Super User
BMT rəsmisi “ASAN xidmət”də
Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Əl-Xatib "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Dima Əl-Xatib “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində təqdirəlayiq olduğunu deyib. Həmçinin sözügedən təcrübənin, burada tətbiq olunan innovativ yeniliklərin öyrənilməsində və müvafiq sahələr üzrə əməkdaşlıq perspektivlərinin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Görüş çərçivəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanışlıq olub.
Qonaq Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
“Sözdən yaranan incilər”də - Alovun kölgəsi olmaz, satqının da ölkəsi
Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
- Özü ilə yarışan məğlubiyyət dadmaz.
- İnsan özü ilə dara düşəndə tanış olar.
- Qulaq çox sirrlərə yiyəlik edərdi, ağız
olmasaydı.
- Əvvəldə bir dəfə “ yox” deyə bilsən, sonradan çox “ niyə” lərdən canını qurtararsan.
- Qadın müəllim kimidir, kişidən özü düşündüyünü eşitmək istəyir.
- Həyatda heç kimin yerində gözün yoxdursa, deməli, öz yerindəsən.
- Alovun kölgəsi olmaz, satqının da ölkəsi.
- Hər dərinliyin öz dalğıcı, hər sözün öz alıcısı var.
- Ümid qırılanda səsi hıçqırıqla çıxar.
- Yalanın alanı çox olar.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
POETİK QİRAƏTdə Musa Ələkbərlinin “Sevgidir…” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Musa Ələkbərlidir. Şair sevginin ülviliyindən, ululuğundan bəhs edir.
Bunu mən bilirəm, bir də Allahım
Bu sevgi nə qədər təmiz sevgidir.
Ülvi duyğulardan süzülüb gəlib
Mənə canımdan da əziz sevgidir!
- deyən şairin bu, ən səmimi etirafı deyilmi?
Xoş mütaliələr.
SEVGİDİR
Bunu mən bilirəm, bir də Allahım
Bu sevgi nə qədər təmiz sevgidir.
Ülvi duyğulardan süzülüb gəlib
Mənə canımdan da əziz sevgidir!
Yollarında çox yubatdım özümü,
Çatammadım, qırıb çatdım özümü.
Qucağına lapdan atdım özümü,
Bu dərya sevgidir, dəniz sevgidir!
Sevilmək istəyim, sevmək qürurum
Qoymadı tükənsin üzümün nuru,
O qardan bəyazdı, bulaqdan duru
Dəryadan, dənizdən dərin sevgidir!
Seçib ürəyimi bir yuva kimi,
Mənə doğmalaşıb el-oba kimi.
Dilimdə əzbərdi son dua kimi
Yaşamaq eşqitək şirin sevgidir
Ən yaxın çevrəndi, ən doğma kəsin,
Şeirdə, nəğmədə boy verən səsin.
Tanrıdan güc alan uçmaq həvəsin,
Açılan qanadın-pərin sevgidir!
Sevgi nağılın var necə çox sənin,
Köksündə simləyib neçə ox sənin?!
Ay Musa, dünyada dərdin yox sənin,
Torpağın sevgidir, yerin sevgidir!!!
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
Beynəlxalq Afrika Yazıçılar Günü Toqoda qeyd edilib
“Ədəbiyyat və incəsənət” portalı Ümumdünya Yazıçılar Təşkilatının (WOW) vahid informasiya platformasının növbəti informasiyasını diqqətinizə çatdırır.
İnformasiyanı Pan-Afrika Yazıçılar Birliyinin baş katibi Dr. Ueyl Okediran hazırlayıb.
2024-cü il beynəlxalq Afrika Yazıçılar Gününü qeyd etmək üçün 7 noyabr 2024-cü ildə Toqo Yazıçılar Birliyi Toqoda ikinci beynəlxalq ədəbi simpozium təşkil etdi.
Lome Universitetində keçirilən tədbir "Ədəbiyyatın zorakı ekstremizmə qarşı mübarizəyə töhfəsi" mövzusuna həsr olunmuşdu.
Dərnəyin prezidenti, professor Kumealo Anate (şəkildə solda) salamlama nitqində ədəbiyyatın sülh və təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynayacağını söylədi.
Panel müzakirələrində Pan-Afrika Yazıçılar Birliyinin baş katibi Dr. Ueyl Okediran (şəkildə sağda) və digər qonaq məruzəçilər çıxış etdilər.
Mədəniyyət və turizm naziri və müxtəlif inkişaf tərəfdaşların qonaqlara təqdim edildi.
Gün ərzində digər tədbirlərə musiqi təqdimatları, mükafatlandırma mərasimi və vida yeməyi daxil idi.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
Gülüş klubunda Əlisöyün kişi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bank yarılıb. Polis şahid ifadələri alır. Şahidlərdın biri deyir:
-Soyğunçu qabaqlar “Makdonalds”da işləyib.
Polis təəccüblənir:
-Hardan bilirsiz?
-O tapançasını göyə tuşlayıb “hamı yerə uzansın” demək əvəzinə “boş kassa” dedi.
2.
Hamı şikayətlənir ki, kərə yağının qiyməti digər ərzaqlara baxmış çox bahadır.
Amma narahatlığa əsla dəyməz. Lap yaxın günlərdə digər ərzaqlar da çox baha olacaqlar.
3.
Gədəbəyin ucqar dağ kəndində yaşayan 92 yaşlı Əlisöyün kişinin mobil telefonuna SizinBank bankından belə bir mesaj gəldi: “Bu gündən sonra siz öz kartlarınız arasında birindən digərinə 3 milyon manata qədər vəsait köçürməklə əməliyyat apara bilərsiniz.”
Əlisöyün kişi hesabında 2 manat 47 qəpik olan kartını bağrına basaraq gözüyaşarmış halda dedi:
-Çox sağ olsunlar ki, məni də yada salıblar. İnşallah, olsa mütləq köçürəcəm.
4.
Təsəvvür edirsiz, mən uşaq qrupunda sorğu etdim ki, atalarınız evdə nə edir. Cavablar məni lap üzdü: “Yeyib-içirlər. Söyüş söyürlər. Yarım saat tualetdən çıxmırlar. Televizora baxırlar. Tank-tank oynayırlar. Mamaları qucaqlayırlar. Yatırlar”.
Vəssalam!
5.
-Qanunları niyə öyrənirlər?
-Yan keçmək üçün.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 122-ci sessiyasında təmsil olunub
Kolumbiya Respublikasının Kartaxena şəhərində BMT Turizmin İcraiyyə Şurasının 122-ci sessiyası keçirilib. Üç gün davam edən tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinə istinadən AzərTAC məlumat yayıb.
Səudiyyə Ərəbistanı Krallığının sədrliyi ilə keçirilən sessiyada təşkilata üzv olan 31-dən çox dövlət təmsil olunub.
Sessiya çərçivəsində hazırda ölkəmizin ev sahibliyi ilə keçirilməkdə olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eləcə də COP Sədrliyi, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatı ilə əməkdaşlıq çərçivəsində COP29-un tematik proqramına ilk dəfə olaraq turizmin daxil edilməsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbirdə iştirak edən ölkələr "COP29 Turizm günü tədbirləri" çərçivəsində təşkil ediləcək "Turizm sahəsi üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin yüksək səviyyəli 1-ci Görüşü"nün yekununda qəbul edilməsi nəzərdə tutulan Bəyannaməyə qoşulmağa çağırılıb.
Bununla yanaşı, Təşkilatın İcraiyyə Şurasının üzv dövlətləri 2025-ci ilin birinci yarısında ölkəmizin ev sahibliyi ilə təşkil ediləcək BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında iştiraka dəvət edilib.
Həmçinin Azərbaycanın 2025-2029-cu illər üçün BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üzrə ayrılmış yerlərdən birinə namizədliyini irəli sürdüyü qeyd edilərək, müvafiq səsvermə zamanı üzv dövlətlər tərəfindən veriləcək dəstəyin əhəmiyyətli olduğu vurğulanıb.
BMT Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili öz növbəsində təqdim etdiyi hesabatda ölkəmizdə COP29-un yüksək səviyyəli təşkili münasibətilə Azərbaycanı təbrik edib, COP29-un nəinki Qafqazın, bütün regionun nüfuzunun artmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
İclasın sonunda keçirilən seçkilərin yekununda Braziliya 2025-ci il üzrə BMT Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilib.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
Azərbaycanlı dizayner Ankarada mükafata layiq görülüb
Ankarada Əhməd Cavad adına İnstitut, Azərbaycanın Türkiyədəki səfirliyi və TÜRKSOY tərəfindən Azərbaycanın Zəfər Günü şərəfinə təşkil olunan tədbirlər çərçivəsində tanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, ekspozisiyada Qarabağ bölgəsinin milli geyim ənənələrinin əks olunduğu "Qarabağ və Xarıbülbül" kolleksiyası nümayiş olunub. Həmçinin unikal "Qarabağın cizgiləri" layihəsi - qədim Azərbaycan torpağının zəngin irsini və ictimai həyatını, musiqi və ədəbiyyatını əks etdirən ipək üzərində yaradılmış Qarabağın görkəmli şəxsiyyətlərinin portretləri təqdim edilib.
Türk dünyası mədəniyyətinin və incəsənətinin töhfəsinə və inkişafına görə Gülnarə Xəlilova Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə təsis olunmuş “Əhməd Cavad” medalı ilə təltif edilib.
Qeyd edək ki, “Cizgi” brendinin müəllifi Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə moda həftələrində və digər beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
Bu gün “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi açılır
Bu gün Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” (“Climates and Carpets”) adlı beynəlxalq sərgi açılır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgidə Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyanın tanınmış rəssamlarının bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunacaq.
Sərgidə Rusiyanın məşhur aktrisası, rejissor, rəssam, müğənni və televiziya aparıcısı Natalya Boçkaryovanın “Alovda doğulmuş” əsəri yer alacaq. Sərgidə, həmçinin North Park Universitetinin professoru Nnenna Okorenin (Çikaqo şəhəri), meksikalı rəssam Pedro Sezar Peraltanın, “YARAT” Müasir İncəsənət Məkanının və “CHELEBI” brendinin təsisçisi rəssam Aida Mahmudovanın, Əməkdar rəssamlar Taryer Bəşirov və Faiq Əhmədin, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslının, rəssamlar Məmməd Rəşidov, Milena Nəbiyeva, Məhər Məhərrəmov və Təranə Əliyevanın, eləcə də Bilgəh qəsəbəsi 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdlərinin şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif tullantılardan hazırladıqları bir-birindən fərqli sənət nümunələri yer alacaq.
Sərginin açılış mərasimində əsərlərin nümayişi ilə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan, Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də baş tutacaq. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin üzvləri toxuculuq üzrə ustad dərsləri keçirəcəklər.
Noyabrın 30-dək davam edəcək sərgiyə biletləri itiket.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, ölkəmizin əlverişli iqlim şəraiti, füsunkar təbiəti burada qədim xalq sənəti olan xalçaçılığın yaranmasında və inkişafında mühüm rol oynayıb. Azərbaycanın zəngin naxışlı, orijinal kompozisiyalı, ekoloji təmiz, rəngarəng xalçaları onun əsrarəngiz təbiətinin bütün gözəlliklərini özündə əks etdirir. Sərginin məqsədi müasir sənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda və texnikada yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişikliyinə qarşı mübarizənin, sağlam həyat tərzinin əhəmiyyətinə yönəltmək, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə səsləməkdir.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
Əbil Əbilovun gündəliyindən ikinci paylaşım
“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan ziyalımız Etibar Əbilovun dünyadan nakam köçmüş oğlu Əbil Əbilovun gündəliyindən təqdim etdiyi növbəti hissəni sizin diqqətinizə çatdırır.
Əbilin gündəliyindən:
“Lev Tolstoy haqqında ikinci yazı”
28 avqust 2006.
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. "Danabaş kəndinin məktəbi" keçdi xəyalımdan. Ona görə xatırladım ki, "Danabaş kəndinin məktəbi"ndə kəndə məktəb açmağa gələn dövlət məmurlarından uşaqları gizlədirlər. Səbəb də o olur ki, bizim uşaqları birdən əsgər (soldat) apararlar.
“Dirilmə"nin qəhrəmanı Nexlyudov öz torpaqlarını rus kəndlilərinə vermək istəyir, amma gəl, kəndlilər buna boyun qoymur və deyirlər ki, əvvəlki qayda- biyar, köləlik yaxşıdı. Əsas da onu gətirirlər ki, ağa öz torpaqlarından keçməz. Bu oyunlar, sadəcə, bizi aldatmaq üçündü.
İnsan psixologiyasını gözəl bildiyi kimi Tolstoy, elə cəmiyyət sosiologiyasını da gözəl bilir. Tolstoy "Dirilmə"ni ömrünün sonuna doğru yazıb. Tolstoyun da ahıl vaxtlarını yaşadığı illər XIX əsrin sonu, XX əsrin əvvəlinə rastlayır ki, bu dövr Rusiyada kommunizmin yaranıb, təşəkkül tapdığı dövrə təsadüf edir. Yəni bu dövr sosializm anlayışının təşəkkül tapdığı dövrdür.
Bu dövr Rusiya ədəbiyyatında "inqilab" dövrü olsa da, siyasi cəhətdən sosializm anlayışının hələ formalaşmadığı dövr idi.
Liberallığı ilə dostları arasında şöhrət tapan Nexlyudov torpağı kəndlilərə verəcəyini kəndlilərə bildirəndə doğan narazılıqla elə Tolstoy özü rus kəndlisinin buna hazır olmadlğını açıb göstərmiş olurdu. Baxmayaraq ki, elə Tolstoy özü də bütün sərvətini - torpaqlarını kəndlilərə paylamaq istəmişdi. Nexlyudovun torpaq islahatında Tolstoy özünü yazıb - desək bəlkə də mübaliğəyə yol vermiş olarıq. Amma hər halda bu, həqiqətlə az-çox uyğunlaşır.
Rus kəndlisi torpağı özəlləşdirməyə hazır olsa da, sosializmə hazır deyil. Çünki "sosializm" özlüyündə bir quruluşdur. Və bu quruluşu insanlar gəririb və yaxud apara bilməzlər. Necə ki, edə bilmədilər. Sosializm yaşayıb-tutuna bilmədi.
İnsanlar sadəcə avanqard qüvvə kimi bəzi şeyləri sürətləndirib, ləngidə bilərlər .
Bəli, Rusiyada sosializm tam mənimsənilməmiş özü özünü dağıtdı. Çünki sosializm yarananda aydın proqram xətti belə yox idi. Beləliklə, sosializm üçün sosial şərait yetişməmişdi. Bu da özünü onda sübut etdi ki, kəndlilərə verilən torpaqları 1926-cı ildə kolxozlaşma adl ilə əlaqədar geri alanda bu səfər mülkədarlar yox (o dövrdə keçmiş mülkədarlar hamısı ya həbsdə, ya Sibir sürgünündə idilər) elə kəndlilər özü üsyan qaldırıb torpağı vermədilər. Bu da sübut etdi ki, torpaq kəndliyə o sosializmi mənimsəmədiyi formada verilmişdi.
(ardı var)
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
DÖRD MÖCÜZƏVİ SÖZ - Sevgi, Eşq, Məhəbbət, Sevda
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
İnsan ürəyi təbiətin ən incə ahənglərini özü ilə daşıyan bir dünyadır. Bu ürəkdə cərəyan edən duyğuları anlatmaq isə hər zaman asan olmur. Ancaq bəzən dörd söz – sevgi, eşq, məhəbbət, sevda – insan ruhunun ən dərin qatlarına işıq salaraq əslində ayrı-ayrı duyğuların incə çalarlarını əks etdirir. Ədəbiyyatda bu sözlər müxtəlif kontekstlərdə işlənsə də, hər birinin özünəməxsus incə anlamı var və hər biri insan həyatının müxtəlif mərhələlərində öz dərin təsirini göstərir.
Sevgi: Həyatın Sadə və Saf Duyğusu
Ədəbiyyatda "sevgi" kəlməsi bəzən həyatın ən saf, təmiz məqamlarını ifadə edir. Sevgi ailə üzvlərinə, dostlara, təbiətə, hətta həyata olan bir bağlılıqdır. Bu duyğu mürəkkəb ehtiraslardan və qarşılıqlı gözləntilərdən azaddır. Əslində, sevgi həyatın özünə dair bir bağlılıqdır. İnsan sadəcə həyatın dəyərini hiss edir və onu yaşamaq istəyir.
Bu duyğunun incəliyini ədəbiyyatda tez-tez görmək mümkündür. Ramiz Rövşənin şeirlərində, Nazim Hikmətin əsərlərində insan sevgisinin bir ehtiramla işlənməsi, onu yaşadıb dəyərli etməsi qəlbə toxunan bir iz qoyur. Sevgi tək bir insana deyil, bəzən bütün varlıqlara olan bağlılığı əks etdirir.
Eşq: Odlu-Alovlu Tutqu
Eşq ədəbiyyatda fərqli bir anlam daşıyır. Eşq yanıb-yaxılmaq, coşmaq, qarşısıalınmaz bir hisslə bağlanmaqdır. Eşqdə ehtirasın və sadiqliyin izləri olur, bu hiss insanı təlatümlərə çəkir. Klassik Şərq ədəbiyyatında eşqin məna və formaları çox zaman dərin fəlsəfi təhlillərlə müşayiət olunur. "Leyli və Məcnun" əsərində Məcnunun Leyliyə olan eşqi onu dəli edir, dünyanı gözündən silir. Bu, elə bir eşqdir ki, insanı ağlından alıb təbiətə, torpağa və səmaya bağlayır.
Həqiqi eşq həm də təmiz və uca sevginin ən yüksək nöqtəsi kimi təsvir olunur. Eşq bəzən insanı məhvə sürükləsə də, onun ruhunu saflaşdırır, onu yeni bir məna ilə doldurur. Əslində, eşq bir az "yanma", bir az "yox olma" deməkdir. Bəlkə də elə bu səbəbdən Füzuli kimi böyük söz ustaları eşqi “aldığı ağrı-acıdan zövq alan bir yanğın” kimi dəyərləndiriblər.
Məhəbbət: Dərin Məna və Sükut
Məhəbbət sözü isə çox zaman təntənəli və dərin bir bağlılığı ifadə edir. Məhəbbət sevginin daha ağır, daha dərin və mənalı bir formasıdır. Bu duyğuda anlayış, fədakarlıq, qarşılıqlı hörmət vardır. Məhəbbət bəzən illər ərzində yaranır və kök salır. Elə bir sevgi ki, sönməz, illər keçsə də, gücünü itirməz. Ədəbiyyatın müxtəlif janrlarında – romanda, povestdə, hətta şeirdə də məhəbbət səmimi və ehtiyatlı duyğularla təsvir olunur. Məhəbbət şirinliklə, təmizliklə, yumuşaqlıqla səslənir. Əsərlərdə həyat yoldaşları arasında dərin məhəbbət, ata-ana və uşaqlar arasındakı səmimi məhəbbət təsvir edilir.
Bu xüsusiyyətləri ilə məhəbbət, eyni zamanda, qarşılıqlı əlaqələrdə daha dərin bir mərhələdir. Yazıçı və şairlər məhəbbəti sadəcə bir hiss kimi yox, həm də mənəvi dəyər kimi təqdim ediblər. Məhəbbət cəmiyyətin əxlaqi əsaslarını formalaşdırır, fərdləri qarşılıqlı bağlılığa yönəldir.
Sevda: Səbəbsiz Həsrət
Sevda ədəbiyyatda eşqin bir başqa formasıdır. Lakin sevda daha çox gizli, uzaqdan və əldə edilməz bir arzu kimi təzahür edir. Sevdada ümidlərlə dolu həsrət var, bəzən bu həsrət duyğuların qarşılıq tapmadığı məkanlarda daha güclü şəkildə yaşayır. Sevda insanı ümidləndirir, onu yaşamağa davam etməyə sövq edir, ancaq hər zaman içində bir məhrumiyyət hissi daşıyır.
Ədəbiyyatda "sevda" çox zaman uzaqdan-uzağa sevmək, əlçatmaz arzuya bağlanmaq kimi təsvir edilir. Elə buna görə də, Əliağa Vahid kimi şairlər sevdanı çox zaman bir nisgillə anıblar. Onların əsərlərində sevda dərd kimi, şirin acı kimi əks olunur. Bu duyğunun insan ruhunda yaratdığı təsir fərqlidir; bəzən bir insanı həyatdan soyudub öz dünyasına qapanmasına səbəb olur. Sevda bir insanı gözəl həyəcanlarla yaşayarkən, bəzən həyatı boyu bu "əlçatmazlıq" duyğusu ilə yaşadan bir istəkdir.
Ədəbiyyatın Yaratdığı Dünya
Ədəbiyyat insan qəlbində baş verən bu duyğuların hər birini müxtəlif obrazlarla, hekayələrlə, səhnələrlə əks etdirir. Hər bir duyğu özündə bir həqiqəti gizlədir, bəzən isə oxucunu yaşatmaq, düşündürmək üçün onun qəlbinin dərinliyinə xitab edir. Bu dörd söz, əslində, insan ruhunun rəngarəngliyini, duyğuların hər şəxsə görə fərqli yaşanmasını əks etdirir.
Sevgi insanı həyatı sevməyə sövq edir; eşq yanmağa, coşmağa vadar edir; məhəbbət sabit və dərin bağlılığa yol açır. Sevda isə insanı daha çox həsrətlə yaşayan, ancaq heç zaman ümidini itirməyən bir xarakterə bürüyür.
Beləcə, bu dörd sözdə sanki bir ömür yaşanır, insan ruhunun bütün təlatümləri, ehtirasları, bağlılığı bir-bir əks olunur. Ədəbiyyat bu duyğuları sözlərə çevirərək, oxucunu həm həyatın, həm də duyğuların gözəlliklərini, dərdlərini hiss etməyə səsləyir.
Bu boz noyabr günlərində sizlərə ən ülvi hisslərinizin təntənəsi arzusu ilə!
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)