Super User

Super User

Adətən yeni qədəm qoymuş ilin ən birinci mədəniyyət hadisəsi Hollivudda baş verir, orda akkreditə olunmuş Xarici Jurnalistlər Assosiasiyası ilin yekunlarına əsasən “Qızıl qlobus” mükafatı qaliblərinin adlarını açıqlayırlar. Ötən gün 2023-cü ilin laureatlarının adları açıqlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən xəbər  verir ki, 80-ci mükafatlandırma mərasimi Beverli-Hilzdəki “Beverli-Hilton” otelində keçirilib. Qaliblərin adları nominasiya sıralanması ilə təqdim olunur:

 

“Ən yaxşı rejissor” 

Stiven Spilberq (“Fabelmanlar”), 

 

“Ən yaxşı ssenari” - Martin Makdona (“Banşi İnişerina”), 

 

“Ən yaxşı dram filmi” - “Fabelmanlar”, 

 

“Ən yaxşı müzikl və ya komediya” - “Banşi İnişerina”, 

 

“Ən yaxşı dram serialı” - “Əjdahanın evi", 

 

“Ən yaxşı komediya serialı və ya müzikl” - "Abbott ibtidai məktəbi", 

 

“Ən yaxşı miniserial və ya telefilm - "Ağ lotus",

 

“Xarici dildə ən yaxşı film” -"Argentina 1985", 

 

“Dram janrında ən yaxşı qadın və kişi rolları” - Keyt Blanşett ("Tar") və Ostin Batler ("Elvis"), 

 

“Dram janrında ən yaxşı ikinci plan qadın və kişi aktyoru” - Anjela Bassett ("Qara pantera: Əbədi Vakanda") və Ke Hyu Kuan ("Hər yerdə və birdən"), 

 

“Komediya və ya müziklda ən yaxşı kişi və qadın rolu” - Mişel Yeoh ("Hər yerdə və birdən") və Kolin Farrell ("Banşi İnişerina"), 

 

“Dram serialında ən yaxşı kişi və qadın aktyoru” - Zendaya ("Eyforiya") və Kevin Kostner ("Yellouston"), 

 

“Komediya və ya musiqili serialda ən yaxşı kişi və qadın aktyoru” - Quinta Brunson ("Abbott ibtidai məktəbi") və Ceremi Allen Uayt ("Ayı"), 

 

“Dram və ya komediya serialında ən yaxşı ikinci plan kişi və qadın aktyoru” - Tayler Ceyms Uilyams ("Abbott ibtidai məktəbi") və Culiya Qarner ("Ozark"), 

 

“Miniserialda ən yaxşı ikinci plan kişi və qadın aktyoru” - Cenifer Kulidc ("Ağ lotus"), Pol Volter Houser ("Qara quş"),

 

“Ən yaxşı cizgi filmi” - “Pinokkio Qilyermo del Toro", 

 

“Ən yaxşı soundtrek” - Castin Hurvitz ("Babylon"),

 

-“Ən yaxşı mahnı” - "Naatu Naatu" ("RRR: İnqilab təhlükəsi").

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

“Azərbaycan Respublikasının Zəfər savaşından sonrakı beynəlxalq mövqeyi, iqtisadi gücü hər kəs tərəfindən birmənalı şəkildə qəbul olunur. Bu gün Azərbaycan tək regional geopolitik proseslərə deyil, həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək gücündədir. Bütün bu amillərin mərkəzində isə heç şübhəsiz mükəmməl daxili və xarici siyasət yürüdən lider amili dayanır. Məhz Prezident İlham Əliyevin şəxsi nüfuzu, diplomatik gedişləri, idarəçilik bacarığı bugünkü qüdrətli Azərbaycanı formalaşdıran əsas şərtdir. Prezident və Ali Baş Komandan kimi xalq sevgisinin mükəmməl nümunəsini göstərən İlham Əliyev bütün nəticələr və gələcək hədəflərlə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmaqla da liderlik örnəyi sərgiləyir. Bu baxımdan ötən ilin yekunlarına və cari ilin planları ilə bağlı Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi ictimaiyyət tərəfindən maraqla izləndi.

Müsahibədə ölkəmizin iqtisadi gücündən danışan dövlətimizin başçısı konkret rəqəmlərlə görülən və nəzərdə tutulan digər layihələr haqqında geniş hesabat verdi. Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm də Şimal-Cənub dəhlizi ilə bağlı bütün əsas işlərin yekunlaşdığını bildirən Prezident vurğuladı ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər, şübhəsiz bu, böyük rəqəmdir və Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Məhz bütün bunların fonunda Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir.

Dövlətimizin başçısı aparılan siyasətin mərkəzində insan amilinin dayandığını, vətəndaş məmnunluğunun artırılmasının, yeni iş yerlərinin yaradılmasının prioritet təşkil etdiyini diqqətə çatdırdı. Ölkəmizdə 60 min ailənin özünüməşğulluq proqramına cəlb olunması, əhalinin sosial rifahının daim diqqətdə saxlanılması bunun sübutudur. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycan sosial dövlətdir və dövlət bunu fəaliyyəti ilə təsdiqləyib. 

Ölkənin xarici siyasətindən danışan dövlətimizin başçısının müsahibəsi önəmli məqamlarla yadda qalmaqla yanaşı, həm də anti-Azərbaycan dairələrə ciddi xəbərdarlıq mesajı idi. Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən söhbət açan Azərbaycan Prezidenti bildirdi ki, bu ölkənin Senatı, Milli Assambleyası ölkəmizin əleyhinə qətnamələr qəbul etdi. Bir neçə ölkəni təzyiq altında saxlamaqla, BMT-də hay-həşir qoparmaqla heç nəyə nail ola bilmədilər. Frankofoniyada olduğu kimi uğursuzluğa doğru gedirlər. Sadəcə, bəzi Qərb mətbuatında ölkəmizə qarşı çirkin qarayaxma kampaniyasına başlayıblar. Azərbaycanın Vətən müharibəsindəki parlaq Qələbəsi dostlarımızı sevindirdiyi kimi bizə düşmən kəsilən ölkələri də məyus edib. Dünyanın qəbul etdiyi Azərbaycan reallığı Fransa və digərlərində qıcıq yaradır. 

Ölkə rəhbərinin bildirdiyi kimi, geriyə baxdıqda bir daha əmin oluruq ki, keçmiş Minsk qrupu, Fransa hər vəchlə münaqişənin ədalətli şəkildə həllini tapmasına maneçilik törədirdi. Azərbaycan bu işğalla barışmadı, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz onların bütün planlarını alt-üst etdi və bu qüdrətin qarşısında onlar Ermənistanı xilas edə bilmədilər. Ölkəmizə qarşı belə kin, küdurətin də başlıca səbəbi budur.

Ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasına toxunan dövlətimizin başçısı bunu “blokada” adlandırmağın insafsızlıq olduğunu qeyd edərək, tələblərin tam ədalətli olduğunu, qanunsuz istismarın dayandırılmasını tələb etdiklərini və buna nail olacaqlarını qeyd etdi. 

Bununla yanaşı, təmas xəttindəki vəziyyəti şərh edən Prezident İlham Əliyevin sözlərinə görə, vizual müşahidə bizə imkanlar yaradır ki, istənilən təhlükəni əvvəlcədən görək və yerindəcə qarşısını alaq. Üç dəfə bu tipli ardıcıl şəkildə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan başa düşəcək ki, sülh müqaviləsini imzalamaq qaçılmazdır. Dövlətimizin başçısı qeyd etdi ki, bəzi ölkələr Ermənistanı silahlandırmağa çalışır və təəssüflər olsun, onların arasında Hindistan da var. Bu hücum silahlarının hədəfi Azərbaycandır və hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Təxribatlara qarşı cavabımız həmişəki kimi sarsıdıcıdır.

Prezident İlham Əliyevin geniş və əhatəli müsahibəsi ölkə həyatı, dövlətin perspektivi istiqamətində mühüm mesajları ilə yadda qaldı. Bu mesajlar aparılan mükəmməl siyasi kursun nəticələrinin yüksək göstəricisi ilə yanaşı, gələcəyə yönəlik müsbət impulsları da cəmiyyətə ötürdü. Bu isə vətəndaş üçün dövlətə inamın başlıca şərtidir. Prezident İlham Əliyev bugünkü qüdrətli Azərbaycanın qurucusu kimi həm də böyük gələcək hədəfləri gerçəkləşdirən lider olaraq xalq sevgisinin və inamının tək ünvanıdır.”

Sitat Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudovdan gətirilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Türkologiya sahəsində zəngin akademik təcrübəsi olan, ABŞ-ın Berneli Universitetinin keçmiş qonaq professoru, bir sıra kitabların müəllifi, dünyanın nüfuzlu universitetlərində, o cümlədən Stenford və Kaliforniya universitetlərində mühazirələr oxumuş, məruzə və çıxışlar etmiş tanınmış türkoloq A.Sanduçinin “Qədim alimlər türk xalqları haqqında” kitabı ABŞ-da “World Scholarly Press” tərəfindən iki cilddə nəşr olunub.

 

“Türkologiya” jurnalının məsul katibi Aysel Qəriblinin mediaya açıqlamasına görə, monoqrafiya “Ön söz”, səkkiz fəsil və biblioqrafiyadan ibarətdir. “Ön söz”də “türk” etnonimi, eləcə də ən qədim dövrlərdən başlayaraq türklərin daşımış olduğu müxtəlif adlar barədə yığcam məlumat verilir. Əsərdə latın əsaslı müasir türk əlifbası beynəlxalq ingilis əlifbası ilə müqayisədə təqdim edilir. Bu da əsərdə sıx-sıx verilmiş türk sözlərinin oxucuya, xüsusilə müxtəlifdilli mütəxəssislərə mümkün qədər düzgün fonetik tərkibdə çatdırılması məqsədi daşıyır.

Çoxsaylı, çoxdilli və son dərəcə zəngin mənbələrə əsaslanmış tədqiqatçı mükəmməl elmi-metodoloji quruluşu ilə seçilən monoqrafiyasında türklər (və türkologiya) üçün artıq müəyyənləşmiş, mübahisə doğurmayan məsələlərdən bəhs etməklə yanaşı, olduqca mübahisəli, polemik problemlərə geniş yer verir.

Birinci fəsildə türklərin Bibliyaya görə tarixşünaslığı araşdırılır. İkinci fəsildə bu qədim etnosun tanrıları, ana yurdları və ilkin tayfa diferensiasiyası barədə təsəvvür yaradılır, üçüncü fəsil isə türk tayfalarının qədim əlaqələrinə, etnik inteqrasiya məsələlərinə həsr olunub.

Aysel Qəribli A.Sanduçinin zəngin linqvistik, arxeoloji, etnoqrafik və s. materialların yer aldığı “Qədim alimlər türk xalqları haqqında” əsərini türk xalqları tarixi ilə maraqlanan hər kəs üçün dəyərli töhfə hesab edir.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2023)

Çərşənbə, 11 Yanvar 2023 20:00

X Qlobal Bakı Forumunun vaxtı açıqlanıb

 

Martın 9-11-də Azərbaycan paytaxtında növbəti beynəlxalq tədbir – X Qlobal Bakı Forumu keçiriləcək. Bu barədə Forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tviter səhifəsində bildirilib. 

 

Səhifədə qeyd edilib ki, Forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olacaq.

Qeyd edək ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Forumlarda dünya gündəminin aktual mövzuları, qlobal problemlər müzakirə olunur.

2022-ci ilin iyununda keçirilən IX Qlobal Bakı Forumu “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunmuşdu. Foruma 50-dək ölkədən nümayəndə heyətləri, o cümlədən dövlət başçıları, nazirlər, sabiq prezidentlər, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və yüksəkvəzifəli şəxsləri qatılmışdı.

Xatırladaq ki, dünyanın bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Çərşənbə, 11 Yanvar 2023 18:00

Prezident İsrailə ilk səfirimizi təyin etdi

 

M.M.Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 yanvar 2023-cü il

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Çərşənbə, 11 Yanvar 2023 16:30

İncəsənət adamı belə vəhşilik edərmi?

 

Ən çox oxunam xəbər çox inanılmazdır: Amerikalı məşhur müğənni Madonna afrikalı uşaqların alverində, onların cinsi istismarında, həmçinin homoseksuallığı və transseksuallığı təbliğ etməkdə ittiham olunub.

 

“Ədəbiyyat və incəsənət” xarici KİV-ə istinad edən oxu.az-a istinadən xəbər verir ki, "Ümumdünya Efiopiya Federasiyası"adlı xeyriyyə təşkilatı dövlət başçısı Lazarus Çakveradan sənətçi haqqında araşdırma aparmağı tələb edib.

Prosesin başlanması tələbinə səbəb müğənninin 2006-cı ildə Afrika ölkələrindən birində təsis etdiyi "Education Malawi" fondu olub. Təşkilatın işi sayəsində Avropa və ABŞ sakinləri afrikalı uşaqları övladlığa götürə biliblər.

"Uşaq alveri, cinsi istismar, cinsi köləlik, məcburiyyət, hədələr, fırıldaqçılıq, aldatma və səlahiyyətlərdən sui-istifadə ilə bağlı təhqiqat aparılana qədər Madonna və onun tərəfdaşlarının afrikalı uşaqlarla ünsiyyəti ehtiyat tədbiri olaraq məhdudlaşdırılmalıdır", - federasiyasının bəyanatında deyilir.

Təşkilat həmçinin Madonnanı "digər qadınla ədəbsiz davranışda" ittiham edərək, ölkədə belə hərəkətlərin qanunla cəzalandırıldığını qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Çərşənbə, 11 Yanvar 2023 16:00

20 yanvar yaxınlaşır

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixinə əbədi yazılıb. Hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi olan, qan yaddaşında silinməz iz qoyan hadisələr var, bizdə də bu, 20 yanvar hadisələridir. 

 

Bu gün yanvarın 11-idir, növbəti ildönümündən bizi cəmi 9 gün ayırır. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən artıq 33 il keçir...

Ayın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Bir qərinə keçsə də, unutmadıq!” adlı tədbir keçiriləcək.

Tədbirdə 20 Yanvar hadisələrindən söhbət açılacaq, o qanlı gecənin günahsız qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdiriləcək. Beynəlxalq hərbi mahnılar müsabiqəsinin mükafatçısı Rauf Məmmədzadənin, respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Vahidov və tələbələrinin ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

 

Osloda "Deichman Bjorvika" Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın “Northern Stories by Cizgi” (“Cizgi”nin Şimal hekayələri) adlı ekspozisiyasının açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir Oslodakı “Azərbaycan Evi” və Norveç üzrə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən təşkil olunub. 

Tədbirdə "Azərbaycan Evi" nin sədri, Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev, "Azərbaycan Evi"nin nümayəndələri Arzu Rzayeva, Günay Əliyeva, ictimaiyyətin və yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər. 

Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olunub.

Gülnarə Xəlilova: “Mən öz əsərlərimi Norveçdə, görkəmli arxeoloq, səyyah və yazıçı Tur Heyerdalın vətənində təqdim edirəm, hansı ki, uzun illər aparılan araşdırmalardan sonra belə nəticəyə gəlib ki, vikinqlər əslən Azərbaycandan gəliblər-qədim zamanlarda məhz ölkəmizin ərazisindən Skandinaviyaya yolları başlayıb. Keçən ilin may ayında Oslo şəhərinin məşhur Cosmopolite konsert salonunda Qarabağ bölgəsinin milli geyim ənənələrini əks etdirən "Xarıbülbül və Qarabağ" defilesini təqdim etdim. Bu dəfə sərgi formatında Norveçin ornamentlərinə üstünlük verərək əsərləri təqdim etdim və bu da qonaqların böyük marağına səbəb olub. Onlar təkcə yaradılan kompozisiyaların dəqiqliyinə deyil, həm də ilk dəfə olaraq onların milli ornamentlərinin ipək üzərində təqdim olunmasına xoş təəccübləndilər. Ümumiyyətlə, Norveç ornamentləri ənənəvi olaraq toxunma və tikiş üslubu ilə əks olunur". 

Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Bir qrup elm adamı qara qutu hazırlayıb. Qutu bütün həyatı sona çatdıracaq fəlakətdən sonra dünyada baş verənləri təsvir etmək üçün dizayn edilib. Avstraliyanın Tasmaniya əyalətində tənha bir yerdə yerləşəcək və hər şeyi qeyd etməyə planlaşdırılmış bu struktur bir çox sirləri özündə ehtiva edəcək.

 

Publika.az-ın məlumatına görə, son illərdə təsiri hər mənada hiss edilən iqlim dəyişikliyi dünyanın sonunun xəbərçisi kimi şərh olunur.

Böyük əksəriyyət kütləvi məhvin mümkün olmadığına inansa da, alimlər insanların kütləvi yox olduqdan sonra bəşəriyyətin sonunun nə ilə nəticələndiyini izah etmək və bir vaxtlar dünyada baş verənləri gələcək nəsillərə ötürmək ideyası ilə sözügedən layihəyə imza atıblar.

Bu fonda Avstraliyanın Tasmaniya əyalətinin ucqar bir küncündə qara qutu qalacaq. Siz bunu uçuş zamanı təyyarədə müəyyən məlumatları qeyd etmək üçün qara qutu kimi düşünə bilərsiniz.

Lakin həmin layihənin təfərrüatları budur:

Son zamanlar bütün dünya alimlərinin müzakirə etdiyi bir mövzu var: şiddətli quraqlıq, xüsusən də buzlaqların əriməsi iqlim dəyişikliyinin ən çox hiss olunan təsirlərindən biridir. Bu dəyişikliklərin dünyanın sonunu gətirəcəyinə inanan alimlərin məqsədi baş verə biləcək fəlakətdən sonra gələcək nəsillərə məlumat verməkdir.

 

Hər şeyi qeydə alır

 

Ötən ilin ortalarında Tasmaniya Universitetinin alimləri, "Celemnger BBDO" marketinq agentliyi və "Glue Society" kreativ agentliyi ilə birgə layihə hazırlanıb. Onlar layihəni "Yerin Qara Qutusu" adlandırdılar. Bu layihənin yaradıcıları bəşəriyyətin mümkün sondan sonra sağ qalıb-qalmaması ilə bağlı qərarsız olsalar da, planetdə yenidən başlayacaq həyatın mümkünlüyünü nəzərə alaraq gələcəyə bir növ "yaddaş" qoyurlar. Uzun illərdir tədqiq edilən qara qutu, dünyanı məhv etmə ehtimalı yüksək olan nüvə müharibəsindən belə təsirlənməyəcək şəkildə dizayn edilib. Düzbucaqlı şəklində dizayn ediləcək möhkəm bir daşa bənzəyən bu quruluşun digər məqsədi də dünyanın gedişatını təhlil etmək üçün məlumat toplamaqdır.

"Hekayəmizin necə bitəcəyi tamamilə bizdən asılıdır. Bu layihə ilə bağlı bir şey dəqiqdir, indi sizin hərəkətləriniz, hərəkətsizliyiniz və qarşılıqlı əlaqəniz qeydə alınır."

Yerin Qara qutusu bəşəriyyətin və planetin sonunu gətirən problemləri qərəzsiz şəkildə izah etmək məqsədi daşıyır. Ancaq bu layihəni faydalı hesab edənlərlə yanaşı, yararsız hesab edənlər də var. Bəzi elm adamları planetin sonunu gətirəcək problemlərin həlli yollarını tapmaq əvəzinə, başqa layihələrə vəsait xərcləməyi yersiz hesab edirlər. Layihənin yaradıcılarının sözlərinə görə, qara qutu bir çox aspektlərdə maarifləndirmə məqsədi daşıyır.

Deyilənə görə, qara qutu çoxlu saxlama bankları ilə doldurulacaq və bu banklar üzərindəki günəş panelləri ilə internet bağlantısı qura biləcəklər. Batareyalar enerji saxlamağa imkan verəcək. Günəşin ilk şüaları ilə qara qutu elmi məlumatları endirəcək və alqoritm internetdən iqlim dəyişikliyi ilə bağlı materialları toplayacaq. Qeydiyyat prosesi başlayıb. Sayta daxil olarkən məlumatların qeydə alındığı barədə xəbərdarlıq edildiyini görmək mümkündür.

"Glue Society"-nin həmtəsisçisi Conatan Kneebone Amerikanın ABC telekanalına verdiyi açıqlamada, "Bu qutu hamımızdan daha çox yaşamaq üçün hazırlanıb. Bu qutu şəbəkə batdıqda belə işləməyə davam edəcək". "Clemenger BBDO" marketinq agentliyinin kreativ direktoru Cim Kurtim müsahibədə deyib: "Əgər dünya iqlim dəyişikliyi nəticəsində dağılacaqsa, bu sarsılmaz qeyd cihazı ondan dərs alan hər kəsin yanında olacaq".

"Yerin Qara Qutusu" layihəsi gələcək nəsillərin yox olduqdan sonra qutudakı məlumatları necə əldə edəcəyik? sualını da ağıllara gətirib.

Mövzu ilə bağlı qutunun memarları layihə üzərində çalışdıqlarını bildirərək, bu məsələyə belə aydınlıq gətiriblər: "Qara qutudakı məlumatları binar sistemlə kodlayacağıq və qutunun üzərinə təlimatları həkk edəcəyik".

Görünür, layihə haqqında daha çox öyrənmək üçün bir müddət gözləməli olacağıq.

Qeyd edək ki, saxlanan məlumatlara quru və dəniz temperaturu, okeanın turşulaşması, atmosfer CO2, növlərin yox olması, torpaqdan istifadənin dəyişməsi, həmçinin insan əhalisi, hərbi xərclər və enerji istehlakı daxildir. Qəzet başlıqları, sosial media yazıları və ÇNL iqlim dəyişikliyi görüşləri kimi əsas hadisələrdən xəbərlər kimi kontekstual məlumatlar da toplanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

 

Çərşənbə, 11 Yanvar 2023 15:35

Yuxusuzluğun səbəb olduğu 4 fəsad

 

Yuxusuzluq ən böyük problemlərimizdən biridir. Normal yuxu rejimi olmayan insanlar özlərini gün ərzində çox əzgin və yorğun hiss edir. Yuxusuzluq enerji səviyyəsi və əhvalımızla yanaşı, həmçinin sağlamlığımıza, işinizə də ciddi təsir edir.

 

 

 

Yuxusuzluq başqa hansı problemləri yaradır?

 

Beləliklə, xarici KİV-ə istinadən yuxusuzluğun törətdiyi fəsadları təqdim edirik:

 

 

Həddindən artıq çəki

 

Normal yuxu rejimi olmayan insanlarda artıq çəki probleminin olması bir çox təcrübələr nəticəsində sübut olunub. Belə ki, yuxusuzluq iştah hormonlarının - leptin və qrelinin pozulmasına səbəb olur. Bu da piylənməyə şərait yaradan amillərdən biridir.

 

 

Qırışlar

 

Yuxu hormonu - melaton çatışmazlığı dərinin pisləşməsinə səbəb olur. Onun istehsalı səhər saatlarında 2 dəfə aşağı düşür. Ona görə də gec yatanların dəri hüceyrələrinin  yenilənməsində problemlər yaranır. Bu da qırışların əmələ gəlməsinə gətirib çıxarır. Dəri daha yaşlı və solğun görünür.

 

 

Xərçəng riskinin artması

 

Həkimlər yuxusuzluğun kolon xərçənginə səbəb ola biləcəyini aşkarlayıblar. Gündəlik 8 saat yatmadıqda, bədənin qoruyucu müqaviməti azalır. Bu halda isə xərçəngə səbəb olan onkogen transformasiya ilə nəticələnmə ehtimalı çoxalır.

 

 

Artan narahatlıq

 

Müntəzəm yuxunun olmaması ilə beyin emosiyaları yaratmaqdan və idarə etməkdən yorulur, bu da əsəbilik və narahatlığı artırır. Tədqiqatlar göstərir ki, xroniki yuxu çatışmazlığı narahatlıq pozğunluqlarını yaradan əsas amillərdəndir.

 

Mütəxəssislərin sözlərinə görə, bu problemlərdən uzaq olmaq üçün 18-60 yaşlı insanlar gün ərzində 7 saatdan az yatmamalıdır.

 

“Ədəbiyyat və incəsənət”

 

(11.01.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.