Super User

Super User

 

 

SİTAT:

“Azərbaycanda keçirilən COP29 çərçivəsində iqlim dəyişikliyi və mədəniyyət mövzusu müzakirələrdən kənarda qalmadı. Bu gün müxtəlif ölkələrdən mədəniyyət nazirləri və həmin nazirlikləri təmsil edən geniş mütəxəssis heyətinin iştirakı ilə Mədəniyyət əsaslı İqlim Fəaliyyəti üzrə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu Görüşü oldu. İclasda "Mədəniyyət və iqlim dəyişikliyi" mövzusu əsas müzakirəmizə çevrildi. 

İclasın vacib məqamlarından biri COP28-də əsası qoyulan və bu gün təsdiqlənən “Mədəniyyətə əsaslanan iqlim fəaliyyətinin dostları Qrupu” təşəbbüsüdür. Bu gün həmin təşəbbüs qrupunun ilk şərtlər toplusu təsdiq edilmiş oldu. Təbii ki, Azərbaycan də buna qoşularaq Birləşmiş Ərəb Əmirliyi və Braziliya ilə birgə "Dostlar qrupu" təşəbbüsünün həmsədri olaraq təqdim edildi. Bu gün Azərbaycanın sədrliyi ilə bu şərtlər toplusu ölkələr tərəfindən qəbul edildi.

Artıq "Dostlar qrupu"nun üzvlərinin sayı get-gedə çoxalır. Dünya ictimaiyyətinin diqqəti məhz mədəniyyətin iqlimə təsiri mövzusuna daha çox cəlb olunur.”

 

Mədəniyyət naziri Adil Kərimlinin jurnalistlərə açıqlamasından.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2024)

Saturday, 16 November 2024 12:56

Bu gün Fikrət Sadığın anım günüdür

 

 

2016-cı ilin 16 noyabrında şair, ssenarist, Azərbaycan ədəbiyyatının unudulmaz simalarından biri Fikrət Sadıq haqqa qovuşub. Ruhu şad olsun!

 

Anım günündə onun qızı Aysel Fikrətin ona ithaf etdiyi bir şeirini təqdim edirik:

 

BU GÜN ÖLÜMLƏRİN GÜNÜDÜR

 

Bu gün ölümlərin günüdür.

Bu gün əlini üzüb əlimdən, 

Getdin üzü Allaha. 

Mən sonra tək qaldım  bu qovğada.

 

Hərdən xəyalına,

elə bərk-bərk sarıldım,

Öz-özümü isitdim.

Sən gedəndən hər gün 16 noyabr, Ata. 

 

Sən gedəndən dünya çılpaq qaldı,

Özümə ata oldum sən gedəndən. 

Hər dəfə “sən bu an nə edərdin” düşünüb,

Yaşadım. 

 

Çoxdandı susuram,

Sən nələr olduğunu bilirsən. 

Mən sənsizəm,

Sən yerinsən, goyünsən.

 

Bu gün daha çox salır yadima sənsizliyi.

Mən tək səni sevdim.

Ata.

Bu gün ölümlərin günüdür 

Bu gün ölümü bir nəfəslik hiss etdiyim gündür.

 

Üzünü yana tutub getdiyin, 

Qonur gözlərində donduğun,

Qorxudan var gücümlə qaçdığım gün.

Bu gün ölümlərin günüdür ata,

Ölümlərin.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2024)

 

 

Gənc şair, publisist Rauf Ra vəfat edib.

Medianın dünən gecə yaydığı xəbər hamını sarsıtdı. 

Yaxınlarını verdiyi məlumata görə o, dəm qazından boğularaq dünyasını dəyişib.

 

Rauf Ranın şeirləri və publisistik yazıları dövri mətbuatda mütəmadi şəkildə çap olunurdu. 

“Ədəbiyyat və incəsənət” onun böyük istedadını göstərən bir sənətşünaslıq yazısından və bir essesindən fraqmentlər gətirərək mərhumun ailəsinə başsağlığı verir. 

Birinci yazı “Alleqorik kompozisiyalar” adlanır.

 

Quruluş, məkan və qrup dinamiklərinə toxunaraq, rəsm və fotoqrafiya arasındakı sərhədi pozan alleqorik kompozisiyalar yaratmaq və ya qısaca - müasir fotoqrafiya.

Rəsm və fotoqrafiya arasında olan qırıq xətlərdən ibarət sərhəd gözə çarpmayan simmetrik balansın yaranmasının şərti iştirakçısına çevrilir. Müasir fotoqrafiya, eləcə də heç də uzaq olmayan zamanın gələcək üçün klassikləşmiş fotoqrafiya ustaları bu sərhədi pozaraq fotoqrafiyanı rəsmin sənət daxilindəki futurist missiyasına gətirə biliblər. 

Fotoqrafiyada bədii obrazın sənədli və şəkilli olması fotoqrafın bədii obrazının spesifikliyinə çevrilərək, bədii fotoqrafiyanı tamamlayıb fotoqrafiyanı məişətdən sənətə ötürür. 

 

İkinci yazı isə “İntelektual mənasızlıqda izoterika” adlanır. Altbaşlığı isə “Kədər”dir. 

 

Qorxu və qəzəb. Bu iki duyğu varsa kədər də vardır. Bəs kədərin bu intellektual mənasızlıqda, heçlikdə rolu nə idi?
Van Qoq ölüm ayağında olan zaman qardaşı Teo-ya belə deyir:

"La tristesse durera toujours”

Yəni, kədər heç bir zaman bitməyəcək. Eyniylə, rəssamın dediyi kimi kədər daima olub və daima da olacaq. Bir çox yazarlar da insanın özünü dərk etməsində ən vacib duyğu olaraq kədəri - ağrını, acını göstərirlər. Razıyam. Belə də olmalıdır.

 

"Kədər nə qədər dərin olarsa, insan da ilahiyə bir o qədər yaxın olar"
                                          - Dostoyevski

 

Dostoyevskinin dediyi kimi kədər ilahilik, maksimal səssizlik üçün ən əsas duyğudur. Ezoterikanın təməlidir. Dadaistlər bu duyğudan qurtulmağa, sənətdə bu duyğunu barındırmaqdan əl çəkməyə çalışırdılar.

 

Qeyd: Yazıların mətni edebiyyat.az-dan götürülüb. 

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2024)

Friday, 15 November 2024 23:20

“Qaynana əməliyyatı" səhnədə

 

 

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

15 noyabr 2024-cü il tarixində Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində  İ.Dağıstanlı adına Qax rayon Xalq teatrı tərəfindən “Qaynana əməliyyatı” tamaşası səhnələşdirilib. 

 

Qeyd edək ki, Gülşad Paşayevanın rejissorluğunu etdiyi,  Şəmsəddin Quliyev, Yusif Qurbanov, İbrahim Paşayev, Vüsalə Mustafayeva, Aydan Əhmədli, Nəvai Əliyev və Ceyran Rəcəbovanın rol aldığı tamaşa dördüncü dəfədir ki, nümayiş olunub.

Tamaşa Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, mədəniyyət işçiləri və rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2024)

 

 

 

Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. Sessiya çərçivəsində noyabrın 15-də Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik qeyd edib ki, iqlim dəyişiklərinin mədəniyyətə təsiri get-gedə artmaqdadır: "Biz gələcəyimiz üçün mədəni irsimizi qorumağa çalışacağıq".

Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş direktoru xanım Aruna Francesca Maria Gujral iqlim böhranına qarşı davamlı həllərin tapılmamasından təəssüfləndiyini söyləyib. Bildirib ki, bu sahədə fundamental inkişafa nail olmaqla həm də öz mədəniyyətimizi qorumalıyıq.

UNESCO-nun Mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois deyib ki, bu gün iqlim dəyişikliyi nəticəsində çoxsaylı mədəni irs nümunəsi məhv olmaq üzrədir. Bunun qarşısını almaq üçün müxtəlif strategiyalar həyata keçirmək lazımdır.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qurum tərəfindən ölkəmizdə mədəni irs abidələrinin qorunması istiqamətində görülən işlərdən danışıb: "Mədəni irsimizin gələcək nəsillərə ötürülməsi çox vacibdir. Bu sahədə inkişafa nail olmaq üçün birgə səylər göstərilməlidir. Mən inanıram ki, mədəniyyət sahəsinə qayğı ilə daha yaşıl dünyanı gələcək nəsillərə buraxa biləcəyik".

UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniya şahzadəsi xanım Dana Firas bildirib ki, mədəni irsi iqlim dəyişikliyi məsələlərinə inteqrasiya etmək artıq zərurətə çevrilib: "Ötən il təşkil edilən COP28-də bununla bağlı çox uğurlu tədbirlər keçirildi. Ümid edirəm ki, bu sessiya çərçivəsində adıçəkilən sahə üzrə önəmli addımlar atılacaq".

Ağa Xan İnkişaf Şəbəkəsinin Ətraf mühit və iqlim komitəsinin sədri şahzadə Rəhim Ağa Xan qurumun mədəni irsin qorunması sahəsində gördüyü işlərdən söz açıb. Deyib ki, ətraf mühitin qorunması ilə həm də tarixi-mədəni mirasın mühafizəsinə töhfə vermək mümkündür.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qeyd edib ki, bu gün iqlim dəyişikliyi bir çox sahələrə olduğu kimi, mədəniyyətə də təsir göstərir. Dünyada qlobal istiləşmənin təsiri ilə daşqınlar, fırtınalar baş verir, nəticədə tarixi abidələr də məhvolma təhlükəsi ilə üz-üzə qalır.

Sonra Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah əl-Dahakın tədbir iştirakçılarına müraciəti diqqətə çatdırılıb.

Daha sonra COP29-un mədəni gündəliyini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Görüş məruzələrlə davam etdirilib.

Nazir Adil Kərimli bildirib ki, ölkəmizin yaşıl enerji sahəsində gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir: "Biz bu gün keçirilən nazirlər toplantısından səmərəli nəticə gözləyirik. Bizim fəaliyyətimiz UNESCO, ICESCO və digər qurumların fəaliyyətləri ilə üst-üstə düşür. Biz mədəniyyətin önəmli bir vasitə olduğunu qəbul edir, onun ətraf mühitin qorunmasındakı rolunu qiymətləndiririk. Bu gün görüşün sonunda qəbul edəcəyimiz sənəd gələcək əməkdaşlığımızın əsasını təşkil etməklə yanaşı, müsbət iqlim fəaliyyətinin də əsasını qoyacaq".

Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) haqqında danışan Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid əl-Qassimi qurumun üzvlərinin sayının artmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu, sektorlararası daha güclü bir səs olacaq: "Bu görüşdə iqlim dəyişikliyi fəaliyyətində mədəniyyət ölçüsünü diqqətə çatdırmış olacağıq. Mədəniyyət və iqlim dəyişikliyi bir-biri ilə əlaqədardır. Düşünürəm ki, bu sahədə araşdırmalara daha çox investisiya qoyulmalıdır. Biz bütün tərəfləri nazirliklərarası əməkdaşlığa dəvət edirik".

Daha sonra Braziliya Federativ Respublikasının mədəniyyət naziri Marqaret Menezesin mövzu ilə bağlı videomüraciəti dinlənilib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy COP29 çərçivəsində keçirilən görüşün ictimaiyyətin gözləntilərinə cavab verəcəyinə ümidvar olduğunu bildirib: "İqlim dəyişikliyi mədəniyyətimiz üçün də təhlükədir. Bu sahədə görülməli işlər çoxdur. Türkiyədə bu sahədə bir sıra addımlar atılır. Biz Azərbaycanın COP29-dakı təşəbbüsünü dəstəkləyirik və hər zaman qarşılıqlı əməkdaşlığa hazırıq".

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov iqlim dəyişikliyinin fəsadları ilə hər addımda qarşılaşdıqlarını deyib. Bildirib ki, mədəni irs də bu təsirlərdən kənarda deyil. Buna görə də ətraf mühit məsələlərinə çox həssaslıqla yanaşmaq lazımdır. 

O, COP29 kimi mötəbər sessiya çərçivəsində belə bir tədbirdə iştirakından məmnunluğu söyləyib, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Pakistanın milli irs və mədəniyyət naziri Ataullah Tarar ölkəsinin iqlim dəyişikliyi nəticəsində gördüyü zərərlərdən danışıb. Qeyd edib ki, Pakistan 2022-ci ildə dünyanın ən böyük daşqınlarından birini yaşayıb: "Biz bu fəlakət nəticəsində müəyyən ərazilərdə öz mədəni mirasımızı da itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ümid edirəm ki, bu gün Bakıda əldə etdiyimiz nailiyyətlə gələcəkdə bu sahədə öz fəaliyyətimizi uğurla davam etdirəcəyik".

Yunanıstanın mədəniyyət naziri Styliani Mendoni qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib. Söyləyib ki, iqlim dəyişikliyinin nəticələrini aradan qaldırmaq üçün müxtəlif tədbirlər görülməlidir: "Bu sahədə risk xəritələri hazırlamalıyıq. "Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu" bu sahədə boşluqları doldurmaq üçün əməli addımlar atmalıdır. Bu qrup son illərdə bir çox ölkələrdə beynəlxalq seminarlar təşkil edib. Düşünürəm ki, bugünkü tədbir də bu sahədəki problemlərin həllində əhəmiyyətli rol oynayacaq".

Digər çıxış edən nümayəndələr mövzu ətrafında öz fikirlərini bildiriblər. Çıxışçılar mədəniyyətin iqlim siyasətində oynadığı güclü rolu xüsusi qeyd ediblər.

Çıxışlardan sonra Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşünün yekun sənədi qəbul edilib.

Yekun söz söyləyən COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim fəaliyyətində mədəniyyətin payının yüksək olduğunu deyib. Bildirib ki, qəbul olunmuş bu sənəddə mədəniyyət əsaslı iqlim tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanır.

Görüş iştirakçıları sonda xatirə fotosu çəkdiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

 

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

İngilis dilində ən yaxşı roman üçün Buker mükafatını ingilis yazıçısı Samanta Harveyin  "Orbitdə" romanına görə alması xəbərini haçan almışıq? Səhv etmirəmsə, noyabrın 13-də. Amma müzakirələr və mübahisələr əsla bitmir. 

 

Siması qadınlaşıbdır Buker mükafatının, builki qısa siyahısında olan 6 müəllifin 5-i qadın idi. Mükafatın rəsmi saytında bu altılıq belə sıralanmışdı:

1. Percival Everett (“James”)
2. Samantha Harvey (“Orbital”)
3. Rachel Kushner (“Creation Lake”)
4. Anne Michaels (“Held”)
5. Yael van der Wouden (“The Safekeep”)
6. Charlotte Wood (“Stone Yard Devotional”)

 

Münsiflər heyəti qələbəni yekdilliklə Harveyə verdi. "Bəzən bir kitabla qarşılaşırsınız və bu ecazkar hadisənin necə baş verdiyini anlaya bilmirsiniz" deyə münsiflər heyətinin sədri yazıçı və rəssam Edmund de Vaal Samanta Harveyin kitabını şərh edərkən deyib. 

 

Kitabda cəmi 136 səhifə var – "Orbitdə" romanı "Buker" tarixinin ən qısa iki romanından biri və kosmosdan bəhs edən   ilk laureat olub. Kitab Beynəlxalq Kosmik Stansiyada olan altı astronavtın həyatlarının  bir günündən bəhs edir.

"Mən onu kosmik pastoral kimi düşünürdüm – kosmosun gözəlliyi haqqında, bir növ, təbii fəlsəfi vəsf” deyə Harvey kitabının yazılması prosesi haqqında söyləyir. 

Əlbəttə, zövqlər müxtəlifdir, amma şəxsən mən bol informasiyalı, bədii ədəbiyyatdan əsla uzaq bu non-fiction məhsuluna 1-ci yer verməzdim. 

Mükafatlandırma mərasimi Londonda keçirilib. Harveyə qızıl suyuna çəkilmiş statuy və 50 min funt sterlinq pul verilib. 

Mən dedim ki, bu il mükafatın qısa siyahısına düşən altı namizədin beşi qadın idi və qalib də qadın oldu. Amma o da var ki, qadınlar son dəfə beş il əvvəl "Buker"i ala biliblər. 

Xatırladım ki, "Buker" mükafatı hər il ingilis dilində yazılan və Böyük Britaniya və İrlandiyada nəşr olunan əsərlərə verilir. Mükafatın məbləği 50 min funt sterlinqdir. Ötən il "Buker"in qalibi "Prophet Song" əsəri ilə Paul Lynch olub. O roman da ənənəvi bədii ədəbiyyat çərçivəsində deyil, utopik, fantastik bir dünya barədədir. 

Bəli, mən deyərdim ki, deyəsəm, ədəbiyyat öz klassik məzmununu itirməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2024)

 
 
 
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 15-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla görüşüb.
 
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli belə bir mötəbər tədbirdə qardaş Türkiyə Cümhuriyyətinin də iştirakından məmnunluğunu söyləyib.
Azərbaycan ilə Türkiyə arasında mədəniyyətin bütün sahələrində uğurlu əməkdaşlığın qurulduğunu deyən nazir bu sahədə əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu deyib.
Qeyd olunub ki, noyabrın 2-dən 10-dək İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində Azərbaycanın ilk dəfə “fəxri qonaq” qismində iştirakı iki ölkə arasında əlaqələrin yüksək səviyyəsinin göstəricidir. Nazir sərgi müddətində Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə türkiyəli nazirə təşəkkür edib.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkəmizin COP29 kimi mötəbər bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Bildirib ki, əgər Türkiyə COP31-i qəbul edərsə, Azərbaycanın bu sahədəki təcrübəsinin öyrəniləcəyini deyib. O, COP29 çərçivəsində ətraf mühit və mədəniyyət məsələlərinin də diqqətdə saxlanmasının əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı iki ölkə arasında bir sıra istiqamətlərdə, xüsusilə də arxeoloji irsin öyrənilməsi və kino sahəsində əməkdaşlığın perspektivləri qeyd edilib. Xüsusilə TÜRKSOY-un himayəsi ilə çəkilməsi planlaşdırılan “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filmi haqqında da söhbət açılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda türkiyəli nazirə xatirə hədiyyələri təqdim olunub.
Daha sonra nazirlər tədbir məkanındakı Azərbaycan, Türkiyə və Özbəkistanın pavilyonları ilə tanış olublar. Türkiyə və Özbəkistan pavilyonları ilə tanışlıqda Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov da iştirak edib.
 
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
 
 
 
 
 
Azərbaycanda keçirilən COP29 çərçivəsində iqlim dəyişikliyi və mədəniyyət mövzusu müzakirələrdən kənarda qalmadı. Bu gün müxtəlif ölkələrdən mədəniyyət nazirləri və həmin nazirlikləri təmsil edən geniş mütəxəssis heyətinin iştirakı ilə Mədəniyyət əsaslı İqlim Fəaliyyəti üzrə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu Görüşü oldu. İclasda "Mədəniyyət və iqlim dəyişikliyi" mövzusu əsas müzakirəmizə çevrildi. 
 
AzərTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib. 
“İclasın vacib məqamlardan biri COP28-də əsası qoyulan və bu gün təsdiqlənən “Mədəniyyətə əsaslanan iqlim fəaliyyətinin dostları Qrupu” təşəbbüsüdür. Bu gün həmin təşəbbüs qrupunun ilk şərtlər toplusu təsdiq edilmiş oldu. Təbii ki, Azərbaycan də buna qoşularaq Birləşmiş Ərəb Əmirliyi və Braziliya ilə birgə "Dostlar qrupu" təşəbbüsünün həmsədri olaraq təqdim edildi. Bu gün Azərbaycanın sədrliyi ilə bu şərtlər toplusu ölkələr tərəfindən qəbul edildi", - deyə nazir diqqətə çatdırıb. 
A.Kərimlinin sözlərinə görə, artıq "Dostlar qrupu"nun üzvlərinin sayı get-gedə çoxalır və dünya ictimaiyyətinin diqqəti məhz mədəniyyətin iqlimə təsiri mövzusunda daha da genişlənmiş olur.
 
(Foto: Report-undur)
 
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
 
Friday, 15 November 2024 16:29

Gəldi, gördü və getdi...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

50-yə yaxın filmdə rol alan, xalq artisti Rafiq Əliyev yaşasaydı dünən - noyabrın 14-də 75 yaşını qeyd edəcəkdi...

 

O, teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaradıb. Bunlardan "Bumbaraş"da Bumbaraş, "Üç muşketyor"da Aramis, "Təmas"da Andrey, "Müsyö Jordan və Dərviş Məstəli Şah"da Hatəmxan ağa, "Buratino"da Karabas-Barabas, "Buraxılış gecəsi"ndən Gena, "Müfəttiş"də Dobçinski, "Keçən ilin son gecəsi"ndə Süleyman, "Quyu"da Akif və başqa obrazları göstərmək olar. 

Aktyorun yaratdığı Akif obrazı 1966-cı il mövsümünün ən yaxşı kişi rolu elan edilib. 

Teatrda işləməklə yanaşı Rafiq Əliyev "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi xeyli bədii filmə də çəkilib. Onlardan "Babamızın babasının babası"nda reportyor, "Ötən ilin son gecəsi"ində Süleyman, "Üzeyir ömrü"ndə Əli Terequlov, "Qəm pəncərəsi"ndə general-qubernator, "Ələqə" filmində astrofizik və psixiator, "Lətifə" filmində komsomol rəhbəri, "Cansıxıcı əhvalat"da ortancıl qardaş, "Ailə dairəsi"ndə Qarif, "Nə gözəldir bu dünya"da Ramiz, "Otel otağı" filmində ingilis professoru Luis obrazları xüsusi ilə fərqlənir. Rafiq Əliyev televiziyada da gözəl obrazlar yaradıb. M. Ə. Rəsulzadə haqqında filmdə Stalin, "Cəza"da Kərim, "İlğım"da Kişi kimi obrazlar buna parlaq misaldır.

16 aprel 2020-ci ildə uzun sürən xəstəlikdən sonra Bərzəxə yollanıb. 

Gəldi, gördü və getdi...

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

 

14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçirilib.

 “Ədəbiyyat və incəsənət”portalına “ASAN xidmət”dən verilən məlumata görə, Bakı Olimpiya Stadionunda, Mavi Zonada baş tutan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və “Apolitical Group Limited”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.

 Forum interaktiv dialoqu və əməkdaşlığı təşviq etmək üçün hökumətlərin, beynəlxalq təşkilatların, aparıcı ekspertlərin və akademik dairələrin nümayəndələrini bir araya gətirib. Ümumilikdə 7 beynəlxalq təşkilatın və 20-yə yaxın ölkədən aidiyyəti nazirliklərin rəhbərləri  və müxtəlif şirkətlərin, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.

 Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, “Apolitical Group Limited”in icraçı direktoru Robin Skot və İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal çıxış ediblər.

 Çıxışçılar yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. “ASAN xidmət” modeli kimi innovativ modellərin davamlı infrastruktura, inklüzivliyin təşviqinə və iqlim dəyişikliklərinə cavab vermək üçün beynəlxalq əməkdaşlığa necə töhfə verə biləcəyi diqqətə çatdırılıb.

 İlk sessiya “Ekoloji çağırışlara cavab üçün dövlət xidmətlərində innovasiyaların təkmilləşdirilməsi” mövzusuna həsr olunub. Sessiyada Braziliyanın, Zimbabvenin, Barbadosun, Keniyanın və Qambiyanın müvafiq nazirliklərinin rəhbərləri çıxış ediblər. Əsas müzakirələr yaşıl idarəetmədə davamlılığın və səmərəliliyin təmin edilməsi məqsədilə dövlət qulluqçularının bacarıqlarının artırılması, dövlət xidmətlərinin inkişafı proseslərinin qlobal iqlim məqsədləri ilə inteqrasiyası və bu çərçivədə innovativ yanaşmalar olub.

 İkinci sessiya isə “Yaşıl idarəetmədə qlobal əməkdaşlığın rolu” mövzusuna həsr edilib. Sessiyada BMT-nin, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC), Serbiyanın, Qazaxıstanın, Seneqalın müvafiq qurumlarının rəhbərləri çıxış ediblər. Əsas müzakirələr dövlət xidmətlərinin göstərilməsində davamlılığın təmin edilməsi və fəaliyyətin səmərəliliyinin optimallaşdırılması, bu istiqamətdə yaşıl texnologiyaların inkişafı və tətbiqinin təşviqi, dövlət qurumlarının milli səviyyədə müəyyən edilmiş töhfələr və beynəlxalq iqlim öhdəliklərinin həyata keçirilməsində rolu olub.

 Forum zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, eləcə də Uqandanın, Efiopiyanın aidiyyəti nazirliklərinin rəhbərləri müvafiq istiqamətdəki qabaqcıl təcrübələrə dair təqdimatlar ediblər.

 ​Süni intellekt təcrübələri mövzusuna həsr olunmuş xüsusi sessiyada isə Misirin müvafiq qurumunun və Rumıniyanın sözügedən sahə üzrə ixtisaslaşmış təşkilatının rəhbərləri çıxış ediblər.  

 Moderatoru məşhur jurnalist, futuroloq (CNN, TEDx, Forbes) İan Xan olan forum bağlanış nitqləri və müzakirələrlə yekunlaşıb.

 Tədbirdə “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsi ilə bağlı məlumat diqqətə çatdırılıb və bununla əlaqədar videoçarx da nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.