Super User
Qazaxda “Vurğun bulağı” ədəbi məclisi növbəti dəfə toplaşdı
Ötən gün Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsində "Vurğun bulağı" ədəbi məclisinin növbəti məşğələsi keçirildi. Bölmənin sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal ədəbiyyat barədə, poeziya barədə danışdı, məclis üzvlərinə təklif və tövsiyyələrini səsləndirdi.
Bundan sonra çıxış üçün söz gənclərə verildi. Gənc yazarlardan Natiq Şahhüseyin, Elnur Bayanov, İradə Musayeva, Röyal Miriyev, Bəkir Vəkilov, Azər Qasımov və digərləri öz yeni şeirlərini oxudular.
Sazlı-sözlü Qazaxda günü bu gün də ppeziya ənənələri qorunub saxlanır, gözəl şeirlər yaranır. Vurğun elinin Vurğun bulağı təki qurumasın!
Dövlət büdcəsindən maliyyələşən televiziyalarda nöqsanlar aşkarlanıb
Dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi çatışmazlıqlar aşkarlanıb. Bu, Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatında öz əksini tapıb.
MTRŞ Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsində il ərzində ölkə ərazisində fəaliyyət göstərən ümumrespublika teleradio yayımçılarının mütəmadi monitorinqi aparılıb.
Hesabatda qeyd edilir ki, aparılan daimi monitorinqlər telekanalların fəaliyyətində hüquqazidd məqamların aşkarlanmasına şərait yaradıb. Görülən işlərin nəticəsi olaraq Şura sədrinə ölkə teleməkanı barəsində mütəmadi olaraq arayışlar və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar təqdim edilib.
Belə ki, “Televiziya və radio yayımı haqqında” qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir. Monitorinqlər zamanı yayımçıların Qanunun bu tələbinə tam şəkildə riayət etdikləri müşahidə edilmir.
İrəvan Teatrı 140-cı mövsümünü açıb
Dekabrın 27-də Binəqədi Mərkəzi Mədəniyyət Evində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140-cı mövsümünün açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, Binəqədi rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgər və zabit heyəti, eləcə də rayonun mədəniyyət müəssisələrinin işçiləri iştirak ediblər.
Tədbiri teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev açaraq teatrın tarixinə qısa nəzər salıb, qədim sənət ocağının yaradıcılıq fəaliyyəti haqqında məlumat verib. O, teatrın Türkiyə, Gürcüstan, Dağıstan, ölkəmizin müxtəlif bölgələri və eləcə də Naxçıvan Muxtar Respublikası ilə sıx sənət əlaqələri olduğunu qeyd edib. İftixar Piriyev ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən teatra göstərilən diqqət və qayğıdan söz açıb.
Qonaqlardan YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov və Binəqədi Rayon İcra Başçısının müavini Sevinc Süleymanova çıxış edərək, İrəvan teatrının nailiyyətlərindən danışıb, Binəqədi rayonu ilə birgə keçirilən bir çox müştərək tədbirlərdən söhbət açıb və yeni mövsümün açılışı münasibətilə kollektivi təbrik ediblər.
Mövsüm açılışında V.Siqarevin “Şeytan ailəsi” tamaşasının premyerası nümayiş olunub.
Milli Kitabxanada “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimat mərasimi olub
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində bu il ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlərlə yadda qaldı. Bu gün Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə çox nəfis şəkildə çap edilən dahi şair və mütəfəkkir Nizami Gəncəvinin beş poemasının bir arada yer aldığı kitabın - “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimatına toplaşmışıq. Kitabda şairin əsərlərinə çəkilmiş miniatürlər də yer alıb. Görkəmli şairin 880 illiyi ilə əlaqədar bir neçə kitab çap edilib. Bu kitablar nəinki bu gün, gələcəkdə də hər zaman tədqiqat mənbəyi olacaq, təkrar-təkrar çap ediləcək və heç zaman öz əhəmiyyətini itirməyəcək. Gələcək nəsillər Nizami Gəncəvi yaradıcılığına olan diqqətin şahidi olacaqlar.
AzərTAC xəbər verir ki, bu sözləri M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov dekabrın 27-də “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimat mərasimində səsləndirib.
Milli Kitabxananın direktoru qeyd edib ki, dahi şairin bir çox əlyazmaları digər ölkələrdən kitabxanaya gətirilib. “50-dən artıq ölkədən əldə etdiyimiz əlyazmaların elektron surətləri Milli Kitabxanadadır. Onlar da kitab şəklində çap edilərək Milli Kitabxananın fondunda qorunacaq. Bunlar Nizamişünaslar üçün, tədqiqatçılar üçün ən dəyərli hədiyyə olacaq. Biz bu işi davam etdirəcəyik”.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək “Nizami Gəncəvi İli” çərçivəsində görülən işlərdən, təşkil olunmuş tədbirlərdən, həyata keçirilən layihələrdən bəhs edib. Nazir söyləyib ki, Prezident İlham Əliyevin dahi şəxsiyyətlərin yaradıcılığına və onların irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğı onların həm də beynəlxalq arenada tanıdılması və xatırlanması üçün çox mühüm amildir: “Biz bu şəxsiyyətlər vasitəsilə ölkəmizi tanıdırıq. Nizami Gəncəvi bizim üçün təkcə şair deyil, eyni zamanda, ümumbəşəri dəyərə malik bir şəxsiyyətdir. Biz il ərzində dahi şairin 880 illiyi ilə əlaqədar çoxlu tədbirlər, konsertlər, tamaşalar, layihələr təşkil etmişik. Bu il “Nizami Gəncəvi İli” çərçivəsində ən möhtəşəm tədbirlərdən biri də Nizami Gəncəvi Beynəlxalq Festivalı oldu. Festivala dünyanın bir sıra ölkələrindən qonaqlar qatıldı. Festivalboyu şairin zəngin yaradıcılığından danışıldı, yeni məlumatlar əldə edildi. Bundan əlavə, dünyanın bir sıra ölkələrində dahi şairin büstü qoyuldu. “Nizami Gəncəvi İli” bundan sonra da bizim üçün davam edəcək”.
“Nizami Gəncəvi. Xəmsə” kitabının məziyyətləri haqqında məlumat verən nazir deyib ki, kitabda ilk dəfə olaraq şairin əsərləri əsasında miniatürlər də əks olunub. Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yeni filmin ekranlaşdırıldığını söyləyən nazir deyib ki, film hazırda istehsalat mərhələsindədir və təqdimatı gələn il üçün nəzərdə tutulur.
Xalq yazıçısı Elçin Əfəndiyev “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə reallaşan tədbirlərin önəmini qeyd edib. “Hər bir xalqın ədəbiyyat və incəsənət xadiminin təbliği, eyni zamanda, o xalqın özünün və tarixinin təbliğidir. Nizami Gəncəvinin təqdimatı, bir Azərbaycan şairi kimi, böyük əhəmiyyət daşıyır. Aradan 880 il ötməsinə baxmayaraq, Nizami Gəncəvi haqqında çoxsaylı kitablar yazılıb, araşdırmalar aparılıb və bu ənənə davam edir. Nizami Gəncəvi o qədər müasir şairdir ki, öz doğma Azərbaycanında heykəltaraşlığın, musiqinin, rəngkarlığın, opera və baletin inkişafında müstəsna rol oynayıb. Bu gün əgər dünyanın ən qədim təhsil ocaqlarından olan Oksford Universitetində Nizami Gəncəvinin adına mərkəz yaradılırsa, bu, özü Azərbaycanın təbliğidir”.
Kitabın xüsusi əhəmiyyət daşıdığını qeyd edən Xalq yazıçısı, nəşrə görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə təşəkkür edib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək deyib ki, bundan sonra neçə-neçə əsrlər ötsə də, yeni nəsil azərbaycanlılar böyük şair Nizami Gəncəvi ilə fəxr edəcəklər: “Nizaminin yaradıcılığında Azərbaycan xalqının əxlaqı, mədəniyyəti və dünyaya, insanlığa baxışı var. Ona görə də belə böyük şəxsiyyətin adı ilə keçirilən hər bir tədbir çox qiymətlidir. Mən ümummilli lider Heydər Əliyevi hörmətlə anmaq istəyirəm. Çünki Nizami Gəncəvinin abidəsinin hazırlanması, onun irsinin araşdırılması, təbliği istiqamətində onun müstəsna xidmətləri olub. Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Ona görə ki, bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi, sadəcə, mədəni hadisə deyildi, həm də çox önəmli siyasi hadisə idi. Dövlətimizin başçısı Nizaminin irsinin araşdırılması, yaradıcılığının təbliği yönündə çox böyük dəstək göstərdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da təşəkkür edirəm. Dünya ölkələrində Nizami Gəncəviyə qoyulan abidələrin sayı artır. Onun irsinin təbliği istiqamətində işlər daha da genişlənir. Burada da çox hörmətli Mehriban xanımın rolu olduqca böyükdür”.
“Nizami Gəncəvi İli”nin çox önəmli tədbirlərlə yadda qaldığına diqqət çəkən Qənirə Paşayeva Mədəniyyət Nazirliyinə görülən işlərə görə təşəkkür edib. O, “Nizami Gəncəvi. Xəmsə” kitabı ilə bağlı fikirlərini bölüşüb, önəmini qeyd edib.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli şairin zəngin yaradıcılığından, əsərlərinin səciyyəsindən və tədqiqindən söz açıb, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunmuş tədbirlərdən bəhs edib.
Sonda bir neçə şəxsə Nizami Gəncəvi irsinin təbliği ilə əlaqədar şairin 880 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş döş nişanı təqdim edilib.
Soruşun, cavab verək: “NETTY 2021” Milli İnternet Mükafatının qalibləri kimlər olub?
“NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumilikdə İnformasiya texnologiyaları bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
“NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi uğurları mükafatlandırır.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, bu il Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticələrinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilib və bir neçə gün öncə öz mükafatlarını alıblar. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edib.
İnformasiya və Xəbərlər nominasiyası üzrə “Baku TV”, “Rəqəmsal Azərbaycan radio verilişi” qalib seçiliblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) “NETTY 2021” Milli İnternet Mükafatının iki nominasiyası üzrə qalib olub. Mərkəzin iki layihəsi “Dövlət və Cəmiyyət”, “İnformasiya və Xəbərlər” nominasiyaları üzrə mükafatlandırılıb.
“Dövlət və Cəmiyyət” nominasiyasının sosial kanallar və səhifələr kateqoriyası üzrə EHİM tərəfindən idarə olunan Elektron Hökumət Portalının rəsmi “Facebook” səhifəsi qalib elan olunub. 143 mindən çox izləyicisi olan Elektron Hökumət Portalının “Facebook” səhifəsində rəqəmsal xidmətlər və onlardan istifadə vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirmə aparılır, habelə vətəndaşların bu istiqamətdə daxil olmuş müraciətləri cavablandırılır.
“İnformasiya və Xəbərlər” nominasiyasının vebsaytlar kateqoriyası üzrə isə EHİM və ASAN Radionun birgə təşkilatçılığı ilə reallaşdırılan "Rəqəmsal Azərbaycan" radio verilişi üzrə podkastların təqdim edildiyi veb-səhifə qalib olub.
Xatırladaq ki, ölkədə və dünyada baş verən rəqəmsal yeniliklər, innovativ texnologiyanın həyatımızdakı rolu, eləcə də elektron dövlət xidmətləri və istifadəsi ilə bağlı cəmiyyəti maarifləndirən “Rəqəmsal Azərbaycan” verilişinin əsas məqsədi cəmiyyətin rəqəmsal savadlılığının artırılması və bu istiqamətdə maarifləndirilməsidir. Verilişin indiyədək 100-dən çox buraxılışı efirə gedib. “Rəqəmsal Azərbaycan” radio verilişini həftənin 2 günü - cümə axşamı saat 19.05-də və cümə günü 14.05-də (təkrarı) ASAN Radio-100 FM dalğasında dinləmək mümkündür. İnklüzivliyin təmin olunması, eləcə də radioya qulaq asmayan və ya asma imkanı olmayan vətəndaşların məlumatlılığının təmin olunması məqsədilə verilişin bütün sayları digital.gov.az veb-səhifəsində xüsusi podkastlar şəklində təqdim olunub.
EHİM tərəfindən “NETTY 2021” Milli İnternet Mükafatında əldə olunan qalibiyyət ilk dəfə deyil. Öncə Mərkəzin “ASAN Viza” layihəsinin rəsmi “Facebook” səhifəsi də aidiyyatı jüri və ekspertlər tərəfindən dəyərləndirilərək qalib elan olunub.
Sağlam Ailə Tibb Mərkəzi “NETTY 2021” Milli İnternet Mükafatının “Səhiyyə, İdman və Turizm nominasiyası üzrə qalibi olub.
Sağlam Ailə Tibb Mərkəzinin “NETTY” Milli İnternet Mükafatında əldə etdiyi qalibiyyət ilk dəfə deyil. Mərkəzin rəsmi saytı 2019-cu ildə də mükafata layiq görülmüşdür.
Qaliblərə mükafatları isə Elmir Vəlizadə təqdim edib. O, qalibləri təbrik edib, iştirakçılara isə gələcək layihələrdə uğurlar arzulayıb.
Qeyd edək ki, “NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
“NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxarmaqdadır.
Soljenitsin, Drayzer, Yesenin və digərləri
Bu günə - dekabrın 28-nə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:
Kart oyunu günü
İlk dəfə Çində yayılan, boş vaxt keçirməyə və əyləncəyə hesablanan kart oyunu əfsus ki, sonradan bir qumar predmetinə çevrilib, kimlərəsə haram pullar gətirib, kimlərisə müflisləşdirərək bədbəxt edib. Ona görə də bizlər bu günü qeyd etməsək yaxşıdır.
Vifleem uşaqları, Türkmənbaşı və 152 illik saqqızçeynəmə təcrübəsi
Günahsız Müqəddəslər günü. Fransada qeyd ediləcək bu gün qədim tarixdə İrodun əmri ilə öldürülmüş Vifleemin iki yaşa çatmamış uşaqlarının xatirəsinə həsr olunan matəm günüdür. Kalmık xalqı da bu gün matəm gününü qeyd edir, 1943-cü ildə Stalinin kommunist rejimi tərəfindən 100000 kalmıkın Sibirə deportasiyası zamanı həlak olanların xatirəsi anılır. Dünya başdan-başa təzadlı deyildirmi? İspaniyada isə bu gün gülüş günüdür, Els Enfarinats adlı festival keçirilir.
1999-cu ilin bu günündə Türkmənistanda qüvvəyə minən qanuna görə Saparmurat Niyazov ömürlük prezident elan edilib. ( O, bundan sonra cəmi 7 il yaşamağa macal tapıb). 1987-ci ilin bu günündən ta ki 1988-ci ilin 2 yanvarınacan Kiprdə 76 yaşlı qadın Kivel Papaioannou mağazanın liftində ilişib qalmaqla dünyada “ən çox liftdəqalma” rekorduna imza atıb. Tətildən sonra mağazanı açanda liftdə qadın qaldığını aşkar edib onu xilas edən işçilər ağbirçək qadının 5 gün liftdə necə sağ qalmasına sadəcə təəccübləniblər.
1973-cü ilin bu günündə Parisdə Aleksandr Soljenitsinin “QULAQ Arxipelaqı” kitabı ilk dəfə nəşr olunub. 1953-cü ildə dünya tarixinin ən virtuoz piano ifaçısı, fransız Riçard Klayderman doğulub. Pol de Sennevilin yazdığı "Adelina üçün ballada" Klaydermanı əsl ulduza çevirib, bu əsər dünyanın 38 ölkəsində 22 milyon nüsxə ilə satılıb, vaxtınız olsa bu gün həmin o kompozisiyanı dinləyin.
1945-ci ilin bu günündə Kaliforniyada “Dahi”, “Amerika faciəsi” və “Kerri bacı” kimi ölməz əsərləri ilə adını dünya ədəbiyyat tarixinin qızıl səhifələrinə yazmış Amerika yazıçısı Teodor Drayzer dünyadan köçüb. 1925-ci ilin bu günündə o cümlədən Mərdəkanda da yaşayıb yaratmış böyük rus şairi Sergey Yesenin intihar edərək həyatını bitirib.
1923-cü ilin bu günündə Eyfel qülləsinin memarı Qustav Eyfel dünyadan köçüb. 1908-ci ilin 28 dekabrı İtaliya xalqına dəhşətli bəla gətirib, tarixdə Avropa ərazisində ən güclü zəlzələ Cənubi İtaliyada baş verib, 250 min insanın həyatına son qoyulub.
Saqqızı sevənlər əlbəttə ki, içimizdə az deyil. 1869-cu ilin bu günündə amerikalı Uilyam Sempl kəşf etdiyi saqqıza patent alıb. Demək, 152 ildir ki, insanlar bu məşğuliyyətə qurşanıblarmış.
Mərhum alimin və mərhum şairin yubileyləri
1926-cı ilin bu günündə anadan olmuş və 95 illiyi qeyd edilən akademik Nəriman Quliyev ömrünün altmış ilə yaxın bir dövrü ərzində öz səmərəli yaradıcılığı ilə Azərbaycanda fizika elminin inkişafına töhfələr verib. O, bu sahə üzrə ana dilində yazılmış ilk sanballı elmi-kütləvi nəşrin müəlliflərindəndir. Azərbaycanda nüvə fizikasının inkişafının mühüm mərhələsi də akademikin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın dünyanın tanınmış nüvə tədqiqatları mərkəzləri ilə elmi-texniki əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində onun xidmətləri təqdirəlayiqdir. Xidmətlərini nəzərə alaraq 2011- ci ildə Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı alimi “Birliyin ulduzu” mükafatı ilə təltif edib. Onun əvəzsiz xidmətləri dövlətimiz və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Alim iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” (2005) ordenləri ilə təltif edilib. Nəriman Quliyev 2014-cü il may ayının 20-də vəfat edib. Ruhu şad olsun!
1941-ci ilin dekabrının bu günündə anadan olmuş və 80 illiyi qeyd edilən şair Şahmar Əkbərzadə isə həm lirik şeirləri, həm də jurnalistika fəaliyyəti ilə seçilib. O, Mədəniyyət Nazirliyinin təsis etdiyi “Mədəniyyət” qəzetinin ilk baş redaktoru olub. Bədii yaradıcılıqla 1985-ci ildən məşğul olmuş Şahmar Əkbərzadənin “Anama layla” (1978), “Sevgi borc verilməz” (1982), “Ona yanıram ki” (1988), “Haqqa pəncərə” (1998), “Sev məni” (2000) kimi kitabları işıq üzü görüb, əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib, 1996-cı ildə şeirlərinə görə “Araz” ali ədəbi mükafatına layiq görülüb. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat edib, ruhu şad olsun. “Vektor” Beynəlxalq Elmlər Akademiyasının rəhbəri Elçin İsgəndərzadə tərəfindən 2000-ci ildən şairin adına beynəlxalq ədəbiyyat mükafatı təsis edilib və həmin mükafat 2001-ci ildən bu günədək 70-dən çox şairə, o cümlədən 15 xarici ölkə şairinə təqdim edilib.
Məleykə Əsədovanın “bığı”
Düşünməyin ki, amerikalıları unutmuşam, onlar bu 28 sentyabrda Milli Qutudakı konfet gününü qeyd edirlər. Madam ki, qutuda konfetdən söhbət düşdü, mütləq bir haşiyəyə çıxım. Bizdə sovetlər dönəmində, eləcə də müstəqilliyin ilk illərində qutuda şokolad ən qiymətli hədiyyələrdən sayılırdı, insanlar bir-birinin evinə gedəndə bir şokolad qutusu aparırdılar, o evdəkilər də onu açmır, servantda əziz əşya kimi saxlayırdılar. Vəliyevlər ailəsi də onlara gətirilmiş, üzərində Məleykə Əsədovanın şəkli olan şokolad qutusunu açıb yeməmişdi, dar gün üçün saxlamışdı, amma evin kiçik uşağı nadinclik edib xanım Əsədovaya bığ çəkmişdi, evin qadını da bu bığı cidi-cəhdlə silsə də yeri qalmışdı. Bir il keçəndən sonra Vəliyevlər hansısa bir qohumlarıgilə qonaq getməli olanda bu qutunu da büküb aparırlar, qutuyla vidalaşırlar. Daha iki il keçmiş onlara hansısa bir tanışları qonaq gələndə bığlı Məleykə qutusu yenidən onların evinə qayıdır. Qonaqlar gedəndən sonra Vəliyevlər bu dəfə “halal qismətləri olan” şokoladları yemək qərarı verirlər, qutunu açanda görürlər, şokoladlar qurdlayıb, ovxalanıb. İndi diqqət edirlər ki, ərzağın yararlılıq müddəti 4 ildir ki ötübmüş. Bax belə bir əhvalat. Biz “saxla samanı, gələr zamanı” deyibən dar gün üçün tədarüklü xalqıq, düzdür. Amma bəzən fərqinə varmırıq ki, samanın da saxlanma zamanı var, bu zaman keçəndən sonra o, ən yaxşı halda zibilə atılası olur.
Allah sizləri heç vaxt dəyərdən salmasın, əziz oxucular!
Varisin “Həftənin təqvimi” yazısından
Bu gün tanınmış müğənni Zeynəb Xanlarovanın 85 illik yubileyidir
Böyükdən kiçiyə hamının tanıdığı, ulduzu Sovetlər dönəmində həddindən artıq gur parlayan Zeynəb Xanlarova əslən xızılıdır, 1936-cı il dekabr ayının 28-də Bakıda anadan olub, məktəb vaxtlarından musiqiyə böyük maraq göstərib, məşhur “Cücələrim” mahnısının ilk dəfə xorla səslənməsində iştirak edib. Bakı Orta İxtisas Musiqi Məktəbində böyük vokal ustadı Seyid Şuşinskinin sinfində oxuyub, 1960-cı ildə qadın müğənniləri arasında ilk dəfə olaraq “Çahargah” muğamını oxuyub. 1961-ci ildə məktəbi qurtardıqdan sonra görkəmli rejissor Şəmsi Bədəlbəyli onu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürüb və elə həmin ildə ölməz Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli obrazını ifa etməklə Zeynəb Xanlarova məşhurlaşıb. Müğənninin repertuarında F. Əmirovun, C.Cahangirovun, T.Quliyevin, A.Məlikovun, Ş.Axundovanın, E.Sabitoğlunun, T.Bakıxanovun, R.Mirişlinin, O.Kazıminin, O.Rəcəbovun mahnıları mühüm yer tutub, lirik soprano səsi olan müğəninin ifa tərzindəki temperament, gur zəngulələr onu xalqın sevimlisinə çevirib. Sovet müğənnisinin ABŞ, Fransa, İsveç, İtaliya, Kanada, Yaponiya, Türkiyə, Danimarka kimi kapitalist ölkələrində qastrol səfərlərində olması, sevilməsi bir sensasiya idi ki Zeynəb Xanlarova bu sensasiyaya imza atmağı bacarıb. SSRİ-də isə hər bir güşədə onu sevir, heyranlıqla dinləyirdilər. Hətta mənfur qonşularımızın dilində Zeynəbin mahnıları əzbər idi, onlar Zeynəbə Ermənistan SSR-in xalq artisti adını vermişdilər.
Görkəmli müğənni bir insan üçün verilə bilən bütün imtiyazları qazanıb, Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1975-ci ildə Azərbaycan Xalq artisti, 1980-ci ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb, 1985-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub, 1986-cı ildə ona Ümumittifaq “Melodiya” firmasının “Qızıl valı” verilib, 2006- cı ildə “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub. 2016-ci ildə o, hətta “Heydər Əliyev” ordeni ilə də təltif edilib. 85 illiyində müğənnini təltif etməyə elə bir mükafat, ənam qalmayıb. Ona görə də, gəlin ona sağlamlıq arzu edək.
Bu gün Beynəlxalq kino günüdür
Bu gün dünyada İlk kinoseansın ildönümü ilə əlaqədar Beynəlxalq kino günü bayram ediləcək, kino xadimləri və kinosevərlər üçün çox əziz bir gündür. 1895-ci ilin 28 dekabrında Parisdə, Kapusinov bulvarında, Qrand-kafedə kinematoqrafı kəşf edən Lümyer qardaşları dünyada ilk kinoseans təşkil ediblər. Həmin gün cəmi 35 bilet satılıb, biletlərin qiyməti cəmi 1 frank olub, amma sonrakı günlərdə Lümyerlərin kino seanslarına izdihamlı növbələr yaranıb, onlar böyük vəsait əldə ediblər.
Kino beləcə Fransada doğulub bütün dünyaya ayaq açıb. Bu gün də bu sahə mədəniyyətin ən böyük gəlir gətirən sahəsi kimi liderliyini qorumaqdadır.
Beynəlxalq Muğam Mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş konsert olub
Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş növbəti konsert proqramı təqdim edilib.
Konsert “Dünya musiqi incisi muğam” İctimai Birliyinin və AMEA-nın Folklor İnstitutunun dəstəyi ilə gerçəkləşib.
Konsertdə ifaçıları tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi ansambl müşayiət edib.
Proqramda Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri, Çilənay Hüseynovanın ifasında sözləri Nizami Gəncəviyə məxsus “Sənsiz”, “Sevgili canan” romansları, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında “Çahargah” muğamı, Nizaminin qəzəllərinə bəstələnən “Şur”, “Segah” kompozisiyaları, “Qaragilə” xalq mahnısı ifa olunub, Əməkdar artist, qiraətçi Azad Şükürovun ifasında Nizami qəzəllərindən nümunələr oxunub.
Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Türkiyə-Azərbaycan qardaşlığına həsr olunmuş “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsi keçirilib
“Ədəbiyyat və incəsənət” portalı GYF mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 dekabr 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkil etdiyi Türkiyə-Azərbaycan Qardaşlığına Həsr Olunmuş “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib.
İki hissədən ibarət olan “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsinin birinci hissəsində iştirakçılar iki qardaş ölkə - Azərbaycan və Türkiyənin dahi şairlərinin əsərlərini, həmçinin öz müəllifləri olduqları şeirləri səsləndiriblər. Səsləndirilmə zamanı hər bir iştirakçı münsiflər heyəti tərəfindən Azərbaycan və Türk dilinin qrammatik qaydalarından, bədən dilindən və səs tembrindən düzgün istifadə edilməsi nəzərə alınmaqla 1-10 bal arası dəyərləndirilib. Tədbirin ikinci hissəsində isə qaliblər və müsabiqədə fərqlənənlər müəyyən edilərək mükafatlandırılb.
Mükafatlandırma mərasimində çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Azərbaycan və Türkiyə qardaşlığının hər zaman və hər yerdə öz sözünü deməsini, iki qardaş dövlətin dost münasibətlərinin kökünün qədim tarixə söykəndiyini və bunun ortaq ədəbiyyatda da öz əksini tapdığını bildirib.
Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov çıxış edərək qeyd edib ki, “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsi əvvəllər keçirilən şeir gecələrini xatırladıb, onu bir anlıq öz tələbəlik illərinə aparıb və bunun üçün iştirakçılara öz təşəkkürünü ifadə edib.
Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar müsabiqənin gənclərin potensiallarının üzə çıxarılmasında böyük rolu olduğunu və “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsinin öz məqsədinə çatdığını vurğulayıb.
Son olaraq çıxış edən prezident mükafatçısı, şair Qabil Ədalət isə Gəncliyə Yardım Fonduna müsabiqənin təşkilatçılığı üçün təşəkkür edib və özünün də əvvəllər Gəncliyə Yardım Fondu tərəfindən keçirilən bu kimi müsabiqələrdə iştirak etdiyini, fondun bu sahədə gördüyü işlərin xüsusi və dəyərli olduğunu qeyd edib.
Qeyd edək ki, müsabiqədə ilk üç yeri aşağıdakı tələbələr tutmuşlar:
1-ci yer:
Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ruslan Məhərrəmli.
2-ci yer:
Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Kənan Balakişiyev.
3-cü yer:
Xəzər Universitetinin tələbəsi Sənur Yaqubov.
Digər müsabiqə iştirakçılarına isə fərqlənmə diplomları, iştirakçı sertifikatları və hədiyyələr təqdim edilib.
Tədbirin sonunda xatirə fotosu çəkilib.