Super User

Super User

“Dubay Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Odlar Yurdundan musiqi" konserti keçirilib.

Konsertdə dünya və Azərbaycan klassik və milli musiqilərini skripkada Ceyla Seyidova, pianoda Nərgiz Əliyeva və tarda Sahib Paşazadə təqdim ediblər.

Dünya sərgisinin ziyarətçiləri, həmçinin milli pavilyonda pianoda Nizami Əliyev və Raci Hüseynovun ifasında konsert proqramını böyük maraqla qarşılayıblar.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ay maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Buyurun, sənət ocağının yanvar repertuarını təqdim edirik:

7 yanvar - “Bir, iki, bizimki…”

8 yanvar – “Şah Qacar”

9 yanvar – “Ah, bu uzun sevda yolu..”

14 yanvar – “Cəhənnəm sakinləri”

15 yanvar– “Anamın kitabı”

15 yanvar – “Qətibə İnanc”

16 yanvar – “Ölülər”

19 yanvar – “Qarabağnamə”

21 yanvar – “Dəli yığıncağı”

22 yanvar – “Buratino”

22 yanvar – “Xanuma”

23 yanvar – “Zorən şorgöz”

28 yanvar – “Ah, bu uzun sevda yolu..”

29 yanvar – “Buratino”

29 yanvar – “Mənim günahım”

30 yanvar – “Anamın kitabı”

30 yanvar – “Sinif yoldaşları”

Almaniyanın populyar “LiteratPro” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Abdulla Şaiqin alman dilinə tərcümə olunmuş “Əsrimizə xitab”, “Hamımız bir günəşin zərrəsiyik” və “İrəli” şeirlərinin yayımına başlayıb.

Bu barədə Azərbaycan Dövlət Tərcümə Mərkəzindən bildirilib.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “LiteratPro” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Yohann Volfqanq Höte, Rayner Maria Rilke, Oskar Uayld, Çarlz Dikkens, Peter Altenberq kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

Cümə axşamı, 06 Yanvar 2022 10:32

“Blacklight”’ filminin treyleri yayımlanıb

“A Family Man” (“Ailə adamı”) və “Honest Thief” (“İnsaflı oğru”) filmlərinin rejissoru olan, bir çox film və seriallara prodüserlik edən Mark Uilyamsın rejissorluq etdiyi növbəti macara filmi “Blacklight”ın (“Qara ışıq”) ilk treyleri yayımlanıb.

Bu irlandiyalı tanınmış aktyor Liam Nisonun baş rol aldığı film qaranlıq keçmişi ilə hesablaşan bir agentin hekayəsindən bəhs edir. Filmdə Travis Blok (Liam Nison) kölgələrdə yaşayan bir dövlət agentidir. Blok, ABŞ vətəndaşlarını hədəf alan bir sui-qəsdi aşkar etdikdə , özünü bir vaxtlar əməkdaşlıq etdiyi “FBI” direktorunun hədəfində tapır.

Dünya Karikaturaçılar Birliyinin rüblük dərgisi olan "Cartoon Magazine" dərgisinin yeni sayında həmyerlimiz, istedadlı karikaturaçı rəssam Soltan Soltanlının əsərləri dərc olunub. 6 karikaruranın hər biri maraqlıdır, dərin ictimai-siyasi məna kəsb edir. Məsələn, onlardan birində ağzı və qolları bağlanmış şəxs medalla təltif olunur. 

Soltan qlobal, bəşəri problemlərə toxunur, buna görə də onun karikaturaları həmişə beynəlxalq müstəvidə təqdir edilir.

Pandemiyanın yaratdığı müəyyən məhdudiyyətlərə baxmayaraq ötən il Azərbaycan kino sənayesi üçün məhsuldar keçib.

AzərTAC xəbər verir ki, ötən il C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, “Salnaməfilm” studiyası və Bakı Media Mərkəzi yeni ekran əsərləri ilə kinosevərləri sevindiriblər. Bir sıra özəl studiyalar da prosesə öz töhfələrini veriblər.

“Azərbaycanfilm” il ərzində 3 tammetrajlı və 1 qısametrajlı bədii film, 1 bədii televiziya filmi (5 hissəli), bir serial, 9 sənədli film istehsal edib, o cümlədən 2 radio və televiziya layihəsi həyata keçirib.

İl ərzində Mədəniyyət Nazirliyinin sifarişi ilə Elçin Musaoğlunun “Məryəm”, (“Sinema Evi” şirkəti ilə birgə), Xalq artisti Vaqif Mustafayevin 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Həyat, deyəsən, gözəldir” (“Fəryad II”), Asif Rüstəmovun “Mərmər soyuğu” (“İctimai TV”, Bakı Media Mərkəzi və “Arizona Productions” ilə birgə) tammetrajlı bədii filmlərinin istehsalı başa çatdırılıb. Hər üç ekran əsəri növbəti il tamaşaçılara təqdim ediləcək.

Bununla yanaşı, 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq salnaməsi yaratmış Ordumuzun müxtəlif qoşun növlərinin müharibədəki şanlı döyüş yolunu, şücaətini və Zəfərimizi əks etdirən “Görünməyən qəhrəmanlar” (“İctimai TV” ilə birgə) adlı silsilə (5 ekran işi) filmlər istehsal edilərək tamaşaçılara təqdim olunub.

2021-ci il “Azərbaycanfilm”in çəkdiyi 5 hissəli “Köşk” bədii televiziya filmi ekranlara çıxıb. Bununla yanaşı, Mədəniyyət Nazirliyinin sifarişi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş, 12 bölümdən ibarət “Xosrov və Şirin” (“İctimai TV” ilə birgə) 12 bölümdən ibarət bədii teleserial istehsal olunub.

2021-ci ildə Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində seçilmiş 2 sənədli film layihəsindən “Fulya” (“Dada Yapım” ilə birgə, Türkiyə) filmi istehsal edilib. Filmin Türkiyə və Azərbaycanda premyeraları keçirilib. Müsabiqənin ikinci qalibi “Müharibənin uşaqları” sənədli filminin isə istehsalı yekunlaşmaq üzrədir. Daha sonra layihənin qalibi olan “Quyu” qısametrajlı bədii filmi istehsal edilib və hazırda xarici distribusiyası həyata keçirilir.

Ötən ilin əvvəlindən etibarən Azərbaycan kinosuna həsr edilmiş “Bizim kino” (“İctimai TV”nin dəstəyi ilə) 24 hissəli kinojurnal tamaşaçılara təqdim olunub.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2010-cu ildən ölkəmizin ərazi bütövlüyü uğurunda canını və qanını əsirgəməyən Vətən fədailəri – Milli Qəhrəmanlarımız haqqında 40-dan çox sənədli film çəkilib. Bu il isə 10 filmin çəkilişi başa çatdırılıb. “Hər şey yaxşı olacaq”, “Torpağına baş əyərəm”, “Oğuz elinin qəhrəmanı”, “Oğlumun gündəliyi”, “Poladın iziylə”, “Artilleriyanın atası”, “Bizim komandir”, “Vətənin sipəri, mərdin təpəri”, “Yarıda qalan uçuş” sənədli filmləri də Azərbaycanın qəhrəmanlıq tarixinə işıq salır.

2021-ci ildə Bakı Media Mərkəzi ilə “Azərbaycanfilm”in birgə istehsal etdiyi “Biz” sənədli filmi (ideya müəllifi, rejissoru Orman Əliyev) Vətən müharibəsinin birinci ildönümü ərəfəsində iki dəfə “İctimai TV”də nümayiş olundu və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Ötən il həmçinin Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi (rejissor Cavidan Şərifov) böyük maraqla qarşılandı. “O, Xarqo idi” ekran əsəri dövlət başçısının sərəncamına əsasən ötən il 100 illiyi qeyd olunan Azərbaycan xalqının cəsur övladı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ömür yolundan bəhs edir. “Aşıq Ələsgər – 200” filmi saz-söz ustadının yubileyinə həsr olunub. “Salnaməfilm” həmçinin ötən il görkəmli neftçi soydaşımız, Rusiyanın Tümen vilayətində neft kəşf edənlərdən biri Fərman Salmanova həsr olunan “Mən neft tapdım. Salmanov” adlı sənədli filmin istehsalına başlayıb.

2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimat mərasimi keçirildi. Komissiyanın yaradılmasında əsas məqsəd Azərbaycanı beynəlxalq kino istehsalçıları üçün geniş imkanları olan çəkiliş məkanı kimi təqdim etmək, beynəlxalq kino istehsalçıları ilə müştərək layihələr həyata keçirmək və ölkəmizə xaricdən maliyyə vəsaitinin cəlb edilməsini təmin etməkdir.

Mədəniyyət Nazirliyi tərəfindən Kino Agentliyinin yaradılması ilə bağlı işlərə də başlanılıb. Agentliyin yaradılmasında məqsədi kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaq, xarici investorları kino sənayemizə cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır.

Pandemiya şəraitində həm onlayn, həm də ənənəvi formatda kinofestival və müsabiqələr də keçirildi.

2021-ci il sentyabrın 3-dən 7-dək keçirilən IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı “Əlillik” mövzusuna həsr olunmuşdu. Festivalın müsabiqə proqramına 40 ölkədən 134 film daxil edilmişdi. 

19-23 noyabr tarixində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı gerçəkləşdi. “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirildi.

Sentyabr ayında ölkəmiz Daşkənd Beynəlxalq Film Festivalında xüsusi proqramla təmsil olundu. Festival çərçivəsində “Azərbaycan kinosu günləri” keçirildi. Noyabrın 8-12-də İstanbulda keçirilən “Dədə Qorqud” (“Korkut Ata”) Türk Dünyası Beynəlxalq Film Festivalında da Azərbaycan kinosu geniş şəkildə təmsil olundu.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi “OFF CİNEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc qəsr” mükafatına, azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” filmi 34-cü Tokio Beynəlxalq Film Festivalının “İncəsənətə töhfəyə görə” xüsusi mükafatına layiq görüldü.

Rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi isə Amerika Kino Akademiyasının “Oskar” mükafatına Azərbaycanın namizədi olaraq təqdim edilib.

Sadalananlar bir daha göstərir ki, 2021-ci ildə ölkəmizin kino sənayesi bir sıra uğurlara imza atıb. İnanırıq ki, bu uğurlar bu il də davam etdiriləcək.

Çərşənbə, 05 Yanvar 2022 09:44

Məti Osmanoğlu, Umberto Eko və Uzun Həsən

Yanvarın 5-nin təqvimi Varisin təqdimatında

 

Beynəlxalq Yükdənazadolma Günü

Çox maraqlı bir gündür. Təqvimə belə bir bayram salmaqda məqsəd insanlara məhz bu gün – Xristian xalqlarının Milad və Yeni il bayramlarını qeyd etməkdə olduğu, yeyib-içdiyi, müsəlmanların da gərgin siyasi-iqtisadi proseslərlə məşğul olduğu bir zamanda özlərini həm mərasimlərdən, həm qayğılardan qoparıb cisimlərinə və ruhlarına azadlıq və rahatlıq verməyə səsləyir. Bu günün bir özəlliyi də dietoloji tərəfidir, bayram yeyib-içmələrində bol gərginliyə düşmüş, əziyyətə qatlaşmış mədəyə rahatlıq vermək tələb olunur. Nəyi pisdir ki? Biz də Yeni il keçirmişik, çoxu hələ də bayram süfrəsini yığışdırmır, üstünə hər gün yeni təamlar düzür. Bu gün mədəmizə dinclik verə bilərik, yüngül qidalarla qidalana bilərik ən azı. Üstəlik, təbiətə çıxıb asudə nəfəs almaq da olar.

Kim keksi daha uzağa atar?

Müxtəlif ölkələrdə bu gün çox maraqlı, əyləncəli, məzəli bayramlar keçiriləcək. Məsələn, Xristian dünyası Miladın on ikinci günü və gecəsi adlı bayramında yenidən şənlənəcək. Yaponiyada Çiyələk günüdür. Çiyələk alıb yemək trenddə olacaq. Böyük Britaniyada Kolbasa günüdür, Klitero və Lankaşir əyalətlərində kolbasa festivalları keçiriləcək. Serbiya və Çernoqoriya bu gündən etibarən 3 günlük Tusindan bayramını qeyd edəcək, Tusindan bu iki xalqın Milad bayramıdır. Amerikada isə Fruitcake Toss bayramıdır, 1995-ci ildən keçirilən bu bayram bizim dildə Keksi uzağa atma bayramı adlanır, iraq bərəkətindən, amerikalılar keksi uzağa atmaq üzrə yarışır, qalıbləri müəyyənləşdirirlər. Əlbəttə, adətən il boyu mətbəx bayramı keçirən qərblilərin bu bayramında mətbəx atributu yeyilmir, atılırsa, onda buna qeyri-mətbəx bayramı deyə bilərsiniz. Elə bu yerdəcə elan edirəm ki, xeyir, düşünməyin ki, amerikalılar mətbəx bayramı olmadan keçinə bilərlər. Bu gün ABŞ xalqı Milli çalınmış qaymaq gününü də qeyd edəcək. 

Eysebio, Maks Born və Dubçek

2014-cü ilin bu 5 yanvar günündə dünya futbolu “Qara pantera” təxəllüslü, iki dəfə Qızıl Buts almış portuqaliyalı ulduz Eysebionu itirib. 2011-ci ilin bu günündə dünyadakı internet istifadəçilərinin rəsmi sayı 2 milyard nəfərə çatıb. 1997-ci ilin bu günündə Rusiya Çeçenistan ərazisindən qoşunlarını çıxarmaqla rus-çeçen müharibəsinə xitam verib. 1970-ci ildə dünyaşöhrətli alman fiziki Maks Born vəfat edib, o şəxs ki, kvant mexanikasının atası hesab edilir, Nobel mükafatı laureatıdır. 1968-ci ilin bu günündə Çexiyada hakimiyyətə Aleksandr  Dubçek gətirilib, məhz o “Praqa baharı”nın əsasını qoyub. Bildiyiniz kimi, çexlər sovet (əslində rus) işğalına  qarşı çıxıblar, ruslar da qoşun yeridib üsyanı qan gölündə batırıblar.

1958-ci ilin 5 yanvarında Qazaxda Azərbaycan ədəbiyyatşünaslığında və jurnalistikasında əhəmiyyətli yerə malik Məti Osmanoğlu dünyaya gəlib. Azərbaycanın milli təfəkkürünün formalaşmasında böyük rol oynamış “Gənclik” jurnalında yaranışından fəaliyyət göstərən, Azərbaycanın ən böyük aydınlarından olan Aydın Məmmədova çiyindaşlıq edən, “Yol” kimi yaddaşlarda daim qalan bir mətbu orqanın baş redaktoru olan, Azərbaycan Televiziyası tarixində “Dövrə” adlanan ilk tok-şounun müəllifi sayılan, Bakı Dövlət Universitetində dosent olaraq nə qədər tələbəyə özəl dünyagörüşü, elmə fəqrli yanaşma aşılayan bu fədakar insanı səmimi qəlbdən təbrik edirik. 

1950-ci ildə Ağdamda akademik, uzun illər BDU-ya rektorluq etmiş Abel Məhərrəmov doğulub. Düzdür, təyyarədə şərab olayından sonra Abel müəllimin adını tarixdən silməyə müvəffəq olublar, amma gəlin biz qədirbilənlik nümayiş etdirib akademikimizin adını çəkək. 

1932-ci ildə postmodern ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur “Qızılgülün adı” romanının müəllifi, italyan yazıçı Umberto Eko dünyaya gəlib. 1919-cu ilin bu günündə Münhendə Alman fəhlə partiyasının yaranışı elan edilib, bir il sonra partiya adını dəyişib Nasional-sosialist adını alıb, bəli bu, həmin o Adolf Hitlerin başçılıq etdiyi faşist partiyasıdır. 1895-ci ildə Rentgen şüaları kəşf edilib. 1855-ci ildə Kinq Jillet doğulub, həmin o jillet lezvalarını kəşf edən adam. 

Və ən nəhayət, 1478-ci ilin 5 yanvarında Təbrizdə Azərbaycan tarixinin ən böyük hökmdarlarından-dövlət xadimlərindən, ən qüdrətli sərkərdələrindən biri olan, indiki İranın, İraqın, Türkiyənin, Suriyanın və Cənubi Qafqazın böyük ərazilərində Ağqoyunlu dövlətini qurmuş Uzun Həsən vəfat edib. Üstündən 544 il ötsə belə yenə də gəlin, Allah rəhmət eləsin, ruhu şad olsun deyək ona.

Tarixi nə qədər dəyişsələr, təhrif etsələr, saxtalaşdırsalar belə təhrif edənlər, dəyişən və saxtalaşdıranlar özləri yox olandan sonra əsl tarix mütləq öz yerini alır.

Yola saldığımız 2021-ci il təbii və siyasi kataklizmlərlə dolu,  COVİD-19 pandemiyasının qadağaları ilə yadda qalan bir il oldu. 

2021-ci illə vidalaşmazdan əvvəl və vidalaşdıqdan sonra Euronews oxuculara son 12 ayın əsas hadisələrini fotoxronikada nəzərdən keçirməyi və yada salmağı təklif etməkdədir. 

“Ədəbiyyat  və incəsənət” portalı da vasitəci olaraq ilin ən gözəl fotolarını sizlərə təqdim edir. 

Biz sizə əvvəlki ayların fotolarını sıra ilə təqdim etmişdik. Bu gün də sizə 2021-ci ilin iyun-iyul aylarında  baş verən əsas hadisələrin fotolarını təqdim edəcəyik. 

 

İyun - iyul 2021-ci il. 

 

1-ci yer

Kolumbiya

Boqato şəhərində iyun ayında keçirilən kütləvi etiraz nümayişi zamanı su topundan atılmış güclü su dalğası bir nümayişçinin ayağını yerdən bu cür üzmüşdü. 

Foto: JUAN BARRETO/AFP

 

2-ci yer

Belçika

Avropanı başına almış davamlı iyul yağışlarından sonra sel Varpye əyalətində belə bir mənzərə yaratmışdı. 

Foto: Francois Walschaerts/AFP

 

3-cü yer

Çin

Çin Kommunist Partiyası iyun ayında  öz 100 illiyində tərəfdarlarına qırmızı kostyum geydirərək partiyanın bayrağı altında meqa şou nümayiş etdirir. (Bu bayraq sizə tanış gəldi yəqin, keçmiş SSRİ-nin bayrağının bənzəridir).

Foto: Ng Han Guan/AP Photo

 

4-cü yer

Almaniya

Güclü yağışların və selin nəticəsində Bonn şəhəri yaxınlığındakı mehmanxana binası bu hala düşmüşdü.

Foto: Christof Stache/AFP

 

5-ci yer

Yaponiya

Tokioda keçirilən Olimpiya Oyunlarında Çin idmançıları Van Tsyun Yuan və Se Sıi üçmetrlik tramplindən suya sinxron tullanma yarışlarında çıxış edərkən. 

Foto:Morry Gash/AP Photo

 

(Davamı olacaq. Növbəti dəfə 2021-ci ilin avqust ayının ən əsas hadisələrinin ən yaxşı fotolarını görəcəksiniz. Buraxılışlarımızı izləyin.

İordaniyanın “Cohina”, “Əl Ənbat” və “Nəbd Əl Balad” qəzetlərində rus mənşəli iordaniyalı jurnalist Yelena Neduqinanın “Nizami Gəncəvi irsi İordaniya və Azərbaycanı daha da yaxınlaşdırdı” sərlövhəli məqaləsi dərc edilib.

AzərTAC xəbər verir ki, məqalədə ötən il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı Əmmanda silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, ölkənin ən nüfuzlu ali təhsil ocağı – İordaniya Universitetində keçirilən “Nizami Gəncəvi ərəblərin gözü ilə” mövzusunda simpozium bu baxımdan ən əlamətdar tədbir olub. Dahi şairin zəngin irsinin təbliği və alimlər, tələbələrin iştirakı ilə təqdim edilən mühazirələr bir daha göstərdi ki, bəşəriyyətə, o cümlədən İslam aləminə görkəmli şəxsiyyətlər bəxş etmiş Azərbaycanla İordaniya arasında sıx mədəni bağlar mövcuddur. Xüsusən, Nizami Gəncəvi haqqında müxtəlif ölkələrin ədəbiyyatşünaslarının tədqiqat əsərlərindən ibarət olan kitabın ərəb dilində nüsxəsinin təqdimatı İordaniya Universitetinin filologiya fakültəsinin müəllim və tələbə heyətinə gözəl bir hədiyyə oldu.

Y.Neduqina vurğulayıb ki, ötən il “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən beynəlxalq tədbirlər Prezident İlham Əliyevin dahi Azərbaycan şairinin zəngin irsinin təbliği ilə yanaşı, Şərq-İslam mədəniyyətinin bütün dünyada tanıdılması istiqamətində atdığı möhtəşəm humanitar addım oldu.

Məqalədə Nizami Gəncəvinin əsərləri, humanizmi, insanlar arasında bərabərliyi və qardaşlığı təbliğ edən dərin fəlsəfi fikirləri haqqında da ətraflı məlumat verilib.

Həftəsonu 200 minə yaxın tamaşaçı tərəfindən izlənilən "Kesişme: İyi ki varsın Eren" türk filmi artıq üç həftədir ki, yüksək izləmə sayı ilə ön sırada yer alan “Hörümçək adam: Geriyə yol yoxdur” filmini arxada qoyaraq açılış rekordu qırıb.

Filmin rejissoru Özer Feyzioğludur, film terrorçularla qarşıdurmada həyatını itirən Eren Bülbüll və onu qorumaq istəyərkən şəhid olan Ferhat Gedikin həyat hekayəsindən bəhs edir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.