Birincisi, ikincisi, üçüncüsü… - ƏKBƏR QOŞALI YAZIR Featured

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, siyasi şərhçi Əkbər Qoşalının qələmindən çıxan növbəti siyasi şərhi diqqətinizə çatdırır. 

 

COP29 hazırda davam edir. 

COP29 ilə bağlı ilkin dəyərləndirmə necədir? 

Sessiya necə başladı, necə keçir? 

Gəlməyənlərin məsuliyyət və məsuliyyətsizliyi nədir, nə deyil?

Azərbaycanın beynəlxalq töhfələri nədən ibarətdir? - Gəlin bu və digər məsələlərlə bağlı fikirlərimizi bölüşək.

 

Öncə, 

dolaşığa salınmasına cəhd olunan - ancaq əslində, çox aydın bir məqamla başlayaq. Bəzi ağzıgöyçək, diliçirkinlər iddia edir ki, COP29-un Azərbaycanda keçirilməsi elə göydəndüşmə bir almaymış. Guya, Doğu Avropada başqa iddiaçı ya yoxuymuş ya da iddiaçı dövlətlər BMT TŞ daimi üzvlərindən biri tərəfindən topdan bloklanıbmış (yaxud bloklana bilərmiş), o üzdən Azərbaycan tək seçim kimi alternativsiz evsahibi ola bilib. Üstəlik də, Azərbaycan COP29-la bağlı hədəflərinə çatmamaqdaymış-filan… - Bunlar, nə qədər içiqara və bekara sözdür, elə deyilmi? 

 

Birincisi, 

Azərbaycan keçmiş SSRİ ərazisində COP-a evsahibliyi hüququ qazanmış yeganə respublikadır - bizdən öncə keçmiş SSRİ respublikalarından heç biri belə qüruru yaşamayıb. Və COP, Rusiyanın Ukraynaya 2022-ci ilin fevralındakı hücumundan sonra başlamayıb, heç Rusiyanın Krımı tutduğu 2014-cü ildə də başlamayıb… COP düz 29 ildir keçirilir… 

 

İkincisi, 

guya Doğu Avropa ölkələri ya Avropa Birliyi üzvüymüş ya Rusiyaya dostolmayan ölkəymiş-filan - o üzdən də Rusiya BMT TŞ daimi üzvü olaraq, onları bloklayıbmış (bloklayarmış) və s. Heç dəxli var?

Yaxşı, 

Rusiya və Ukraynanı çıxaq; 

bəs,

qardaş ölkələr - Türkiyə, Qazaxıstan, Macarıstan, eləcə də, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya, Ermənistan, Gürcüstan, Xorvatiya, Qaradağ (Monteneqro), Kosovo, Quzey Makedoniya, Moldova, Polşa, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Yunanıstan və Kıprısdan heç birimi COP29-a evsahibi olmaq istəməzdi, sizcə? Axı bu ölkələrin hamısını COP29-a evsahibliyindən sıradışı buraxan yaxud könülsüz edən elə bir universal, ümumi səbəb yoxdur. Ona görə də, Azərbaycanın evsahibliyini sıradan bir şey yaxud göydəndüşmə saymaq ya yaramazlıq ya bilgisizlik ola bilər.

 

Üçüncüsü, 

Azərbaycan COP29-dan öncələr də önəmli beynəlxalq uğurlar qazanıb: 

BMT TŞ-nin qeyri-daimi üzvü, 

Qoşulmama Hərəkatının üzvü və sədri, 

l Avropa Oyunlarının, 

IV İslam Həmrəylik Oyunlarının evsahibi olmuş Azərbaycan, öz nüfuzunu bunlardan başqa çoxsaylı beynəlxalq uğurlarla da təsdiq edib. 

Il Qarabağ müharibəsi və ötən ilki antiterror tədbirlərinin nəticələrinin (necə deyərlər) vicdanlı ölkələr başda olmaqla, əksəriyyət tərəfindən qəbulu da sıradan iş deyil! Və bütün bu və digər uğurlar, qələbələr qazanılarkən içəridən, dışarıdan ağızbüzənlər olmuşdu. Hər uğurun ardınca həmin uğuru “gərəksizləşdirməy”ə çalışanları görməmişikmi?

 

Bəli, 

29-cu konfransın əsas mövzuları arasında iqlim maliyyəsi və yaşıl enerjiyə keçid önəmli yer tutur. Konfransda iqlim dəyişikliyinin (əlbəttə, söhbət mənfi, təhlükəki - hətta çox təhlükəki dəyişikliklərdən gedir) qarşısını almaq üçün qlobal emissiyaların azaldılmasında yetərli irəliləyişin olmadığı və iqlim dəyişikliklərinin artan təsirlərinin gündəmə gəldiyi vurğulanmaqda, çıxış yolları aranmaqdadır.

 

Bəli, 

COP29, Azərbaycanın yaşıl enerji sahəsindəki liderliyini göstərmək və eyni zamanda, böyük neft-qaz istehsalçısı kimi beynəlxalq aləmdəki mövqeyini gücləndirmək üçün bir fürsət təqdim edir. 

 

Azərbaycan Respublikası bərpaolunan enerji sahəsində irəliləyişlər, enerji saxlama infrastrukturlarının inkişafı, metan emissiyalarının azaldılması ilə bağlı bir sıra önəmli öhdəliklərlə çıxış edib. - Bunlar bilinən doğrulardır.

O da doğrudur ki, COP29-da iştirakçı sayı öncəki hansısa illə müqayisədə azdırsa və ya hansısa ölkələrin liderləri Bakıya gəlməyibsə, bunun fakturası bizə çıxarıla bilməz. İlk növbədə ona görə ki, kimlərinsə gəlməməsində yaxud iştirakçı sayının az olmasında biz maraqlı olmamışıq, bununçün hər hansı bir addım atmamışıq. Tam tərsinə, Azərbaycan öz gələnəkləri, qonaqpərvərliyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa verdiyi danılmaz töhfələri (davamlı Humanitar forumlar da daxil olmaqla), beynəlxalq tədbirlərə yüksək səviyyəli evsahibliyi təcrübəsi ilə “gəl, gəl!” deyir(di). 

Şair demiş, 

“Sən bizim ellərin ruhuna bir bax, 

Bizdən inciməmiş bir əziz qonaq”…

 

Söhbət məhz əziz qonaqdan gedir - içixıltlı, ağzıəyri, öz içindəki qaranlıqlardan qurtula bilməyən və önyarğılı kimlərsə gəlmir cəhənnəmə gəlsin. - Neynək, sabah-birisigün onların da qapısında “toy” olar, neçəncisə COP olar - görərik, necə olar… 

Bir də, bəyəm, 75 min iştirakçı azdırmı? Təsəvvür edin: COP29-un iştirakçı sayı Xızı, Şahbuz və Daşkəsən rayonlarında qeydiyyatda olan əhalinin ümumi sayından çoxdur!

(Xızı: təxminən 18,000,

Şahbuz: təxminən 24,000,

Daşkəsən: təxminən 32,000 nəfər)…

 

Bir də,

ömrü boyu, Azərbaycan Prezidentinin COP29 çərçivəsində qəbul etdiyi, görüşdüyü, əlini sıxdığı, söhbət etdiyi liderlərin sayı qədər qonaq qəbul etməmiş liderlərin (ölkələrin) qısqanclığını anlayırıq. Elə onların özünü də, xilas etsə-etsə, anlayış xilas edəcək…

 

Bilirsiz, 

əgər biz görsək ki, hansısa hərəkət və ya hərəkətsizliyimizə, məsuliyyət və ya məsuliyyətsizliyimizə görə beynəlxalq ictimaiyyət zərər görür, bəşəriyyətə ziyan dəyir - bax, onu etiraf da edərik, aradan qaldırmağa da çalışarıq. - Burada ayıblı bir iş yoxdur; lakin COP29 kəmfürsətliyi eləməyə qalxışanların ucbatından hər hansı problem meydana çıxırsa, bunu bizə yükləyə bilməzlər. Obyektiv olaraq, COP gündəliyi üzrə nə sözləri var - buyursunlar, yenə desinlər, yazsınlar, göstərsinlər - bizim cavablarla da ya razılaşarlar ya da razılaşmazlar - bu normaldır. Bir qlobal sürəc necə irəliləyirsə, biz də onu az-çox bilirik və gerçəkliyə biganə deyilik. Rəhmətlik Vaqif İbrahimoğlu demiş, amma, ancaq və lakin kiminsə suçu, boş hikkəsi, əslsiz iddiası illa bizə yüklənə bilməz!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.