Super User
Ramil Əhmədin Türkiyə uğuru
Türkiyədə təhsil alan dünyanın müxtəlif ölkələrindən olan 892 tələbənin iştirak etdiyi Uluslararası Əsər Yarışmasında həmyerlimiz Ramil Əhməd də iştirak edib.
Ramil "Elma sodası" şeiri ilə 2-ci yer, tərcüməsi ilə (Anar, "Çəpəki Yağış") 3-ci yerə layiq görülüb.
İstedadlı həmyerlimizi təbrik edirik!
Moskva
Hər ilin sonunda Rusiya prezidenti Vladimir Putinin “Manej” sərgi salonunda keçirdiyi böyük mətbuat konfransı bu il də keçirilib.
Suallardan biri:
-Cənab prezident, niyə siz dincəlməyə müdafiə naziri Sergey Şoyqu ilə gedirsiniz, hökumət başçısı Mixail Mişustinlə getmirsiniz?
Putinin cavabı:
-Kimsə də qalıb işləməlidir axı.
Mənbə: RİA Novosti
Kazinoların başlanğıcı, Mao Tse Dun
Sabah bazar günü olduğundan, sabaha olan əsas tarixi hadisələri də diqqətinizə çatdırırıq.
26 dekabr
Hədiyyələr günü
Böyük Britaniyada, onunla bağlı olan Kanada, Avstraliya, Yeni Zelandiya, Samoa və Kiribatidə yaranmış bu sürprizlər bayramı sonradan digər ölkələrdə də yayılıb. Bir təsəvvür edin, hamı hamıya hədiyyə edir, varlı kasıba, gözəl çirkinə, xoşbəxt bədbəxtə, yaxşı pisə... Adətən hədiyyələri doğmalardan, tanışlardan alırıq, burda isə heç tanımadıqlarımız bizi təbrik edir. Günün sonunda o qədər hədiyyə yığırsan ki, lap məsti-xumar olursan.
Nıtik günü
Çox qəmli olanların dəstək günü. Nə gözəl bir gündür. Qərb ölkələrində hətta xüsusi fondlar var, bu gün xəstəxanada yatan xəstələri, qocalar evlərindəki kimsəsizləri, evsiz-eşiksiz bomjları, uşaq evlərindəki yetim uşaqları, əzizləri yaxında vəfat etmişləri, həbsxanaya düşmüşləri və digər mənəvi köməyə ehtiyacı olanları yoluxur, onlara ürək-dirək verirlər. Biz azərbaycanlıların indi bu cür dəstəyə çox ehtiyacımız var, biz bu siyahıya kommunal borcları ödəməkdə çətinlik tapıb, bahalanmanı qarşılaya bilməyib, bank kreditlərinin boyunduruğuna düşüb depressiya keçirənləri də əlavə edərdik, onlara dəstək duranlar da tapılıb “Nıtik gününüz mübarək!” deyərdilər.
Ən dəhşətli zəlzələ, kazinoların başlanğıcı və Mao
Fransanın Yves Rocher brendi kimə tanış deyil ki? Bu fransız ətri bihuşediciliyi ilə seçilir. 2009-cu ilin bu günündə Yves Rocher korporasiyasının yaradıcısı İv Roşe vəfat edib. 2004-cü ilin bu günündə müasir tarixin ən ölümgətirici zəlzələsi olub, Hind okeanında baş verən 9,3 maqnitudalı zəlzələnin yaratdığı sunami İndoneziyanın, Şri-Lankanın, Hindistanın, Tailandın sahil ərazilərinə basqı edib, hündürlüyü 15 metrə çatan dalqalar 300 min insanı həyatdan alıblar. 1991-ci ilin bu günündə SSRİ Ali Sovetinin Respublikalar Soveti özünün son iclasını keçirərək SSRİ-nin ləğvini bildirən deklarasiyanı qəbul edib. 1963-cü ildə ABŞ-ın Capitol Rekords firması ilk dəfə The Beatles qrupunun valını buraxıb, ABŞ-da yerli musiqiçilərin hegemonluğu dövrü bununla da bitib, amerikalılar bu britaniyalı musiqiçilərə heyran olublar.
Qumar həvəskarları, yaxın oturun, sözüm sizədir. 1946-ci ildə Las-Veqasda “Flaminqo” otelinin açılışı olub, qanqster Baqsi Siqelə məxsus olan bu otel ilk kazinosu ilə tarixə düşüb, beləcə Las-Veqas dünyanın oyun biznesinin mərkəzinə çevrilib. İçinizdə yapon avtomobili sürənlər az deyil, deyilmi? 1931-ci ildə Datsun yük avtomobillərinin istehsalı ilə Toyota avtomobil konserni fəaliyyətə başlayıb. Əziz alimlər, 1898-ci ildə Pyer və Mariya Küri radioaktiv element olan radiyi kəşf etdiblər.
1893-cü ildə bəşər tarixinin ən qatı diktatorlarından biri – Çin kommunist partiyasının rəhbəri Mao Tse Dun dünyaya gəlib. Ən nəhayət, 1825-ci ildə Peterburqda, Senat meydanında Dekabristlər üsyanı baş verib.
Paraşütün sevdası
1783-cü ilin 26 dekabrında fransız Sebastyan Lenorman bükmələnmiş qayışlı brezentlə təyyarəyə qalxıb müəyyən yüksəklikdən yerə atıldı, həmin o brezent havada açılaraq Lenormanı sağ-salamat yerə gətirdi. Bu, “paraşüt” adını almış nəsnənin ilk sınağı idi, beləcə Lenorman yeni bir kəşfə imza atdı.
Paraşüt təhlükəsiz uçuşlar üçün xüsusən vacibdir, təyyarəyə minənlər nasazlıq olanda paraşütlə özlərini xilas edəcəkləri inamı ilə sığortalanırlar. Kaş ki, bizləri həyatdakı bədbəxtçiliklərdən xilas edəcək paraşütlər də olardı, ən ağır, ən sıxıntılı günlərimizdə onlardan yapışıb özümüzü ataydıq xoşbəxtliklərin qoynuna.
Varisin “Həftənin təqvimi” yazısından
Yunus Oğuz: “Yazarlar arasında bir neçə qruplaşma var, biri o birini həzm edə bilmir”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda İntiqam Yaşar bu dəfə sizi yazıçı, publisist, maraqlı tarixi romanların müəllifi, “Olaylar” media qurumunun rəhbəri Yunus Oğuzla görüşdürür.
-Salam, Yunus bəy, ədəbi mühitdə daha çox varsınız, yoxsa mediada?
-Ədəbi mühitin öz yeri, medianın öz yeri var. Tale elə gətirib ki, hər ikisinin də fəaliyyətinə eyni vaxtda başlamışam, yəni on beş yaşımdan. Birini o birindən ayırmıram, çünki hər ikisinin təməlində yazmaq durur. Bu gün media ilə bədii ədəbiyyat çuğlaşıb. Bəzən birini o birindən ayıra bilmirsən. Ancaq əgər bu, oxucular tərəfindən rəğbətlə qarşılanırsa, deməli normaldır. Publisistikanı romanlarıma ilk tətbiq edənlərdən biri də mən olmuşam. Bu gün oxucu 1000 səhifəlik kitab deyil, mahiyyətini anladacaq əsər gözləyir. Bu zaman publisistikanın yığcamlığı köməyimizə gəlir.
-Müasir oxucu yazardan nə istəyir?
-Maraqlı əsərlər. Elə əsərlər ki, oxucu onun aurasından uzun müddət çıxa bilməsin. Bədii ədəbiyyat həmişə oxucuları təsirləndirir, elə bil ki, oxucu öz həyatını yaşayır, onun həyatını tərənnüm edirsən. Ona görə də sevilirsən, hörmətə minirsən.
-Yunus bəy, yazarla oxucu arasında rabitə, sizcə, itməyib ki?
-Rabitə çoxdan itib. Düşünürəm, bunun əsas səbəblərindən də biri internetin yaranmasıdır. Faktiki olaraq sosial şəbəkə bu təması, ünsiyyəti əlimizdən alıb. Bu yaxınlarda oxucularla Slavyan Universitetində canlı görüşüm oldu. Bu başqa aləm idi. Canlı təmas həm oxucuların, həm də yazarın xatirələrində uzun illər qalır. Sosial şəbəkinin ünsiyyəti isə bir neçə saatlıqdır. Sosial şəbəkələr insanın ruhunu öldürür. Burada səni canlı təmasda qınayan yoxdur, uzaqbaşı bəyənmədiyin adamı dostluqdan çıxardacaqsan. Canlı təmas isə boynuna məsuliyyət qoyur.
-Tarixi romanlar müəllifisiniz. Romanlarınıza olan marağı ölkə daxili və ölkə xarici baxımdan müqayisə etsəniz, hansı nəticəyə gələrsiniz?
-Romanlarım həm daxildə, həm xaricdə maraqla qarşılanır, çünki tarixi şəxsiyyətlərdən yazılanda hər ölkənin oxucusuna ünvanlanmaqla yanaşı, həm də həmin ölkənin tarix və ədəbiyyat siyasətinə toxunulur. Məsələn, özbəklər Əmir Teymuru nə qədər çox sevirlərsə, Çingiz xanı bir o qədər sevmirlər. Düşünürəm, belə sevgi gələcəkdə aradan qalxacaq. Hər ikisi bizim tarixdir. Bizim bədbəxtliyimiz ondadır ki, bizi ümümtürk tarixindən və mədəniyyətindən ayrı salıblar. Uşaqlıq dövrümüzdə bizi elə öyrədirdilər ki, guya bizim türkə heç bir dəxlimiz yoxdur, türklər bütövlükdə bizə düşmən olublar, böyük qardaşlarımız rus və farslardır. Etiraf edim ki, buna müəyyən qədər nail də olmuşdular. Hələ indinin özündə də gənclərə bu sayaq təlim verən insanlar kifayət qədərdir.
- Türk dünyasında daha çox tanınmış müəllif olaraq fikirləriniz maraqlıdır, qardaş xalqlar arasında ədəbi əlaqələr sizi qane edirmi?
-Əlbəttə etmir. Təəssüflər olsun ki, indiyə qədər bu əlaqələr daha çox şəxsi səviyyədə olub. Keçən ay yeni (köhnə) yaranmış Türk dövlətləri təşkilatı bu əlaqələrə yeni töhfələr verəcək. Ortaq ədəbiyyat, dil, tarix bu əlaqələrin təkanı olacaq. İndi isə, əgər sən o ölkənin daxili həyatından, tarixindən az yazırsansa, deməli həmin ölkənin oxucuları üçün az əhəmiyyət kəsb edirsən. Demək, əsl ədəbiyyata hələ gəlib çatmamışıq. Bunu da keçmək lazımdır.
-Bu ədəbi əlaqələrin inkişafı üçün hansı işlərin görülməsinə zərurət var?
-Yəqin ki, bu təşkilatın (TDT) yazarlar birliyinin assosiasiyasını yaratmaq lazımdır ki, əlaqələr daha da güclənsin. Bu gün türk dövlətləri üçün unikal şərait yaranıb. 15-ci əsrdə, türk oğlu, məmlük Səlahiddin Əyyubinin torpaqlarını da Osmanlı torpaqlarına qatandan sonra 16-cı əsrdə demək olar ki, dünyanı “ağbaşlılar”, ”qızılbaşlar”, ”yaşılbaşlar” idarə edirdilər, yəni Osmanlılar, Qızılbaşlar və Şeybanilər. Sonradan onlara Babur-moğol şahı qoşuldu. Bunlar hamısı bizim ortaq tariximizdi və bunları ümumən ədəbiyyata gətirmək lazımdır.
- Necə hesab edirsiniz, dünyada romançılıq ön plandadır yoxsa, digər janrlar?
-Bütün janrların öz gözəlliyi var. Əsas odur ki, mükəmməl və maraqlı yazasan, oxucunu yerindən oynadasan, içindən tərpədəsən.
-Yunus bəy, bu gün bizim dünyaya çıxarmağa romanımız azdır, yoxsa tərcüməçilərmiz yoxdur?
-Romanlarımız var, amma mərkəzləşmiş fəaliyyətimiz yoxdur. Buna bəzən paxıllıq, bəzən həsəd, bəzən isə şəxsi münasibətlər mane olur. Yaradıcı adamların bir-birilə ziddiyyətlərini bilirsiniz. Yaraşdı-yaraşmadı hər kəs özünü daha çox irəli vermək istəyir. Təsadüfi deyil ki, yazarlar arasında bir neçə qruplaşma var. Biri o birini həzm edə bilmir. Bu da çox zaman xarici əlaqələrimizə mənfi çalarlar gətirir.
-Bir mətbu agentliyin rəhbəri kimi, sizcə, mətbuatla ədəbiyyatın sintez olaraq auditoriyaya nüfuz etməsi yetərli səviyyədədirmi?
-Media yazarların təbliğatında əvəzsiz rol oynayır, onları tanıdır, ya göylərə qaldırır, ya da yerdən-yerə çırpır. Onları bir-birindən ayırmaq olmaz. Son zamanlar ədəbiyyatımızda yaranmış “publisist dil” məhz medianın xidmətidir.
-Ədəbi gənclik ilə münasibətiniz necədir, yeni imzalar nə deyir sizə?
-Ədəbi gəncliklə münasibətlərim yaxşıdır. Yeni istedadlarımız göz qabağındadır: Fərid, Cavid, Qismət, İntiqam, Ayxan, Kəramət, Aysel, Şəhriyar və başqalarını mütəmadi izləyirəm. Adlarını çəkmədiklərim üzrlü hesab etsinlər.
- Suallarda səslənməyən, amma, sizin demək istədiyiniz fikirlər varsa, eşidək.
-Bir olaq, diri olaq. Təşəkkürlər.
Əlibala Məhərrəmzadənin “Kənar adamın söylədikləri” romanı işıq üzü görüb
“Qanun” nəşriyyatında yazıçı Əlibala Məhərrəmzadənin “Kənar adamın söylədikləri” sənədli romanı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, sözügedən roman “Çovdar çörəyi” romanı ilə Azərbaycan oxucusuna kifayət qədər tanış olan, ədəbi dairələrin diqqətini çəlb etmiş yazıçı Əlibala Məhərrəmzadənin sayca 4-cü romanıdır. Romanı yazarkən yazıçı qarşısına qoyduğu hər iki məqsədin – həm oxunaqlı təhkiyə ilə oxucu diqqətini cəlb etməyin, həm də azərbaycanlı-erməni münaqişəsinin dərin köklərinə varmaqla yerli və əcnəbi oxucuya nəyin nə olmasını isbat etməyin öhtəsindən lazımınca gələ bilib.
Romanın süjeti olduqca maraqlı, dramatikdir. Baş qəhrəmanı – fransalı yazar Mişel Leqranı “Ailes” qəzeti redaksiyası Bakıya – 44 günlük Qarabağ müharibəsindən reportaj hazırlamağa ezam edir, jurnalist Gəncə bombalanan zamanı nümayəndə heyəti ilə ora yollanır, orada vətənpərvər professor Kərimzadə ilə tanış olur. Əslən Qubadan olan professor Mişelin fransız olduğunu bilib ona yaşadığı Quba bölgəsindəki fransız izlərindən, o cümlədən məşhur fransalı yazıçı Aleksandr Dümanın Quba səfərindən danışır. Nə vaxtdır beynində bir roman yazıb məşhurlaşmaq ideyası dolanan Mişel Parisə qayıtmaq əvəzinə Qubaya gedəsi olur. Amma Qubada 1918-ci il soyqırımı abidəsini görüb, ermənilərin burnunu ovan Qaçaq Mayıl barədə eşidib, üstəlik ermənilərin fransızlara vurduqları yaralardan da xəbərdar olub mövzusunu dəyişir.
Romanda Qubanın Rusiya imperiyası tərəfindən işğalı, çarizm əleyhinə xalq üsyanları, 1918-ci il qırğınları, Xalq Cumhuriyyətinin qurulması, 1920-ci il bolşevik işğalı, Azərbaycanda bolşeviklər əleyhinə qiyamlar – bir sözlə, Azərbaycan tarixinin bizə əslində qaranlıq qalan böyük bir hissəsinə, eyni zamanda Fransaya qarşı törədilən erməni terrorlarına sənədli materiallarla güzgü tutulur. Bu da romanı oxunaqlı etməklə yanaşı, həm də gərəkli etməkdədir.
Düşünürük ki, “Kənar adamın söylədikləri” romanı geniş oxucu kütləsinin rəğbətini qazanmaqla yanaşı, tarixçilərin, alimlərin, eyni zamanda, fransalı dostlarımızın da diqqətini cəlb edəcək.
Milli Kitabxanada “Nizami Gəncəvi” xatirə döş nişanının təqdimatı keçirilib
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvi” xatirə döş nişanının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, döş nişanı “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı ilə fərqlənən yazıçı və naşirlərə təqdim edilib.
Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, bu gün sənət adamlarına, yaradıcı insanlara böyük diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 60 yaşı tatam olur. Azərbaycanda yaradıcı şəxslərə hər zaman böyük önəm verilib.
“Bu il həm də 44 günlük Vətən müharibəsindən sonra zəfər çalan mədəniyyətimizin qələbəsidir. Yazıçılarımız Azərbaycan dəyərlərinin təbliğ olunmasında müstəsna rol oynayır. Əminliklə deyə bilərəm ki, vətəni qoruyan əsgərlərimiz vətənə həsr olunan şeirlərlə böyüyüblər. İndi vəzifəmiz millət olaraq müharibədən sonra sülhə səfərbərliyi davam etdirməkdir. Burada yazıçıların, şairlərin üzərinə böyük vəzifə düşür, çünki bizim yazarlar milli dəyərlərimizi təbliğ edən şəxslərdir”.
Xalq yazıçısı Çingiz Abdullayev deyib: “Biz hamımız fəxr edirik ki Nizami Gəncəvi kimi şairimiz olub. Şairlər ölməzdir, yazıçılar və şairlər xalqın əbədiyyətdə vəkilidir”.
Prezidenti ad günü münasibətilə təbrik edən yazıçı bu ili “Nizami Gəncəvi İli” elan etdiyi üçün ölkə başçısına təşəkkürünü bildirib. Qeyd edib ki, bundan sonra Azərbaycan xalqı heç bir ərazisini itirməyəcək və öz dahi şəxsiyyətlərinin adını uca tutacaq.
Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Hindistan Nizami Gəncəvinin əlyazmalarını saxlayan ən böyük ölkədir. Şair tövsiyə edib ki, bununla bağlı Mədəniyyət Nazirliyi müəyyən işlər görməli, Hindistan muzeyləri, kitabxanaları ilə əlaqələr qurmalıdır.
Müəlliflərin zəhmətinin dövlət tərəfindən qimətləndirilməsinin vacib olduğunu söyləyib Xalq şairi Vahid Əziz bu sahədə islahatların aparılmasını vacib hesab edib.
Sonra yazarlar və naşirlərə Nizami Gəncəvinin 880 illiyi münasibətilə təsis olunmuş xatirə döş nişanları təqdim edilib
Milad bayramı və Çauşesku
Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq.
25 dekabr
Katoliklərin Milad bayramı
Christmas Day. Milad bayramı xristian dünyasının ən əsas bayramı hesab edilir, xristianlıq peyğəmbəri İsanın doğulmasını özündə ehtiva edir. Dünyanın 100-dən artıq ölkəsində Milad dövlət bayramı sayılır. Tarixdə xristianların Miladı bayram etməsinə aid ilk yazılı mənbə 4-cü əsrə aiddir. İsa Məsihin dəqiq doğulma tarixi həmişə mübahisələrə yer açıb, amma katoliklər bu tarixi 25 dekabr kimi qəbul ediblər. Olsun ki, məhz bu tarixi seçməkdə erkən dövr xristianlarının 25 dekabrda Xristin təməli və Pasxa bayramlarını qeyd etmələri, eyni zamanda Günəşin bərqərar olması gününü də bu təqvim günündə qeyd edilməsi rol oynayıb. Bu bayram 4 gün öncədən başlayıb 6 gün sonrayadək davam edir, bayramaxşamı – ayın 24-də soşelnik deyilən məcburi rituala bütün katoliklər əməl edirlər – buğda və bal qarışığı yeyilir, səmada ilk ulduz görününcəyə qədər bu post davam edir. Gecə, ayın 25-nə keçəndə, işıqlaşanda və 25-i günorta hər kəs Allaha xidmət edir, dualar oxuyur, şam yandırır. Kilsələrə böyük axın olur, uşaq və gənclər nəğmə oxuyaraq, şənlənərək evlərə gedir, hər bir ailəyə xoşbəxtlik diləyir. Əvəzində ailələr onlara qovrulmuş şabalıd, boyanmış yumurta, kolbasa qaxacları, meyvə və şirniyyat verir. Pay verməyən xəsis ev sahiblərini lağa qoyur, onları bədbəxtçiliklərlə qorxudurlar. Səs-küylü şənlənmələrdə hamı maska taxır, əsl karnaval əhval-ruhiyyəsi duyulur.
Məbədlərdə xüsusi Milad çörəkləri bişirilib insanlara paylanılır. Və ən vacibi – dekabrın 24-də, Miladdan bir gün öncə evlərdə rəngbərəng şarlarla bəzədilmiş küknar ağacları qurulur, bu, üstü meyvəli cənnət ağacının simvolu sayılır, bollu-bəhərli bir yeni il arzulanır hər kəsə.
Çauşeskunun və Yelenanın güllələnməsi
Lüteryanların da Milad bayramıdır bu gün. Pakistanda Kvay-e-Azam günüdür, o, Pakistanın milli dövlətinin atası-qurucusu hesab edilən şəxsdir. Pakistanın rəqibi olan Hindistanda Tulasi Pudjan Divas günüdür, bu günün bir adı da “müqəddəs reyhan günüdür”, indust dinində reyhan müqəddəs bitki hesab edilir. Peruda Takanakuy adlanan rəqs festivalı başlayır. Çin və Tayvan Konstitusiya, Kamerun uşaqların müdafiə günü, Mozambiksə ailə gününü qeyd edir. Zat aliləri amerikalılar isə bu gün iki mətbəx bayramı qeyd edirlər. Birincisi Milli balqabaq piroqu günüdür. Dadmışam, çox dadlıdır. İkincisi, Milli aşbazları öpmə günüdür. Bax bunu dadmamışam, nə yalan deyim.
1989-cu ilin bu günündə rumınlar ölkənin keçmiş rəhbəri Nikolae Çauşeskunu və həyat yoldaşı Yelenanı güllələyiblər. “Xalqın sərvətini ailə olaraq talayan, rumınları zillət içində yaşadan, azadlığa həsrət qoyan” diktator və həyat yoldaşı küçədə, minlərlə insanın gözü qarşısında öldürülüb.
1977-ci ildə dünyaşöhrətli komik aktyor Çarli Çaplin 88 yaşında vəfat edib. 1969-cu ilin bu günündə amerikalı Artur Blessit dünya tarixindəki ən uzun piyada səyahətinə başlayıb, o, 29 il ərzində 55011 kilometr məsafə qət edib. 1958-ci ildə SSRİ qanunvericiliyində milyonlarla insanın qəniminə çevrilmiş “xalq düşməni” ittihamı ləğv olunub. 1741-ci ildə isveç astronomu Anders Selsiy temperaturu ölçmək üçün şkalanı kəşf edib. Ən nəhayət, 1000-ci ildə macar qardaşlarımızın başda 1-ci Stefan olan Macar krallığı yaradılıb.
Qaziantepin azadlığı günü
Türkiyənin böyük şəhərlərindən olan Qaziantepin özünəməxsus xüsusiyyətləri var ki, bu da onu fərqli bir məkan kimi tanıdır. Əvvəla, şəhərin tarixi qədim dövrlərə dayanır. İkincisi, əvvəlki adı Antep olan bu qədim türk şəhəri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan Qurtuluş savaşından sonra “Qazi” (qəhrəman şəhər) statusu qazanaraq Qaziantep adlandırılıb. Qaziantep həm də Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün rəsmi şəkildə əhali qeydiyyatına düşdüyü şəhərdir. Şəhər cənub-şərqi Anadolu bölgəsində sənayesinin inkişafı baxımından ön yerdə dayanmaqla yanaşı, həm də fərqli və zəngin mətbəxi ilə məşhurdur. Qaziantep böyüklüyünə görə Avropada 2-ci, Türkiyədə isə 1-ci olan zooparkı ilə də tanınır.
Bax Atatürkün apardığı qurtuluş savaşında qalibiyyətin bu gün tam 100 illiyidir.
Varisin “Həftənin təqvimi” yazısından
Bu gün görkəmli rejissor Əlisəttar Atakişiyevin 115 illiyidir
Kino tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdir Əlisəttar Atakişiyev. O, 1906-cı il dekabr ayının 25-də Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsini bitirib. “Azərfilm” studiyasına dəvət olunan operator ilkin olaraq “Bakılılar” filmində baş operator işləyib, daha sonra yenə “Mosfilm”də iş alıb, orada ilk rəngli filmlərin yaradılmasında iştirak edib. Əlisəttar Atakişiyev müharibə illərində Bakıya gəlib, burada “Arşın mal alan” və “Fətəli xan” filmlərində işləyib, 1953-cü ildə Tallinə göndərilib, orada Estoniyanın ilk rəngli (“Axşam düşəndə” ) filmini çəkib. 1956-cı ildə Azərbaycana qayıtdıqdan sonra “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” və bir neçə sənədli filmdə operator kimi fəaliyyət göstərib, rejissor kimi “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” kimi filmləri ilə Azərbaycan uşaq kinosunun əsasını qoyub. Kinorejissor Əlisəttar Atakişiyevin istər operator, istərsə də rejissor kimi çəkdiyi filmlər Azərbaycan kino tarixində ən çox baxılan filmlər kimi öz layiqli yerini tutur.
Görkəmli sənətkar heyran olunacaq dərəcədə sadə insan olub, özünü təkcə operator və rejissor kimi deyil, həm də dekorasiya rəssamı, geyim rəssamı, quraşdırma çəkilişləri rəssamı, ssenarist, dublyaj rejissoru kimi də təsdiqləyib. “Bizim küçə”, “İstintaq davam edir” filmləri ilə Azərbaycan kinosunu zənginləşdirməklə rəssam kimi də fəaliyyətini ortaya qoyub. Onun Azərbaycan kinosunun inkişafında əvəzsiz xidmətlərindən biri də dublyaj sənətinin inkişafına təkan verməsi olub, 50-yə yaxın filmi peşəkar səviyyədə Azərbaycan dilinə dublyaj edib. 1960-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən bu böyük insan başqa heç bir təltif almayıb, 1990-cı il noyabr ayının 7-də Moskvada, Kino Veteranları evində vəfat edib. Ruhu şad olsun qədri layiqincə bilinməyən bu insanın.
Bu gün görkəmli ədəbiyyatşünas Əli Sultanlının 115 illiyidir
Ədəbiyyatşünaslıq tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdir Əli Abdulla oğlu Sultanlı. O, 1906-cı il dekabr ayının 25-də Naxçıvan şəhərinə bitişik Araz kəndində anadan olub. 1930-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Şərq fakültəsini bitirib, oradaca müxtəlif vəzifələr alıb, 1939-1941-ci illərdə institut rektorunun elmi hissə üzrə müavini vəzifəsində çalışıb. Əli Sultanlı Azərbaycan alimləri arasında ilk dəfə 1939-cu ildə “M.F. Axundov və Molyer” mövzusunda dissertasiya müdafiə edərək, xarici ölkələr ədəbiyyatı sahəsində filologiya elmləri namizədi olub. 1945-ci ildə o, “Azərbaycan dramaturgiyasının inkişaf yolu” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmlər doktoru alimlik dərəcəsi, 1947-ci ildə professor adı alıb.
Əli Sultanlı Azərbaycanda müqayisəli ədəbiyyatşünaslığın ilk nümunələrini yaradan görkəmli alimdir, xarici ədəbiyyat fənni üzrə Azərbaycan dilində ilk dərslik və müntəxəbatların müəllifidir. Əli Sultanlı görkəmli ədəbiyyat tarixçisidir. O, üçcildlik, monumental “Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildinin əsas müəlliflərindən və elmi redaktorlarından biridir. Ə. Sultanlı SSRİ Ali Sovetinin fərmanı və Əmək igidliyinə görə medalı ilə təltif olunub.
Böyük alim 1960-cı il iyul ayının 18-də Bakıda vəfat edib, şəhər qəbiristanlığında dəfn olunub. Ruhu şad olsun!
“Nizami poeziyasının musiqi səltənəti” adlı tədbir keçirilib
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Nizami poeziyasının musiqi səltənəti” adlı tədbir-konserti keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə mütəfəkkir şairin həyat və yaradıcılığına nəzər salınıb, əsərləri haqqında məlumat verilib, Şərq intibahının yüksək zirvəsi olan Nizaminin idealları, humanist fəlsəfəsi barədə söhbət açılıb.
“Nizamidə musiqi və musiqidə Nizami” məzmunda məruzə dinlənilib. Məruzədə şairin yaradıcılığında təsvir olunan musiqi alətləri haqqında videoslayd vasitəsilə məlumat verilib. Nizami irsinin bəstəkar yaradıcılığında təcəssümü mövzusunda şairin əsərləri əsasında yazılan, musiqi mədəniyyətimizi zənginləşdirən əsərlərdən danışılıb.
Tədbirdə məktəbin şagirdlərinin ifasında müxtəlif əsərlər səsləndirilib, rəqs nömrələri təqdim olunub.
Rəsm şöbəsinin müəllimləri Nigar Şıxəliyeva və Əli Ağadadaşovun şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.