Super User

Super User

 

Cari ilin 23-30 sentyabr tarixində ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcəkdir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək bu ilki festivala 14 ölkədən onlarla tanınmış və istedadlı caz ifaçıları dəvət alıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Caz Festivalı öz zəngin proqramı və qonaqları ilə bu il də tamaşaçıların zövqünü oxşayacaqdır. Belə ki, İtaliya, Fransa, Türkiyə, Lüksemburq, Macarıstan, İsveçrə, Norveç, İsrail, Belçika, Niderland Krallığı, Almaniya, Braziliya, Argentina və Azərbaycandan olan tanınmış ifaçılar Bakıda bir Caz bayramı vəd edir.

Festival çərçivəsində Bakı sakinləri və şəhərimizin qonaqları ödənişsiz konsertləri də izləyə biləcəklər. Belə ki, sentyabrın 23-də Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək festivalın açılışı, QGallery-də art sərgi, YARAT Yaradıcılıq Mərkəzində caz filmin nümayişi bu qəbildən olan tədbirlərdəndir. İzləyicilər həmçinin canlı musiqi ilə City Jazz Tour avtobusu ilə paytaxtı seyr edə biləcəklər.

Caz Festivalının proqramına hər il "I am Jazzman!" caz ifaçılarının müsabiqəsi daxildir və bu müsabiqənin məqsədi gənc istedadları üzə çıxarmaqdır. Bu il müsabiqənin peşəkar münsiflər heyətinə Türkiyə, Fransa və Azərbaycandan olan musiqiçilər daxil olacaqlar.

Bakı Caz Festivalı haqqında ətraflı məlumatları festivalın saytından www.bakujazzfestival.com əldə etmək mümkündür.

 

Füzuli Dövlət Dram Teatrı məzuniyyətdən qayıdıb. Teatr XXXIII mövsümünü sentyabrın 26-da Ələsgər Qurbanovun "Ayı balasının qoçaqlığı” tamaşası ilə açacaq ki, tamaşanın da quruluşçu rejissoru Asif Şirinovdur.

 

Tamaşanln quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.

Rollarda Sehran Xanlarov, Gülnar Quliyeva, Sevinc Məmmədova, İntizar Quliyeva, Elçin Məmmədov və başqaları çıxış edir.

Çərşənbə axşamı, 06 Sentyabr 2022 10:00

Layihədə növbəti Seyid Şuşinskinin təqdimatı oldu

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Seyid Şuşinskiyə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olub. O, 1889-cu il aprelin 12-də dünyaya göz açıb.  

İlk təhsilini mədrəsədə alan Seyid, dini mərasimlərdə və xalq şənliklərində çıxış edib. Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühiti həlledici rol oynayıb.

Seyid yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri, hətta məşhur xanəndələri heyran qoyub. Seyidin muğam öyrənməsində əmisi Məşədi Seyidəlinin böyük əməyi olub. O, Seyidin musiqi təhsili ilə məşğul olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini Seyidə əzbərlədib, muğam üstündə oxudarmış.

Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Cahargah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı. Seyid həyatının son illərində, yaşı artıq 74-ü ötmüş olsa da, “Mənsuriyyə”ni eyni şövqlə oxuyarmış. O, öz ifaçılığında klassik şairlər - Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edib. Seyid 1911-ci ilədək Şuşada yaşamışdı.

O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edib, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olub, Yaxın və Orta Şərqdə şöhrət tapıb. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edib. “Molla Nəsrəddin” jurnalının bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərib.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Seyid Şuşinski musiqi təhsil ocaqlarında muğam dərsləri deyir, gənc nəslə muğamın sirlərini öyrədib. Görkəmli bəstəkar Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazanmış “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi Seyid Şuşinskinin böyük köməyi olub.

Zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski musiqi xadimi, pedaqoq, Xalq artisti, Əməkdar müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb.

Görkəmli xanəndə 1965-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Çərşənbə axşamı, 06 Sentyabr 2022 09:43

Anar Kərimov: “Biz Qarabağı yenidən quracağıq”

 

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən, 26 avqust – 5 sentyabr tarixlərində “Youth ArtCamp Shusha and Baku” (“Şuşa və Bakı gənclər incəsənət düşərgəsi”) adlı beynəlxalq layihə həyata keçirilib və sentyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində layihənin bağlanış mərasimi və yekun sərgisi təşkil olunub. Xatərladaq ki, sərgi çərçivəsində Ağdam, Füzuli, Cəbrayıl və Şuşa şəhərlərini ziyarət edən 16 gənc rəssamın çəkdikləri rəsmlər yer almışdı. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov çıxış edib,  layihənin Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə ərsəyə gəldiyini bildirib. Layihənin əhəmiyyətini qeyd edən nazir deyib: “Biz çalışırıq yaradıcı düşərgəni bütün bölgələrdə gerçəkləşdirək. Bu dəfə layihə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirildi. Ermənistan 30 ilə yaxın işğal altından saxladığı əzəli torpaqlarımızda tarixi-mədəni irsi dağıtsa da, biz Qarabağı yenidən quracağıq. Azərbaycan bölgədə davamlı sülhün yaradılması üçün bütün səylərini səfərbər edir. Şuşa və Qarabağın digər bölgələrini ziyarət edən rəssamlar təbiətdən ilhamlanaraq öz təəssüratlarını kətan üzərinə köçürən zaman bir növ Azərbaycanın mədəniyyət elçisinə çevrilir. Əminəm ki, burada olarkən gənc rəssamlar Azərbaycan xalqının sülhsevər və qonaqpərvər bir xalq olduğunun şahidi oldular. Şadam ki, UNESCO tərəfindən yaradılan bu layihə gələcəkdə Şuşanı dünya mədəniyyətinin mərkəzlərindən birinə çevrilməsinə dəstək olacaq”.

 

Daha sonra nazir gənc rəssamlara uğurlar arzulayaraq onları Azərbaycanda görməyindən məmnunluğunu ifadə etdi.

UNESCO-nun mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser Şuşanın müharibədən əvvəlki və sonrakı vəziyyətini şəkillərdə görərkən çox təsirləndiyini dedi, rəssamların ərsəyə gətirdiyi işlərin əhəmiyyətli olduğunu vurğuladı. Qeyd olundu ki, 2012-ci ildən başlanan layihə incəsənət nümayəndələrini təkcə bir araya gətirmək üçün deyil, həmçinin dünya xalqları arasında mədəni körpünün qurulmasına xidmət edir.

Layihəni dəstəkləyən bütün qurumlara təşəkkürünü bildirən Hedva Ser gənc rəssamların maraqlı yanaşmalar ortaya qoyduqlarını dedi, onlara uğurlar arzuladı.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov belə bir layihənin təşkilinə görə minnətdarlığını bildirdi. Müxtəlif ölkələrdən gəlmiş gənc rəssamlara azad düşüncənin və sərbəst yanaşmalarının təqdirlə qarşılandığını dedi: “Gənc rəssamların görüşü, xüsusən də müxtəlif ölkələrdə baş tutan bu qəbildən layihələr böyük təcrübə və inkişafa zəmin yaradır. İnanıram ki, işğaldan azad olunan ərazilərimizdə olan gənc rəssamlar bu duyğunu gələcək əsərlərində də tablolarda əks etdirəcəklər”.

Əməkdar rəssam Əsmər Nərimanbəyova sərginin layihədə iştirak edən rəssamlar üçün çox əhəmiyyətli olduğunu deyərək bu rəsmləri Ağdam, Füzuli, Cəbrayıl və Şuşanın bir güzgüsü olduğunu qeyd etdi. Bildirdi ki, rəssamlar Qarabağı olduğu kimi əks etdiriblər.

Sonra nazir Anar Kərimov və Hedva Ser layihədə iştirak edən rəssamlara sertifikatlar təqdim etdilər.

Layihə çərçivəsində gənc rəssamların çəkdiyi rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

Sonda Nicat Aslanovun triosunun müşayiəti ilə xalq mahnılarımız və milli rəqslərimizdən ibarət caz konserti təqdim olundu.

  

“Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında bu gün sizlərə Şəlalə Adilqızının şeirlərini təqdim edir. 

 Şəlalə Adilqızı imzasıyla şeir yazan və adətən bu şeirlərini Facebook sosial şəbəkəsində paylaşan Şəlalə Rəhimovanın 29 yaşı var. Ailəlidir, bir övladı var. İlk dəfə şeirləri yazarlar.az saytında dərc edilib. Keçmişin acılı-şirinli xatirələri, daim düşünən, kədərə qucaq açan insanlıq barədə mülahizələr Şəlalə Adilqızının lirikasının leytmotivini təşkil edir.

 

 

 

Qonşuya duz dalınca,

Yoxsa quzu qaytarmağa 

göndərmisən uşaqları, İlahi? 

Uzatdığı saqqız qədər tanıyırdı uzağı,

Qolundakı diş yeriylə ölçürdü vaxtı...

Çərpələngə ad qoyurdu: “Qaranquş”...

Parabüzən axtarırdı göndərə pay dalınca:

“Uç-uç baba, get gətir payımı... Uç!”

Dağ çayında yuyurdu ayaqlarını,

Moruq ləkəsinə qatırdı  

Cızılan barmağının qanını...

Hər şeyi səndən istəyən,

Küsməyi-barışmağı bir oyunluq çəkən

Uşaqları hara göndərdin, İlahi? 

Göstər getdikləri yeri...

Bu ömrü yanlış gəldik,

Qayıdaq geri...

 

 

***

 

Qapımı açıq qoymuşam,

Pəncərəmdən qəfəsləri sökmüşəm...

Gözlədiyim oğrunun

Uğruna dua əkmişəm 

Ovcumun çat yerində...

Oğru üçün “əl kitabı” da yazıb qoymuşam

Ömrümün bir küncündə...

Gülüşlərin divarların yaddaşında,

Addımların həyətimin hər daşında,

Baxışların əl güzgümdə,

Eşqin də ürəyimdədi... 

...Bir heybə də tikmişəm oğru üçün,

Naxışları sənin “dərd” dediyindəndi...

 

 

***

 

Qolumda tapammıram, 

Ruhumda izi qalıb

Biləyimə dişlərimlə taxdığım saatın... 

...Nə gözəl yaşayırdıq ömrü...

Nə gözəl “hesablayırdıq” vaxtı...

“ Quşlar uçanda...”

“Kəpənək qanadında...”

“Lalələr qızaranda...”

“Sərçə içib doyanda...”

... Nə qocalığa işləyir,

Nə yarısı olurdu günümüzün...

Nə ölümə az qalır,

Nə gözü doyurdu ömrümüzün... 

... Ruhumda izi qalıb

Biləyimə dişlərimlə taxdığım saatın...

 

 

***

 

İtirilmiş krallıqdı uşaqlıq...

“Cızza” sözünə gülən,

Palçıqda ayaqyalın yüyürən,

Qumda yuvarlanan,

Şirni üçün ağlayan kral idik biz...

...Cığallığımız “Beşdaş”dakı 

Beşinci daş boydaydı...

Küskünlüyümüz çəkilən 

çeçələ barmaq qədər... 

Kədərimiz boyumuzdan kiçikdi...

Gülüşümüz göy qədər... 

...Nənəmin corabının başından çıxardığı

“saqqız pulu”ydu “sevinc” deyə ölçdüklərimiz...

Böyüdük...

...İtirdik krallığımızı...

...Əcəl aldı nənəmizi...

Böyüdükcə yanlış çıxdı 

Həyat barədə bütün bildiklərimiz...

 

 

***

 

Zirvələrə qar tez düşər,

Zirvələrdən qar gec düşər...

...Dərddi zirvə,

Dərddi qar bəzən...

Çəkir dağın sinəsinə cığır-cığır naxışlar...

...Çəkilir dərdlər, 

Ağarır saçlar,

Bir-birinin başına sığal çəkmək üçün

Üst-üstə qalaqlanır yaşlar; 

İnsan qocalır... 

Ot basan cığırlar insan ömrünə dolandıqca 

Dərd də candan bac alır; 

Və bir gün, sadəcə, 

Xatirəyə dönür insan... 

Bir gün də onu xatırlayanların 

Yaddaşında itir insan...

 

 

***

 

Böyüyürdüm...

Dinləyirdim 

Həyatdan bəhs edən nağılları... 

Düşürdü deyirdilər “üç almalar”;

Doyurmurdu həyata dair xəyalları... 

Sonra öyrənməyə başladım 

Sevməyi, sevinməyi, 

Gülümsəməyi, qəmlənməyi,

Və yağışda rəqs etməyi,

Və ovcumdakı damlaya bir dua pıçıldayıb 

Gül kökünə göndərməyi... 

Bir səhər günəşdən öncə oyandım,

Ovcuma göndərdi saçaqlarını...

Yapışdım saçağından günəşin

Qaçdım yaşıllığın ətrinə sarı...

Bir simitlə mən də doydum, göyərçinlər də...

Bir udumluq sevinc oldu pambıq şəkəri... 

Öyrəndim həyata dair hər şeyi; 

Kiçik, saysız xoşbəxtlikləri...

 

 

Bazar ertəsi, 05 Sentyabr 2022 13:30

Günün fotosu: Praqada kütləvi etiraz

Günün fotosu: Praqada kütləvi etiraz

 

Çexiyanın paytaxtında 70 min insan etiraza çıxıb. Onlar hökumətdən inflyasiyanın və bahalanmanın qarşısının alınmasını tələb edirlər. 

 

Günün fotosu: Euronews

 

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristofer Van Damm Azərbaycana gəlib.

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə quran aktyor Bakı ilə yanaşı Qəbələyə də güzar edib. Kristofer atasının buradakı məşhur heykəli ilə də foto çəkdirib.

Suada həmin şəkli sosial media hesabında paylaşaraq "Salam ata" sözlərini yazıb və aktyorun hesabını işarələyib.

 

Baş rolunu aktrisa Beren Saatın canlandırdığı "Atiye" serialı ilə bağlı yeni iddia ortaya çıxıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Axşam.az-a istinadən xəbər verir ki, layihənin ssenarisinin türk yazıçısı Ece Özbaşın kitabından götürüldüyü iddia olunub. Bu səbəbdən məsələ ilə bağlı məhkəməyə müraciət edilib. Sözügedən addımı atmaqda serialın prodüseri təqsirli bilinir.

Qeyd edək ki, ekran işinin digər baş rolunu Mehmet Günsür ifa edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Kulis.az-a istinadən aktyor Fazil Salayev haqqında maraqlı faktları təqdim edir.

 

Fazil Salayev 1931-ci il, sentyabrın 1-də Bakıda əslən Cənubi Azərbaycandan olan İdris Salayevin ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazır.

*

Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.

23 yaşı tamam olanda isə atasının dostu Nurəddin kişinin 18 yaşlı qızı Fəridəylə ailə həyatı qurur. Qəribədir ki, Fəridə xanım və Fazil Salayev ailə qurana qədər bir-birini cəmi bircə dəfə görüblər və onda da söhbət etməyə belə macal tapmayıblar.

*

Fazil sənədlərini ovaxtkı Teatr İnstitutuna verir. Deyilənə görə, Salayevin kumiri məşhur italyan aktyoru Toto idi. Çox güman ki, Fazilin bu seçimində Toto ilə zahiri oxşarlıqlarının olması da böyük rol oynamışdı. Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq bir müddət sonra dram teatrından gedir. Musiqili Komediya Teatrında işə düzəlir.

*

1966-cı ildə Həsən Seyidbəyli "Sən niyə susursan" filmində F. Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmindəki Qırçı Məhəmməd rolu isə onun aktyor kimi məşhurlaşmasında xeyli rol oynayır.

Həyat yoldaşı Fəridə Salayeva 2009-cu ildə verdiyi müsahibədə Fazil Salayevin son günlərini belə xatırlayırdı:

"Ölümündən bir qədər əvvəl veriliş efirə getmişdi. Orada Həsən Seyidbəyli onun haqda danışmışdı. Fazil öləndən sonra verilişi yenidən efirə verdilər. Söz-söhbət gəzirdi ki, guya Fazil bizimlə yola getmirmiş. Təsəllim qızlarım olub. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdır. Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hamısı evdəydi. Onun pianino çalmağı, oxumağı aləmiydi. Hədsiz istedadlıydı. Açıq-saçıq danışan, əhlikefiydi, Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanc... Bir az da cavanlığıydı, indiki ağlım hardanıydı. Necə deyərlər, çox fərqimiz vardı".

*

Xalq artisti Yaşar Nuri müsahibələrinin birində aktyor haqqında deyir:

"Fazilin çox böyük istedadı var idi. Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, "filan roldakı aktyor" kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı "filan aktyor" idi. "Muskomediya"da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə tok vurur bunu, ölür. Zal onun "ölməyinə" iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı... Onun "Şərikli çörək" filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans... O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı".

Deyilənlərə görə F. Salayev istedadı qiymətləndirilmədiyindən sınır, həyatın dibinə yuvarlanaraq, meylini içkiyə salır. Hətta sonradan Salayev ağır xəstəliyə tutulur və içki içməsə, qida qəbul edə bilmir, həftələrlə dilinə çörək vurmur, ac qalır. Teatrşünas İsrafil İsrafilov Fazil Salayev haqqında deyir:

"Salayevin başlıca səhvi isə, heç şübhəsiz ki, içkiyə meyilli olmasıydı. Məsələn, tamaşalara, məşqlərə sərxoş gəlirdi. Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibiydi. Azərbaycan teatrında ikinci belə təbiətdə və istedada malik aktyor yox idi. Ancaq teatrın daxilindən bir neçə dəfə onun içməyini rəhbərliyə çatdırmışdılar və rəhbərlik fakt qarşısında qalaraq onu "Azdrama"dan uzaqlaşdırmışdı. Vəziyyət o həddə çatmışdı ki, Fazilin ağzından iy gələn kimi rejissor köməkçisi, rekvizit sexində işləyənlər dərhal xəbərçilik edirdilər. Fazil akademik teatrdan uzaqlaşan kimi "Muskomediya", necə deyərlər, onu göydə tutdu. Orada cəmi üç il işlədi və bizim onunla bulvardakı söhbətimizdən sonra "Azdrama"ya qayıtdı. Tofiq Kazımov inanmırdı ki, Fazil Salayevi yola gətirə bilmişəm. O, teatra qayıtdı".

*

Fazil Salayevin küsülü olduğu həmkarı olmasa da, "Azdrama"da xoşu gəlmədiyi bir nəfər varmış. İsrafil İsrafilovun dediklərindən:

"Heç kimlə küsülü deyildi, ancaq xoşu gəlmədiyi adamlar var idi. Məsələn, teatrın rekvizit sexində işləyən bir nəfərin Fazilin "Azdrama"dan getməyində böyük "rolu" olmuşdu. O, təkcə Fazili yox, Səməndər Rzayevi də rəhbərliyə "satırdı". Çünki hər ikisi tamaşalara içkili gəlirdilər. Aktyorların əksəriyyətinin belə qüsurları olub".

*

Fazil Salayev 1978-ci il iyunun 20-də kiçik qızı Ofeliyanın doğum günündə dünyasını dəyişir.

 

Oktyabrın 15-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.

Sarayın mətbuat xidmətiin yaydığı məlumata görə, gecədə bəstəkarın unudulmaz nəğmələrini tanınmış incəsənət nümayəndələri ifa edəcəklər.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.