Super User

Super User

 

“Boş suqabını ona toxunanda çıxardığı səslə yox, su ilə doldura bilərik. Törəsizə (cahil-ə) “sən bilmirsən, oxumamısan, boş adamsan” deməklə, onu öyrədə, başını biliklə doldura  bilmərik. Bu yanaşma onun tinini ( ruhunu, qəlbini)  yaralayar. Sonda bizə üz çevirəcək, danışıq bağını qoparacaq, axırda da  bütün gücü ilə bizi üzməyə, qırmağa çalışacaq. Bütünləşmək yerinə daha da gücsüzləşəcəyik.”

Sitat Eltən Törəçidən gətirilib. 

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Bazar ertəsi, 16 Yanvar 2023 15:00

Sumqayıtın ilk müfəttiş qadını

 

Elman Eldaroğlu yazır

 

İkimiz də Sumqayıtın yetirməsiyik. Bu şəhərdə böyüyüb ərsəyə çatmışıq. Adını tez-tez eşitsəm də, həyatda çox nadir hallarda üz-üzə gəlmişik. Qırx ildən çox şəhərin maliyyə idarəsində çalışıb. İkinci dərəcəli dövlət qulluqçusudur. Xidmətləri dövlətimiz tərəfindən “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Şəhərin nüfuzlu sakinlərindən biridir...

 

Sumqayıtın ilk müfəttiş qadını olub. İşini elə qurub ki, adına heç zaman söz gəlməyib. Uzun müddət heç bir partiyanın üzvü olmasa da, şəhərin ictimai həyatında fəallardan biri olub. 1995-ci ildən YAP-ın üzvüdür. Partiyanın elə bir konfransı, qurultayı olmayıb ki, orada çıxış etməsin. Qazandığı uğurlara görə ailəsinə borclu olduğunu, dilə gətirir. 

“Hər bir qadın üçün siyasi fəaliyyətdən, vəzifədən öndə ailəsi durur. Əgər mənim ailəm, həyat yoldaşım arxamda durmasaydı, iki dəfə deputatlığa namizəd ola bilərdimmi? Pərdəarxasında ailənin qüvvəsini hiss etmək siyasətdə olan bir qadın üçün çox böyük qürurdur.”- söyləyir.

 

Adı, elə soyadı da qəribədir- İndra Şəmsivari. Bu adı ona atası Hindistanın keçmiş baş naziri, məşhur İndra Qandinin şərəfinə qoyub. O da bu adla tanınıb, bu adla məşhurlaşıb. Şəhərdə çox az adam olar ki, onu tanımasın...

 

Deyir ki,- “1982-ci ilin 16 mart tarixindən etibarən dövlət qulluğunda çalışıram. Həmkarlarımdan mənə işi öyrədən, kömək edənlər çox olub. İlk yoxlamam hələ də yadımdadır. Getdim yoxlamaya, bir kişi müfəttiş vərəqə baxıb nəsə yazırdı, mən baxıb heç nə anlamırdım. Buna görə ağladım da və həmin vaxt müffəttiş Süleyman müəllim mənə dedi ki, hələ çox şeylər görəcəksən, darıxma, təlimatları oxu! Daha sonra elə oldu ki, mən hər vərəqi açanda orada bir fakt gördüm, artıq şəhərin bütün idarə və təşkilatlarında tanınmağa başladım, hamı deyirdi ki, müfəttiş İndira gəlib. İşlədiyim bu illər ərzində çox çətinliklər görmüşəm. Adını çəkməyəcəm, bir dəfə böyük bir müəssisəyə təftişə getmişdim. Yanacaq sürtkü materiallarını yoxlayırdım, gördüm ki, qarajda yeyinti var. Bunu qaralamaya yazıb qapıdan çıxmaq istəyirdim ki, mənə təzyiq göstərib, incitdilər. Təbii ki, çox qorxdum. Gəlib xəstəliklə bağlı üç günlük bülleten götürdüm, amma əlbəttə ki, qeydlərimi rəhbərimə çatdırdım. Akt tərtib olundu və həmin şəxslər cəzalandırıldı. Yadımdadır ki, bir müəssisəyə yoxlamaya getmişdim, şirkətin rəhbəri xaricdə səfərdə idi. Baxdım ki, sənədlərində çatışmamazlıq var. Baş mühasibə çatışmamazlıqları yazıb verdim. Ola bilər ki, səhv eləmişəm, amma mənim əsas amalım və düşüncəm o idi ki, müfəttiş başkəsən deyil, səhvləri göstərmək və izah etmək üçündür. Çünki yeyinti başqa şeydir, mexaniki səhvlər başqa. Bəlkə də bu gün mənim ailəmin - qalamın xoşbəxtliyi Tanrıdan aldığım xeyir-duanın sayəsindədir...”

 

Mehriban, gülərüz, səmimi xanımdır. Yüksək mədəniyyəti, intellekti, davranışı ilə fərqlənir. Özünə hörmət etməyi, ətrafdakılara sayğı ilə yanaşmağı, dəyər verməyi bacarır. İctimai fəallığı, işgüzarlığı ilə həmişə seçilib. Elə buna görə də təkcə Sumqayıtda deyil, ölkə miqyasında tanınır. Hər zaman rəsmiyyətdən, yersiz təkəbbürdən uzaq olub. Bir sözlə İndra xanım gözəl ana, sədaqətli rəfiqə, mehriban iş yoldaşı, mükəmməl qadındır...

 

Ötən gün onun həyatında əlamətdar günlərdən biriydi- 65 yaşı tamam olurdu. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.

Yubileyiniz mübarək, İndra xanım!

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

Yanvar ayının 18-də YARAT İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlığı Muzeyində böyüklər üçün ustad dərsləri təşkil olunacaq. Ustad dərsi hazırda əsərləri "METAKOD" sərgisində nümayiş olunan rəssam Leyli Ələkbərova tərəfindən keçiriləcək. 

 

Dərs zamanı ilk növbədə iştirakçılar tekstil dizaynının incəliklərini öyrənəcəklər, daha sonra parçalardan istifadə edərək, abstrakt kollajlar yaradacaqlar.

Yaşı 16-dan yuxarı hər kəs dərslərə qatıla bilər.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Bazar ertəsi, 16 Yanvar 2023 14:00

“Kod adı V.X.A” tamaşası nümayiş olundu

 

Yanvarın 14-15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olundu.

Böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.

 

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

Qeyd edək ki, Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Bazar ertəsi, 16 Yanvar 2023 18:00

Bu xəstəliyi çoxumuz heç xəstəlik sanmırıq

Yəqin razılaşarsınız ki, kiminsə dodaqları uçuqlayanda el arasında deyirlər ki, "soyuqlayıb, xəstəlik çölə verib". Və maraqlıdır ki, buna yüngül xəstələnmə halı kimi yanaşılır, türkəçarələr üsulu ilə müalicəsinə üstünlük verirlər. Yəni xəstə bankalanır, mürəbbəli bitki çayları ilə tərləməsinə çalışılır. İnsafən desək, bu üsulla sağalıb əvvəlki sağlığına qovuşanlar da olur. Amma suluqlamış, uçuqlamış yara bu qədərmi sıradan bir soyuqlamadır və asan yolla tam müalicə olunur?

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı "uçuqlamış, suluqlamış" dediyimiz xəstəliyə MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ilə tibbi elmi yanaşma edəcək.

Nərminə Abbasova öncə onu vurğuladı ki, bu, Pemfiqus xəstəliyi adlanır. Və yalnız dodaq ətrafında deyil, bədənin müəyyən hissələrində də yaranır. Sadəcə olaraq, insanlar əsasən dodaqətrafı suluqların üzərində dayanır.

Bəs pemfiqus nədir?

Həkim terapevt bildirdi ki, dərinin strukturuna qarşı yaranan antigenlərin yol açdığı iltihablı və dərini zədələyən autoimmun xəstəlikdir:

"Pemfiqus keratinositlərin birləşmə qabiliyyətini itirməklə bağlı həm dərinin, həm də selikli qişaların tutulduğu xroniki və şiddətli gedişli bir qovuqlu dermatozdur. Etiopatogenezdə dərinin keratinositlərinin bir-birinə yapışmasını yaradan hüceyrə sisteminə qarşı yaranan İgG cinsi autoantigenlərin yaranması rol oynayır. Hüceyrə səviyyəsində gedən bu mürəkkəb proses nəticəsində dərinin üst qatının bazal qatdan qopması nəticəsində böşluqlara maye yığılır və qovuqlar əmələ gəlir. Pemfiqus vulqarisdə əksəriyyət xəstələrdə proses ağız boşluğu selikli qişasından başlayır. Pemfiqusun növləri arasında ən çox yayılanı Pemfiqus vulqaris növüdür və bütün yaş qruplarında rast gəlməklə bərabər ən çox 40-50 yaş arasında yayılmışdır. Genetik yatqınlıq da bu xəstəliyin yaranmasında rol oynaya bilir. Çox az da olsa başqa autoimmun xəstəliklərlə (Pernisioz anemiya, Miasteniya) birlikdə rast gəlinməsi müşahidə olunur".

Həkim deyir ki, ağız boşluğu və ya dəridə yaranmış, içərisi maye ilə dolu olan qovuqlar qısa zamanda partlayaraq ağrılı, tez qanayan, bəzən üzəri qartmaqla örtülü, dəridən kəskin sərhədlə ayrılan eroziyalara və ya yaralara çevrilir:

"Ağız yaraları ikincili infeksiyaların qoşulması ilə bağlı pis bir iyin yaranmasına səbəb olur. Bəzən də kandida göbələyinin qoşulması nəticəsində ağız böşluğu yaraları ağ rəngli ərplə örtülür. Xəstəlik çox az da olsa ilk olaraq gözləri zədələyərək başlaya bilər. Göz qapaqlarının içəri səthində yaranan qovuqlar tez bir zamanda eroziyalara çevrilərək sonradan konyuktivitin və başqa göz xəstəliklərinin yaranmasına səbəb olur. Pemfiqus vulqaris ağız boşluğu və göz qapaqlarından başqa digər selikli qişaları da zədələyə bilir. Tənəffüs orqanlarının zədələnməsi zamanı səsin dəyişməsi, kobudlaşması yaranır, eləcə də udqunma çətinləşir və qidalanma pozulur. Dərinin çox hissəsi suluqlu qovuqlarla tutulmuş xəstələrdə genital və anal selikli qişalar da prosesə qoşulur ki, bu zaman qadınlara pis qoxulu vaginal ifrazata, qaşınmaya rast gəlinir. Anal nahiyədə yaranan proses defekasiya prosesinin ağrılı olmasına gətirib çıxarır".

Nərminə xanım qeyd edib ki, ağız boşluğunda yaranan yaralardan sonra taxmini 1-6 ay ərzində bədənin bir çox sahələrində yaranan qovuqlara rast gəlinir və bu 4-8 ay ərzində vücudumuzun demək olar ki, çox hissəsini örtür. Onun sözlərinə görə, dəri səpgilərinin ən çox sevdiyi yerlər sağrı nahiyəsi, genital orqanlar, kürək nahiyəsi və qarın boşluğudur:

"Xəstədə zamanla yeni qovuqlar yaranır və öncədən partlamış qovuqların yerində eroziyalar və yaxud üzəri qanlı, serozlu qartmaqla örtülmüş yaralar olur ki, bu da eyni bir xəstədə eyni zamanda xəstəliyin bütün elementlərini izləməyə imkan verir".

Qeyd edək ki, pemfiqusun kliniki və histopatoloji xüsusiyyətləri ilə fərqlənən 4 ana tipi var. Pemfiqus vulqaris ən çox yayılan növdür. Pemfiqus vejetans yumuşaq qovuqlar və ya irinciklər şəklində başlayan lezyonlar sağalarkən vegetan kütlələr yaradır. Ən çox qasıq və qoltuqaltında yaranan bu kütlələr hipertrofik formadadır və bəzən də az ifrazat axıntılı olur ki, bu da ikincili infeksiya nəticəsində çox xoşagəlməz iy yaradır.

Pemfiqus foliaseus isə nadir görülən bir tipdir. Başlanğıc lezyonlar üzdə, saçlı dəridə, sinədə, kürəkdə bəzən heç qovuqlar olmadan bir başa yaralar şəklində başlayıb üzəri sürətlə qartmaqla örtülür və tez bir zamanda bütün bədənə yayıla bilir. Başqa növlərdən fərqli olaraq çox zaman ağız içində yaralara rast gəlinmir. Lezyonlar şiddətli qaşınma və yanma hissi ilə özünü göstərir.

Pemfiqus eritematozus daha çox üz nahiyəsində qabıqlanma və yağlı qartmaqlarla özünü göstərir. Çox zaman yağlı seboreya ilə səhv salina bilər.

Nərminə xanım bildirdi ki, bunlardan başqa paraneoplastik pemfiqus, bülyoz pemfiqoid, İgA pemfiqusu, dərman preparatlarına bağlı pemfiqus, herpetiform pemfiqus və endemik pemfiqus kimi xüsusi tipləri də var.

Həkim Pemfiqus vulqaridin diaqnozundan da bəhs etdi:

"Xəstəliyn tanınması istər ağız boşluğu və başqa selikli qişalarda başlayan, eləcə də dərinin istənilən hissəsində yaranan qovuqlu elementlərin varlığı və qısa bir zamanda bu qovuqların partlayaraq eroziya və qanlı qartmaqlarla örtülməsi nəticəsində yaranan kliniki görünüşünə görə, içərisi maye ilə dolu olan qovuqların armudvari sallanması nəticəsində xüsusi şəkillənməsinə görə, zədələnmiş dərinini soyarkən sağlam görünən dəri sahəsinin də rahatlıqla soyulmasına əsasən (Nikolski simptomu) və həkimin yüksək peşəkarlığı nəticəsində olur. Başqa xəstəliklərdən fərqləndirilməsində Tzank sitolojidən (eroziya olan hissəsindən yaxma götürülməsi) istifadə olunur ki, bu da yaxmada akontolitik hüceyrələrin tapılması nəticəsində diaqnozu dəqiqləşdirməyə imkan verir. Bəzən də dəri biopsiyasından istifadə edilir, bu yöntəm diaqnozun dəqiqləşdirilməsində ən dəqiqi hesab olunur".

Həkim terapevt bildirdi ki, xəstəliyin müalicəsində xəstənin yaşı, xəstəliyin hansı səbəbdən yaranması, yayılma dərəcəsi və yanaşı başqa xəstəliklərin olması çox vacibdir:

"Pemfiqus xəstələrində uzun müddət və yüksək dozada istifadə olunan qlükokortikosteroidlərin şəkər xəstələrinə və təzyiqdən əziyyət çəkən xəstələrə əks təsiri ola bilər. Bu zaman alternativ müalicədən (dapson, xüsusi qrup antibiotiklər və s) istifadə olunmalıdır. Eləcə də müəyyən dərman preparatlarının yan təsiri nəticəsində başlayan pemfiqus zamanı ilk növbədə xəstəliyə səbəb olan dərman qəbulu dayandırılmalıdır. Və yaxud bədənin çox hissəsini tutmuş xəstəlik zamanı çox maye itirilməsi, xəstənin mütləq stasionar şəraitdə yatması və başqa ixtisas həkimlərinin (reanimataoloq, endokrinoloq, kardioloq və s) nəzarəti altında müalicəsi aparılmalıdır. Uzun müddət istifadə olunan steroid preparatların sonradan başqa ağırlaşmalar verməsinin qarşısını almaq üçün xəstə mütəmadi olaraq laborator və instrumental müayinələrdən keçirilməlidir. Pemfiqus xəstələrinin müalicə zamanı çox qıcıqlandırıcı və duzlu yemək yemələri qısıtlanmalı bol maye qəbuluna diqqət edilməli və yataq xəstələrində gigiyena şəraitinə xüsusi diqqət yetirilməlidir".

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

İlin əvvəlindən "Tesla"-nın səhmləri 68% ucuzlaşıb və bunun nəticəsində şirkətin rəhbəri İlon Mask 2022-ci ildə təxminən 140 milyard dollar itirib. Buna baxmayaraq, o, dünyanın ikinci ən zəngin adamı olaraq qalır.

 

Maskın sərvətinin böyük hissəsinin itirilməsi "Tesla səhmlərinin" azalması ilə yanaşı, onun "Twitter"-i 44 milyard dollara alması ilə bağlıdır.

Dekabrın 28-nə olan məlumata görə, İlon Maskın ümumi varidatı 130 milyard dollar qiymətləndirilir.

 

Elon Maskın sərvəti

 

"Businessinsider"-in məlumatına görə, bu ilin əvvəlində Maskın sərvəti 300 milyard dollara çatıb və o, dünyanın ən varlı adamları siyahısında başçılıq edirdi. O, bu pulun böyük hissəsini, o cümlədən "Tesla" səhmlərinin düşməsi səbəbindən itirib: elektromobil şirkətinin investorları Maskın buna kifayət qədər diqqət yetirməməsindən və digər müəssisələrlə, xüsusən də "Twitter" ilə məşğul olduğundan narahatdırlar.

Qeyd edilir ki, Maskın "SpaceX"-dəki payı hazırda onun ən qiymətli sərvətidir və 47 milyard dollar dəyərindədir, "Tesla"-da isə təxminən 40 milyard dollardır. İş adamının "Twitter"-i 40 milyard dollara almasına baxmayaraq, ekspertlər şirkəti cəmi 20 milyard dollar dəyərində qiymətləndirirlər. Həmçinin "Bloomberg"-in məlumatına görə, Maskın "The Boring Company"-dəki payı 3,3 milyard dollardır.

Kəskin ziyana düşməsinə baxmayaraq, iş adamı dünyanın ən varlı adamları siyahısında ikinci şəxs olaraq qalır.

 

2022-ci il milyarderlər üçün səxavətli olmayıb

 

"Bloomberg Billionaires Index"-ə baxsanız, 2022-ci ildə bir çox milyarderin sərvətlərinin bir hissəsini itirdiyini görərsiniz.

Milyarderlər siyahısına liderlik edən maqnat, LVMH-nin həmtəsisçisi və baş direktoru Bernard Arnaultdur. Onun sərvəti 163 milyard dollar qiymətləndirilir, lakin bu il daha 15 milyard itirib.

Reytinqdə üçüncü yeri hazırda 116 milyard dolları olan hindistanlı iş adamı Qautam Adani tutur. İlk iki milyarderdən fərqli olaraq o, bu il sərvətini 39,9 milyard artırıb. O, bu il qazandığı pulun həcminə görə siyahıda birinci yerdədir.

"Amazon"-un qurucusu Ceff Bezos 106 milyard dollarla siyahıda 6-cı yerdədir: bu il o, sərvətinin yarıdan bir qədər azını - 86,3 milyard itirib. 2022-ci ildə itirilən pulun həcminə görə o, siyahıda 2-ci yerdədir.

"Facebook"-un qurucusu Mark Zukerberq hazırda 44,4 milyard dollarla milyarderlər siyahısında 25-ci yerdədir. O, bu il 2 dəfə çox - 81,1 milyard itirib.

Ən böyük kriptovalyuta birjalarından olan "Binance"-nin qurucusu və baş direktoru Changpeng Zhao üçün il yaxşı olmayıb: 84,2 milyard dollar itirib və cəmi 11,7 milyard dollara sahibdir. O, hazırda milyarderlər siyahısında 154-cü yerdədir.

Onun rəqibi, FTX kriptovalyuta birjasının yaradıcısı Sam Bankman-Fried isə ən şanssız milyarder hesab olunur. Cəmi bir neçə həftə ərzində, demək olar ki, bütün var-dövlətini itirib: Onun kapitalı təxminən 26 milyard dollar idi və noyabrın əvvəlində, hətta kriptovalyutası müflisləşmədən əvvəl 15,6 milyard dollar olub. İndi onun hesabında təxminən 100 min dollar qalıb. Və təbii ki, o, milyarderlər siyahısından çıxıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:

 

Avropada ilk kvant kompüteri: 1 həftəlik əməliyyat 1 saniyədə

 

2022-ci ilin əvvəlində Almaniyanın Yülix şəhərində Avropanın ilk kvant kompüteri - kubitlərinin sayı 5 mini ötən "Advantage" buraxıldı.

Kvant hesablamaları "kombinatorial optimallaşdırma"da (riyaziyyatçıların dili ilə desək) ixtisaslaşmış bir sahədir. Əslində, bu, mümkün olan ən yaxşı həlli tapmaq üçün çoxsaylı variantların təhlilindən ibarətdir: hansı qiymətli kağızlara investisiya etmək, hansı dərman kombinasiyası daha yaxşı işləyir və ya elektrik avtomobillərini daha ucuz necə istehsal etmək olar...

Çox abstrakt səslənir?

Tutaq ki, nahar masasında on nəfəri elə əyləşdirmək istəyirsən ki, axşam hamı üçün mümkün qədər rahat keçsin. Seçmək üçün üç milyondan çox kombinasiyamız var. Bəli, klassik kompüter optimal həlli tapmağa kömək edə bilər. Ancaq daha böyük vəziyyətlərdə belə hesablamalar aylar çəkəcək, çünki adi kompüter bütün mümkün birləşmələrdən növbə ilə keçəcək.

Lakin kvant kompüterləri kombinasiyaları eyni vaxtda təhlil edir və biz nəticə daha tez əldə olunur.

Adi kompüter bəzi kombinator hesablamaları üçün bir həftə sərf edəcəyi halda, kvant kompüteri ilə eyni əməliyyat cəmi bir saniyə çəkir. Bəli, bir həftə əvəzinə bir saniyə...

 

“Ədəbiyyat və incəsənət”

 

(16.01.2023)

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına layihəsi həyata keçirilir.  Layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub.

 

 DGTYB başqanı İntiqam Yaşarın “Ədəbiyyat və incəsənət” portalına açıqlamasına görə, “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına" adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb.  Adıçəkilən kitabın Türkiyənin İstanbul şəhərində Türk Ədəbiyyatı Vəqfinin konfrans salonunda təqdimat törəni təşkil olunub. Bu barədə məlumat verən Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar bildirib ki,  tədbirdə Türkiyənin və Azərbaycanın ədəbiyyat nümayəndələri, media nümandələri və oxucular iştirak edib. Tədbiri giriş sözü ilə Türk Ədəbiyyatı Vəqfinin başqanı, görkəmli şair Sərhat Kabaklı açaraq Şuşa şəhərinin Azərbaycan üçün mənəvi dəyərindən, Azərbaycanın qazandığı qələbədən, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının önəmindən bəhs edib. Sonra layihə haqqında məlumat vermək üçün layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edib. Türk dünyası gənc yazarlarının Şuşaya ünvanlanmış mətnlərindən ibarət kitabın önəmindən bəhs edərək, irəliyə yönəlik bu kimi nəşrlərin artacağına ümid etdiyini ifadə edib. Daha sonra tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Səbinə Cabbarova, kitabda yazısı yer alan müəlliflərdən Türk Ədəbiyyatı dərgisinin yazı işləri müdiri Ənvər Aykol, Türk dünyasının tanınmış ozanı Əsat Kabaklı, kitabda yazısı yer alan müəlliflərdən, Dr. Dərya Akdemir, tanınmış Azərbaycan yazarı, Aygün Həsənoğlu, tanınmış yazar Oktay Hacımusalı, Türkiyənin tanınmış yazarı İnci Okumuş, Azərbaycanın  istedadlı gənc yazarı Günel Şamilqızı, Türk Ədəbiyyatı Vəqfinin əməkdaşı Səadət Örməçi və s. Şuşa mövzusunda anlamlı çıxışlar ediblər, layihənin önəmindən bəhs ediblər. Şuşa şəhərində çəkilmiş foto şəkillər nümayiş olunub, tədbir iştirakçılarına geniş məlumatlar verilib. Sonda təltifetmə baş tutub, plaket və diplomlar təqdim olunaraq xatirə fotosu çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

Onun səsi çox sevilir. Saatlarca onu dinləyir, doymursan. Dünən Heydər Əliyev Sarayında bədii qiraətçi Xəzər Süleymanlının "Məni gözəl xatırla..." adlı musiqili poeziya gecəsi keçirildi. Bu gün növbətisi keçiriləcək.

 

Gecədə bədii qiraətçi Azərbaycan poeziyasının ən məşhur şeir nümunələrini səsləndirəcək. Qiraətçini “Hicaz” qrupu müşayiət edəcək. 

Gecədə həmçinin xüsusi qonaqların iştirakı gözlənilir. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

Su pərisi kostyumunda qız üzgüçülük məşqində, 22 may, 2022.

Foto: Aaron Favila/AP Photo

 

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.