Super User

Super User

Şənbə, 17 Sentyabr 2022 13:30

Çiçək qoxumayan çiçəklər

İnsan qocalmalıdır, bu təbii prosesdir. Bunu faciə saymaq da düzgün deyil. Hər yaşın öz gözəlliyi var, deyirlər. Və hər yaşın da öz yaşantıları, düşüncələri, arzu və ümidləri var. 

“Həvəskar yazarlar” rubrikasında sizə peşəcə müəllim olan Şəbnəm Əbdurəhmanovanın “Həmidə” şeirini təqdim edirik. 

 

Yaşlanmışam, bilirəm...

Artıq saçım da ağdır.

Qırış düşüb üzümə,

Əlim qabar-qabardır.

 

Daha vücudum incə,

Yerişim nazlı deyil.

Düyün düşüb boğaza,

Səsim avazlı deyil.

 

Artıq çiçək qoxmuram,

Yoxdur o xoş ətirlər.

Kimsə məni vəsf etmir,

Boş qalıbdır sətirlər...

 

Günbəgün qocalıram

Yaş üstünə yaş gəlir.

Bir zaman gülən gözdən

Hər dəqiqə yaş gəlir.

 

Hər səhəri açıram 

Yuxusuz şişkin gözlə.

İçimdə son bir ümid,

"Həmidə, bir az gözlə!"

 

"Gözlə, bəlkə girəcək

Övladın o qapıdan,

Ya da yarın duracaq,

Yatdığı torpağından."

"Bəlkə də sən yenidən

Lap cavan olacaqsan…”

…Sən demə, ümidlərmiş

İnsanlığı yaşadan.

Elman Eldaroğlu yazır

 

Kənardan tələskən adam təəssüratı yaratsa da, əslində çox təmkinli və səbrlidir. İnsanlara dəyər verməyi bacarır. Kiməsə yuxarıdan aşağı baxmaz, bu onun ruhuna, əxlaqına ziddir. Sadəliyini, təvazökarlığını həmişə qoruyub saxlaya bilir. Savadlı, məlumatlı, dünyagörüşlü adamdır. Güclü düşnmə qabiliyyəti var. Çox zəhmətkeş və məhsuldardır. Səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalə yazıb. Sənətkarlara həsr olunmuş, onların ömür və yaradıcılıq yollarını əks etdirən müxtəlif kitablar ərsəyə gətirib, Azərbaycan teatrlarının tarixi haqda sanballı əsərlərin müəllifidir...

 

Deyir ki,- “Mən rəssam olmaq istəyirdim. Bu sənətə təsadüf və şans nəticəsində gəlmişəm. Bəlkə indi çoxlarına inanılmaz görünür, amma həqiqətən belə olub. O vaxt Azərbaycan Dövlət Teatr İnstitutunun Rəssamlıq fakültəsinə daxil olmaq istəyirdim. Amma sənədlərimi verəndə heç götürmədilər də, dedilər, əvvəlcə rəssamlıq məktəbini bitir sonra gəl. Qanım elə qaralmışdı ki, heç rayona qayıtmaq da istəmədim, birinci mərtəbəyə enib divardakı elanlara baxdım, “şünas” sözü xoşuma gəldi. Teatrşünaslıq barədə elə ordakılardan soruşdum, nəsə dedilər anlamadım, axırı birtəhər başa saldılar ki, dramaturgiya ilə bağlı olacaq fəaliyyətim. Nə isə, sənədlərimi verdim və qəbul olundum. Amma zamanla teatr mühitinə alışsam da, teatrşünas olacağıma, bu sahədə uğur qazanacağıma elə də inamım yox idi...”

 

Haqqında söhbət açdığım İlham Rəhimli 1949-cu ildə Yevlax rayonunun Malbinəsi kəndində dünyaya göz açıb. Orta təhsilini Yevlaxdakı 1 saylı orta məktəbdə başa vurub. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə qəbul olunub. 1972-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1973-1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. Sonra “Kommunist”- indiki “Xalq qəzeti”ndə əmək fəaliyyətinə başlayıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri vəzifələrində çalışıb. 1991-1993-cü ilərdə "Azərbaycan" qəzetinin baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi olub. Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində işləyib. Eyni zamanda, 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir. Sənətşünaslıq doktoru, professordur. 

2007-2011-ci illərdə Azərbaycan Televiziya və Radio QSC-nin "Maarifçilik" redaksiyasında baş redaktor vəzifəsində çalışıb. 2011-ci ildən Mədəniyyət kanalının direktor müavinidir. 

Azərbaycan Televiziyasında "Ekran. Kino. Yeniliklər", "Teatr", "Yeni tamaşalar", "Aktyorlar və rollar", "Sərbəst söhbət" verilişlərinin müəllifi və aparıcısıdır. Azərbaycan Jurnalistlər və Yazıçılıar birliklərinin, eləcə də Rəssamlar və Teatr Xadimləri ittifaqlarının üzvüdür.

1989-cu ildən əməkdar incəsənət xadimi fəxri adını daşıyır. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb... 

 

Düzə düz, əyriyə əyri deməyi bacarır. Tənqiddən çəkinmir. Klassiklərin, eləcə də müasir yazarların yaradıcılığına subyektiv deyil, obyektiv yanaşma tərzi var..

 

“Elçinin, Əli Əmirlinin əsərləri teatrlarda tez-tez oynanılır. İlqar Fəhminin, Firuz Mustafanın, Elçin Hüseynbəylinin, Afaq Məsudun yaxşı pyesləri var. Kamal Abdulla çox maraqlı dramaturqdur, tamamilə fərqli üslubda yazır. Məsələ nədir: Azərbaycanda rejissor və dramaturqun birgə işləmək səriştəsi çox zəifləyib. Səməd Vurğunun qələmindən dürr tökülürdü, amma "Vaqif”i həddindən artıq uzun yazmışdı. Yazdığı da poetik cəhətdən nə qədər füsunkar olsa da, dramaturji baxımdan əsaslı işlənməyə ehtiyacı vardı. Ədil İsgəndərov o əsəri dramaturqla birgə qısaldıb gətirdi səhnəyə. Səməd Vurğun "Fərhad və Şirin”də dramaturgiyanı artıq xeyli mənimsəmişdi. Bu o demək deyil ki, Ədil İsgəndərov Səməd Vurğuna qələm tutmağı öyrədib.

Dramaturgiya çətin janrdır. Ədil İsgəndərovla Səməd Vurğunun işlədiyi variantı Tofiq Kazımov ömründə tamaşaya qoymazdı. Mehdi Məmmədov da o cür. Ədil İsgəndərovdan sonra iki rejissorun adını inamla çəkə bilərəm ki, onlar öz dramaturqlarını yetişdirdilər. Gənc Tamaşaçılar Teatrında Zəfər Nemətov Rauf İsmayılov, İsgəndər Coşqun, Yusif Əzimzadə, Əfqan, Firudin Ağayev kimi müəlliflərlə səylə işlədi və onlar oldular bu teatrın dramaturqu. Tofiq Kazımov dramaturqlardan İlyas Əfəndiyev, Sabit Rəhman, Anar, Əkrəm Əylisli ilə birgə işlədi və gözəl tamaşalar hazırladı. Mən inanmıram ki, yaxşı pyesi teatr geri qaytarsın. Sadəcə, bu gün rejissorla teatrın qarşılıqlı, ehtiramlı, inamlı əlaqəsi itib. Bu gün çox yazan dramaturqlardan biri Əli Əmirlidir. Mən Akademik teatrda ədəbi hissə müdiri işləyəndə onun pyesini bəyənməyib qaytarmışam. O da təmkinlə mənim iradlarıma qulaq asıb.

Sonralar Əlinin dramaturji yaradıcılığını təbliğ edənlərdən biri də mən olmuşam. Mənim fikrimcə, onun Akademik Teatra ilk gətirdiyi "Meydan” əsəri zəif idi. Amma "Ağqoyunlular və Qaraqoyunlular”, "Köhnə ev”, "Varlı qadın” maraqlı əsərlərdir. "Messenat”ı bəyənməmişəm.”- söyləyir...

 

Sürətlə işləmək qabiliyyəti onu əsl məhsuldara çevirib. Yüzdən çox kitabın müəllifidir. Azərbaycanda onun qədər kitabı nəşr olunan müəllif hələ ki, yoxdur. Bu sırada birinci yeri o, tutur. Qəlbi yumşaq adamdır, əl tutmağı, yardım etməyi xoşlayır. Maraqlı həmsöhbətdir, mütaliəsi o qədər güclüdür ki, hər bir söhbəti yeni bir məntiq, yeni bir məna kəsb edir. İçi dolu, niyəti saf, məzmunlu adamdır. Məram və məqsədi gün kimi aydındır. Bildiklərini öyrətmək, insanları maarifləndirmək, xalqa, millətə xidmət etmək onun həyat kredosudur. Nöqsanlara göz yummağı bacarmır. Bir teatrşünas kimi ürək ağrısı ilə onları dilə gətirir...

 

Deyir ki,- “Doğrudur, son illər Azərbaycanın əksər teatrları əsaslı şəkildə yenidən qurulub, müasir texnika və texnologiya, işıq, səs sistemləri ilə təchiz edilib. Binaya daxil olanda, məşq və qrim otaqlarını, butafor, rekvizit sexlərini gəzəndə, tamaşaçı salonunda əyləşəndə qürur duyursan. Bunu Bakıda keçirilən beynəlxaq konfranslara gələn qonaqlar da gizlətmirlər, gözəlliyi sevinclə etiraf edirlər. Çox təəssüf ki, teatrların yaradıcılıq prosesi texnikanın və texnologiyanın imkanlarından qat-qat aşağıdır. Bəzi teatrlarımızın güclü və səriştəli cərrahiyyə əməliyyatına ehtiyacı var. Bir qrup teatrlarımız isə ciddi terapevtik müalicəyə möhtacdır və onların sağlam sabahına ümid daha çoxdur. Çox-çox təəssüf ki, reanimasiyada güclə "nəfəs alan” teatrlarımız da var...”

 

Bu ay teatrşünas-tənqidçi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Prezident təqaüdçüsü İlham Əziz oğlu Rəhimlinin növbəti ad gününü keçirdik. Axarlı olsun!

Günün fotosu: Avropa İttifaqı və Ukrayna dostdurlar

 

Bu fotonu yayan Euronews qeyd edib ki, Ursula fon der Lyayenin Volodimir Zelenski ilə Kiyevdə çəkilən fotosu heç də təsadüfi deyil. Ukraynaya birinci tranşda 4 milyard avro yardım edən Avropa İttifaqı indi də 5 milyard avro ödəməyə hazırlaşır. 

 

Foto: SERGEI SUPINSKY/AFP

 

Sentyabrın 24-də yeni mövsümdə Şuşa Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Ana” mənzum dramı nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədovdur.

Qeyd edək ki, bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid “Ana” mənzum dramında Səlma ananın timsalında ümumbəşəri dəyərlərə malik bir qadın obrazı yaradıb. Ana evinə qəbul etdiyi qonağın, oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsi ilə dözümlülük və mətanət göstərir. Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı xarakteri baxımından yaddaşlarda dərin iz buraxır.

 

“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir. 

 

Muzeyin yaydığı məlumata görə, növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın qadın ayaq geyimlərindən biri olan "başmağ”a həsr olunub.

XIX əsrdə daha xarakterik qadın ayaq geyimi tipi başmaq olmuşdur. Arxası açıq, hündür dabanlı, pəncə üstü̈ müxtəlif rəngli müşkü̈ və tumacdan, altlığı isə aşılanmış̧ göndən hazırlanan qadın başmaqları “zənanə”, “miyanə” və “qız başmağı” olmaqla üç̧ ölçüdə tikilir, sifarişdən asılı olaraq yüksək zövq ilə bəzədilirdi. Uc hissəsi yuxarı qatlanmış̧ formada tikilən belə başmaqlar ayaqda gözəl görünsün deyə əlvan saplarla və ya qızılı simlərlə tikilir, daban oturacağına əlvan parçalardan “döşəmə” qoyulurdu. 

Varlılarda başmağın daban döşəməsi gümüşdən və ya qızıldan kəsilən lövhəyə tutulur, ətrafına bəzəklər (naxışlar) salınırdı.

Başmaqlar çaxmapiləklərlə (qızıl və ya gümüş̧), güləbətin və muncuq tikmələrlə tərtiblənirdi. Başmağın pəncə üstü̈ qalın parçadan (məxmərdən) tikildikdə onun üzərini güləbətin tikmə ilə bəzəyirdilər. Bu sənətlə əsasən qadınlar ev şəraitində məşğul olurdular.

 

Sentyabrın 19-dan 21-dək Polşanın Varşava Universitetinin təşkilatçılığı ilə “Türk Dünyası Araşdırmaları – Multidissiplinar Perspektivlər” adı altında VI Beynəlxalq Türkologiya Konqresi keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın Polşadakı səfirlikləri, eləcə də Yunus Əmrə İnstitutu, Karaim İrsi Fondu konqresin təşkil olunmasında əsas tərəfdaş qismində çıxış edirlər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konqresdə fəxri qonaq qismində iştirak edəcək. 

Konqresdə türk xalqlarının tarixi, siyasəti, iqtisadiyyatı, incəsənəti, dili və ədəbiyyatı, o cümlədən bu gün və keçmişdə türklərin yaşadıqları coğrafi ərazilər, bu sahədə həyata keçirilən müasir araşdırmalar və tədqiqatlar ətrafında müzakirələrin aparılması gözlənilir. 

Konqres çərçivəsində Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həsr olunacaq panelin və Şuşanın tarixi, ictimai, siyasi, mədəni həyatını əks etdirən nadir fotolar əsasında sərginin təşkil edilməsi, muğam triosunun çıxışı, eləcə də milli mətbəx nümunələrinin təqdim edilməsi nəzərdə tutulur. 

Konqres çərçivəsində, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülər Abdullabəyovanın XIX əsrdə Azərbaycan və Polşa ədəbi əlaqələrindən bəhs edən kitabının təqdimatı da həyata keçiriləcək.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Tarixi roman janrının banisi” adlı metodik vəsait hazırlayıb.

Baş İdarənin məlumatına görə, tarixi roman janrının banisi M.S.Ordubadinin 150 illiyi ilə əlaqədar yazılan metodiki vəsait 4 hissədən ibarətdir. Birinci hissə giriş, ikinci hissə həyat və yaradıcılığından, üçüncü hissə keçiriləcək yubiley tədbirlərindən, dördüncü hissə isə istifadə olunan ədəbiyyat siyahısından ibarətdir.
XX əsr Azərbaycan ədəbiyyatının yaranması və inkişafında fəal iştirak edən ictimai və ədəbi fəaliyyəti ilə xalqımızın yeni mədəni həyat qurmaq uğrunda apardığı mübarizəyə xidmət göstərən M.S.Ordubadi görkəmli ədib, şair, dramaturq, publisist və ictimai xadim olub. M.S.Ordubadi Azərbaycanda azadlıq hərəkatı, köhnə patriarxal adətlərin, burjua diplomatiyasının, dünya imperializminin tənqidi kimi mövzularda əsərlər yazıb.
Şair, dramaturq və jurnalist, Əməkdar incəsənət xadimi M.S.Ordubadi ədəbiyyatın bütün növlərində yazıb yaratsa da, romanları ilə daha çox şöhrət qazanıb.
Ədəbiyyatımızda tarixi roman janrının banisi olan M.S. Ordubadi sənətkarlıq bacarığını bütün parlaqlığı və dolğunluğu ilə nümayiş etdirə bilib. Tarixi keçmişi xalqımızın tarixinin mühüm hadisə və qəhrəmanlıqlarını dərindən öyrənib sənətkarlıqla əks etdirən ədib roman sahəsində ədəbiyyatımızda özünəməxsus yol açaraq, iz qoyub.
İlk tarixi romanı - “Dumanlı Təbriz” Azərbaycan nəsrinin ən yaxşı nümunələrindən olmaqla, ədibə böyük şöhrət qazandırıb.

 

Turizm istənilən ölkənin büdcəsinə əlavə vəsait cəlb etməyin ən gözəl yoludur. Vətəndaşlarımız, tutalım, ərəb turistlərinin əlindən gileyli olsalar belə, bu sahə ölkəmizə bol perspektiv vəd edir. Bəs ölkəmizə çoxmu turist gəlir, gələnlər ən çox hansı ölkələrdən axışırlar? 

 

“Ədəbiyyat və incəsənət” portalı bu suallara cavab tapmaq üçün Dövlət Statistika Komitəsinin məlumatına istinad edərək ortaya çox maraqlı faktlar çıxartmışdır.

1.

Sən demə, cari ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 173 ölkəsindən 1 milyon 4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2.

Həmin bu gələnlərin ən çoxu da… Xeyir, yanılırsınız. Ərəblər birinci deyillər, heç ikinci, üçüncü də deyillər, yalnlz dördüncüdürlər. Birincilik isə ruslardadır. Digər liderlər yenə də qonşularımızdır.

1.Rusiya Federasiyası, 26,2 faiz;

2.Türkiyə, 19,8 faiz;

3.İran, 11 faiz;

4. Səudiyyə Ərəbistanı, 7,9 faiz;

5.Gürcüstan, 4,7 faiz;

6.Pakistan, 3,2 faiz;

7.Hindistan, 2,7 faiz;

8.Birləşmiş Ərəb Əmirlikləri, 2,5 faiz;

9-10. Ukrayna və Qazaxıstan, hər birindən 1,9 faiz;

11-12. İsrail və Küveyt, hər birindən 1,6 faiz olmaqka;

13.Oman, 1,5 faiz;

14. Özbəkistan, 1,4 faiz;

15. Böyük Britaniya, 1,2 faiz;

-10,9 faizi digər ölkələrin vətəndaşları.

3.

Gələnlərin 74,2 faizini kişilər, 25,8 faizini qadınlar təşkil etmişdir.

4.

Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 407 dəfə, Küveytdən - 167,1 dəfə, Omandan - 148,8 dəfə, Pakistandan - 27,3 dəfə, Hindistandan - 15,1 dəfə, İsraildən - 6,2 dəfə, Bəhreyndən - 6 dəfə, Qazaxıstandan - 5,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 5,7 dəfə, ABŞ-dan - 3,5 dəfə, Almaniyadan - 3 dəfə, Fransadan - 2,6 dəfə, Böyük Britaniyadan - 2 dəfə, Türkiyədən - 1,8 dəfə, İrandan - 1,7 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 23,2 faiz artmışdır. 

5.

2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə artaraq 254,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 49 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 335,5 min nəfər olmuşdur. 

6.

2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,8 dəfə artaraq 983 min nəfərə çatmışdır. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,4 dəfə, Türkiyəyə gedənlərin sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,2 dəfə artmışdır. 

7.

Bəs bizim vətəndaşlar ən çox hansı ölkəyə gediblər? Bu dəfə yanılmazsınız, əlbəttə ki, Türkiyəyə. Ölkə vətəndaşlarının 48 faizi Türkiyəyə, 17 faizi Rusiya Federasiyasına, 11,4 faizi İrana, 8,4 faizi Gürcüstana, 15,2 faizi digər ölkələrə səfər etmişlər. 

8.

Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil etmişdir.

 

Xoş yolçuluqlar!

 

“Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi Qaydası” təsdiqlənib.

 

Həmin sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanununun tətbiqi barədə” fərmanın icrasının təmin olunması məqsədilə qəbul edilib.

Bu qərarla təsdiq edilmiş müqavilə forması ilə Şuşa şəhərinin ərazisində mülkiyyətində, istifadəsində və icarəsində abidələrin olduğu fiziki və hüquqi şəxslərlə abidələrin qorunması məqsədilə bağlanılan mühafizə müqaviləsinin şərtləri və müqavilənin şərtlərinə əməl olunmadığı təqdirdə görüləcək tədbirlər müəyyən edilib.

 

Özbəkistanda “İpək Yolu dürdanəsi” XIV Daşkənd Beynəlxalq Film Festivalına start verilib. Festivalda dünyanın 40 ölkəsindən 500-ə yaxın xarici kino ulduzu, kinematoqrafçılar və media nümayəndələri iştirak edir. Azərbaycan da bu nüfuzlu kino festivalda təmsil olunan ölkələr sırasındadır. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival çərçivəsində bir neçə ölkənin kino şirkətləri ilə “Özbəkfilm” arasında memorandum imzalanıb.

Festivalın keçirildiyi “Özbəkfilm”də Azərbaycanın nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə 2021-ci ildə özbək və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq və müştərək filmlərin çəkilməsini nəzərdə tutulan memorandumun nəticələri müzakirə olunub. Qeyd edildi ki, memoranduma Xalq artisti, kinorejissor Vaqif Mustafayevin müəllifi olduğu “Molla Nəsrəddin və yaxud çətin günlərimin dostu” kinolayihəsi yaxın gələcəkdə istehsalata buraxılacaq. “Azərbaycanfilm”in direktoru Nazim Hüseynov, Əməkdar incəsənət xadimi Ayaz Salayev iki ölkə arasında mədəni əlaqələrin inkişafında kino sahəsinin önəmindən söz açıblar.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Daşkənd və Buxara şəhərlərində keçiriləcək “Azərbaycan kinosu günləri”nin açılışı olub.

Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəl ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə və şəhidlər bağına əklil və çiçək dəstələri düzüblər.

Qeyd edək ki, “Azərbaycan kinosu günləri”nin açılışı qardaş ölkədə böyük maraqla qarşılanıb, tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət ictimaiyyəti, yerli azərbaycanlılar, çoxsaylı təhsil müəssisələrinin müəllim və tələbələri, mətbuat nümayəndələri iştirak ediblər.

İlk öncə Ermənistanın son günlər Azərbaycanla sərhəddə təxribatı nəticəsində  həlak olan  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın durmadan inkişaf etdiyini, dövlət başçımız Prezident İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan müqavilələr ölkələrimiz arasında əməkdaşlıqda yeni imkanlar açdığını qeyd edib.

O, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən danışaraq, həm ötən il, həm də bu il Özbəkistanda keçirilən beynəlxalq kinofestivalda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin geniş təmsil olunduğunu, Azərbaycan kinolarının Özbəkistanda böyük maraq və  sevgi ilə qarşılandığını söyləyib.

Diplomat 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarının 2020-ci ildə Azərbaycan ordusunun şücaəti, Ali Baş komandanımızın müdrik siyasəti nəticəsində azad olunduğunu və bu gun kinomuzun azad Qarabağımızdan, Şərqi Zəngəzurumuzdan filmlər yaratmasının qürurverici olduğunu qeyd edib.

“Ozbəkkino Milli Agentliyi”nin rəsmisi, “Gənclik” kinostudiyasının rəhbəri Adxam Nurkulov ölkədə son vaxtlar kinematoqrafçılara yaradılan şərait haqqında məlumat verib, Özbəkistanda keçirilən kinofestivaldan, Azərbaycan kinematoqrafçıları ilə əməkdaşlıqdan danışıb. O, beynəlxalq kinofestivalda dünyanın 35 ölkəsindən gələn 300-dən artıq kinematoqrafçı, rejissor, tanınmış artist, kino sahəsinin mütəxəssislərinin  iştirak etdiyini qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti adına layiq görüldüyü üçün özbək xalqına və dövlət başçısı Şavkat Mirziyoyevə minnətdarlıq edib, Festivalın işinə uğurlar arzulayıb.

Daha sonra filmlərin nümayişinə başlanılıb. Kinorejissorlar Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdirilib. Hər iki rejissor yaradılan filmlər haqqında danışaraq, filmlərə dair öz fikirlərini bölüşüblər.

Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış “Torpaq” filmində azərbaycanlıların öz ata-baba yurdlarından qovulması, deportasiyası, onların acı xatirələri, tarixi faktlar öz əksini tapır. Digər “Suğra və onun oğulları”  filmi də nümayiş olunub.  İkinci dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmdə sevgi və nifrətlə dolu həyat öz əksini tapıb. Hər iki film festival iştirakçılarının böyük marağına səbəb olmuş və rejissorlar tədbir iştirakçılarının alqışlarına layiq görülmüşlər.

Qeyd edək ki, Beynəlxalq Kino Festivalın davamı olaraq 17 sentyabr tarixində filmlərimiz Buxara şəhərində nümayiş olunacaqdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.