslikləri ilə elm alıblar.
Hazırda dünyada təxminən 124 milyondan çox gözdən əlil yaşayır. Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən, Gözdən Əlillər Cəmiyyəti isə 2002-ci ildən fəaliyyət göstərir. Bu gün gözdən əlil insanlar diqqət mərkəzində duracaqlar, onlara qayğı və nəvaziş göstəriləcək. Gözdən əlil olmaq bir tale işidir, bir fiziki qüsurdur. Vay o hala ki, insan gözləri görə-görə kor ola. Bax bu əsl faciədir.
13 noyabr. Ümumdünya Yaxşılıqetmə Günü
Nə gözəl bir gün. Xüsusən indiki bu qəddar durumda, mənəvi gözəlliklər deqradasiyaya uğradığı bir zamanda, yaxşılıq edənlər qırmızı kitaba salınanda belə bir günün təqvimə salınması necə də gözəldir. Nə olar, bu gün hər bir kəs yaxşılıq eləsin, imkanı nəyə çatırsa həmin civarda imkansıza əl tutsun. Yaxşılıq tək maddiyyat deyil ki. Darda olana məsləhətiylə, təskinliyi ilə kömək eləmək də yaxşılıqdır. Bəzən bir məsləhət bir küp qızılın edə bilmədiyini edə bilir.
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
Bu gün COP29-un mədəniyyət proqramı çərçivəsində “REVİVAL” (Oyanış) təqdim ediləcək
Noyabrın 11-dən başlayraq noyabrın 22-dək ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu qlobal əhəmiyyətli tədbir çərçivəsində qonaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə maraqlı bədii proqramlar - konsertlər, sərgilər və təqdimatlar keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu gün - noyabrın 13-də saat 19:00-da Heydər Əliyev Sarayında “Oyanış" adlı konsert proqramı gerçəkləşəcək.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim edəcəyi konserti COP29-la bağlı Bakıya gəlmiş onlarla ölkənin dövlət və hökumət başçıları, digər rəsmilər, iqlim üzrə mütəxəssislər izləyəcəklər.
Qeyd edək ki, “Oyanış” bəşəriyyətin təbiətlə münasibətini bərqərar edən və həyat üçün zəruri olan başlanğıc ünsürlərə təfəkkürlə baxmağa çağıran müqəddəs ayindir. Yaşadığımız dövrdə hava, su, torpaq və od kimi vacib elementlər yeni düşüncələrə ilham verən mövzulara çevrilib. Buna görə də şou suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə əlaqələndirən yenidən başlanğıc kimi düşülür. Çətin təkamül yollarında itmiş bəşəriyyət hər bir elementin mahiyyətində təbiətin bədii əsərini bizə göstərmək üçün uzaq zamanlardan gələn müəyyən kahinlərin müdrikliyi ilə ziyarət ediləcək. Bütün bunlarla birləşən kosmik yazışmaların dinamikası daxilində müqəddəs kişilik və qadınlıq dialektikası Xeyirə doğru kollektiv səy kimi həyatı yeniləyən bəşəriyyətin toxumasını toxuyacaq. Xalça saysız-hesabsız düyünlərin birləşməsinin nəticəsi olduğu kimi, biz də xalqlar arasında kollektiv iradənin məziyyətləri ilə əldə edilən birliyin gözəlliyini təsəvvür edirik. İnsan məhdudiyyətləri ilə çərçivələnən saf bir ruh kimi, onu gizlədən daşdan azad edilmiş Bakı Qülləsinin Qızcığazı bizə “insan olmağı” xatırladan o gözəlliyi, saflığı və kövrəkliyi ilə insanlığı ruhlandıracaq. Həqiqətən də, insan olmaq kövrəkliyimizi etiraf etməkdir, amma hələ də həyat səhnəsində olmaqdır. Amma həyat gözəllik kimidir; tanınmadıqca, qayğı göstərilmədikcə mövcud deyil. Axı gözəllik baxanın gözündədir. Bu səbəbdən rəqs şövqü və ruhlandırıcı bahar arzusunda, hər şeyi yeniləmək üçün bəşəriyyətə verilən yeni bir işığın müjdəçisi kimi əbədi məşəl alovlanacaq...
Ölkəmizdən və xaricdən incəsənət ustalarının iştirakı ilə hazırlanan şou-kompozisiyanı ərsəyə gətirənlər:
Turanın qızı - Cüsy Di Blasi
Atəş keşişi - Antonio Bonura
Kahinlər - Ancela Aucello, Grazia Montelione, Sabrina Puleo, Luçie Vendlovà
Qalanın Bakirə Qızı - Tatiana Foski, Afag Abbasova
Naməlum Şahzadə - Ramil Qasımov
Solo tar – İbrahim Babayev
Mugam solo – Fərqanə Qasımova
Mugam solo – Teyyub Aslanov
Balaban Solo – Anar Vəlizadə
Xoreoqrafiya – Nailə Məmmədzadə
İşığı rejissoru - Kristian Zukaro
Video Rəssam - Luka Attilii
İcraçı rəssam - Tehran Babayev
Səhnələr üzrə köməkçi - Roberto Tusa
Orkestr və xor
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri
Dirijor - Əyyub Guliyev
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xoru
Xormeyster - Sevil Haciyeva
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baleti
Rejissor, Dəstlər və Kostyumlar by Françesko Bondì
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)