“Güllələnmiş daşlar üçün bayatı” – Şuşaya gedən jurnalistin yol qeydləri Featured

Tanınmış jurnalist Aida Eyvazlının Şuşa səfəri zamanı yazdığı “ŞUŞAYA GEDİRİK...” adlı yol qeydlərini təqdim edirik.

 

 

Üzü Ötükənddən sənə,

Gələn yollarım mübarək.

Şuşa qarşılayır bizi,

Açıb qolların mübarək!

 

Medianın İnkişafı Agentliyinin dəvəti ilə jurnalist həmkarlarımızla birlikdə Şuşaya gedirik... Bakının cənub qapısından üzü Zəfər yoluna aparan yollarda indi bütün avtomobilləri yolkənarı tablolardakı “Şuşaya 380 kim”, “Cəbrayıla  250 kilometr”  kimi işarələr müşayiət edir. Üzü Beyləqana, Biləsuvara qədər gedən yollar mənə tanışdır. Lakin İmişli - Beyləqana dönən yol qovşaqlarını keçib Füzuliyə istiqamət götürəndə istər-istəməz oturduğum yerdən dururam, həmin əraziləri daha yaxından görüb lentə alım deyə önə keçirəm. İlk dəfə yaxından gördüyüm  sklet evlərin, viran olmuş,  daşı üstündə daş qalmayan xarabalıqların fotosunu və videosunu çəkirəm. Bizimlə eyni avtomobildə gedən jurnalist həmkarlarımın hər biri 30 ildir görmədiyimiz bu torpaqlarda ermənilərin törətdiyi talan və virana görə ürəyindəki nifrətlərini dilə gətirir. Mən öncə gördüyüm mənzərələri - dağılmış evləri,  yurdların aqibətini rus dilində şərh edirəm ki, dünyanın bir çox ölkəsindəki rusdilli dostlarıma bu dəhşətləri çatdıra bilim. Çünki öz dilimizdə özümüz danışanda bizi eşidən az olur. 

Təsəvvür edirsiniz,  Füzulinin içərisi ilə Şuşaya gedən yol şüşə kimi parıldayır. 1 il bundan əvvəl bu yollardan – indicə keçdiyimiz Horadizdən süvari qoşunlarımız, Xüsusi Təyinatlı qüvvələrimiz keçmişdilər. Buradan o tərəfə addım-addım  irəliləmişdilər. İndi  bu yollarda bizi qarşılayıb arxamızca boylanan şəhid portretləri var. Vətəni azad edəndən sonra  şəkilə dönmüş şəkil kimi oğlanların şəkilləri...

Horadizi keçirik. Şəhidlərimizə və qazilərimizə həsr etdiyim  yeni kitabımın qəhrəmanları mənə bu yerlər haqqında çox danışıblar. Yolun sağında  qazılan valları göstərir sürücümüz Elxan. Və yalnız indi  təsəvvür edə bilirəm ki, val necə olurmuş.  Bu günə qədər  yazdığım kitablardakı hekayətləri ancaq şahidlərin dilindən eşitdiyim kimi qələmə almışam. Gözlərimin önündə təsəvvür etmək çox çətin olub.  O qədər istəyirdim ki, öz gözlərimlə görüm...

Üzü yuxarı gedən Horadiz yolunun  sağ hissəsində ağaclıqları görürəm. Həəə... bax 27 sentyabr 2020-ci ildə burada  N saylı hərbi hisssənin taborlarından birinə  ermənilərin  atdıqları TOÇKA U raketi düşmüşdü. Taborun üç döyüşçüsü döyüşə girmədən şəhid olmuşdu.   

Bax, bura da Əlixanlı kəndidir. Burada da qanlı döyüşlər getmişdi. 4 oktyabrdan 5 oktyabra keçən gecəsi səhərə qədər yağış dayanmadan yağmışdı... 1 il əvvəl buralarda qan su yerinə axmışdı.  Yağış qana bulaşmışdı...  O tərəf isə Hadruta gedən yoldur. Orada Murad Qurbanov, Nicat Şükürlü, Ruslan İmanquliyev, leytenant Teymur Əzizov...  şəhid olmuşdular.  Yeganə oğlu Ruslan İmanquliyevin  dərdinə dözməyib bu il vəfat edən anası Ramiyənin acı gülüşləri və göz yaşları gəlir gözlərimin önünə. Ruslan İmanquliyev haqqında yazdığım həyat hekaysində belə bir məqam var: “Polkovnik leytenant Həmdəm Ağayev brezent örtük tapıb Ruslanın dünyadan xəbərsiz bədənini örtdü ki, yağan yağış onu islatmasın. Hava qaralana qədər döyüş davam etdi. Atışma dayanandan sonra isə uşaqlar Ruslanın  cansız bədənini döyüş bölgəsindən çıxarıb ərazidə gözləyən hərbi təxliyə maşınına təhvil verdilər. Özləri isə bir az bundan əvvəl şəhid olmuş cəsur Ruslanın və digər şəhidlərin qisasını almağa davam etdilər..”.

Demək həmin qanlı döyüşlər bu ərazilərdə getmişdi... İndi o izləri torpaq örtüb, yer gizləyib... Dəhşətə gəlirəm. Bu yolların hər qarışını görməsəm də tanıyırammış ki...  

İndi isə bu yerlərdə abadlıq və quruculuq işləri gedir.  Zəfər yolu boyu gördüyümüz  daşı-daş üstə qalmayan evlər, yurdlar ürəyimizi al qana qərq edir yenə... Ötən ilin müharibəli günlərini yaşayırıq...  Görəsən  dünyada  başqa belə bir millət də varmı ki,  özünün olmayan yurda gəlib oranı viran qoysun... 

Sürücümüz Elxan deyir ki, Füzulidən Şuşaya gedən 400 kilometr yolun 100 kilometri qalıb.  Qonşum  və jurnalist həmkarım Lalə Mehralının telefonuna zəng gəlir. Kiminləsə danışır. Sevinə-sevinə deyir  ki: “Hə, Şuşaya gedirik...”. Onun bu sözü iliklərimə qədər işləyir. Bədənim titrəyir. Qeyri-ixtiyarı gözlərimin yaşı yanaqlarımdan  süzülür. Nə qəribə mistikası var imiş bu sözün: “Şuşaya gedirik!”. Şükür Tanrım, Şuşaya da getmək olarmış...

Yolun sol tərəfində Füzuli hava limanının ətrafında aparılan abadlıq işlərinin şahidi oluruq.  Təkcə Füzulidəmi?  Yol boyu sürücü bizə aparılan abadlıq işləri haqqında məlumat verir. Məlum olur ki, Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Bu yollarda da qızğın iş gedir.  Bizimkilər YOL çəkirlər. Yol mədəniyyətdir. Yol çəkməyi ancaq mədəni xalqlar bacarar. Bu yurdları tarixin qədim əsrlərindən yollu-yoncalı etmişik. Bu torpaqlarda yol açan ilk türk atlıları olub. At nallarının izləri var bu yollarda.

Gör bir Qarabağın  əksər rayonları azad olunandan sonra  1 ildən az müddətdə nə qədər yol çəmişik.  Rəhmətlik Əzizə Cəfərzadənin “Vətənə qayıt” romanı bu sözlərlə başlayırdı: “Şamaxı yollardan başlayır”. İndi isə Qarabağ, Şuşa yollardan başlayır. Bu yolların hamısı Zəfər yolunun qovşaqlarıdır. Abad, işıqlı yollar, işıqlı gələcəyin yolları olsa gərək...

Hamımız həyəcanlı, hamımız həsrətliyik... Tez-tez jurnalist həmkarlarımız sürücüyə  “Şuşaya nə qədər qalıb? Nə vaxt çatacağıq”, deyə sual edirlər.  Qışın bu oğlan çağında  hava da elə xoşdur ki... Göy üzü mas-mavidir. Mənim sevdiyim, darıxdığım mavilik.  Bakıda Göy Səma heç vaxt belə mavi  olmur. Bu gün təbiətin də, qışın da, Tanrının da oqatının xoş vaxtıdır deyəsən...  İki-üç gün əvvəl yağan qar hələ dağlarda dincəlir. Yolun ortasında  Ləman Ələşrəfqızı, Pərvanə İbrahimova, Lalə Mehralı, Sevil Gültən, Afət Telmanqızı ilə bir xatirə şəkli çəkirik. Arxamızda Şuşa dağları görünür, başımızın üstü isə mas-mavi göy səma.  Bu gün Şuşanın başı dumanlı deyil.

Şəkil çəkdirdiyimiz yoldan ötən ilin oktyabr və noyabr aylarında erməninin yalını yeyən və bizə hürən War Gonzo layihəsinin müəllifi Semyon Peqov  döyüşün qızğın vaxtlarında reportaj verərək dünyaya erməni yalanlarını doğru kimi  danışırdı. Deyirdi ki, Qarabağda döyüşün üstünlüyü ermənilərin tərəfindədir. Bu yolda bizim rəşadətli əsgərlərimizin düşmən meyitlərinin üstündən keçən məşhur fotosunu yəqin xatırlayırsınız.  Biz də özümüzü bir az onlara oxşatmaq istədik.

Yarım saatdan sonra Şuşaya çatırıq. Azərbaycan tərəfin və sülhməramlıların birgə postuna. Bizim sənədlərimizi yoxlayırlar. Buradan Şuşa qalasına keçən bütün maşınlar yoxlanılır. Hasarın o biri üzündən isə düşmənlərimizin maşınları keçir. Bir-birimizi görürük. Yenə də avtomobildə olan  jurnalistlər əsəbiləşirlər.  Ona görə əsəbləşirik ki, ermənilərin maşınları o baş-bu başa  keçir, sülhməramlılar isə onları yoxlamırlar.  “Sülhməramlıların” məramının nə olduğunu hamımız yaxşı bilirik. Onlar burada dayanmasalar, bu gün  ətrafda bir erməni də yaşamaz.  Neyləyək ki, bu siyasi oyunların içərisində 30 ildir ki, əziyyət çəkirik. Müstəqilliyimizin bahasını irticaçılara hələ də ödəməkdəyik. Fikirləşirəm ki, biz müstəqil olandan bu günə kimi gülləbaran olunuruq. Gör bir imperialist qüvvələr içərimizə doluşmasaydılar, indi Azərbaycan dünyanın ən varlı ölkəsi olardı. Bu 30 ildə varımıza, dövlətimizə göz dikdilər, torpağımızı, Vətənimizi yağmaladılar...  Kənd-kənd, rayon-rayon, şəhər-şəhər Şəhidlər Xiyabanlarımız yarandı...  “Azərbaycan, sinəsi dağlı anam oyyyy”. 

Şuşaya  daxil oluruq. Artıq günortadır. Gün də Şuşanın başının üstündən gülümsəyir. Biz buralara nabələdik axı.  MEDİA-nın əməkdaşı Pərvanə İbrahimli deyir ki, Şuşada bizi  Şuşa Dövlət Qoruğunun İctimaiyyətlə Əlaqələr və İnformasiya texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov müşaiyət edəcək.  Köhnə və həm də köhnəlməyən həmkarımız Zaur bizi sevinclə qarşılayır. Şuşada açılan “Qoç ət” restoranında nahar edirik.  Restoranda  Şuşanın keşiyini çəkən hərbiçilərimizlə qarşılaşırıq. Burada hərçilərimizə göstərilən xidmət də endirimlidir. Onu da öyrənirik ki, Şuşanın azad olması üçün qurban kəsdirənlər, ehsan böyun alanlar qurbanlıqlarını bu restorana göndərirlər. Restoranın işçiləri də həmin qurbanlığı dönər kimi, kabab kimi bişirib  hərbi hissələrə paylaşdırırlar.  Yəni əsgərlərimizin, Şuşanın və Vətənin keşiyində duranlarımızın qulluğunda dayanıblar. 

Nahardan sonra  Zaur Həsənovun müşaiyəti ilə  şəhərə çıxırıq...

Şuşalı jurnalist Kəmalə Cahidqızının yaşadığı beşmərtəbəli binanın qarşısından keçirik. Ölü bina, yaralı bina... Tarixi binaların  hamısının skleti qalıb.  Daş-daş, pəncərə-pəncərə, tarix-tarix sökülüb ki,  tariximizin izi qalmasın... Binaların bağrı güllədən oyma-oyma, deşik- deşikdir. 

Bu küçələrdə gedən döyüşlər haqqında SOCAR-ın əməkdaşı, qazimiz Fərid Həsənov danışıb mənə...  Bax bu “İkimərtəbəli karvansaraydır”... Aman allah, bu necə dəhşətdir...  Saatlı məscidi - 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmişdir. Şuşa şəhərinin tarixini tədqiq edən Çingiz Qacarın yazdığına görə, Saatlı məscidinin yerində 1759-cu ildə Pənahəli xanın tikdirdiyi məscid və mədrəsə olmuş, məhz bu mədrəsədə böyük Azərbaycan şairi Molla Pənah Vaqif dərs demişdir.  İndi burada Pənah xanın sarayının, Qara Böyük Xanım bürcünün, Hacıqullar malikanəsinin, Xurşudbanu Natəvanın evinin, Əsəd bəyin evinin, İkimərtəbəli  karvansarayın yerində  viran qalmış,  dağıdılmış sklet evlər görünür. Bəlkə də bir himə bənddirlər, yanaşıb əlini vursan hamısı ovulub yerə töküləcək. 

Binaların hamısı yaralıdır. Hamısı gülləbaran olub. Hamsının daşları göynəyir... Güllə, top səslərindən bağırları yarılıb... Burada evlər qat-qat olub...  İndi bu viranəni də yenidən biz abad etməliyik... Hələ bir beynəlxalq təşkilatlar utanmadan bizə deyirlər ki, ermənilərin xətrinə dəyməyin.  O “beynəlxalq” deyilən təşkilatın  evinin bir pəncərəsini bir erməni sındırsa,  pəncərəsini sındıran ermənini bağışlayarmı?! Hələ mən demirəm ki, erməni onun övladını öldürsə neynəyər.

...Çıdır düzünə gəlib yetişdik. 24 dekabrda Ali Baş Komandan İlham Əliyev buradan Azərbaycanlı bacı-qardaşlarına 60 illiyi münasibəti ilə ünvanladığı təbriklərə görə minnətdarlıq etdi. Lakin hər şeydən əvvəl şəhidlərimizi və burada qan tökən igidlərimizi xatırladı. Cənab prezident bütün çıxışlarında onların uca haqqından danışır. Hər kəsin Cıdır düzünü bizə verən o əsgərlərin, o qazilərin, o döyüşçülərin qarşısında borclu olduğunu deyir. Əfsuslar olsun ki,  özünü  karlığa və körluğa qoyan bəzi hakimiyyət nümayəndələri bunu  qəbul etmək istəmirlər... 

...Cıdır düzündəyik... Həmkarlarımız  “Yallı” gedirlər... Mən burada hələ qol qaldıra bilmirəm. Məni hələ qan tutub.  Mən hər yerdə şəhidlərin qanını, döyüşən əsgərləri görürəm... Qulaqlarıma raketlərin, bombaların , avtomatların, yaralı əsgərlərin, su istəyən igidlərin səsi gəlir... Ona görə də könlümdən bu misralar keçir:

Örtübdü qar örpəyini,

Qoruyur xar çiçəyini
Şəhidimin göyçəyini
Saxlar qoynunda mübarək!

 

Nicat Hüseyn dağ-daşla söhbətimi görüb mənə yaxınlaşır. Nüsrət Kəsəmənlinin  şerini xatırlayıram:

Yüyürüb, yüyürüb dərə boyunca,

Düşüm çəmən üstə mən üzüqoylu.

Öpüm bu torpağı öpüm doyunca,

Üzümə üz qoysun hər soyuq daşı,

Qoy şehə qarışsın gözümün yaşı
Qurumuş bulaqlar içir könlümdən,

Elə kövrəlmişəm, bilmirəm nədən,

Dəli bir ağlamaq keçir könlümdən.

 

Bu bəndi göz yaşları içərisində deyirəm Nicata. Bir azca dərdləşirik. Deyirəm ki, ay Nicat, baxırsan da Şuşanın gözəlliyinə, təbiətinə... Belə yerləri qoyub gedən adam sağ qalarmı? Əsla! Bax beləcə yurd yerlərini itirdiklərinə gör nə qədər yaxşı kişilərin ürəkləri dərdə tab gətirmədi, partladı... Belə yurdu əldən verən adam həqiqətən də yaşaya bilməz. Mən indi bu yerləri görəndə bir daha əmin oluram ki, yurdlarını, ocaqlarını düşmənə qoyub gələnlər, bu 30 ildə yaşamayıblar... Onların ömrü ömür olmayıb ki...

Buradakı əsrlərin  şahidi daşların hamısının üzündə çopur-çopur  ləkələr var. Oturub əllərimi o daşlara çəkirəm.  Biri soyuq, biri isti, biri nəmdir. Üz qoyuram, öpürəm, qucaqlayıram. Daş dibindən boy verən çiçəklərlə danışıram. Bayatı deyirəm onlar üçün...  güllələnmiş daşlar üçün... Deyirəm ki, mən Ötükəndə Bilgə Xaqanın, Tonyükükün daş məktublarını qucaqlayıb sizə salam göndərəndə məni eşitdinizmi? Mən orada Tanrıdan bu torpaqları, bu daşları qaytarmaq üçün Ordumuza, igid oğlanlarımıza güc verməsini, ruhlarının oyandırmasını istədim... Siz məni eşitdinizmi?!

Əlimi daha bir daşa çəkirəm. Bu daş o birisindən istidir. Bu daş mənə deyir ki, hə, eşidirdik.  

Daşlara zikr edərəm,,

Min cürə fikr edərəm.

Torpaqlar geri dönsə,

Tanrıya Şükr edərəm.

 

Bax, indi dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşən Cıdır düzündə dayanıb Tanrıma şükür edirəm!

Cıdır düzündən baxanda Şuşa qalasının Qırxqız, Kirs, Murov, Bağqıran, Sarıbaba dağları ilə əhatələndiyini daha aydın görmək olur. Bizdən öndəki həmin yerdir. Həmin qayalıqlardır. Xüsusi Təyinatlıların, “YAŞMA”nın  canavarlarının əl ilə, ayaqla çıxdığı qayalıqlar. Əyilib bu torpağı, o daşları öpürəm. Bu daşların üstündə  İntiqam Əsgərovun və onlarla qəhrəmanımın ayaq izi, əl izi, qan izi var. Xüsusi Təyinatlı İntiqam Əsgərli Şuşa azad olunandan 1 gün sonra burada həlak olub. Haraya baxsam da,  həlak olduğu yeri müəyyən edə bilmirəm. Buradakı bir hərbçi deyir ki, buralar düşmən meyitləri ilə dolu olub. Çünki xüsusi hazırlanmış əməliyyata görə bizim döyüşçülərin bir hissəsi ermənilərin başını Daşaltı tərəfdə qatıblar. Orada xırda döyüş əməliyyatı keçirməklə, diqqəti özlərinə tərəf çəkə biliblər. Qayalıqlardan kiminsə Cıdır düzünə çıxa biləcəyi kimsənin ağlına gəlməyib. Lakin düşmən tərəfi də son gülləsinə qədər döyüşməyə üstünlük verib. Əks halda şəhərdə bu qədər darmadağın olmazdı ki. Çünki düşmən bilirdi ki, Şuşanı əldən vermək, özlərinin uydurduqları Qarabağ nağılını unutmaqla nəticələnəcək.

Gəzirik, doymadan, usanmadan, yorulmadan hey gəzirik bu gözəllər gözəli Şuşanı. Vaxt daralır. Bakıya dönmək məqamıdır. Yuxarı Gövhər ağa məscidini də ziyarət edirik. Şuşanın tarixi-mədəniyyət memarlığının incilərindən olan bu iki cümə məscidi də erməni vandallarından xilas oldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi, həm Yuxarı Gövhər ağa məscidi, həm də Aşağı Gövhər ağa məscidi bərpa olunub.  Sütunlarını tumarlayıram. Bu sütunlara barmaqlarım toxunan kimi 17-ci əsrin hənirtisini duyuram. Bu məsciddə  xanlar, bəylər, hökmdarlar namaz qılıb azan oxutdurublar, Tanrıya dua ediblər.  Bu daşlar onların xoş niyyətləri, arzuları ilə butalanıb. 

Bir də ki, Molla Pənah Vaqifin məqbərəsini  ziyarət edirik. Şuşa işğaldan azad ediləndə bura necə viran idi. İndi ətrafı gülüstana dönüb. 

Sonda isə üstündə qırmızı hərflərlə Şuşa Qalası yazılan qədim qalanın önünə keçirik. Burada Medianın İnkişafı (MEDİA) Agentliyinin plakatı ilə 27 dekabr 2021-ci il gününə əbədi xatirə şəkli çəkdiririk. 2021-ci Zəfər ilimizin sonunda bizi Zəfər yoluna çıxaran xoşməramlı  Medianın İnkişafı Agentliyinə böyük təşəkkür  düşür. İlin sonunda bizə sözün əsil mənasında unutmaycağımız, hər zaman  xatırlayacağımız bir  gün yaşadıblar. Çoxdan görmədiyim qələm dostlarımı görmüşəm. Sözümüz sözü, xatirələrimiz xatirələrimizi çəkib... 

Şuşanı yaralı görmək heç də xoş deyil. Ancaq ki, biz Şuşanın yaralarını sarıyacağıq. Biz öz yurdumuza, Vətənimizə sahib çıxmağı bacardıq. 30 il əvvəl Şuşada 18 min əhali yaşayıb. 30 il ərzində köçkünlükdə həmin əhali artıb 28 min olub.  Bir neçə ildən sonra bütün şuşalılar öz yurdlarına qayıdacaqlar. 

Cıdır düzündən baxanda Xankəndi ayaqlarımızın altında görünür. Başqa vaxt olsaydı “ayağımızın altında” yazmazdım. Ancaq indi ayağımızın altındadırlar. Xankəndini irticaçı qüvvələrlə birlikdə işğal edəndən sonra burada 2500 hərbçi, 500 qarışıq ailə yaşayıb. Şuşadakı hərbçilər dedilər ki, hava qaralandan sonra Xankəndində və hələki ermənilərdə qalan 30-dan artıq  kəndlərimizdə çox az evlərdə işıq görünür. Ermənilərin saxta statistikasına görə guya burada 120 min əhali var. Lakin Azərbaycan tərəfin hər gün apardığı hesablamalardan məlum olur ki, ətraf kəndlərdə və Xankəndində qalan ermənilərin sayı  heç 30 min də deyil. Azərbaycan tərəfdən müşahidə nəticəsində məlum olur ki, küçələr boş, binalar boş... Binalarda çox az-az işıqlar yanır... 

                                                   *******

Mən evə qayıdıb Şuşa təssüratımı yazanda bibim Şamaxıdan zəng vurdu. Səfər təssüratımı öyrənmək istədi. Soruşdu ki, Şuşa necədir? Xoşuna gəldimi?

Dedim ki, xəstədir Şuşa, yaraları qan verir, bütün binalar, küçələr, daşlar yaralıdır. Sınıq-sınıq, əzik-üzükdür. Ağır yaralı adam necə olar? Bax Şuşa da elə yaralıdır. İndi onu yavaş-yavaş müalicə etmək üçün gör bir nəqədər əziyyət çəkməliyik.  Mübarək Zəfər Yolumuz var. Şuşada İstilik Elektrik Stansiyası tikilib, Su xətti çəkilir. Amma hələ küçələrində adam görmədim. Xəstədir, gəzə bilmir ki, küçəyə çıxsın... Və onu da qeyd etdim ki, bibi,  təsəvvür edirsən, bizə bu qədər ziyan vurublar, bütün yurdlarımızı dağıdıblar, dünya hələ də bu göreşənlərin nazı ilə oynayır... 

Ən təsirlisi isə odur ki, onların dağıdıb viran qoyduqlarını biz öz hesabımıza, öz büdcəmizə tikib-qururuq. Allah eləməsin ki, gələcəkdə belə göreşənlər gəlib tikib-qurduqlarımızın içərisində yaşasınlar.

 

Bakı-Şuşa-Bakı, 27 dekabr 2021.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.