M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvi” xatirə döş nişanının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, döş nişanı “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı ilə fərqlənən yazıçı və naşirlərə təqdim edilib.
Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, bu gün sənət adamlarına, yaradıcı insanlara böyük diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 60 yaşı tatam olur. Azərbaycanda yaradıcı şəxslərə hər zaman böyük önəm verilib.
“Bu il həm də 44 günlük Vətən müharibəsindən sonra zəfər çalan mədəniyyətimizin qələbəsidir. Yazıçılarımız Azərbaycan dəyərlərinin təbliğ olunmasında müstəsna rol oynayır. Əminliklə deyə bilərəm ki, vətəni qoruyan əsgərlərimiz vətənə həsr olunan şeirlərlə böyüyüblər. İndi vəzifəmiz millət olaraq müharibədən sonra sülhə səfərbərliyi davam etdirməkdir. Burada yazıçıların, şairlərin üzərinə böyük vəzifə düşür, çünki bizim yazarlar milli dəyərlərimizi təbliğ edən şəxslərdir”.
Xalq yazıçısı Çingiz Abdullayev deyib: “Biz hamımız fəxr edirik ki Nizami Gəncəvi kimi şairimiz olub. Şairlər ölməzdir, yazıçılar və şairlər xalqın əbədiyyətdə vəkilidir”.
Prezidenti ad günü münasibətilə təbrik edən yazıçı bu ili “Nizami Gəncəvi İli” elan etdiyi üçün ölkə başçısına təşəkkürünü bildirib. Qeyd edib ki, bundan sonra Azərbaycan xalqı heç bir ərazisini itirməyəcək və öz dahi şəxsiyyətlərinin adını uca tutacaq.
Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Hindistan Nizami Gəncəvinin əlyazmalarını saxlayan ən böyük ölkədir. Şair tövsiyə edib ki, bununla bağlı Mədəniyyət Nazirliyi müəyyən işlər görməli, Hindistan muzeyləri, kitabxanaları ilə əlaqələr qurmalıdır.
Müəlliflərin zəhmətinin dövlət tərəfindən qimətləndirilməsinin vacib olduğunu söyləyib Xalq şairi Vahid Əziz bu sahədə islahatların aparılmasını vacib hesab edib.
Sonra yazarlar və naşirlərə Nizami Gəncəvinin 880 illiyi münasibətilə təsis olunmuş xatirə döş nişanları təqdim edilib