Super User

Super User

Bazar ertəsi, 16 Yanvar 2023 09:30

Görkəmli şair Nazim Hikmətin doğum gününə

 

Ötən gün - yanvarın 15-i türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüydü. Növbəti yazı bu barədədir.

 

XX əsr dünya ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir. 

Nazim Hikmət 1902-ci il yanvarın 15-də Saloniki şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib. 

Şairin “Sərvlikdə” adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunub. 1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. 1924-cü ildə Ankaraya qayıdıb və həbs edilib. Bir müddət sonra azadlığa çıxaraq qəzet və jurnalda çalışıb. 1925-ci ildə qiyabi olaraq 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlib. Onun 1926-cı ildə yazdığı ilk poeması “Neft dünyasına səyahət” - Bakı neftçilərinə həsr olunub. 

1928-ci ildə şairin ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı - “Günəşi içənlərin türküsü” nəşr olunub. Nazimə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb. 

Onun şeirləri içərisində xüsusi yer tutan “Bayram oğlu”, “Arpa çayının iki yanı”, “Xəzər”, “Neftə doğru” əsərlərinin mövzusu Azərbaycanla əlaqədardır. 1929-1932-ci illərdə yazdığı “835 misra”, “Baron-3”, “1+1=1”, “Səsini itirmiş şəhər” kitabları, “Jakonda” poeması, “Berinci özünü niyə öldürdü” mənzum romanı ilə imperializmin müstəmləkə siyasətinə qarşı çıxıb. 1936-cı ildə yazmış olduğu “Alman faşizmi və iraq nəzəriyyəsi” adlı məqaləsində şair faşizmin dünya azadlığı iddialarını ifşa edib, bütün mütərəqqi bəşəriyyəti insanlığın bu qəddar düşmənlərinə qarşı mübarizəyə çağırıb. Həmin il şairin Türkiyədə sonuncu şeirlər kitabı - “Şeyx Bədrəddin haqqında dastan” nəşr olunub. Dastanda orta əsrlərdə türk tarixində baş vermiş kəndli hərəkatından bəhs edir.

Nazim Hikmət 1938-ci ildə saxta bir ittihamla yenidən həbs olunub və 28 illik məhbəs cəzasına məhkum edilib. Həbsxanada məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusiflə Züleyxa” pyeslərini və başqa dəyərli əsərlərini yazıb. 1950-ci ildə əfv edilərək azadlığa buraxılan Nazim Moskvaya köçüb. Bu dövrlərdə “Türkiyədə”, “Qərib adam”, “İvan İvanoviç vardımı, yoxdumu” bir çox şeir və poemalarını, dramaturgiyaya dair məqalələrini qələmə alıb.

Nazim Hikmət həm də istedadlı nasir idi. “Romantika” romanı onun çox qüvvətli nəsr əsəridir. Romanda Nazim Hikmətin inqilabi fəaliyyəti, Moskvada təhsil alması, yaşamağın gözəl olduğunu bilən və onun gözəlləşməsinə can atan insanların mübarizəsi əksini tapıb. Ədibin romanı əsasında “Yaşamaq gözəldir, qardaşım” filmi çəkilib.

Böyük ədibin yaradıcılığında dram əsərləri də mühüm yer tutur. Onun pyesləri dəfələrlə Azərbaycan teatr səhnəsində tamaşaya qoyulub.

Şair ikinci dəfə Bakıya 30 il sonra gəlib. Bəstəkar Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baleti dünyanın bir çox ölkələrində tamaşaya qoyulub. Heykəltəraş Münəvvər Rzayeva şairin büstünü, Toğrul Nərimanbəyov və başqa rəssamlar portretini yaradıblar.

N.Hikmət 1963-cü ildə Moskvada vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

Vaşinqtonda Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Əməkdar artist Nərgiz Əliyarovanın “İpək Yolunun musiqisi” adlı solo konserti təşkil olunub. Kennedi Sənət Mərkəzində keçirilən konsertdə əvvəlcə Nərgiz Əliyarova Azərbaycanın zəngin musiqisindən bəhs edərək, dünya incəsənətinə bəxş etdiyi əvəzolunmaz töhfələrdən söhbət açıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Nərgiz Əliyarovanın mediaya verdiyi açıqlamasına istinadən xəbər verir ki, gecədə pianoçu Azərbaycanın tanınmış bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, Firəngiz Əlizadə, Lalə Cəfərova və Faiq Sücəddinovun, eyni zamanda, xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirib.

Qeyd edək ki, konsert proqramı müxtəlif ölkələrdən olan sənətsevərlər və ABŞ-da yaşayan azərbaycanlılar tərəfindən alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Cümə, 13 Yanvar 2023 21:49

Günün fotosu: Avropa kosmosa çıxır

İsveçin Esreync raket poliqonu müxtəlif rekonstruksiyadan sonra kosmik poliqona çevrilib və gələn ilin ilk rübündə ilk Avropa kosmik gəmisi kosmik fəzaya uçacaq.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

 

Yanvarın 14-də Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Sani Axundovun qələmə aldığı “Qaraca qız” hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

 

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.

Qeyd edək ki, uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti səhnə əsərində daha mənalı şəkildə əks olunub. 1948–ci ildə Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulub. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

Cümə, 13 Yanvar 2023 18:33

Bir “Kəpənək” sevdalısı

 

Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür

 

Mirzə Babayev mahnını, sadəcə olaraq, oxumurdu, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

 

Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən biri Mirzə Babayevin vəfatının 20-ci ildönümündə sənətkarın həyat yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salır.

Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin bütöv bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi xəzinəmizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı.

Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açmışdı. 1935-1940-cı illərdə Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdı. Böyük Vətən müharibəsinin başlanması onun gələcək həyatını büsbütün dəyişdi: cəbhəyə getdi, bir çox döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatan səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçı rəğbəti qazandı.

Müğənni müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi zirvələrə qaldırıb.

Mirzə Babayevin radionun “Qızıl fond”unda saxlanan xeyli mahnısı var. O, Mirzə Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub. Eyni zamanda, otuzdan çox filmdə rol alıb: “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” və sair. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev ifa edib, “Onu bağışlamaq olarmı?” filmində isə Tərlanın mahnısını səsləndirib.

Müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini daha da artırıb. “Dərviş Məstəli şah”da Dərviş, “Bəyin oğurlanması”nda Mirişin atası, “Dəli Kür”də Dərviş obrazlarını məharətlə yaradıb. “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” filmlərindəki maraqlı və rəngarəng obrazları kino tariximizə həkk olunub.

Sözsüz ki, Mirzə Babayevin fəaliyyətində əsas yeri müğənnilik tutur. Məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə üç diski çıxıb, 1999-cu ildə isə Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) solo konsert verib. Onun milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib: Xalq artisti fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub, “Şöhrət” ordeni ilə təltif edilib.

Mirzə Babayev Azərbaycan estradasının ən uzunömürlü müğənnilərindən biridir. Söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. Müsahibələrinin birində deyirdi: “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam”. Amma ömrünün 90-cı ilində səhhətində gözlənilməz problem yaşandı və 2003-cü il yanvarın 13-də bənzərsiz sənətkarımızı itirdik.

Bəlkə də çoxları bilmir ki, o, həm də memar idi. Bakı şəhərində, Gəncədə, Sumqayıtda, Mingəçevirdə və başqa şəhər və rayonlarda onun layihələrinə əsasən binalar tikilib.

Kimlər gəldi, kimlər getdi bu dünyadan,

Arif olan nakam getməz bu dünyadan...

Bəstəsi Soltan Hacıbəyova, sözləri Zeynal Xəlilə aid olan bu möhtəşəm mahnını çox müğənnilər ifa edib. Amma onu Mirzə Babayev qədər ürəkdən, yanğılı oxuyan olmayıb. Mahnıda deyildiyi kimi, bu dünyadan nakam getmədi. Həm sənətkar, həm də insan kimi şərəfli bir ömür yaşadı. İllər, qərinələr keçəcək, lakin Mirzə dayının ürəyəyatımlı səsi, bənzərsiz ifası yenə könülləri oxşamaqda davam edəcək.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

Cümə, 13 Yanvar 2023 19:30

Sabah Rafet El Romanın konsertidir

 

Sabah Heydər Əliyev Sarayında məşhur türk ifaçısı Rafet El Roman konsert proqramı ilə çıxış edəcək.

Sevilən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.

Qeyd edək ki, artıq konsertin bütün biletləri satılıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

 

Yanvarın 14-dən 22-dək Daş Salnamə Muzeyində Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Suşini sevirəm” adlı sərgi açılacaq.

 

Səfirliyin yaydığı məlumata görə, “Suşini sevirəm” sərgisində Yaponiyanın tarixi və mədəniyyətinin bir hissəsinə toxunmaqla yanaşı, təkcə Yaponiyada deyil, bütün dünyada sevilən suşinin füsunkarlığı, balıq fiqurları, təamların nümunələri, videolar və interaktiv görüntülər nümayiş olunaraq çoxşaxəli şəkildə ziyarətçilərə təqdim olunacaq.

Qeyd edək ki, UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilən suşi (vaşyoku) Yaponiya mətbəxində əsas rol oynayır və gözəlliyi, dadı, həmçinin sağlam qida baxımından dünyanın bir çox ölkələrində sevilərək, tanınır. 1000 ildən çox tarixi olan suşi Yaponiyanın təbiətinə, iqliminə və həyat tərzinə uyğun olaraq unikal dəyişikliyə məruz qalıb. 200 il əvvəl Edo dövründə ilk olaraq “nigari-zuşi” yaranıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

"Erməni saytlarının Beynəlxalq Böhran Qrupunun Azərbaycanla Ermənistan arasındakı gərginliyin bu il də davam edəcəyinə dair proqnoz hesabatını yayımlaması erməni separatizminin və onların dəstəkçilərinin çıxılmaz vəziyyətdə olduğunun əyani sübutudur".

 

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, birincisi, hesabat müəllifləri Azrəbaycanla Ermənistan arasında yeni savaşın 2020-ci il müharibəsindən az dramatik olmayacağını və qalibin yenə Azərbaycan olacağını yazıblar. İkincisi, hesabat müəlifləri yazıblar ki, Azərbaycan son iki ildə hərbi qüdrətini daha da artırıb, Türkiyə ilə hərbi ittifaq güclənib, Ermənistan ordusunun isə əksinə, hərbi təhcizatı zəifləyib, İrəvan Rusiyadan istədiklərini ala bilməyib:

"Bunun da əsas səbəbi odur ki, hərbi texnika Ukraynada işğalçı müharibə aparan Rusiyanın özünə lazımdır. Üçüncüsü, hesabat müəllifləri Azərbaycanın xeyrinə işləyən digər amilə də diqqət çəkiblər: Avropanın Azərbaycan qazına ehtiyacı var. Yəni hesabat müəllifləri bununla demək istəyiblər ki, Avropa Azərbaycana yeni hədəflərinə çatmaqda mane olmayacaq. Hesabat müəllifləri Azərbaycan-Ermənistan qarşıdurmasından yazarkən tez-tez Ukraynadakı müharibəyə istinad ediblər. Bu o deməkdir ki, dünyanın diqqəti Ukraynadadır, Azərbaycan Ermənistanı sıxışdırmaqda davam edərsə, bu, beynəlxalq aləmin ciddi reaksiyasına səbəb olmayacaq".

Politoloq əlavə edib ki, Beynəlxalq Böhran Qrupunun hesabatı bu gün baş verənlərlə səsləşir:

"Azərbaycan ordusu 2022-ci ilin sentyabr ayında Ermənistanla təmas xəttində strateji yüksəklikləri nəzarətə götürdü. Ermənistan hakimiyyəti Rusiya və Qərb ölkələrindən dəstək istədi. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələyə qarışmadı, erməni siyasətçilər və erməni cəmiyyəti məyus oldu. Azərbaycan fəalları Ermənistanla Qarabağı birləşdirən yolda etiraz aksiyasına başladılar. Ermənistan yenə Rusiya və Qərb ölkələrindən dəstək istədi. Nəticə eynidir, İrəvan Fransanın əli ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirməyə çalışdı, alınmadı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri arasındakı tərəfdaşları Fransaya Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına imkan vermədilər. Belə vəziyyətdə Ermənistanın ümid yeri yoxdur, yeganə alternativi Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımaq, bu şərtlər daxilində sülh sazişini imzalamaqdır. Ancaq separatizmlə zəhərlənən beyinlər hələ buna imkan vermir".

 

“Ədəbiyyat və incəsənət”

 

(13.01.2023)

2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:

 

Fəhlə kimi işləyəcək və musiqi duyumu olan insanabənzər robotlar

 

Amerikalı milyarder İlon Maskın texnologiya sahəsinə qoyduğu investisiyalar barədə hamı məlumatlıdır. Lakin bunlardan ən maraqlı olanlardan biri "Optimus" humanoid robotudur.

"Tesla AI Day 2022"  tədbirində təqdimat zamanı ilk prototipin müstəqil şəkildə ayaq üstə hərəkət etdiyi və musiqinin ritminə uyğun olaraq qollarını yelləyə bildiyi görünüb.

İnsanabənzər texnika həmçinin çiçəkləri sulayır, müəyyən ev işləri görür.

Maskın sözlərinə görə "Optimus" "Tesla" avtopilotunun təchiz olunduğu eyni sensorlardan istifadə edir. Robotun gələcəkdə, məsələn, anbarda fəhlə kimi işləyə biləcəyi vurğulanıb. Onun enerjisinin tam bir iş günü üçün kifayət edəcəyi gözlənilir.

Daha bir insanabənzər robot "Xiaomi" tərəfindən Pekin sərgisində təqdim edilib. Bu yaxınlarda humanoidin internet istifadəçilərinə musiqi qabiliyyəti də nümayiş olunub: Parametrləri insana mümkün qədər yaxın (boyu 177 sm, çəkisi isə 52 kq) olan "CyberOne" təbildə ritm tutarkən videoya çəkilib.

Kadrlarda robotun təbillərə inamla vurduğunu, həmçinin pedallardan istifadə edərək musiqinin ritminə uyğun başını tərpətdiyini görmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2023)

Hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Qanunvericiliyə əsasən, 18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan biridir. Bütün tədbirlərə rəğmən, erkən nikah problemi hələ də həllini gözləyən məsələlərdən biriidir. Vaxtaşırı mediada "erkən nikahın qarşısı alındı", "erkən nikaha cəhd olundu" və s. kimi məlumatlarla qarşılaşırıq.

 

Sosial şəbəkədə və ictimaiyyətdə insanlar erkən nikahların qarşısının alınması ilə bağlı müxtəlif fikirlər səsləndirməyə başlayıb. Mövcud durumu nəzərə alaraq ekspertlərə müraciət etdik və qarşısını almaq istiqamətində fikirləri öyrəndik.

Mövzuyla bağlı  “Ədəbiyyat və incəsənət” portalına açıqlama verən psixoloq Zeynəb Əyyubova aşağıdakıları dedi: "Erkən nikahların qarşısını almaq üçün ilk növbədə maarifləndirmə olmalıdır. Adətən erkən nikahdan danışanda ilk ağıla gələn qızların tez ailə qurması olsa da, hazırda cəmiyyətimizdə oğlanların da 18 yaşa çatmadan ailə qurduqlarının şahidi oluruq. Şübhəsiz, bu məsələdə əsas yük valideynlərin üzərinə düşür. Belə ki, valideynlər övladlarına nikahın öncəlik olmadığını izah etməlidirlər. Öncəlik təhsil almaq, öz ayaqları üzərində dayana bilmək, işlə təmin olunmaqdır. Bir sözlə, həyat resusları yaxşı olduqdan sonra evlənmək haqqında düşünmək lazımdır. Əgər bir ailədə sadaladıqlarımız təbliğ olunsa, həmin ailədə erkən nikah məsələsi gündəmə belə gəlməyəcək"

Məsələyə münasibət bildirən digər psixoloq Fazilə Camalovanın fikirləri isə belə oldu: "Bir çox ölkələrdə və eyni zamanda Azərbaycanda erkən nikah çox böyük problem olaraq qalır. Erkən nikahın qarşısını almaq üçün həll yolu olaraq bir cox qərarlar qəbul edilməsinə baxmayaraq ölkəmizdə hələ də 18 yaşına çatmamış yeniyetmə qızları erkən nikaha məcbur edirlər. Oğlanlara nisbətən erkən nikaha məcbur edilən yeniyetmə qızlar daha çoxluq təşkil edir. Bəzi valideynlər sanki qız uşaqlarını bir yük olaraq görürlər və zamanla o yükdən azad olmağa çalışırlar və yeniyetməlik dövrünə çatan kimi qızlarını təhsildən kənarlaşdıraraq ailə qurmağa məcbur edirlər. Erkən nikaha məcbur qalan 18 yaşı tamam olmamış yeniyetmələr cəmiyyətdən və bir çox sosial amillərdən təcrid olunurlar. İstər tibbi, istərsə psixoloji cəhətdən travmalar almış bu cur qızlar cəmiyyətdə özlərinə yer tapmaqda çətinliklərlə üzləşirlər. Bəli, bu gün biz baxsaq bölgələrdə bir çox ailələr bu yanlış düşüncə tərzi ilə yanlış addımlar ataraq qızlarını az yaşda nikaha məcbur edirlər. Yeniyetməlik dövrünü tam keçirməmiş məktəbli bir qız ağ gəlinlik libası geyinərək şüursuz şəkildə gəlin olur, daha sonra ana olur və bununla da öz arzuları xəyalları məhv olub gedir. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 176.1.2 maddəsinə əsasən nikaha daxil olmağa yaşı 18-dən aşağı olan qızların nikaha məcbur edilməsinə görə çox ciddi cəzalar gözləyir, belə ki, bu cür hallar baş verdikdə həmin şəxsə 4 ilədək azadlıqdan məhrum etmə cəzası verilir, Bu kimi halların baş verməməsi üçün bir çox maarifləndirmə tədbirləri həyata keçirilməlidir. İstər tibbi, istər mənəvi, istərsədə psixoloji cəhətdən yaş məhdudluğu nəzərə alınmalıdır. Bu işdə ən çox valideyinlər öz qızlarının yanında olub anlayış göstərərək təhsil almağa yönləndirməlidirlər."

Erkən nikah problemi ilə bağlı fikirlərini öyrəndiyimiz Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova isə aşağıdakı fikirləri səsləndirdi: "Erkən nikahların qarşısının alınmasının müxtəlif üsülları ola bilər. Vətəndaşlar arasında keçirilən maariflənmə kampaniyalarından tutmuş cəza tətbiqinə qədər ailə başçılarını bu hərəkətdən çəkindirmək mümkündür. Lakin ən əsas məqam ondan ibarətdir ki, bu üsulların içərisində xəbərdarlıq və məsuliyyətə cəlb etmə kimi cəza tətbiqi olarsa, valideynlər bu addımı atmaqdan çəkinərlər. Təbiidir ki, ucqar dağ ərazisində yaşayan bir şəxsə erkən nikahın uşağın psixologiyasına təsir etməsindən, gələcəkdə həmin uşaqdan doğulacaq uşağın da fiziki və əqli qüsurlu doğulmasından bəhs etsək də, həmin şəxs onu çətinliklə dərk edəcək. Lakin həmin şəxsə izah edilsə ki, bu addımı atsan, dövlət sənə bu cəriməni tətbiq edəcək və yaxud həbs oluna bilərsən, o zaman aydın məsələdir ki, heç kəs bu addımı atmaq istəməz, çünki dəmir barmaqlıqlar arasında ömrünü davam etdirməyi heç kəs arzulamır və bu səbəbdən də öz övladının erkən nikahına razılıq verməyəcəkdir. Hər bir halda, düşünürəm ki, ilk öncə həm dövlət strukturları, həm də QHT-lər tərəfindən bu yönümdə maarifləndirmə işləri başlanmalı, mütəmadi olaraq kəndlərdə tədbirlər keçirilməli, bu halların azalması istiqamətində addımlar atılmalıdır. Uşaqlar bizim gələcəyimizdir və hər bir uşağı biz cəmiyyətə elə şəkildə yetişdirməliyik ki, vətənə millətə xeyirli bir vətəndaş olsun."

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun da fikirlərini öyrəndik. Sosioloq qeyd edir ki, mövcud problemlə bağlı humanitar siyasəti dəyişməyin zamanıdır: "Bu mövzuda dəfələrlə müzakirələr aparılıb, maarifləndirmə, təbliğat işləri görülüb. Bəs niyə bütün bunların nəticəsi yoxdur? Ona görə yoxdur ki, biz bu işi lazım olan səviyyədə görmürük, lazım olan işlər aparılmır. Mən Əhməd Qəşəmoğlu 20 ildir bununla bağlı haray salıram, SOS siqnalı verirəm, baxan yoxdur. Axı mən gənc sosioloq deyiləm, bu sahənin hər üzünü tədqiq edən və zamanında 5 il Milli Məclisin Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin rəhbəri olmuşam. Məsələ burasındadır ki, bu problemin qarşısını almaq üçün tamamilə başqa işlər görülməlidir. İndi görülən işlər sadəcə özümüzü aldatmaqdır. Valideynlər arasında qızlarını tez ərə verənlər arasında araşdırmalar aparmışam, erkən yaşda ərə gedən qızlarla da söhbətlər etmişik. Əvvəla bir çox qızları döyə-döyə ərə vermirlər. Elə qızlar var ki, onların dünya görüşü elə formalaşdırılıb ki, artıq 14-15 yaşından ərə getməyi arzulayır. Bir neçə dəfə Salyanda, Şamaxıda və digər rayonlarda bu cür halların qarşısını almağa nail ola bilmişik. Hesab edirəm ki, bu barədə dövlət tərəfindən aparılan humanitar siyasətdə dəyişikliklər olmalıdır, işlər fundamental şəkildə görülməlidir. Gündən-günə həssaslaşan, artan prosesi başdansovdu hansısa tədbirlər vasitəsi ilə həll etmək mümkün deyil. Bəzi valideynlər deyir ki "əgər mən qızımı oxutmayacamsa, onu niyə evə yük edim, elə indidən ərə verim". Amma məsələnin kökündə təkcə iqtisadi problem dayanmır. Sovet dövründə 50-60-cı illərdə də iqtisadi problemlər, çətinliklər var idi, amma o zaman hamı qızını ərə vermirdi, cəmiyyətdə elə bir ovqat var idi ki, qızlar oxumalıdır və qızların oxuması üçün köməkliklər edilirdi. Bunun üçün də bütün universitetlərin, texnikumların yataqxanaları var idi. Qızlar Bakıya gələndə onlar üçün yataqxanalar təşkil edilirdi. Amma indi valideynlər deyir ki, qızımı Bakıya göndərə bilməyəcəm, çünki mənzil kirayələməyə imkanım yoxdur. Doğrudan da hesablayanda mənzil kirayəsi, gündəlik yemək tələbatları üçün bir tələbəyə ayda 500-600 manat lazım gəlir ki, bu da kənd və rayonlarda olan yoxsul ailələr üçün əlçatmaz məbləğdir. Beləliklə, bunun üçün yerlərdə yoxsulluğun qarşısını almaq lazımdır".

 

“Ədəbiyyat və incəsənət”

 

(13.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.