Super User
Xalq şairi Zəlimxan Yaqubun xatirəsi anılacaq
Yanvarın 18-də Beynəlxalq Muğam Mərkəzi və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi təşkil olunacaq.
Beynəlxalq Muğam Mərkəzinin məlumatına görə, tədbirdə tanınmış ictimai xadimlər, söz adamları və incəsənət ustaları iştirak edəcəklər.
Gecənin bədii hissəsində Xalq artistləri Alim Qasımov, Mələkxanım Eyyubova, Gülyanaq Məmmədova, Əməkdar artist Elnarə Abdullayeva, fəlsəfə üzrə elmlər doktoru, aşıq Fəzail Miskinli, Əməkdar mədəniyyət işçiləri aşıq Zülfiyyə İbadova, Samirə Əliyeva, Nemət Qasımlı, Bəhmən Göyçəli, aşıq Ramin Qarayev və digər tanınmış musiqiçilər çıxış edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Ceyms Allen «Düşünən insan» - Uğur yolunu göstərən ən yaxşı kitablar
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.
Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verməyi davam edirəm.
Ceyms Allen «Düşünən insan»
Düz 116 il öncə yazılan bir kitabın hələ də populyar olması, hələ də insanlara bələdçilik etməsi, fayda gətirməsi əlbəttə ki, diqqətçəkən haldır. İnsan özünüinkişafı üzrə klassik iş hesab olunan bu kitabın əsas ideyası odur ki, insanı onun düşüncələri formalaşdırır. Yüksək, ali fikirlər insanı yüksəldir, necə deyərlər, axmaq fikirlər isə insanı alçaldır.
Həyatı faciələr içində keçən, cəmi 15 yaşında ikən atasının öldürülməsi səbəbindən təhsilini atıb ailəsini dolandırmaq üçün ağır işlərə qatlaşan Allendə kitaba sevgini Lev Tolstoyun yaradıcılığı oyadıb. Yüzlərlə kitab oxuyan bu dahi şəxsiyyət insanın imkanlarının dəyişilməsi üçün düşüncənin gücünü ən əsas faktor hesab edir.
Allenə görə insan özü barədə nə düşünürsə, mahiyyətcə elə düşündüyünə bərabər olur.
İlk dəfə motivasiya mövzusuna toxunan Allen şəxsiyyətn inkişafını, uğur qazanma sirlərini məhz düzgün düşünə bilməkdə görməklə insanlığı düşünməyə səsləyir.
Sadəcə, düşünün, əziz oxucularım! Hər şey sizin düşüncələrinizdən asılıdır.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Sərt işdə 85 zərif
Prokurorluq orqanlarında 85 qadın əməkdaş çalışır
Prokurorluq orqanlarında 85 qadın əməkdaşın çalışması barədə məlumatı Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.
Kamran Əliyev bildirib ki, qadınlardan 56-sı 2002-2019-cu illər ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 29-u isə 2020-2022-ci illərdə keçirilmiş müsabiqələr nəticəsində işə qəbul olunub: “Müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 8,7 faizini qadınlar təşkil edir. Hazırda rəhbər vəzifədə işləyən 9 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1 şöbə rəisi, 1 Bakı şəhər prokurorunun böyük köməkçisi, 2 rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir”.
Bəli, sərt iş sayılan hüquq-mühafizə sistemində zərif qadınların çalışması bir qədər təəccüblü görünür. Amma o da var ki, qadınlar kişilərə nisbətən qanunları daha az pozurlar.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
“Muğam axşamları” layihəsi çərçivəsində Yeni ildə ilk konsert keçiriləcək
Yanvarın 17-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsinin növbəti konserti keçiriləcək. Musiqi gecəsində “Bayatı Kürd” və “Qatar” muğamlarını VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri Fuad Əzizzadə, Ülkər Abdullayeva və Daşqın Kürçaylı təqdim edəcəklər.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Sibel Can Bakıya gəlir
Banu yazır
Sevimli müğənnimlə bağlı iTicket-də gedən bu xəbər məni çox sevindirdi: Martın 8-də Bakı Konqres Mərkəzində Türkiyənin məşhur müğənnisi Sibel Canın konserti olacaq.
Xəyal məni 5 il öncəyə apardı. Onda da məhz 8 martda və məhz Bakı Konqres Mərkəzində Sibel Can konsert vermişdi. Konserti Ruhi xanım təşkil eləmişdi və mənə də Dəvətnamə payı göndərmişdi.
Sibel Can həqiqətən də gözəl və böyük müğənnidir. Daim özünəməxsus ifa tərzi ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla növbəti dəfə paytaxtımızda pərəstişkarları qarşısında çıxış edəcək. Özü də Sİbel Can heç vaxt arabeska, əcnəbi bəstəkar mahnısı oxumaz, öz bəstəçisi, öz stili, tərzi olan müğənnidir.
“Röyalarda buluşuruz”, “Bəlliymiş zatən” və “Yetmiyor” kimi şedevrləri ərsəyə gətirən müğənni həqiqətən də böyük müğənnidir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
“Çeburaşka”maniya
Rusiyanın “Soyuzmultfilm” studiyasının istehsal etdiyi “Çeburaşka” filmi son rəqibi olan “Kölə” komediyasını geridə qoyaraq yerli prokatda ən çox gəlir gətirən film kimi rekorda imza atdı.
“Ədəbiyyat və incəsənət” portalı kinonews.ru saytına istinadən xəbər verir ki, son nəticəyə görə, “Çeburaşka” gəlir hesabını 3,085 milyard rubla çatdıraraq, bütün rəqiblərini üstələyə bilib.
Maraqlıdır ki, belə inanılmaz nəticə əldə etmək üçün rejissor Dmitri Dyaçenkonun “Çeburaşka” nağıl filminə cəmi 10 gün vaxt lazım olub. Belə ki, film prokata yanvarın 1-dən çıxıb. Bu cür sürətli gedişatla güman edilir ki, yaxın gələcəkdə ekran əsəri yerli kassada digər xarici film layihələrini, o cümlədən “Avatar” filmini də üstələyə bilər.
Rusiyada “Çeburaşka”maniya hökmranlıq etməkdədir.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Müəlliminə dedi ki, sizə nifrət edirəm...
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Məlik Dadaşovdur.
MƏLİK DADAŞOV
(1924-1996)
***
İncəsənət Universitetində dərs dediyim vaxtlar idi. Dərslər təzə başlamışdı. Birinci kursları götürmüşdüm. Bir gün dekanlıqdan xəbər elədilər ki, bəs tələbələrdən biri mənim kursumda oxumaqdan imtina edir. Dekanlığa getdim, tanıdığım tələbə idi, bir gün əvvəl tanış olmuşdum, bacarıqlı, istedadlı bir qız.
– Qızım, niyə mənim kursumda oxumaq istəmirsən?
– Sizə nifrət edirəm, – birbaşa üzümə dedi.
Sarsıldım.
– Niyə axı, mən sənə neyləmişəm? – heyrətlə xəbər aldım.
Qız cavab vermədi. Başını aşağı salıb ağladı. Saçlarını sığallayıb könlünü almaq istəyəndə əlimi geri itələdi:
– Toxunmayın mənə! – çığırdı.
Hamı heyrət içində idi. Dalağım sancdı. Başa düşdüm ki, bu fikirlərin arxasında nə isə bir acı gerçək dayanır. Qız başını qaldırıb gözlərimin içinə baxdı:
– Hər dəfə sizi görəndə atamın çəkdiyi əzabları xatırlayıram, – deyib, – məni qucaqladı.
Sonradan öyrəndim ki, qızın atası da erməni əsirliyində olub, əsirlikdən azad olub evə gələndən bir müddət sonra dünyasını dəyişib.
O qız mənim ən yaxşı tələbələrimdən biri oldu.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Qara dənizdə delfinlərin üçdə biri ölə bilər - günahkar ruslardır
Qara dəniz delfinləri Rusiyanın Ukraynaya təcavüzünün qurbanları arasındadır. Müharibə başlayandan - ötən il Fevral ayının sonundan üzübəri Ukrayna sahillərində yüzlərlə ölü məməli tapılıb. Dəniz bioloqlarının ən pessimist hesablamalarına görə 250 minlik Qara dəniz delfini “əhalisindən” təxminən üçdə biri ölə bilər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-un bir süjetinə əsaslanaraq məlumat yayır.
İvan Rusev, dəniz bioloqu söyləyir: “Ümumilikdə, hesablamalarımıza görə, ən azı 50 min, maksimumsa 100 min delfin ölüb."
Delfin ölümlərinin əsas səbəbləri arasında elm adamları dənizdəki döyüşləri göstərirlər: səslər, partlayışlar, həmçinin hidrolokatorların gəmilər və sualtı qayıqlar tərəfindən aktiv istifadəsi.
İvan Rusev deyir:
"Hidrolokatorlar delfinlərin duyma və akustik sistemini vurur və sanki delfin kor olur. O, nəhayətsizlikdə gəzə bilmir, özünə balıq tuta bilmir və buna görə də hər gün arıqlayır, immun sistemi zəifləyir."
İndi ukraynalı alimlər ekosid adlandırdıqları bu rus təcavüzünə aid sübutlar toplayırlar: delfinlərin ölümünün Rusiyaya qarşı ittihamlardan biri olacağını istisna etmirlər. Həmçinin bioloqlar müharibədən sonra genişmiqyaslı dəniz Qoruğu təşkil etməyə ümid edirlər: onların sözlərinə görə, Qara dəniz delfinlərinə dəymiş itkiləri bərpa etmək üçün 30 ildən çox vaxt lazım ola bilər.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
“Tut ağacı"nın altında "Bu dünyanı nağıl bilək"
Elman Eldaroğlu yazır
Bakını özü üçün cazibə nöqtəsi hesab edir. Yerlipərəstlikdən uzaq olsa da, onun üçün Vətən ata-baba yurdu Buzovnadan başlayır. Xatirələrində olan Bakı tamam başqadır.
“Əvvəllər yaşlı insanlar söhbət edəndə deyirdilər ki, bizim vaxtımızda Bakı elə olub, belə olub... Həmişə bunu eşidəndə gülürdüm ki, bu yalnız yaşla, həyata baxışın dəyişməsiylə bağlıdır. Amma bizim dövr, sözün əsl mənasında Bakını tam dəyişdi, keçmişlə bağlı bir çox körpülər qırıldı. Şəhərimizin bir çox əraziləri gündən-günə gözəlləşir, abadlaşır, bunları görməmək və ya görüb deməmək olmaz. Amma insanların davranışı, mədəni səviyyəsi daha yaxşını arzulamağa vadar edir. Şəhər mədəniyyətini kənd qanunlarına tabe eləmək olmaz. Şəhərdə şəhərli kimi davranmaq lazımdır. Bütün bunlar düzələnə qədər mahnılarımı içimdə qoruduğum Bakıya yazacağam yəqin.”- söyləyir.
Avtomobildə gedə-gedə radioya qulaq asmaqdan həzz alır. Bəyəndiyi ifanı tapana kimi dalğaları tez-tez dəyişir. O qədər ifasını bəyənmədiyi, qulaq asmağa səbri çatmadığı müğənnilər olur ki, vaxtının 15 dəqiqəsini mahnıları dəyişməyə sərf edir. Nəhayət klassik musiqi, caz, muğam, retro-estrada fərq etməz, əhvalına uyğun musiqi seçib dinləyir. Onun üçün Akif İslamzadə, Brilliant Dadaşova, Zeynəb Xanlarova, Nisə Qasımova, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Sezen Aksu, Ajda Pekan, Ququş, Alla Puqaçova, Xulyo İqlesias, Dems Russos, Stinqin ifaları, ABBA qrupu və şübhəsiz ki, klassik Avropa və Azərbaycan musiqi nünələri daha önəmlidir…
Haqqında söhbət açdığım bəstəkar Aygün Səmədzadə 1967-ci ildə tanınmış iqtisadçı alim, millət vəkili, akademik Ziyad Səmədzadənin ailəsində dünyaya gəlib. 1985-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medalla bitirib. Elə həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsinə daxil olub. Oxuduğu müddətdə qabaqcıl tələbə kimi "Üzeyir Hacıbəyov təqaüdü" alıb. 1990-cı ildə konservatoriyanı da fərqlənmə diplomu ilə bitirən Aygün xanım elə o vaxtdan da bitirdiyi elm ocağının musiqi tarixi kafedrasında müəllimlik edir.
Türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradacılığına həsr olunan elmi monoqrafiyanın və bir sıra elmi məqalənin müəllifidir. 2003-cü ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur…
Deyir ki,- “Mən tələbələrimə də deyirəm, bizdə musiqi tənqidçisi kimi formalaşmaq çətindir. Çünki Azərbaycan mühiti, insanların bir-birinə münasibəti fərqlidir. Sağlam tənqidi çox vaxt təhqir kimi qəbul edə bilərlər və yaxud təhqir edib, onu tənqid kimi qələmə verə bilərlər. Yəni sərhədlər itib, insanlarda "üz üzdən utanar” psixologiyası daha dərindir. Heç kəs "dost”, "qardaş”, "yaxşı oğlan” münasibətində olduğu musiqiçini, zəif ifasına görə tənqid etmir. Musiqi tənqidi də elədir ki, gərək obyektiv olasan, eyni zamanda həm o musiqi mühitinin içində olmalısan, həm də sənin musiqi mühitiylə əlaqən olmamalıdır ki, onu tənqid edə biləsən. Məsələn, ixtisasca həm də musiqişünas, tənqidçiyəm, amma bu dəqiqə heç kimi tənqid eləmərəm. Əslində, deməyə sözüm çoxdur. Amma özüm də bu sahədə çalışdığım üçün mənim dediklərimi obyektiv qəbul etməyəcəklər. Bu gün Azərbaycan estradasında 90 faiz mahnıları bəyənmirəm. Ona görə yox ki, mən onlardan yaxşı yazıram, özüm haqqında yüksək fikirdəyəm. Sadəcə, mənim aldığım musiqi tərbiyəsi başqadır. İndi mən bunu hardasa desəm, deyəcəklər Aygün Səmədzadə qərəzlidir. Bir- iki dəfə olub ki, hansısa müğənniyə "sən bu mahnını oxuma, filan xalq mahnısı sənin üçün deyil”, ya da "xalq və klassik mahnılarımız da digər sənət abidələrimiz kimi toxunulmazdır, onları hər kim gəldi oxuya bilməz”- demişəm. Görürəm ki, buna görə məndən inciyiblər...”
Kiməsə ilk baxışda qapalı, özündən razı adam, eqoist kimi görünə bilər, amma çox təvazökar, daxilən zəngin insandır. Əsl xanımlara xas olan əda, davranış, mədəniyyət ona da xasdır, kübarlığı ilə seçilir. Bəstəkar kimi musiqiyə 1996-cı ildə Flora Kərimovanın ifa etdiyi, Xanım İsmayılqızının sözlərinə bəstələdiyi "Ruhumuz qovuşacaq" mahnısı ilə gəlib. 2000-ci ildə keçirilən "Yaxşıların yaxşısı" müsabiqəsində onun sevimli şairimiz Kamalə Abıyevanın sözlərinə bəstələdiyi "Məktəb illəri" mahnısı müəllifinə "ilin bəstəkarı" nominasiyasında qələbə qazandırıb. 2002-ci il isə onun üçün daha uğurlu olub. Belə ki, bu ilin fevralında keçirilən "Nəğmələrin nəğməsi" müsabiqəsində onun Zəkirə Allahverdiyevanın sözlərinə bəstələdiyi "Tut ağacı" mahnısı "Qran-Pri"yə, yenə də Kəmalə xanım Abiyevanın sözlərinə bəstələdiyi "Bu dünyanı nağıl bilək" mahnısı birinci, "Yağış" mahnısı isə ikinci yerə layiq görülüb...
Konservatoriyanı 1990-cı ildə bitirsə də, yaradıcılığa 1996-cı ildə başlayıb. Bunu da onunla əlaqələndirir ki, tələsməyib, özünü püxtələşmiş bəstəkar kimi təqdim etməyi planlaşdırıb...
“Mən peşəkar musiqi təhsili alıb, mahnılarımı tam hazır şəkildə dinləyicilərə təqdim etmək istəmişəm. Yəni aradakı 6 ili boş yerə sərf etməmişəm. Biliyimi artırmaqla, tədqiqat işləri aparmaqla məşğul olmuşam. Və nəhayət, ürəyimin istəyini üzə çıxarmışam. Mənə elə gəlir ki, yaradıcı insan üçün bu müddət elə də gec deyil. Hamı deyir ki, 20-30 ildir, sənətdədir, amma onlar bunu nə ilə sübut eləyə bilərlər? Başqaları müxtəlif işlərlə məşğul olanda, mən ali musiqi təhsili almışam, aldığım biliyi də ilk və ən çox sevdiyim "Ruhumuz qovuşacaq" adlı mahnımla ortaya qoymuşam. Düzdür, buna qədər bir sıra kiçik pyeslər yazmışam. İlk mahnımı isə Bülbül adına Musiqi məktəbinin 10-cu sinfində oxuyanda Cəfər Cabbarlının "Dan ulduzu" şerinə bəstələmişəm. Ancaq müəyyən vokal imkanları nəzərə almadığıma görə mahnını indiyə qədər heç bir müğənniyə göstərməmişəm. Yəni bu mahnı düzəlişlər ediləndən sonra oxuna bilər.”- söyləyir...
Musiqi yaranan zamandan yeddi notdan ibarət olub. Hələ indiyədək heç kim bu notların sayını artırmaq iqtidarında olmayıb. İndiyədək bəlkə də milyonlarla musiqi bəstələnib, çoxları da artıq unudulub. Amma əsl musiqi unudulmazdır, əbədidir...
Deyir ki,- “Mənim üçün notların göy qurşağında olduğu kimi hər birinin öz rəngi var. Məsələn, Do quruyan qızılgül ləçəyinin rəngindədir, Re və Sol yaşıl, Mi və Sol qəhvəyi, Fa göy, Lya sarı rəngdədir. Əgər insanın ruhu rəngarəngdirsə, demək, o, canlıdır, hərəkətlidir və yaradacaq. İlhama gəldikdə isə bu xüsusiyyət ruhun xüsusi halıdır və duyğularla, müsbət və hətta mənfi emosiyaların təzahürü ilə bağlıdır. İnsana ilham gələndə, öz potensialını tam reallaşdırmağa, fikir və səylərini konkret işlərə, əsərə çevirməyə hazırdır. İnsan bu halda-zehni və emosional vəhdətin yüksəliş məqamında dağları devirə bilər. Əksəriyyət üçün ilham qaynağı fərdi xarakter daşıyır. Amma daha dəqiq desəm, əslində bizə motivasiya verə biləcək hadisələr özləri bizi seçir və bizdən asılı heç nə yoxdur. Bu əsəri yazmaq mənim qismətimdədirsə, onun ilhamı da elə mənə gələcək. Məsələn, məşhur “Tut ağacı” kompozisiyam küskün və əsəbi bir əhvaldan sonra ərsəyə gəlib. Ümumiyyətlə, bütün əsərlər ağır və fərəhli anların, yaşadıgım hisslərin, dinlədiyim həyat hekayələrinin və sevgi tarixçilərinin, oxudugum kitabların, ən əsası isə məni əhatə edən bütün gerçəkliyin nəticəsidir. Elə məqamlar olur ki, müəyyən hadisələrin təsiri altında musiqi yazıram, gözlərimdən yaş axır və bu əsəri dinləyən insanların da göz yaşı axıtdığını görəndə heyrətlənmirəm. Bilirəm ki, içimdəki sevinci də, göz yaşını da dinləyicilərə ötürməyi bacardım, buna cəhd göstərməsəm də.”
Bəli, haqqında danışdığım əməkdar incəsənət xadimi, xalq artisti, alim, bəstəkar Aygün Səmədzadə gözəl bəstələri- musiqiləri ilə insanları düşündürməyi, kövrəltməyi, ağladıb güldürməyi bacarır. Bu, onun taleyinə yazılan ilahi qüdrət, Allahın hədiyyəsidir...
Yanvarın 11-i Aygün xanımın növbəti ad günü oldu. Ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Arzularınız çin olsun, Aygün xanım!
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Bu gün vokalçımız beynəlxalq müsabiqədə çıxış edəcək
Yanvarın 12-dən 22-dək Moskvada vokalçıların və konsertmeysterlərin Xibla Gerzmava adına Beynəlxalq müsabiqəsi keçiriləcək. Rusiyanın Xalq artisti Xibla Gerzmavanın təşəbbüsü ilə keçirilən müsabiqəyə Rusiya Prezidenti yanında Mədəni Təşəbbüslər Fondu dəstək verir.
42 vokalçı və 16 konsertmeysterin yarışacağı müsabiqənin seçim mərhələsində Ekspert şurası 38 ölkədən daxil olmuş 800 ərizəni araşdırıb. Seçilmiş 42 vokalçı iştirakçı arasında hazırda Sankt-Peterburq Mariinski Teatrının dəvətli solisti olan soydaşımız Həmid Abdulov da var.
28 yaşlı vokalçı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Sankt-Peterburq Konservatoriyasının, Yelena Obraztsovanın Beynəlxalq Musiqi Akademiyasının məzunudur.
Qeyd edək ki, müsabiqənin Ekspert şurasının üzvlərindən biri də soydaşımız Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Dövlət Akademik Musiqili Teatrının dirijoru Arif Dadaşovdur.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)