Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

25.

OXUCU KVALİFİKASİYASI

 

Oxucu məfhumu barədə sizləri öncəki mətnlərdə məlumatlandırdıq. İndi də gəlin, bu məfhumun  məzmununu açmağa cəhd edək.Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda bu, insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır. Demək, oxucu daha çox fərdi xarakter daşıyır və hər kəsə yönəli mütaliə məhsulu ortaya çıxmalıdır ki, əksər maraqları əhatə edə bilsin.

Oxucu kimdir? O bir istehlakçıdır, onun öz tələbi var, istehsalçı bu tələbləri nəzərə almaqla, təbii ki, həm də öz maraqlarını – daha geniş anlamda desək, dövlətin, cəmiyyətin, xalqın mənafeyini nəzərə alan və bunlara xidmət edən, eyni zamanda da mədəni səviyyəni yüksəldən və mənəvi təlabatı ödəyən estetik dəyərlərə malik bir əmtəə ortaya çıxarmalıdır.

Çox təəssüf ki, bu gün öz mövqeyindən sui-istifadə edən istehsalçılar da az deyil. Təsirə tez düşən yeniyetmə zümrəsinin diqqətini zorakılığı, pornoqrafiyanı, narkomaniyanı təbliğ edən əsərlərlə çəkmək, yaxud bayağı, boz ədəbiyyata alüdə etmək yolverilməzdir, hətta cinayətdir.

Odur ki, presedent hər iki tərəfin təlabatını tam ödəyən mütaliə məhsullarının ortaya qoyulmasıdır. Və bizim də söhbətimizin məğzi həmin bu mütaliə məhsullarına hədəf qrupumuz sayılan yeniyetmə və gənclərdə maraq oyatmaqla onları mütaliəyə həvəsləndirməkdir. Əlbəttə ki, yenə də təkrar edirik, 3-cü minillikdə internetin, mobil telefonun məişətə basqısı şəraitində bunu etmək nə qədər çətin olsa da, bir o qədər lazımlı, məsuliyyətli və şərəflidir.

 

Növbəti:

26. Vərdişlər kompleksi

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

 

Wednesday, 20 November 2024 09:00

“Özüm Atasözüm” - Yağmur Filiz Şahin

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

“Özüm Atasözüm”

Yağmur Filiz Şahin

 

Eee ne demiş atalarımız?

Atasözleri, toplumların en değerli kültürel parçalarıdır. Dedelerimizin, ninelerimizin tecrübeleri sonucunda örneklendirici sözleri yaşamımıza yön verir. Ne de olsa, “Akıl akıldan üstündür”. Böylelikle, en değerli kültür parçası nesilden-nesile aktarılan bir mirastır, bir hazinedir. Yaşam tarzı haline getirilmiş değerler fark etmeden dilimize pelesenk olmuştur.

Öyle ki, ilkokulda öğretilen ilk değerlerdir. Toplumumuzu benimsemek üzere yetişen çocuklar zihinlerine bu değerleri kazıyarak yaşayışlarının bir öğretisi haline getirirler. Ne de olsa, “Ağaç yaşken eğilir”. Zihinlerine yanlış yönlendirmeler yapılırsa, yanlış yönlendirme sonucu bir insan meydana gelir. Dolayısıyla atasözlerini kavramak son derece önemlidir. Kullanıma uygun atasözlerini yanlış yönlendirmeler yapmadan dilimizden düşürmemeliyiz. Ne de olsa, “Dile gelen ele gelir”.

Toplumların norm öğretisine en yardımcı olan bu sözler o toplumda nasıl yaşandığına dair izler bırakır. Her toplumun yaşamı, kültürü, değeri, dini farklı olduğu için çok farklı atasözleriyle karşılaşabiliyoruz. Ne de olsa, “Her yiğidin bir yoğurt yiyişi vardır”. Ancak genel itibariyle atasözleri büyüklerin tecrübelerinden kaynaklı olduğu ve insanî değerler taşıdığı için evrensellik taşıyabilir diyebiliriz.

Çok değerli sanatçımız Barış Manço da “toplum için sanat” felsefesini kabullenerek şarkılarında atasözlerine çokça yer vermiştir. “İyi bak aslana, sor onu bostana” besteleriyle rahatlıkla ezberlediğimiz şarkılar sayesinde atasözleri kulaklarımıza küpe olmuştur. Toplumumuz için kültürel değerleri dilinden düşürmeyen bir kültürel değer meydana gelmiştir. “Barış iğneyi kendine batırır, çuvaldızı başkasına” diyerek eski adamlar doğruyu söylemiş: “Bir çiçekle bahar olmaz”, “Kişi kendini bilip sağa-sola sormalı”, “Can pazarı bu, oyun olmaz”, “Küp suyunu çeker azar-azar, keskin sirke küpüne zarar”, “Zürefanın düşkünü, beyaz giyer kış günü”,  “Canı kaymak isteyen cebinde manda taşır”, “Komşunun tavuğu komşuya kaz görünür dersen, kaz gelen yerden tavuğu esirgemezsen”, “Bu kafayla bir baltaya sap olamazsın; ama gün gelir sapın ucuna olursun kazma”.

Ancak toplumların değişimleri, atasözleri oluşturması kadar kaçınılmazdır. Zamanla, kültürel taşınmayla, teknolojiyle, belki din değişikliğiyle, belki devlet yönetiminin değişikliğiyle toplum da değişiyor. Bu sebepten bazı atasözlerimiz sakıncalı hale gelmiş bulunuyor. Kimi dönemlerde; “Dizini dövmek istemeyenler kızını dövdü”, “Oğlan doğuran övündü, kız doğuran dövündü”,  “Kadının fendi erkeği yendi”, “Oğlan olmayan evde duman tütmedi”, “Kızın var mı dediler, derdim var dendi”, “Ev tuğladan, kız Muğla’dan alındı” gibileri dile dolandı. Zamanla kadın çalışmaya başlayınca, aile nüfusu azaldıkça ve aile yapıları değiştikçe bu atasözlerimiz dilden düştü.

Toplumumuzda kıymetli kılınan belirli değerler vardır. Örneğin, toplumumuzda anneler çok kıymetlidir. Özellikle Anadolu kadınları olarak nitelendirdiğimiz işçi anneler üreten ve çalışan özelliklere sahiptiler. Hem üretim için çalışmış, hem çocuk bakmış kimi durumlarda da ev geçindirmişlerdir. Kendi tabirlerince: “Okumamış okutmuş, yememiş yemiş, giymemiş giydirmişlerdir”. Bizce de cefakar, vefakar olarak nitelendirilmişlerdir. Bu sebeple annelerimizin kıymetine yönelik atasözleri de oldukça yaygındır. “Ana gibi yâr olmaz”, “Ağlarsa anam ağlar, gerisi yalan ağlar”, “Anamın aşı, tandırın başı”... Ancak hâlâ bulunabilmiş değil anneliğin kıymetine yönelik bir söz.

Yine toplumumuz için komşuluk oldukça önemlidir. Cemaat hayatı yaşamış geçmiş dönem dedelerimiz, ninelerimiz komşunun kıymetini öyle bilmişler ki: “Ev almayıp komşu almışlar”. Toplumun bütünlüğünü sağlayan, yardımlaşmanın en temel örneği olan “Komşularımızın tavuğunu kaz görmeyelim mi?” Görmeyelim. Çünkü “Bir-birimizin külüne muhtacız”.

Ve ekmek, emek, iş… Yıllarca bahsedilen kıtlık zamanlarından öyle dert edinilmiş ki, toplumumuzun, bir daha unutmayalım diye, söyleye-söyleye “Dillerinde tüy bitmiştir”. Çalışmanın verdiği verimlilik, işin önemi, tecrübe ettirmiştir. Kendin için ektiğin toprak sana kadar olur, çocuğun için ektiğin çocuğunun, torunun için ektiğin torununun, toplumun için ektiğin toprak hepimizin olur. Ne de olsa, “Dünya Sultan Süleyman’a bile kalmamış”. Ben de toplumumuzdan edindiğim tecrübeyle diyorum ki: “Bir emek beş sofra kursun, beş emek bir nesil doyursun”.

Eee ne demiş atalarımız? “Emek olmadan yemek olmaz”.

 

Fotoğraf: Berfu Dilara Zingi

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

 

 

 

 

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan "Təbiətin səsi" adlı sərgi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, sərgidə Gəncədə fəaliyyət göstərən rəssamların, Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərən dərnək üzvlərinin, Kəlbəcər rayon UİM-nin şagird və məzunlarının əsərləri nümayiş etdirilib. 

25 noyabradək filarmoniyanın Urban Mərkəzində nümayiş etdiriləcək sərginin açılışından sonra Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə konsert proqramı baş tutub. Konsertdə  Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, solistlər Zəminə Mustafayeva, Samirə Hacıyeva, Samir Məmmədov "Gözəl Şuşa", "Bakı haqqında mahnı", "Doğma diyar", "Qarabağ", "Azərbaycan" mahnılarını ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kanadanın Kalqari şəhərində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin üzvü Pərvin Abdullayevanın təşkilatçılığı ilə Azərbaycan filmi "Banu" Kalqari Avropa Film Festivalında nümayiş olunub. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Festivalda “Banu” filminin nümayişi  Zəfər və Dövlət Bayrağı günlərinə təsadüf edib. 

Rejissoru Təhminə Rafaellanın olduğu, Əməkdar artist Mələk Abbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən və digərlərinin rol aldığı bu ekran əsərində hadisələr 44 günlük Vətən müharibəsi fonunda baş verir.

Pərvin Abdullayeva filmin nümayişində çıxış edərək festivalın təşkilatçılarına, Kalqari Konsulluq Korpusuna və göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, artıq 13 ildir keçirilən bu festivalda müxtəlif ölkələrə məxsus tarixi və mədəni filmlər göstərilir. 

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Noyabrın 19-da COP29 çərçivəsində "Slow-food: Yerli aqroməhsullarla dayanıqlı turizmin inkişafı" adlı panel müzakirəsi keçirilib.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidin moderatorluğu ilə keçirilən panel müzakirəsində kənd təsərrüfatı və turizmin dayanıqlı inkişafa dəstək verən əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb.

 

Müzakirələrdə yerli aqrar məhsulların və ənənəvi təsərrüfat üsullarının ətraf mühitə az təsir göstərməklə dayanıqlı turizm təcrübələrinin formalaşmasında rolu haqqında danışılıb.

 

Tədbirdə Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova Azərbaycanın "Slow Food" təcrübəsi ilə bağlı təqdimatla çıxış edib.

 

Müzakirə iştirakçıları qlobal, akademik və korporativ yanaşma ilə "Slow Food" hərəkatı və prinsiplərinin dünya turizminə inteqrasiyası, dayanıqlı aqro və qastroturizm modellərinin qurulması, yerli aqroməhsulların turizmə töhfəsi, biomüxtəliflik və onun turizmə inteqrasiyası, dayanıqlı turizmdə dövlət-özəl tərəfdaşlığı və akademik tədqiqatların rolu kimi mövzularda təcrübə və təkliflərini bölüşüblər.

 

Qeyd edək ki, COP29 çərçivəsində Mavi Zonada yerləşən Azərbaycan pavilyonunda hər gün saat 14:00-15:00-da "Slow Food" haqqında təqdimat keçirilir və qonaqlara Azərbaycanın biomüxtəliflik nümunələri əsasında hazırlanmış qastroturizm məhsulları təqdim olunur.

 

"Slow food" dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Wednesday, 20 November 2024 10:14

İğdırda Alim Qasımovun konserti olacaq

Türkiyənin İğdır şəhərində Azərbaycanın Xalq artisti Alim Qasımovun konserti olacaq.

 

AzərTAC xəbər verir ki, tanınmış muğam ustası noyabrın 23-də İğdır şəhərindəki Kazım Karabekir İdman Kompleksində çıxış edəcək.

 

İğdır vilayətinin valiliyi və “İğdır” Fondu azərbaycanlı muğam ustasının konsertinin təşkilinə dəstək veriblər.

 

Təşkilatçılar bildiriblər ki, İğdır vilayətinin sakinləri və qonaqları üçün konsertə giriş pulsuz olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, siyasi şərhçi Əkbər Qoşalının qələmindən çıxan növbəti siyasi şərhi diqqətinizə çatdırır. 

 

COP29 hazırda davam edir. 

COP29 ilə bağlı ilkin dəyərləndirmə necədir? 

Sessiya necə başladı, necə keçir? 

Gəlməyənlərin məsuliyyət və məsuliyyətsizliyi nədir, nə deyil?

Azərbaycanın beynəlxalq töhfələri nədən ibarətdir? - Gəlin bu və digər məsələlərlə bağlı fikirlərimizi bölüşək.

 

Öncə, 

dolaşığa salınmasına cəhd olunan - ancaq əslində, çox aydın bir məqamla başlayaq. Bəzi ağzıgöyçək, diliçirkinlər iddia edir ki, COP29-un Azərbaycanda keçirilməsi elə göydəndüşmə bir almaymış. Guya, Doğu Avropada başqa iddiaçı ya yoxuymuş ya da iddiaçı dövlətlər BMT TŞ daimi üzvlərindən biri tərəfindən topdan bloklanıbmış (yaxud bloklana bilərmiş), o üzdən Azərbaycan tək seçim kimi alternativsiz evsahibi ola bilib. Üstəlik də, Azərbaycan COP29-la bağlı hədəflərinə çatmamaqdaymış-filan… - Bunlar, nə qədər içiqara və bekara sözdür, elə deyilmi? 

 

Birincisi, 

Azərbaycan keçmiş SSRİ ərazisində COP-a evsahibliyi hüququ qazanmış yeganə respublikadır - bizdən öncə keçmiş SSRİ respublikalarından heç biri belə qüruru yaşamayıb. Və COP, Rusiyanın Ukraynaya 2022-ci ilin fevralındakı hücumundan sonra başlamayıb, heç Rusiyanın Krımı tutduğu 2014-cü ildə də başlamayıb… COP düz 29 ildir keçirilir… 

 

İkincisi, 

guya Doğu Avropa ölkələri ya Avropa Birliyi üzvüymüş ya Rusiyaya dostolmayan ölkəymiş-filan - o üzdən də Rusiya BMT TŞ daimi üzvü olaraq, onları bloklayıbmış (bloklayarmış) və s. Heç dəxli var?

Yaxşı, 

Rusiya və Ukraynanı çıxaq; 

bəs,

qardaş ölkələr - Türkiyə, Qazaxıstan, Macarıstan, eləcə də, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya, Ermənistan, Gürcüstan, Xorvatiya, Qaradağ (Monteneqro), Kosovo, Quzey Makedoniya, Moldova, Polşa, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Yunanıstan və Kıprısdan heç birimi COP29-a evsahibi olmaq istəməzdi, sizcə? Axı bu ölkələrin hamısını COP29-a evsahibliyindən sıradışı buraxan yaxud könülsüz edən elə bir universal, ümumi səbəb yoxdur. Ona görə də, Azərbaycanın evsahibliyini sıradan bir şey yaxud göydəndüşmə saymaq ya yaramazlıq ya bilgisizlik ola bilər.

 

Üçüncüsü, 

Azərbaycan COP29-dan öncələr də önəmli beynəlxalq uğurlar qazanıb: 

BMT TŞ-nin qeyri-daimi üzvü, 

Qoşulmama Hərəkatının üzvü və sədri, 

l Avropa Oyunlarının, 

IV İslam Həmrəylik Oyunlarının evsahibi olmuş Azərbaycan, öz nüfuzunu bunlardan başqa çoxsaylı beynəlxalq uğurlarla da təsdiq edib. 

Il Qarabağ müharibəsi və ötən ilki antiterror tədbirlərinin nəticələrinin (necə deyərlər) vicdanlı ölkələr başda olmaqla, əksəriyyət tərəfindən qəbulu da sıradan iş deyil! Və bütün bu və digər uğurlar, qələbələr qazanılarkən içəridən, dışarıdan ağızbüzənlər olmuşdu. Hər uğurun ardınca həmin uğuru “gərəksizləşdirməy”ə çalışanları görməmişikmi?

 

Bəli, 

29-cu konfransın əsas mövzuları arasında iqlim maliyyəsi və yaşıl enerjiyə keçid önəmli yer tutur. Konfransda iqlim dəyişikliyinin (əlbəttə, söhbət mənfi, təhlükəki - hətta çox təhlükəki dəyişikliklərdən gedir) qarşısını almaq üçün qlobal emissiyaların azaldılmasında yetərli irəliləyişin olmadığı və iqlim dəyişikliklərinin artan təsirlərinin gündəmə gəldiyi vurğulanmaqda, çıxış yolları aranmaqdadır.

 

Bəli, 

COP29, Azərbaycanın yaşıl enerji sahəsindəki liderliyini göstərmək və eyni zamanda, böyük neft-qaz istehsalçısı kimi beynəlxalq aləmdəki mövqeyini gücləndirmək üçün bir fürsət təqdim edir. 

 

Azərbaycan Respublikası bərpaolunan enerji sahəsində irəliləyişlər, enerji saxlama infrastrukturlarının inkişafı, metan emissiyalarının azaldılması ilə bağlı bir sıra önəmli öhdəliklərlə çıxış edib. - Bunlar bilinən doğrulardır.

O da doğrudur ki, COP29-da iştirakçı sayı öncəki hansısa illə müqayisədə azdırsa və ya hansısa ölkələrin liderləri Bakıya gəlməyibsə, bunun fakturası bizə çıxarıla bilməz. İlk növbədə ona görə ki, kimlərinsə gəlməməsində yaxud iştirakçı sayının az olmasında biz maraqlı olmamışıq, bununçün hər hansı bir addım atmamışıq. Tam tərsinə, Azərbaycan öz gələnəkləri, qonaqpərvərliyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa verdiyi danılmaz töhfələri (davamlı Humanitar forumlar da daxil olmaqla), beynəlxalq tədbirlərə yüksək səviyyəli evsahibliyi təcrübəsi ilə “gəl, gəl!” deyir(di). 

Şair demiş, 

“Sən bizim ellərin ruhuna bir bax, 

Bizdən inciməmiş bir əziz qonaq”…

 

Söhbət məhz əziz qonaqdan gedir - içixıltlı, ağzıəyri, öz içindəki qaranlıqlardan qurtula bilməyən və önyarğılı kimlərsə gəlmir cəhənnəmə gəlsin. - Neynək, sabah-birisigün onların da qapısında “toy” olar, neçəncisə COP olar - görərik, necə olar… 

Bir də, bəyəm, 75 min iştirakçı azdırmı? Təsəvvür edin: COP29-un iştirakçı sayı Xızı, Şahbuz və Daşkəsən rayonlarında qeydiyyatda olan əhalinin ümumi sayından çoxdur!

(Xızı: təxminən 18,000,

Şahbuz: təxminən 24,000,

Daşkəsən: təxminən 32,000 nəfər)…

 

Bir də,

ömrü boyu, Azərbaycan Prezidentinin COP29 çərçivəsində qəbul etdiyi, görüşdüyü, əlini sıxdığı, söhbət etdiyi liderlərin sayı qədər qonaq qəbul etməmiş liderlərin (ölkələrin) qısqanclığını anlayırıq. Elə onların özünü də, xilas etsə-etsə, anlayış xilas edəcək…

 

Bilirsiz, 

əgər biz görsək ki, hansısa hərəkət və ya hərəkətsizliyimizə, məsuliyyət və ya məsuliyyətsizliyimizə görə beynəlxalq ictimaiyyət zərər görür, bəşəriyyətə ziyan dəyir - bax, onu etiraf da edərik, aradan qaldırmağa da çalışarıq. - Burada ayıblı bir iş yoxdur; lakin COP29 kəmfürsətliyi eləməyə qalxışanların ucbatından hər hansı problem meydana çıxırsa, bunu bizə yükləyə bilməzlər. Obyektiv olaraq, COP gündəliyi üzrə nə sözləri var - buyursunlar, yenə desinlər, yazsınlar, göstərsinlər - bizim cavablarla da ya razılaşarlar ya da razılaşmazlar - bu normaldır. Bir qlobal sürəc necə irəliləyirsə, biz də onu az-çox bilirik və gerçəkliyə biganə deyilik. Rəhmətlik Vaqif İbrahimoğlu demiş, amma, ancaq və lakin kiminsə suçu, boş hikkəsi, əslsiz iddiası illa bizə yüklənə bilməz!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Yazıçılar Birliyi (AYB) təbiət mövzusunda şeirlərdən ibarət “Yaşılım, yaşılım, hara gedirsən” adlı şeirlər toplusu nəşr etdirib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Yazıçılar Birliyindən bildirilib. AYB-nin sədri Xalq yazıçısı Anar kitaba “Dünyanın yaşıllıq həsrəti” başlıqlı “Ön söz” yazıb.

 

Nəşrin ideya müəllifi AYB sədrinin müavini Rəşad Məcid, tərtibçisi AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli, redaktoru Əməkdar mədəniyyət işçisi şair Vaqif Bəhmənlidir. Kitab “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub. İctimai Birliyin rəhbəri Arzu Bağırovanın “Köksü gözəl qaya dağlara gün dəyəndə...” sərlövhəli məqaləsi də nəşrdə yer alıb.

 

Kitabın üz qabığında görkəmli rəssam Səttar Bəhlulzadənin “Mənzərə” əsəri verilib.

 

“Kitabi-Dədə Qorqud”dan başlamış müasir Azərbaycan şairlərinin yaradıcılığına qədər böyük bir dövrü əhatə edən, təbiətə həsr olunmuş poetik əsərlərdən nümunələr toplanmış nəşrin adı mərhum şair Eldar Baxışın şerindən götürülüb. S.Bəhlulzadənin yaradıcılığı ilə yanaşı, kitabda Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad, Arif Əziz, Zahir Məlikli, Yusif Mirzə kimi fırça ustalarının da əsərləri var.

 

Təbiətə şair baxışlarının ifadə olunduğu bu şeirlərdə təbiət gözəlliklərinin tərənnümünə geniş yer verilir, yaşıllığın dəyərinə və qorunmasına poetik vurğu salınır. “Yaşılım, yaşılım, hara gedirsən” kitabı bədii zövq qaynağı olmaqdan əlavə, təbiəti və ədəbiyyatı sevən oxucular üçün tematik baxımdan sanballı ədəbi mənbədir.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

Tuesday, 19 November 2024 18:15

Gülüş klubunda YuTub mənzərələri

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Necə ki pul çap etməklə yoxsulluğun qarşısı alınmaz, eləcə də diplom çap etməklə savadsızlığın qarşısı alınmaz, bəy əfəndi!

 

2.

Özəl klinikada cərrah olmur, adamı yarmaq üzrə menecer olur.

 

3.

Qardaş, indi nə pişiyə çəkmə geyindirmək, nə Karlssonun belinə propeller taxmaq, nə də qarğaya pendir verib tülkünü ona minnətçi salmaq zamanıdır. İndi adamları hörümçəkləşdirmək zamanıdır.

 

4.

Müasir bayatılar:

 

Əzizim tikan solsun

Dord tərəfə gül dolsun. 

Mənim bircə arzum var

Balam aytişnik olsun.

 

Əziziyəm anlaşsan,

Hər kəlməndə yanlışsan. 

İstəyirəm ki balam

İngiliscə danışsın. 

 

5.

YuTub mənzərələri:

Qadın həyətdə yuxa yayır. 

Söyləyir: -Yayını bəyənin və paylaşın. 

Çoban kanalın kənarında qoyun otarır. 

Söyləyir: - Kanalımıza abunə deyilsinizsə, abunə olun! 

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam olsun rubrikamızın dəyərli izləyicilərinə!

Rubrikamızın bu dəfə də çox maraqlı, sevilən bir qonağı var. Bəli, bu sadə, səmimi, pozitiv enerjili qonağımızın qəlbi həm poeziya, həm də jurnalist fəaliyyəti ilə döyünür.

Beləliklə, "Əbülfəzqızının 10 sualı" rubrikasının bu dəfə qonağı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü dəyərli  Rəşad Məciddir.

 

-Xoş gördük, Rəşad bəy!

Müsahibələrinizi izləmişəm, əminəm ki, bu müsahibəmiz də istiliyini Günəşdən alacaq. Həm şair, həm jurnalist kimi söhbətlərinizi dinləmək üçün çox tələsirik, elə isə nizamla sıraya düzülən " 10 sual"- dan bəxtinə birincilik düşən sualımızı səsləyirəm.

 

BİRİNCİ SUAL 

Min şəhər adı var dillər əzbəri,

Adların ən üstün adıdı Şuşa.

Musiqi notudur cüt hecasıyla: Şu-Şa

Dilimin şəhdidir, dadıdı Şuşa.

 

Ciyərdə nəfəsdir, damarda qandır,

Ruha qanad verən sirli məkandır,

Biri beş edəndir, güc artırandır,

Qoşundur, əsgərdir, ordudur Şuşa.

 

Qoynuna hər gələn yüz xəyal eylər,

Qıraqda qalanlar qeylü-qal eylər,

Birini coşdurar, birin lal eylər,

Tilsimdir, ovsundur, cadudur Şuşa. (Rəşad Məcid)

 

Xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşanın- Azərbaycanın qədim şəhərinin işğaldan azad edildiyi o möhtəşəm və unudulmaz günü necə xatırlayırsınız?

 

R.M:  Şuşa haqqında bu şeirim 2021- ci ilin may ayının 12- dən 13- nə keçən gecə Şuşada yazılıb. Az sonra isə Əməkdar artist Xumar xanım Qədimova bu şeirə çox möhtəşəm marş kimi bir musiqi bəstələdi. Şuşanın alınmasına həsr olunmuş heyrətamiz əsər nümunəsi oldu. 2021- cil mayın 12- də təxminən 29 illik fasilədən sonra "Xarıbülbül" musiqi festivalı zamanı Azərbaycanın incəsənət xadimləri ilə, Xalq yazıçısı Anar bəylə Şuşada, Cıdır düzündə olduq.  Əyilib Cıdır düzünün daşlarını öpüb Fərhah Bədəlbəyli kimi: " Bizi bağışla, Şuşa"- söylədim. Oradan qayıdandan sonra həmin təəssüratlardan " Şuşa gör nələr eylər!" adlı yazı yazdım. Həmin gün 2021- ci il, 12 may tarixində Azərbaycanın Prezidenti Müzəffər Ali Baş Komandan Şuşada- Cıdır düzündə çıxış edərkən söylədi ki: " Mən dünyanın çox gözəl şəhərlərində olmuşam, amma Şuşaya bənzər şəhər görməmişəm."

Bu sözlərdən sonra hönkür- hönkür ağladım. Çünki mən ilk dəfə 1979- cu ildə dərc olunan ilk şeirimi - 15 yaşım olarkən yazdığım" Cıdır düzü" şeirimi Şuşaya- Cıdır düzünə həsr etmişəm. Şuşanı, Cıdır düzünü tarixin möcüzəsi, əksi adlandırmışam. Şuşanın işğalı illərində Şuşa barəsində həmişə ürəkdən yanğı ilə danışmışam, Şuşanın işğalı həyatımın ən ağır günləri olubdur. Şuşanın işğal günü- 8 mayda həmişə Anar müəllimin, Toğrul Nərimanbəyovun, Polad Bülbüloğlunun, Fərhad Bədərbəylinin Şuşa haqqında sözlərini, Şuşanın təbiəti, insanları haqqında fikirlərini söyləmişəm. Şübhəsiz, Şuşa haqqında ən gözəl sözlərin müəllifi həm də Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz həmin gün 2021- ci il 12 mayda Ali Baş Komandanın söylədiyi bu sözlərdən sonra bu şeirim yarandı. O gün - 2020 - ci il 8 Noyabr həyatımın ən sevincli günü idi, Şuşanın azad olunduğu gün!

Buna görə də başda Müzəffər Ali Baş Komandan olmaqla Azərbaycan ordusuna, bütün əsgərlərimizə, Şəhidlərimizə, qazilərimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhu şad olsun. Onların hesabına biz Şuşada qürurla gəzirik. Mən artıq 14- cü dəfədir ki, azad Şuşada olmuşam. Azad Şuşada müxtəlif mədəniyyət, media tədbirlərində iştirak etmişəm, Şuşada olmaq mənim üçün böyük xoşbəxtlik və səadətdir.

 

İKİNCİ SUAL 

Sən - gecəm-gündüzüm, sən - toyum-yasım,

Sənsən dar ağacım, sənsən xilasım.

Əynimə oturan ən düz libasım,

Boyuma biçilən kəfənim mənim. (Rəşad Məcid)

 

Rəşad bəy, həyat həqiqətlərini dərk etməkdə təzadların rolunu necə qiymətləndirirsiniz?

 

R.M: Elə birinci və ikinci sualınızın arasındakı fərq də təzaddır. Ümumiyyətlə, yaradıcılar üçün bu təzadların; gecə- gündüz, isti- soyuq ovqatın müxtəlif hallarının olması təbiidir. Biz yaradıcılar çox emosionalıq. Ona görə də bir saatın içində müxtəlif ovqatlarda ola bilirik. Adi bir musiqidən, kobud sözdən, hər hansı bir münasibətdən məyus oluruq. Təzadlı hallar yaradıcılar üçün təbii haldır. Bu hal bir çox hallarda yaradıcılara stimul verir. Misal gətirdiyiniz şeir də belə ovqatların təsirinə həsr olunub, bir - birinə əks olan duyğuların yaşanmasına aid düşüncələr verilib.

 

ÜÇÜNCÜ SUAL

 "Saçları bərbər darağına üsyan edən şair"- Nazim Hikmət çox gözəl söyləmiş ki: "Ürəyin kişisi, qadını yoxdur. Bir mərd olanı var, bir də namərd olanı!"

Şairimiz Rəşad Məcid üçün ürəyi namərd olanların xarakteri necə olur?

 

R.M: Mənim insanlarda çox yüksək qiymətləndirdiyim keyfiyyətlər vəfa, etibar, minnətdarlıq duyğusudur. Bu keyfiyyətlər məni həmişə təsirləndirir. İntuisiyama görə namərdxislətli insanları hiss edə bilirəm və ona görə də o insanlardan uzaq dururam.

 

DÖRDÜNCÜ SUAL

Yüz yol yıxılardım, dəyib daşlara,

əllərim, qollarım yaralanardı. 

Gah dizim, dirsəyim paralanardı.

Süzülüb axardı tər dabanımdan. 

İndi unutmuşam, 

O günüm, o çağım yadımdan çıxıb. 

Son dəfə

Futbol oynadığım yadımdan çıxıb.

O gündən bəriyə nəyim qalıb ki? 

Bu qollar, ayaqlar mənimki deyil.

Qovulan o toplar mənimki deyil, 

Dirəklər, dayaqlar mənimki deyil. 

Vurulan topların, dəyən daşların

Daha sızıldamır yeri canımda. 

Daha yüyürmürəm yıxılanacan, 

On il, on beş ilin

təri canımda.

On il, on beş ildi topsız-filansız,

Yenə də yıxılan, əzilən mənəm. 

Amma yıxılanda dizim qanamır, 

Amma yıxılanda qolum əzilmir.

Çünki yıxılıram ürəyi üstə,

Futbol oynamağı yadırğayandan. (Rəşad Məcid)

 

 Bu sualı heç bir şair qonağımıza ünvanlamamışam. Səbəbini bilmirəm, amma bu sualı Sizə ünvanlayıram.

Zaman maşını Rəşad Məcidi 30 il əvvələ aparsaydı, o hansı şair dostları ilə bir komandada futbol oynayardı?

 

 R.M: Bu şeirim təxminən gəncliyimin bitən dövrünə yaxın yazılıb. İstər- istəməz yaş keçidləri insanı dəyişir- ona təsir göstərir. Yeniyetməlikdən gəncliyə, gənclikdən orta yaşa, orta yaşdan yaşlılığa keçən dövrlərdə insanın xarakterində də, fiziki durumunda da dəyişikliklər baş verir. Amma " Futbol oynadığım yadımdan çıxıb" şeiri həm keçmişin- uşaqlığın qayğısızlığına bir işarədir. Əlbəttə, dabanımızdan süzülüb tər axan yeniyetməlik dövrləri, futbola olan maraq həm də öz həmyaşıdlarımla maraqlı dəqiqələr keçirmək kimi anların nostaljisi şeirdə verilmişdir. Sonrakı illərdə, səhv etmirəmsə, "525- ci qəzet”in 7 illiyində- 99- cu ildə mətbuat arasında komandalar yarışırdılar və "525- ci qəzet”in də futbol komandası vardı, xatirimdədir ki, axırıncı dəfə orada "525- ci qəzet”in futbol komandası  ilə veteran futbolçular arasında yarış oldu, hətta  5 : 5 hesabla yarış bitdi. Jurnalistələrimiz və qürur duyduğum veteran futbolçularımızla rəqib kimi oynamışdıq. Əlbəttə, komanda oyununu sevirəm və yaxşı komanda yoldaşları vacib şərtdir.

 

BEŞİNCİ SUAL 

Həyatın anlamını dünya malında görənlər, mənəvi zənginlikdən məhrum olanlar nə üçün fani dünyadan dərs almırlar?

 

R.M: Ədəbiyyat oxuyan adam, şeir əzbər bilən adam, ədəbiyyatla yaşayan adam mənən güclü olur. Onları əzmək, sındırmaq çox zaman mümkün olmur. Çox təəssüf ki, hal- hazırda dünya çox maddiləşib. İnsanlar gücü mal-dövlətdə, pulda görürlər. Düzdür, pul, varidat insanlara əsər yazdıra bilməsə də, şeir yazdıra bilməsə də, onları hansısa baxımdan özünə arxayın edir, özünə güvənli edir. Tarix boyu söylənilən "Dünya malı dünyada qalacaq" fikri var. Mənim düşüncəmə görə, nə qədər imkanımız var, çalışıb insanlara əl tutmalıyıq, yaxşılıq etməliyik. Yaxşılıq etməkdən yorulmamalıyıq və bundan zövq almalıyıq. Görünür, bu da bir xarakter göstəricisidir. Yaxşılıq etmək və insanları sevindirmək ən güclü keyfiyyətlərdən biridir.

 

ALTINCI SUAL

Bütün fırtınalar həyatınızı pozmaq üçün gəlməz, bəziləri yolunuzu təmizləmək üçün gələr." (Paulo Koelyo)

 

Rəşad bəy, fırtına ilə üzləşəndə səbriniz qalib gəlir, yoxsa fırtına?

 

 R.M: Paulo Koelyonun əsərlərini mən də çox  maraqla oxuyuram. Hətta  onun əsərlərindəki bir fikri "Dəlicəsinə" essemdə davam etdirmişəm. Bir kitabımın da adı " Dəlicəsinə"- dir. O essedə də əsas fikirlərdən biri budur ki, bir insan bir şeyi dəlicəsinə istəyirsə, mütləq ona çatır. Çatmırsa, deməli, dəlicəsinə istəməyib və mən buna əminəm, gənclərlə görüşlərdə də tez- tez söyləyirəm. Amma dəlicəsinə istəmək oturub sadəcə arzulamaq deyil, əzmkarlıqdır, zəhmətdir, çalışmaqdır, mübarizlikdir. Bu həyatda qarşımıza çıxan fırtınalar da hesab edirəm ki, bizi daha ayaq olmağa, daha irəli atılmağa, daha çox qalib olmağa və qələbə çalmağa vadar edir. Məşhur yazıçlarımızdan birinin fikridir ki: "Mənim üçün ən böyük qələbə məğlubiyyətdir."

Məğlub olursan, bir də yenidən qalibiyyət uğrunda mübarizəyə davam edirsən. Bax o mübarizlik- mübariz keyfiyyət həmişə lazımdır. Fırtınalar da hesab edirəm ki, o keyfiyyətin daha da "itilənməsinə" səbəb olur.

 

YEDDİNCİ SUAL

Sel kimi kökümdən qopartdın məni,

Bir də şırnağına yaxın gəlmərəm.

Cadunu canıma yaydı öpüşün,

Odlu dodağına yaxın gəlmərəm.

 

Sandım gül qoxulu ilk bahar imiş,

Gördüyüm ilğımmış, yayda qar imiş.

Sehrli qoynunda tilsim var imiş,

Sirli qucağına yaxın gəlmərəm.

 

Qarışdı saçımın qarası, ağı,

Oldu barmaqların rahat darağım.

Bir də barmağına dəyməz barmağım,

Bir də dırnağına yaxın gəlmərəm.

 

Atdım yaddaşımı nimdaş çarıqtək,

Soyundum sevgimi boz arxalıqtək,

Çırpınıb əlindən çıxdım balıqtək,

Bir də qarmağına yaxın gəlmərəm. (Rəşad Məcid)

 

 Sevgi əzabı dənizin ortasında dalğalarla vuruşmaqdımı, qaranlıqda itməkdimi, göz yaşının hər damlasını ona həsr etməkdimi, hər dəfə xəyalən səssiz ona sarılıb ağlamaqdımı, Rəşad Məcid üçün sevgi əzabı nədir?

 

R.M: Sualları şeirlərim üzərində qurub, şeirlərin yazıldığı ovqatı mənə xatırlatdığınız üçün sizə təşəkkür edirəm. " Səbəbi sənsən" adlı kitabım sevgi şeirlərdən ibarətdir. Ümumiyyətlə, hesab edirəm ki, poeziya sevgidir. Sevgi olmayan yerdə poeziya yoxdur. Lakin sevginin xoşbəxt dəqiqələrindən bütün dünya şairləri çox az yazıblar. Sevginin əzabı və əzabın dərinlikləri həddindən artıq çoxdur. Ona görə sevginin əzabı mövzusunda daha çox yazırlar.

Lakin o xoşbəxt anları poeziyaya çox az gətirirlər və bu şeirlərdə də əzab daha çox hiss olunur. Münasibətlərin - sevginin müxtəlif məqamlarında həm xəyanətə münasibət, həm biganəlik, həm digər məqamlar olur ki, bunlar şeirə çevrilir. Bu şeir də onlardan biridir.

 

SƏKKİZİNCİ SUAL

Rəşad bəy, sevimli şairimiz, dostlarınız söyləyir ki: "Rəşad Məcid elə insandır ki, ona pislik edənlərə belə yaxşılıq edir."

“Yaxşılıq insanlıq sənətidir” deyib dahi Nizami Gəncəvi. Bəs niyə bu sənətin öhdəsindən hər kəs gələ bilmir? 

 

R.M: Yaxşılıq barədə bayaq da danışdıq. Bu insanın genetik qazandığı keyfiyyətdir. Yaxşılıq etmək və bundan zövq almaq fitri bir qabiliyyətdir. Bilmirəm məndə nə dərəcədə var, ya yox?! Mən insanları sevindirməkdən, sürpriz etməkdən, onlara gözəl dəqiqələr yaşatmaqdan zövq alıram və bu mənada gücüm daxilində çalışıram insanlara yaxşılıq edim.

Təbii ki, insanlar fərqlidir, tamam əks olan keyfiyyətlərə sahib olub bundan zövq alanlar da var. İnsanlara əzab verməkdən, onları əzməkdən qürür duyanlar az deyil.

 

DOQQUZUNCU SUAL

Ana rəhmindən gəldik məzara,

Bir kəfən aldıq, döndük məzara. (Yunus Əmrə)

 

Rəşad bəy, Sizin üçün zaman tez keçirmi, zamana meydan oxumaq olarmı?

 

R.M: Mən də zamanın çox tez keçməsindən şikayətlənirəm. Təkcə mən yox, insanlar da zamanın sürətlə keçməsindən şikayətlənirlər. Həyatımızda hədsiz informasiya bolluğu, müxtəlif insanlarla ünsiyyət sürətli keçidə səbəb olur. Bir rus yazıçısı söyləyir ki, 21- ci əsrin adamı bir həftədə görüşdüyü insanlardan aldığı informasiyanı 19- cu əsrin rus kəndlisi 70 illik ömründə alıb. Deməli, biz bir həftədə 19- cu əsr kəndlisinin 70 illik bir həyatını yaşayırıq. Bu baxımdan dop- dolu həyat keçir. Nə qədər şablon səslənsə də, çalışmaq lazımdır ki, bu həyatda iz qoyasan, insanların xatirəsində xoş duyğularla xatırlanasan.

 

ONUNCU SUAL

Adamı göyə qaldırıb

Sonra ki, yerə vururlar.

Elə bir sıfır artırıb

Sonra sıfıra vururlar.

 

Gedir, qalmır izi, tozu,

Hər gələn bir yerə yozur,

Adını lap başdan pozub

Lap, lap axıra vururlar.

 

Kündə kimi ovxalayıb,

Əzib, büküb, buxovlayıb,

Qışda buz üstə tullayıb,

Yay vaxtı qıra vururlar. (Rəşad Məcid)

 

Dəyər verdiyiniz insanı hansı hərəkətinə görə birdəfəlik həyatınızdan silirsiniz?

 

R.M: Bu sualınızı eşidərkən yazdığım bir şeirimi də xatırladım:

 

Nə olsun ki, yüz səbəb var qalmağa,

Ayrılmağa bircə səbəb bəs eylər.

Nünunə gətirdiyiniz şeirdə isə rəqəmlərdən istifadə etmişəm. Bu mənim uşaqlıqdan riyaziyyata meyilli olmağımdan, fizika- riyaziyyat təmayüllü məktəbdə oxumağımdan irəli gəlir. Doğrudan da, elə məqamlar olur ki, bir insanı nə qədər bağışlamağa çalışan böyükürəkli insan olsan da, xəyanəti bağışlaya bilmirsən. Mən insanlara mümkün qədər şans verirəm və insanlarla münasibətdə istər gənc olsun, istər yaşlı, onların yaxşı tərəflərini görürəm. Dostlarım da hər zaman söyləyir ki, sən insanların yaxşı tərəfini görməyə çalışırsan. Empati termini var, dildə tez- tez işlənir. Xalq dilində desək, özümü sənin yerinə qoyuram, səni anlayıram kimi oxşarlıqları var. Empati hissi güclü olanda başqalarını da, əlbəttə, başa düşməyə çalışırsan. Mən arzulayıram ki, insanlar gözəl keyfiyyətlərlə yadda qalsınlar.

 

-Sevimli Şairimiz, dəyərli jurnalistmiz, rubrikamıza ömrünüzdən pay ayırdığınız üçün Sizə minnətdarıq.

Gənclərin inkişafında, formalaşmasında əməyiniz böyükdür. Dərinköklü ağaca bənzəyirsiniz, gənclərin dayağısınız, ömrünüz uzun və sağlam olsun, əziz Rəşad bəy, növbəti rubrikalarımızda görüşənədək.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.