Super User
Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyi qeyd olunub
Xəbər verdiyimiz kimi, dekabrın 26-da Azərbaycan incəsənətinin inkişafında böyük rolu olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubiley gecəsi keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən tədbir barədə daha geniş məlumatı oxucularına çatdırır.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi yubiley gecəsində ilk olaraq nazir Anar Kərimovun yubilyar teatrın kollektivinə təbrik məktubu oxunub. Nazirin təbrikində sənət ocağının zəngin yaradıcılıq yoluna nəzər salınır, kollektivin hazırladığı tamaşaların hər zaman azyaşlı izləyicilərin rəğbətini qazanması, onların teatra sevgi ruhunda böyüməsində önəmi vurğulanıb. Nazir teatrın kollektivinə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək yola salmağa hazırlaşdığımız 2021-ci ilin maraqlı yubiley tədbirləri ilə yadda qaldığını bildirib. Deyib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Ordusunun qazandığı Qələbə bütün xalqımızın, xüsusən yaradıcı insanların əzmini, inam və gücünü daha da artırıb.
Elnur Əliyev qeyd edib ki, milli-mənəvi dəyərlərin təbliğatında, yetişən nəsillərin teatr sənətinə sevgi ruhunda formalaşmasında Kukla Teatrı təmsilçilərinin xüsusi rolu var. O deyib:
“Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, ümumiyyətlə, teatr aləmində vacib bir fenomendir. Çünki uşaqların zövqünü formalaşdıran, onlarda bu sahəyə maraq yaradan Kukla Teatrıdır.
Hazırda yaradıcı sənayenin aparıcı qolu olan teatr sənətinin, ümumilikdə incəsənətin televiziya və kompüter, telefon ekranları ilə rəqabətdə olduğu şəksizdir. Bu rəqabətdə üstünlüyü saxlamaq üçün canlı ünsiyyət mühüm amildir. Canlı tamaşalar həm də uşaqlarda milli dəyərlərin formalaşması baxımından vacibdir. İnanırıq ki, Kukla Teatrı bu rəqabəti nəzərə alıb işini gələcəkdə də öz prinsip və ənənələrinə uyğun quracaq, balaca tamaşaçılar üçün daim maraqlı məkan olacaq. Kukla Teatrının bütün kollektivinə möhkəm cansağlığı, yaradıcılıq sahəsində yeni nailiyyətlər arzulayıram”.
Sonra teatrın kollektivindən Rəhman Rəhmanov, Ülviyyə Əliyeva, Elmira Hüseynova və Sona Quliyeva Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif ediliblər.
Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək ittifaqın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun Kukla Teatrının kollektivinə təbriklərini çatdırıb. O, Kukla Teatrının məhsuldar fəaliyyəti, zəhmətkeş kollektivi, zəngin repertuarı, yaratmış olduğu səhnə ənənələrindən söz açıb. Sonra teatrın yaradıcı heyətinin bir qrupuna ATXİ-nin fəxri fərmanları təqdim olunub.
Yubiley gecəsində teatrın repertuarındakı ən yaddaqalan tamaşalardan ibarət səhnələşdirilmiş kompozisiya təqdim edilib. Tamaşaarası səhnədə 90 il bundan əvvəl ilk kuklaçı Mollağa Bəbirlinin hazırladığı kuklaların fotoşəkilləri proyeksiyada nümayiş olunub. Böyük ekranda Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan və digər ölkələrdə fəaliyyət göstərən kukla teatrlarının təbrikləri də nümayiş etdirilib.
Salyan, Gəncə və Qax Dövlət Kukla teatrlarının rəhbərləri də səhnəyə çıxaraq həmkarlarını təbrik ediblər. Dövlət Gənc Tamaşaçılar Teatrının yubileyə töhfə olan səhnəciyi də böyük maraqla qarşılanıb.
Tədbirin sonunda yubilyar kollektivlə görüşən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev onları bir daha təbrik edib, xoş arzularını çatdırıb. Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının əsası 1931-ci ildə böyük teatr fədaisi, ilk peşəkar kuklaçı Mollağa Bəbirli tərəfindən qoyulub. 1932-ci ildə kollektiv “Sirk” adlı tamaşa ilə səhnəyə çıxıb. Bu günədək 600-dən artıq tamaşa hazırlayan teatr daim rəngarəng və zəngin repertuarı ilə seçilir. Hazırda teatrın cari repertuarında 28 səhnə əsəri var. Teatrda Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Milli Mərkəzi yaradılıb və teatr qurumla sıx yaradıcılıq əlaqələri saxlayır.
Təbriklər, yubilyarlar!
Səməd Vurğunun ev-muzeyində Yusif Səmədoğlu anılıb
Dekabrın 25-i “Qətl günü” romanı ilə adını ədəbiyyat tariximizə yazmış görkəmli Azərbaycan yazıçısı və ssenaristi, ictimai-siyasi xadim Yusif Səmədoğlunun doğum günü idi. Sağ olsaydı, indi o, 86 yaşını qeyd edəcəkdi.
Həmin gün Səməd Vurğunun ev-muzeyi və Vaqif Səmədoğlu Mərkəzinin birgə layihəsi çərçivəsində Yusif Səmədoğluya həsr olunmuş ədəbi-musiqili gecə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gecəni muzeyin direktoru, fəlsəfə doktoru Nüşabə Babayeva-Vəkilova açaraq Yusif Səmədoğlunun həyat və yaradılıcılığından bəhs edib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, görkəmli yazıçı Anar Rzayev, “Azərbaycan” jurnalının baş redaktoru, əməkdar incəsənət xadimi İntiqam Qasımzadə, yazıçı, dramaturq Seyran Səxavət, Yusif Səmədoğlunun qızı Mehriban xanım Yusif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüblər. Filologiya üzrə fəlsəfə doktoru Aygün Vəkilova, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, yazıçı Aysel Fikrət çıxış edərək Yusif Səmədoğlu şəxsiyyətinə və eləcə də nəsrinə qiymət veriblər. Xəzər Süleymanlı Yusif Səmədoğluya həsr olunan şeirləri səsləndirib.
Sonda Nüşabə Babayeva -Vəkilova Yusif Səmədoğlu işığına yığışan hər bir kəsə öz minnətdarlığını bildirib.
Ruhu şad olsun görkəmli yazıçımızın!
İlin kitabı: Bas Büters və Joris Qroen “Onlayn təsir: İnsanlara onlayn alış-veriş etmələri üçün necə təsir etməli”
Bu bestseller hazırkı durumda insanlar üçün bir bələdçi rolu oynayır. Virtial dünya və virtual alış-veriş. Moskvada artıq onun rusca variantı Yeni il endirimi ilə satılır, güman ki, tezliklə Bakıya da gəlib çıxacaq.
Necə etməli ki, qeydiyyatdan keçmiş sayt istifadəçiləri alıcılara çevrilsinlər və təsadüfi internet serferlər qeydiyyatdan keçmiş istifadəçilər olsunlar? Davranış psixologiyasının savadlı tətbiqi saytın, tətbiqin və ya onlayn kampaniyanın effektivliyini əhəmiyyətli dərəcədə artırır. Psixoloq və veb-dizayner Joris Qroen və inanc gurusu Bas Vyuters hansı üsulların işlədiyini və nə üçün işləməyəcəyini ətraflı izah edir. Kitabda online auditoriya ilə qırxıncı illərin Praktiki təcrübəsinə və Fogg, Çaldini və Kaneman kimi ən məşhur müasir biheviorist alimlərinin biliklərinə əsaslanan, xüsusi və asanlıqla tətbiq olunan tövsiyələr var.
Kitab aşağıdakı mükafatlara layiq görülmüşdür: PIM mükafatı "Marketinq kateqoriyasında ilin kitabı" (2020), "Menecment kateqoriyasında ilin kitabı" (2021) nominasiyası. Bu nüfuzlu Hollandiyalı marketinq Mükafatının münsiflər heyəti öz hesabatında yazırdı: "Bu kitab rəqəmsal marketinq sahəsində davranış psixologiyasından sübut edilmiş nəzəriyyələrin praktiki tətbiqini təklif edən digər mövzular fonunda fərqlənir. Bu, sadəcə ilin ən yaxşı kitabı deyil, onu öz işinə ciddi yanaşan hər hansı bir marketoloq oxumaq məcburiyyətindədir".
Cismi erməni, ruhu azərbaycanlı olan bəstəkar, kino günü, bir də Məleykə Əsədovanın “bığı”
27-28 dekabrın təqvimi Varisin təqdimatında
27 dekabr
Hər vaxtınız xeyir! Yeni ilə sayılı günlər qalmaqdadır. Bütün diqqətlər bu əsas bayrama yönəldiyindən bu gün təqvimdə olduqca az qeydetməyə rast gəlinir. Beynəlxalq miqyasda qeyd ediləsi isə cəmi bir gün var: Qar dənəciklərini kəsmək günü.
Beynəlxalq Qar dənəciklərini kəsmək günü
Heç qar dənəciklərini yaxından görmüsünüz? O qədər möcüzəvi, əsrarəngizdirlər ki. Sanki bir rəssam fırçası bəzəyib-düzəyib onları. Adətən Yeni il ərəfəsində süni qar dənəcikləri naxışları pəncərələrə vurulur, divarlardan, küknarlardan asılır. Bu günün də anlamı qar dənəciklərini kağızdan kəsmək, onlarla evi bəzəməkdir. Axırıncı dəfə nə zaman uşaqlıq etmisiniz? Yadınıza gəlmir, deyilmi? Bax bu gün əsl fürsətdir. Uşaqlarınızla birgə karandaş, vərəq, qayçı, bir də rəngli kağızlar götürün, qar dənəciklərinin rəsmini kağıza çəkib sonra onu kəsin, asın küknarlardan, yaxud sapa düzüb divardan asın. Bu da olsun sizin bayramınız.
Bu dəfə meyvəli piroq
Bu gün çöx az ölkədə hansısa bir hadisə qeyd edilir, daha doğrusu, cəmi dörd ölkədə nəyisə qeyd edirlər. Ruslar Xilasedicilər gününə sevinirlər, təbii ki, söhbət Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar zamanı insanları ölümün pəncəsindən qoparan xilasedicilərindən gedir.
Şimali Koreyada bu gün Konstitusiya günüdür. Dünyanın ən avtoritar rejiminin bərqərar olduğu, insanların heç bir hüquq və azadlığı olmadığı bir ölkənin konstitusiyasında, maraqlıdır, nədən bəhs olunur?
Rumıniyada Müqəddəs Stefan günü qeyd edilir, bu bir pravoslav bayramı olsa da dövlət bayramı kimi qutlanır, qeyri-iş günü sayılır.
Amerikalılar isə adətlərinə bu gün də xilaf çıxmayaraq mətbəx bayramı qeyd edəcəklər, bu gün qərblilər Milli meyvəli piroq gününə sevinəcəklər. Yeri gəlmişkən, amerikalılar piroqda meyvə inqrediyenti kimi ən çox almadan istifadə edirlər.
Dəhşətli Türkiyə zəlzələsi və Radio City Music Hall
2008-ci ilin bu günündə Qəzza bölgəsində İsrail ordusu HƏMAS-a qarşı böyük antiterror əməliyyatına başlayıb. 1979-cu ilin bu günündə sovet hərbçiləri Əfqanıstan prezidentı Amini sui-qəsd nəticəsində öldürüblər. 1959-cu ilin bu günü türk xalqına bədbəxtçilik gətirib, ölkənin şimalında – İstanbul, Sivas və Samsunda zəlzələ nəticəsində 50 min insan həyatını itirib, yüz minlərlə evsiz-eşiksiz qalmış insan isə 30 dərəcəyə çatan dəhşətli şaxtaların cənginə düşüb.
Ardınca iki müsbət hadisənin ildönümü gəlir: 1945-ci ilin 27 dekabrında Nyu-Yorkda 28 ölkənin nümayəndəsi Beynəlxalq Valyuta Fondunun yaradılmasını rəsmiləşdiriblər. 1932-ci ildə Böyük depressiyanın ən qızğın vaxtında Nyu-Yorkda dünyanın ən böyük incəsənət teatrı olan Radio City Music Hall açılıb. Amma sonluq yenə də kədərlidir. 1929-cu ilin bu günündə Stalin “qolçomaqların bir sinif kimi ləğv edilməsi” siyasətinə başlamaqla insanlığa qarşı böyük cinayətə imza atıb.
Akademik Musa Musayevin 100 illiyi və məşhurların doğum günü
Azərbaycanda protozoologiyanın elmi məktəb olaraq formalaşmasına böyük əmək sərf etmiş, öz araşdırmaları ilə sitologiya, biokimya və molekulyar biologiyanın müasir metodlarının tətbiqi sayəsində elmin inkişafına təkan vermiş akademik Musa Musayev 350-dən artıq elmi əsərin, o cümlədən 14 monoqrafiya, dərslik və metodik vəsaitin, 10 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. O, Azərbaycanda biologiya elminin inkişafındakı xidmətlərinə görə 1974-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Musa Musayev 2010-cu il dekabr ayının 4-də vəfat etmişdir. Ruhu şad olsun.
Bu gün bir neçə məşhur şəxsin də doğum günüdür. 1948-ci ilin 27 dekabrında canlı klassik, böyük fransız kinoaktyoru Jerar Depardye dünyaya gəlib. 1901-ci ilin bu dekabr günündə daha bir şöhrətli aktyor doğulub, söhbət alman kinoaktrisası Marlen Ditrixdən gedir. 1822-ci ildə dünyaşöhrətli fransalı kimyaçı, bakterioloq, müasir mikrobiologiya və immunologiyanın banisi, həmçinin pasterizasiya elmi metodunun banisi Lui Paster dünyaya gəlib.
İki Azərbaycan bəstəkarı
1932-ci ilin bu günündə Astarada Azərbaycanın böyük bəstəkarı, Respublikanın xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycanda ilk rok operettanın müəllifi, 60-a qədər teatr tamaşalarına və filmlərə musiqi bəstələyən və ən əsası, dillər əzbəri olan mahnıları ilə sevilən Oqtay Kazımi dünyaya gəlib.
Hər kəsin özünün ayrıca bir fonotekası var, sevdiyi mahnılar orda cəmlənib, o mahnılar harda səslənərsə həmin insanın ruhu oyanar. Təsəvvür edin ki, mənim fonotekamdakı mahnılardan ikisi – Flora Kərimovanın ifa etdiyi “Heyif” (sözləri Bəxtiyar Vahabzadənindir) və yenə də Flora xanımın ifa etdiyi “Nə gəlməz oldun” (sözləri Əli Kərimindir) mahnıları Oqtay Kazımiyə aiddir. Böyük bəstəkar ümumiyyətlə bir neçə nəslin hiti olan onlarca məşhur mahnının bəstəçisi kimi tarixə düşüb. Cabir Novruzun sözlərinə bəstələnmiş “Ey həyat sən nə qəribəsən”, “Cavanlığım”, “Dünya bir nəğmə idi”, “Mənim duyğularım”, “Tələsin insanlar” mahnıları, toylarımızın himninə çevrilmiş “Evimizə gəlin gəlir” (sözləri Ramiz Heydərindir), illərin sınağından keçib gələn “Oxu bulbul” (sözləri Cəfər Cabbarlınındır), sevgi simvolu olmuş “Qaytar eşqimi” (sözləri Fikrət Qocanındır) və “Eşqimə şahid zaman” (sözləri Faiq Bağırzadənindir) kimi mahnılar Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir. Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Oqtay Kazımi 9 avqust 2010-cu il tarixində - 78 yaşında vəfat edib, ruhu şad olsun.
1923-cü ildə Azərbaycanda daha bir bəstəkar doğulub. Dağlıq Qarabağda, Martuni rayonunda. Qara Qarayevdən dərs alan bu bəstəkarın yaradıcılığı Azərbaycan xalq musiqisinə əsaslanıb. Onun "Pıçıldaşın, ləpələr", "Nazəndə sevgilim", "Bakılı qız", "Kimlər gəldi, kimlər getdi" kimi populyar mahnıları günü bu gün də sevilə-sevilə dinlənilir. O, bir neçə kantatanın, bir çox simfonik əsərin, Azərbaycan xalq çalğı alətləri orkestri üçün 2 süitanın, kinofilmlərə musiqinin müəllifidir. 1964-cü ildə - 41 yaşında Moskvada vəfat etmiş bu bəstəkarın bu gün adını çəkmək istəmirik, çünki o, Andrey Babayevdir, milliyyətcə ermənidir, amma mədəniyyətin milliyyəti olmaz. Azərbaycan mədəniyyətinin çiçəklənməsinə xidmət edən, Azərbaycanın Əməkdar İncəsənət Xadimi adını almış bu bəstəkarın ədəbi irsi Ermənistana deyil, Azərbaycana aiddir. Və o, əgər Azərbaycanın musiqi diyarı olan Qarabağda doğulmasaydı, Azərbaycan xalq musiqisindən təsirlənməsəydi, böyük Qara Qarayevdən dərs almasaydı həmin Andrey Babyev ola bilərdimi? Əlbəttə yox!
28 dekabr.
Beynəlxalq kino günü
Bu gün dünyada İlk kinoseansın ildönümü ilə əlaqədar Beynəlxalq kino günü bayram ediləcək, kino xadimləri və kinosevərlər üçün çox əziz bir gündür. 1895-ci ilin 28 dekabrında Parisdə, Kapusinov bulvarında, Qrand-kafedə kinematoqrafı kəşf edən Lümyer qardaşları dünyada ilk kinoseans təşkil ediblər. Həmin gün cəmi 35 bilet satılıb, biletlərin qiyməti cəmi 1 frank olub, amma sonrakı günlərdə Lümyerlərin kino seanslarına izdihamlı növbələr yaranıb, onlar böyük vəsait əldə ediblər. Kino beləcə Fransada doğulub bütün dünyaya ayaq açıb. Bu gün də bu sahə mədəniyyətin ən böyük gəlir gətirən sahəsi kimi liderliyini qorumaqdadır.
Kart oyunu günü
İlk dəfə Çində yayılan, boş vaxt keçirməyə və əyləncəyə hesablanan kart oyunu əfsus ki, sonradan bir qumar predmetinə çevrilib, kimlərəsə haram pullar gətirib, kimlərisə müflisləşdirərək bədbəxt edib. Ona görə də bizlər bu günü qeyd etməsək yaxşıdır.
Vifleem uşaqları, Türkmənbaşı və 152 illik saqqızçeynəmə təcrübəsi
Günahsız Müqəddəslər günü. Fransada qeyd ediləcək bu gün qədim tarixdə İrodun əmri ilə öldürülmüş Vifleemin iki yaşa çatmamış uşaqlarının xatirəsinə həsr olunan matəm günüdür. Kalmık xalqı da bu gün matəm gününü qeyd edir, 1943-cü ildə Stalinin kommunist rejimi tərəfindən 100000 kalmıkın Sibirə deportasiyası zamanı həlak olanların xatirəsi anılır. Dünya başdan-başa təzadlı deyildirmi? İspaniyada isə bu gün gülüş günüdür, Els Enfarinats adlı festival keçirilir.
1999-cu ilin bu günündə Türkmənistanda qüvvəyə minən qanuna görə Saparmurat Niyazov ömürlük prezident elan edilib. ( O, bundan sonra cəmi 7 il yaşamağa macal tapıb). 1987-ci ilin bu günündən ta ki 1988-ci ilin 2 yanvarınacan Kiprdə 76 yaşlı qadın Kivel Papaioannou mağazanın liftində ilişib qalmaqla dünyada “ən çox liftdəqalma” rekorduna imza atıb. Tətildən sonra mağazanı açanda liftdə qadın qaldığını aşkar edib onu xilas edən işçilər ağbirçək qadının 5 gün liftdə necə sağ qalmasına sadəcə təəccübləniblər.
1973-cü ilin bu günündə Parisdə Aleksandr Soljenitsinin “QULAQ Arxipelaqı” kitabı ilk dəfə nəşr olunub. 1953-cü ildə dünya tarixinin ən virtuoz piano ifaçısı, fransız Riçard Klayderman doğulub. Pol de Sennevilin yazdığı "Adelina üçün ballada" Klaydermanı əsl ulduza çevirib, bu əsər dünyanın 38 ölkəsində 22 milyon nüsxə ilə satılıb, vaxtınız olsa bu gün həmin o kompozisiyanı dinləyin.
1945-ci ilin bu günündə Kaliforniyada “Dahi”, “Amerika faciəsi” və “Kerri bacı” kimi ölməz əsərləri ilə adını dünya ədəbiyyat tarixinin qızıl səhifələrinə yazmış Amerika yazıçısı Teodor Drayzer dünyadan köçüb. 1925-ci ilin bu günündə o cümlədən Mərdəkanda da yaşayıb yaratmış böyük rus şairi Sergey Yesenin intihar edərək həyatını bitirib.
1923-cü ilin bu günündə Eyfel qülləsinin memarı Qustav Eyfel dünyadan köçüb. 1908-ci ilin 28 dekabrı İtaliya xalqına dəhşətli bəla gətirib, tarixdə Avropa ərazisində ən güclü zəlzələ Cənubi İtaliyada baş verib, 250 min insanın həyatına son qoyulub.
Saqqızı sevənlər əlbəttə ki, içimizdə az deyil. 1869-cu ilin bu günündə amerikalı Uilyam Sempl kəşf etdiyi saqqıza patent alıb. Demək, 152 ildir ki, insanlar bu məşğuliyyətə qurşanıblarmış.
Tanınmış müğənni Zeynəb Xanlarovanın 85 illiyi
Böyükdən kiçiyə hamının tanıdığı, ulduzu Sovetlər dönəmində həddindən artıq gur parlayan Zeynəb Xanlarova əslən xızılıdır, 1936-cı il dekabr ayının 28-də Bakıda anadan olub, məktəb vaxtlarından musiqiyə böyük maraq göstərib, məşhur “Cücələrim” mahnısının ilk dəfə xorla səslənməsində iştirak edib. Bakı Orta İxtisas Musiqi Məktəbində böyük vokal ustadı Seyid Şuşinskinin sinfində oxuyub, 1960-cı ildə qadın müğənniləri arasında ilk dəfə olaraq “Çahargah” muğamını oxuyub. 1961-ci ildə məktəbi qurtardıqdan sonra görkəmli rejissor Şəmsi Bədəlbəyli onu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürüb və elə həmin ildə ölməz Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli obrazını ifa etməklə Zeynəb Xanlarova məşhurlaşıb. Müğənninin repertuarında F. Əmirovun, C.Cahangirovun, T.Quliyevin, A.Məlikovun, Ş.Axundovanın, E.Sabitoğlunun, T.Bakıxanovun, R.Mirişlinin, O.Kazıminin, O.Rəcəbovun mahnıları mühüm yer tutub, lirik soprano səsi olan müğəninin ifa tərzindəki temperament, gur zəngulələr onu xalqın sevimlisinə çevirib. Sovet müğənnisinin ABŞ, Fransa, İsveç, İtaliya, Kanada, Yaponiya, Türkiyə, Danimarka kimi kapitalist ölkələrində qastrol səfərlərində olması, sevilməsi bir sensasiya idi ki Zeynəb Xanlarova bu sensasiyaya imza atmağı bacarıb. SSRİ-də isə hər bir güşədə onu sevir, heyranlıqla dinləyirdilər. Hətta mənfur qonşularımızın dilində Zeynəbin mahnıları əzbər idi, onlar Zeynəbə Ermənistan SSR-in xalq artisti adını vermişdilər.
Görkəmli müğənni bir insan üçün verilə bilən bütün imtiyazları qazanıb, Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1975-ci ildə Azərbaycan Xalq artisti, 1980-ci ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb, 1985-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub, 1986-cı ildə ona Ümumittifaq “Melodiya” firmasının “Qızıl valı” verilib, 2006- cı ildə “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub. 2016-ci ildə o, hətta “Heydər Əliyev” ordeni ilə də təltif edilib. 85 illiyində müğənnini təltif etməyə elə bir mükafat, ənam qalmayıb. Ona görə də, gəlin ona sağlamlıq arzu edək.
Mərhum alimin və mərhum şairin yubileyləri
1926-cı ilin bu günündə anadan olmuş və 95 illiyi qeyd edilən akademik Nəriman Quliyev ömrünün altmış ilə yaxın bir dövrü ərzində öz səmərəli yaradıcılığı ilə Azərbaycanda fizika elminin inkişafına töhfələr verib. O, bu sahə üzrə ana dilində yazılmış ilk sanballı elmi-kütləvi nəşrin müəlliflərindəndir. Azərbaycanda nüvə fizikasının inkişafının mühüm mərhələsi də akademikin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın dünyanın tanınmış nüvə tədqiqatları mərkəzləri ilə elmi-texniki əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində onun xidmətləri təqdirəlayiqdir. Xidmətlərini nəzərə alaraq 2011- ci ildə Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı alimi “Birliyin ulduzu” mükafatı ilə təltif edib. Onun əvəzsiz xidmətləri dövlətimiz və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Alim iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” (2005) ordenləri ilə təltif edilib. Nəriman Quliyev 2014-cü il may ayının 20-də vəfat edib. Ruhu şad olsun!
1941-ci ilin dekabrının bu günündə anadan olmuş və 80 illiyi qeyd edilən şair Şahmar Əkbərzadə isə həm lirik şeirləri, həm də jurnalistika fəaliyyəti ilə seçilib. O, Mədəniyyət Nazirliyinin təsis etdiyi “Mədəniyyət” qəzetinin ilk baş redaktoru olub. Bədii yaradıcılıqla 1985-ci ildən məşğul olmuş Şahmar Əkbərzadənin “Anama layla” (1978), “Sevgi borc verilməz” (1982), “Ona yanıram ki” (1988), “Haqqa pəncərə” (1998), “Sev məni” (2000) kimi kitabları işıq üzü görüb, əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib, 1996-cı ildə şeirlərinə görə “Araz” ali ədəbi mükafatına layiq görülüb. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat edib, ruhu şad olsun. “Vektor” Beynəlxalq Elmlər Akademiyasının rəhbəri Elçin İsgəndərzadə tərəfindən 2000-ci ildən şairin adına beynəlxalq ədəbiyyat mükafatı təsis edilib və həmin mükafat 2001-ci ildən bu günədək 70-dən çox şairə, o cümlədən 15 xarici ölkə şairinə təqdim edilib.
Məleykə Əsədovanın “bığı”
Düşünməyin ki, amerikalıları unutmuşam, onlar bu 28 sentyabrda Milli Qutudakı konfet gününü qeyd edirlər. Madam ki, qutuda konfetdən söhbət düşdü, mütləq bir haşiyəyə çıxım. Bizdə sovetlər dönəmində, eləcə də müstəqilliyin ilk illərində qutuda şokolad ən qiymətli hədiyyələrdən sayılırdı, insanlar bir-birinin evinə gedəndə bir şokolad qutusu aparırdılar, o evdəkilər də onu açmır, servantda əziz əşya kimi saxlayırdılar. Vəliyevlər ailəsi də onlara gətirilmiş, üzərində Məleykə Əsədovanın şəkli olan şokolad qutusunu açıb yeməmişdi, dar gün üçün saxlamışdı, amma evin kiçik uşağı nadinclik edib xanım Əsədovaya bığ çəkmişdi, evin qadını da bu bığı cidi-cəhdlə silsə də yeri qalmışdı. Bir il keçəndən sonra Vəliyevlər hansısa bir qohumlarıgilə qonaq getməli olanda bu qutunu da büküb aparırlar, qutuyla vidalaşırlar. Daha iki il keçmiş onlara hansısa bir tanışları qonaq gələndə bığlı Məleykə qutusu yenidən onların evinə qayıdır. Qonaqlar gedəndən sonra Vəliyevlər bu dəfə “halal qismətləri olan” şokoladları yemək qərarı verirlər, qutunu açanda görürlər, şokoladlar qurdlayıb, ovxalanıb. İndi diqqət edirlər ki, ərzağın yararlılıq müddəti 4 ildir ki ötübmüş. Bax belə bir əhvalat. Biz “saxla samanı, gələr zamanı” deyibən dar gün üçün tədarüklü xalqıq, düzdür. Amma bəzən fərqinə varmırıq ki, samanın da saxlanma zamanı var, bu zaman keçəndən sonra o, ən yaxşı halda zibilə atılası olur.
Allah sizləri heç vaxt dəyərdən salmasın, əziz oxucularım!
Reza Deqati Xudavəng monastır kompleksindən çəkdiyi fotoları paylaşıb
Dünyaşöhrətli fotoqraf Reza Deqati instaqram səhifəsində Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksindən çəkdiyi fotoları paylaşıb.
Xudavəng monastır kompleksinin qış görüntülərinin yer aldığı paylaşımında fotoqraf izləyicilərinə məbədin tarixi barədə də məlumat verib.
Norveçli yazıçı: Nizaminin irsinin bu gün də öyrənilməsi bəşəriyyət üçün vacibdir
Prezident İlham Əliyev tərəfindən bu ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması böyük əhəmiyyət daşıyır. Mən bu qərar haqqında eşidəndə çox sevindim, çünki Nizaminin irsinin bu gün də öyrənilməsi bəşəriyyət üçün vacibdir.
Bu fikirləri AzərTAC-ın xüsusi müxbirinə müsahibəsində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvi irsinin tədqiqatçısı Raqnhild Tori söyləyib.
Uzun illər Nizami Gəncəvi irsinin örgənilməsinə və onun əsərlərinin daha geniş auditoriyada tanıdılmasına həsr edən Raqnhild Torinin sözlərinə görə, Azərbaycan xalqı haqlı olaraq bu tarixi şəxslə fəxr edə bilər, çünki o, insanlıq üçün universal dəyərə malik ideya və müdriklik nümunəsidir.
İranda Varisin kitabı nəşr edilib
Yazıçı Varisin “Əzilmiş fotoşəkillər” bestselleri İranda işıq üzü görüb.
Təbrizin “Nəbati” nəşriyyatı tərəfindən çap edilən roman geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Xatlrladaq ki, ilk dəfə Bakıda 2012-ci ildə nəşr edilən, sonralar iki dəfə təkrar çap olunan “Əzilmiş fotoşəkillər” əzəli bir mövzuda - intihar mövzusundadır.
Eldəniz Zeynalovun oğlu vəfat edib
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məhəmməd Zeynalov dünyasını dəyişib.
O, böyük sənətkar, Xalq artisti Eldəniz Zeynalovun oğludur.
Allah rəhmət etsin!
“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təqdimatı olub
Milli Xalça Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının birgə layihəsi olan “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov, nazirliyin nümayəndələri və seçilmiş könüllülər iştirak ediblər.
Təqdimatda hərəkatın üzvləri ilə tanışlıq, hərəkat üçün xüsusi olaraq yaradılmış https://konullu.creative.az/az saytının təqdimatı və sual-cavab sessiyası keçirilib.
Bildirilib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də dövlət siyasətinin icrası zamanı könüllülərin böyük rolu olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası mədəniyyət və yaradıcı sənayelərə dair mədəni-kütləvi yerli və beynəlxalq tədbirlər, aidiyyəti üzrə araşdırmalar, seminarlar və digər istiqamətlərdə könüllülərin rolunu artırmaq məqsədilə “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının yaradılmasına və həmçinin “Kreativ Azərbaycan Könüllüləri” saytının istifadəyə verilməsinə dəstək oldu.
“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təsis edilməsində ən ali məqsəd mədəniyyət sahəsinə könüllüləri cəlb edərək bu sahənin əhatə etdiyi bütün istiqamətlərin inkişafının bir parçası olmaqdır. Hərəkata qoşulmaq istəyən gənclər üçün sosial şəbəkələr üzərindən yaradılmış anket formasında qeydiyyat elan olunub. Qısa müddət ərzində 500-dən çox yaradıcı şəxs qeydiyyatdan keçib. Yaradılmış seçim komissiyası tərəfindən təyin olunmuş meyarlara əsasən qiymətləndirmə zamanı qeydiyyatdan keçən yüzlərlə şəxs arasından 30 istedadlı, yaradıcı şəxs Kreativ Azərbaycan Könüllüsü seçilib. Seçilən könüllülər paytaxt və ölkəmizin müxtəlif regionlarını və həmçinin yaradıcılığın müxtəlif sahələrini əhatə edir.
Hərəkatın məqsədləri həmçinin yaradıcılığın müxtəlif sahələri ilə məşğul olan insanları könüllülük fəaliyyətinə cəlb etmək, onların ölkənin mədəni həyatında iştirakına imkan yaratmaq, yaradıcılıqla məşğul olan könüllülərin vahid bazasını formalaşdırmaqdır.
Abuzər Xəlilovun və Qara Mustafayevin 90 illikləri
Yubileylərlə zəngin olan bu günə daha iki tanınmış azərbaycanlının yubileyi təsadüf edir. Görkəmli kitabşünasın və bioloqun... Gəlin bir-bir bu yubilyarlara diqqət ayıraq.
Görkəmli alim Abuzər Xəlilovun 90 illiyi
Kitabşünaslıq tariximizdə adı qızıl hərflərlə yazılmış şəxsdir Abuzər Xələfov. 1931-ci il dekabr ayının 25-dəQərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olan Abuzər müəllim SSRİ məkаnındа kitаbхаnа işinin tаriхi sаhəsində ilk еlmlər dоktоru kimi şöhrət qаzаnıb və Аzərbаycаn kitаbхаnаşünаslıq еlmi məktəbinin əsаsını qоyub. Rеspublikаmızdа ХХ əsrin 60-cı illərindən bаşlаyаrаq kitаbхаnаşünаslıq vəbibliоqrаfiyаşünаslıq sаhəsində dоktоrluq və nаmizədlik müdаfiə еtmiş аlimlərin dеmək оlаr ki, hаmısı А.Хələfоv еlmi məktəbinin yеtirmələridir. O, “Kitаbхаnа işi hаqqındа” Аzərbаycаn Rеspublikаsı qаnununun lаyihəsini hаzırlаyаn işçi qrupunun sədri, BMT yаnındа Bеynəlхаlq İnfоrmаsiyаlаşdırmа Аkаdеmiyаsının аkаdеmiki olub. Görkəmli alim 300-ə yaxın еlmi əsərin, 10 mоnоqrаfiyаnın, 30-dаn аrtıq kitаbın - dərslik vədərs vəsаitlərinin müəllifidir. 2001-ci ildə Аmеrikа Biоqrаfiyа İnstitutunun nəşr еtdirdiyi “Görkəmli lidеrlərin bеynəlхаlq sоrаq kitаbı”nın ХI nəşrinin nоminаntı sеçilib, fəхri fərmаn və qızıl mеdаllа təltif еdilib. O, Azərbaycan elminin, mədəniyyətinin inkişafındakı yüksək xidmətlərinə görə 1969-cu ildə “Əməkdаr mədəniyyət işçisi”, 2000-ci ildə “Şöhrət”оrdеni, 2001-ci ildə “Əməkdаr еlm хаdimi”, 2005-ci ildə “İlin müəllimi” fəхri аdlarına layiq görülüb, 2019-cu ildə “Şərəf” оrdеni” ilə təltif edilib. Abuzər Xələfov 2020-ci il aprel ayının 27-də Bakı şəhərində vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub, ruhu şad olsun!
Görkəmli bioloq Qara Mustafayevin 90 illiyi
Bu gün məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, böyükdən kiçiyə hər bir azərbaycanlıya “Təbiəti sevənlər” proqramından tanış olan Qara Mustafayevin də yubileyidir, 90 illiyidir. Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olan, ADU-nun biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən, aspiranturada təhsilindən sonra 1958-ci ildə elmlər namizədi və 1985-ci ildə elmlər doktoru alimlik dərəcələrini və sonra professor elmi adını alan Qara müəllim elmdə və təhsildəki xidmətlərinə görə 30-dan çox medal, fəxri fərman, diplom və digər mükafatlarla təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib, "Şöhrət Ordeni"nə layiq görülüb. 2018-ci ilin 8 oktyabrında dünyasını dəyişmiş böyük alimimizə allahdan rəhmət diləyirik.