Ekspertlər açıqlayırlar: Erkən nikahların qarşısını necə almalı? Featured

Hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Qanunvericiliyə əsasən, 18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan biridir. Bütün tədbirlərə rəğmən, erkən nikah problemi hələ də həllini gözləyən məsələlərdən biriidir. Vaxtaşırı mediada "erkən nikahın qarşısı alındı", "erkən nikaha cəhd olundu" və s. kimi məlumatlarla qarşılaşırıq.

 

Sosial şəbəkədə və ictimaiyyətdə insanlar erkən nikahların qarşısının alınması ilə bağlı müxtəlif fikirlər səsləndirməyə başlayıb. Mövcud durumu nəzərə alaraq ekspertlərə müraciət etdik və qarşısını almaq istiqamətində fikirləri öyrəndik.

Mövzuyla bağlı  “Ədəbiyyat və incəsənət” portalına açıqlama verən psixoloq Zeynəb Əyyubova aşağıdakıları dedi: "Erkən nikahların qarşısını almaq üçün ilk növbədə maarifləndirmə olmalıdır. Adətən erkən nikahdan danışanda ilk ağıla gələn qızların tez ailə qurması olsa da, hazırda cəmiyyətimizdə oğlanların da 18 yaşa çatmadan ailə qurduqlarının şahidi oluruq. Şübhəsiz, bu məsələdə əsas yük valideynlərin üzərinə düşür. Belə ki, valideynlər övladlarına nikahın öncəlik olmadığını izah etməlidirlər. Öncəlik təhsil almaq, öz ayaqları üzərində dayana bilmək, işlə təmin olunmaqdır. Bir sözlə, həyat resusları yaxşı olduqdan sonra evlənmək haqqında düşünmək lazımdır. Əgər bir ailədə sadaladıqlarımız təbliğ olunsa, həmin ailədə erkən nikah məsələsi gündəmə belə gəlməyəcək"

Məsələyə münasibət bildirən digər psixoloq Fazilə Camalovanın fikirləri isə belə oldu: "Bir çox ölkələrdə və eyni zamanda Azərbaycanda erkən nikah çox böyük problem olaraq qalır. Erkən nikahın qarşısını almaq üçün həll yolu olaraq bir cox qərarlar qəbul edilməsinə baxmayaraq ölkəmizdə hələ də 18 yaşına çatmamış yeniyetmə qızları erkən nikaha məcbur edirlər. Oğlanlara nisbətən erkən nikaha məcbur edilən yeniyetmə qızlar daha çoxluq təşkil edir. Bəzi valideynlər sanki qız uşaqlarını bir yük olaraq görürlər və zamanla o yükdən azad olmağa çalışırlar və yeniyetməlik dövrünə çatan kimi qızlarını təhsildən kənarlaşdıraraq ailə qurmağa məcbur edirlər. Erkən nikaha məcbur qalan 18 yaşı tamam olmamış yeniyetmələr cəmiyyətdən və bir çox sosial amillərdən təcrid olunurlar. İstər tibbi, istərsə psixoloji cəhətdən travmalar almış bu cur qızlar cəmiyyətdə özlərinə yer tapmaqda çətinliklərlə üzləşirlər. Bəli, bu gün biz baxsaq bölgələrdə bir çox ailələr bu yanlış düşüncə tərzi ilə yanlış addımlar ataraq qızlarını az yaşda nikaha məcbur edirlər. Yeniyetməlik dövrünü tam keçirməmiş məktəbli bir qız ağ gəlinlik libası geyinərək şüursuz şəkildə gəlin olur, daha sonra ana olur və bununla da öz arzuları xəyalları məhv olub gedir. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 176.1.2 maddəsinə əsasən nikaha daxil olmağa yaşı 18-dən aşağı olan qızların nikaha məcbur edilməsinə görə çox ciddi cəzalar gözləyir, belə ki, bu cür hallar baş verdikdə həmin şəxsə 4 ilədək azadlıqdan məhrum etmə cəzası verilir, Bu kimi halların baş verməməsi üçün bir çox maarifləndirmə tədbirləri həyata keçirilməlidir. İstər tibbi, istər mənəvi, istərsədə psixoloji cəhətdən yaş məhdudluğu nəzərə alınmalıdır. Bu işdə ən çox valideyinlər öz qızlarının yanında olub anlayış göstərərək təhsil almağa yönləndirməlidirlər."

Erkən nikah problemi ilə bağlı fikirlərini öyrəndiyimiz Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova isə aşağıdakı fikirləri səsləndirdi: "Erkən nikahların qarşısının alınmasının müxtəlif üsülları ola bilər. Vətəndaşlar arasında keçirilən maariflənmə kampaniyalarından tutmuş cəza tətbiqinə qədər ailə başçılarını bu hərəkətdən çəkindirmək mümkündür. Lakin ən əsas məqam ondan ibarətdir ki, bu üsulların içərisində xəbərdarlıq və məsuliyyətə cəlb etmə kimi cəza tətbiqi olarsa, valideynlər bu addımı atmaqdan çəkinərlər. Təbiidir ki, ucqar dağ ərazisində yaşayan bir şəxsə erkən nikahın uşağın psixologiyasına təsir etməsindən, gələcəkdə həmin uşaqdan doğulacaq uşağın da fiziki və əqli qüsurlu doğulmasından bəhs etsək də, həmin şəxs onu çətinliklə dərk edəcək. Lakin həmin şəxsə izah edilsə ki, bu addımı atsan, dövlət sənə bu cəriməni tətbiq edəcək və yaxud həbs oluna bilərsən, o zaman aydın məsələdir ki, heç kəs bu addımı atmaq istəməz, çünki dəmir barmaqlıqlar arasında ömrünü davam etdirməyi heç kəs arzulamır və bu səbəbdən də öz övladının erkən nikahına razılıq verməyəcəkdir. Hər bir halda, düşünürəm ki, ilk öncə həm dövlət strukturları, həm də QHT-lər tərəfindən bu yönümdə maarifləndirmə işləri başlanmalı, mütəmadi olaraq kəndlərdə tədbirlər keçirilməli, bu halların azalması istiqamətində addımlar atılmalıdır. Uşaqlar bizim gələcəyimizdir və hər bir uşağı biz cəmiyyətə elə şəkildə yetişdirməliyik ki, vətənə millətə xeyirli bir vətəndaş olsun."

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun da fikirlərini öyrəndik. Sosioloq qeyd edir ki, mövcud problemlə bağlı humanitar siyasəti dəyişməyin zamanıdır: "Bu mövzuda dəfələrlə müzakirələr aparılıb, maarifləndirmə, təbliğat işləri görülüb. Bəs niyə bütün bunların nəticəsi yoxdur? Ona görə yoxdur ki, biz bu işi lazım olan səviyyədə görmürük, lazım olan işlər aparılmır. Mən Əhməd Qəşəmoğlu 20 ildir bununla bağlı haray salıram, SOS siqnalı verirəm, baxan yoxdur. Axı mən gənc sosioloq deyiləm, bu sahənin hər üzünü tədqiq edən və zamanında 5 il Milli Məclisin Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin rəhbəri olmuşam. Məsələ burasındadır ki, bu problemin qarşısını almaq üçün tamamilə başqa işlər görülməlidir. İndi görülən işlər sadəcə özümüzü aldatmaqdır. Valideynlər arasında qızlarını tez ərə verənlər arasında araşdırmalar aparmışam, erkən yaşda ərə gedən qızlarla da söhbətlər etmişik. Əvvəla bir çox qızları döyə-döyə ərə vermirlər. Elə qızlar var ki, onların dünya görüşü elə formalaşdırılıb ki, artıq 14-15 yaşından ərə getməyi arzulayır. Bir neçə dəfə Salyanda, Şamaxıda və digər rayonlarda bu cür halların qarşısını almağa nail ola bilmişik. Hesab edirəm ki, bu barədə dövlət tərəfindən aparılan humanitar siyasətdə dəyişikliklər olmalıdır, işlər fundamental şəkildə görülməlidir. Gündən-günə həssaslaşan, artan prosesi başdansovdu hansısa tədbirlər vasitəsi ilə həll etmək mümkün deyil. Bəzi valideynlər deyir ki "əgər mən qızımı oxutmayacamsa, onu niyə evə yük edim, elə indidən ərə verim". Amma məsələnin kökündə təkcə iqtisadi problem dayanmır. Sovet dövründə 50-60-cı illərdə də iqtisadi problemlər, çətinliklər var idi, amma o zaman hamı qızını ərə vermirdi, cəmiyyətdə elə bir ovqat var idi ki, qızlar oxumalıdır və qızların oxuması üçün köməkliklər edilirdi. Bunun üçün də bütün universitetlərin, texnikumların yataqxanaları var idi. Qızlar Bakıya gələndə onlar üçün yataqxanalar təşkil edilirdi. Amma indi valideynlər deyir ki, qızımı Bakıya göndərə bilməyəcəm, çünki mənzil kirayələməyə imkanım yoxdur. Doğrudan da hesablayanda mənzil kirayəsi, gündəlik yemək tələbatları üçün bir tələbəyə ayda 500-600 manat lazım gəlir ki, bu da kənd və rayonlarda olan yoxsul ailələr üçün əlçatmaz məbləğdir. Beləliklə, bunun üçün yerlərdə yoxsulluğun qarşısını almaq lazımdır".

 

“Ədəbiyyat və incəsənət”

 

(13.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.