Milli Xalça Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının birgə layihəsi olan “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov, nazirliyin nümayəndələri və seçilmiş könüllülər iştirak ediblər.
Təqdimatda hərəkatın üzvləri ilə tanışlıq, hərəkat üçün xüsusi olaraq yaradılmış https://konullu.creative.az/az saytının təqdimatı və sual-cavab sessiyası keçirilib.
Bildirilib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də dövlət siyasətinin icrası zamanı könüllülərin böyük rolu olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası mədəniyyət və yaradıcı sənayelərə dair mədəni-kütləvi yerli və beynəlxalq tədbirlər, aidiyyəti üzrə araşdırmalar, seminarlar və digər istiqamətlərdə könüllülərin rolunu artırmaq məqsədilə “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının yaradılmasına və həmçinin “Kreativ Azərbaycan Könüllüləri” saytının istifadəyə verilməsinə dəstək oldu.
“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təsis edilməsində ən ali məqsəd mədəniyyət sahəsinə könüllüləri cəlb edərək bu sahənin əhatə etdiyi bütün istiqamətlərin inkişafının bir parçası olmaqdır. Hərəkata qoşulmaq istəyən gənclər üçün sosial şəbəkələr üzərindən yaradılmış anket formasında qeydiyyat elan olunub. Qısa müddət ərzində 500-dən çox yaradıcı şəxs qeydiyyatdan keçib. Yaradılmış seçim komissiyası tərəfindən təyin olunmuş meyarlara əsasən qiymətləndirmə zamanı qeydiyyatdan keçən yüzlərlə şəxs arasından 30 istedadlı, yaradıcı şəxs Kreativ Azərbaycan Könüllüsü seçilib. Seçilən könüllülər paytaxt və ölkəmizin müxtəlif regionlarını və həmçinin yaradıcılığın müxtəlif sahələrini əhatə edir.
Hərəkatın məqsədləri həmçinin yaradıcılığın müxtəlif sahələri ilə məşğul olan insanları könüllülük fəaliyyətinə cəlb etmək, onların ölkənin mədəni həyatında iştirakına imkan yaratmaq, yaradıcılıqla məşğul olan könüllülərin vahid bazasını formalaşdırmaqdır.