Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda ünlü fotoqraf Reza Deqati ilə görüş olub

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deqati ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum tərəfindən 2022-ci ilin dekabrında Türkiyənin Bursa şəhərində təşkil olunan “Şuşa günləri” çərçivəsində keçirilmiş Reza Deqatinin Qarabağın qədim tarixini və zəngin mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” adlı fotosərgisini xatırlayaraq, onun Bursa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını qeyd edib. 

Fondun prezidenti türk dünyasının çoxəsrlik zəngin irsinin geniş təbliğinin önəmindən, təşkilatın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhəri ilə bağlı layihələrindən danışıb. 

Reza Deqati Fondun türkdilli xalqların tarixinin, elmi-mədəni irsinin öyrənilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib.

Görüşdə həmçinin Reza Deqatinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gələcək layihələrində fəal təmsil olunması məsələsi müzakirə olunub.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.