Azərbaycanın tanınmış teatr rejissoru, aktyor, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 illiyi münasibətilə Ankarada anım mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Tofiq Kazımov–100” adlı fotosərginin açılışı keçirilib.
Böyük sənətkarın zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Rəsmi hissə və paneldən ibarət mərasimdə Xalq artisti Tofiq Kazımovun həyat və yaradıcılığından bəhs olunub.
TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, professorlar İsrafil İsrafilov, Cahangir Novruzov və gənc teatrşünas Atabəy Barış çıxışlarında Tofiq Kazımov yaradıcılığını milli mədəniyyətimizin tükənməz xəzinəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, böyük sənətkarın əsərlərini tamaşaçıya sevdirən ən mühüm cəhətlər Azərbaycanın teatr məktəbində mühüm irsə çevrilib.
İzmir Dövlət Teatrının baş rejissoru Murad Çidamlı professor İsrafil İsrafilovun qələmə aldığı “Tofiq Kazımovun rejissorluq dərsləri” kitabından bəhs edib.
Xalq artisti Tofiq Kazımovun qızı rejissor Aytən Kazımova atasının yaradıcılığına verilən yüksək dəyərə görə minnətdarlığını ifadə edib.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Görkəmli rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin reallıqları əks olunur. Onun əsərlərində insanların real həyat tərzi və düşüncə qabiliyyətləri müxtəlif bədii və fəlsəfi formalarda geniş ictimaiyyətə təqdim olunur, sevilir və yaşayır.
Mərasim Azərbaycanın Ankaradakı səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən birgə təşkil olunub.
Xatırladaq ki, uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bağlardan gələn səs”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Şıxəli Qurbanovun “Sənsiz” və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)