“Səni unutmağa bir ay qalıbdı...” – ƏDƏBİ DEBÜT Featured

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Sizlərə təqdim etdiyim gənc şair Məcnun 2003-cü ildə Şəmkir rayonunda anadan olmuşdur, əslən Kəlbəcərdəndir.

9-cu sinfə qədər kənd məktəbində oxumuşdur, amma məktəb 9 illik olduğundan 10,11-ci sinifləri Gəncə şəhəri 1 saylı Kəlbəcər məktəbində davam etdirmişdir.

2020 -ci ildə Ali məktəbə daxil olaraq, Gəncə Dövlət Universitetinin Azərbaycan-dili və Ədəbiyyat műəllimliyi ixtisası üzrə təhsil almış, 2024-cü  ildə Universiteti fərqlənmə ilə bitirmişdir. Hal-hazırda magistratura təhsilini davam etdirir. 

 

İndi isə gənc şairin qələm nümunələri ilə tanış olaq:

 

 

ELEGİYA

 

Vağzalı çalındı bu gün bir evdə,

Atanın sevinci, tək qızı getdi...

Kiminə bu payız qışı gətirdi,

Kiminin qəlbində qar-buzu getdi...

 

Axı mən bu toya nəyə gəlmişəm,

Nə doğma, nə dostu... yadam bu yerdə.

İndi xatırladım, bilirəm niyə,

Adam itirmişəm... adam bu yerdə.

 

Gendə dayanmışam hamıdan biraz,

Kimsə məni görüb sözə gəlməsin...

Allah, əllərini örpəyi elə,

Gəlinlik donunda gőzə gəlməsin...

 

Ona bu paltarda mənim yerimə,

Bir qara libaslı əl toxunubdu...

Sevdiyim qadına gőzűm őnűndə,

Seçdiyim "hava"dan sőz oxunubdu...

 

Gözləyə bilmərəm sonacan belə,

Yox! Yox! Mən indidən təbrik edəcəm.

O mənim ilk andım, ilk sevgim idi,

Əlvida söyləyib onda gedəcəm...

 

Evdə gözləyirlər indi məni də,

Deyirlər: -Görəsən, hardadı indi...

Anam mənim űçűn qız tapıb deyən,

Atama söyləyir oğlunu dindir...

 

Bu gün sənin idi, "bir gün" də mənim,

Sən də zəhmət çəkib təbrik edərsən...

Sonacan mən burda qala bilmədim,

Sən orda sonacan qalıb gedərsən.

 

 

PAYIZ QOXULU AYLAR

 

Bu aylarda ağaclar,

Yenə yarpaq tökəcək.

Yaşıl olan yerlərə,

Xəzan sığal çəkəcək.

 

Saralacaq arzular,

Saçının rəngi kimi.

Sənə qəfil gələcəm,

Telefon zəngi kimi.

 

Kimi axşam gözləyib,

Kimi sabah gələcək.

Bu payız da kiməsə,

Yeni günah gələcək.

 

Fəsillər oyundursa,

Kimlər qumar oynadı?!

Sənə qurban, əzizim,

Gəlişin ha yandadı?!...

 

 

SƏNİ UNUTMAĞA BİR AY QALIBDI

 

Əlvida deməyə bir addım yaxın,

Gələrəm deməyə uzaqdı bu yol…

Xətrinə dəyməyək, inciyib-küsər,

Bizdən ayrılacaq, qonaqdı bu yol…

 

Nə tale gətirər üzbəüz yenə,

Nə Tanrı axtarıb yad edər bizi…

Dənizi olmayan bir şəhər düşün,

Çıxartmaz sahilə, yad edər bizi…

 

Saylı günlərin başlanıb köçü,

Alıb bu sevgini aparır indi…

Baharda gülləri verib torpağa,

Payızda birbəbir qoparır indi…

 

Səndən danışmağa aydın bir sabah,

Məndən nəğmələrə bir pay alıbdı…

Tələs bu görüşə, tələs, əzizim,

Səni unutmağa bir ay qalıbdı

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.