Super User

Super User

Çərşənbə, 05 Yanvar 2022 09:24

Sumqayıt

Şəhərin Dənizkənarı Bulvarı Yeni - 2022-ci ilin ilk günlərində.

Çərşənbə, 05 Yanvar 2022 09:24

Gənc Tamaşaçılar Teatrı yanvar repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yanvar repertuarını təqdim edirik:

 

8 yanvar – “Çeburaşka”, “Mələk” (yeni tamaşa)

9 yanvar – “Dəlinin qeydləri”, 

15 yanvar -“Danışan gəlincik”, “Şəhərin qış gecələri”

16 yanvar – “Don Rafael trombonçu”, “Qızıl balıq”

22 yanvar – “Balaca, yaramaz məxluq” (yeni tamaşa)

23 yanvar- “Bir səbət tənhalıq” (monotamaşa), “Qırmızı papaq” (rus dilində)

29 yanvar – “Hasarın o üzü”

30 yanvar – “istədiyim kimi yaşamışam” (monotamaşa) 

 

Tamaşalar müvafiq olaraq saat 12:00 və 19:00-da nümayiş ediləcək.

Çərşənbə, 05 Yanvar 2022 09:18

Əsəd Cahangirin yeni kitabı çıxıb

Yeni ilə tanınmış tənqidçi Əsəd Cahangir oxuculara yeni hədiyyə ilə gəlib. Onun “Dionisin şərəfinə” adlı yeni kitabı ışıq üzü görüb. 

Kitabda Əsəd Cahangirin teatr, kino, musiqi, televiziya ilə bağlı yazıları, incəsənət adamları ilə müsahibələri yer alıb. 

Geniş oxucu kütləsinə ünvanlanan kitabın maraq doğuracağı yəqindir.

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə “Balaban-Mysterious Musical Heritage” (“Balaban-sirli musiqi irsi”) adlı musiqi albomu hazırlanıb.

Fonddan AzərTAC-a bildirilib ki, əsas məqsədi Azərbaycan musiqi mədəniyyətinin, tarixinin, xalq və bəstəkar mahnılarımızın, milli musiqi alətlərimizin təbliği olan layihənin hazırlıq işləri İstanbulda və Bakıda aparılıb.

Layihənin rəhbəri Türkiyədə yaşayan istedadlı balaban ifaçısı Ələfsər Rəhimov, musiqişünas sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova, musiqi redaktoru Hilal Beyazit, prodüseri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, dizayneri Kamran Nəcəfovdur.

Diskdə Ələfsər Rəhimovu istedadlı musiqiçilər, Əməkdar artist Şəhriyar İmanov, Etibar Əsədli, Murat Süngü, Elçin Hətəmli, Dəniz Tuncer, Ozan Sarıboğa və başqaları müşayiət edib.

Qədim və mədəniyyətimizdə özünəməxsus xüsusi yeri olan musiqi alətimiz balabanın tanıdılması və mədəni irsimizin təbliği məqsədilə hazırlanan musiqi albomunda Azərbaycan xalq mahnıları, həmçinin Rauf Hacıyev, Polad Bülbüloğlu, Tofiq Quliyev, Cahangir Cahangirov və başqa görkəmli bəstəkarlarımızla yanaşı, xarici bəstəkarların da musiqi əsərləri yer alıb.

Musiqi albomunda, milli musiqi alətimiz balaban və diskdə yer alan ifalar haqqında ingilis dilində məlumatlar öz əksini tapmışdır.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gələn disk, ölkəmizdən kənarda həyata keçirilən bir çox tədbirlərdə əcnəbi qonaqlara təqdim olunacaq.

YARAT Müasir İncəsənət Mərkəzi yanvarın 4-dən etibarən sərgi salonlarını ziyarətçilər üçün açıq elan edib. 

Hazırda Azərbaycan Rəngkarlıq Muzeyində Abşeron rəngkarlığının görkəmli nümayəndəsi Mir Nadir Zeynalovun "Mistik ruhun ömrü" sərgisi yer alıb. Sərginin əsas ideyası – rəssamla seyrçi arasında "ünsiyyətə" nail olaraq sənətkarın mistik ruhunun ölməzliyini vurğulamaqdır. Burada rəssamın öz şeirlərini oxuduğu səs yazıları və onun şəxsi arxivindən seçilmiş fotolar nümayiş edilir. Bununla yanaşı, sərgidə Mir Nadir Zeynalovun musiqi alətlərdən ibarət şəxsi kolleksiyası da sərgilənir. 

Sərginin kuratoru Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovadır. 

Xatırladaq ki, Rəngkarlıq Muzeyi saat 12:00-dan 20:00-dək fəaliyyət göstərir. Giriş ödənişsizdir.

Şəkildə: Mir Nadir Zeynalovun sərgidə yer alan rəsmlərindən biri.

Yanvarın 4-də Azərbaycanın böyük yazıçı-dramaturqu, maarifçi-publisisti, naşiri Cəlil Məmmədquluzadənin vəfatının 90-cı ildönümü tamam oldu. Dünən qeyri-iş günü olması səbəbindən bu gün və qarşıdakı günlərdə bu münasibətlə silsilə tədbirlər keçiriləcək.

Cəlil Məmmədquluzadə realist hekayələri, povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, "Ölülər") ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. 1906-1932-ci illərdə nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı ilə isə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib.

İlk məlum bədii əsəri sayılan “Çay dəstgahı” (1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də bu dövrdə yazıb. 

1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərq-Rus” qəzetinin redaksiyasında işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində bu qəzetin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı "Poçt qutusu” hekayəsi 1904-cü ildə "Şərqi-Rus” qəzetində çap olunub. “Kişmiş oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də ilk dəfə bu qəzetdə dərc edilib.

1905-ci ilin əvvəllərində “Şərqi-Rus” bağlananda Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb.

7 aprel 1906-cı ildə Tiflisdə "Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.

Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərib.

Cəlil Məmmədquluzadənin publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. O xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.

Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərib.

Ədib yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində feodal-patriarxal münasibətlər, din və fanatizm kəskin tənqid atəşinə tutub.

Cəlil Məmmədquluzadə 1907-ci ildə ədib Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurub. Bu izdivacdan onların Midhət və Ənvər adlı iki oğulları dünyaya gəlib.

Böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Ruhu şad olsun!

Cümə, 31 Dekabr 2021 12:01

Tahir Salahov

“Neftçilər”

Yola salmaqda olduğumuz 2021-ci il çox sayda məşhurumuzu dünyadan aparmaqla da yadda qalıb. Gəlin onların 22-sini xatırlayaq, “Allah rəhmət eləsin” deyək.

4 yanvar

Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Nailə Mirməmmədli 60 yaşında dünyasını dəyişib. N. Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan estradasındakı onlarla mahnının müəllifidir. Qurd qapısı qəbiristanlığında dəfn olunub.

 

22 fevral

Məşhur Azərbaycan müğənnisi, Xalq artisti Yalçın Rzazadə bu ilin 22 fevralında dünyasını dəyişib. O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində doğulub. Onu Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar” mahnısı olub. Yalçın Rzazadə 74 yaşında vəfat edib.

 

20 mart

Yazıçı Azər Abdulla kəskin pnevmoniyadan dünyasını dəyişib. Qərbi Azərbaycanda dünyaya gələn Azər Abdulla şeir, hekayə və publisistik yazıları ilə tanınırdı. O, Xırdalan qəbristanlığında dəfn edilib.

 

21 mart

Xalq artisti Ramiz Məmmədov vəfat edib. “Yaşıl eynəkli adam” tamaşası, “Alma almaya bənzər”, “Yol əhvalatı” filmləri ilə tamaşaçı ürəyinə yol tapan aktyor 70 il ömür sürüb. Onun ölümünə səbəb xərçəng olub.

 

5 aprel

Azərbaycanın məşhur gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də vəfat edib. O 1944-cü il noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. 2008-ci ildə "Əməkdar artist”, 2014-cü ildə "Xalq artisti” fəxri adına layiq görülüb. 76 yaşlı Xalq artistinin ölüm səbəbinin koronavirus olduğu bildirilib.

 

16 aprel

Azərbaycan kinorejissoru, ssenaristi, SSR Xalq artisti Eldar Quliyev vəfat edib. O, 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. İlk böyük ekran əsəri olan "Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. İnfarkt keçirən Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Yasamal qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

 

26 aprel

Müğənni, Əməkdar artist Baloğlan Əşrəfov da COVID-19 epidemiyasından vəfat edib. O, 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. Oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki, özü bəstələyib. "Yuxuma gəl”, "Anam mənim”, "Günayım”, "Tanrıdan diləyim ol” və s. diskləri musiqisevərlərin ixtiyarına verilib. 26 aprel 2021-ci ildə 69 yaşında Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

 

30 aprel

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Nyu-Yorkda müalicə aldığı xəstəxanada vəfat edib. Azad Rəhimov 1964-cü ilin 8 oktyabrında Bakı şəhərində anadan olub. 2006-cı ildən Azərbaycan Respublikasının Gənclər və İdman naziri vəzifəsini daşıyıb. 2021-ci il aprelin 30-da ağciyər xərçəngindən vəfat edib. 2-ci Fəxri xiyabanda dəfn olunub.

 

4 may

Müğənni Aslan Hüseynov 4 may 2021-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyadan köçüb. 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Onun ən məşhur ifaları olan "Reyhan”, "İgidlər”, "Bulaq suyu, dağ havası” və "Of dədə” Azərbaycan tamaşaçıları tərəfindən sevilib.

 

5 may

Şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca mayın 5-də dünyasını dəyişib. 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub, şeirlərinə musiqi bəstələnib ("Anacan dostum evlənir”, "Könlüm”, "Günay”, "Gəl ey səhər”, "Çiçək tapa bilmədim”, "Gecə yaman uzundur”, "Payız gəldi” və s.). 85 yaşında vəfat edən Xalq şairi Fəxri xiyabanda dəfn olunub.

 

7 may

Xalq şairi Musa Yaqub mayın 7-də  84 yaşında dünyasını dəyişib. Musa Yaqub parkinson xəstəliyindən əziyyət çəkirdi. O, 1937-ci ilin 10 mayında İsmayıllının Buynuz kəndində dünyaya göz açıb. Lirik və vətəndaş şeirləri ilə minlərlə oxucunun qəlbinə yol tapıb.

 

7 may

Xalq artisti Arif Quliyev koronavirus səbəbindən mayın 7-də dünyasını dəyişib. Mərhum sənətkar 16 may 1950-ci ildə Şirvan şəhərində dünyaya gəlib. "Bəyin oğurlanması”, "Yaramaz”, "Bəxt üzüyü”, "Qəm pəncərəsi”, "Alma almaya bənzər”, "Ağ gəmi” bədii filmlərdəki obrazları yaddaşlarda qalıb. Xalq artisti Qurd qapısı qəbiristanlığında dəfn edilib.

 

20 may

Sovet Azərbaycanının dünyaşöhrətli rəssamı, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov bu ilin 20 mayında dünyasını dəyişib. T. Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 27 yaşında "Dalğa” və "Estakada” adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

 

25 may

Filologiya elmləri doktoru, professor, AzTV-nin sabiq sədri Nizami Xudiyev böyrək çatışmazlığından vəfat edib. O, 1949-cu il aprelin 1-də Şahbuz rayonunda anadan olub. Azərbaycan Milli Məclisinin 1, 2 və 3-cü çağırış üzvü olub. May ayının 25-də, 72 yaşında vəfat edib.

 

28 may

Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Zöhrə Abdullayevanı da bu il itirmişik. O, 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdı. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir. Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

 

9 iyun

Kinorejissor, Xalq artisti, professor Ramiz Əzizbəyli uzun sürən xəstəlikdən sonra bu il iyunun 9-da vəfat edib. R.Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə "Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Ramiz Əzizbəyli Qurd qapısı qəbiristanlığında dəfn edilib.

 

24 iyul

Xalq artisti Səməd Səmədov 24 iyul 2021-ci ildə sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib. O, 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. Səməd Səmədov "Toylar Kralı” təxəllüsü ilə məşhur idi. Mərhum Yasamal qəbiristanlığında dəfn olunub.

 

14 sentyabr

Güney Azərbaycandan olan məşhur vokalist, müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Yaqub Zurufçu koronavirusdan vəfat edib. Müğənni 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. “Ayrılıq” mahnısı ilə çox sevilən sənətçi 1989-cu ildə Gülağa Məmmədovun dəvəti ilə ilk dəfə Azərbaycana gəlib. Yaqub Zurufçu 14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edib.

 

27 sentyabr

Xalq artisti, “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev 27 sentyabrda vəfat edib. O, 85 yaşında ömrünün son illərini yaşadığı İsraildə dünyasını dəyişib.

 

30 sentyabr

Məşhur müğənni Səyyad Əlizadə də koronavirusdan vəfat edənlər arasındadır. O, 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. Xüsusilə, "Bəyaz gecələr”, "Gül ki” mahnıları ilə xalqın sevgisini qazanıb. Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında vəfat edib. Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb

 

19 oktyabr

Azərbaycan jurnalisti və televiziya aparıcısı Elnur Əşrəfoğlu uzun sürən müalicədən sonra 2021-ci il oktyabrın 19-da koronavirusdan vəfat edib. Tanınmış jurnalist 1974-cü il 19 iyunda anadan olub. 2007-ci ildə Az.TV-nin, 2011-ci ildə "Space” TV-nin idman departamentinin rəhbəri, 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibinin müavini olub.

 

22 oktyabr

Xalq artisti Canəli Əkbərov bu ilin 22  oktyabrında 81 yaşında dünyasını dəyişib. 1940-cı ildə Lənkəranda doğulan xanəndə Azərbaycan muğam sənətində silinməz iz qoyub. Xanəndə II Fəxri Xiyabanda dəfn edilib.

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan, Yeni illə bağlı bir gün ertələnən “Şənbə qonağı”ında İntiqam Yaşar bu dəfə sizi Bakıya qonaq gəlmiş məşhur türk şairi, Türkiyə Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklı ilə görüşdürür.

-Salam, hocam, xoş gördük. Vətəninizə xoş gəlmisiniz. Milli Kitab Sərgisinə gəldiniz, sərgidə çıxış etdiniz, bu kimi tədbirlər Türkiyədə də olur, fikirləriniz və təəssüratlarınız necədir?

-Bu tədbirlər Türkiyədə “Kitap Fuarı” adı altında keçirilir. Türkiyədə buradakından10-12 dəfə, bəlkə də daha böyük salonlarda keçirilir. Burada da çox gözəl tədbir keçirildi, gözəl hadisədir. Xüsusi olaraq da yazıçıların bir-birlərinə sevgi, məhəbbət göstərdikləri yerlərdir kitab sərgiləri. Çox gözəl keçdi. 

-“Bil, oğlum” şeiriniz bütün Türk dünyasını dolaşmaqdadır. Şeirin tarixcəsini danışsanız xoş olar.

-Bunu bir çox yerlərdə danışmışam, bir daha danışım. Oğlum doğulduğu gün mən çox duyğulandım, bunu elə şeir kimi ifadə etdim. Elə bil mənə kimsə dedi ki, “şeir yaz”.  Normalda bir şeir yazılanda bəzi şeyləri düzəldərsən, bəzi səhvlər olar. Amma bu şeirimdə heç bir düzəlişə ehtiyac olmadı. Mətni yenidən redaktə etməyə gərək olmadı.

- Türkiyə Ədəbiyyatı Vəqfinin başqanısınız. Bir az bu vəqfin işləri haqqında danışaq. Nə kimi işlər görürsünüz? 

-Biz Türk ədəbiyyatının ən yaxşı, ən yüksək nöqtələrə gəlməsi üçün çalışırıq. Bunun üçün də yaxşı şairlər, yaxşı yazarlar tapmağa çalışırıq. Tapdıqda isə onlarla birlikdə yol gedirik. Amma bizim jurnalımız var, “Türk Ədəbiyyatı” jurnalı adlanır. On beş gün sonra jurnalımızın əlli illiyi olacaq. Bir tərəfdən jurnalı hazırlayırıq, bir tərəfdən də, hər çərşənbə günü “Çərşənbə söhbətləri”adı ilə özü gözəl, elmi gözəl, söhbəti gözəl böyük adamlarla söhbətlər edirik. Ora çoxlu qonaqlar gəlir, sualı olan sualını verir, danışmaq istəyən danışır və bir universitet kimi, fakültə kimi davam edir ora. Təbii ki, son zamanlar biz bir məsələni ürəyimizdə vurduq, bu da Türk dünyasıdır. Bunun üçün də Türk dünyası ilə çox yaxşı əməkdaşlığı olan İmdat Avşarı yanımıza aldıq, təbii ki, siyasət baxımından deyil, mədəniyyət, incəsənət tərəfindən, Türk dünyasının bütünlüyü baxımından əlimizdən gələni etməyə çalışırıq və buraya - Bakıya gəlməyimizin səbəbi də budur. İnşallah, bu fəaliyyətlərimiz, bu tədbirlərimiz davam edəcək. 

- Türkiyə Ədəbiyyat Vəqfinin Türkiyə və Azərbaycan arasındakı əlaqələrdə rolu nədən ibarətdir?

-Bunu bizim təyin etməmiz mümkün deyil. Bunu siz təyin edə bilərsiniz. Türk Ədəbiyyat Vəqfi Azərbaycanla Türkiyə arasında qurulan körpüdə pay sahibidir. Bu cümləni demək bizə yox, sizə düşər, elə deyilmi? (Gülümsəyir).

- Sərhad bəy, bir şair olaraq, günümüzdə şeirə qarşı oxucu marağı sizi qane edirmi?

-Əziz İntiqam, bu bir maraq məsələsidir. Kimi var şeirə meyl edir, kimisi də var ki, musiqiyə meyl edir, amma ədəbiyyata marağı olan adamın mütləq şeirə meyli vardır. Mən də bunu düşünürəm ki, şeir ən gözəl əlaqə, ən gözəl münasibət qurmaq halıdır. Yəni ki, bir insanın şeirlə çata bilməyəcəyi heç bir nöqtə yoxdur. Buna görə, baxarıq ki, Azərbaycan ədəbiyyatının içində Nizamidən gələnlər vardır. Türk ədəbiyyatının içində Yunusdan gələn şeirlər vardır və bunlar ölməzdir. 

- Azərbaycan yazarları üçün Türkiyə jurnallarında, Türkiyə qəzetlərində çap olunmaq böyük əhəmiyyət daşıyır. Çünki Türkiyə ədəbiyyatı dünyada önəmli yerə sahibdir. Azərbaycan gənclərinə hansı jurnal və qəzetləri məsləhət görərdiniz çap olunmaq üçün?

-Təbii, bunların başında “Türk Ədəbiyyatı” qəzeti gəlir. “Kardeş kalemler” dərgisi də bunlardan biridir. Türk Dünyası Araşdırmaları Vəqfi, Turan Yazqan hocanın vəqfi bura daxildi. Mən bir də bunu deyim; bir vaxtlar Azərbaycana Türkiyədən bəzi adamlar gəlirdi, əllərinə bir çanta alardılar. Onlar fırıldaqçılar idilər. Burdakı insanları aldadıb getdilər. O dönəmdə Türkiyəyə qarşı simpatiya ortadan qalxdı. Mən də deyirəm ki, o simpatiyanı saxlayan jurnallar bunlardı. Bunlardan başqa əlbəttə jurnallar var. Məsəlçün, Kayseridə, Konyada, Bursada nəşr olunan jurnallar var, əlbəttə bu jurnallar da yola çıxıla bilən jurnallardı, amma diqqətli olun, aldanmayın. Bu iş bir könül işidi, pulla olacaq şeylər deyil. 

- Türk şeirini bu gün dünya ədəbiyyatında hansı mərtəbədə görürsünüz?

-Türk şeirinin dünya səviyyəsində bəlkə də daha artıq bir hissi, yönü var. Amma Türkiyə türkünü, Azərbaycan türkünü ucaltmaq onların ürəyində yoxdu. Xaricilər bizim şeirimizi ucaltmırlar. Nə zaman ucaldarlar? Azərbaycan türkü vətənini satsa ucaldarlar. Mənim bu səbəblərdən dünya səviyyəsinə qalxmaqda bir iddiam və düşüncəm yoxdu. Azərbaycan məni anlasın, Özbəkistan məni anlasın, Qazaxıstan, Qırğızıstan məni anlasın, mən onları anlayım, bu elə dünya səviyyəsində bir hadisədir mənim üçün. Nə deyir? Deyir: dünya tarixindən türkü çıxarın, dünyanın tarixi qalmaz. 

- Türk Dünyasının gənc yazarlarına bir ustad olaraq nə sözünüz var?

-Oxuyacaqlar, oxuyacaqlar, oxuyacaqlar. Yazacaqlar, ustadları onlara olmadı, bir daha yaz deyəcəklər, bir daha yazacaqlar. Bezmədən, yorulmadan ustadlarının sözlərini dinləyəcəklər. Tarixlərini oxuyacaqlar, tarixdən oxuduqlarını öz həyatlarında tətbiq edəcəklər. 

- Ustad, mən düşünürəm ki, biz türk dövlətləri bir- birimiz itanıdığımız qədər həm də tanımırıq. Sizcə nə kimi işlər görülməlidir ədəbiyyat sahəsində?

-Bu yolda dövlətlər mütləq dəstək olmalıdırlar. Bir şey deyim, yüz illərlə həsrətlə ana vətənim, ata vətənim deyib yanan gənclərim Azərbaycana gəlmək istəsə 8 min lirə bilet pulu edir, bunu necə ödəsinlər? Bu məqamda dövlətlər bir şey etməlidir, biletlər ucuzlaşmaldır. Bu insanların bir-biri ilə qaynaşmasını, iç-içə olmasını təmin etmək üçün bir şey edilməlidir. Bu artıq dövlətin işidir. Yəni türk dövlətləri topluluğunu qurduq demək asandır, o insanları bir-birinə qovuşdurmadan o topluluğu qura bilməzsən. Ticarət etməyə gedən adama bilet o qiymətə olsun, amma mədəniyyətə görə yola çıxan adamın biletini də onun imkanına görə uyğunlaşdırmaq lazımdır. 

-Təşəkkür edirəm, maraqlı söhbət üçün. 

- Var olun, uğurlar olsun. Hər bir kəsi də qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirəm! 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunan Bursanın loqosunun təqdimat mərasimi keçirilib.

Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Bursa valisi Yakup Canbolat, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı və digər rəsmi şəxslər, Türkiyə parlamentinin üzvləri iştirak ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Bursa şəhəri Astanada başlayıb Əskişehir, Kazan, Mərv, Şəki, Türküstan, Kastamonu, Oş və Hivədə davam edən türk dünyasının mədəniyyət paytaxtı statusunu əzmlə həyata keçirəcək. Bunun üçün Bursanın bütün imkanları və ortada real böyük təcrübə var.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.