Super User

Super User

 

Cavab: Prezident Sərəncamını diqqətinizə çatdırırıq:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 (iki yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 150 (yüz əlli) manat müəyyən edilsin.

2. “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609, № 11, maddə 1013; 2007, № 4, maddə 361; 2013, № 8, maddə 975, № 11, maddə 1454; 2018, № 2, maddə 311; 2020, № 5, maddə 570; 2021, № 12, maddə 1469) 1-ci hissəsinin birinci abzasında “180” rəqəmləri “200 (iki yüz)” sözləri ilə, “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

Bakıda Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıqlara başlanılıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb. 

 

Məlumatda bildirilir ki, ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Şəhər icra hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, işıq dirəkləri rənglənir, bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika işləri aparılır. Bundan başqa ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib. 

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deqati ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum tərəfindən 2022-ci ilin dekabrında Türkiyənin Bursa şəhərində təşkil olunan “Şuşa günləri” çərçivəsində keçirilmiş Reza Deqatinin Qarabağın qədim tarixini və zəngin mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” adlı fotosərgisini xatırlayaraq, onun Bursa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını qeyd edib. 

Fondun prezidenti türk dünyasının çoxəsrlik zəngin irsinin geniş təbliğinin önəmindən, təşkilatın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhəri ilə bağlı layihələrindən danışıb. 

Reza Deqati Fondun türkdilli xalqların tarixinin, elmi-mədəni irsinin öyrənilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib.

Görüşdə həmçinin Reza Deqatinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gələcək layihələrində fəal təmsil olunması məsələsi müzakirə olunub.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Bazar ertəsi, 16 Yanvar 2023 10:20

Dünya öz “Kainat gözəli”ni seçdi

Bu, ABŞ vətəndaşı, Filippin əsilli R. Bonni Qabriel oldu

 

ABŞ vətəndaşı, Filippin əsilli R. Bonni Qabriel şənbə günü keçirilən “Kainat gözəli-2022" müsabiqəsinin qalibi oldu. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı kp.ru-ya istinadən xəbər verir. 

 

71-ci beynəlxalq gözəllik müsabiqəsi ABŞ-in Nyu Orlean şəhərində (Luiziana ştatı) keçirilirdi. Müsabiqədə ümumilikdə 84 ölkədən təmsilçi iştirak edirdi. Yarışda ikinci yeri Venesuela təmsilçisi Amanda Dudamel, üçüncü yeri isə Dominikan Respublikasından Andreina Martines Funye tutdu. (Qapaq fotosunda).

Qeyd edək ki, ötən il Hindistan təmsilçisi Harnaz Sandhu "Kainat gözəli-2021" gözəllik müsabiqəsinin qalibi olmuşdu. Müsabiqə İsrailin Eylat şəhərində baş tutmuşdu. 

Bu il Amerika təmsilçisinin qalibiyyətinin özəlliyi də var. O, müsabiqələr keçiriləndən bəri qalib gələn ən yaşlı iştirakçı hesab olunur. Belə ki, R. Bonni Qabrielin 28 yaşı var. 

Çimərlik geyimi yarışmasından sonra mərasimin final hissəsinə 10 iştirakçı daxil olmuşdu, sonra onlardan yalnız 5-i münsiflər heyətinin aktual mövzularda suallarını cavablandırmaq və finala yaxınlaşmaq imkanı əldə etmişdilər. Gözəlliklə intellektual

səviyyə, bir növ, bir-birini tamamlamışdı. Qalibin məhz yerli gözəlin seçilməsi isə tam qanunauyğun oldu.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

Türkiyə prezidentinin Stokholm Meriyasının binasından müqəvvası asıldı və bu fakt Ankarada hiddətə səbəb oldu. Bu hadisə İsveç və Finlandiyanın timsalında iki ölkənin NATO-ya daxil olmaq təklifi ilə bağlı onsuz da Türkiyə ilə gərgin olan münasibətləri fonunda hər şeyi bir az da müşkülə saldı. 

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, İsveç hökuməti bu aksiyanı dərhal pislədi. 

Ulf Kristersson - İsveçin Baş naziri söylədi: 

"Bu, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətlərini sabotaj etmək deməkdir. Açıq görünür ki, məqsəd bu girişin qarşısını almaqdır. Mən Türkiyənin bu barədə qəzəbini başa düşürəm. İsveçin aparıcı siyasətçisinə qarşı başqa bir ölkədə analoji hal olsaydı, biz də qəzəblənərdik."

Aksiyanın kürd hərəkatları tərəfindən həyata keçirildiyi güman edilir. Güman da edilmir, bunun məhz belə olması gün kimi aydındır. 

Xatırladaq ki, İsveçin NATO-ya üzv olmasına Türkiyə sərt təpki göstərmişdi, Türkiyə hakimiyyəti İsveç hakimiyyətini Kürdüstan İşçi Partiyasının (PKK) tərəfdarı adlandırırdı və indi də rəsmi Ankara bu əsasda İsveçi bu cür təşkilatlara dəstəyi dayandırmaq vədlərinə əməl etməməkdə günahlandırır.

Kürdlər türklərin düşmənidir. Ya sən türklərin yanında olmalısan, ya kürdlərin. 

 

Fotonun müəlliflik hüququ: AP

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

“Boş suqabını ona toxunanda çıxardığı səslə yox, su ilə doldura bilərik. Törəsizə (cahil-ə) “sən bilmirsən, oxumamısan, boş adamsan” deməklə, onu öyrədə, başını biliklə doldura  bilmərik. Bu yanaşma onun tinini ( ruhunu, qəlbini)  yaralayar. Sonda bizə üz çevirəcək, danışıq bağını qoparacaq, axırda da  bütün gücü ilə bizi üzməyə, qırmağa çalışacaq. Bütünləşmək yerinə daha da gücsüzləşəcəyik.”

Sitat Eltən Törəçidən gətirilib. 

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Bazar ertəsi, 16 Yanvar 2023 15:00

Sumqayıtın ilk müfəttiş qadını

 

Elman Eldaroğlu yazır

 

İkimiz də Sumqayıtın yetirməsiyik. Bu şəhərdə böyüyüb ərsəyə çatmışıq. Adını tez-tez eşitsəm də, həyatda çox nadir hallarda üz-üzə gəlmişik. Qırx ildən çox şəhərin maliyyə idarəsində çalışıb. İkinci dərəcəli dövlət qulluqçusudur. Xidmətləri dövlətimiz tərəfindən “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Şəhərin nüfuzlu sakinlərindən biridir...

 

Sumqayıtın ilk müfəttiş qadını olub. İşini elə qurub ki, adına heç zaman söz gəlməyib. Uzun müddət heç bir partiyanın üzvü olmasa da, şəhərin ictimai həyatında fəallardan biri olub. 1995-ci ildən YAP-ın üzvüdür. Partiyanın elə bir konfransı, qurultayı olmayıb ki, orada çıxış etməsin. Qazandığı uğurlara görə ailəsinə borclu olduğunu, dilə gətirir. 

“Hər bir qadın üçün siyasi fəaliyyətdən, vəzifədən öndə ailəsi durur. Əgər mənim ailəm, həyat yoldaşım arxamda durmasaydı, iki dəfə deputatlığa namizəd ola bilərdimmi? Pərdəarxasında ailənin qüvvəsini hiss etmək siyasətdə olan bir qadın üçün çox böyük qürurdur.”- söyləyir.

 

Adı, elə soyadı da qəribədir- İndra Şəmsivari. Bu adı ona atası Hindistanın keçmiş baş naziri, məşhur İndra Qandinin şərəfinə qoyub. O da bu adla tanınıb, bu adla məşhurlaşıb. Şəhərdə çox az adam olar ki, onu tanımasın...

 

Deyir ki,- “1982-ci ilin 16 mart tarixindən etibarən dövlət qulluğunda çalışıram. Həmkarlarımdan mənə işi öyrədən, kömək edənlər çox olub. İlk yoxlamam hələ də yadımdadır. Getdim yoxlamaya, bir kişi müfəttiş vərəqə baxıb nəsə yazırdı, mən baxıb heç nə anlamırdım. Buna görə ağladım da və həmin vaxt müffəttiş Süleyman müəllim mənə dedi ki, hələ çox şeylər görəcəksən, darıxma, təlimatları oxu! Daha sonra elə oldu ki, mən hər vərəqi açanda orada bir fakt gördüm, artıq şəhərin bütün idarə və təşkilatlarında tanınmağa başladım, hamı deyirdi ki, müfəttiş İndira gəlib. İşlədiyim bu illər ərzində çox çətinliklər görmüşəm. Adını çəkməyəcəm, bir dəfə böyük bir müəssisəyə təftişə getmişdim. Yanacaq sürtkü materiallarını yoxlayırdım, gördüm ki, qarajda yeyinti var. Bunu qaralamaya yazıb qapıdan çıxmaq istəyirdim ki, mənə təzyiq göstərib, incitdilər. Təbii ki, çox qorxdum. Gəlib xəstəliklə bağlı üç günlük bülleten götürdüm, amma əlbəttə ki, qeydlərimi rəhbərimə çatdırdım. Akt tərtib olundu və həmin şəxslər cəzalandırıldı. Yadımdadır ki, bir müəssisəyə yoxlamaya getmişdim, şirkətin rəhbəri xaricdə səfərdə idi. Baxdım ki, sənədlərində çatışmamazlıq var. Baş mühasibə çatışmamazlıqları yazıb verdim. Ola bilər ki, səhv eləmişəm, amma mənim əsas amalım və düşüncəm o idi ki, müfəttiş başkəsən deyil, səhvləri göstərmək və izah etmək üçündür. Çünki yeyinti başqa şeydir, mexaniki səhvlər başqa. Bəlkə də bu gün mənim ailəmin - qalamın xoşbəxtliyi Tanrıdan aldığım xeyir-duanın sayəsindədir...”

 

Mehriban, gülərüz, səmimi xanımdır. Yüksək mədəniyyəti, intellekti, davranışı ilə fərqlənir. Özünə hörmət etməyi, ətrafdakılara sayğı ilə yanaşmağı, dəyər verməyi bacarır. İctimai fəallığı, işgüzarlığı ilə həmişə seçilib. Elə buna görə də təkcə Sumqayıtda deyil, ölkə miqyasında tanınır. Hər zaman rəsmiyyətdən, yersiz təkəbbürdən uzaq olub. Bir sözlə İndra xanım gözəl ana, sədaqətli rəfiqə, mehriban iş yoldaşı, mükəmməl qadındır...

 

Ötən gün onun həyatında əlamətdar günlərdən biriydi- 65 yaşı tamam olurdu. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.

Yubileyiniz mübarək, İndra xanım!

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

 

Yanvar ayının 18-də YARAT İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlığı Muzeyində böyüklər üçün ustad dərsləri təşkil olunacaq. Ustad dərsi hazırda əsərləri "METAKOD" sərgisində nümayiş olunan rəssam Leyli Ələkbərova tərəfindən keçiriləcək. 

 

Dərs zamanı ilk növbədə iştirakçılar tekstil dizaynının incəliklərini öyrənəcəklər, daha sonra parçalardan istifadə edərək, abstrakt kollajlar yaradacaqlar.

Yaşı 16-dan yuxarı hər kəs dərslərə qatıla bilər.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Bazar ertəsi, 16 Yanvar 2023 14:00

“Kod adı V.X.A” tamaşası nümayiş olundu

 

Yanvarın 14-15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olundu.

Böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.

 

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

Qeyd edək ki, Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Bazar ertəsi, 16 Yanvar 2023 18:00

Bu xəstəliyi çoxumuz heç xəstəlik sanmırıq

Yəqin razılaşarsınız ki, kiminsə dodaqları uçuqlayanda el arasında deyirlər ki, "soyuqlayıb, xəstəlik çölə verib". Və maraqlıdır ki, buna yüngül xəstələnmə halı kimi yanaşılır, türkəçarələr üsulu ilə müalicəsinə üstünlük verirlər. Yəni xəstə bankalanır, mürəbbəli bitki çayları ilə tərləməsinə çalışılır. İnsafən desək, bu üsulla sağalıb əvvəlki sağlığına qovuşanlar da olur. Amma suluqlamış, uçuqlamış yara bu qədərmi sıradan bir soyuqlamadır və asan yolla tam müalicə olunur?

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı "uçuqlamış, suluqlamış" dediyimiz xəstəliyə MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ilə tibbi elmi yanaşma edəcək.

Nərminə Abbasova öncə onu vurğuladı ki, bu, Pemfiqus xəstəliyi adlanır. Və yalnız dodaq ətrafında deyil, bədənin müəyyən hissələrində də yaranır. Sadəcə olaraq, insanlar əsasən dodaqətrafı suluqların üzərində dayanır.

Bəs pemfiqus nədir?

Həkim terapevt bildirdi ki, dərinin strukturuna qarşı yaranan antigenlərin yol açdığı iltihablı və dərini zədələyən autoimmun xəstəlikdir:

"Pemfiqus keratinositlərin birləşmə qabiliyyətini itirməklə bağlı həm dərinin, həm də selikli qişaların tutulduğu xroniki və şiddətli gedişli bir qovuqlu dermatozdur. Etiopatogenezdə dərinin keratinositlərinin bir-birinə yapışmasını yaradan hüceyrə sisteminə qarşı yaranan İgG cinsi autoantigenlərin yaranması rol oynayır. Hüceyrə səviyyəsində gedən bu mürəkkəb proses nəticəsində dərinin üst qatının bazal qatdan qopması nəticəsində böşluqlara maye yığılır və qovuqlar əmələ gəlir. Pemfiqus vulqarisdə əksəriyyət xəstələrdə proses ağız boşluğu selikli qişasından başlayır. Pemfiqusun növləri arasında ən çox yayılanı Pemfiqus vulqaris növüdür və bütün yaş qruplarında rast gəlməklə bərabər ən çox 40-50 yaş arasında yayılmışdır. Genetik yatqınlıq da bu xəstəliyin yaranmasında rol oynaya bilir. Çox az da olsa başqa autoimmun xəstəliklərlə (Pernisioz anemiya, Miasteniya) birlikdə rast gəlinməsi müşahidə olunur".

Həkim deyir ki, ağız boşluğu və ya dəridə yaranmış, içərisi maye ilə dolu olan qovuqlar qısa zamanda partlayaraq ağrılı, tez qanayan, bəzən üzəri qartmaqla örtülü, dəridən kəskin sərhədlə ayrılan eroziyalara və ya yaralara çevrilir:

"Ağız yaraları ikincili infeksiyaların qoşulması ilə bağlı pis bir iyin yaranmasına səbəb olur. Bəzən də kandida göbələyinin qoşulması nəticəsində ağız böşluğu yaraları ağ rəngli ərplə örtülür. Xəstəlik çox az da olsa ilk olaraq gözləri zədələyərək başlaya bilər. Göz qapaqlarının içəri səthində yaranan qovuqlar tez bir zamanda eroziyalara çevrilərək sonradan konyuktivitin və başqa göz xəstəliklərinin yaranmasına səbəb olur. Pemfiqus vulqaris ağız boşluğu və göz qapaqlarından başqa digər selikli qişaları da zədələyə bilir. Tənəffüs orqanlarının zədələnməsi zamanı səsin dəyişməsi, kobudlaşması yaranır, eləcə də udqunma çətinləşir və qidalanma pozulur. Dərinin çox hissəsi suluqlu qovuqlarla tutulmuş xəstələrdə genital və anal selikli qişalar da prosesə qoşulur ki, bu zaman qadınlara pis qoxulu vaginal ifrazata, qaşınmaya rast gəlinir. Anal nahiyədə yaranan proses defekasiya prosesinin ağrılı olmasına gətirib çıxarır".

Nərminə xanım qeyd edib ki, ağız boşluğunda yaranan yaralardan sonra taxmini 1-6 ay ərzində bədənin bir çox sahələrində yaranan qovuqlara rast gəlinir və bu 4-8 ay ərzində vücudumuzun demək olar ki, çox hissəsini örtür. Onun sözlərinə görə, dəri səpgilərinin ən çox sevdiyi yerlər sağrı nahiyəsi, genital orqanlar, kürək nahiyəsi və qarın boşluğudur:

"Xəstədə zamanla yeni qovuqlar yaranır və öncədən partlamış qovuqların yerində eroziyalar və yaxud üzəri qanlı, serozlu qartmaqla örtülmüş yaralar olur ki, bu da eyni bir xəstədə eyni zamanda xəstəliyin bütün elementlərini izləməyə imkan verir".

Qeyd edək ki, pemfiqusun kliniki və histopatoloji xüsusiyyətləri ilə fərqlənən 4 ana tipi var. Pemfiqus vulqaris ən çox yayılan növdür. Pemfiqus vejetans yumuşaq qovuqlar və ya irinciklər şəklində başlayan lezyonlar sağalarkən vegetan kütlələr yaradır. Ən çox qasıq və qoltuqaltında yaranan bu kütlələr hipertrofik formadadır və bəzən də az ifrazat axıntılı olur ki, bu da ikincili infeksiya nəticəsində çox xoşagəlməz iy yaradır.

Pemfiqus foliaseus isə nadir görülən bir tipdir. Başlanğıc lezyonlar üzdə, saçlı dəridə, sinədə, kürəkdə bəzən heç qovuqlar olmadan bir başa yaralar şəklində başlayıb üzəri sürətlə qartmaqla örtülür və tez bir zamanda bütün bədənə yayıla bilir. Başqa növlərdən fərqli olaraq çox zaman ağız içində yaralara rast gəlinmir. Lezyonlar şiddətli qaşınma və yanma hissi ilə özünü göstərir.

Pemfiqus eritematozus daha çox üz nahiyəsində qabıqlanma və yağlı qartmaqlarla özünü göstərir. Çox zaman yağlı seboreya ilə səhv salina bilər.

Nərminə xanım bildirdi ki, bunlardan başqa paraneoplastik pemfiqus, bülyoz pemfiqoid, İgA pemfiqusu, dərman preparatlarına bağlı pemfiqus, herpetiform pemfiqus və endemik pemfiqus kimi xüsusi tipləri də var.

Həkim Pemfiqus vulqaridin diaqnozundan da bəhs etdi:

"Xəstəliyn tanınması istər ağız boşluğu və başqa selikli qişalarda başlayan, eləcə də dərinin istənilən hissəsində yaranan qovuqlu elementlərin varlığı və qısa bir zamanda bu qovuqların partlayaraq eroziya və qanlı qartmaqlarla örtülməsi nəticəsində yaranan kliniki görünüşünə görə, içərisi maye ilə dolu olan qovuqların armudvari sallanması nəticəsində xüsusi şəkillənməsinə görə, zədələnmiş dərinini soyarkən sağlam görünən dəri sahəsinin də rahatlıqla soyulmasına əsasən (Nikolski simptomu) və həkimin yüksək peşəkarlığı nəticəsində olur. Başqa xəstəliklərdən fərqləndirilməsində Tzank sitolojidən (eroziya olan hissəsindən yaxma götürülməsi) istifadə olunur ki, bu da yaxmada akontolitik hüceyrələrin tapılması nəticəsində diaqnozu dəqiqləşdirməyə imkan verir. Bəzən də dəri biopsiyasından istifadə edilir, bu yöntəm diaqnozun dəqiqləşdirilməsində ən dəqiqi hesab olunur".

Həkim terapevt bildirdi ki, xəstəliyin müalicəsində xəstənin yaşı, xəstəliyin hansı səbəbdən yaranması, yayılma dərəcəsi və yanaşı başqa xəstəliklərin olması çox vacibdir:

"Pemfiqus xəstələrində uzun müddət və yüksək dozada istifadə olunan qlükokortikosteroidlərin şəkər xəstələrinə və təzyiqdən əziyyət çəkən xəstələrə əks təsiri ola bilər. Bu zaman alternativ müalicədən (dapson, xüsusi qrup antibiotiklər və s) istifadə olunmalıdır. Eləcə də müəyyən dərman preparatlarının yan təsiri nəticəsində başlayan pemfiqus zamanı ilk növbədə xəstəliyə səbəb olan dərman qəbulu dayandırılmalıdır. Və yaxud bədənin çox hissəsini tutmuş xəstəlik zamanı çox maye itirilməsi, xəstənin mütləq stasionar şəraitdə yatması və başqa ixtisas həkimlərinin (reanimataoloq, endokrinoloq, kardioloq və s) nəzarəti altında müalicəsi aparılmalıdır. Uzun müddət istifadə olunan steroid preparatların sonradan başqa ağırlaşmalar verməsinin qarşısını almaq üçün xəstə mütəmadi olaraq laborator və instrumental müayinələrdən keçirilməlidir. Pemfiqus xəstələrinin müalicə zamanı çox qıcıqlandırıcı və duzlu yemək yemələri qısıtlanmalı bol maye qəbuluna diqqət edilməli və yataq xəstələrində gigiyena şəraitinə xüsusi diqqət yetirilməlidir".

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.