Super User
Süni İntellekt: tarixi, günümüzdəki rolu və texnoloji çalışma mexanizmi
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Süni intellekt (SI) son illərdə texnologiyanın ən sürətlə inkişaf edən sahələrindən biri olmuş və həyatımızın müxtəlif sahələrində özünə yer tapmışdır. SI, kompüterlərə və maşınlara insan kimi düşünmə, öyrənmə və qərar vermə qabiliyyətini qazandırmağa yönəlmiş bir elmi sahədir. Süni intellektin tətbiqləri genişdir və onun müxtəlif alt sahələri var, o cümlədən maşın öyrənməsi, dərin öyrənmə, təbii dilin işlənməsi və görüntü tanıma.
Bu məqalə, süni intellektin tarixi, müsbət və mənfi tərəfləri, günümüzdəki rolu, çalışma mexanizmi, enerji sərfiyyatı və soyutma sistemi kimi əsas aspektləri əhatə edir.
Süni intellektin tarixi:
Süni intellektin tarixi 1950-ci illərə qədər uzanır. 1956-cı ildə Dartmouth Konfransında, John McCarthy, Marvin Minsky, Nathaniel Rochester və Claude Shannon tərəfindən ilk dəfə rəsmi olaraq süni intellekt termini istifadə edilmişdir. Bu dövrdə süni intellekt, əsasən sadə riyazi modellərə və məntiqi qaydalara əsaslanırdı. Lakin zamanla, maşın öyrənməsi və dərin öyrənmə metodlarının inkişafı ilə SI daha mürəkkəbləşdi.
1980-ci illərdə ekspert sistemləri və neyron şəbəkələri geniş yayılmağa başladı. 1990-cı illərdə isə, çoxlu verilənlər bazasının və kompüter gücünün artması ilə, süni intellektin tətbiqləri daha praktiki olmağa başladı. Bugün isə süni intellekt gündəlik həyatın bir hissəsinə çevrilib və avtomobil sənayesindən səhiyyəyə, maliyyə sektoru və müştəri xidmətlərinə qədər hər sahədə istifadə edilir.
Günümüzdəki rolu:
Bugünkü gündə süni intellekt həyatın bir çox sahəsində istifadə olunur:
Sağlamlıq: SI, tibbi diaqnozların qoyulmasında, şəkil tanımada və xəstəliklərin vaxtında aşkarlanmasında mühüm rol oynayır. Süni intellektdən istifadə edərək, xəstəliklərin proqnozlaşdırılması və fərdi müalicə planlarının hazırlanması mümkündür.
Avtomobil sənayesi: Avtomatik idarə olunan nəqliyyat vasitələriSI texnologiyaları sayəsində sürücüsüz idarəetmə bacarığına malikdir.
Müştəri xidmətləri: Çox sayda şirkət, chatbot və virtual köməkçilər vasitəsilə müştəri xidmətləri sahəsində süni intellektdən istifadə edir.
İstehsalat və sənaye: Süni intellektin tətbiqi, istehsal proseslərinin optimallaşdırılması və daha sürətli və effektiv əməliyyatların aparılmasını təmin edir.
Süni İntellektin müsbət və mənfi tərəfləri:
Müsbət Tərəfləri:
1. Səmərəlilik və Avtomatlaşdırma: Süni intellekt, mürəkkəb və təkrarlanan tapşırıqları sürətlə və düzgün yerinə yetirə bilər, bu da iş yerlərində məhsuldarlığı artırır.
2. Yeni istiqamətlər və karyera sahələri: Süni intellekt sahəsi yeni iş imkanları yaradır. Məsələn, məlumat analitikası, robototexnika və proqramlaşdırma kimi sahələrdə mütəxəssislər tələb olunur.
3. Təhlil və qərar dəstəyi: SI, böyük verilənləri təhlil edərək doğru və düzgün qərarların qəbul edilməsini təmin edir.
Mənfi Tərəfləri:
1. İşsizlik: Süni intellektin artan rolu, bəzi iş sahələrində insan işçilərinin yerinə robotların və avtomatlaşdırılmış sistemlərin keçməsinə səbəb ola bilər, bu da işsizlik səviyyəsinin artmasına gətirib çıxara bilər.
2. Etik problemlər: Süni intellektin tətbiqi ilə bağlı etik problemlər yaranır. Məsələn, qərarların necə qəbul edildiyi və bu qərarların nəticələrinin kimə və necə təsir edəcəyi məsələləri.
3. Məlumat təhlükəsizliyi: Süni intellektin məlumat bazaları və sistemləri ilə işləməsi, kiber hücumlara qarşı zəif ola bilər, nəticədə şəxsi məlumatların sızması və digər təhlükələr meydana çıxa bilər.
Süni intellektin çalışma mexanizmi:
Süni intellektin işləmə prinsipi, müxtəlif alqoritmalar və statistik modellər üzərində qurulmuşdur. Ən çox istifadə olunan metodlardan biri maşın öyrənməsidir. Bu metod, verilən məlumatlar əsasında sistemlərin özlərini təkbaşına inkişaf etdirməsinə və öyrənməsinə imkan verir.
1. Verilənlər: SI sistemləri, böyük verilənlər üzərində təhlil aparır. Bu verilənlər, müxtəlif mənbələrdən, məsələn, sensorlar, veb saytlar və ya sosial media şəbəkələrindən əldə edilir.
2. Modelin qurulması: Dərin öyrənmə (deep learning) və neyron şəbəkələri kimi metodlar istifadə edərək, SI sistemləri öz alqoritmalarını qurur və onları təkmilləşdirir.
3. Təhlil və Qərarvermə: Bu modellər öyrəndikdən sonra, verilən məlumatlara əsasən düzgün nəticələr çıxarır və qərarlar verir.
Süni İntellektin Enerji Sərfiyyatı və Soyutma Sistemi:
Süni intellekt sistemləri, xüsusən də dərin öyrənmə və böyük verilənlər emalını həyata keçirən zaman böyük enerji sərf edir. Bu cür sistemlər üçün yüksək hesablama gücü tələb olunur, bu da yüksək enerji istehlakı ilə nəticələnir. Məsələn, dərin öyrənmə modelləri, çoxsaylı parametrləri emal edərək nəticəyə gəlirlər və bu əməliyyatlar ciddi enerji sərfiyyatı ilə əlaqələndirilir.
Soyutma Sistemi: Süni intellekt sistemləri, xüsusən də böyük məlumat mərkəzləri və hesablama gücü tələb edən maşın öyrənmə modelləri, yüksək istilik yaradır. Bu səbəbdən bu sistemlərin səmərəli işləməsi üçün xüsusi soyutma texnologiyalarına ehtiyac var. Əksər məlumat mərkəzlərində soyutma sistemləri, sistemlərin normal işləməsini təmin etmək üçün kritik rol oynayır. Bu sistemlər, soyuq hava ilə işləyən kondisionerlər, maye soyutma və ya yeni nəsil sıxılmış hava sistemləri istifadə edərək cihazları soyuq saxlamağa kömək edir.
Süni intellektin inkişafı insan həyatını daha da asanlaşdırmış və məhsuldarlığı artırmışdır. Lakin, bu texnologiyanın tətbiqində etik, sosial və enerji ilə bağlı bəzi problemlər də mövcuddur. Gələcəkdə bu problemlərin həlli və texnologiyanın daha səmərəli istifadəsi istiqamətində inkişaflar gözlənilir. Süni intellektin həyatımıza daha dərindən daxil olması ilə, onun əhəmiyyəti daha da artacaq və insanlıq üçün yeni imkanlar yaradacaqdır.
Şəkildə: Müəllifin suni intellekt tərəfindən çəkilmiş fotosu
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Bir gün getsən, unutma – ESSE
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Bir gün getsən, unutma
Unutma, geridə qoyub getdiyini
Getsən də, xoş get. Əlvidasız, səssiz səmirsiz
Çayını soyut get
Son məktubunda heç nə yazmadan get
Xatirələri çamadana yığıb yandır, sonra məni də unut get
Elə get ki, bir də dönməyəsən geri
Elə get ki, utanmadan başı dik get
Dünya kiçikdir, üz-üzə gəldik, bəlkə...
Elə get ki, üz-üzə gəlsək utanma..."- demişdin mənə.
Amma… amma dünyanın işinə, həyatın ironiyasına bir bax, gün gəldi, çıxıb gedən özün oldun.. Hansı ki, elə getdin ki, bir gün üz-üzə gələsi olsaq, utanacaq olan da elə yenə sən olacaqsan.
Əgər bir gün çıxıb gedəsi olsam, məndən başı dik getməmi istəyən sən, bəs özün niyə elə getmədin, iki gözüm?
"Bir gün getsən unutma
İtirən sən olacaqsan
Sən getsən, mən bir qələm itirəcəm
Sən bir yazı itirəcəksən"- demişdin.
Amma qələmi də, yazını da, deyəsən, özün itirdin axı...
"Bəlkə, mən nə vaxtsa, bir qələm tapdım, amma sən getsən bir də çətin o yazını tapasan"- demişdin. Lakin qələmimdən süzülən hər sətir mürəkkəbdə sən vardın. Mən oxuduğum hər bir yazıda səni tapmışdım sən bunu bilmədin.
"Fikrini dəqiqləşdir getmədən öncə
Son dəfə yoxla çamadanları.
İçinə bəhanələri qoyduğundan əmin ol"- demişdin.
Maraqlıdır, görəsən, sonda hansımızın "bəhanələri" daha keçərli, daha tutarlı oldu?
"Son dəfə dilindən qopsun əlvida sözü"- demişdin. Bəs özün niyə vidasız getdin?
"Son dəfə göz yaşların yusun getdiyin yolu
Son dəfə üzül..."- demişdin. Sən gedərkən ağladınmı, iki gözüm? Sən üzüldünmü bizə heç? Bir dəfə olsun arxana baxdınmı gedərkən? Az da olsa, içində bir tərəddüd etdinmi?
"Elə yerə get ki, orda itirdiklərin qazandıqlarına dəysin"- demişdin. İndi soruşuram səndən, getdiyin yerdə qazandıqların itirdiklərinə dəydimi barı? Qəlbin, vicdanın rahatdırmı?
"Elə yerə get ki, ahım da tapa bilməsin səni
Sorağıma da gəlib çata bilməyəsən
Elə yerə get ki orda tanrı da unutsun səni
Bir gün getsən unutma
Mən o mən olmayacam
Gedişinlə dəyişib başqa aləm olacam
Nə yoluna çıxaram, nə üzünə baxaram"- demişdin.
"Üz-üzə gələcəyimiz şəhərdən çıxıb gedərəm bir yolluq
Bir gün getsən, elə get ki
Addımların əzməsin ayaqlarının altında qalan xəyallarımı"- demişdin.
Bəs sənin gedişinin tapdaladığı xəyallarım, xəyallarımız necə olsun? Gedərkən onları ayaqıladığın zaman qəlbin heç sızlamadımı yəni?
"Kaşkiləri, bəlkələri al yanına get. Heç bir ümid qoyma mənə
Yazmadığın son məktub kimi unudum səni.
Getsən, elə get ki, göz yaşların yusun günahını"- demişdin.
Sənin günahını nə yuyacaq bəs? Sənin də varmı barı günahını yuyacaq göz yaşların?
"Ən üşüdüyün anda xatırla getdiyin yeri,
gəlib ağlına təxəyyülündə isidim səni
Bir gün getsən, unutma
Bu gedişin vüsalı müşkül,
Ölüb gedənlər kimi get.
Qoy torpaqdan alım qoxunu
Torpaqdan boylanan hər çiçək xatırlatsın gül üzünü
Hər solmuş yarpaq xatirəmiz olsun
Sonra güllər solanda geri gəl
Qürurumu tapdala gəl gəldiyin yolda
Mən gəl deyirəmsə, qürurumdan keçmişəm sənin üçün...
Gəl son dəfə ağla məzarım üstə.
Torpaq sən qoxurdu deyə torpağa qarışdım...
Elə həmin güldə məzarım üstündə solmuşdu.
O gül sən idin, hər ləçəyi xatirələr"- demişdin.
Amma sonda məzar olan mən oldum, içimə gömülənsə sən və xatirələrimiz oldu.
Bəli, səni də, xatirələrini də içimə gömüb gedişinlə bir məzara çevrildim mən.
Yad edilməyən, çiçəksiz, kimsəsiz bir məzara.
"Bir gün getsən bunları düşün get"- demişdin. Sən gedərkən bunları heç düşündünmü, iki gözüm?
"Sənə görə qürurumdan keçərəm"- demişdin, "Səndən heç vaxt keçə bilmərəm. İnanmıram ki, kiməsə görə səndən keçim"- demişdin. Amma elə ən asan keçdiyin mən oldum sənin.
Halbuki mənim ən böyük qürurum elə bizim sevgimiz idi.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Xatirə yollarının kəpənəksevər yolçusu
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
İnsan illəri yorur... Sonra da özünü günahkar çıxarmamaq üçün deyir: “İllər məni yorub”. Və birdən illər dilə gəlsə, yapışsa ha insanın yaxasından, desə: “Bura bax, sən məni gözəl yaşamamısansa, mən neynim?!”, onda nolar axırımız?
Hə, hamımız eyni anda çiynimizi çəkdik...
Yorulmadığımız və yormadığımız il yoxdur ömür təqvimimizdə. Qərib Mehdinin təbirincə, “Qırmızı gün” də yaman çoxdur bu təqvimdə. Di gəl, özümüzün qırmızıladığımız, ya da qırmızılamağa cəhd etdiyimiz günlər dəqiq olmur. “Keçən ilin bu günü” deyə başlamırıq söhbətə, “O gedəndən sonra”, “Güllər açan vaxtıydı”, “Yayın istisiydi” kimi ifadələrlə nərdivan salırıq xatirə yollarına.
Xatirə yolları...
Əntiqə Səməndər-Kərimzadə mənim xatirə yollarımın kəpənəksevər yolçusudur. Şeirlərindən birində deyir: “Mən içimdən kiçilirəm, Bölünürəm hissələrə, budaq-budaq…” Budaqlanır, tumurcuqlanır, hətta bar verir şair dərdin əlində.
Əntiqəylə bir-birimizə ünvanlı o qədər şeirimiz var... Sayını itirmişik. Oturub saymağa zaman tapılar, uzağı, 15 dəqiqə çəkər, “həvəs yoxdur” desəm, bəhanə olar. Ürəyim gəlmir o şeirləri saymağa... Ürək anlaşılmazdır, izaholunmazdır, dərd bilsə də, dilqanmazdır.
1994-cü il may ayının 16-da Ağdam rayonunda anadan olub Əntiqə Səməndər-Kərimzadə. Bakı Slavyan Universitetinin məzunudur. AYB üzvüdür. Kitablarının sayını soruşdum, demədi... Mən də bilmək istəmirəm. “Ədalət” qəzetinin əməkdaşıdır. “Özün haqqında danış” deyəndə gülümsəyir, deyir:
-Oxucu mənim ancaq yazılarımı oxuyur. Mənimlə dostluq etmir axı, xasiyyətim, xarakterim ona maraqlı olsun. Özüm haqqında yalnız bunu deyə bilərəm ki, sən sözü sevən, ədəbiyyatı sevən bir insanla söhbət edirsən.
...Bir dəfə soruşmuşdum: “Hopuram sözlərinə, yaz məni, dostum, varaq-varaq…” misralarını kimə ünvanlamısan? Səni yazacaq dost varmı səncə?
Baxışından hiss etmişdim ki, inciyib. Gözlədiyim cavab bu idi: “Sənin mənə yazdığın şeirləri hara qoyub bu sualı verirsən?” Amma o, başqa cavab verdi:
-Bu dünyada ünvansız nə var ki? Məncə, heç nə ünvansız deyil… Çox şeirimin səbəbi sənsən… Şeirləşən vaxtlarımızda sənə yazmışdım. Hərdən mənə buna bənzər suallar verirlər. Mənim hamıya cavabım bu olur: “Desəm ki, məni məndən soruşmadan yazın, ən gözəl yazını Şəfa yazar”.
Sevinərək utanmısınızmı heç? Ya da bədiiləşdirim: utancaq bir sevinc bəzəyibmi çöhrənizi? Mən onu yaşadım bu cavabı eşidəndə. Əntiqədən bəhs edən yazı yazmaqmı? Yox, hələ yazmamışam... Bəzi şeylər yazılmamalı, yaşanmalıdır axı!
“Taleyin aldığı bir anlıq sevinc”in kimin gözündə “gizləndiyini” soruşdum Əntiqədən. Sualıma peşman oldummu? Bir anlığa... 2012-ci ildə amerikalı şair Əlison Məndəvilə şeirimi oxumuşdum. Ardınca izah etmək istəmişdim ki, mədəniyyət, təfəkkür fərqimizə görə, birdən anlamaz nəyisə. Sözümü kəsib irad bildirmişdi: “Şair şeirini izah etməz!” İkinci an isə özümə bəraət tapmışdım: oxucu kimi deyil, elə şair kimi soruşuram.
- “Kimin” yox, bəlkə “nəyin” deyək? –demişdi Əntiqə: -Taleyin aldığı bir anlıq sevinc demək istəyib demədiyim sözlərdə gizlənib. Bir də, illərin astanasında özünü itirmiş gəncliyin…
Bir şeirində “yaşamaqdan yaşamağa köç etməyin” şeir olduğunu deyir Əntiqə. O günü mənə deyir ki, hekayə yazmağa başlayıb. “Hekayələr kimin, nəyin köçüdür?”-soruşdum. Cavabı yenə özünəməxsus idi:
-Hekayələr də yaşantıların köçüdür. Ancaq düşünürəm ki, belə hekayələri yazmaq daha ağırdır, daha çətindir. Beyin də hər “köç”ü qəbul etmir. Vərəqlərin nazik kağız parçası olmağına baxma, Şəfa. O nazik kağız bəzən ürəyimizdən dözümlü olur. O, yazdıqlarımıza dözürsə, demək, ürəyimizdən dözümlüdür-dedi və güldü...
Qəlbimin ən isti yerində
gözlərində ümid,
ürəyində həsrət,
əllərində şeir -
bir qadın ağlayırdı.
Gözümün ən soyuq yerində,
misraların birində,
sonuncu şeirimdə
adın ağlayırdı.
Hə, Əntiqə qadın ağlamağından yazıb, mən qadın gedişindən. O deyir:
-Ağlamaq qadından-qadına dəyişir. Qadın var ki, ucuz ağlayır. Yəni ancaq həyatın maddi tərəflərini görür. Qadın da var ki, onun göz yaşı daha çox mənəvi kədəri ifadə edir.
Mənsə, öz şeirimi pıçıldamışdım: “Hər gedən qadın əlini arxaya uzadıb gedir”. İkimiz də gülmüşdük. Haradasa üçüncü qadın vardı və bizi qınayırdı: “Sirr açılmaz!”
Şəhadət barmaqlarımızı uzaqlara tuşlamışdıq: “Bizə şeiri dedirdən var!”
Onu da bilirik ki, “uzaqlar” hamı üçün eyni deyil. Hərənin öz “uzaqlar”ı var. Əntiqənin də...
-Günəş var “uzaqlarda”! Əlbəttə! Günəş ümiddir. Ümid də tükənməz axı… İnsan bütünlüklə zülmətə ona görə dözür ki, sübhdən günəşi görəcək. Bu səbəbdən günəş ümiddir…
Kəpənəksevərdir Əntiqə. Bu aşiqliyinin bəsit izahı var: kəpənəklər ona gözəl olan hər şeyin azömürlü olduğunu xatırladır. Mənimsə, bu mənada yaddaş kitabçam “Bu da keçər” adlı nağıldır.
Şeirlərində özünün axtarışına çıxdığını deyir həmişə Əntiqə. Taleyin insanla etdiyi zarafatın da, onu imtahana çəkməyinin də təsəllisidir şeir onunçün. Ramiz Qusarçaylının “Qurudub göndərmə bənövşələri” deməyini eşidəndən bəri, gülləri dərməyə qıymır.
Əntiqə ilə xoşbəxtlikdən də danışırıq hərdən. Qəribə yanaşması var. Onun fikrincə, xoşbəxtlik problemsizlikdir. Problemsizliksə, problemdir. Hətta “dünyanın ən xoşbəxt ölkələri” siyahısındakı Skandinaviya ölkələrində intiharların sayının xoşbəxtik-problemsizlik səbəbiylə artmasını misal çəkərək deyir:
- Düşünürəm ki, ədəbiyyat elə çatışmazlıqları ilə, qüsurları ilə maraqlıdır. Burada hər şey şəffaf olsaydı, diqqətimizi nə çəkərdi? Nəyi müzakirə edərdik? Nədən yazardıq? Ədəbiyyatın qüsursuzluğunu “xoşbəxt ölkələr”ə bənzədirəm. İnsan tez bezər, tez yorular… Həm də, biz mübariz insanlarıq axı, qüsursuz ədəbiyyatın nəyi ilə mübarizə aparardıq ki?!
Jurnalistikanın yazardan nəyi oğurladığı da hərdən müzakirə mövzumuz olur. Harada yolumuz haçalandı, harada qaçdıq xəbər dalınca, harada qoyduq yarımçıq hekayələrimizi, “ölü doğulan şeirlər”imizi... - yada salır, qürur duyur, peşmanlayır, axırda deyirik: “Bizi verənə şükür!”
Təbəssümümün öləziyən yerində Əntiqə mənə təsəlli verir:
-Tək jurnalistika belə deyil, Şəfa. Bu, həyatın qanunudur. Bir şeyi verirsə, mütləq digərini almalıdır ki, balans pozulmasın. İxtisasım müəllimdir, jurnalistikanı sevməsəydim, indi hansısa orta məktəbdə müəllim işləyirdim. Bu baxımdan jurnalistika bir müəllimi oğurlayıb. Amma sevdiyim peşənin mənə qazandırdıqları da var. Ölkəmin ziyalılarını, sənətkarlarını, hətta ömür dostumu məhz bu peşənin sayəsində tanımışam. Bütün bunlara görə, ürəklə deyə bilərəm: “Nə xoş mənim halıma ki, jurnalistika məni müəllimlik peşəsindən oğurlayıb!”
...Elə bu gün “Günahlar var” adlı bu şeiri göndərib mənə Əntiqə... Hələ qərar verməmişəm ki, bu şeiri özümə “götürüm”, ya yox?
Sabahlar var, sabahlar,
Dünəndən qısa sabahlar...
Nələri yazacaq,
nələri alacaq...
Özüm kiçildikcə,
içimdən böyük
günahlar var, günahlar...
Leysanlar da yuya bilməz,
Sərt küləklər tozun silər,
Min laylayla uya bilməz,
günahlar var, günahlar...
Məni misralar gizlədər,
şeirlər bələyər,
xatirələr unudar...
Şeirimə çəkdiyim
çox ahlar var, çox ahlar...
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
RA və yaxud, sönən şamın son qığılcımı xəyalda necə ulduza döndü
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Da Vinçi də
sonuncu şam yeməyi
olduğunu bilmirdi.
Rauf Ra
“Şairləri biganəlik öldürür!”- bu gün bu cümləyi oxuyub, üzərində bir xeyli düşünmüşəm. 2018-ci ildə Məlik Cahan vəfat edəndə hər kəs onun şeirlərini əlavə bir neçə kədərli cümlə yazaraq paylaşırdı. Hər kəs onun ölümünü böyük bir faciə adlandırır, intihar etmə səbəbi üzərində bir çox fərziyyələr irəli sürürdü. İndi onun şeirlərini xatırlayan və paylaşan maksimum iki ya da üç nəfər olar. Həmin vaxtlar “Opera Mini” və özümə məxsus olmayan ad ilə “Facebook” işlədən vaxtlarım idi. Yazıçılıq uşaqlıq xəyalım olmasına baxmayaraq mən xəyalımdan çoxdan əlimi üzmüş və fərqli məqsədlər üçün çalışırdım. Amma tale məni iki il sonra yazıçılığa geri gəlməyimə təşviq etdi. Bu geri dönüşün aşağıya qeyd etdiyim iki cümlə ilə çox böyük bağlılığı var:
Əslində, bu həyatdakı ən qəddar həbsxana azadlıqdır. Çünki daxilindəki məhbuslar sənin yaşamaq istəyib, lakin yaşaya bilmədiyin arzuların, o arzuların günahları isə səndən oğurladığı dərin və mənalı gülüşlərindir.
Sona qədər ümidsizlik və dərin bir kədər...
Aradan tam dörd il ötür. İndi yazılarım kifayət qədər püxtələşib, lakin hiss etdirdiyi duyğular toxnulmaz olaraq qalıb. Bununla belə anlamaq lazımdır ki, ədəbiyyat palçıqdır və üzərində yeriməyə çalışdıqca batırsan. Fəqət onun yumşaqlığı o qədər ecazkardır ki, həzz almamaq da imkansızdır. Bu yazı o palçıqda yerisə də, batmağı seçməyən gənc şair, Rauf Ra'ya həsr olunur. Rauf Ra yaxınlarının verdiyi məlumata görə dəm qazından boğularaq dünyasını dəyişib. Onunla son olaraq həmsöhbət olan insanlar şairin şeirdən tamamilə uzaqlaşdığını və fərqli bir işlə məşğul olduğunu bildirirlər. Palçıqda batmağı seçməyən ifadəsini məhz elə bunun üçün şərh etmişdim. Təbii ki onlarda Rauf Ra haqqında yalnız onun özünün söylədiyi qədərini bilirlər. Şairin şeirlərinə nəzər salsaq, daha çox minimalistliyə önəm verdiyini açıq-aydın görmək olur. Hətta bir müsahibə prosesində bunun səbəbini də açıqlayır:
- Minimalizmin maksimallığın sonundakı maksimal bütövləşmə nöqtəsi olduğunu düşünürəm. Şkala ilə desək, minimallıqdan maksimallığa deyil də, maksimallıqdan minimallıqa qalxan hərəkət çizgisi. Müasir minimalizm sadəcə şrift sayı çərçivəsindəki minimalıqdır. Şrifdən özgə digər ünsürlər isə tamamilə maksimallıq təşkil etməyə çalışmalıdır. Zira şrift azlığının oxucuya verdiyi vaxt çoxluğunu oxucu digər ünsürlərin maksimallığını düşünməyə sərf etməlidir. Təbii ki, digər ünsürlərin minimalizm olmaması kimi bir məcburiyyət yoxdur, fəqət zamanın indiki səhifəsində bütünlüklə minimalizmdən ibarət mətnlər çoxdan izlənilib bitmiş, zəif ssenarili filmlər kimi görünür.
Ümumiyyətlə, düşünürəm ki şair həyatının bütün sahələrində və bu sahələri ifadə edən bütün seçimlərində minimalistliyə önəm vermişdir. Əminəm ki, onun təxəllüsü də çoxlarında maraq oyatmışdır. Rauf Ra təxəllüsü ilə əslində kiçik bir mesaj verərək heç nəyə əlavə bir dəyər yükləməməyi öyrədir:
- Təsadüflərə inandığımdan təsadüfün sonradan düşünüləcək səbəb boşluğunu azacıq mənalandırıb boş qoymamağı sevirəm. "Rauf"un yanına qoyulan "Ra"nın da mənalandırılması eyniylə hansısa bir ağacın budaqlarının yarısından masa və stul düzəldib həmin ağacın yarımçıq kölgəsində oturarkən masanın yarısına düşən gün işığına baxmağa bənzəyir. Yəni "Ra" yarımçıq kimi görünsə də, "Rauf"un yarımlıqdan tamlığa - keçmişə dönüşməsi və ya sadəcə bunu xatırlatmasıdır.
Biz, deyəsən, gedişlərə və vidalara vurulan, intizar və bədbəxtlik üçün ideyalarımızı alt-üst edən yazıçılardanıq. Xoşbəxtlik və sevinc əlimizdə olan bəyaz bir bayraq halına gəlmişdir və bəhanəmizdə budur ki, sevincin və xoşbəxtliyin izaha ehtiyacı yoxdur, kəlimələr kifayətsizdir. 2018-ci ildə ədəbiyyatın palçığında batan Məlik Cahan, 2024-cü ildə palçıqdan qaçarkən tale tərəfindən palçığa atılan Rauf Ra…
Çox istəyərdim ki, Rauf Ranın ölümündən sonra qələm yoldaşlarının onun haqqında şərh etdikləri fikirlərdən bir neçəsi ilə tanış olaq:
Axrıncı dəfə Dərnəgüldəki “Eurohome” bazarında qarşılaşdıq. Mən maşına kabel daşıyırdım, harasa aparacaqdım, o da əlində qaimə ilə nəsə axtarırdı. Salamlaşdıq, “sən burda nə gəzirsən?” – soruşdu, mən də eynisi ondan soruşdum. Güldü, “ədəbiyyatın başını buraxmışam, tikinti sektorundayam”-dedi. Yazıb elədiyini soruşanda isə sözümü kəsdi, heç nə yazmadığını dedi. Sağollaşdıq. Tələsik üzbəüzdəki mağazaya girdi. Arxasınca baxdım, onun savadına, istedadına bələd olduğumçün özümə yaraşdırdığım bazarı ona yaraşdırmadım. Beş dəqiqə əvvəl isə ölüm xəbərini aldım. Bazarda Raufun arxasınca necə baxmışdımsa, indi də şəkillərinə elə baxdım. Təəsüüflənərək, heyfslənərək…
Səddam Laçın
Bunu mənə eləməzsən sən…
Sən hara ölüm hara?
Səncə mən bu xəbəri qəbul edə bilərəm?
Sonuncu dəfə görşəndə sən yorğun-arğın işdən çıxmışdın, mən avtobusa tələsirdim. Görüşdük, heç bir siqaret belə çəkə bilmədik baş-başa…
Rauf, tez zəng elə de ki, yalandı…
Oğlum deyirdim e, sənə…
Boyuna qurban olduğum, necə ölə bilərsən axı sən?
Cəlil Cavanşir
Ay Rauf, ay Rauf…
İllər öncə çox görüşdük, çox ədəbiyyatdan danışdıq, çox içdik. Sonra birdən yoxa çıxdın. Təmiz dəyişdin. Qaydasız döyüşlə məşğul oldun. Gücləndin. Elə bildin sözdən qaçmaq olar. Amma ürəyin səni yenə ədəbiyyata çəkirdi. Sonuncu dəfə bu yaxınlarda sürpriz etdin bizə. Gəldin məclisə. Hamımız sevindik. Yenə içdik. Yenə ədəbiyyat. Yenə poeziya… Sən demə sağollaşmağa gəlmişdin. Özü də həmişəlik. Əlvida, əziz dost. Dərviş dost. Tənhalığı sevən dost.
Quşlar yol olar, uzanar üfüqə, Vinsent,
Cığır hər gün özündən keçər, sonuna çatmaz.
Aldanar görüntüyə, həqiqət sanar.
Nemət Mətin
Mən bu ölümə inana bilmirəm. Amma ölümün qəddar olduğuna əminəm. Əlvida, Rauf Ra!
Səninlə şeirləşmək, şeirlərimizi dinləmək gözəl hiss idi. Səni xoş xatırlayıram, ümid edirəm ki, oralar var.
Səttar Timuçin
Bunlar minimalist bir ruhun sükutundan sonra geriyə qalan ən maksimal duyğu dərinliyidir. Amma biz yenə də Rauf Ra qələminin dərinliyinə də nəzər salaq:
Fraqment
Dünən
Uşaq ikən ən sevdiyim
Cizgi filminə baxdım,
Nədənsə heç bir personaj
Böyüməmişdi.
Süjet
Uşaq idim,
Həkimlər atamın bir ay
Ömrü qalıb demişdilər.
Divar saatının
Daşını çıxarmaq istəyirdim,
Qorxdum ki, anam
Işə gecikər.
Külqabı
Qəribə idi,
Babam ölmüşdü,
Mən ağlayırdım,
Atam üzülürdü.
Anons
Da Vinçi də
Sonuncu şam yeməyi
Olduğunu bilmirdi.
Şəxsiyyət vəsiqəsi
Sabah səhər durub,
əvvəl ayaqyoluna
sonra mətbəxə gedəcəm.
təsadüfdən dünən də
belə etmişəm, bu gün də.
İstedadlı və gələcək üçün töhvələr verə biləcək insanların belə bir cəmiyyətdə layiq olduğu dəyəri görmədən köçüb getməsi çox acı haldır. İndi yuxuları əksinə də yozsan kədərdir, Vinsent.
İndi…
Ağaclar yol olar, uzanar ulduzlara, Vinsent,
Aypara qaranlıq tərəfindən – yoxluğundan diksinər.
Əl-ələ verər qayıq və yelkən, yarar göy və su üzünü.
Can atar pəncərədən göyə - suyun yuxusuna
Sönən şamın son qığılcımı, xəyalında ulduza dönər.
Aldanar görüntüyə, həqiqət sanar.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Azərbaycan musiqiçiləri Astanada mahnı festivalında çıxış ediblər
Astana şəhərində Şamşi Kaldayakovun “Mənim Qazaxıstanım” adlı beynəlxalq mahnı festivalı keçirilib.
AzərTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, festivalda Özbəkistan, Ukrayna və Qazaxıstan, Azərbaycan və Qırğızıstanın incəsənət nümayəndələri iştirak ediblər.
Festivalda Şamşi Kaldayakovun qazax musiqi mədəniyyətinin simvoluna çevrilmiş məşhur əsərləri səsləndirilib.
Festivalın təşkilatçısı qismində Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə “Kazakhkonsert” Dövlət Akademik Konsert Təşkilatı çıxış edib.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Qırğız Respublikasının birinci xanımı Türk Mədəniyyəti və İrsi Fondunda olub
Qırğız Respublikasının birinci xanımı Aygül Japarova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüş zamanı türk mədəni irsinin qorunması və təbliği sahəsində əməkdaşlıq perspektivləri və təşəbbüsləri müzakirə edilib. Diqqətə çatdırılıb ki, fond Türk dünyasının mədəni dəyərlərinin qorunması, bərpası və təbliği istiqamətində fəaliyyət göstərir. Fondun prioritet vəzifələrindən biri "Turkheritage" ümumtürk mədəni irs obyektlərinin çoxdilli kataloqunun, Türk dünyasının mədəni irs obyektlərinin rəqəmsal platformasının yaradılması, təcrübə mübadiləsi üzrə beynəlxalq təhsil proqramlarının həyata keçirilməsidir. Fond, həmçinin mədəni irs mərkəzlərinin açılması, eləcə də qardaş türk xalqlarının mədəni dəyərlərinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi kimi vəzifələri də yerinə yetirir.
Beynəlxalq Muğam Mərkəzinin solistləri və 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin iştirakı ilə birinci xanım üçün türk xalqlarının mədəni müxtəlifliyini təmsil edən konsert proqramı təşkil olunub.
Qeyd edək ki, birinci xanımın ziyarəti Qırğız Respublikasının Prezidenti Sadır Japarovun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı çərçivəsində baş tutub.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
COP29 çərçivəsində Beynəlxalq Muzeylər Şurası ilə əməkdaşlıq məsələləri müzakirə olunub
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) baş direktoru Medea Ekner arasında ikitərəfli görüş olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir COP29 kimi mötəbər bir tədbirdə iştirak etdiyinə görə xanım qonağa təşəkkür edib. Bildirilib ki, Azərbaycan dövləti tarixi-mədəni irsin qorunduğu muzeylərin fəaliyyətinə xüsusi diqqət göstərir. Azərbaycanın aparıcı muzeyləri fəaliyyətini müasir tələblər səviyyəsində qurur, dünyanın məşhur muzeyləri ilə, o cümlədən ICOM-la əməkdaşlığa əhəmiyyət verirlər.
ICOM-un rəhbəri qurum haqqında məlumat verib, həyata keçirdikləri tədbir və layihələrdən danışıb.
Medea Ekner Azərbaycan muzeylərinin şura ilə əməkdaşlığını yüksək qiymətləndirib, həmçinin milli komitənin qurumun işində aktiv iştirak etdiyini diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycan muzeylərinin ICOM-un layihələrinə cəlb olunması, ölkəmizin təşkilatın 2025-ci ildə Dubayda (BƏƏ) keçiriləcək baş konfransında təmsil olunması məsələləri ilə bağlı müzakirə aparılıb.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Azərbaycanla ICCROM arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif tədbir və təqdimatlarla davam edir, ikitərəfli görüşlər təşkil olunur, müzakirələr aparılır. Sessiya çərçivəsində noyabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru xanım Aruna Francesca Maria Gujral arasında ikitərəfli görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli COP29 tədbirində iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan dövləti mədəni irsin qorunmasını və bərpasını daim diqqətdə saxlayır. Azərbaycan həm dövlət səviyyəsində, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xətti ilə indiyə qədər bir sıra dinlərə mənsub yerli və beynəlxalq səviyyədə abidələrin qorunmasında uğurla iştirak edib. Azərbaycan Parisdəki Luvr Muzeyinin İslam mədəniyyəti bölməsinin yenidən qurulmasına, Strasburq Kafedral kilsəsinin bərpasına, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmirinə maliyyə vəsaiti ayırıb.
Nazir qonağa 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində tarixi-mədəni irsimizə qarşı həyata keçirilən vandalizm və talan haqqında da məlumat verib. Deyib ki, hazırda dövlətimiz tərəfindən dağıdılıb talan olunmuş abidələrin bərpası istiqamətində sistemli iş aparılır.
ICCROM-un baş direktoru COP29-un yüksək səviyyədə təşkilinə və görüşmək imkanına görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycanla ICCROM arasında əməkdaşlığın inkişaf etdirilməsi, mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması, bu məqsədlə birgə təlimlərin, seminarların təşkili və digər məsələlərlə bağlı müzakirə aparılıb.
Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Komitə sədrindən bayram təbriki
Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı təbrik ismarıcı ünvanlayıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ismarıcda bu günün anlamına özəl vurğular edilib:
“Bu gün Azərbaycan Respublikasında Milli Dirçəliş Günü - dövlət bayramıdır.
Bu bayram öz qaynağını 1988-ci ilin son aylarında Bakıda baş vermiş tarixi hadisələrdən alır (17 noyabr - 05 dekabr 1988-ci il). Keçmiş SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində XX yüzilin 80-ci illərinin sonunda respublikamızda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. - 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq (keçmiş Lenin) meydanında baş verən uzunmüddətli və ümumxalq mitinqləri ciddi nəticələrə gətirib çıxardı.
Beləliklə, sözügedən dönəmdəki və gündəki hadisələr çağdaş milli-azadlıq hərəkatı tarixinə qızıl hərflərlə yazılaraq, respublikamızın istiqlaliyyət qazanmasında əsas amilə çevrildi.
Çox şadıq ki, son dörd il içində digər bayramlarımız kimi 17 Noyabr - Milli Dirçəliş Gününü də əsl bayram dadına, ovqatında keçirə bilirik. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə, dövlət-xalq birliyi zəminində Qarabağ və Şərqi Zəngəzurun düşmənin 30 illik işğalından qurtulması əsl milli dirçəliş hadisəsi olaraq xarakterizə oluna bilər. Özəlliklə, ötən ilin sentyabrındakı antiterror tədbirləri nəticəsində terrorçuların ağ bayraq qaldırması və suverenliyimizin tam bərpası çox böyük tarixi hadisədir!
Müzəffər Ali Baş Komandanın 15 oktyabr 2023-cü ildə Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və digər yaşayış məntəqələrimizdə qutsal bayrağımızı dalğalandırması xalqımıza əbədi qürur, sevinc və fərəh bəxş edib!
Bəli, 36 il öncə meydanda bir araya gəlmək, kütləvi izdiham yaratmaq, birlikdə Sovet rejiminə etiraz etmək milli dirçəlişimizin komponenti sayılır. Nəticədə Azərbaycan dövləti adlanan müqəddəs dəyərimiz meydana çıxdı. İndi bunlar tarixdir. Özəlliklə, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunduqdan sonra başqa dirçəlişə ehtiyacımız var:
İntellektual dirçəlişə,
Mədəni dirçəlişə!
Dirçəlişlə də iş bitmir. Dirçələndən sonra Addımlamaq da lazımdır. Yüksəlişə doğru,
Yeniliyə doğru,
Rifaha doğru…
Milli dirçəlişimizi ayrıca bir 17 Noyabr günündən çıxarıb hər günümüzün yaşam normasına çevirməliyik. - Qalib ölkə vətəndaşı belə bir dirçəlişi - yenidən dirilişi haqq edir.
Bu bayram günündə əziz şəhidlərimizin ruhu qarşısında dərin sayğılarla baş əyir, qazilərimizə möhkəm cansağlığı, ordumuzun hər bir əsgərinə, zabitinə güc-qüvvət diləyirik!
MİLLİ DİRÇƏLİŞ GÜNÜMÜZ QUTLU OLSUN”!
“Ədəbiyyat və incəsənət”
(17.11.2024)
Bu gün Milli Dirçəliş Günüdür
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Milli Dirçəliş Günü, Azərbaycanın müasir tarixində mühüm və taleyüklü bir dönüş nöqtəsidir. Bu gün hər il 17 noyabrda qeyd edilir və xalqın milli azadlıq və müstəqillik yolundakı mübarizəsini simvollaşdırır. 1988-ci ildə Bakıda baş verən hadisələr Azərbaycanın sovet dövründən çıxışının, milli kimliyin və azadlıq uğrunda mübarizənin başlanğıcı kimi yadda qalıb.
1980-ci illərin sonunda Sovet İttifaqının siyasi və iqtisadi zəifliyi mərkəzləşdirilmiş hakimiyyətə qarşı müxtəlif respublikalarda, o cümlədən Azərbaycanda xalq etirazlarını alovlandırdı. Xüsusilə, Ermənistanın Dağlıq Qarabağla bağlı iddiaları, Azərbaycan torpaqlarının ələ keçirilməsi və erməni millətçilərinin separatçı tələbləri Azərbaycanda geniş miqyaslı narazılıqlara səbəb oldu. Bu dönəmdə Sovet rəhbərliyinin tərəfkeş və qeyri-obyektiv siyasəti insanların etimadını itirdi və kütləvi aksiyalar başladı.
1988-ci ilin noyabrında baş verən hadisələr xalqın milli birliyinin və müqavimətinin rəmzinə çevrildi. Bu ayda minlərlə insan Bakının Azadlıq meydanına toplaşaraq erməni təcavüzünə və sovet rəhbərliyinin ədalətsiz siyasətinə qarşı etirazını ifadə etdi. 17 noyabrda başlanan bu mitinqlər təkcə Dağlıq Qarabağ məsələsinə qarşı deyil, eyni zamanda Azərbaycan xalqının milli kimliyinin bərpası, suverenlik hüquqlarının qorunması və öz müqəddəratını təyin etmə arzusunun ifadəsi idi.
Bu aksiyalar Sovet hakimiyyətinin güc strukturlarının zorakı müdaxiləsinə baxmayaraq, Azərbaycan xalqının milli iradəsini sındıra bilmədi. 17 noyabr aksiyası milli dirçəlişin və azadlıq hərəkatının ilk böyük nümayişi kimi tarixə düşdü. Bu hadisələrdən sonra Azərbaycan xalqı müstəqilliyə aparan yolda daha aktiv və mütəşəkkil şəkildə mübarizə aparmağa başladı.
1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan Respublikası öz müstəqilliyini elan etdi. Milli Dirçəliş Günü, xalqın birlik və müstəqillik uğrundakı əzmini, milli şüur və kimlik uğrunda apardığı mübarizəni xatırladır. Bu gün Azərbaycanda dövlət bayramı kimi qeyd olunur və həmin tarixdə baş verən hadisələrin əhəmiyyəti gələcək nəsillərə milli iftixar hissi və tarixdən dərs almaq kimi ötürülür.
Milli Dirçəliş Günü, Azərbaycan xalqının azadlıq yolunda göstərdiyi iradə və birliyin, həmçinin milli ideallar uğrunda mübarizənin parlaq simvolu olaraq, hər il xatırlanır və qeyd edilir. Bu bayram Azərbaycan xalqının milli kimliyini qorumaq və müstəqillik ruhunu yaşatmaq üçün bir oyanış, həmrəyliyin və milli mənlik şüurunun ifadəsidir.
REDAKSİYADAN:
Çox istərdik ki, bu gün hansısa ayrı-ayrı şəxsiyyətlərlə (Nemət Pənahlının adını 17 Noyabrla qoşa çəkmək praktikası genişdir) bağlanmasın, bütöv xalqla bağlansın. Çünki Milli Dirçəliş Gününün müəllifi Azərbaycan xalqıdır!!!
Şəkildə: 1988-ci ildə ovaxtkı Lenin, indiki Azadlıq meydanında milyonlar.
“Ədəbiyyat və incəsənət”
(17.11.2024)