Super User
Tələbə aktyorların ifasında “Xəmsə”nin motivləri əsasında “Beş qapı” tamaşası nümayiş olundu
Dahi Azərbaycan şairi və mütəfəkkirinin şərəfinə adlandırılan 2021-ci il Nizami Gəncəvinin söz və hikmət dünyasının əbədiyaşar olduğunu bir daha sübut etdi. “Nizami ili”ndə ölkəmizdə və onun hüdudlarından kənarda rəngarəng tədbirlər keçirildi.
Heydər Əliyev Sarayında Nizami Gəncəvinin 880 illiyi münasibətilə təqdim olunan “Beş qapı” adlı tamaşa da paytaxtımızın baş səhnəsinin əlamətdar illə bağlı yekun tədbiri idi.
Nizaminin hikmətlər xəzinəsi – “Xəmsə”nin motivləri əsasında hazırlanan tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə reallaşdı.
Ssenari müəllifi Şahin Musaoğlu, bəstəkarı Tamilla Əhədova olan səhnə işinin quruluşu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev idi.
Layihənin məqsədi “Xəmsə”nin ayrı-ayrı poemalarında əks olunan hadisələrin beş qapı vasitəsilə açılması və təqdim edilməsidir. Tamaşada hər qapı bir poemanın konsepsiyasına uyğun məzmun və ideyanı özündə əks etdirərək teatral, xoreoqrafik, pantomim elementlərdən ibarət təsvirlərin qısa təhlili və canlandırılması ilə nümayiş olundu.
ADMİU-nun aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin çıxış etdiyi səhnə əsəri döyüş təbillərinin çalınması və Makedoniyalı İskəndərin Əhəmənilər ölkəsinə hücumu ilə açılır. Qızğın döyüşlərdən sonra İran şahı Dara məğlub olur. İskəndər ölüm və dağıntıların səbəbini Darada görür...
Sonra Nizaminin dili ilə Bərdə şəhəri vəsf edilir. Şəhərin vaxtilə qədim mədəniyyət və elm ocağı olduğu bildirilir. Dahi şair həmin hissləri öz doğma yurdu qədim Gəncə haqqında da söyləyir. Daha sonra Nüşabə ilə görüşür...
Səhnə işi tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
“Dedi ki, dəqiq bilirəm, cəmi üç il ömrüm qalıb. Elə də oldu...”
“Ədəbiyyat qəzeti”ndə yazıçı Əyyub Qiyasın apardığı çox maraqlı, oxunan bir rubrika var, “Varislər” adlanır. Bu dəfə məşhur yazıçımız Yusif Səmədoğlunun qızı Mehriban Ziyadova rubrikanın qonağı olub.
“Ədəbiyyat və incəsənət” portalı Əyyub Qiyasın Mehriban Ziyadova ilə müsahibəsini “Daycest” bölümündə oxucularının ixtiyarına çatdırır.
"Varislər"in bugünkü qonağı unudulmaz insan, Azərbaycanın Xalq yazıçısı, ssenarist, gözəl ziyalı, Milli Azadlıq hərəkatının öncüllərindən biri, böyük Səməd Vurğun ocağının yadigarı Yusif Səmədoğlunun qızı Mehriban xanım Ziyadova-Vəkilovadır.
1935-ci ilin 25 dekabr günü böyük Səməd Vurğunun ailəsində dünyaya gəlmişdi. 1953-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuş, dördüncü kursu bitirdikdən sonra təhsilini ADU-nun Filologiya fakültəsində davam etdirmişdi.
Onun həyatı həm ədəbi, həm də ictimai-siyasi mübarizələrin içində keçdi. Azərbaycan ədəbiyyatında öz dəst-xətti, üslubu və nəfəsi ilə seçilən qələm adamı kimi tarixə düşdü. O, az yazan, amma hər yazısı ilə təzə söz deyə bilən sənətkar idi. Hekayələri, ssenariləri, romanları bu gün də xatırlanan, sevilən unudulmaz, doğma Yusif Səmədoğlu. Və bu gün "Varislər"də Yusif Səmədoğlu günüdür.
Yenə doğma ocaqda - böyük Səməd Vurğunun ev-muzeyində görüşürük. Mənə elə gəlir ki, artıq bu evin daimi qonaqlarından biriyəm. Muzeyin direktoru, əziz Nüşabə xanımın xoş rəftarı, maraqlı söhbətləri adamı maqnit kimi bu məkana çəkir. Buna görə Nüşabə xanıma təşəkkür edirəm.
- Mehriban xanım, Yusif Səmədoğlu Səməd Vurğunun böyük övladıdır. Mən dəfələrlə Yusif müəllimi görmüşdüm, söhbət eləmişdik. Onun yüksək mədəniyyəti, ziyalı davranışı, intellekti, istedadı hər zaman eşqlə, sevgiylə xatırlanır. Yaradıcılığından danışacağıq, amma gəlin eşqdən başlayaq. Yusif Səmədoğlu necə aşiq olmuşdu, necə sevmişdi? Harda görmüşdü Nəmidə xanımını?
İldırım sürətli eşq
- Anamın anası qazaxlı, atası dağlıdır. Bu ailə nənəm Xavər xanımın ailəsi ilə yaxın olub. 1958-ci ildə böyük xalamın toyu olanda, o vaxt babam, yəni Səməd Vurğun artıq dünyasını dəyişmişdi, Xavər xanım yas saxlayırdı. Qohumlar onun başını qatmaq, fikrini dağıtmaq üçün bəhanə axtarırdılar və onu toya dəvət etmişdilər. O vaxt toylar evlərdə keçirdi. Xavər xanım təkidlə atamı da özüylə toya aparmağa razı salıb. Atam toyda anamı görüb və belə deyək də, bir könüldən min könülə aşiq olub. Bir həftədən sonra elçi gediblər. Anam atamdan iki yaş kiçikdir. İki ilə yaxın nişanlı qalıblar, sonra ailə qurublar.
- Buna deyirlər ildırım sürətli eşq! Bu eşqi sona qədər qoruyub saxlaya bildilərmi?
- Əlbəttə! Sizə bir söz deyim. Bax, əmim Vaqif Səmədoğlu, atam, onlar mənim yaddaşımda əbədi yaşayan adamlardır. Qətiyyətlə deyirəm, Nüşabə xanım da buradadır və yəqin, təsdiq eləyər. Vaqif Səmədoğlunun, Yusif Səmədoğlunun yanında qadın olmaq gözəl idi. Xoşbəxtlik idi. Onlar qadına dəyər verirdilər. Atam hərəkətləri, davranışı ilə öz eşqini büruzə verə bilirdi. Çox alicənab idi. Artıq 23 ildir həyatda yoxdur, biz onu itirəndə bu itki anam üçün çox böyük zərbə oldu və hələ də bu itkiylə barışa bilmir. Anam deyir ki, Yusif dünyadan köçən gün mənim də həyatım dayandı.
- Bəs Yusif bəy bu sevgini sizə - qızlarına da göstərə bilirdimi? Məncə, Yusif Səmədoğlunun qızı olmaq da gözəldir.
- Ümumiyyətlə, hər bir övlad üçün valideyn əvəzsizdir. Humaya anam deyirdi. Məni də evdə hamı elə uşaqlıqdan Mimi çağırırdı. Əlbəttə, başa düşürəm, atam da, əmim də istəyirdi ki, Səməd Vurğun nəslinin davamçısı olsun. Təbii ki, oğlan istəyirdilər. Heç bibimiz Aybəniz xanımın da oğlu olmadı. Vaqif əminin də oğlu olmadı. Yəni nəsil şəcərəsi atamla əmimdə dayandı. Soyad dəyişdi. Mən dünyaya gələndə tibb bacısı tələsik cumub aşağı atamı muştuluqlayıb, səhvən deyib ki, Yusif müəllim, təbrik eləyirəm, oğlunuz olub. Amma indiki kimi xatırlayıram, artıq xəstə idi, yatırdı. Həkim gəldi, müayinə elədi, nəsə oğlan söhbəti düşdü. Atam həkimə dedi ki, bu iki qızı görürsüz, mən onları yüz oğula dəyişmərəm.
- Mehriban xanım, siz gözünüzü ədəbiyyat adamının evində açmısınız. Siz bilirsiniz ədəbiyyat nədir, mətn nədir. Sizdən qızı kimi yox, oxucusu kimi soruşuram, Yusif Səmədoğlu necə yazıçıdır?
"Yusif Səmədoğlu mürəkkəb yazıçıdır"
- Ağlıma ilk gələn fikir budur: Yusif Səmədoğlu mürəkkəb yazıçıdır. Məncə, onun mətnini oxumaq hər kəs üçün asan, anlaşılan və əlçatan deyil. Bu, incəsənətin bütün sahələrində belədir. Bir var adi melodiyalar, adi rəsmlər, adi mətnlər, dinləyirsən, görürsən, oxuyursan, sənə qaranlıq heç nə qalmır. Bir də var o əsər səni düşündürür, sənə informasiya verir, sənə təsir edir. Atam oxucusunu düşündürən yazıçı idi. Sizə adi misal çəkim: atamın "Qətl günü" romanı çıxanda tələbəydim. Çoxu maraq göstərmədi ona. Amma çoxu da lap böyük maraq göstərdi. Elə hekayələri də eləydi. Hər oxucu sevmirdi onları, amma sevənlər nəyi sevdiklərini bilirdilər. Təəssüf, atam "Deyilənlər gəldi başa" romanını bitirə bilmədi.
Atam həyatdan zövq alırdı, həyatı sevirdi. Ümumiyyətlə, yaxşı nə varsa zövq ala bilirdi. Məncə, öz mətnlərindən də zövq alırdı. Amma bir mənfi xüsusiyyəti vardı - yaradıcı tənbəllik, bəlkə də çox yaza bilərdi. Bəlkə də məhz bu yaradıcı tənbəllik idi, o, uzun illər böyük əsər yazmadı. "Qətl günü"nü yazanda isə artıq oturuşmuş yazıçı idi. Ola bilsin, hekayələrilə özünü hazırlayırdı bu prosesə.
- Mənimçün ədəbiyyatın ən çətin janrı hekayədir. Qısa bir mətndə bitkin fikir vermək istedad tələb edir. İndi yerindən duran romanla başlayır...
- Götürək elə "Bayatı-Şiraz" hekayəsini. Neçə insanın xarakteri, insan faciəsi, cəmiyyətin mənzərəsi var o qısa mətndə.
- Niyə yazıçı oldu? Səməd Vurğunun ailəsində doğulmasıyla artıq gələcək taleyinin hökmü verilmişdi, yoxsa...
- Əlbəttə, Səməd Vurğunun ailəsində doğulması əsas şərt idi. Mənə elə gəlir, atam heç vaxt başqa sahədə rahatlıq tapa bilməzdi. Tutaq ki, hər gün səhər saat 9-da işə gedib, 6-da işdən qayıda bilməzdi. O, azad adam idi, həm ruhən, həm də mənəvi cəhətdən. Ümumiyyətlə, yaradıcı adamlar elə azad olmalıdırlar. Məsələn, zavodda fəhlə sadəcə günün 8 saatını işləyir, amma yaradıcı adam cəmi 5-6 saat dincəlir. Hətta mən deyərdim, yatanda da işləyir. Çünki beyin daima obrazların, süjetlərin, yaradıcı prosesin xaosu altında olur.
- Ailədə onun yolunu davam eləyən oldumu?
- Mən yox, amma atam dünyasını dəyişəndən sonra Humay sarsıntıdan, itkinin təsirindən atama məktublar yazmağa başladı. Bir neçə şeir yazdı, sonra davam eləmədi. Atam orta məktəbdə oxuduğu vaxtlardan yazmağa başlayıb. O, orta məktəbi 8-ci sinfə qədər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyub, sonra adi məktəbə keçmişdi.
Atam çox mütaliə edirdi. Özü də bir müəllifi əvvəldən sona qədər oxuyurdu. Bütün cildlərini. Tutaq ki, Dostoyevski - birinci cildindən başlayır, sonuncu cildinə qədər oxuyur, sonra başqa müəllifə keçirdi. Özü də ciddi oxuyurdu, qeydlər edərək oxuyurdu.
- Qəhrəmanlarını, mövzularını necə seçirdi? Məncə, hər yazıçı bu və ya digər şəkildə öz avtobioqrafiyası ətrafında ekskurs edir. Yazı prosesi necə idi?
Kibrit qutularına yazılan sözlər
- Deyim də necə işləyirdi. Amma buna qədər bu yaxınlarda bir rus yazıçısının müsahibəsini oxudum, sonra ona münasibət bildirim. O yazıçı deyir ki, hər gün səhər saat 9-da ofisimə gedib, işləməyə, yəni yazmağa başlayıram. Bu mənə qəribə gəldi. Atam heç vaxt elə yaza bilməzdi. Məsələn, bir də görürdün, hardasa oturub söhbət elədiyi yerdə kibrit qutusunun üstənə nəsə qeyd etdi. Bir də görürdün, həftələrlə işləmir. Elə də olurdu üç gün dalbadal iş otağından çıxmırdı.
- M.Qorki adına Ədəbiyyat İnstitutundan Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə keçməsinə səbəb nə oldu?
- Babam xəstələndi və dünyasını dəyişdi, Xavər xanım üçün ağır idi, istəyirdi bütün doğmaları yanında, gözünün qabağında olsun. Ona görə atam Moskvadan Bakıya oxumağa gəldi. Amma atamın Qorki adına Ədəbiyyat İnstitutunda oxumasında heç bir problem olmayıb. Qəbul vaxtı babam dəhlizdə gözləyirmiş, rektor çıxıb ona deyib ki, sizin oğlunuz bu instituta qəbul olunmağa deyil, artıq bu institutu bitirməyə layiqdir. Yəni çox hazırlıqlı olub və yəqin, sistemli mütaliə bunu formalaşdırıb.
- Yusif bəy müəyyən dövrdə kinostudiyada çalışdı, ssenarilər yazdı, redaktor oldu. Sonra bir müddət "Ulduz" və "Azərbaycan" jurnallarının baş redaktoru olmuşdu. Qələm adamları diqqət istəyirlər. Məşhur olmaq istəyirlər. O vaxt adıçəkilən jurnallarda çap olunmaq artıq məşhurluğun bir addımlığında olmaq idi. Hamı çap olunmaq istəyirdi, hamını çap eləmək olurdumu?
- Deyim də sizə. İstedadlı adam üçün çap olunmaq problem deyildi. Tutaq ki, bir tanış adam zəng vurub deyirdi, qızımın tələbə yoldaşı yaxşı şeir yazır, imkan varsa, onu çap eləyin. Atam deyirdi, bir-iki bəndini oxu. Oxuyurdu, xoşuna gəlsə, o dəqiqə deyirdi ki, sabah gətirsin redaksiyaya. Atam "Ulduz"da işlədiyi dövrdə gənclərə həmişə yol açıb və deyim ki, istedadlı gənci çap eləyəndə özü də zövq alırdı, sevinirdi. İnsanların xətrinə dəyməyi sevmirdi, xoşuna gəlməyən yazıları da elə yola verirdi ki, müəllif inciməsin. Çap eləyərəm deyib uzadırdı və axırda o söhbət unudulurdu.
- Ata kimi hansı nəsihəti, hansı sözü yaddaşınıza yazılıb? Onunla bağlı hansı xatirə, hansı görüş unudulmur hələ də?
- Onunla ünsiyyətdə olduğum həyatım büsbütün xatirədir. Deyim ki, gecə-gündüz nəsihət verirdi, yox. Onun varlığı hər şeyə bəs idi. Onun bizimlə olan həyatı xatirə idi. Biz onunla daha yaxın idik, nəinki anamızla. Biz onunla dost idik, sirdaş idik. Ana daha ciddiydi bizimlə, amma atayla məsləhətləşirdik. Müxtəlif mövzularda maraqlı söhbətlər eləyirdi. Məndə və bacımda kinoya, kitaba, həyata, heyvanlara sevgi oyatdığı üçün atama minnətdaram. Adam bilmir ki, valideynini nə vaxt itirəcək. İndi düşünürəm, onunla daha çox ünsiyyətdə olmalıydım. Cəmi 63 il yaşadı. Doymadıq, əlbəttə, doymadıq ondan. Lap yüz il də yaşasaydı yəqin, yenə doymazdıq.
Milli azadlıq hərəkatında
- Xalq hərəkatı başlayanda tanınmış ziyalıların xalqın içində olmasına ehtiyac vardı. Onların sözlərinə, vədlərinə, fikirlərinə, proqnozlarına ehtiyac vardı. Yusif bəy ilk günlərdən xalq hərəkatının içində oldu. Mitinqlərdə yüz minlərlə insanın qarşısında çıxışlar eləyirdi. Hansı zərurətdən qoşulmuşdu hərəkata?
- Bir dəfə danışmışdı bu barədə. O vaxt hərəkatda olan gənclərdən bir neçəsi iş yerinə gəlib ona öz fikirlərini demişdilər. Onların söhbəti atamın xoşuna gəlmişdi. Sonra həmin adamlar evə gəlməyə başladılar, evdə danışır, hadisələri müzakirə edirdilər. Sonra atam rəhmətlik İsmayıl Şıxlını da bu söhbətlərə cəlb elədi. Əlbəttə, xalqın etibar elədiyi ziyalılara ehtiyacı vardı. Qarabağ problemi, 20 Yanvar hadisəsi... atam bu hadisələri kənardan izləyəcək adam deyildi. Sonra Bəxtiyar Vahabzadəyə zəng vurub dedi ki, bu cavanlara kömək eləmək lazımdır. Bəxtiyar müəllim bir kəlmə dedi: Yusif, sənin olduğun yerdə mən ikiəlli varam. Oyanış dövrü idi. Biz o vaxta qədər Vətən anlayışını tamam başqa cür təsəvvür eləyirdik. Məhz o illərdə bizim Vətən anlayışımız konkretləşdi. Başa düşdük ki, Vətən SSRİ adlı saxta imperiya yox, sadəcə Azərbaycandır. Sonra bu hərəkat müstəqillik uğrunda mübarizəyə çevrildi və məncə, o dövrdə yaşamaq, qazanılmış bu müstəqilliyə az-çox töhfə vermək şərəfli idi. Amma müstəqillik qazanılandan sonra atam gördü ki, mübarizə formasını dəyişib, hakimiyyət davasına çevrilib, uzaqlaşdı onlardan. Xalq hərəkatını yaradanlardan biri atam, biri də əmin Vaqif Səmədoğlu olmuşdu. Atama müxtəlif yerlərdən zəng vurub onu bu işlərdən çəkindirmək istəyirdilər, deyirdilər axırı yaxşı olmayacaq. Amma indiki kimi yadımdadır, müstəqillik aktı qəbul ediləndə atam göz yaşını saxlaya bilmədi.
- Yusif bəyin deputat seçkilərinə getməsi hansı zərurətdən yarandı? Məncə, Səməd Vurğunun oğlu olması bu məsələdə müəyyən rol oynamışdı. Səməd Vurğun bu xalqın yaddaşında əbədi iz qoymuş şəxsiyyətlərdən biridir və onun ailə üzvlərinə həm dövlətin, həm də xalqın sayqısı həmişə hiss olunub.
- Əlbəttə, Səməd Vurğunun oğlu olması rol oynamaya bilməzdi, amma artıq atam Yusif Səmədoğlu kimi özünü təsdiq eləyə bilmişdi. Ulu öndərimiz Heydər Əliyev əvəzsiz adam idi. O, üzdə olan ailələrə, onların üzvlərinə həmişə qayğı göstərib və bu gün də bu qayğı davam eləyir. O bilirdi kimə etibar eləmək olar, kimə iş tapşırmaq olar. Tutaq ki, atam xalq hərəkatının fəallarından olmuşdu, müstəqillik uğrunda mübarizədə iştirak eləmişdi. Azərbaycan müstəqil olandan sonra artıq onu qurmaq və qorumaq lazım idi. Atam ailə başçısı idi, ictimai nüfuzu vardı, uzun illər mətbuatda çalışmışdı, cəmiyyətdə hörməti vardı, imzası vardı və əlbəttə, parlamentdə belə adamlar təmsil olunmalıydılar. Seçicilər də birmənalı şəkildə belə adamların arxasınca gedirdilər. Təsəvvür eləyə bilərsiz ki, Qazaxdan atam, ya da Vaqif əmim seçilməsin? Qazaxda uşaqdan-böyüyə hamı Səməd Vurğunu büt bilir, onun ailəsinə hörmət eləyir. Qazaxda hansı evə getsəniz, orda Səməd Vurğunun portretini görərsiniz.
1991-ci il seçkilərində nəticələr müzakirə olunanda atam Qazaxdan, əmim Bayıldan keçmişdi parlamentə. Demişdilər, bir ailədən iki nəfər parlamentdə olmaz, Vaqif əmim kənarlaşmışdı.
- Yusif bəy Bakı aristokratiyasının ən məşhur simalarından biriydi. Davranışı, hərəkəti, rəftarı, zarafatı yerində olan, ölçülü-biçili adam idi. Belə adamla dostluq etmək gözəldir, amma hər adam o dostluq cərgəsinə girə bilməz. Kim idi onun ən yaxın dostları?
- Lap uşaqlıqdan yaddaşımda qalan simalar var - Anar, Maqsud İbrahimbəyov, Polad Bülbüloğlu, Elçin Əfəndiyev, İntiqam Qasımzadə. Bizə gəlirdilər, söhbət edirdilər. Anarla dostluğu sona qədər davam etdi və çox yaxın idilər, çox. Qardaş kimiydilər. Atam Anarı çox istəyirdi. Allah ömür versin Anar müəllimə. Elə əmim Vaqif Səmədoğlu da Anarı çox istəyirdi. Milli Məclisdə də yanaşı otururdular. Atam dünyasını dəyişəndə ən təsirli yazını da Anar yazmışdı.
- Xatırlayıram o yazını. Anar müəllimin Fikrət Qocanın ölümünə yazdığı yazı da məni kövrəltmişdi. Dost itkisi çox ağırdır, Allah adamı belə şeylə imtahana çəkməsin.
Səməd Vurğun xatirələrdə, fotolarda həm də ovçu kimi qalmışdı. Yusif bəyin tüfəngi vardımı? Ova gedirdimi?
- Yox, atam heç bir canlını incidə bilməzdi. Vaqif əmim sevirdi ovu, amma atam yox. Atam sevirdi heyvanları, evdə akvariumda balıq saxlayırdı, quş saxlayırdı, evdə iti vardı. Saatlarla oturub akvariumda balıqlara baxırdı.
"Komsomolun canı it canıymış"
- Kino yaddaşımızda "Yeddi oğul istərəm" kimi möhtəşəm bir film var və onun ssenarisini Yusif Səmədoğlu yazıb. Kinomatoqrafiyamızın ən dəyərli işlərindən biridir. Rejissor Tofiq Tağızadəyə şöhrət gətirən işdir. Filmdə bir yer var, Gəray bəy Cəlalı güllələyən epizodda deyir ki, "komsomolun canı it canıymış" və film komsomol mükafatına layiq görülür. Sovet dövründə Kommunist Partiyasının kiçik qardaşını belə təhqir eləmək çətin idi. Nə əcəb, senzura buraxmışdı onu?
- Xatırlamıram filmlə bağlı nəsə bir maneənin olub-olmadığını. Amma dediyiniz kimi, möhtəşəm filmdir. Yaşayan filmlərdəndir. Və çox qəribədir, nədənsə, həmişə Gəray bəy obrazına pərəstiş eləmişəm. Məncə, filmdə Gəray bəy müsbət obraz kimi verilib. Qoçaq adam, mərd. Sonda da öz xarakterini özünü güllələməklə qoyur ortalığa. Amma "Qətl günü" romanında problem olmuşdu. Atama şərt qoymuşdular ki, filan yerləri çıxart, filan yerləri dəyiş. Atam da demişdi ki, romanı yazdığım kimi çap eləməsəniz, Almaniyaya mühacirət eləyəcəyəm. Niyə Almaniyaya, bilmirəm. Heç nə dəyişmədilər.
- Deputat kimi, ictimai xadim kimi, Yazıçılar Birliyinin katibi kimi müəyyən səlahiyyətləri, imkanları vardı. Dost-tanış, qohumlar, ümumiyyətlə, insanlar kömək üçün ağız açırdılarmı ona? Kömək edə bilirdimi kiməsə?
- Əlbəttə, çox müraciətlər olurdu və atam da imkanı daxilində əlindən gələni eləyirdi. Qohumları demək istəmirəm, çünki qazaxlılar, bilirsiniz də, yerlipərəst olurlar. Atam qohumlara çox kömək eləmişdi. Amma o, dünyasını dəyişəndən sonra xəbər tutduq, nə qədər kənar adama köməyi dəyibmiş. Tutaq ki, yasa bir qadın gəlib deyirdi ki, Yusif müəllim həyat yoldaşımın müalicəsinə kömək eləyib. Biri gəlirdi ki, oğlumu işə düzəldib. Bizə xoş gəlirdi...
- Hobbisi təkcə heyvanlar idi?
- Həm də fotoqrafiya. Amma mən buna hobbi deyə bilmərəm, o, peşəkar fotoqraf idi. İki-üç fotoaparatı asırdı boynundan, hərdən məni də götürürdü, gedirdik bulvara, şəkillər çəkməyə. Sonra mətbəxi laboratoriya eləyirdi. Pəncərəni tünd pərdəylə qapadır, qırmızı işıq yandırıb şəkilləri çıxarırdı. Sevirdi bu işi. Yaxşı geyinməyi sevirdi. Təsəvvür edirsiniz, evdən çıxıb işə gedəndə paltarlarını xüsusi seçib geyinirdi. Hətta belə bir lətifə də yaratmışdılar, bir dəfə Milli Məclisdə kimsə döş cibindən çıxmış dəsmalı ona göstərib deyib ki, Yusif bəy, pencəyinizin astarı çıxıb.
Almaniyadan özünə qəşəng jilet alıb gətirmişdi. Artıq xəstə idi. Sevirdi o jileti. Birdən nəsə oldu, dedi, "Allah qismət eləsin, o jileti geyib işə gedə bilim". Qismət olmadı amma.
- "Bayatı-Şiraz" hekayəsində Səbzəli tez-tez "lənət şeytana" deyib, səbr eləyirdi. Yusif müəllim necəydi, həyatda nəyə "lənət şeytana" deyə bilirdi?
Atamın göz yaşları
- Çox həssas adam idi. Çox şeyi ürəyinə salırdı. Kiminsə konkret onu incitdiyini deyə bilmərəm, amma xalq hərəkatında atam diabet xəstəsi oldu. 20 Yanvar onu çox sarsıtmışdı. İlk dəfə atamı 20 Yanvarda göz yaşı axıdan görmüşəm.
- "Qətl günü" romanı birmənalı qarşılanmamışdı. Deyirdilər, Bulqakovun "Master və Marqarita"sına oxşadıb. Hətta Kot Begemot və Kirlikir obrazlarına qədər paralellər var romanda. Şair və Master. Ponti Pilat və Şah...
- Axı Bulqakov onun sevimli yazıçısıydı. Əlbəttə, "Master və Marqarita"nın təsiri çox olmuşdu atamın yaradıcılığına və xüsusilə də "Qətl günü"nə. Özü bunu etiraf eləyirdi. O, mürəkkəb yazıçıları oxumağı sevirdi. Məncə, bu, normal şeydir.
- Onun son işi "İncə dərəsində yaz çağı" hekayəsi oldu. Bu hekayə hansı ovqatdan yaranmışdı?
- Xatirələr. Qazax, rayon camaatı. Atam az yazırdı, düşünürəm, bəlkə də elə belə yaxşıdır. Az, amma keyfiyyətli yazmaq daha yaxşıdır.
- 1988-ci ilin yayında Azərbaycan xalqı çox böyük bir ziyalını, sevilən yazıçını, ictimai xadimi itirdi. Təbii ki, bu itki ən çox Yusif Səmədoğlunun ailəsinə təsir elədi.
- Nədənsə, atamda həmişə qorxu hissi var idi. Babam 50 yaşında xəstələnib dünyasını dəyişmişdi axı. Atam 51 yaşını qeyd eləyəndə dedi ki, artıq atamdan bir yaş böyüyəm. Bir dəfə təzə videokamera almışdıq, bacımın qızı Ayan təzə dünyaya gəlmişdi onda. Ailə içində müsahibə aldıq atamdan. Soruşduq arzun nədir, dedi: "Ayanın toyunu görmək istəyirəm". Amma mən o gün onun sözlərində qorxu hiss elədim, sanki əmin idi o günü görə bilməyəcək.
Atamın 60 illik yubileyi "Gülüstan" sarayında çox təntənəylə keçdi. Məclis dağılandan sonra ancaq yaxınlar, bir də bəzi dostları qalmışdı. Bu, videoda da var. Onda dedi ki, dəqiq bilirəm, cəmi üç il ömrüm qalıb. Elə də oldu...
2021-ci ildə ən çox satılan kitabların adları açıqlandı
Ölkənin kitab ticarətində xüsusi yeri və çəkisi olan “Libraff” kitab mağazaları şəbəkəsi 2021-ci ildə ən çox satılan yerli və xarici ölkə müəlliflərinin kitablarının adlarını açıqlamışdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yerli müəlliflərə aid ən çox satılan kitablar arasında Nizami Gəncəvinin “Xəmsə”, Ramiz Rövşənin “Bu dünyanın hər sifəti”, Çingiz Abdullayevin “Qırılmış əlaqə”, Varisin “Uzaqdan gələn yağış”, Elxan Elatlının “Yeddinci mərtəbədə qətl” və “Cəhənnəmdən gələn səs” kitabları, “44 fəsil” hekayələr toplusu yer almışdır. Habelə sənədli kitablar – 44 günlük müharibənin anlarını özündə əks etdirən “44 gün anbaan”, eləcə də Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” kitabı da çox satılanlar arasındadır.
Xarici ədəbiyyatdan ən çox satılanlar sırasında Osne Seyerştadın “Kabildə bir kitabçı”, Vulf Dornun “Oyunbaz”, “Psixiatr” və “Şizofrenik”, Cek Londonun “Martin İden”, B.A. Parisin “Bağlı qapılar arxasında” kimi romanları qərarlaşmışlar. Bu sıralanmada daha çox motivasiya və özünüinkişafa aid Entoni Robbinsin “Hüdudsuz güc”, Maykl Qregerin “Necə ölməməli”, Kelli Makqonikalın “İradə gücünün inkişafı”, Kinsunun “Yol sənin içindədir”, Daniel Kanemanın “Cəld və yavaş düşünmək”, Çey Eşerin “13 səbəb”, Rayan Holideyin “Eqo düşməndir”, Luiza Heyin “Sən həyatını yaxşılaşdıra bilərsən”, eləcə də “HBR: Oxunmalı onluq” seriyasından “Strategiya”, “İnnovasiya” və “Liderlik” kimi kitablar yer almışdır.
“Güllələnmiş daşlar üçün bayatı” – Şuşaya gedən jurnalistin yol qeydləri
Tanınmış jurnalist Aida Eyvazlının Şuşa səfəri zamanı yazdığı “ŞUŞAYA GEDİRİK...” adlı yol qeydlərini təqdim edirik.
Üzü Ötükənddən sənə,
Gələn yollarım mübarək.
Şuşa qarşılayır bizi,
Açıb qolların mübarək!
Medianın İnkişafı Agentliyinin dəvəti ilə jurnalist həmkarlarımızla birlikdə Şuşaya gedirik... Bakının cənub qapısından üzü Zəfər yoluna aparan yollarda indi bütün avtomobilləri yolkənarı tablolardakı “Şuşaya 380 kim”, “Cəbrayıla 250 kilometr” kimi işarələr müşayiət edir. Üzü Beyləqana, Biləsuvara qədər gedən yollar mənə tanışdır. Lakin İmişli - Beyləqana dönən yol qovşaqlarını keçib Füzuliyə istiqamət götürəndə istər-istəməz oturduğum yerdən dururam, həmin əraziləri daha yaxından görüb lentə alım deyə önə keçirəm. İlk dəfə yaxından gördüyüm sklet evlərin, viran olmuş, daşı üstündə daş qalmayan xarabalıqların fotosunu və videosunu çəkirəm. Bizimlə eyni avtomobildə gedən jurnalist həmkarlarımın hər biri 30 ildir görmədiyimiz bu torpaqlarda ermənilərin törətdiyi talan və virana görə ürəyindəki nifrətlərini dilə gətirir. Mən öncə gördüyüm mənzərələri - dağılmış evləri, yurdların aqibətini rus dilində şərh edirəm ki, dünyanın bir çox ölkəsindəki rusdilli dostlarıma bu dəhşətləri çatdıra bilim. Çünki öz dilimizdə özümüz danışanda bizi eşidən az olur.
Təsəvvür edirsiniz, Füzulinin içərisi ilə Şuşaya gedən yol şüşə kimi parıldayır. 1 il bundan əvvəl bu yollardan – indicə keçdiyimiz Horadizdən süvari qoşunlarımız, Xüsusi Təyinatlı qüvvələrimiz keçmişdilər. Buradan o tərəfə addım-addım irəliləmişdilər. İndi bu yollarda bizi qarşılayıb arxamızca boylanan şəhid portretləri var. Vətəni azad edəndən sonra şəkilə dönmüş şəkil kimi oğlanların şəkilləri...
Horadizi keçirik. Şəhidlərimizə və qazilərimizə həsr etdiyim yeni kitabımın qəhrəmanları mənə bu yerlər haqqında çox danışıblar. Yolun sağında qazılan valları göstərir sürücümüz Elxan. Və yalnız indi təsəvvür edə bilirəm ki, val necə olurmuş. Bu günə qədər yazdığım kitablardakı hekayətləri ancaq şahidlərin dilindən eşitdiyim kimi qələmə almışam. Gözlərimin önündə təsəvvür etmək çox çətin olub. O qədər istəyirdim ki, öz gözlərimlə görüm...
Üzü yuxarı gedən Horadiz yolunun sağ hissəsində ağaclıqları görürəm. Həəə... bax 27 sentyabr 2020-ci ildə burada N saylı hərbi hisssənin taborlarından birinə ermənilərin atdıqları TOÇKA U raketi düşmüşdü. Taborun üç döyüşçüsü döyüşə girmədən şəhid olmuşdu.
Bax, bura da Əlixanlı kəndidir. Burada da qanlı döyüşlər getmişdi. 4 oktyabrdan 5 oktyabra keçən gecəsi səhərə qədər yağış dayanmadan yağmışdı... 1 il əvvəl buralarda qan su yerinə axmışdı. Yağış qana bulaşmışdı... O tərəf isə Hadruta gedən yoldur. Orada Murad Qurbanov, Nicat Şükürlü, Ruslan İmanquliyev, leytenant Teymur Əzizov... şəhid olmuşdular. Yeganə oğlu Ruslan İmanquliyevin dərdinə dözməyib bu il vəfat edən anası Ramiyənin acı gülüşləri və göz yaşları gəlir gözlərimin önünə. Ruslan İmanquliyev haqqında yazdığım həyat hekaysində belə bir məqam var: “Polkovnik leytenant Həmdəm Ağayev brezent örtük tapıb Ruslanın dünyadan xəbərsiz bədənini örtdü ki, yağan yağış onu islatmasın. Hava qaralana qədər döyüş davam etdi. Atışma dayanandan sonra isə uşaqlar Ruslanın cansız bədənini döyüş bölgəsindən çıxarıb ərazidə gözləyən hərbi təxliyə maşınına təhvil verdilər. Özləri isə bir az bundan əvvəl şəhid olmuş cəsur Ruslanın və digər şəhidlərin qisasını almağa davam etdilər..”.
Demək həmin qanlı döyüşlər bu ərazilərdə getmişdi... İndi o izləri torpaq örtüb, yer gizləyib... Dəhşətə gəlirəm. Bu yolların hər qarışını görməsəm də tanıyırammış ki...
İndi isə bu yerlərdə abadlıq və quruculuq işləri gedir. Zəfər yolu boyu gördüyümüz daşı-daş üstə qalmayan evlər, yurdlar ürəyimizi al qana qərq edir yenə... Ötən ilin müharibəli günlərini yaşayırıq... Görəsən dünyada başqa belə bir millət də varmı ki, özünün olmayan yurda gəlib oranı viran qoysun...
Sürücümüz Elxan deyir ki, Füzulidən Şuşaya gedən 400 kilometr yolun 100 kilometri qalıb. Qonşum və jurnalist həmkarım Lalə Mehralının telefonuna zəng gəlir. Kiminləsə danışır. Sevinə-sevinə deyir ki: “Hə, Şuşaya gedirik...”. Onun bu sözü iliklərimə qədər işləyir. Bədənim titrəyir. Qeyri-ixtiyarı gözlərimin yaşı yanaqlarımdan süzülür. Nə qəribə mistikası var imiş bu sözün: “Şuşaya gedirik!”. Şükür Tanrım, Şuşaya da getmək olarmış...
Yolun sol tərəfində Füzuli hava limanının ətrafında aparılan abadlıq işlərinin şahidi oluruq. Təkcə Füzulidəmi? Yol boyu sürücü bizə aparılan abadlıq işləri haqqında məlumat verir. Məlum olur ki, Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Bu yollarda da qızğın iş gedir. Bizimkilər YOL çəkirlər. Yol mədəniyyətdir. Yol çəkməyi ancaq mədəni xalqlar bacarar. Bu yurdları tarixin qədim əsrlərindən yollu-yoncalı etmişik. Bu torpaqlarda yol açan ilk türk atlıları olub. At nallarının izləri var bu yollarda.
Gör bir Qarabağın əksər rayonları azad olunandan sonra 1 ildən az müddətdə nə qədər yol çəmişik. Rəhmətlik Əzizə Cəfərzadənin “Vətənə qayıt” romanı bu sözlərlə başlayırdı: “Şamaxı yollardan başlayır”. İndi isə Qarabağ, Şuşa yollardan başlayır. Bu yolların hamısı Zəfər yolunun qovşaqlarıdır. Abad, işıqlı yollar, işıqlı gələcəyin yolları olsa gərək...
Hamımız həyəcanlı, hamımız həsrətliyik... Tez-tez jurnalist həmkarlarımız sürücüyə “Şuşaya nə qədər qalıb? Nə vaxt çatacağıq”, deyə sual edirlər. Qışın bu oğlan çağında hava da elə xoşdur ki... Göy üzü mas-mavidir. Mənim sevdiyim, darıxdığım mavilik. Bakıda Göy Səma heç vaxt belə mavi olmur. Bu gün təbiətin də, qışın da, Tanrının da oqatının xoş vaxtıdır deyəsən... İki-üç gün əvvəl yağan qar hələ dağlarda dincəlir. Yolun ortasında Ləman Ələşrəfqızı, Pərvanə İbrahimova, Lalə Mehralı, Sevil Gültən, Afət Telmanqızı ilə bir xatirə şəkli çəkirik. Arxamızda Şuşa dağları görünür, başımızın üstü isə mas-mavi göy səma. Bu gün Şuşanın başı dumanlı deyil.
Şəkil çəkdirdiyimiz yoldan ötən ilin oktyabr və noyabr aylarında erməninin yalını yeyən və bizə hürən War Gonzo layihəsinin müəllifi Semyon Peqov döyüşün qızğın vaxtlarında reportaj verərək dünyaya erməni yalanlarını doğru kimi danışırdı. Deyirdi ki, Qarabağda döyüşün üstünlüyü ermənilərin tərəfindədir. Bu yolda bizim rəşadətli əsgərlərimizin düşmən meyitlərinin üstündən keçən məşhur fotosunu yəqin xatırlayırsınız. Biz də özümüzü bir az onlara oxşatmaq istədik.
Yarım saatdan sonra Şuşaya çatırıq. Azərbaycan tərəfin və sülhməramlıların birgə postuna. Bizim sənədlərimizi yoxlayırlar. Buradan Şuşa qalasına keçən bütün maşınlar yoxlanılır. Hasarın o biri üzündən isə düşmənlərimizin maşınları keçir. Bir-birimizi görürük. Yenə də avtomobildə olan jurnalistlər əsəbiləşirlər. Ona görə əsəbləşirik ki, ermənilərin maşınları o baş-bu başa keçir, sülhməramlılar isə onları yoxlamırlar. “Sülhməramlıların” məramının nə olduğunu hamımız yaxşı bilirik. Onlar burada dayanmasalar, bu gün ətrafda bir erməni də yaşamaz. Neyləyək ki, bu siyasi oyunların içərisində 30 ildir ki, əziyyət çəkirik. Müstəqilliyimizin bahasını irticaçılara hələ də ödəməkdəyik. Fikirləşirəm ki, biz müstəqil olandan bu günə kimi gülləbaran olunuruq. Gör bir imperialist qüvvələr içərimizə doluşmasaydılar, indi Azərbaycan dünyanın ən varlı ölkəsi olardı. Bu 30 ildə varımıza, dövlətimizə göz dikdilər, torpağımızı, Vətənimizi yağmaladılar... Kənd-kənd, rayon-rayon, şəhər-şəhər Şəhidlər Xiyabanlarımız yarandı... “Azərbaycan, sinəsi dağlı anam oyyyy”.
Şuşaya daxil oluruq. Artıq günortadır. Gün də Şuşanın başının üstündən gülümsəyir. Biz buralara nabələdik axı. MEDİA-nın əməkdaşı Pərvanə İbrahimli deyir ki, Şuşada bizi Şuşa Dövlət Qoruğunun İctimaiyyətlə Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov müşaiyət edəcək. Köhnə və həm də köhnəlməyən həmkarımız Zaur bizi sevinclə qarşılayır. Şuşada açılan “Qoç ət” restoranında nahar edirik. Restoranda Şuşanın keşiyini çəkən hərbiçilərimizlə qarşılaşırıq. Burada hərçilərimizə göstərilən xidmət də endirimlidir. Onu da öyrənirik ki, Şuşanın azad olması üçün qurban kəsdirənlər, ehsan böyun alanlar qurbanlıqlarını bu restorana göndərirlər. Restoranın işçiləri də həmin qurbanlığı dönər kimi, kabab kimi bişirib hərbi hissələrə paylaşdırırlar. Yəni əsgərlərimizin, Şuşanın və Vətənin keşiyində duranlarımızın qulluğunda dayanıblar.
Nahardan sonra Zaur Həsənovun müşaiyəti ilə şəhərə çıxırıq...
Şuşalı jurnalist Kəmalə Cahidqızının yaşadığı beşmərtəbəli binanın qarşısından keçirik. Ölü bina, yaralı bina... Tarixi binaların hamısının skleti qalıb. Daş-daş, pəncərə-pəncərə, tarix-tarix sökülüb ki, tariximizin izi qalmasın... Binaların bağrı güllədən oyma-oyma, deşik- deşikdir.
Bu küçələrdə gedən döyüşlər haqqında SOCAR-ın əməkdaşı, qazimiz Fərid Həsənov danışıb mənə... Bax bu “İkimərtəbəli karvansaraydır”... Aman allah, bu necə dəhşətdir... Saatlı məscidi - 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmişdir. Şuşa şəhərinin tarixini tədqiq edən Çingiz Qacarın yazdığına görə, Saatlı məscidinin yerində 1759-cu ildə Pənahəli xanın tikdirdiyi məscid və mədrəsə olmuş, məhz bu mədrəsədə böyük Azərbaycan şairi Molla Pənah Vaqif dərs demişdir. İndi burada Pənah xanın sarayının, Qara Böyük Xanım bürcünün, Hacıqullar malikanəsinin, Xurşudbanu Natəvanın evinin, Əsəd bəyin evinin, İkimərtəbəli karvansarayın yerində viran qalmış, dağıdılmış sklet evlər görünür. Bəlkə də bir himə bənddirlər, yanaşıb əlini vursan hamısı ovulub yerə töküləcək.
Binaların hamısı yaralıdır. Hamısı gülləbaran olub. Hamsının daşları göynəyir... Güllə, top səslərindən bağırları yarılıb... Burada evlər qat-qat olub... İndi bu viranəni də yenidən biz abad etməliyik... Hələ bir beynəlxalq təşkilatlar utanmadan bizə deyirlər ki, ermənilərin xətrinə dəyməyin. O “beynəlxalq” deyilən təşkilatın evinin bir pəncərəsini bir erməni sındırsa, pəncərəsini sındıran ermənini bağışlayarmı?! Hələ mən demirəm ki, erməni onun övladını öldürsə neynəyər.
...Çıdır düzünə gəlib yetişdik. 24 dekabrda Ali Baş Komandan İlham Əliyev buradan Azərbaycanlı bacı-qardaşlarına 60 illiyi münasibəti ilə ünvanladığı təbriklərə görə minnətdarlıq etdi. Lakin hər şeydən əvvəl şəhidlərimizi və burada qan tökən igidlərimizi xatırladı. Cənab prezident bütün çıxışlarında onların uca haqqından danışır. Hər kəsin Cıdır düzünü bizə verən o əsgərlərin, o qazilərin, o döyüşçülərin qarşısında borclu olduğunu deyir. Əfsuslar olsun ki, özünü karlığa və körluğa qoyan bəzi hakimiyyət nümayəndələri bunu qəbul etmək istəmirlər...
...Cıdır düzündəyik... Həmkarlarımız “Yallı” gedirlər... Mən burada hələ qol qaldıra bilmirəm. Məni hələ qan tutub. Mən hər yerdə şəhidlərin qanını, döyüşən əsgərləri görürəm... Qulaqlarıma raketlərin, bombaların , avtomatların, yaralı əsgərlərin, su istəyən igidlərin səsi gəlir... Ona görə də könlümdən bu misralar keçir:
Örtübdü qar örpəyini,
Qoruyur xar çiçəyini
Şəhidimin göyçəyini
Saxlar qoynunda mübarək!
Nicat Hüseyn dağ-daşla söhbətimi görüb mənə yaxınlaşır. Nüsrət Kəsəmənlinin şerini xatırlayıram:
Yüyürüb, yüyürüb dərə boyunca,
Düşüm çəmən üstə mən üzüqoylu.
Öpüm bu torpağı öpüm doyunca,
Üzümə üz qoysun hər soyuq daşı,
Qoy şehə qarışsın gözümün yaşı
Qurumuş bulaqlar içir könlümdən,
Elə kövrəlmişəm, bilmirəm nədən,
Dəli bir ağlamaq keçir könlümdən.
Bu bəndi göz yaşları içərisində deyirəm Nicata. Bir azca dərdləşirik. Deyirəm ki, ay Nicat, baxırsan da Şuşanın gözəlliyinə, təbiətinə... Belə yerləri qoyub gedən adam sağ qalarmı? Əsla! Bax beləcə yurd yerlərini itirdiklərinə gör nə qədər yaxşı kişilərin ürəkləri dərdə tab gətirmədi, partladı... Belə yurdu əldən verən adam həqiqətən də yaşaya bilməz. Mən indi bu yerləri görəndə bir daha əmin oluram ki, yurdlarını, ocaqlarını düşmənə qoyub gələnlər, bu 30 ildə yaşamayıblar... Onların ömrü ömür olmayıb ki...
Buradakı əsrlərin şahidi daşların hamısının üzündə çopur-çopur ləkələr var. Oturub əllərimi o daşlara çəkirəm. Biri soyuq, biri isti, biri nəmdir. Üz qoyuram, öpürəm, qucaqlayıram. Daş dibindən boy verən çiçəklərlə danışıram. Bayatı deyirəm onlar üçün... güllələnmiş daşlar üçün... Deyirəm ki, mən Ötükəndə Bilgə Xaqanın, Tonyükükün daş məktublarını qucaqlayıb sizə salam göndərəndə məni eşitdinizmi? Mən orada Tanrıdan bu torpaqları, bu daşları qaytarmaq üçün Ordumuza, igid oğlanlarımıza güc verməsini, ruhlarının oyandırmasını istədim... Siz məni eşitdinizmi?!
Əlimi daha bir daşa çəkirəm. Bu daş o birisindən istidir. Bu daş mənə deyir ki, hə, eşidirdik.
Daşlara zikr edərəm,,
Min cürə fikr edərəm.
Torpaqlar geri dönsə,
Tanrıya Şükr edərəm.
Bax, indi dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşən Cıdır düzündə dayanıb Tanrıma şükür edirəm!
Cıdır düzündən baxanda Şuşa qalasının Qırxqız, Kirs, Murov, Bağqıran, Sarıbaba dağları ilə əhatələndiyini daha aydın görmək olur. Bizdən öndəki həmin yerdir. Həmin qayalıqlardır. Xüsusi Təyinatlıların, “YAŞMA”nın canavarlarının əl ilə, ayaqla çıxdığı qayalıqlar. Əyilib bu torpağı, o daşları öpürəm. Bu daşların üstündə İntiqam Əsgərovun və onlarla qəhrəmanımın ayaq izi, əl izi, qan izi var. Xüsusi Təyinatlı İntiqam Əsgərli Şuşa azad olunandan 1 gün sonra burada həlak olub. Haraya baxsam da, həlak olduğu yeri müəyyən edə bilmirəm. Buradakı bir hərbçi deyir ki, buralar düşmən meyitləri ilə dolu olub. Çünki xüsusi hazırlanmış əməliyyata görə bizim döyüşçülərin bir hissəsi ermənilərin başını Daşaltı tərəfdə qatıblar. Orada xırda döyüş əməliyyatı keçirməklə, diqqəti özlərinə tərəf çəkə biliblər. Qayalıqlardan kiminsə Cıdır düzünə çıxa biləcəyi kimsənin ağlına gəlməyib. Lakin düşmən tərəfi də son gülləsinə qədər döyüşməyə üstünlük verib. Əks halda şəhərdə bu qədər darmadağın olmazdı ki. Çünki düşmən bilirdi ki, Şuşanı əldən vermək, özlərinin uydurduqları Qarabağ nağılını unutmaqla nəticələnəcək.
Gəzirik, doymadan, usanmadan, yorulmadan hey gəzirik bu gözəllər gözəli Şuşanı. Vaxt daralır. Bakıya dönmək məqamıdır. Yuxarı Gövhər ağa məscidini də ziyarət edirik. Şuşanın tarixi-mədəniyyət memarlığının incilərindən olan bu iki cümə məscidi də erməni vandallarından xilas oldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi, həm Yuxarı Gövhər ağa məscidi, həm də Aşağı Gövhər ağa məscidi bərpa olunub. Sütunlarını tumarlayıram. Bu sütunlara barmaqlarım toxunan kimi 17-ci əsrin hənirtisini duyuram. Bu məsciddə xanlar, bəylər, hökmdarlar namaz qılıb azan oxutdurublar, Tanrıya dua ediblər. Bu daşlar onların xoş niyyətləri, arzuları ilə butalanıb.
Bir də ki, Molla Pənah Vaqifin məqbərəsini ziyarət edirik. Şuşa işğaldan azad ediləndə bura necə viran idi. İndi ətrafı gülüstana dönüb.
Sonda isə üstündə qırmızı hərflərlə Şuşa Qalası yazılan qədim qalanın önünə keçirik. Burada Medianın İnkişafı (MEDİA) Agentliyinin plakatı ilə 27 dekabr 2021-ci il gününə əbədi xatirə şəkli çəkdiririk. 2021-ci Zəfər ilimizin sonunda bizi Zəfər yoluna çıxaran xoşməramlı Medianın İnkişafı Agentliyinə böyük təşəkkür düşür. İlin sonunda bizə sözün əsil mənasında unutmaycağımız, hər zaman xatırlayacağımız bir gün yaşadıblar. Çoxdan görmədiyim qələm dostlarımı görmüşəm. Sözümüz sözü, xatirələrimiz xatirələrimizi çəkib...
Şuşanı yaralı görmək heç də xoş deyil. Ancaq ki, biz Şuşanın yaralarını sarıyacağıq. Biz öz yurdumuza, Vətənimizə sahib çıxmağı bacardıq. 30 il əvvəl Şuşada 18 min əhali yaşayıb. 30 il ərzində köçkünlükdə həmin əhali artıb 28 min olub. Bir neçə ildən sonra bütün şuşalılar öz yurdlarına qayıdacaqlar.
Cıdır düzündən baxanda Xankəndi ayaqlarımızın altında görünür. Başqa vaxt olsaydı “ayağımızın altında” yazmazdım. Ancaq indi ayağımızın altındadırlar. Xankəndini irticaçı qüvvələrlə birlikdə işğal edəndən sonra burada 2500 hərbçi, 500 qarışıq ailə yaşayıb. Şuşadakı hərbçilər dedilər ki, hava qaralandan sonra Xankəndində və hələki ermənilərdə qalan 30-dan artıq kəndlərimizdə çox az evlərdə işıq görünür. Ermənilərin saxta statistikasına görə guya burada 120 min əhali var. Lakin Azərbaycan tərəfin hər gün apardığı hesablamalardan məlum olur ki, ətraf kəndlərdə və Xankəndində qalan ermənilərin sayı heç 30 min də deyil. Azərbaycan tərəfdən müşahidə nəticəsində məlum olur ki, küçələr boş, binalar boş... Binalarda çox az-az işıqlar yanır...
*******
Mən evə qayıdıb Şuşa təssüratımı yazanda bibim Şamaxıdan zəng vurdu. Səfər təssüratımı öyrənmək istədi. Soruşdu ki, Şuşa necədir? Xoşuna gəldimi?
Dedim ki, xəstədir Şuşa, yaraları qan verir, bütün binalar, küçələr, daşlar yaralıdır. Sınıq-sınıq, əzik-üzükdür. Ağır yaralı adam necə olar? Bax Şuşa da elə yaralıdır. İndi onu yavaş-yavaş müalicə etmək üçün gör bir nəqədər əziyyət çəkməliyik. Mübarək Zəfər Yolumuz var. Şuşada İstilik Elektrik Stansiyası tikilib, Su xətti çəkilir. Amma hələ küçələrində adam görmədim. Xəstədir, gəzə bilmir ki, küçəyə çıxsın... Və onu da qeyd etdim ki, bibi, təsəvvür edirsən, bizə bu qədər ziyan vurublar, bütün yurdlarımızı dağıdıblar, dünya hələ də bu göreşənlərin nazı ilə oynayır...
Ən təsirlisi isə odur ki, onların dağıdıb viran qoyduqlarını biz öz hesabımıza, öz büdcəmizə tikib-qururuq. Allah eləməsin ki, gələcəkdə belə göreşənlər gəlib tikib-qurduqlarımızın içərisində yaşasınlar.
Bakı-Şuşa-Bakı, 27 dekabr 2021.
2021-ci ilin mart-aprel aylarının ən parlaq şəkilləri - Euronews-un təqdimatında
2021... Təbii və siyasi kataklizmlərlə dolu, COVİD-19 pandemiyasının qadağaları ilə yadda qalan daha bir il.
Biz pandemiyanı dayandırmaq üçün vaksinlərə və planetimizi xilas etmək üçün siyasi qərarlara böyük ümidlər bəsləyirdik, lakin görülən işlərə baxmayaraq, bütün səylər uğurla nəticələnmədi.
2021-ci illə vidalaşmazdan əvvəl, Euronews sizə son 12 ayın əsas hadisələrini nəzərdən keçirməyi və yada salmağı təklif edir. “Ədəbiyyat və incəsənət” portalı da vasitəci olaraq ilin ən gözəl fotolarını sizlərə təqdim edir.
Bu gün sizə 2021-ci ilin mart və aprel aylarında baş verən əsas hadisələrin fotolarını təqdim edəcəyik.
Mart, aprel 2021-ci il.
1-ci yer
Fələstin
Başına zeytun budağı taxmış fələstinli bu yolla İsrail sərhədinin sökük hissəsindən keçmək istəyir.
Foto:Oded Balilty/AP
2-ci yer
Braziliya
Hərbi polisin zabiti Everaldo Pinto superqəhrəman kostyumunda uşaqları pandemiya dövründə ehtiyatlı olmağa çağırır.
Foto: Silvia Izquierdo/AP
3-cü yer
Rusiya
Rusiya kommunistləri Leninin 151-ci ildönümü münasibəti ilə onun mavzoleyinə yürüş edirlər.
Foto: Pavel Golovkin/AP Photo
4-cü yer
Belçika
Brüssel parkında kovidlə bağlı məhdudiyyətlərə baxmayaraq qanun pozmaqla dincələnlərə qarşı polis su topundan istifadə edərkən bir gənc qaçıb ağacın arxasında daldalanır.
Foto: Francisco Seco/AP Photo
(Davamı olacaq. Növbəti dəfə 2021-ci ilin may ayının ən əsas hadisələrinin ən yaxşı fotolarını görəcəksiniz. Buraxılışlarımızı izləyin).
Hüseyn Cavid və Əhməd Cavadın yubileyləri 2022-ci ildə Beynəlxalq Türk Akademiyası tərəfindən qeyd ediləcək
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovla görüşüb.
AzərTAC xəbər verir ki, görüşdə tərəflər türk ölkələri arasında əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb və gələcək planları müzakirə ediblər.
Ağalar Atamoğlanov Türk Akademiyasının həyata keçirdiyi layihələrə görə minnətdarlığını bildirib, qurumun işində uğurlar arzulayıb, təşəbbüsləri dəstəklədiyini bildirib.
Türk Akademiyasına səfərinə görə səfirə təşəkkür edən D.Kıdırəli Nizami Gəncəvinin “Yeddi gözəl”, “Leyli və Məcnun”, o cümlədən Əlişir Nəvainin seçilmiş əsərlərinin Azərbaycan dilinə tərcümə edilmiş toplusunu təqdim edib.
Bundan əlavə, D.Kıdırəli Akademiyanın 2022-ci ildə Hüseyn Cavid və Əhməd Cavad kimi Azərbaycan xalqının böyük şəxsiyyətlərinin yubileylərini yüksək səviyyədə keçirməyi planlaşdırdıqlarını bildirib.
Qeyd edək ki, bu il Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının İstanbulda keçirilən IV iclasında türk ədəbiyyatı klassiklərinin yubileyləri 2021-ci ilin türk dünyasında yaddaqalan tarixlər siyahısına daxil edilib.
Vaqif YUSİFLİ: “Ramiz Qusarçaylı bu əsərlə həm də tarixçilərin hələ başa çatdırmadıqları missiyanı da yerinə yetirib”
Tanınmış tənqidçi Vaqif Yusifli ustad şair Ramiz Qusarçaylının “Vətən” poeması ilə bağlı məqalə yazmışdır. Məqaləni portalımızın oxucuıarına təqdim edirik.
Azərbaycan poeziyasında Vətən haqqında yazılan şeirləri, poemaları (söhbət əsl poeziyadan gedir) bir yerə, bir topluma cəm etsək, qalın cilddən ibarət bir neçə “Vətənnamə” yaranar. Abbas Səhhətin, Məhəmməd Hadinin, Abdulla Şaiqin, Əhməd Cavadın, Səməd Vurğunun, Məmməd Arazın və onlarla şairlərimizin şeirləri Azərbaycanı poeziyada əbədiləşdirən nümunələrdir. Amma Vətənin neçə əsrlik tarixini, bu tarixin səhifələrindəki qələbələri, məğlubiyyətləri, qanlı izləri, bölünmələri, parçalanmaları, müstəqil Azərbaycan olana qədər keçirdiyi ağrıları, həyəcanları, zətərləri əks etdirən poetik epopeya yaranmamışdı. Bu tarixi-ədəbi missiyanı şair Ramiz Qusarçaylı yerinə yetirdi.
Ramiz Qusarçaylıya elə bu əsərə görə birbaşa “Vətən şairi” demək istəməzdim, çünki onun “Çörəyim daşdan çıxır” ilk şeirlər kitabından (1989) bu günə kimi Ramiz Qusarçaylı öz ilhamını Vətənə kökləyib. 1998-ci ildə yazdığı “Vətən” şeiri onun indi haqqında söz açacağımız “Vətən” poetik epopeyası üçün irəlicədən bir məşq oldu:
Dərbəndin içinə yıxılan daşlar,
Bizim başımıza qaxılan daşlar,
Vətən.
Göyçə harayına Borçalı yandı
Bu dərd ürəkləri parçalayandı,-
Vətən.
Ürəyim dərdlərə meşə torpağı,
Dərmanı bir ovuc Şuşa torpağı,-
Vətən.
Amma təkcə bu şeir deyil, Ramizin onlarla şeiri var ki, Vətən haqqında yüzlərlə standart, şablon “şeirlərdən” fərqli olaraq, sırf tərənnümə, astarı üzündən bəlli olan vəsfə uymadı.
O, Vətənin-Azərbaycanın dərdlərindən tarix boyu yaşadığı və yaşatdığı məhrumiyyətlərdən yazdı. Amma hər şeirində unutmadı ki, Azərbaycan bölünə-bölünə kiçilsə də, hər dəfə böyüyür, ucalır, çünki bu torpağın Nizamisi, Füzulisi, Nəsimisi, Babəki, Səttarxanı var, Xətai kimi, Nadir şah kimi dahiləri, sərkərdələri var. Təzad deyilmi-böyük fəxr duyğusu və bir də:
Nəfsini Arazın axarı bildi,
Dərbəndi dərdinin çıxarı bildi,
Şuşanı bazara çıxara bildi
Bu millət, bu millət, bu millət mənim.
Və başqa bir şeirdə:
Asmışam Vətəni kirpiklərimdən,-
Gözümdən Xocalı, Şuşa tökülür.
Amma elə güman eləməyin ki, Ramiz Qusarçaylı Vətən haqqında ancaq belə hüznlü, sizin dilinizlə desək, kədərli şeirlər yazır. Ramiz Qusarçaylının Vətən məhəbbəti Vətən tablolarında da əks olunur. Bu tablolarda XInalığın, Qubanın, Xramçayın, Qarabağın gözəllikləri cizgi-cizgi şeirləşir-deyən Ramiz Qusarçaylı bizim poeziyada Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Zəlimxan Yaqub kimi şairlərin Vətən mücadiləsinə qoşulan şairlərdəndir. Cabir Novruzun bu iki misrasını xatırlayıram: “Vətəni sevmək azdır, Vətənin olmaq gərək”. Ramiz də 90-cı illərdən üzü bəri özünü Vətənin hər ağrısına, kədərinə kökləyən şairdir.
2020-ci ilin 27 sentyabrı gəldi.
İçində vulkanlar yatırmış bu Vətənin... o Vulkan püskürdü, 44 günlük zəfəri böyük Azərbaycana çevirdi.
Ramiz Qusarçaylının “Vətən” poetik epopeyası, özünün söylədiyinə görə, 2020-ci ildə sona çatmalıydı. Amma Ramizin qəlbində, şair inamında 27 sentyabr - 10 noyabr gözləntisi yaşayırmış...
Ramiz Qusarçaylı bu əsəri yazmaq üçün Azərbaycanla bağlı bütün tarixi mənbələri oxuyub, mənimsəyib,-desəm, əsl həqiqəti söyləmiş olaram.
Azərbaycan bütün tarixi kökləri ilə Dünyaya, Şərqə bağlıdır və Ramiz də Vətən dediyimiz bu ərazini,-ilk ibtidai insanından bu günə qədərki Sivilizasiya mənzərəsini bəşəri -dünyəvi tarix kimi oxumuş, böyük Dünyada Azərbaycanın ya bir ölkə, bir xalq, bir millət olduğunu tarixin həqiqətindən poeziya həqiqətinə çevirmişdir.
Ramiz Qusarçaylının poetik həqiqəti bu gün bizim tarixçilərimizin yalanlardan təmizlədiyi Vətən tarixi ilə səsləşir-amma etiraf edək ki, Ramiz Qusarçaylı bu əsərlə həm də tarixçilərin hələ başa çatdırmadıqları missiyanı da yerinə yetirib. Amma şair kimi!
Dünyada ən qədim mədəniyyətin
Qolları birləşir Azərbaycanda.
Sıfırdan sonsuza əbədiyyətin
İki milyon illik qədim tarixi
Yolları birləşir Azərbaycanda.
İlk ocaq, ilk ulu məkandan, əkinçi-maldar tayfalarından, ağacın, quşun dilindən, torpağın dilindən, daşın dilindən səsinə bənzəyən dil yaradıncaya qədər...oradan ən qədim sivilizasiya məskəni Şumerlərə qədər ən qədim azərbaycanlıların minilliklər boyu keçdiyi tarixi yolu xatırladır R.Qusarçaylı...
“Bu xalqın kökəni, bu xalqın soyu, Uzanır tarixin min illərinə”-əsəri misra-misra, fəsil-fəsil oxuduqca yüksək sivilizasiyalar, qlobal və lokal müharibələrin, çiçəklənən mədəniyyətlərin, odu söndürülmüş ocaqların, milyonlarla yurdsuz-yuvasızların, qaçqınların-miqrantların beşiyi-məskəni olan XXI əsrdən, yaşadığımız bu təzadlı dünyadan minilliklərə boylanırıq.
“Hər gün öyrənirəm Azərbaycanı, Hər gün oxuyuram hey varaq-varaq”.
Turukku-Türkün ilk adı, Arattav ilk dövlət. R.Qusarçaylı tarixi mənbələrə, qaynaqlara baş vurduqca, gözlərimiz önündə qədim Midiya dövləti, onun uzun onilliklər sürən hakimiyyəti, sonra ikiyə parçalanması (“Kiçik Midiyadan başlanır elə, Böyük faciəsi Azərbaycanın”), ilk qadın hökmdar Tomrisin qəhrəmanlığı... yox, hələ quldarlıq erası başa çatmır. Makedoniyalı İsgəndər gəlir, onun sadiq silahdaşı Atropat gəlir.
“Şahlar yeriyirdi qana, qadaya, Şah-şah dəyişirdi quldar erası”.
Sonra ilkin Azərbaycan dövləti-Atropatena. Qədim Albaniya. “Qədim Albaniya ruh sərdabəsi, Vətən tarixinin baş kitabəsi”.
Sonra qəhrəmanlıq tariximizin ilk sərkərdələri-Cavanşir, Babək...Əlbəttə, bütün bunlar tarixdən bizə məlumdur, amma Ramiz Qusarçaylı tarix dərsi keçmir, məqsəd odur ki, tarixin ibrət dərslərini unutmayaq. Unutmayaq ki, Türk adı, Türk şərəfi, Türk qəhrəmanlığı əsrlər boyu dünyaya öz qüvvətini, qüdrətini göstərib.
Gəldi Şah İsmayıl 14 yaşında,
Qurdu 14 ilə 14 ölkədən
Səfəvi dövləti Azərbaycanı,
Dili yad dillərə görk dili oldu,
Rəsmi dövlət dili türk dili oldu.
Qoca Şərq Əmir Teymuru, Makedoniyalı İsgəndəri, Nadir şah isə: “Nə rusa işlədi, nə farsa”. Əfşarlar yeni bir tarix yaradardılar. Amma “Türkə qənim oldu türkün günahı...”
Yenə bir amma:
Səni tayfa-tayfa uduzdum, Vətən,
Sülalə-sülalə uduzdum, Vətən.
Səni sünnü-sünnü uduzdum Vətən,
Vətən, şiə-şiə uduzdum səni.
Vətənin sonrakı taleyində belə uduzmaqlar (əslində itkilər parçalanmalarla dolu. Ramiz XIX-XX əsrlərin vətən tarixinə də boylanır, bu hissələrdə onun poetik ritmi, intonasiyası sərtləşir. O, tarixçi-şair kimi ox, şair-tarixçi kimi Vətənin məruz qaldığı ağrılardan danışır, həssas bir vətən övladının da etiraflarını səsləndirir:
Tanrı səni nurdan var eyləmişdi,
Cənnətin gözündə yer eyləmişdi,
Çopur daşını da pir eyləmişdi,
Mən səni qoruya bilmədim, Vətən.
“Vətən” poetik epopeyasında Ramizin bir şair kimi ustalığı-hər sözə, hər ifadəyə necə önəm verdiyi, bədii təsvir vasitələrini necə incəliklə işlətdiyi barədə heç nə demirik, görünən kəndə, usta şairə nə bələdçilik?
Əsərin son hissəsi bütünlüklə 44 günlük Zəfərə həsr olunub. Ramizə poetik salnamə müəllifi kimi baxmırıq, yəni 44 gün ərzində baş verən hadisələri publisistik pafosla nəqli edən bir şair kimi də yanaşmırıq. Bu əsərdə publisistika poeziyalaşır:
Ali Baş Komandan birliyimizin
Dünyaya yayılan efir səsiydi.
Vətənin ərazi bütövlüyünün
Həm əsgəri idi,
Həm də memarı,
Qələbə səsiydi,
Zəfər səsiydi,
Diplomat səsiydi,
Səfir səsiydi.
Haqqın, ədalətin təntənəsiydi.
Vətənin Qarabağ düyünlərini
Çözürdü hər kəsin başa düşdüyü,
Hər kəsin duyduğu, qandığı dildə:
-Erməni əsgəri yaxşı eşitsin,
Assın sırğa kimi qulaqlarından.
Ölmək istəmirsə, rədd olub getsin,
Çıxsın Azərbaycan torpaqlarından.
Əsərin bu hissəsində bir təntənə, bir coşqu havası var.
Vətən
Bir ürəkdə döyünən candır,
Qarabağ bizimdir,-
Azərbaycandır!
Bu əsərin qəhrəmanı Azərbaycandır, onun tarixidir, zəfərləri, uğurlarıdır, həm də ağrı-acılarıdır. Və əsərin əsas qəhrəmanlarından biri Ali Baş Komandan İlham Əliyevdir.
Ali Baş Komandanın-İlham Əliyevin şərəfinə, qalib sərkərdəliyinə, ölkə Prezidenti kimi geniş və çoxcəhətli fəaliyyətinə, beynəlxalq aləmdə mahir diplomat kimi şöhrət qazanmasına dair onlarla, yüzlərlə məqalələr, neçə kitablar həsr olunub. Şeirlər də yazılıb, amma etiraf etmək lazımdır ki, poeziyada onun mükəmməl obrazı Ramiz Qusarçaylının bu əsərində daha dolğundur, təbii ki, Prezidentin obrazını yaratmaq üçün saysız hesabsız epitetlərdən istifadə etmək lüzumsuzdur, onun Azərbaycan sevgisini, Xalq sevgisini, Millət üçün fədakarlığını, gördüyü işlərdə, əməllərində əks etdirməlisən. Ramizin əsərində İlham Əliyevin xarici jurnalistlərlə apardığı söhbətlərin poetik intonasiyası duyulur.
“Vətən” poetik epopeyanın ilk fəsillərində “uduzdum” peşmançılığı tez-tez təkrar edilirdi. Amma 44 günlük Zəfərdən sonra “qaytardım” nidası eşidilir.
Səni qazi-qazi qaytardım, Vətən,
Qəhrəman-qəhrəman qaytardım səni.
Səni şəhid-şəhid qaytardım, Vətən,
Cana can, qana qan qaytardım səni.
Səni Ağdam-Ağdam qaytardım, Vətən,
Füzuli-Füzuli qaytardım səni.
Səni Laçın-Laçın qaytardım, Vətən,
Kəlbəcər-Kəlbəcər qaytardım səni.
Səni Şuşa-Şuşa qaytardım,Vətən,
Qarabağ-Qarabağ qaytardım səni.
“Vətən” poetik epopeyası Ramizin məşhur “Azərbaycan bayrağı” şeiri ilə bitir və bu, əsərə mənalı bir sonluq qatır.
Ramiz Qusarçaylının bu əsəri, heç şübhəsiz, müasir poeziyamızda yeni bir hadisədir və bu hadisə bir tərpəniş oyadacaq şairlərimizdə. Çünki istər nəsrimizdə, istərsə də şeirimizdə belə sənətkarlıqla yazılan əsərlərə ehtiyac duyulur.
“Vətən” poetik epopeyası yazdıq: doğrudan da bu əsərə poema demək azdır-Azərbaycan poeziyasında belə bir möhtəşəm epik-liriklə qələmə alınan əsərə ancaq yeni ad vermək olar: “Vətən” poetik epopeyası.
Ülvi Qılınc:” Hələ də bəziləri qohumluq, tanışlıq əlaqələrindən istifadə edərək önə çıxmağa çalışır”...
“O səs Türkiyə” müsabiqəsindəki səhnə davranışı, ifası ilə hər kəsi heyran qoyan azərbaycanlı ifaçı Ülvi Qılınc müsabiqədə uğurla irəliləməkdə davam edir.
Müğənni Musavat.com-a açıqlamasında gələcək planlarından söz açıb:
“Bir qədər sonra geridə qoyacağımız 2021-ci il həm kədərli, həm də sevincli oldu. Kədərli oldu ona görə ki, xeyli sayda sənətkarlarımız, yaxınlarımız koronavirus pandemiyasından, bu və digər səbəbdən dünyasını dəyişdi. Əlbəttə ki, kədərlə bərabər sevindirici anlarımız da oldu.
Bildiyiniz kimi hazırda da “O səs Türkiyə” müsabiqəsində mübarizəm davam edir. Düşünürəm ki, hər şey yaxşı olacaq.
Türkiyədə vokal musiqisinə çox gözəl münasibət var. Ümumiyyətlə, düşünürəm ki, həm vokal, həm də digər gözəl musiqilərin təbliğatını aparmaq lazımdır.
Türkiyədə sənətə düzgün qiymət verilir. Yəni sənətin varsa, böyük dəyər verilir, burada hansısa tapşırıq və yaxud qohum, tanışlıq əlaqələri rol oynamır. İnsanlar qəlblərindən gələn kimi səs verir.
Əlbəttə ki, Azərbaycanda da sənətə dəyər verilir. Lakin təəssüf ki, hələ də bəziləri qohumluq, tanışlıq əlaqələrindən istifadə edərək önə çıxmağa çalışır.
Amma xalqımın çox gözəl qəlbi var. Mənə dəstək üçün çox gözəl şərhlər yazır, öz fikir və arzularını qeyd edirlər. Bununla da anladım ki, böyük bir Azərbaycan kütləsi mənə dəstəkdir və buna görə fəxr edirəm. Buna görə də hər birinə öz təşəkkürümü bildirirəm”.
Nizami Gəncəvinin 880 yubileyi ilə bağlı beynəlxalq esse müsabiqəsinin qalibləri elan olunub
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (ARM) təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami - bəşəriyyətin şairi” adlı beynəlxalq esse müsabiqəsinin nəticələri elan edilib.
İƏT-dən AzərTAC-a bildiriblər ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd millətlər arasında mədəni əlaqələrin qurulmasına, gənclərin bir-birilərinin mədəniyyətini daha yaxından tanımasına, eləcə də Nizam irsinin İslam coğrafiyasında təbliğinə töhfə verməkdir.
Müsabiqənin şərtlərinə uyğun olaraq, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 10-a yaxın ölkədən 150-yə yaxın gənc iştirakçı ingilis dilində Nizami Gəncəvinin poetik və fəlsəfi yaradıcılığından bəhs edən esselər yazıb ekspert komissiyasına təqdim ediblər.
Ekspert komissiyasının müvafiq dəyərləndirmələrinə əsasən, birinci yeri Otabey Nərimanov (Özbəkistan), ikinci yeri Gülçöhrə Səidova (Özbəkistan), üçüncü Rizqi Citra Anuqerah (İndoneziya) yeri tutub, Pakistandan olan iki nəfər gənc isə həvəsləndirici mükafatlara layiq görülüblər. Həm finalçılar, həm də həvəsləndirici mükafat əldə edənlərə pul mükafatları veriləcək.
Qeyd olunub ki, İƏT Gənclər Forumu ARM-nin təşkilatçılığı və tərəfdaşlığı ilə dünyanın bir sıra başqa ölkələrində də Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı (Rusiya, Qazaxıstan, Özbəkistan, Pakistan, İndoneziya və s.) beynəlxalq tədbirlər keçirilib.
Xalq yazıçısı Elçinin hekayəsi Gürcüstan ədəbiyyat portalında dərc edilib
Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin “1TV.Eleqtroliti” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində Xalq yazıçısı Elçinin gürcü dilinə tərcümə olunmuş “Qatar. Pikasso. Latur. 1968.” hekayəsinin yayınına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin gürcü dilinə tərcümə müəllifi – Dövlət Tərcümə Mərkəzinin gürcü dili üzrə mütəxəssisi, yazıçı-tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, 2017-ci ildən fəaliyyət göstərən portal Ömər Xəyyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Leo Pere, Con Çiver, En Enrayit, Herta Müller, Hans Maqnus Enserberqer, Olqa Tokarçuk, Jorj Brasens, Esme Varnq, Peter Handke, Lusi Fleçer, Lores Ferlinget, Jak Brel, Lev Rubinşteyn, Con Maksvell Kutzee, Norbert Humelt, Syuzen Zontaq, Frans Holler kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.