Super User

Super User

 

 

 

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.

Bu il bu böyük şərəfli missiya Azərbaycanın üzərinə düşüb və ölkəmiz Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasına (COP29) sədrlik edir. 

 

Bu mötəbər tədbirin rolu və əhəmiyyəti kontekstində Azərbaycan Prezidentinin sərgilədiyi mövqe barədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov “Ədəbiyyat və incəsənət” portalına fikir bildirib. 

Cəlil Xəlilov öncə Azərbaycan Prezidentinin tədbir ərəfəsində tədbirə verdiyi önəmə toxunaraq onun bu sitatına diqqət çəkib:

 

“COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.”

                                   İlham Əliyev

                                  Azərbaycan Respublikasının Prezidenti

 

Polkovnik qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti hər zaman bütün planetdə sülh və təhlkəsziliyi zəruri hesab edib və bu istiqamətdə ciddi səy, böyük əmək ortaya qoyub:

“Prezident İlham Əliyevin siyasəti üçün xarakterik olan mühüm xüsusiyyətlərdən biri heç şübhəsiz, milli maraqların müdafiəsi ilə yanaşı, həm də bütün bəşəriyyətin rifahı və təhlükəsizliyini nəzərə almaq, planetin istənilən yerində müharibə və zorakılığın acı nəticələrini dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olub. Yalnız Cənubi Qafqazda deyil, bütün dünyada ədalət və təhlükəsizliyin təmini İlham Əliyev siyasətinin ana xəttini təşkil edir. Məhz bu səbəbdən də dövlət başçımız hər zaman planetin harasında baş verməsindən asılı olmayaraq, bütün münaqişə və konfiliktlərin sülh yolu ilə həlli təşəbbüsü ilə çıxış edib, müharibələrə qarşı çıxıb. 

Xatırladım ki, 30 illik erməni işğalı dönəmində Ermənistan Qarabağ və ətraf ərazilərdə ağır ekoloji cinayətlər törədib, təbiətin məhvi istiqamətində silsilə addımlar atıb. Məhz İlham Əliyevin liderliyi altında gerçəkləşən 44 günlük Vətən müharibəsi bütün bu ekoloji cinayətlərə son qoydu, vətən torpağının azadlığı ilə yanaşı, həm də təbiətin xilasıma mail olundu. 

İşğaldan sonra Azərbaycan azad edilən torpaqların minalardan, döyüş sursatlarında təmizlənməsi prosesinə start verdi və məlum proses bu gün də davam edir. Azad olunmuş torpaqlarımızın döyüş sursatlarından təmizlənməsi ilə yanaşı, həm də bu ərazilərdə meşələrin bərpa edilməsi, su hövzələrinin, torpaq örtüyünün zərərli komponentlərindən təmizlənməsi prosesi gedir. 

Azərbaycan bu gün də  bölgədə yeni hərbi qarşıdurmaların qarşısını almaq üçün ciddi diplomatik səylər ortaya qoyur ki, bu da bütün digər amillərlə yanaşı, ekoloji təhlükəszilik baxımından da önəmlidir. Çünki müharibələrin təbiətə, ekloloji mühitə ciddi ziyan vurduğu heç kimə sirr deyil. Ancaq təəssüflər olsun ki, bu gün özünü “mədəniyyətin beşiyi” hesab edən bəzi qlobal güclər Ermənistanı silahlandırmaqla onu yeni müharibəyə sövq etməyə, təbiəti ölümcül silahlarla zəhərləməyə çalışır. Müharibə ilhamvericisi olan bu ölkələrdən biri Fransadır. 

Fransa Ermənistana külli miqdarda silah-sursat, raket sistemləri verməklə onu müharibəyə təhrik edir ki, bu da insan həyatı ilə yanaşı, həm də ekosistem üçn ciddi təhdiddir. Fransa keçirdiyi nüvə sınaqları ilə də təbiətə böyük ziyan vurur, onu ölümcül hala salır. Hansı ki, Fransanın təbiətə qəsd siyasətinin dünya ictimaiyyəti tərəfindən daha ciddi və daha sərt şəkildə qınanmasına ehtiyac var. 

Hesab edirəm ki, dünya birliyi Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizəsini alqışlamaqla yanaşı, Ermənistan, Fransa kimi dövlətlərin təbiətə qəsd siyasətini tənqid etməli, onların ekoloji tarazlığı pozan siaysətlərinin qarşısını almaq üçün həmrəylik sərgiləməlidir. Bu, planetimizin xilası baxımından ən vacib addımlardan biridir”.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

 

 

Tuesday, 19 November 2024 10:44

BMT Baş katibinin müavini "ASAN xidmət"də

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. 

 


Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə  BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

 

 

Qonaq "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində “ASAN xidmət” tərəfindən Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

 

Görüş çərçivəsində ölkəmizin BMT-nin Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyasının Rəqəmsal texnologiyalar və tətbiqlər İşçi qrupuna rəhbərliyi kimi uğurlu fəaliyyətindən söz açılıb.

 

BMT Baş katibinin müavini "ASAN xidmət"in və burada tətbiq olunan innovativ yeniliklərin dövlət xidmətlərinin çatdırılması istiqamətində nümunəvi və qabaqcıl təcrübə olduğunu diqqətə çatdırıb.

 

Rəsmilər birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

 

Görüş çərçivəsində  “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanışlıq olub.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

Tuesday, 19 November 2024 17:11

Hər gün kitablar haqqında 5 qeyri-adi fakt

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portal insanlarda mütaliəyə maraq oyatmaq üçün ən müxtəlif yollara əl atır. Effekt doğuran bir yol da mütaliə barədə maraqlı faktların dərc edilməsidir. LitRes ədəbiyyat dərgisindən kitablar barədə maraqlı faktları sizinlə bölüşürəm. Üç gün ərzində hər gün 5 maraqlı fakt.

 

 

11. Aleksandr Düma məşhur müəllifə "Üç muşketyor" və "Qraf Monte — Kristo" yazmağa kömək etmək üçün romançı Augusta make-"ədəbi zənci"ni işə götürmüşdür.

 

12. Franz Kafka ölümündən əvvəl bütün işlərini yandırmaq üçün dostu Max Broddan xahiş etdi. "Qala"," proses "və" Amerika " yazıçının iradəsinə qarşı nəşr olundu.

 

13. "Guinness Rekordlar Kitabı" nın versiyasına görə ən məhsuldar müəllif Barbara Kartland romanı üzrə hər iki həftə yazırdı.

 

14. Lev Tolstoyun "müharibə və sülh" romanının adına "sülh" sözü "dünya" sözü "ətraf aləm" (inqilabdan əvvəlki "Mir") mənasında deyil, antonim müharibəsi kimi işlədilir. Romanın bütün çap edilmiş nəşrləri məhz "müharibə və sülh" adı altında buraxılır, lakin müxtəlif vaxtlarda müxtəlif nəşrlərdə yazıların səhvlərinə görə, sözün "MIR" kimi yazıldığı bu günə qədər adın əsl mənası ilə bağlı mübahisələri dayandırmır.

 

15. Məşhur müasir müəlliflərdən birinin — Paolo Koelonun yaradıcılığı İranda tamamilə qadağandır. Və niyə, yerli hakimiyyət orqanları izah etməkdən çəkinmirlər.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalınnda yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə -  Həsən Küründür

 

 

Həsən KÜR

 

 

CƏBHƏDƏN MƏKTUB

 

Sən mənə şərfini göndərmə daha,

Səngər beşik kimi istidir, qızım.

Vətən sənin kimi suyuşirindi,

Hamını özünə istədir, qızım.

 

Görsən darıxırsan, şəkillərə bax,

Körpə əllərini boynuma dola.

Boylan pəncərədən getdiyim yola,

Bu məni görməyə bəs edir, qızım.

 

Mən burda yaxşıyam, sən də yaxşı ol,

Bilim ki, sənin də günün şən keçir.

İnan, göndərdiyin bütün dualar

Gəlir başımızın üstündən keçir,

Allah başımızın üstədir, qızım.

 

Allah üstümüzdən çəkməsə əlin,

Birgə yandırarıq zəfər məşəlin.

Hamının qorxduğu zalım əcəlin

Boyu boyumuzdan bəstədir, qızım.

 

Əgər günün biri, geri dönməsəm,

Eşidə bilməsən atanın səsin,

Qorxma, ürəyinə qorxu düşməsin,

Atan ölməyibdi, xəstədi, qızım.

 

 

“QƏRƏNFİL”

 

– Qızım, sənin adın nə?

– Mənim adım Qərənfil.

– Gözünə qurban olum,

darıxırsan elə bil.

 

– Atamı gözləyirəm.

– Atan hardadır məgər?

– Müharibəyə gedib;

o döyüşür gecələr.

 

– Nə vaxt gedibdir atan;

gecikdiyi çoxdurmu?

– Çoxdur, əmican, çoxdur.

– Ananın da atandan

bir xəbəri yoxdurmu?..

 

– Anam indi işdədir.

– Qızım, harda işləyir?

– Anam çox mehribandır,

yarpaqları çox sevir,

səhərdən-axşamacan

onları təmizləyir.

 

– Yaxşı, mehriban anan

atandan bir söz demir?

– Demir, əmican, demir,

daha yollara baxmır,

daha onu gözləmir.

 

Mən dünən çox ağladım

gecə yatmazdan öncə.

Anamın nə etdiyin

izləyirdim gizlicə.

 

Atamın divardakı

şəklini qucaqlayıb,

belə deyirdi, əmi:

“Mən necə böyüdəcəm

Atasız bu yetimi”.

 

 

***

 

Yıxmağa çox çalışdılar

Deyə-deyəaş! Kəsdilər...

Qurumamışdı qabığım,

Budağımı yaş kəsdilər.

 

Baxın! Yaxşı-yaxşı baxın!

Mən külüyəm bir ocağın.

Didib ürəyimin dağın

Qəbrim üçün daş kəsdilər.

 

Ölüm e, bir söz demirəm,

Torpağı insanlar bəslər.

Yadındadı sentyabr?

Bitdi bütün atəşkəslər,

Mənim yol çıxdığım kəslər

Dava edib, baş kəsdilər.

“Yaxşı xatırlayın, uşaqlar, məni”.

 

Harda azdıracaq bu yol, görəsən?

Hara aparır bu ayaqlar məni.

Anacan, dua et, əgər etməsən,

Qovar Allahacan günahlar məni.

 

Mən ölsəm, bəxtimin bəxti açılar,

Dilimin altında necə söz ölər.

Birdən mən qalaram, anam tez ölər,

Tanımaz güzgülər, daraqlar məni.

 

Yox, ana, sən ölmə, sən əbədi qal,

Ver öz kəfənini sərim yerimə.

Arada nəfəs al mənim yerimə,

Bilməsin ölmüşəm budaqlar məni.

 

Ay Allahsız fələk, əlin qırılsın,

Çəkmə o kədərin yaxşı yerindən,

Payın artıq olsun, yemirəm, toxam.

Mən bu gün varamsa, sabah da yoxam,

Yaxşı xatırlayın, uşaqlar, məni.

 

 

BAĞIŞLA, İLAHİ...

 

Xoşbəxtlik payladın bütün dünyaya,

Üstündə ot bitən daş xoşbəxt oldu.

Ovçunun əlləri əsdi bir anlıq,

Göydə qanad çalan quş xoşbəxt oldu.

 

Hərə bir ağızdan rəhmət oxudu,

Bir anlıq ölülər xoşbəxt oldular.

Hər günəş doğuşun bayram etdilər,

Hər səhər dəlilər xoşbəxt oldular.

 

Xoşbəxtlik payladın bütün dünyaya,

Hamı öz vaxtından tez xoşbəxt oldu.

Yağış yerə düşdü, toz xoşbəxt oldu,

Özgə bir insanın bəy masasında,

İlahi, sevdiyim qız xoşbəxt oldu.

‌Mən,bizi qovuşdur deyə yalvarıb

Sənə əl açmışdım aşiq olanda.

Hamı xoşbəxt oldu bu yer üzündə,

Layiq olmayan da,layiq olan da.

Mən niyə yadından çıxdım, görəsən?

 

Hamı xoşbəxt oldu bu yer üzündə,

Kəpənək bağçada,arı pətəkdə,

Hətta xoşbəxt oldu bir vaxt kəsilmiş

Yenidən canlanan kiçik kötük də.

Mən niyə yadından çıxdım, görəsən,

Nə günah etmişəm bu böyüklükdə?

 

Yox, nəsə etmişəm, dinc durmamışam

Bəlkə, duz tökmüşəm yara üstünə,

Bəlkə, bilməmişəm bir qaranquşun

Yuvasın yıxmışam bala üstündə?..

 

Bəlkə, göz dikmişəm mən canı yanmış

Dünya sərvətinə dünya malına.

Bəlkə, amin demək yadımdan çıxıb

Yaşlı nənələrin dualarına.

 

Qurbanın olaram,keç günahımdan.

Bağışla, İlahi, bilim ki, varam.

Bağışlasan da, sən bağışlayarsan

Mən olsam, özümü bağışlamaram.

 

 

***

 

Topxana meşəsində

Döyüşə hazırlaşır

bizim xüsusi bölmə…

Komandir yaxınlaşıb

deyir qulağımıza:

– Ölmə, ölmə, ölmə!

 

Dostumdan soruşuram:

– Neçə nəfər qalmışıq?

Deyir, dəqiq bilmirəm,

Amma ki ... azalmışıq.

 

Leytenant Abdullayev

barmağıyla göstərir:

– Bura Daşaltı kəndi,

o qaya Cıdır Düzü

ora “Laçın dəhlizi”

sağ tərəfi Xankəndi.

 

Xocalıya çatmamış

Sözü yarımçıq qalır,

Bitir Vətən sərgisi.

Yanımızda partlayır

Minaatan mərmisi.

 

Başımı qaldırmamış

Qışqırıram:

“Sağsınız?”

Komandir cavab verir:

– Ölməyin, qurban olum,

birazdan siz Şuşaya

daxil olacaqsınız...

 

Bir az ara soyuyur,

sonra başa düşürəm.

Komandirin səsini

təkcə mən eşidirəm...

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

 

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 Son zamanlar uzun-uzun dinlədiyim mahnı üzərindən yola çıxaraq məhşur ustad haqda belə bir yazı hazırladım. Ümid edirəm bəyənilər.

Alim Qasımov Azərbaycan musiqisinin ən parlaq və əfsanəvi simalarından biridir. 1957-ci ildə Şamaxı rayonunda anadan olan Alim Qasımov, hələ gənc yaşlarından musiqiyə maraq göstərmiş və bu sahədə böyük uğurlara imza atmışdır. Sənətə olan bağlılığı və özünəməxsus ifa tərzi onu muğam sənətində əvəzolunmaz bir şəxsiyyətə çevirmişdir. Sənətkarın yaradıcılığı təkcə ənənəvi muğamı qoruyub saxlamaqla məhdudlaşmır; o, bu qədim musiqi janrını yeni və müasir formalarla təqdim edərək, dinləyicilərinə unikal musiqi təcrübəsi bəxş edir.

  

 Yaradıcı üslub və ifa tərzi

 

Alim Qasımovun ifası emosional dərinliyi və yüksək dramatizmi ilə seçilir. Onun səsi çox müxtəlif notlarda sərbəst hərəkət edə bilir – bu, dinləyicini həyəcanlandıran, düşündürən və eyni zamanda aramlıq verən bir təcrübə yaradır. Qasımovun ifasında muğamın klassik elementləri və müasir improvizasiya üslubu harmonik şəkildə birləşir. O, öz səs texnikası ilə dinləyicini yalnız musiqi ilə deyil, həm də duyğusal və fəlsəfi bir səyahətə çıxarır.

 Qasımovun repertuarında "Qarabağ Şikəstəsi," "Segah," "Şur," "Rast" və xalq mahnılarından "Sarı Gəlin" kimi əsərlər xüsusi yer tutur. Bu mahnılar onun özündə ənənə və müasirliyi birləşdirmə qabiliyyətini nümayiş etdirir. Hər ifasında musiqinin sərhədlərini genişləndirən Qasımov, muğamı bir dünya musiqi dili halına gətirməyi bacarıb.

  

"Nədən Nədən" mahnısının təhlili

 Alim Qasımovun "Nədən Nədən" adlı mahnısı onun yaradıcılığının ən diqqətəlayiq nümunələrindən biridir. Bu əsər, insanın daxili narahatlıqlarını və suallarla dolu axtarış prosesini təsvir edir. Mahnı həm melodik, həm də fəlsəfi baxımdan dinləyicini dərindən düşündürür. Qasımovun ifa etdiyi hər bir səs və not, dinləyicini emosional bir təcrübəyə çəkir, onları insan həyatının mürəkkəbliyini anlamağa sövq edir.

 Mahnıda istifadə olunan muğam elementləri, ənənəvi musiqi ruhunu qoruyur, lakin Qasımovun özünəməxsus improvizasiya tərzi sayəsində ifa hər dəfə yeni bir mənzərə yaradır. Onun səsi mahnının müxtəlif nöqtələrində həm güclü, həm də zərif şəkildə dəyişir. Bu, dinləyicidə həm gərginlik, həm də rahatlama hissi yaradır. "Nədən Nədən" mahnısının əsas mövzusu insanın varoluşu, sevgi, itki və tənhalıqdır. Alim Qasımov, bu ifası ilə həyatın anlamını tapmağa çalışan insanın mənəvi yolunu və suallarla dolu axtarışını canlandırır.

 Mahnı linki:https://youtu.be/n_ZKTif5tTY?si=DezqqLrKkcawd_2u

  

Fəaliyyəti və nailiyyətləri

 

Alim Qasımovun musiqi fəaliyyəti 1970-ci illərdə başlamış və Azərbaycan Dövlət Konservatoriyasında aldığı muğam təhsili ilə yeni zirvələrə yüksəlmişdir. O, 1989-cu ildə keçirilən Azərbaycan Muğam müsabiqəsində birinci yerə layiq görülüb və bu, onun həm milli, həm də beynəlxalq miqyasda tanınmasının başlanğıcı olub. O, ABŞ, Avropa, Asiya və Yaxın Şərqdə keçirilən musiqi festivallarında iştirak edərək, muğamı dünyada tanıtmış və Azərbaycan musiqisinin səsini uzaq coğrafiyalara çatdırmışdır.

 Qasımovun əldə etdiyi mükafatlar arasında UNESCO tərəfindən verilən “Şərqin ən yaxşı müğənnisi” adı və “Silk Road” mükafatı xüsusi önəm daşıyır. Onun Yo-Yo Ma və “Silk Road Ensemble” ilə əməkdaşlığı, muğamın qlobal musiqi dünyasında necə tanındığını və qiymətləndirildiyini göstərir. Bu, Azərbaycan muğamının sadəcə bir milli dəyər deyil, eyni zamanda beynəlxalq bir musiqi mirası olduğunu sübut edir.

 Alim Qasımovun yaradıcılığı Azərbaycan musiqisinin qızıl səhifələrini yazmış və bu gün də yazmağa davam edir. Onun sənəti yalnız muğamın dərinliklərini göstərmir, eyni zamanda onu dinləyiciyə yeni bir təcrübə kimi təqdim edir. Xüsusilə, "Nədən Nədən" kimi mahnıları, hər dəfə dinləyicini yeni emosional səyahətə çıxararaq muğamın sərhədsiz ifadə imkanlarını göstərir. Bu, Alim Qasımovun Azərbaycan musiqi tarixində unudulmaz bir iz qoymasının və sənətinin gələcək nəsillər üçün ilham mənbəyi olmasının əyani sübutudur.

 

 “Ədəbiyyat və incəsənət”

 (19.11.2024)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

SALAM SARVAN

 

YATAĞIMIZ ÇAY YATAĞI

 

Yenə sıxılır ürəyim,

səninçün darıxıram.

Gözümü dikib tavana

sənə, sənə baxıram.

 

Burda tənhayam, qorxuram,

bilməm sığınım kimə.

Bir kimsə yanıma gəlmir,

hamı gəlir üstümə...

 

Bəlkə orda həyatımdan

sən də çıxaçıxdasan.

Yaxın gəl, bir görüm məndən

nə qədər uzaqdasan.

 

Amma axı bir yerdəyik,

ağrı sənsən, dözən mən...

Yatağımız çay yatağı –

axan sənsən, üzən mən.

 

 

SƏNİ  VURMAĞA  DA  QALXMAZ  ƏLLƏRİM

 

Buludlar tozdurmu, belə qopublar

yağışın yol keçib axdığı yerdən?

İlahi, indicə bir gül çıxacaq

dağ öz ürəyini sıxdığı yerdən.

 

Səni vurmağa da qalxmaz əllərim

atılsa üzünə ləçək tellərin...

Səndən vəfalıymış sənin yolların,

hələ də keçirlər baxdığım yerdən.

 

Ax,birinbilirsənsən, birinyox:

dahayıxılıram, heçxəbərinyox...

Gördümki  tutmağabaşqayerimyox,

tutdumyıxılmağaqorxduğumyerdən.

 

 

AMMA YAŞAYA BİLMİRƏM...

 

Bir az iş-güc qatır başı,

bir az da yazı-pozu:

sənsiz yaşaya bilirəm,

narahat olma, “Qızım”.

 

Amma yaşaya bilmirəm, bilmirəm.

 

Bir az səndən zəhləm gedir, bir az da özümdən.

Narahat olma, “Qızım” –

sənsiz yaşamaq mümkünmüş deyə

yavaş-yavaş düşürsən gözümdən.

 

İçirəm-kövrəlirəm, kövrəlirəm-içirəm...

Narahat olma, “Qızım” –

öldürdüyün gündən bəri yavaş-yavaş dirilirəm:

o dünyadan bu dünyaya hər gün bir az köçürəm.

 

Amma yaşaya bilmirəm, bilmirəm...

 

Hərdən züm-zümə edirəm, hərdən də ulayıram...

Narahat olma, “Qızım” –

yavaş-yavaş sağalıram iflicdən,

məsələn, artıq səni xatırlayanda başımı bulayıram.

 

Amma yaşaya bilmirəm, bilmirəm...

 

Narahat olma, “Qızım” –

mən şəhərdə gəzəndə

insanlar bir adamlıq kənardan keçirlər,

sanki yanımda yeriyirsən deyə.

 

 

DƏHŞƏTLİ ŞEİR

 

Qırışların arasından yavaş-yavaş axır qan,

mənsə əlimlə silirəm üz-gözümün tərini.

Nəsə yazıb o dərzi qız iynəsiylə kürkümə:

oxuyuram sətir-sətir bu tikiş yerlərini.

 

Yavaş-yavaş axır qan,

get-gedə qızarır dan...

 

Adamlar göyə açıb boş ovcunu hələ də,

qopur yalvarış dolu dualar dillərindən.

Bir uşaqsa gül tutub

Tanrıya  uzatdığı balaca əllərində.

 

Yavaş-yavaş çıxır can...

Və heç nəyi olmayan bu yalqız oğlu yalqız

ayrılıq məqamında götürüb gedir ancaq

yarıyacan çəkdiyi siqarı külqabıdan.

 

Hə, bu da sonuncu an:

yarat məni, Yaradan.

 

 

HƏYAT EŞQİ

 

Yavaş-yavaş ötür yaşım...

Və getdikcə durulur

avar çəkməyə açılan qolları

qucaq sanmaq aldanışım.

 

Amma hələ də içimdə

dənizdə boğulmuş adamın meyitini

suyun üzərinə çıxaran həyat eşqi var.

 

Sənsə gözünün qırağıyla

əlindən buraxdığın adamın arxasınca baxırsan

havaya şar buraxan bir uşaq marağıyla...

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

 

Tuesday, 19 November 2024 12:44

“Yalan” - Coşqun Xəliloğlunun hekayəsi

Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlu “Ədəbiyyat və incəsənət” portalının oxucularına “Yalan” adlı hekayəsini təqdim edir.

 

                                                                       

Birinci Qarabağ müharibəsində itkin düşmüş soydaşlarımızın əziz xatirəsinə ithaf edirəm.

 

Cəsarət Tümenə əsgərlikdən sonra getmişdi. Əvvəl anası razı olmamış, gözlərini silərək – Qal burada, lap get Bakıda işlə - demişdi. Bacına, qardaşına da dayaq olarsan. Bu gün-sabah məktəbi bitirəcəklər. Onlara da yol göstərən, kömək edən lazımdır. Bir də ki qərib diyarda yaşamaq asandı? Sən hələ özün balaca uşaqsan.

-Ana! – Cəsarət gülümsəyərək – sənə söz verirəm, işləyəcəyəm, halal zəhmətimlə qazanacağam, sizə də gün ağlayacağam, -söyləmişdi.

Ana sonda demişdi:

-İşin avand olsun, yolun açıq olsun, bala. Allah özü sənə getdiyin yerdən ruzi-bərəkət  qismət eləsin.

Balalarını yetimçiliklə böyüdən Fəridə xala neçə il idi ki, bir qarnı ac, bir qarnı tox yaşayırdı. Özü də dinclik bilmədən... Təki uşaqlarını bir yana çıxara bisin. Gah pambıq yığır, gah yun əyirib xalça-palaz toxuyub satır, tərəvəz əkir, toyuq-cücə bəsləyirdi. Sakit, həlim xasiyyətli, namuslu-ismətli qadın idi. Kənddə hamı onun xətir-hörmətini saxlayırdı.

Düz bir ildən sonra ana məzuniyyətdən qayıdan oğlunu qucaqlayanda özünü dünyanın xoşbəxti hesab etmişdi. Cəsarət həm anasına və həm də qardaş-bacısına qiymətli hədiyyələr, pal-paltar almışdı. Üstəlik anasına bir qədər pul da vermişdi. Ana pulu alanda az qalmışdı özündən getsin. Bunu hiss edən Cəsarət demişdi:

-Ana, mən neft buruqlarında işləyirəm. Neft çıxarmaq üçün quyular qazırıq. Tümendə ən çox neftçilər qazanırlar. Gələn dəfə bundan da çox gətirəcəyəm. Orda qayda belədir, iş stajın, təcrübən artdıqca maaşın da yüksəlir.

- Oğul, Allah səni bizə çox görməsin, Allah ruzini başından töksün - desə də kövrəldiyini gizlədə bilməmişdi anası.

Cəsarət bir müddət kənddə qalmış, qohum-qonşularla, dostlarla görüşmüşdü. Hər gün ya sinif yoldaşı Nurullagilə gedər, ya da Nurulla onlara gələrdi. Cavanlar bir-birinə elə isinişmişdilər ki...

Cəsarət Tümenə getməyə iki gün qalmış axşam darvazanın ağzında Nurullanın səsi eşidildi, atası ilə gəlmişdi. Qonaqlara çay süfrəsi açıldı. Onlar xeyli söhbət etdilər. Nəhayət, Nurullanın atası Sədulla mətləb üstünə gəldi:

-Cəsarət, oğlum, göz dəyməsin, Nurulla ilə qardaş kimisən. Yad eldə, özgə millətlərin arasında tək yaşamaq yəqin ki, elə də asan deyil. Bəlkə, qardaşını da – Nurullanı da özünlə apararsan. Bir-birinizə dayaq olarsınız, kömək olarsınız. Anana da de, icazə versə...

Cəsarətin üzünün ifadəsindən onun sevindiyi hiss olunurdu:

-Anama deyərəm, icazə də verər. Amma niyə Nurulla mənə özü deməyib? Axı biz dostuq.

Sədulla dedi:

-Siz dost deyil, lap qardaşsınız. Amma belə işlərə gərək böyüklər xeyir-dua versin. Cəsarət anasını çağırıb Nurullanın onunla Tümenə işləməyə getmək istədiyini bildirdi.

- Bıy başınıza dönüm, nə gözəl. Allah sizi bir-birinizdən ayırmasın. Ruziniz bol olsun. Sağ-salamat gedin, işləyin, çörəyinizi qazanın.

Sədulla kişi də ayağa qalxıb Cəsarəti qucaqladı.

Cəsarət həmin axşam çox xoşbəxt idi. Sinif yoldaşı, uşaqlıq dostu ilə birlikdə Tümenə getmək, bir yerdə yaşamaq, işləmək onun xəyallarını qanadlandırırdı. Artıq iki gün sonra dostlar bir yerdə Tümenə uçub, oradan da neft şəhəri Nijnevartovsk şəhərinə getdilər. Cəsarət Nurullanı işlədiyi neft idarəsində qazma briqadasına işə düzəltdi, onu yaşadığı yataqxanaya, özü də öz otağına yerləşdirdi.

Günlər həftələri, həftələr ayları əvəz edirdi. Dostlar işə can yandırır, yaxşı qazanır, həm özlərinin maddi ehtiyaclarını ödəyir, həm də müəyyən qədər evlərinə göndərirdilər. Hər şey çox yaxşı idi. Boş vaxtlarında istirahət edir, uşaqlıq xatirələrindən danışır, şirin-şirin xəyallar qururdular.

Xain, nankor qonşularımızın torpaq iddiası, ölkədəki hərc-mərclik, Sovet imperiyasının ikiüzlü siyasəti çox xəyalları, arzuları, ümidləri puç elədi.

Əbədi-əzəli müqəddəs torpaqlarımızın, kəndlərimizin, şəhərlərimizin, kökü-soyu bilinməyən erməni faşistləri tərəfindən, onların ağalarının dəstəyi ilə, işğal olunmasına, Azərbaycan vətəndaşları ilə birlikdə vətəndən kənarda yaşayan qeyrətli soydaşlarımız da heç cürə barışa bilmirdilər.

Dostlar hər gün Azərbaycanla əlaqə saxlayır, mərkəzi mətbuatın, televiziyanın xəbərlərini həyəcanla izləyirdilər. İlk vaxtlar onlar Moskvanın ədalətli qərar verəcəyinə inansalar da Sovet imperiyasının Bakıda törətdiyi Qanlı Yanvar faciəsi bu inamı məhv etdi. Xaos, qarmaqarışıqlıq, günahsız insanların qanının tökülməsi, yurddaşlarımızın hər gün neçə-neçə şəhid verməsi, düşmənin gündən-günə azğınlaşması Cəsarəti hövsələdən çıxarır, onu darıxdırırdı.  Azərbaycandan kənarda olduğuna görə için-için göynəyirdi.

Bir gün Cəsarət Nurullaya dedi:

-Daha bəsdir, qardaş. Mən qayıdıram Azərbaycana. Yeni yaradılan ordumuzun güclənməsi üçün kadrlar lazımdır. Avtomatdan, pulemyotdan sərrast atəş açmağı bacarıram. Vətənimizin dar günüdür, onun bizə, ananın balaya ehtiyacı olduğu kimi, ehtiyacı var.

-Nə danışırsan, işimizi-gücümüzü ataq, hər şeyə son qoyaq? Bir də ki dava bizdən nə qədər uzaqda gedir.

-Bizdən deyəndə, nə başa düşək?

-Kəndimizdən deyirəm.

Cəsarət özünü saxlaya bilmədi:

-Ayıb olsun. Səndən bu cavabı gözləməzdim. Məgər işğal olunan hər el-oba, hər kənd, hər qəsəbə, dağ-dərə bizim deyilmi? Şəhid olanlar bizim qardaşımız, bacımız deyilmi? Özün bilərsən, işin avand olsun. Mən sabah uçuram.

Cəsarətin qəfil, xəbərsiz gəlişi Fəridə xalanı çaşdırmışdı. O, əvvəlcə gözlərinə inamadı, özünə gəlib oğlunu qucaqladı:

-Boyuna qurban olum, nə yaxşı gəldin... Bəs niyə xəbər eləməmisən?

Cəsarət susdu, üzünü yana çevirib cavab vermədi.

Yeməkdən sonra Cəsarət özünü toplayıb gəlişinin məqsədini bildirdi.

Ana gözlərinin yaşını silərək söylədi:

-Mənim ağıllı balam, qeyrətinə qurban olum. Bilirəm, atanın oğlusan. O da sənin kimi el qeyrəti çəkən idi. Desəm, getmə, müharibədi, ölüm-itimdi, min yolla məni dilə tutub yola gətirəcəksən. Bir halda getmək istəyirsən, Allah səni qorusun. Tezliklə kafirləri yurdumuzdan qovub qələbə ilə qayıdarsınız. Allah düşmənin qolunu-qanadını qırsın, arzuları ürəklərində qalsın.

Cəsarətin yurdumuzun dar günündə qayıtması, Nurullanın isə Tümendə qalması kənddə yeni bir söz-söhbətin mövzusu oldu. Hamı Cəsarəti tərifləyir, atası Səxavətə rəhmət diləyirdi. Nurulla haqqında isə bir nəfər də olsun xoş söz demirdi.

Cəsarətin könüllü olaraq orduya yazılması, birbaşa döyüş bölgəsinə getməsi xəbərini eşidən Sədulla kişi narahat idi. O, ürəyində oğluna haqq qazandırsa da el qınağından çəkinirdi. Buna görə də Nurulla ilə danışanda yarıkönül dedi:

-Gərək sən də qayıdaydın... Bir halda ki bir yerdə getmişdiniz, bir yerdə də dönəydiniz. Utandığımdan camaat arasına da çıxa bilmirəm.

Sədulla atasına and içdi ki soyuqlayıb, həkim ciyərində ciddi problem olduğunu bildirib, gərək ən azı iki il özünü gözləyəsən, deyib.

Ata oğlun sözünün yalanmı, doğrumu olduğunu dəqiq ayırd edə bilməsə də ona inanmaq istədi.

 

***

Cəsarət qısa müddətdə əsgər dostlarının hörmətini qazandı. O, boylu-buxunlu, düz qamətli, çevik olmaqla yanaşı, həm də dürüstlüyü, mehribanlığı ilə seçilirdi. Onda hər şey təbii idi. Bir də silahların dilini yaxşı bilirdi, lazım gəldikdə dostlarının suallarına cavab  verir, onları başa salırdı.

Cəsarətgilin hərbi hissəsi bir sıra döyüşlərdə düşmənə öz sözünü demiş, onlara qan uddurmuş, bir neçə yaşayış məntəqəmizi azad etmişdilər. Hətta o dövrün qəzetlərində də bu haqda məqalələr dərc edilmişdi. Ana xəbərləri eşidir, oğluyla fəxr edir, gecə-gündüz Allaha dua edirdi ki, müharibə tez qurtarsın, Cəsarət geri qayıtsın.

O balasından vaxtaşırı məlumat alır, bununla təsəlli tapırdı. Amma bir müddətdən sonra Cəsarətdən doğru-dürüst xəbər gəlmədi. Ana bərk darıxır, ağlına min fikir gəlir, yerə-göyə sığmırdı. Gündə uydurma bir xəbər gəlirdi. Gah deyirdilər, döyüş tapşırığını yerinə yetirəndə altı əsgər yoldaşı ilə birlikdə həlak olub, düşmənlər meyitlərini götürüblər, kimsə də xəbər çıxarmışdı ki, ermənilər onları mühasirəyə salıb, tutub aparıblar, sonra da daxili orqanlarını çıxarıb satıblar. Ana qəm-kədər içərisində eşitdiyi xəbərlərə dözür, amma ümidini bircə an da olsa da itirmirdi.

Artıq bir neçə ay idi ki, Cəsarətdən heç bir xəbər yox idi. Bunu Nurulla da bilir, nəsə xəyalən məkrli planlar qururdu.

Bir gün o atası ilə telefonla danışanda söylədi:

-Ata, sənə bir söz deyəcəyəm. Amma bunu heç kimə demə, aramızda sirr olaraq qalsın. Necə olsa da yoldaş olmuşuq, çörək kəsmişik. Srağagün Cəsarət gəlmişdi. Əşyalarını götürüb getdi. Dedi ki, Nurulla, bezmişdim, qaçdım, canımı qurtardım. Amma mənim bura gəldiyimi heç kim bilməsin.

-Başın xarab olub, ağzının dediyini qulaqların eşidir?

-Mənə inanmırsan, özün bilərsən. Amma yenə deyirəm, bu xəbəri heç kim bilməsin.

Sədulla kişi oğlu ilə danışandan sonra fikirli-fikirli düşünməyə başladı. Amma heç iki saat keçməmiş “sirr”i arvadı Gülnisəyə açdı və tapşırdı ki bu xəbəri heç kim bilməməlidir.

Üç gün keçməmiş, əvvəl arvadların pıçapıçları, sonra da kişilərin çayxana söhbətləri fəxr etdikləri könüllü İgid Cəsarətin fərari Qorxaq Cəsarət olduğunu “təsdiq”lədi.

Xəbər Fəridə xalaya çatanda özünü saxlaya bilmədi:

-Əgər Cəsarət Səxavətin oğludursa, mənim döşümdən süd əmibsə heç vaxt fərari ola bilməz. Bu xəbəri çıxaranları isə Allaha tapşırıram.

İllər keçdi. Beynənxalq təşkilatların, BMT-nin, ATƏT-in qətnamələri, Qərbin aparıcı dövlətlərinin yalançı vədləri Qarabağ məsələsinin ədalətli həllində heç bir irəliləyişə kömək etmədi.  Atəşkəs elan olunsa da qarşı tərəf vaxtaşırı sabitliyi pozur, məsələnin öz xeyirlərinə sənədləşdirmək üçün məqam axtarırdılar.

Nəhayət, 2020-ci ilin 27 sentyabrında torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başladı. Xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qətiyyətli hücumu nəticəsində möhtəşəm qələbə qazandı, düşmən məğlub oldu. Torpaqlarımız işğaldan azad olundu, Şuşamız, Laçınımız, Kəlbəcərimiz və neçə-neçə başqa şəhərlərimiz, kəndlərimiz əzəli əbədi sahiblərinə qayıtdı.

Xalqımız fərəh içərisində idi. Fəridə xala da sevinirdi, böyük zəfərdən sonra Cəsarət haqqında dəqiq məlumatın olacağına inanırdı. Ananın ən böyük arzusu oğlu haqqında, xəbərin necə olmasından asılı olmayaraq, dəqiq xəbəri bilmək idi. Düzdür bir müddət əvvəl anadan DNT testi götürülmüşdü, lakin heç bir yenilik yox idi.

Bir gün sübh tezdən o darvazanın döyüldüyünü və: -Fəridə xala, ay Fəridə xala! - səsini eşitdi.

Gələnlər, hərbi geimli 2 nəfər və kəndin icra nümayəndəsi Taleh müəllim idi.

-Xala, özünüzü toxtaq tutun. Bir azdan Cəsarəti gətirəcəklər. Torpaqlarımızın müdafiəsi zamanı qəhrəmanlıqla həlak olmuş şəhidimizin nəşinin qalıqları əsasında kimliyi müəyyən edilib. Onu kənd qəbiristanlığında dəfn edəcəyik.

 Fəridə xala ikinci oğlu Məharətin körpəsini bərk-bərk qucaqlayaraq söylədi:

-Mən həmişə özümü toxtaq tutmuşam -göz yaşları sel kimi axdı- bu günü də çox gözləmişəm. Fəxr edirəm ki, oğlum qəhrəmandır, şəhid olub, fərari deyil. Vətən üçün canından keçən oğluma qurban olum.

Şəhid Cəsarətin möhtəşəm dəfn mərasimi keçirildi. Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, rayon rəhbərləri, kənd sakinləri iştirak edirdilər. Çıxış edənlər Vətənin çətin günündə öz işini-gücünü, rahatlığını atıb döyüşə yollanan, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Cəsarət kimi oğulların ölmədiklərini, qəlblərə köçərək əbədiyaşar olduqlarını bildirdilər.

Tabut üzərindəki Üçrəngli Azərbaycan Bayrağı Fəridə xalaya təqdim olundu. Ana bayrağı böyük məhəbbətlə öpdü, üzünə, gözlərinə sürtdü. Sanki oğlunun nəfəsini, qoxusunu duyurdu. Fəxrlə, qürurla camaata baxdı, amma heç nə demədi. Onun baxışlarından, susmağından nələr oxunmurdu...

Həmin gün elə bil kənd daha da işıqlı oldu, gümrahlaşdı, sanki camaat daha da mehriban oldu. Cəsarət şəhidliyi ilə doğulduğu kəndin əzəmətini daha da yüksəltdi. Adamlar Fəridə xalaya ehtiramlarını bildirmək üçün can atır, hətta bəziləri Cəsarət haqqında yayılmış yalan məlumata inadıqlarına görə xəcalət hissi keçirirdilər.

Ertəsi gün səhər açılar-açılmaz kəndə qıy düşdü:

-Sədulla kişi qəbiristanlıqda Cəsarətin məzarının yaxınlıqda yıxılaraq ölüb...

 Kənd bir-birinə dəydi. Həkimin rəyi isə belə oldu;

 -  Bərk qorxu-həyəcan hissi keçirib, infarktdan vəfat edib.

Natiq Tümendəki böyük qardaşı Nurullayla danışıb atalarının ölməsi xəbərini ona çatdırdı.

Kənd camaatı Sədulla kişini günortaya yaxın dəfn etdilər. Dəfndən sonra Natiq qohum-qonşu ilə birlikdə adətə uyğun mərhumun üç mərasiminə hazırlaşmağa başladılar.

Axşam saat 5 radələrində Natiqə zəng gəldi. Telefonda Nurullanın arvadının qəhərli səsi eşidildi:

-Qardaşşş, başımıza daş düşdü, evimiz yıxıldı. Nurullanın ürəyi partladı. Evdən çıxanda, elə qapının ağzındaca özündən getdi. Həkim gəldi, müayinə edib dedi ki, keçinib...

Telefondan gələn ağlaşma səsi daha da güclənirdi.

(01-08.11.2024)

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

 

 

Ağalar İdrisoğlu, yazıçı-rejissor, Əməkdar incəsənət xadimi –“Ədəbiyyat və incəsənət” üçün

 

                            

Məhərrəm Musayev: “Əgər tamaşada canlı ifa yoxdursa, aktyor oynadığı rolu obraz səviyyəsinə qaldıra bilmirsə, bütün hərəkətlərində təbii deyilsə, o tamaşa peşəkar ola bilməz. Məhz tamaşaların da çoxu rejissor və aktyor tərəfindən peşəkar səviyyədə olmadığına görə Azərbaycan teatrlarında tamaşaya gələn tamaşaçıların sayı azalır”...

 

Biz, 1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) imtahan verən vaxtı, bizimlə ortaboylu, cəld hərəkətli, baxışı, hərəkətləri, danışığı başqalarından çox fərqlənən bir oğlan da imtahan verirdi. Baxmayaraq o, hər bir sözu, cümlələri çox ciddi deyirdi, amma biz onun sözlərinin deyilişindən gülümsünürdük. O, özünün belə baməzə hərəkətləri və söhbətləri ilə ətrafına daha çox müdavimi yığa bilirdi. Biz inanırdıq ki, bu istedadlı oğlan hökmən aktyorluğa qəbul olacaq.

Həmin vaxtı bizdən sənət imtahanlarını tanınmış teatr xadimləri - Azərbaycan peşəkar teatr tarixinə öz adlarını əbədi yazmış Xalq artisti Rza Təhmasib, SSRİ Xalq artistləri Adil İsgəndərov, Mehdi Məmmədov, Xalq artisti Tofiq Kazımov və Əməkdar incəsənət xadimi Fikrət Sultanov götürürdü. Həm də o il institutun tarixində ilk dəfə olaraq, darm və kino aktyorluğu kursu bir yerdə olduğuna görə qəbula gələnlər həddindən artıq çox idi. Həmin il ali məktəbə cəmi 30 nəfər qəbul olunmalı idi. Məhz buna görə də imtahanlar çox ciddi keçirdi.

Bu korifey sənətkarlar həmin cavan oğlana aktyor sənəti, səhnə danışığı və ritmikadan 5 qiymətlər yazmışdılar. Səhv etmirəmsə bu 3 fənnən cəmi 4-5 nəfər əla qiymət almışdı, onlardan biri də bu cavan, xoşsimalı, gülərüz oğlan idi. Mən də yaxşı qiymətlər almişdım. Ona görə də digər imtahanların gedişində biz onunla yaxından tanış olduq. Məlum oldu ki, biz onunla Masallı rayonundanıq və qonşu Digah, Şərəfə kəndlərindənik. Belə ki, mən Digahdan, o isə Şərəfədəndir. Hətta uşaq yaşlarımızda bir yerdə futbol oynayıb, onların və bizim kəndlərimizdə olan istillərdə (su anbarları) balıq tutmuşuq, çimmişik. Hətta bizim nəsillərimizin ulu kökləri XVI-XVII əsrlərdə Ərdəbil mahalından gəlib, bu yerlərdə kök salıblar.

Tale elə gətirdi ki, hər ikimiz dram və kino aktyorluğu fakültəsinə qəbul olduq. Mən Mehdi Məmmədovun, o isə Fikrət Sultanovun sinifində. Baxmayaraq biz sənət dərslərini ayrı keçirdik, amma başqa dərslərimiz bir yerdə olurdu. Həmin dərslərdə də bu cavan oğlan dərsin gedişində elə bir baməzə cümlə deyirdi ki, nəinki tələbə yoldaşlarımız, hətta müəllimlərimiz də gülürdülər. Çünki o, Azərbaycan cümlələrinə bəzi fransız sözləri əlavə etməklə elə maraqlı danışırdı ki, kənardan ona qulaq asanlar elə bilirdilər ki, fransızdır, Azərbaycan dilində danışır. Dərslərin gedişində, biz dərslərimizi bilməyəndə, rəqsləri, ritmik hərəkətləri müəllimlər dediyi kimi təkrar eləyə bilməyəndə, ən gərgin vəziyyətdə, müəllimlər bizim üstümüzə hirslənəndə, o, fransız ləhcəsi ilə danışırdı. Müəllimlər gülümsünür və gərginlik aradan götürülürdü. Ona görə də biz o vaxtlar həmin oğlana “Müsyö”,- deyirdik. Hətta o, deyirdi ki, “mən həkim olmaq istəyirdim. Tibb İnstitutuna da ciddi hazırlaşırdım. Amma məktəbimizdəki dram dərnəyində də rollar oynayırdım. Həmin vaxtı bizim kənddən olan Əjdər Bədirov, indi məşhur aktyorlar Rasim Balayev, Mikayıl Mirzə, Əliabbas Qədirovla bir kursda oxumuşdu. Kəndə gələndə teatrla bağlı elə maraqlı şeylər danışırdı ki, o, mənim “saqqızımı” oğurladı və mən də sənədlərimi Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu faküləsinə verdim və qəbul olundum”.

Dörd il təhsil aldığımız müddətdə həmin oğlan hamının sevimlisi, ən yaxın dostu, həmsöhbəti, sirdaşı oldu. O, kurs tamaşalarında oynadığı maraqlı, xarakterik rolları ilə sübut edirdi ki, gələcəkdə yaxşı, perspektivli aktyor ola biləcək. Oldu da. Oynadığı roldan-rola yüksəldi, püxtələşdi. Bir obrazda tapdığı xarakteri başqasına köçürmədi. Hər obrazın özünə uyğun daxili monoloqunu qurdu, yeriş, baxış və danışıq tərzini tapdı. Çalışdı ki, hər bir rolunda səmimi və təbii olsun. Təkcə teatrda yox, həm də kinoda maraqlı rollar oynadı. Bax, bu peşəkarlığına, Allah vergisi olmağına görə, təkcə tamaşaçıların yox, həm də rejissorların sevimlisinə çevrildi.

... Bayaqdan haqqında xoş sözlər danışdığım, artıq adını Azərbaycan teatr və kino tarixinə ustad sənətkar kimi yazdıran və uzun illər Lənkəran Dövlət Dram Teatrının, Dövlət Gənclər Teatrının, Dövlət Milli Gənc Tamaşaçılar Teatrının, İrəvan Dövlət Dram Teatrının aparıcı aktyorlarından biri olan, 1949-cü ilin oktyabr ayının 28-də dünyaya gəlmiş, 75 yaşı tamam olan, Mədəniyyət əlaçısı Döş nişanını almış və bundan sonra da çox maraqlı rollar qalereyası yaratmağa qadir, amma artıq “Yaş senzi” adı ( oyunu) ilə işdən uzaqlaşdırılan Məhərrəm Məmmədhəsən oğlu Musayevdir.

... Biz ali məktəbi qurtaranda təyinatla ayrı-ayrı yerlərə işləməyə göndərildik. Mən Şəki və sonra Sumqayıt Dövlət Dram Teatrına göndərildim. Amma Məhərrəm Musayev Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işlədi. Təsəvvür edin ki, 3 illik təyinatla Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına akytor işləməyə gedən Məhərrəm Musayev düz 25 il bu teatrda işlədi. 80-dən artıq, bir-birindən maraqlı rollar oynadı, bu teatrın səhnəsində. Onun rejissor sənətinə marağı olduğunu görüb, Məhərrəm bəyi teatrın rəhbərliyi bir neçə tamaşaya ikinci rejissor təyin elədi. Özünün rejissura sahəsində orijinal fikirləri olduğunu görüb, hətta bu teatrda aktyor işləyə-işləyə iki illik Moskvada rejissorluq təhsili almağa göndərdilər Məhərrəm Musayevi.

Keçmiş Sovetlər İttifaqının ən tanınmış rejissorlarından biri olan və özünün dəsti-xəttini, məktəbini yaradan Mark Zaxarovun tələbəsi oldu Məhərrəm bəy. Onun rəhbərlik etdiyi “Lenkom” Teatrında iki il təcrübə mübadiləsi keçdi. Moskvada təhsil aldığı müddətdə və ondan sonrakı illərdə, Məhərrəm Musayev Lənkəran Dövlət Dram Teatrının səhnəsində, Süleyman Sani Axundovun “Tamahkar”, Geor Xuqayevin “Andro və Sandro”, Nəcəf bəy Vəzirovun “Pəhlivani zəmanə”, Camal Yusifzadənin “Dağlar arxasız olmur”, “Şah və təlxək”, Cəlil Məmmədquluzadənin “Ölülər” (Baba Rzayevlə birlikdə) və Abdulla Şaiqin “Qoçpolad” pyeslərinə maraqlı quruluşlar verdi. Bu tamaşalar haqqında teatr mütəxəssisləri maraqlı ressenziyalar yazdılar. Məhərrəm bəy bu tamaşaları ilə sübut etdi ki, o, nəinki maraqlı aktyor, həm də öz dəsti-xətti olan çox istedadlı rejissordur.

Yadıma gəlir ki, 1983-cü ildə Lənkəran Dövlət Dram Teatrı dörd tamaşa ilə Bakı şəhərinə qastrol səfərinə gəlmişdi. Həmin tamaşalardan ikisində - “Ölülər”də Mir Bağır ağa və “Səhər qatarı”nda baş rol olan Kərim rolunda Məhərrəm Musayev çıxış edirdi. Onun oynadığı hər iki rol, teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılandı. Tanınmış teatr tənqidçiləri baş rejissordan xahiş etdilər ki, onun üçün məxsusi pyeslər götürsün. Çünki o, dünya şöhrətli İnnakenti Smaktunovski tipli aktyordur. Amma nə sirdisə teatr Lənkərana qayıdandan sonra Məhərrəm Musayevə bu teatrda 3 il rol vermədilər. Bəli, bəli. Rol vermədilər. Bax, belə yanaşma tərzi yalnız bizim məmləkətdə ola bilər… Çünki daxilən xayınlıq, xəbislik, paxıllıq bizdə daha çoxdur. Ona görə də başqasının uğuruna sevinməkdə laqeyidik. Qısqancıq...

Yolum Lənkərana düşəndə, həmişə bu teatrın tamaşalarına baxırdım. Və hər bir tamaşada Məhərrəm bəyi bir akytor və rejissor kimi kəşf edirdim. Tale belə gətirib ki, mən onun oynadığı tamaşalar - Mirzə Fətəli Axundovun “Xırs quldurbasan”, Bertold Brextin “Soldat Şveykin macəraları”, Sabit Rəhmanın “Əliqulu evlənir”, Nikolay Paqodinin “Nikbin faciə”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Məmmədhüseyn Əliyevin “Prokuror”, Sabit Rəhmanın “Xoşbəxtlər”, Camal Yusifzadənin “Səhər qatarı”, “Şah və təlxək”, Ulyam Şekspirin “Maqbet”, “Qış nağılı”, Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin”, Cəfər Cabbarlının “Oktay Eloğlu”, Süleyman Sani Axundovun “Tamahkar”, İlyas Əfəndiyevin “Qəribə oğlan”, Səməd Vurğunun “Vaqif” və başqalarına baxmışam. Bu tamaşalarda oynadığı - Tanrıverdi, Smulyant, Əliqulu, Xır-xır, Mirbağır ağa, Prokuror, Bərbərzadə, Kərim, Şah, Gənc çoban, Qross, Fəxrəddin, Oktay Eloğlu, Hacı Murad, Muraveyka, Eldar və başqaları, xaraktercə bir-birinə oxşamayan, tam ayrı-ayrı səpkidə, amplualarda olan obrazlardır. Məhərrəm Musayev bu rolları elə ustalıqla yaradırdı ki, təkcə tamaşaçılar yox, teatr mütəxəssisləri də onun haqqında böyük həvəslə danışırdılar.

Məhərrəm Musayevin oynadığı həmin rollar və quruluş verdiyi tamaşalar lentə çəkilsəydi, bu gün bu aktyor və rejissorun böyük bir canlı arxivi gələcək nəsillərimiz üçün ərmağan kimi qalardı. Və belə bir fitri istedadlı aktyora bu vaxta kimi, fəxri ad verməyənləri, tamaşaçılar ciddi tənbeh edərdələr. Və tələb edərdilər ki, “əgər üç-dörd il səhnədə çalışan və elə də maraqlı rollar oynamayan aktyora fəxri ad verilirsə, ömrünün 50 ilini səhnəyə həsr edən, böyük bir rollar qalereyası yaradan, 10-dan çox tamaşaya maraqlı quruluşlar verən Məhərrəm Musayev niyə bu vaxta kimi, özünün layiqli qiymətini, haqqını almayıb? Niyə Məhərrəm Musayev kimi, əyalətdə işləyən sənətkarlar uzun illər Mədəniyyət Nazirliyi tərəfindən unudulub? Niyə onlar fəxri adlardan və Prezident mükafatından, Prezidentin Fərdi Təqaüdündən kənarda qalıblar? Belə haqsızlıq olarmı?..”

Əfsus ki, həmin tamaşalar çəkilməyib. Çünki o vaxtlar Azərbaycan Dövlət Televiziyasına rəhbərlik edənlər burnunun ucundan uzağı görə bilməyən və teatrlara, tamaşalara qarşı laqeyid adamlar idi. Buna görə də bölgə teatrlarına qarşı biganə idilər... Bu yolla, belə düşmənçiliklə onlar görün neçə maraqlı tamaşaların tarixdə qalmasının qarşısını aldılar... Özü də təkcə Lənkəran teatrında yox, bütün bölgə teatrlarında...
Tale elə gətirdi ki, Məhərrəm Musayev 2000-ci ildən Bakıya köçdü. Daha doğrusu, özünün dediyi kimi, “uşaqları paytaxtda təhsil aldıqlarına görə, Ləkərandakı evini ehtiyac ucbatından satıb, Bakıda kirayənişin yaşayaraq, övladlarının yanında olmağı üstün tutdu”. Elə həmin ildən də tələbə yoldaşımız Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında aktyor kimi işə başladı.
Hüseynağanın quruluşunda bir neçə tamaşada maraqlı rollar yaratdı. Artıq Bakıda işləyəndə onu kino rejissorları da gördülər. Təbii və inandırıcı aktyor kimi bəyəndilər. Beləliklə, bir-birinin ardınca o, bir çox kinolarda, teleseriallarda çəkilməyə başladı. Bu gün Məhərrəm Musayevin aktyor bioqrafiyasında 40-dan çox kino obrazı var. Hər biri də bir-birindən maraqlıdır. Baxmayaraq ki, bu rolların çoxu epizodikdir, amma yadda qalandır və tamaşaçının ürəyinə yatımlıdır.

Heç vaxt təsəvvür etmirdim ki, nə vaxtsa mənim quruluş verdiyim tamaşalarda Məhərrəm bəy də oynayacaq. Tale qismət verdi ki, ali məktəbi bitirdiyimiz vaxtdan 28 il keçəndən sonra, mənim özümün qələmə aldığım, 1985-ci ildə SSRİ dramaturqlarının müsabiqəsinin qalibi olan və 2003-cü ildə quruluş verdiyim “İnan mənə” tamaşasında onunla Dövlət Gənclər Teatrında aktyor və rejissor kimi işlədik. O, bu tamaşada, çox xarakterik olan və yalnız bir epizodda görünən, Eksperimental Klinikanın müdiri, professor Əmirov rolunda çıxış etdi. Məşq prosesində mən Məhərrəm Musayevin maraqlı axtarışlarını görür və ona yeni-yeni tapşırıqlar verirdim. O da, bu tapşırıqları böyük həvəs və yüksək ustalıqla yerinə yetirirdi. Məhz buna görə də tamaşaların gedişində Məhərrəm Musayevin oynadığı professor Əmirov tamaşaçıların yaddaşında qaldı və onun yalnız bir epizodda yaratdığı bu obraz, o, səhnədən çıxan vaxtı həmişə sürəkli alqılşarla qarşılanırdı. Sonra bizim onunla ikinci müştərək işimiz istedadlı yazıçı-dramaturq, mərhum Zeydulla Ağayevin, məşhur ingilis yazıçısı Somerset Moemin “Əyilməzlik” povestinin motivləri əsasında yazdığı “Haray” pyesindəki Müsyo Perye obrazı oldu. Pyesdə az sözü olan, lakin bütün tamaşa boyu səhnədə olan, “ipə-sapa” yatmayan qızı Anetə nəsihət verən Müsyo Perye - Məhərrəm Müsayev bu rolu o qədər təbii və inandırıcı oynayırdı, bəzən mən yaddan çıxarırdım ki, bu tamaşanın rejissoruyam və onun oyununa tamaşaçı kimi maraqla baxırdım. Əsasən də o, sözsüz səhnələrdə daha maraqlı görünürdü. Çünki qızının faciəsi bir ata kimi ona çox təsir edrirdi. Hətta qızına alman faşistilarıni təhqir etməməyi yalvara-yalvara ondan xahiş edirdi. Anetin-qızının ölüm səhnəsini isə o, bir ata kimi çox böyük dəhşətlə tamaşaçılara göstərirdi. Bu səhnədə o, heç bir söz demirdi. Amma daxili monoloqla bu faciəni tamaşaçılara yüksək səviyyədə, peşəkarlıqla çatdırırdı. Onun hönkür-hönkür ağlamasına tamaşaçı zalındakı tamaşaçılar da doluxsunur və ağlayırdılar. Bax, budur aktyorun böyüklüyü, peşəkarlığı...

Bu gün Azərbaycan teatr səhnəsində sözsüz səhnələri inandırıcı oynayan aktyorlar təəssüf ki, çox azdır. Çünki sözsüz səhnəni oynamaq üçün aktyordan böyük peşəkarlıq, yüksək daxili monoloq qurmaq bacarığı və səhnədə təbiilik daha çox tələb olunur. Məhərrəm Musayev də bu gün Azərbaycan teatrında bu işin ustası olan 10-15 sənətkarlardan biridir. Bizim Dövlət Gənclər Teatrında onunla üçüncü işimiz daha çətin olub. Belə ki, mənim quruluş verdiyim, klassik rus dramaturqu Aleksandr Suxovo-Kobılinin “Tarelkinin ölümü” qrotesk-oyun, satirik komediyasında Məhərrəm Musayev birdən-birə iki və bir-birindən kəskin surətdə fərqlənən rollar oynadı. General Varravin və kapitan Polutatarinov. Bu rolları vaxtı ilə Rusiyanın ən tanınmış, klassik, nəhəng aktyorları ifa ediblər. Hansılar ki, bu gün Rus teatr tarixində sayılıb-seçilən aktyorlar kimi qalıblar. Bir vaxtlar Moskvada özünün yaratdığı teatrda bu rolları, bizim Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, Rasim Ocaqovun çəkdiyi “İstintaq” və başqa kinofilmlərdən tanıdığımız məşhur aktyor Aleksandr Kalyagin oynayıb.
Məhərrəm Musayev özünün təbii aktyor oyunu ilə hər iki rolu yüksək obraz səviyyəsinə qaldıra bildi. Və rejissor kimi təkcə məni yox, həm də tamaşaya baxan teatr mütəxəssislərini tam qane edirdi. Onlar üçün Məhərrəm Musayev böyük bir tapıntı idi. Amma bəzi qara qüvvlər, cılız hisslərlə yaşayanlar nə “İnan mənə”, nə “Haray”, nə də “Tarelkinin ölümü” tamaşalarının Dövlət Gənclər Teatrı ilə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı birləşəndə bu teatrın repertuarına düşməsinə heç cür imkan vermədilər. Bununla mənə və həmin tamaşalarda oynayan aktyorlara, aktrisalara böyük bir zərbə vurdular...

Ən dəhşətlisi bu oldu ki, Dövlət Gənclər Teatrının heç bir tamaşasını teatrlar birləşəndə Dövlət Milli Gənc Tamaşaçılar teatrının repertuarına daxil etmədilər. Repertuar yalnız Milli Gənc Tamaşaçılar və Kamera Teatrının tamaşaları əsasında quruldu. Ola bilər oxucular buna inanmasın. Amma bu, həqiqətdir. Həmin vaxtı bu teatra rəhbərlik edənlər elə bu çirkin əməllərilə Dövlət Gənclər Teatrını tarixdən əfsus ki, sildilər...
Dövlət Gənclər Teatrında bizim Məhərrəm bəylə son işimiz Əməkdar incəsənət xadimi Hidayətin yazdığı və mənim teatr üçün yenidən işlədiyim “Məhəbbət yaşayır hələ” tamaşasındakı baş rol Əliş Vəlişoviç oldu. Məhərrəm bu rolu da özünəməxsus ustalıqla yaratdı. Səhnəyə hər gəlişi və çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanırdı. Çünki o, bu rolu obraz səviyyəsinə qaldırıb, qəhrəmanının iztirablarını, düşdüyü çətin vəziyyətlərdən necə çıxmağın yollarını təbii formada düşünürdü. O, həqiqətən tamaşaçının gözü qarşısında iztirablar keçirir, düşdüyü axmaq vəziyyətdən çıxmaq yollarını axtarırdı...

2009-cu ilin may ayında Dövlət Gənclər Teatrı, Azərbayan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşəndən sonra, bizim Məhərrəm Musayevlə işlərimiz artıq bu teatrda davam elədi. Bu teatrda təkcə mən yox, teatrın rejissorları, Xalq artistləri Cənnət Səlimova, Vaqif Əsədov da ona bir-birindən maraqlı rollar verdilər.
Bu teatrda bizim Məhərrəm Musayevlə ilk işimiz, bu yaxınlarda haqq dünyasına qovuşan, çox maraqlı yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlının “Əcəl atı” tamaşasında onun oynadığı çox xarakterik Şəmi obrazı oldu. Həddindən artıq xarakterik bir rol olan Şəmini Məhərrəm Musayev yüksək peşəkarlıqla yaratdı. Onun oynadığı bu rol təkcə teatr mütəxəssislərinin yox, həm də tələbkar tamaşaçıların çox xoşuna gəlirdi. Onun səhnəyə hər gəlişi və çıxışı tamaşaçılar tərəfindən alqışla qarşılanırdı. Birinci Qarabağ Müharibəsinə həsr olunan və həmişə anşlaqla gedən bu tamaşanı da teatrın keçmiş rəhbərliyi bilmirən neyçünsə teatrın repertuarından çıxartdı...

Məhərrəm Musayev bu gün ömrünün çox maraqlı illərini yaşayır. Amma teatrdan uzaq düşməsi onu mənəvi cəhətdən çox sarsıdır. Bu, ona çox pis təsir edir. Axı o, bu gün teatrda çox lazımlı aktyordur. Amma “Yaş senzi” adlı oyunu ortaya atan nadanlar, məmləkətimizin belə istedadlı çoxlu aktyorlarını, aktrisalarını səhnədən uzaqlaşdırıblar... İnanıram ki, bu oyun tezliklə aradan götürüləcək və Məhərrəm Musayev kimi istetadalı aktyorlar, aktrisalar Azərbaycan teatrının gələcək uğurları naminə yenidən teatrlara qaytarılcaq. Məhərrəm bəy də bundan sonra biri-birindən maraqlı rollar oynayıb, tamaşaçıları, teatr mütəxəssislərini və dostlarını sevindirəcək.

Məşhur “Santa Barbara” teleserialında Meyson rolunun ifaçısı, tanınmış Amerika aktyoru Leyn Devis onun oynadığı “Ağabəyovlar” teleserialının yalnız birinci seriyasına baxandan sonra, yerindən ayağa durub, əlini Məhərrəmə uzadaraq, onun oyununu yüksək qiymətləndirib və deyib: “Bu aktyor peşəkar ustadır və Azərbaycan üçün böyük tapıntıdır. O, Azərbayanda Konstantin Sergeyeviç Stanislavskinin yaşama məktəbinin çox yaxşı yetirməsidir”.

İstəyirdim ki, Məhərrəm Musayev haqqında fikirlərimi elə burada da tamamlayım. Amma onunla etdiyim söhbət və verdiyim suallara Məhərrəm bəyin lakonik cavabları məni məcbur elədi ki, fikirlərimi daha əhatəli yazım.

-Məhərrəm bəy, siz niyə məhz Lənkəran Dövlət Dram Teatrına işləməyə getdiniz? Axı imkan vardı ki, siz Bakı teatrlarında da işləyə bilərdiniz.
-Mən özüm cənub bölgəsindən olduğuma görə tələbə yoldaşlarım Sabir Məlikov, Elxan Qurbanov və Nadir Hüseynovla birlikdə ora işləməyə getdik.

- Peşəkar səhnədə ilk rolunuz yadınızdadırmı?
- Əlbəttə. “Soldat Şveykin macəraları” tamaşasında Smulyantı oynamışam. Bu rolum teatr rəhbərliyinin xoşuna gəldiyinə görə, Anatoli Safronovun “Qəribə doktor” tamaşasında əsas rol olan Muraveykanı mənə verdilər. Deyilənə görə, bu rolu da pis oynamadım.

-Artıq ilk tamaşalardan özünüzü maraqlı aktyor kimi sübut etmişdiniz və birdən-birə rejissorluğa meyliniz yaranıb. Bu, nədən yarandı?
-1983-cü ildə biz, Lənkəran teatrı ilə Bakıya qastrola gəldik. Bakıda dörd tamaşa oynadıq. Mən həmin tamaşalardan ikisində oynayırdım. Bu dörd tamaşadan sonra həmin tamaşaların Bakıda geniş müzakirəsi oldu. Məşhur teatrşünaslar Cabir Səfərov, Novruz Təhməzov tamaşalarımız haqqında xoş sözlər dedilər. Mənim aktyor oyunum haqqında daha maraqlı fikirlərini bildirdilər. Bu da teatrda baş rejissor başda olmaqla, aparıcı aktyorlar arasında mənə qarşı böyük qısqanclıq yaratdı. Həmin vaxtdan sonra mənə üç il teatrda rol verilmədi. Ona görə də belə qərara gəldim ki, Moskvaya gedib iki illik rejissorluq təhsili alım və özüm tamaşalar hazırlayım və həmin tamaşalarda da oynayım. Beləliklə, Moskvaya gedib, rejissorluq təhsili aldım və yenidən Lənkərana qayıdıb, 10-dan çox tamaşa hazırladım. Həmin tamaşaların çoxunda elə özüm də rol oynadım. Hətta daha çox o aktyorlara rol verdim ki, onları teatrda aktyor hesab etmirdilər. Onlardan biri Rəhim Talışinski idi. O, heç bir aktyor təhsili almamışdı. Mən ona Süleyman Sani Axundovun “Tamahkar” pyesində baş rol olan Hacı Muradı verdim. Teatrın rəhbərliyi buna etiraz etdi. Amma mən sübut etdim ki, düz fikirləşmişəm. Rəhim Talışıinski bu rolu çox yaxşı oynadı və bundan sonra o biri rejissorlar da ona rollar verməyə başladı. Bu tamaşanın uğurundan sonra teatr rəhbərliyi xahiş etdi ki, mən daha çox tamaşalar hazırlayım.

-İki il Moskvada rejissorluq təhsili alan Məhərrəm Musayevin yaddaşında bu şəhər və müəllimləri necə qalıb?
-Mən baxmayaraq ki, Mark Zaxarovun kursunda təhsil alırdım, amma Oleq Yefremovun da, Valeriy Fokinin də dərslərinə gedirdim və öyrənmək istəyirdim ki, Moskvada teatrlar necə işləyir? Tamaşaçıları teatra necə cəlb edə bilirlər? Bilirsiniz ki, Moskva, dünyada ədəbəiyyatın və incəsənəti beşiyi sayılan ən məşhur şəhərlərdən biridir. Elə orada yalnız tamaşalara baxmaq, məşhur yazıçılarla təmasda olmaq özü böyük inkişaf deməkdir. Mənim müəllimim vardı Rubenşteyn. Deyirdi ki, “ Moskvada qal. Burada daha yaxşı inkişaf edə bilərsən”. İndi başa düşürəm ki, orada əsl sənətkara daha yaxşı qiymət verirlər. Azərbaycanda isə əsl istedadlı insanlar daha çox əziyyət çəkirlər. Bunu görəndə böyük teatr islahatçısı K. S. Stanislavskinin bu sözləri yadıma düşür: “İstedadlıları qoruyun. İstadadsızlar isə özlərinə daha asanlıqla yol tapa bilirlər”. Bax, bu gün bizim məmləkətdə istedadsızlar “at oynadırlar”...

-Bəs niyə sonra rejissorluğu davam etdirmədiniz?
-Çünki aktyorluğa marağım daha çox idi. Və həmin tamaşalardan sonra rejissorlar mənə demək olar ki, bütün tamaşalarda rollar verirdilər. Rejissor kimi tamaşalar hazırlamaq və rollar oynamaq çox çətin olduğuna görə mən ikincini daha üstün tutdum. Ona görə də Lənkəran Dövlət Dram Teatrında işlədiyim 25 il müddətində 80-dən çox rollar oynadım.

-Lənkəranda həm teatr və həm də ictimaiyyət arasında sayılıb-seçilən Məhərrəm Musayev, 2000-ci ildə Bakıya gəldi. Bu nədən yarandı?
-Övladlarımın üçü də Bakıda ali məıktəblərdə təhsil alırdılar. Mən də ailəcanlı olduğuma görə istəmədim ki, övladlarım Bakıda tək qalsınlar. Ona görə də Bakıda kirayə ev tutdum və həyat yoldaşımla biz də Bakıya köçdük. Beləliklə, mənim Bakı həyatım başladı. Artıq 25 ildir ki, bakılıyam... Amma heç cürə bakılı ola bilmirəm. Tea-tez Masallıya, doğulduğum Şərəfə kəndinə gedirəm. Çünki ata ocağı məni özünə çox çəkir. Orada özümü sərbəst hiss edirəm. Atamın, anamın, böyük oğlum Xəyalın da məzarı Şərəfə qəbistanlığındadır... ( Bu sözlərdən sonra o, susdu və uzaqlara baxdı...)

- Mokvada rejissorluq təhsili alan və dünya teatrı haqqında lazım olan qədər oxuyan, biliyi olan Məhərrəm Musayevin bugünkü Azərbaycan teatrına, tamaşalardakı aktyor oyununa baxışı, münasibəti necədir?
-Dünya şöhrətli rejissor Robert Sturua özünün 4-5 tamaşasını Bakıya gətirmişdi və Akademik Musiqili Komediya teatrının binasında gürcü aktyorları bu tamaşaları oynadılar. Yadınıza gəlirsə biz birlikdə gedib həmin tamaşalara baxdıq. O tamaşalar mənim daha çox xoşuma gəldi. Niyə xoşuma gəldi? Bunun sirri nədədir? Ona görə ki, Robert Sturua aktyorları səhnəyə danışmağa yox, iş görməyə çıxartmışdı. Mən də həmişə aktyorlara deyirəm ki, səhnəyə danışmaq üçün çıxmaq lazım deyil. Aktyor səhnəyə iş görmək üçün çıxmalıdır. Mən Moskvada təhsil alanda orada müəllimlərimiz biz, gələcəyin rejissorlarına bunu öyrədirdilər. Elə aktyor sözünün də mənası yunanca “iş görən” deməkdir. Yadıma glir ki, biz Moskvada Yermolov Teatrının baş rejissoru Valeriy Fokinin yanına gedəndə o, bizə məşhur rejissor Corc Srellerin məşqlərinin lentini gösrərirdi, orada bir maqalı yer vardı. Corc Sreller dünən elədiyi məşqləri aktyorlar ona gösrəndə, bir yer vardı aktyorları saxlayıb belə deyirdi: “ Bu mizanları sizə kim deyib? Bu mizanları sizinlə kim qurub?” Aktyorlar deyirdi ki, dünən siz özünüz belə qurdunuz. Sreller də onlara deyirdi: “Dünən mən səhv eləmişəm. Bu gün həmin mizanları və hərəktləri yenidən quracam”.

-Yaxşı yadıma saldın. Realist, yaşama teatr məktəbinin yaradıcılarından biri olan məşhur rejissor, dramaturq Vladimir İvanoviç Nemiroviç Dançenko da səhər məşqə gələndə dünən elədiyi səhvləri görüb, zarafala belə deyirmiş: “Bunu hansı istedadsız rejissor sizinlə qurub?” O, həmin mizanları dəyişirmiş və aktyorlara da yeni-yeni tapşırıqlar verirmiş. Hər gün də onları məcbur eləyirmiş ki, məşqlərə yeni fikirlərlə gəlsinlər. Öz üzərlərində ciddi işləsinlər. Çünki yaradıcı insan özündən razı və müşdəbeh olsa, elə həmin dəqiqə də onun yaradıcılığı dayanır...
- Əlbəttə. Əsl aktyor dramaturqun yazdığı sözlərdən səhnədə vəziyyətləri tamaşaçıya çatdırmaq üçün bir vasitə kimi istifadə etməlidir. O, öz rolunun müəllifi olmalıdır. Çox təəssüf ki, bizim Azərbaycan teatrlarında bu demək olar ki, yoxdur. Tamaşaların çoxunda aktyorlar səhnəyə söz demək üçün çıxırlar. Biri səhnənin bu başında, o biri o başında dayanıb yalnız sözləri deyirlər. Ona görə də tamaşaların çoxu darıxdırıcı olur. Əgər belədirsə onda tamaşaçı gedib həmin pyesi evdə oturub oxuya bilər də. Daha o, teatra niyə gəlir? Tamaşada canlı ifa yoxdursa o tamaşa deyil. Məhz buna görə Azərbaycan teatrlarında tamaşaya gələn tamaşaçıların sayı azalır. Yadınıza gəlirmi sizin hazırladığınız tamaşalar- “İnan mənə”, “Haray”, “Tarelkinin ölümü”, “Məhv olmuş gündəliklər, “Məhəbbət yaşayır hələ”, “Əcəl atı” niyə tamaşaçılar tərəfindən maraqla qarşılanırdı? Ona görə ki, həmin tamaşalarda bütün aktyorlar, aktrisalar səhnəyə söz demək üçün yox, iş görmək üçün çıxmışdılar. Deməli, bütün bunlar da ilk növbədə rejissordan irəli gəlir. Əgər rejissor, dramaturq, böyük teatr islahatçısı, sizin bayaq dediyiniz Vladimir İvanoviç Nemiroviç-Dançenko deyən kimi, “əgər rejissor aktyor üçün güzdü, ideyaverən və onu öz ardınca apara bilən olmasa həmin tamaşa lazım olan səviyyədə alınmayacaq” sözlərinə əməl etməsə böyük uğur qazana bilməz. Rolun aktyor tərəfindən öbraz səviyyəsinə qalxması üçün onun səhnəyə niyə çıxması, səhnədə kiçik məqsədləri, ali məqsədi və gördüyü hansı işlər olmalıdır suallarını o, dəqiq bilməlidir. Əgər o, bu sualların dəqiq cavabını bilsə onda tam, kamil bir obraz yaradacaq. Teatrların da əsas məqsədi repertuara yüksək səviyyəli, tamaşaçını düçündürən, onun daxilidə olan suallara cavab verə bilən pyesləri seçməlidir və tamaşaya hazırlamalıdır. Əgər belə olsa həmin teatra tamaşaçılar daha çox gələcək. Ona görə də bu gün günah tamaşaçılarda yox, teatrların özündədir. Teatr yaxşı tamaşa hazırlasa, həmin tamaşalara tamaşaçı hökmən gələr. Mən bunu əminlikdə deyirəm. Tamaşaçıların teatra gəlməməsinin əsl günahkarı elə teatrların özüdür. Teatr insanlara gələcəyi göstərən, onların tərbiyəsi ilə məşğul olan məktəbdir. Məbəddir. Burada çalışan insanlar da həm daxilən və həm də xaricən təmiz, pak olmalıdırlar. Əgər belə olmasa, çətin ki, bu sahədə uğurlar qazanmaq olar.

-Ömrünün təxminən 50 ilini peşəkar teatra həsr edən Məhərrəm Musayev bu vaxta qədər Xalq artisti olmalı idi. Amma hələ heç Əməkdar artist də deyil. Bu, sizə pis təsir etmirmi?
-Əlbəttə, pis təsir edir. Amma mən bu vaxta qədər fikirləşirdim ki, yəqin mənim də əməyimi görüb qiymətləndirəcəklər. Lakin hər dəfə fəxri adlar veriləndə nə üçünsə mən yaddan çıxıram. Və belə fikirləşirəm ki, indiki zamanda ölünün də dirinin də sözü ötən, sayılıb-seçilən adamı, yiyəsi olmalıdır. Belə olsa, həmin adam üçün bütün yollar, qapılar açılır. Mən isə fikirləşirəm ki, bu vaxta kimi bu qədər iş görmüşəm. Bundan sonra daha nə iş görməliyəm ki, mənim əməyimi qiymətləndirsinlər? Mənə fəxri ad versinlər. Axı mən bu vaxta qədər elə əməkçi olmuşam də. Belə ki, 100-dən artıq tamaşalarda rollar oynamışam. 40-dan çox kinofilmlərdə, teleseriallarda çəkilmişəm. İran İslam Respublikasının çəkdiyi filmlərdə çəkilmişəm. Maraqlı rollar oynamışam. Axı mən zəif aktyor olsaydım, iranlılar məni filmlərə çəkməzdilər. İngiltərədən, Rusiyadan gələn rejissorlar “Mən səni sevirəm Bakı” kinosunda məni böyük həvəslə çəkdilər. Özü də 10 aktyorun arasından məhz məni seçdilər. Onların arasında Xalq artistləri, Əməkdar artistlər də vardı. Məşhur Nobel qardaşları haqqında çəkilən kinofilmdə də çəkilmişəm.
Mən bir şeyə çox təəssüflənirəm ki, bizim sənəti başa düşüb, qiymətləndirən adamlar çox azdır. Buna təəsüf etsəm də kədərlənmirəm. Sadəcə fikirləşirəm ki, nə etmək olar, mən də nadanlığın tüğyan etdiyi dövrdə, zamanda yaşayıram. Özü də elə bir dövrdə ki, yağla şorun qiyməti eynidir...
( O, susdu və daha heç nə demədi...).

 

P. S. Beləcə biz, Məhərrəm Musayevlə sualları da burada tamamladıq. Amma bizim onunla hələ bir çox yaradıcılıq işlərimiz vardı. Əfus ki, onu teatrdan “Yaş senzi” ilə uzaqlaşdırıdılar... Amma onun oynamaq istədiyi çoxlu rollar vardı. İnanıram ki, tanınmış kino rejissorları onu quruluş verdikləri kinofilmlərdə baş və əsas rollara dəvət edəcəklər. Məhərrəm bəy sevimli aktyor işindən kənrada qalmayacaq. Kinofilmlərdə rollar oynayacaq.
Bəs görəsən Azərbaycan Mədəniyyət Nazirliyi nə fikirləşir? Əgər bu vaxta qədər onun layiq olduğu fəxri adlar və mükafatlar bu günə qədər ona verilməyibsə, indi Mədəniyyət Nazirliyi onun layiq olduğu haqqını verəcəkmi?
Artıq Azərbaycan mədəniyyətinə cənab Adil Kərimli kimi çox bacarıqlı, savadlı, yüksək təşkilatçı və mədəniyyəti, incəsənəti yüksək səviyyədə bilən nazir rəhbərlik edir. İnanıram ki, Məhərrəm Musayev kimi, layiqli sənətkar da tezliklə yada düşəcək. Mən, buna tam inanıram. Çünki haqq-ədalət tezliklə öz yerini tapmalıdır. Axı haqqın-ədalətin qarşısını almaq özü, tarix qarşısında böyük günahdır. Bu, heç vaxt bağışlanmır...
Həzrəti Əlinin belə bir maraqlı kəlamı var: “Ədalət, Yer üzündə Allahın tərəzisidir”. Deməli, hər iş ədalətlə həll olunsa, Ulu Tnarının da həmin məmləkətə nəzər -diqqəti çox olar.

 

Şəkillərdə:Qapaq şəklində: Məhərrəm Musayev; İç şəkillərdrə: Məhərrəm Musayev səhnədə; Ağalar İdrisoğlu.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

 

 

 

 

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Sizlərə təqdim etdiyim gənc şair Məcnun 2003-cü ildə Şəmkir rayonunda anadan olmuşdur, əslən Kəlbəcərdəndir.

9-cu sinfə qədər kənd məktəbində oxumuşdur, amma məktəb 9 illik olduğundan 10,11-ci sinifləri Gəncə şəhəri 1 saylı Kəlbəcər məktəbində davam etdirmişdir.

2020 -ci ildə Ali məktəbə daxil olaraq, Gəncə Dövlət Universitetinin Azərbaycan-dili və Ədəbiyyat műəllimliyi ixtisası üzrə təhsil almış, 2024-cü  ildə Universiteti fərqlənmə ilə bitirmişdir. Hal-hazırda magistratura təhsilini davam etdirir. 

 

İndi isə gənc şairin qələm nümunələri ilə tanış olaq:

 

 

ELEGİYA

 

Vağzalı çalındı bu gün bir evdə,

Atanın sevinci, tək qızı getdi...

Kiminə bu payız qışı gətirdi,

Kiminin qəlbində qar-buzu getdi...

 

Axı mən bu toya nəyə gəlmişəm,

Nə doğma, nə dostu... yadam bu yerdə.

İndi xatırladım, bilirəm niyə,

Adam itirmişəm... adam bu yerdə.

 

Gendə dayanmışam hamıdan biraz,

Kimsə məni görüb sözə gəlməsin...

Allah, əllərini örpəyi elə,

Gəlinlik donunda gőzə gəlməsin...

 

Ona bu paltarda mənim yerimə,

Bir qara libaslı əl toxunubdu...

Sevdiyim qadına gőzűm őnűndə,

Seçdiyim "hava"dan sőz oxunubdu...

 

Gözləyə bilmərəm sonacan belə,

Yox! Yox! Mən indidən təbrik edəcəm.

O mənim ilk andım, ilk sevgim idi,

Əlvida söyləyib onda gedəcəm...

 

Evdə gözləyirlər indi məni də,

Deyirlər: -Görəsən, hardadı indi...

Anam mənim űçűn qız tapıb deyən,

Atama söyləyir oğlunu dindir...

 

Bu gün sənin idi, "bir gün" də mənim,

Sən də zəhmət çəkib təbrik edərsən...

Sonacan mən burda qala bilmədim,

Sən orda sonacan qalıb gedərsən.

 

 

PAYIZ QOXULU AYLAR

 

Bu aylarda ağaclar,

Yenə yarpaq tökəcək.

Yaşıl olan yerlərə,

Xəzan sığal çəkəcək.

 

Saralacaq arzular,

Saçının rəngi kimi.

Sənə qəfil gələcəm,

Telefon zəngi kimi.

 

Kimi axşam gözləyib,

Kimi sabah gələcək.

Bu payız da kiməsə,

Yeni günah gələcək.

 

Fəsillər oyundursa,

Kimlər qumar oynadı?!

Sənə qurban, əzizim,

Gəlişin ha yandadı?!...

 

 

SƏNİ UNUTMAĞA BİR AY QALIBDI

 

Əlvida deməyə bir addım yaxın,

Gələrəm deməyə uzaqdı bu yol…

Xətrinə dəyməyək, inciyib-küsər,

Bizdən ayrılacaq, qonaqdı bu yol…

 

Nə tale gətirər üzbəüz yenə,

Nə Tanrı axtarıb yad edər bizi…

Dənizi olmayan bir şəhər düşün,

Çıxartmaz sahilə, yad edər bizi…

 

Saylı günlərin başlanıb köçü,

Alıb bu sevgini aparır indi…

Baharda gülləri verib torpağa,

Payızda birbəbir qoparır indi…

 

Səndən danışmağa aydın bir sabah,

Məndən nəğmələrə bir pay alıbdı…

Tələs bu görüşə, tələs, əzizim,

Səni unutmağa bir ay qalıbdı

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Balığı at dəryaya, bunu balıq da bilməlidi, bunu xaliq də bilməlidi, bunu dəryadakı o biri balıqlar da bilməlidi.

2.

Nazim Hikmət: “Arıya bənzər bir yeri yox, amma yenə də bənzəyir arıya.” Dərinliyinin hüdudu olmayan misralar şairi - Nazim Hikmət.

3.

Məqamın sirri vardı - donuqluğundaydı.

4.

“ Üç almayla nağıl sehri açılmaz.

Sehr əgər sehrdisə - sirdi.

Yol da elə. Kömək edir az-maz,

Yaşamağa kömək edir. Edirdi!”

5.

Böyük Zaman və onun ətrafında hər biri öz balaca, çəlimsiz vaxtı ilə atılıb-düşən bizlər...

6.

Demokratiya ölkəni yox, ölkə demokratiyanı doğmalıdır.

7.

Volter: “Mən sənə nifrət edə bilərəm, amma mən həyatımı verərəm ki, sən öz fikirlərini sərbəst şəkildə ifadə edə biləsən.”

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.