Bu günə - dekabrın 28-nə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:
Kart oyunu günü
İlk dəfə Çində yayılan, boş vaxt keçirməyə və əyləncəyə hesablanan kart oyunu əfsus ki, sonradan bir qumar predmetinə çevrilib, kimlərəsə haram pullar gətirib, kimlərisə müflisləşdirərək bədbəxt edib. Ona görə də bizlər bu günü qeyd etməsək yaxşıdır.
Vifleem uşaqları, Türkmənbaşı və 152 illik saqqızçeynəmə təcrübəsi
Günahsız Müqəddəslər günü. Fransada qeyd ediləcək bu gün qədim tarixdə İrodun əmri ilə öldürülmüş Vifleemin iki yaşa çatmamış uşaqlarının xatirəsinə həsr olunan matəm günüdür. Kalmık xalqı da bu gün matəm gününü qeyd edir, 1943-cü ildə Stalinin kommunist rejimi tərəfindən 100000 kalmıkın Sibirə deportasiyası zamanı həlak olanların xatirəsi anılır. Dünya başdan-başa təzadlı deyildirmi? İspaniyada isə bu gün gülüş günüdür, Els Enfarinats adlı festival keçirilir.
1999-cu ilin bu günündə Türkmənistanda qüvvəyə minən qanuna görə Saparmurat Niyazov ömürlük prezident elan edilib. ( O, bundan sonra cəmi 7 il yaşamağa macal tapıb). 1987-ci ilin bu günündən ta ki 1988-ci ilin 2 yanvarınacan Kiprdə 76 yaşlı qadın Kivel Papaioannou mağazanın liftində ilişib qalmaqla dünyada “ən çox liftdəqalma” rekorduna imza atıb. Tətildən sonra mağazanı açanda liftdə qadın qaldığını aşkar edib onu xilas edən işçilər ağbirçək qadının 5 gün liftdə necə sağ qalmasına sadəcə təəccübləniblər.
1973-cü ilin bu günündə Parisdə Aleksandr Soljenitsinin “QULAQ Arxipelaqı” kitabı ilk dəfə nəşr olunub. 1953-cü ildə dünya tarixinin ən virtuoz piano ifaçısı, fransız Riçard Klayderman doğulub. Pol de Sennevilin yazdığı "Adelina üçün ballada" Klaydermanı əsl ulduza çevirib, bu əsər dünyanın 38 ölkəsində 22 milyon nüsxə ilə satılıb, vaxtınız olsa bu gün həmin o kompozisiyanı dinləyin.
1945-ci ilin bu günündə Kaliforniyada “Dahi”, “Amerika faciəsi” və “Kerri bacı” kimi ölməz əsərləri ilə adını dünya ədəbiyyat tarixinin qızıl səhifələrinə yazmış Amerika yazıçısı Teodor Drayzer dünyadan köçüb. 1925-ci ilin bu günündə o cümlədən Mərdəkanda da yaşayıb yaratmış böyük rus şairi Sergey Yesenin intihar edərək həyatını bitirib.
1923-cü ilin bu günündə Eyfel qülləsinin memarı Qustav Eyfel dünyadan köçüb. 1908-ci ilin 28 dekabrı İtaliya xalqına dəhşətli bəla gətirib, tarixdə Avropa ərazisində ən güclü zəlzələ Cənubi İtaliyada baş verib, 250 min insanın həyatına son qoyulub.
Saqqızı sevənlər əlbəttə ki, içimizdə az deyil. 1869-cu ilin bu günündə amerikalı Uilyam Sempl kəşf etdiyi saqqıza patent alıb. Demək, 152 ildir ki, insanlar bu məşğuliyyətə qurşanıblarmış.
Mərhum alimin və mərhum şairin yubileyləri
1926-cı ilin bu günündə anadan olmuş və 95 illiyi qeyd edilən akademik Nəriman Quliyev ömrünün altmış ilə yaxın bir dövrü ərzində öz səmərəli yaradıcılığı ilə Azərbaycanda fizika elminin inkişafına töhfələr verib. O, bu sahə üzrə ana dilində yazılmış ilk sanballı elmi-kütləvi nəşrin müəlliflərindəndir. Azərbaycanda nüvə fizikasının inkişafının mühüm mərhələsi də akademikin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın dünyanın tanınmış nüvə tədqiqatları mərkəzləri ilə elmi-texniki əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində onun xidmətləri təqdirəlayiqdir. Xidmətlərini nəzərə alaraq 2011- ci ildə Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı alimi “Birliyin ulduzu” mükafatı ilə təltif edib. Onun əvəzsiz xidmətləri dövlətimiz və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Alim iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” (2005) ordenləri ilə təltif edilib. Nəriman Quliyev 2014-cü il may ayının 20-də vəfat edib. Ruhu şad olsun!
1941-ci ilin dekabrının bu günündə anadan olmuş və 80 illiyi qeyd edilən şair Şahmar Əkbərzadə isə həm lirik şeirləri, həm də jurnalistika fəaliyyəti ilə seçilib. O, Mədəniyyət Nazirliyinin təsis etdiyi “Mədəniyyət” qəzetinin ilk baş redaktoru olub. Bədii yaradıcılıqla 1985-ci ildən məşğul olmuş Şahmar Əkbərzadənin “Anama layla” (1978), “Sevgi borc verilməz” (1982), “Ona yanıram ki” (1988), “Haqqa pəncərə” (1998), “Sev məni” (2000) kimi kitabları işıq üzü görüb, əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib, 1996-cı ildə şeirlərinə görə “Araz” ali ədəbi mükafatına layiq görülüb. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat edib, ruhu şad olsun. “Vektor” Beynəlxalq Elmlər Akademiyasının rəhbəri Elçin İsgəndərzadə tərəfindən 2000-ci ildən şairin adına beynəlxalq ədəbiyyat mükafatı təsis edilib və həmin mükafat 2001-ci ildən bu günədək 70-dən çox şairə, o cümlədən 15 xarici ölkə şairinə təqdim edilib.
Məleykə Əsədovanın “bığı”
Düşünməyin ki, amerikalıları unutmuşam, onlar bu 28 sentyabrda Milli Qutudakı konfet gününü qeyd edirlər. Madam ki, qutuda konfetdən söhbət düşdü, mütləq bir haşiyəyə çıxım. Bizdə sovetlər dönəmində, eləcə də müstəqilliyin ilk illərində qutuda şokolad ən qiymətli hədiyyələrdən sayılırdı, insanlar bir-birinin evinə gedəndə bir şokolad qutusu aparırdılar, o evdəkilər də onu açmır, servantda əziz əşya kimi saxlayırdılar. Vəliyevlər ailəsi də onlara gətirilmiş, üzərində Məleykə Əsədovanın şəkli olan şokolad qutusunu açıb yeməmişdi, dar gün üçün saxlamışdı, amma evin kiçik uşağı nadinclik edib xanım Əsədovaya bığ çəkmişdi, evin qadını da bu bığı cidi-cəhdlə silsə də yeri qalmışdı. Bir il keçəndən sonra Vəliyevlər hansısa bir qohumlarıgilə qonaq getməli olanda bu qutunu da büküb aparırlar, qutuyla vidalaşırlar. Daha iki il keçmiş onlara hansısa bir tanışları qonaq gələndə bığlı Məleykə qutusu yenidən onların evinə qayıdır. Qonaqlar gedəndən sonra Vəliyevlər bu dəfə “halal qismətləri olan” şokoladları yemək qərarı verirlər, qutunu açanda görürlər, şokoladlar qurdlayıb, ovxalanıb. İndi diqqət edirlər ki, ərzağın yararlılıq müddəti 4 ildir ki ötübmüş. Bax belə bir əhvalat. Biz “saxla samanı, gələr zamanı” deyibən dar gün üçün tədarüklü xalqıq, düzdür. Amma bəzən fərqinə varmırıq ki, samanın da saxlanma zamanı var, bu zaman keçəndən sonra o, ən yaxşı halda zibilə atılası olur.
Allah sizləri heç vaxt dəyərdən salmasın, əziz oxucular!
Varisin “Həftənin təqvimi” yazısından